Axır zaman dünyanın son dövrlərini ifadə edən sözdür. İslam əqidəsinə görə, qiyamətdən əvvəlki bu son dövrdə insanlıq ilk olaraq böyük bir pozulma ilə qarşı qarşıya qalacaq. Haqsızlığın, zülmün, aclıq və yoxsulluğun, əxlaqi pozuntunun, müharibə və qarşıdurmaların, qarışıqlıq və anarxiyanın artdığı bu qaranlıq dövr insanların din əxlaqına yönəlmələri ilə sona çatacaq. Yoxsulluğun yerini bolluq, haqsızlığın və zülmün yerini ədalət və anlayış, anarxiya və qarışıqlığın yerini sülh və etibar alacaq, dünya tarixdə heç olmadığı qədər gözəllik və bərəkət içində olacaq. Allah dünyada aydınlıq və bərəkət üçün hz. İsanın yenidən dünyaya zühurunu və “Mehdi” sifətini daşıyan müqəddəs bir şəxsi vəsilə edəcək. Bütün bunlar bizə peyğəmbərimiz (s.ə.s.) tərəfindən müjdələnən, Quranda da işarə edilən çox qiymətli müjdələrdir.
Axır zamanın əlamətlərinin nələr olduğunu, bu dövrdə gəlməli olan hz. Mehdinin xüsusiyyətlərini, hz. Mehdi gəldikdən sonra dünyada nələr olacağını və hz. İsanın dünyaya gəlişini daha əvvəl nəşr etdiyimiz kitablarımızda ətraflı olaraq izah etmişdik. (Ətraflı məlumat üçün baxın: Hz. Mehdinin çıxış əlamətləri və xüsusiyyətləri, Mehdi və Qızıl əsr, Peyğəmbərimizin (s.ə.s.) dilindən hz. Mehdi, Qiyamət əlamətləri, Qızıl əsr, Axır zaman və Dəbbətül-ərz, Hz. İsanın əlamətləri, Axır zamanı Bədiüzzamanla anlamaq, Harun Yəhya)
Bu kitabımızda isə Tövrat, İncil və Qurani-kərimdə hz. Mehdinin çıxış dövrü olan axır zaman əlamətlərinə yer verəcəyik. Həmçinin yəhudilərin “Olam Ha-Ba” (gözlənilən dünya), isəvilərin “Milenyum” (min il) olaraq ifadə etdikləri, peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.s.) isə “Qızıl əsr” olaraq adlandırdığı din əxlaqının hakimiyyət dövrünün xüsusiyyətlərini araşdıracağıq.
Yəhudi qaynaqlarında təsvir edilən istər axır zamanda hz. Mehdinin çıxacağı dövrün əlamətləri, istərsə də hz. Mehdinin hakimiyyətindəki Qızıl əsr dövrü islami qaynaqlarda verilən izahlarla çox bənzərdir. Hər iki dində də insanların din əxlaqından uzaqlaşacaqları, bu səbəblə bir çox çətinliklə qarşılaşacaqları, çətin bir dövrün arxasından gözəl və aydın bir dövrün başlayacağı ifadə edilir. Eyni şəkildə, İncildə izah edilən axır zaman əlamətləri və din əxlaqının hakim olacağı dövrlə əlaqədar izahların çox hissəsi islami qaynaqlarla uyğunlaşır.
Bu kitabda Quran ayələri, peyğəmbərin (s.ə.s.) hədisləri və islam alimlərinin izahlarından əlavə, Tövrat və İncildən bəzi hissələri araşdıraraq hz. Mehdinin çıxışından əvvəlki dövrün əlamətlərinin müasir dövrə nə qədər əks olunduğuna birlikdə baxacağıq.
Həmçinin kitabda Tövratda bəhs olunan və hakimiyyət vəd edilən israiloğulları qövmünün əslində Mehdi camaatı olduğu, Mehdi camaatını təyin edəcək ünsürün nəsil deyil, səmimi iman olduğu vurğulanır. Mehdi (ə.s.) və camaatı Allah üçün etdikləri işlərin müvəffəqiyyətli olması ilə tanınacaq. Allah dinini hakim etmək üçün qədərdə kimi vəsilə etsə, bu xüsusiyyətə malik olanlar da onlar olacaq.
Əsl din əxlaqının bütün dünyaya hakim olması və bu sayədə insanların hər cür maddi-mənəvi çətinlikdən xilas olmaları bütün iman edənlərin arzusudur. Mehdinin (ə.s.) çıxışından əvvəl əlamətlərdə göründüyü kimi, yaşanan bir çox hadisə əsrlərlə gözlənilən bu mübarək dövrün başladığını göstərir. Bütün möminlər kimi, bizim də duamız Allahın bizlərə din əxlaqının dünyaya yayılması üçün aparılacaq fikri mübarizədə iştirak etmə imkanı verməsi və bizləri də bu müqəddəs dövrə şahid etməsidir.