Quranda Məryəm Oğlu İsa Məsih

Kitabın bu bölməsindəki məqsəd, hz. İsa (ə.s)-ın keçmiş həyatına və yenidən yer üzünə qayıdacağıyla bağlı bütün təfərrüatları, ən etibarlı mənbədən çatdırmaqdır. Bu mənbə, əlbəttə ki, heç bir dəyişikliyə uğramamış və Allahın: "...Heç kəs Onun sözlərini dəyişə bilməz..." (Ənam surəsi, 115) şəklində ifadə etdiyi Quran və səhih hədislərdir. Doğumundan Allah Qatına yüksəlməsinə, yer üzünə təkrar qayıtmasından əsil ölümünə qədər hz. İsa (ə.s)-ın həyatının bir çox mərhələsi Quranda bildirilmişdir.

Hz. İsa (ə.s) bundan təxminən 2000 il əvvəl yaşamış, Allahın dünyada və axirətdə seçdiyi bir elçisidir. Ona vəhy edilən haqq din bu gün adı ilə yer üzündə olsa da, əslində bir çox təhrifə məruz qalmış və əslindən uzaqlaşdırılmışdır. Allahdan vəhy yolu ilə aldığı haqq kitab da eynilə əslindən uzaqlaşdırılmışdır. Xristian mənbələri müxtəlif dəyişikliklərə məruz qalmış və təhrif edilmişdir. Dolayısilə bu gün hz. İsa (ə.s) ilə əlaqədar həqiqi məlumatları bu mənbələrdən əldə etməyimiz qeyri-mümkündür.

Hz. İsa (ə.s) barəsində mütləq doğru məlumatı əldə edə biləcəyimiz yeganə mənbə, Allahın qiyamətə qədər qoruyacağını vəd etdiyi Quran və hədislərdir. Quranda, hz. İsa (ə.s)-ın doğumu, həyatı, yaşadığı müddətdə qarşılaşdığı hadisələrdən nümunələr, ətrafındakı insanların vəziyyəti və daha bir çox mövzudan bəhs edilmişdir. Hətta hz. İsa (ə.s)-ın dünyaya gəlməsindən əvvəl anası hz. Məryəmin necə bir həyatı olduğu, necə möcüzəvi şəkildə hamilə qaldığı, necə doğduğu və bu vəziyyət qarşısında necə imtahan olunduğu kimi, bir çox mövzu da yenə ayələrlə bildirilmişdir. Üstəlik, Quranda, hz. İsa (ə.s)-ın Axırzamanda ikinci dəfə dünyaya gələcəyinə işarə edən ayələr də var. Bu bölmədə, hz. İsa (ə.s) barəsində Quranda bildirilən məlumatları çatdıracağıq.

Hz. Məryəmin dünyaya gəlməsi və böyüməsi

Hz. İsa (ə.s)-ı dünyaya gətirmək məqsədiylə, seçilmiş hz. Məryəm, qarışıqlıqların hökm sürdüyü bir dövrdə dünyaya gəlmişdi. Allah hz. Məryəmi bu müqəddəs vəzifə üçün xüsusi olaraq seçmiş və böyütmüşdü. Hz. Məryəm, Allahın seçib aləmlərdən üstün etdiyi bir nəsildən, İmran ailəsindən gəlirdi.

İmran ailəsi, Allaha könüllü şəkildə iman gətirən, hər işlərində Ona üz tutan və Onun qoyduğu hədləri diqqətlə qoruyan, ətraflarında da bu üstün xüsusiyyətləriylə tanınan bir ailə idi. İmranın həyat yoldaşı, hz. Məryəmə hamilə qaldığını öyrəndiyi zaman, dərhal Allaha yönəlib dua etmiş və dünyaya gətirəcəyi uşağı Allaha nəzir vermişdi. Bu mövzu Quranda belə bildirilir:

Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini “hər cür bağlılıqdan xilas edilmiş şəkildə” sənin üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”. Lakin onu dünyaya gətirdikdə (Allah onun nə dünyaya gətirdiyini bildiyi halda) belə demişdi: “Ey Rəbbim! Doğrusu bir qız (uşağı) dünyaya gətirdim, oğlan isə qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini daşa tutulmuş (qovulmuş) şeytandan Sənə sığındırıram”. (Ali İmran surəsi, 35, 36)

Hz. Məryəm dünyaya gəldikdə, İmranın yoldaşının rəftarı yenə Allahı razı salmağa istiqamətli oldu. Həm hz. Məryəmi, həm də onun mübarək nəslini şeytanın şərindən qoruması üçün Allaha yönəldi. Allah, İmranın yoldaşının özünə qarşı bu səmimi yönəlişini qəbul etdi və duasına cavab olaraq, dünyaya gətirdiyi uşağa çox üstün əxlaq bəxş etdi. Quranda, hz. Məryəmin, Allahın qoruması altında nə qədər diqqətlə və həssaslıqla yetişdirildiyi: "Bundan sonra Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi..." (Ali İmran surəsi, 37) ayəsiylə bildirilmişdir.

Hz. Zəkəriyya, hz. Məryəmi yetişdirdiyi vaxt, onun digər insanlardan daha üstün şəkildə yaradıldığını görmüşdü. Çünki Allah hz. Məryəmə, Öz lütfündən bir çox nemət vermişdi. Bu mövzudan Quranda belə bəhs edilmişdir:

...Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Məryəm dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”. (Ali İmran surəsi, 37)

Allah, İmran ailəsini aləmlərdən üstün etdiyi kimi, bu ailənin üzvü olan hz. Məryəmi də seçmiş, xüsusi şəkildə yetişdirərək təmizləmiş və onu bütün aləmlərin qadınlarından üstün etmişdir. Quranda onun bu üstünlüyü belə bildirilir:

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi”. Ey Məryəm! Rəbbinə könüllü surətdə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get! (Ali İmran surəsi, 42, 43)

Hz. Məryəm, yaşadığı cəmiyyətdə, həm ailəsinin, həm də özünün Allaha qarşı olan bağlılığı və səmimiyyəti ilə, tanınan bir insan olmuşdu. Ən yaxşı bilinən xüsusiyyətlərindən biri isə, "namusunu qorumuş olması", yəni iffətiydi. Bu mövzu Təhrim surəsində belə bildirilir:

Həmçinin İmran qızı Məryəmi də. Belə ki, o, öz namusunu qorumuşdu. Beləliklə, Biz ona Öz ruhumuzdan üfürdük. O da, Rəbbinin Sözlərini və Kitablarını təsdiq etdi. O (Rəbbinə) qəlbən bağlı idi. (Təhrim surəsi, 12)

Hz. İsa (ə.s)-ın Atasız Dünyaya Gəlişi

Rəbbimizin hz. İsa (ə.s)-da təcəlli etdirdiyi ən böyük möcüzələrdən biri, hz. Məryəmin ona hamilə qalma formasıdır. Quranda bu mövzu ilə əlaqədar bir çox təfərrüat verilir. Məryəm surəsində Cəbrailin hz. Məryəmə belə göründüyü bildirilir:

Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmişdi. Sonra isə, onlardan ötrü (özünü gizlədən) bir pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. (Məryəm surəsi, 16, 17)

Yuxarıdakı ayələrdə bildirildiyi kimi, hz. Məryəm, həyatının bir mərhələsində şərq tərəfində bir yerə çəkilmiş və həyatının bir hissəsini burada keçirtmişdir. Cəbrail ona bu dövrdə kamil bir insan surətində görünmüşdür. Ayələrdə diqqət çəkilən digər mühüm mövzu isə, hz. Məryəmin iffətli rəftarı və güclü Allah qorxusudur. Hz. Məryəmin Cəbraili gördükdə söylədiyi ilk sözlər belə olmuşdur:

O (Məryəm) dedi: “Həqiqətən, Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər təqva sahibisənsə (mənə yaxınlaşma)”. (Məryəm surəsi, 18)

Cəbrail hz. Məryəmə özünü tanıtmış və təkcə Allahın vəzifə verdiyi bir elçi olduğunu və ona Allahdan bir müjdə ilə gəldiyini bildirmişdir. Ayələrdə Cəbrailin verdiyi cavab belə bildirilir:

O dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm surəsi, 19)

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, bir kəlmə ilə müjdələyir. Belə ki, bu Məryəm oğlu İsa Məsihdir. O, bu dünyada və axirətdə “seçilən, şərəfli, mötəbər” və Allaha yaxınlaşdırılmış insandır. (Ali İmran surəsi, 45)

Bu əhəmiyyətli müjdəni alan hz. Məryəm, özünə başqa bir insan toxunmadığı halda, necə bir övladı ola biləcəyini anlamaq üçün Cəbrailə bu sualı vermişdir:

O dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim oğlan övladım ola bilər?” O dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik”». Nəhayət iş bitdi. Beləliklə uşağa qaldı və bətnindəki ilə birlikdə gedib tənha bir yerə çəkildi. (Məryəm surəsi, 20-22)

O dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Bu belədir, lakin: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” deyir, o da olur”. (Ali İmran surəsi, 47)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Cəbrail hz. Məryəmə hamilə qaldığını müjdələmiş və “Allahın “Ol” deməsiylə bunun dərhal olacağını” xəbər vermişdir. Hz. Məryəmə heç bir insan əli dəyməmişdir, yəni hz. İsa (ə.s) dünya həyatındakı səbəblərdən müstəqil şəkildə bir atası olmadan dünyaya gəlmişdir. Bu, Allahın bir lütfü olaraq, hz. İsa (ə.s)-ın bütün həyatı boyu yaşadığı və dünyaya ikinci dəfə gəlməsiylə yaşayacağı möcüzələrdən təkcə biridir.

Cəbrailin özünə hamilə qaldığını müjdələməsindən sonra hz. Məryəm, tənha bir əraziyə çəkilmişdir. Allah bu dövrdə də hz. Məryəmi hər cəhətdən dəstəkləmiş, Öz himayəsi altına almışdır. Bir insanın hamiləlik dövrü ərzində həm psixoloji, həm də fiziki cəhətdən ehtiyacı ola biləcək hər cür dəstək və imkanı Allah onun üçün yaratmışdır. Onu tənha bir əraziyə yerləşdirərək, bu möcüzəni qavraya bilməyəcək insanların maddi-mənəvi cəhətdən verə biləcəkləri hər cür narahatlığın da qarşısını almışdır.

Hz. İsa (ə.s)-ın Allah tərəfindən bir kəlmə olması

Allah, Quranda (Rəbbimizin təqdiriylə) hz. İsa (ə.s)-ın doğumundan ölümünə qədər hər mövzuda, digər insanlardan böyük fərqlər göstərdiyinə diqqət çəkmişdir. Hər şeydən əvvəl hz. İsa (ə.s), məlum səbəblərdən kənar bir yaradılışla və atasız şəkildə dünyaya gəlmişdir. Allah, hz. İsa (ə.s) dünyaya gəlmədən əvvəl, bir çox xüsusiyyətini və insanlar üçün, Məsih kimi göndərildiyini mələkləri vasitəsilə anası hz. Məryəmə bildirmişdir. Hz. İsa (ə.s)-ın bu seçilən xüsusiyyətlərindən biri, "Allahın bir kəlməsi" olmasıdır.

...Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur.... (Nisa surəsi, 171)

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, bir kəlmə ilə müjdələyir. Belə ki, bu Məryəm oğlu İsa Məsihdir. O, bu dünyada və axirətdə “seçilən, şərəfli, mötəbər” və Allaha yaxınlaşdırılmış insandır. (Ali İmran surəsi, 45)

Quranda "Allahın kəlməsi" ifadəsindən təkcə hz. İsa (ə.s.) üçün istifadə edilmişdir. Allah, hz. İsa (ə.s) hələ dünyaya gəlmədən onun adını xəbər vermişdir. Allah Öz tərəfindən bir kəlmə hz. İsa (ə.s.)-a "İsa Məsih" adını vermişdir. Bu, hz. İsa (ə.s)-ın digər insanlardan daha fərqli bir yaradılışla yaradıldığının ən açıq ifadələrindən biridir.

Necə ki, dünyaya gəlməsi kimi, həyatı boyu Allahın lütfü sayəsində göstərdiyi möcüzələr və ölmədən Allah qatına yüksəlməsi də, onun bu fərqliliyini göstərir.

Hz. İsa (ə.s)-ın Doğumu

Məlum olduğu kimi, uşaq dünyaya gətirmək, həm çox çətin, həm də çox yaxşı qayğı tələb edən bir hadisədir. Tibbi baxım imkanı, təcrübəli bir köməkçisi olmayan insanın, bu cür mühüm bir hadisədə təkbaşına müvəffəqiyyət qazana bilməsi çox çətindir. Lakin bu mövzuda heç bir təcrübəsi olmayan hz. Məryəm, Allaha olan bağlılığı və etibarı ilə bu çətin işin öhdəsindən təkbaşına gələ bilmişdir.

Hz. Məryəm güclənən doğuş sancıları içərisində olarkən, Allah ona vəhylə kömək etmişdir. Rəbbimiz bu çətin vəziyyətdə etməsi lazım olan hər şeyi ona bildirərək ən asan şəkildə və ən yaxşı şərtlər altında doğuş etməsini təmin etmişdir. Bu da, hz. Məryəmə Allah qatından verilmiş böyük nemətdir.

Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” Məryəmin aşağı tərəfindən onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”». (Məryəm surəsi, 23-26)

Hz. İsa (ə.s)-ın beşikdə olarkən danışması

İsmətini qoruyan (Məryəm)! Biz ona Öz ruhumuzdan üfürdük, onu və onun oğlunu aləmlərə bir əlamət etdik. (Ənbiya surəsi, 91)

Allahın hz. Məryəmin qövmü üçün, sınaq etdiyi hadisələrdən biri, hz. İsa (ə.s)-ın doğumudur. Allahın, insanların gözləmədiyi bir şəkildə gerçəkləşdirdiyi bu doğuş, həm qövmü, həm də hz. Məryəm üçün imtahan olmuşdur. Əslində hz. İsa (ə.s)-ın dünyaya gəlmə forması, Allahın insanları imana dəvət etmək üçün onlara göstərdiyi bir möcüzədir və Allahın varlığının ən açıq dəlillərindən biridir. Lakin qövmü bu vəziyyəti anlaya bilməmiş və hz. Məryəm barəsində həqiqətdən kənar bəzi zənlərə qapılmışdırlar. Bu mövzu Quranda belə bildirilir:

Beləliklə onu daşıyaraq tayfasının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən həqiqətən təəccüblü bir iş tutdun. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”. (Məryəm surəsi, 27,28)

Yuxarıdakı ayələrdə bildirildiyi kimi, hz. Məryəm, daha əvvəl çəkilmiş olduğu tənha ərazidən ayrılıb, hz. İsa (ə.s)-la birlikdə tayfasının yanına gəldikdə, özünə heç bir açıqlama vermə fürsəti verilməmişdi. Tayfa, yalnız zənn və təxminlə hz. Məryəmə bəzi çirkin böhtanlar atdı. Halbuki bu böhtanları atan tayfa üzvləri, hz. Məryəmi dünyaya gəldiyi andan bəri tanıyırdı. Onlar həmçinin onun və İmran ailəsinin nə qədər Allaha bağlı və dindar insanlar olduqlarını çox yaxşı bilirdilər.

Hz. Məryəm isə, əslində bu böhtanlarla sınanılırdı. Allaha qəlbən bağlı və iffətinə olduqca düşkün olan bir insanın əsla Allahın qoyduğu həddi aşmayacağı aydındır. Lakin bu həssaslığına baxmayaraq, özünə çirkin böhtanlar atılması, Allahın onun üçün yaratdığı bir imtahan idi. Allah dünyaya gəldiyi andan etibarən ona həmişə hər işində kömək etmiş və hər işini xeyirlə nəticələndirmişdi. Hz. Məryəm isə, hər işin Allahın iradəsində olduğunu heç unutmamalı olduğunu və bu əsassız böhtanlardan onu yenə Allahın xilas edib təmizə çıxardacağını bilirdi.

Necə ki, Allah bu işində də hz. Məryəmə müəyyən asanlıq təmin etmiş və ona "susma orucu" tutmasını vəhy etmişdir. Tayfası özü ilə danışmaq istədikdə Allah, hz. Məryəmə susmasını və özünə yaxınlaşıb ittihamlar atanlara, hz. İsa (ə.s)-ı işarə etməsini bildirdi. Beləliklə də, hz. Məryəm, Allahdan asanlıq olaraq özünə sıxıntı verilməsinə səbəb ola biləcək bir danışıqdan uzaq tutuldu. Tayfasından gələn sualları ən düzgün şəkildə cavablandıra biləcək insan hz. İsa (ə.s) idi. Allah, hz. Məryəmə hz. İsa (ə.s)-ın doğumunu müjdələdiyi zaman, onun hələ beşikdəki körpə vaxtından belə danışacağını da bildirmişdi:

O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır. (Ali İmran surəsi, 46)

Allah bu yolla hz. Məryəmin işini çox asanlaşdırmış və tayfasının gözlədiyi ən düzgün açıqlamanı da hz. İsa (ə.s)-ın ağzından etdirmişdi. Allahın belə bir möcüzə mühiti yaratması ilə, tayfasının hz. Məryəmə qurduğu tələ də pozulmuş olurdu. Bu hadisə Quranda belə bildirilir:

Bundan sonra ona (uşağa) işarə etdi. Onlar dedilər: “Hələ beşikdə olan körpə ilə necə danışaq?” O (İsa) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi vəsiyyət (əmr) etdi. Anama itaət etməyi də. Məni bədbəxt bir zalım etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 29-33)

Şübhəsiz ki, beşikdəki bir uşağın mükəmməl danışa bilməsi çox böyük möcüzədir. Üstəlik, hz. İsa (ə.s)-ın dünyaya gələn kimi, bir uşağın əsla bilməyəcəyi məlumatları bilməsi də heyrətamiz hadisədir. Bu vəziyyət İsrail oğullarına Allah qatından gələn möcüzəvi bir həqiqətlə üz-üzə olduqlarını açıqca sübut etmişdir. Bütün bu möcüzəvi hadisələr, hələ beşikdəki bu mübarək uşağın qəti şəkildə Allahın elçisi olduğunu göstərmişdir.

Məhz Allah, Özünə yönəlib qarşılaşdığı hər hadisədə təvəkkül göstərməsindən ötrü, hz. Məryəmə rəhmət etmişdir. Bütün tayfanı heyrətləndirəcək böyük bir möcüzə göstərərək, tayfasının ona atmağa çalışdığı böhtanlara qəti bir cavab vermişdir. Lakin Allah, özlərinə göstərilən bu möcüzəvi hadisəyə baxmayaraq, hələ hz. Məryəmə böhtan atmağa davam edənlər üçün də, böyük bir əzab olduğunu bildirmişdir:

(Bir də) inkar etdiklərinə və Məryəmə əleyhində böyük böhtanlar dediklərinə görə... (Nisa surəsi, 156)

Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” dediklərinə görə (onlara belə bir cəza verdik)... (Nisa surəsi, 157)

Hz. İsa (ə.s)-ın göstərdiyi möcüzələr

Allahın hz. İsa (ə.s)-a lütf etdiyi möcüzələrindən ilki, onun məlum səbəblərdən kənar şəkildə atasız olaraq dünyaya gəlməsi, daha sonra isə beşikdə olarkən danışaraq peyğəmbərliyini bildirməsidir. Əslində bu iki möcüzə, Allahın hz. İsa (ə.s)-ı seçmiş olduğunu göstərən dəlillərdəndir. Beşikdəki bir körpənin, iman gətirmiş şəkildə dünyaya gəlməsi və gələn kimi çox ağıllı məntiqlə danışa bilməsi, ancaq Allahdan bir möcüzə ilə mümkün olar:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim..." (Maidə surəsi, 110)

Hz. İsa (ə.s)-ın Allahın istəyi sayəsində göstərdiyi digər möcüzələr isə ayədə belə bildirilir:

Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın icazəsi ilə quş olar. Allahın icazəsi ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər iman gətirmisinizsə, şübhəsiz ki, bunda sizin üçün qəti bir dəlil vardır. (Ali İmran surəsi, 49)

Buraya qədər bəhs edilən bütün bu möcüzələrə baxmayaraq, qövmün bir hissəsi inkarlarını davam etdiriblər. Hz. İsa (ə.s)-ın etdiklərinin “məharətli sehrlər”dən (Saff surəsi, 6) başqa bir şey olmadığı böhtanını ataraq, onu sehrbazlıqla ittiham etməyə cəhd ediblər.

Hz. İsa (ə.s)-ın dini təbliğ etməsi və qarşılaşdığı çətinliklər

Hz. İsa (ə.s)-ın göndərildiyi dövr, İsrail oğullarının həm siyasi, həm iqtisadi, həm də ictimai cəhətdən böyük çıxılmaz vəziyyətdə olduqları bir dövrdü. Bir tərəfdən yaşadıqları ölkənin mərhəmətsiz rəhbərliyi, digər tərəfdən də müxtəlif inanc və məzhəb ayrılıqları. Belə çətin bir qarışıqlıq mühitində insanlar, hər dövrdə olduğu kimi, bir qurtuluş yolu tapmağa çalışırdılar.

Cəmiyyətin yaşadığı çətinliklərdən xilas olmasına vəsilə olacaq mübarək insan, hz. İsa (ə.s)-dı. Allah, onu və anası hz. Məryəmi İsrail oğullarına tanıtmaq üçün, hz. İsa (ə.s)-ı hələ beşikdə olarkən danışdırmış və beləliklə də, gözlənilən peyğəmbərin gəldiyini bütün İsrail oğullarına bildirmişdi. Qövmün bir hissəsi hz. İsa (ə.s)-ın göndərilmiş elçi olduğunu anlayıb, ona iman gətirdi.

Lakin, əlbəttə ki, hz. İsa (ə.s)-a əks reaksiya göstərənlər də vardı. Öz dövründəki inkarçı sistemin müdafiəçiləri, onu din əxlaqına uyğun olmayan sistemləri üçün təhlükə hesab edirdilər. Bundan ötrü də, hz. İsa (ə.s)-ın varlığını eşidən kimi, hərəkətə keçmiş və öz aləmlərində ona maneə törətmək üçün planlar qurmuşdular. Bu təşəbbüsləri hələ ən başından, müvəffəqiyyətsizliklə nəticələnmişdir, lakin bu məqsədi gerçəkləşdirməkdən əl çəkməmişdirlər.

Necə ki, hz. İsa (ə.s)-a əks reaksiya göstərənlər təkcə inkarçılarla məhdudlaşmamışdır. Həmin dövrün yəhudi din xadimlərinin bəziləri, hz. İsa (ə.s) dini təbliğ etməyə başladıqdan sonra müxtəlif səbəblərdən ötrü ona cəbhə almışdırlar. Bunun ən mühüm səbəblərindən biri isə, hz. İsa (ə.s)-ın onları dinin əslini yaşamağa dəvət etməsi olmuşdur. Necə ki, hz. İsa (ə.s) təbliğinə başlayan kimi, onu, dinlərini yox etməyə çalışmaqla günahlandırıblar. Halbuki hz. İsa (ə.s)-ın əsil fikri mübarizə apardığı şey, yəhudi ruhanilər arasından çıxan bir qrupun dinə sonradan daxil etdiyi saxta hökmlərdir. İsrail oğullarının bəziləri, özlərinə haram edilmiş bəzi şeyləri halal, halal edilmiş bəzi şeyləri isə, haram edərək, haqq dinlərini dəyidirmişdilər. Həmçinin Allah, dinə daxil etdikləri bu hökmləri aradan qaldırıb, dinlərini təmizləməsi üçün, peyğəmbər olaraq onlara hz. İsa (ə.s)-ı göndərmişdi. O da qövmünü Tövratın əslini təsdiqləyən İncilə tabe olmağa dəvət etmişdir. Allah, bu mövzunu, Quranda belə bildirir:

Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün, Rəbbinizdən bir əlamət gətirdim. Artıq Allahdan qorxun və mənə itaət edin. (Ali İmran surəsi, 50)

Allah, başqa bir ayədə, hz. İsa (ə.s)-a vəhy edilən İncilin, özündən əvvəl endirilən Tövratı təsdiqləyən və iman gətirən insanlar üçün bir rəhbər, doğruyu yanlışdan ayırd etmələrini təmin edəcək bir kitab olduğunu da göstərmişdir:

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün yol göstərici və öyüd olan İncili verdik. (Maidə surəsi, 46)

Bəzi yəhudilər hz. İsa (ə.s)-ın təbliğinə alışa bilmirdilər. Halbuki hz. İsa (ə.s), onları tövhid inancına, səmimiyyətə, qardaşlığa və dürüstlüyə dəvət edirdi. Batil inanclardan və tətbiqlərdən uzaqlaşmalarını söyləyirdi. Quranda hz. İsa (ə.s)-ın qövmünə etdiyi təbliğ belə bildirilmişdir:

İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!” Sonra aralarından bəzi firqələr ixtilafa düşdülər. Artıq ağrılı-acılı bir günün əzabından vay zalımların halına! (Zuxruf surəsi, 63-65)

Hz. İsa (ə.s)-ın səmimi və hikmətli təbliği, xalqın böyük marağına səbəb oldu və onu dinləyənlərin sayı da gün keçdikcə artdı.

Bəzi yəhudilərin hz. İsa (ə.s)-ı öldürdüklərini iddia etmələri

Şübhəsiz ki, Romalıların hz. İsa (ə.s)-ı çarmıxa çəkərək öldürdükləri iddiasını hər kəs bilir. Bu yalan iddiaya görə, hz. İsa (ə.s)-ı ələ keçirən Romalılar və bəzi yəhudi din xadimləri onu çarmıxa çəkmiş və beləliklə onu öldürmüşdürlər. Necə ki, bütün xristian aləmi də hadisəni bu cür qəbul edir, lakin hz. İsa (ə.s)-ın öldükdən sonra dirilərək göyə yüksəldiyinə inanır. Lakin Quran ayələrində bu məlumatın doğru olmadığı, hz. İsa (ə.s)-ın ölmədiyi və öldürülmədiyi bildirilir:

Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” (katelna) dediklərinə görə (onlara belə bir cəza verdik). Halbuki onu öldürmədilər (ma katelehu) və onu asmadılar (ma salebe. Lakin onlara (onun) bənzəri göstərildi (şubbihe). Həqiqətən, Onun barəsində anlaşmazlığa düşənlər, qəti şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onu əsla öldürmədilər (ma katelehu). (Nisa surəsi, 157)

Eyni ayənin ardınca hz. İsa (ə.s)-ın Allah qatına yüksəldilməsi belə bildirilir:

Xeyir, Allah onu Özünə tərəf qaldırmışdır (refea). Allah Üstün və Güclü olandır, Hökm və Hikmət sahibidir. (Nisa surəsi, 158)

Ayələrdə bildirilən həqiqət açıqdır. Bəzi yəhudilərin təşviqi ilə hz. İsa (ə.s)-ı öldürməyə cəhd edən Romalılar, bunda müvəffəqiyyət qazana bilməyiblər. Ayədə işlənən: "Lakin onlara (onun) bənzəri göstərildi" ifadəsi bu həqiqəti bir daha təsdiqləyir. Hz. İsa (ə.s) öldürülməmiş və Allah qatına yüksəldilmişdir. Həmçinin Allah, bu iddia ilə çıxış edənlərin həqiqətə dair məlumatları olmadığını da xəbər verir.

Allah inkar edənlərin hz. İsa (ə.s)-a qurduqları tələni puç etmişdir

Bəzi yəhudilər və Romalı bütpərəstlərin hz. İsa (ə.s)-ı öldürmək üçün qurduqları plan, tarixin müxtəlif dövrlərində inkarçıların bir çox peyğəmbərə qarşı qurduqları tələlərdən biridir. Allah Quranda, inkarçıların nə vaxt özlərinə bir peyğəmbər gəlsə və onları həqiqi din əxlaqını yaşamağa dəvət etsə, mütləq ona qarşı müxtəlif tələlər qurduqlarını və hətta onu öldürməyə cəhd etdiklərini xəbər vermişdir.

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Deməli, hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirdikdə, təkəbbür göstərərək, bir qisminiz onları yalançı hesab edəcək, bir qisminiz də öldürəcəkmi? (Bəqərə surəsi, 87)

Hz. İbrahimi oda atan, ordularıyla birlikdə hz. Musanı təqib edən, sevgili Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-i gecə basqını ilə öldürməyə cəhd edən, hz. Yusifi quyuya atıb tərk edən, təkcə: "Rəbbimiz Allahdır" dedikləri üçün möminləri yurdlarından sürgün etməyə cəhd edənlər, müxtəlif dövrlərdə yaşamış olmaqla yanaşı, bənzər düşüncəyə sahib insanlardır. Hamısı, Allaha və elçilərinə baş qaldırmağa cəhd etmiş, Allahın əmr etdiyi din əxlaqına qarşı çıxmış və axirətdə əməllərindən ötrü hesab verəcəklərini görməzlikdən gəlmişdirlər. Peyğəmbərlərin, özlərinə, Allahın qulu olduqlarını xatırlatmalarına, onları fədakar olmağa, sədəqə verməyə, Allah rizası üçün yaxşılıq etməyə, ədalətli və təvazökar olmağa dəvət etmələri qəzəblənmələrinə və Allah qatında seçilmiş və tərtəmiz olan elçilər əleyhində tələlər qurmalarına səbəb olmuşdur. İnkarçıların bu zehniyyəti bir Quran ayəsində belə bildirilir:

...Onlara elçilər göndərdik. Hər dəfə bir elçi onlara könüllərinə yatmayan bir şey gətirəndə o elçilərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. (Maidə surəsi, 70)

Bənzər şəkildə Məkkəli müşriklərin də mübarək Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-i yurdundan çıxartmaq və öldürmək üçün tələlər qurduqları Quranda bildirilmişdir. Rəbbimiz, inkarçılar bu tələni qurarkən Özünün də onlara bir tələ qurduğunu xəbər vermişdir. Şübhəsiz ki, tələ quranların ən üstünü uca Allahdır:

Bir zaman inkar edənlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı tələ qururdular. Onlar tələ qurdu, Allah da (bunun qarşılığında bir) tələ qurdu. Allah tələ quranların (tələlərinə qarşılıq verənlərin) ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Daha əvvəl də ifadə etdiyimiz kimi, inkar edənlər hz. İsa (ə.s)-ı da öldürməyə cəhd ediblər. Öz aləmlərində çox əhatəli bir plan qurmuş və hz. İsa (ə.s)-ı ələ keçirərək öldürəcəklərini düşünmüşdülər. Tarixi və İslami mənbələrdə qeyd olunan məlumatlara görə, bəzi müşrik yəhudilər, romalıları hz. İsa (ə.s) əleyhinə qızışdıra bilmək üçün, hz. İsa (ə.s) haqqında bir çox yalan və böhtan ortaya atmışdırlar. Beləliklə də, Romalıların hz. İsa (ə.s)-ın öldürülməsi üçün hərəkətə keçməsini hədəfləmişdirlər. Bəzi yəhudilərin hz. İsa (ə.s) əleyhinə tələ qurduqları Quranda belə bildirilmişdir:

İsa onlardakı inkarı hiss etdikdə dedi: “Allah üçün kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” Onlar (inkarçılar) tələ qurdular, Allah da (bunun qarşılığında bir) tələ qurdu. Allah tələ quranların ən yaxşısıdır. (Ali İmran surəsi, 52-54)

Allah onların tələlərini heç gözləmədikləri şəkildə tərsinə çevirmişdir. Hz. İsa (ə.s)-ı əsla öldürə bilməyiblər, lakin onlara bənzəri göstərilmişdir. Rəbbimiz bu seçilən qulunu, inkar edənlərin tələlərindən qoruyub xilas etmişdir. Hz. İsa (ə.s) ölməmişdir və Allah qatında diridir. Allahın, Quranda hz. İsa (ə.s)-a qurulan tələlərin puç olduğunu bildirmiş olması da, hz. İsa (ə.s)-ın Allah qatında diri olduğunun mühüm dəlillərindən biridir. Əgər hz. İsa (ə.s) bəzilərinin iddia etdiyi kimi ölmüş olsaydı (belə ki, bu doğru deyil), o zaman bu, inkar edənlərin qurduqları tələ ilə hədəflərinə nail olduqları mənasını verərdi. Çünki bu tələnin əsas hədəfi hz. İsa (ə.s)-ın öldürülməsidir. Lakin Allah, hz. İsa (ə.s)-a qurulacaq bu tələni puç edəcəyini bildirmiş və “...Allah, kafirlərə möminlərin əleyhində fürsət verməz” (Nisa surəsi, 141) ayəsinin bir təcəllisi olaraq, inkar edənlərin hz. İsa (ə.s)-ı öldürmələrinə icazə verməmişdir. Quranın bir çox ayəsində, inkar edənlərin tələlərinin əsla müvəffəqiyyət qazana bilməyəcəyi, bu tələlərin tamamilə puç edilməsinin Allahın qanununun bir tələbi olduğu xəbər verilmişdir. Ayələrdə belə buyurulur:

Həqiqətən, onlar hiylələr qurdular. Halbuki onların hiylələri, dağları yerlərindən oynatsa da, Allah qatında onlar üçün qurulmuş hiylə (pis bir qarşılıq) var. (İbrahim surəsi, 46).

...Həqiqətən də, Allah kafirlərin hiylələrini puç edər. (Ənfal surəsi, 18)

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma inkar edənlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)

Şübhəsiz ki, Allah (müşriklərin hücum və məkrli tələlərini) iman gətirənlərdən uzaqlaşdırır. Həqiqətən, Allah xain və nankor insanı sevməz. (Həcc Surəsi, 38)

Doğrusu onlar, hiylə qururlar; Mən də bir hiylə qururam. Sən kafirlərə müəyyən möhlət ver, az müddət ver. (Tariq surəsi, 15-17)

Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. (Nəhl surəsi, 26)

Quranda peyğəmbərlərin ölümündən necə bəhs edilir?

Quranda peyğəmbərlərin ölümlərinin nəql olunduğu hekayələrdə işlənən sözlərlə, hz. İsa (ə.s)-ın Allah qatına yüksəldilməsinin izah edildiyi ayələrin araşdırılması, mühüm bir həqiqəti ortaya çıxardır. Bu bölmədə hz. İsa (ə.s) hekayəsində işlənən və digər peyğəmbərlərin ölümlərini ifadə edən sözlərin ərəbcə qarşılıqlarını və Quran ayələrində nə cür istifadə edildiklərini araşdıracağıq. Quranda peyğəmbərlərin ölməsi və ya öldürülməsiylə əlaqədar, istifadə edilən sözlər gələcəkdə daha təfərrüatlı görəcəyimiz kimi; "katele (öldürmək), mate (ölmək), haleke (həlak olmaq), salebe (asmaq)" və ya bir neçə xüsusi sözdür. Halbuki hz. İsa (ə.s) üçün, Quranda çox açıq ifadə ilə; "onu öldürmədilər (ma katelehu) və asmadılar (ma salebuhu)" ifadəsindən istifadə edilərək heç bir öldürmə formasıyla öldürülmədiyi vurğulanır. İnkarçılara, hz. İsa (ə.s)-ın bənzərinin göstərildiyi və onun Allah qatına yüksəldildiyi bildirilir. Ali İmran surəsində isə, hz. İsa (ə.s)-ı Allahın vəfat etdirəcəyi və onu Öz qatına yüksəldəcəyi bildirilmişdir:

O vaxt Allah İsaya dedi: “Ey İsa! Mən səni vəfat etdirib (müteveffiyke) Özümə tərəf qaldıracağam (rafiuke), səni inkarçılardan təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm … (Ali İmran surəsi, 55)

Quranda ölüm mənasını bildirən sözlərin və Ali İmran surəsində işlənən "vəfat etdirmə" sözünün istifadə formaları belədir:

1) Teveffa: Vəfat etdirmə

Ayədə işlənən "vəfat" sözü Azərbaycan dilində işlədilən ölmək mənasından fərqli mənalar verir. Ayələrin ərəbcə qarşılıqlarının araşdırılması, hz. İsa (ə.s)-ın bildiyimiz mənada ölmədiyini açıqca göstərir. Maidə surəsinin 117-ci ayəsində ölüm hadisəsindən belə bəhs edilir:

Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. 1) Nə qədər ki, onların arasındayam, mən onlara şahidəm. Məni vəfat etdirdikdə (teveffeyteni) isə, onlara şahidlik edən Özün oldun. Sən hər şeyə Şahidsən. (Maidə surəsi, 117)

Ali İmran surəsinin 55-ci ayəsində isə, Allahın hz. İsa (ə.s)-ı "vəfat etdirəcəyi", inkarçılardan qoruyacağı və onu Öz qatına yüksəldəcəyi xəbər verilir. Ayənin təfsirindən çıxan məna, (bir çox İslam alimi və təfsirçisinin ortaq fikri ilə) hz. İsa (ə.s)-ın ölməmiş olmasıdır. Ayədə belə bildirilmişdir:

O vaxt Allah İsaya dedi: “Ey İsa! Mən səni vəfat etdirib (müteveffiyke) Özümə tərəf qaldıracağam (rafiuke), səni inkarçılardan təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də anlaşmazlığa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali İmran surəsi, 55)

Bu ayələrdə işlənən və azərbacan dilindəki tərcümələrdə öldürmə və ya vəfat etdirmə kimi, tərcümə edilən söz ərəbcədə "vefea" kökündən törəyən "teveffa" felidir və bu fel ölüm mənasını deyil, "canın alınması" mənasını verir. Necə ki, ərəbcə təfsirlərdə də ölüm mənasında işlədilmir. İslam alimi Qurtubinin təfsiri bunun nümunələrindən biridir. Qurtubinin təfsirində həmin bu söz üçün; "nəfslərin alınması" ifadəsi işlədilmişdir. Necə ki, insanın canının alınmasının həmişə ölüm mənasını vermədiyi yenə Quranda bizə bildirilir. Məsələn, "teveffa" sözünün işləndiyi bir ayədə insanın ölməsindən deyil, yuxuda canının alınmasından bəhs edilir:

Sizi gecələr vəfat etdirən (yeteveffakum) və gündüzlər "nə etdiklərinizi" bilən, sonra müəyyən olunmuş əcəl çatana qədər onda sizi dirildən Odur... (Ənam surəsi, 60)

Bu ayədə "vəfat etdirmə" kimi tərcümə edilən sözlə, Ali İmran surəsinin 55-ci ayəsində işlədilən söz eynidir, yəni hər iki ayədə də "teveffa" sözü işlənilir. İnsanın, gecələr içində olduğu vəziyyət ölüm olmadığına görə yuxarıdakı ayədə işlədilən "yeteveffakum" sözünün ölümü nəzərdə tutmadığı, düzgün tərcümənin "gecə canlarınızı alan" kimi olmalı olduğu aydındır. Aşağıdakı ayədə isə, eyni sözdən bu cür istifadə edilir:

Allah, öləcəkləri (mevt) zaman canlarını alar (yeteveffa); ölməyənin də yuxusunda (canını alar) (lem temut). Beləliklə də, barəsində ölüm qərarı (el mevte) veriləni tutar, o birisini isə müəyyən olunmuş əcəli çatana qədər sərbəst buraxar... (Zumər surəsi, 42)

Bu ayədən də aydın olacağı kimi, Allah yatan insanın canını alır, lakin barəsində ölüm qərarı verilməyəni əcəli çatana qədər təkrar sərbəst buraxır. Buna görə də, insan bildiyimiz mənada ölmüş olmaz. Təkcə müvəqqəti olaraq ruhu bədənini tərk edər və fərqli bir aləmə daxil olar. Oyanacağı vaxt isə, ruhu təkrar bədəninə qaytarılar.

Yuxunun bir növ vəfat kimi qiymətləndirildiyini, lakin bununla bioloji ölümün nəzərdə tutulmadığını göstərən nümunələrdən biri də Peyğəmbərimiz (s.ə.v)-in yuxusundan oyandığı zaman: "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun" (Buhari, Kitabu'd Deavat 6312) dediyini bildirən hədisdir. Şübhəsiz ki, hz. Məhəmməd (s.ə.v) bu hikmətli sözüylə, yatılan vaxt bioloji mənada ölüm baş verdiyinə deyil, yatan insanın bizim anladığımızdan fərqli mənada "canının alındığına" diqqət çəkmişdir. Tanınmış İslam alimi və təfsirçi İbn Kəsir də, Ali İmran surəsini təfsir edərkən, digər bir çox dəlillə birlikdə həmin bu hədisdən istifadə etmişdir. İbn Kəsirin təfsirində, "teveffa" sözünün yuxuya işarə etdiyi, eyni sözün digər ayələrdə nə cür qeyd olunduğu göstərilərək izah olunur. İbn Kəsir, bu izahlardan sonra, İbn Əbu Hatimdən rəvayət edilən bir hədisdən də istifadə edərək qənaətini belə ifadə edir:

İbn Əbu Hatim belə deyir: "Atam bizə... Həsəndən belə rəvayət etdi: “Səni vəfat etdirəcəyəm...” ayəsi barəsində bu açıqlamanı vermişdir: Burada, “Səni yuxu kimi ölüm ilə öldürəcəyəm, yəni yatırdacağam” mənasındadır ki, Allah hz. İsa (ə.s)-ı yuxuda olarkən göyə qaldırmışdır... Bu mütləq həqiqətdir ki, Allah, hz. İsa (ə.s)-ı, yuxu ilə vəfat etdirdikdən sonra göyə qaldırmış və həmin dövrdə özünə əziyyət verən yəhudilərin əziyyətlərindən xilas etmişdir”. (İbn Kesir, Tefsiru'l Kur'ani'l Azim, I cild, səh. 573-576)

İslam alimlərindən Məhəmməd Zahid əl-Kövsəri isə, "teveffa" felinin mənasını araşdırarkən, ayədə bu felin ölüm mənası vermədiyini ifadə etmiş və Zumər surəsinin 42-ci ayəsində işlənən "ölüm" sözünə diqqət çəkmişdir:

Əgər hz. İsa (ə.s) ölmüş olsaydı (belə ki, bu doğru deyil), "Allah ölüm vaxtı gələn nəfsləri vəfat etdirər" (Zumər surəsi, 42) tərcüməsindəki ayədə işlənən və ölüm mənasını verən "mevt" sözü bildirilməzdi... Əgər iddia edildiyi kimi, Allah adi ölümü (bioloji mənada ölümü) bildirmiş olsaydı, bu açıqca xəbər verilərdi. Madam ki, Allah, yəhudilərin hz. İsa (ə.s)-ı öldürmədiyindən, vəfatdan və göyə yüksəlməkdən bəhs etməkdədir, o zaman burada normal ölümdən başqa məna düşünülməlidir. (Zahid Kevseri, Nazratün Abire fi Mezaimi men Yünkiru Nüzule İsa kable'l-Ahire, Mısır, 1980, səh. 34-37)

İslam tarixinin ilk təfsirçilərindən biri kimi qəbul edilən Matüridi də, ayədə hz. İsa (ə.s)-ın bilinən bioloji mənada ölümündən bəhs edilmədiyini ifadə etmişdir:

Ayədə nəzərdə tutulan şey, ölüm mənasındakı vəfat deyil, bədənin dünyadan alınması mənasındakı vəfatdır. (Maturidi, Tev'vilatü'l Kurani'l Metaun, Beyrut, səh. 67)

İslam alimləri, teveffa felini şərh edərkən hz. İsa (ə.s)-ın ölmədiyi, Allah qatına yüksəldildiyi və qiyamətdən əvvəl yer üzünə təkrar qayıdacağı mövzusunda ittifaq təmin ediblər. Məsələn, tanınmış təfsir alimi Təbəri, bu felin "yerdən almaq" mənasında işlədildiyini söyləyir və ayəni bu cür izah edir:

Bizə görə ən sağlam fikir bu sözü "kabzetmek", "yerdən çəkmək" mənasında götürməkdir. Buna görə ayənin mənası; "səni yerdən alıb, göylərə çəkərəm" şəklində olar. Ayənin davamı da, Axırzamanda inkarçılara qalib gəlməyə diqqət çəkərək bu fikri təsdiqləyən mahiyyətdədir. (Taberi Tefsiri, III cild, 290-1)

Elmalılı Həmdi Yazır (Elmalılı Hamdi Yazır), təfsirində bu ayədən başa düşülən mənanın, hz. İsa (ə.s)-ın ölmədiyi, Allah qatında diri olduğu şəklində bildirir:

...Bizcə bu təfsir və inancın xülasəsi budur: Allah tərəfindən bir kəlmə olan və müqəddəs ruhla qüvvətləndirilmiş İsa Məsihin ruhu hələ təslim alınmamışdır. Ruhunun əcəli gəlməmişdir. Kəlmə hələ Allaha qayıtmamışdır. Onun hələ dünyada görəcəyi işlər var. (Elmalılı Hamdi Yazır, Hak Din Kuran Dili, II cild, səh. 1112-1113)

Nəticə etibarilə, hz. İsa (ə.s)-ın yuxudakına bənzər vəziyyətə daxil edilərək Allah qatına yüksəldildiyini, hadisənin bildiyimiz ölüm olmadığını, təkcə bu aləmi tərk etmək olduğunu söyləyə bilərik (doğrusunu Allah bilər).

2) Katele: Öldürmək

Quranda ölüm mövzusundan bəhs edilərkən, əsasən ərəbcədə "öldürmək" mənasını verən "katele" sözündən istifadə edilir. Mümin surəsində "katele" sözündən bu cür istifadə edilir:

Firon dedi: "Buraxın məni, Musanı öldürüm (aktul) ki, (gedib) Rəbbinə yalvarsın... (Mümin surəsi, 26)

Ayədə işlənən "Musanı öldürüm" ifadəsinin ərəbcəsi "aktul Musa" kimidir. Bu söz katele felindən törəmişdir. Digər bir ayədə isə, eyni sözdən, bu cür istifadə edilir:

...Peyğəmbərləri haqsız yerə öldürmələrinə görə idi (yaktulune)... (Bəqərə surəsi, 61)

Ayədə işlənən "öldürmələrindən görə idi" sözünün ərəbcəsi "yaktulune" kimidir və yenə eynilə katele sözündən törəmişdir. Həmçinin tərcümədə də açıqca ifadə edildiyi kimi, "öldürmək" mənasını verir. Aşağıda peyğəmbərlərin ölümündən bəhs edən bəzi ayələrdə "katele" felinin nə cür işlədildiyi bildirilir. Mötərizə daxilində mənaları bildirilən bütün sözlərin kökləri KATELE feilidir:

...Onların bu sözlərini və peyğəmbərləri haqsız yerə öldürmələrini (katlehum) yazacağıq... (Ali İmran surəsi, 181)

...təkəbbür göstərərək, bir qisminiz onları yalançı hesab edəcək, bir qisminiz də öldürəcəkmi? (taktulune) (Bəqərə surəsi, 87)

...De: "Əgər inanırdınızsa, daha əvvəl nə üçün Allahın peyğəmbərlərini öldürürdünüz? (taktulune)". (Bəqərə surəsi, 91)

Allahın ayələrini inkar edənlər, peyğəmbərləri haqsız yerə öldürənlər (yaktulune) və insanlardan ədaləti əmr edənləri öldürənlər (yaktulune); ... (Ali İmran surəsi, 21)

...Əgər doğru danışanlarsınızsa, onda nə üçün onları öldürürdünüz? (kateltumuhum) (Ali İmran surəsi, 183)

...O belə demişdi: "Səni mütləq öldürəcəyəm"... (Le aktulenneke) (Maidə Surəsi, 27)

Əgər məni öldürmək (taktuleni) üçün, əlini mənə uzatsan, mən səni öldürmək (aktuleke) üçün əlimi sənə uzadan deyiləm... (Maidə surəsi, 28)

Öldürün (uktulu) Yusifi və ya onu bir yerə atıb tərk edin... (Yusif surəsi, 9)

Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin... (la taktulu)” (Qəsas surəsi, 9)

"Ey Musa! Qabaqcıllar səni öldürmək (li yaktulu) barəsində məşvərət edirlər..." (Qəsas surəsi, 20)

Qövmünün (İbrahimə) cavabı isə ancaq: “Ya onu öldürün (uktuluhu), ya da yandırın!” demələri oldu... (Ənkəbut surəsi, 24)

3) Haleke: Ölmək

Quranda öldürmək feli üçün işlədilən digər bir söz də, "haleke" felidir. Haleke sözü ayələrdə "həlak olmaq, ölmək" mənalarında işlədilir. Məsələn, Mümin surəsinin 34-cü ayəsində belə işlənir:

...Nəhayət, o, vəfat etdikdə (haleke) dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!”... (Mümin surəsi, 34)

Ayədə, azərbaycan dilinə "vəfat etdikdə" kimi tərcümə edilən sözün ərəbcəsi "iza heleke" kimidir və bu sözün mənası da ölmək deməkdir.

4) Mate: Ölüm

Quranda peyğəmbərlərin ölümü ilə əlaqədar işlədilən digər bir söz isə "mate" sözüdür. Mata sözü ayələrdə "ölmək" mənasında işlədilir. Səba surəsində hz. Süleymanla əlaqədar belə bildirilir:

Onun (Süleymanın) ölümünə (el mevte) hökm verdiyimiz zaman onun öldüyünü (mevtihi), onlara ancaq əsasını yeyən bir ağac qurdu xəbər verdi... (Səba surəsi, 14)

Eyni kökdən gələn digər bir söz isə, hz. Yəhya barəsində işlədilir:

...Doğulduğu gün də, öləcəyi gün (yemutu) də, yenidən dirildiləcəyi gün də ona salam olsun! (Məryəm surəsi, 15)

Bu ayədə "öləcəyi" kimi tərcümə edilən sözün ərəbcəsi "yemutu" sözüdür. Eyni söz hz. Yaqubun ölümü ilə əlaqədar ayələrdə də işlədilir:

Yoxsa siz Yaqubun ölüm anında (el mevte) onun yanında idiniz? (Bəqərə surəsi, 133)

Bu ayədə işlənən "el mevte" sözü də yenə eyni kökdən gəlir və ölüm mənası daşıyır.

Hz. Məhəmməd (s.ə.v) ilə əlaqədar bir ayədə isə, "katele" və "mate" felləri eyni anda işlədilir:

Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə (mate) və ya öldürülərsə (kutile) siz gerimi dönəcəksiniz?... (Ali İmran surəsi, 144)

Mate (ölmək) kökündən gələn mevt sözü, yenə peyğəmbərlərin ölümlərindən bəhs edilən başqa ayələrdə də işlənilir:

...O dedi: “Kaş bundan əvvəl öləydim (mittu) və bir dəfəlik unudulaydım!” (Məryəm surəsi, 23)

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük (el hulde) nəsib etmədik. Məgər sən öləcəksən (mitte), onlar həmişəlik qalacaqlar?! (Ənbiya surəsi, 34)

O Rəbb ki, məni öldürəcək (yumituni), sonra dirildəcəkdir. (Şuəra surəsi, 81)

5) Halid: Ölümsüz

Ayələrdə işlənib, bilavasitə ölmək və ya öldürmək felini deyil, təkcə ölümsüzlüyü ifadə edən digər bir söz də, "halid" sözüdür. Halid sözünün mənası daimi olmaq, ölməzliyi davam etmək kimidir. Ənbiya surəsində "halid" sözündən bu cür istifadə edilmişdir:

Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi (halidiyne) də deyillər. (Ənbiya surəsi, 8)

6) Salebe: Asmaq

Quranda peyğəmbərlərin ölümlərindən bəhs edilərkən işlədilən sözlərdən biri də salebe (asmaq) felidir. Salebe feli "asmaq, çarmıxa çəkmək və edam etmək" kimi mənalara gəlir. Bu fel ayələrdə bu cür işlədilir:

...Halbuki onu öldürmədilər və onu asmadılar (ma salebu)... (Nisa surəsi, 157)

...Sizdən biriniz öz ağasına şərab içirdəcək, digəriniz isə asılacaq (yuslebi)... (Yusif surəsi, 41)

...Ancaq öldürülmələri və ya asılmaları (yusallebu)... (Maidə surəsi, 33)

Mütləq əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı edam edəcəyəm (usallibennekum). (Əraf surəsi, 124)

...Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində asacağam (usallibennekum)... (Taha surəsi, 71)

...Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı asacağam (usallibennekum). (Şuəra surəsi, 49)

Ayələrdən də göründüyü kimi, digər peyğəmbərlərin ölümlərinin çatdırıldığı ayələrdə çox müxtəlif sözlərdən istifadə edilir. Allah Quran ayələrində hz. İsa (ə.s)-ın öldürülmədiyini, insanlara onun bir bənzərinin göstərildiyini, onu Öz qatına yüksəltdiyini bildirmişdir. Hz. İsa (ə.s) üçün "canını almaq" mənasını verən "teveffa" feli işlədildiyi halda, digər peyğəmbərlər üçün normal ölümü ifadə edən katele və ya mevt kimi fellər işlədilir. Bu məlumatlar isə, bizə hz. İsa (ə.s)-ın vəziyyətinin fövqəladəliyini bir daha göstərir.

Allah hz. İsa (ə.s)-ı öz qatına yüksəltmişdir

Hz. İsa (ə.s)-ın ölməmiş və öldürülməmiş olmasının mühüm dəlillərindən biri də, Rəbbimizin hz. İsa (ə.s)-ı Özünə tərəf qaldırdığını bildirməsidir. Ayələrdə bu həqiqət belə bildirilir:

...Mən səni vəfat etdirib Özümə tərəf qaldıracağam (rafiuke), səni inkarçılardan təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm... (Ali İmran surəsi, 55)

...Əksinə (bel); Allah onu Özünə tərəf qaldırdı (refea). Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Nisa surəsi, 158)

Allah hz. İsa (ə.s)-ı Özünə tərəf qaldıraraq onu, inkar edənlərin hiylələrindən qorumuş və xilas etmişdir. Ayələrdə "rafiuke" və "refea" kimi işlənən sözün ərəbcə kökü "ref" sözüdür. Ref sözünün lüğəvi mənası "yüksəlməkdir". İslam alimi Əşari, Ali İmran surəsinin 55-ci ayəsini, Nisa surəsinin 158-ci ayəsi ilə birlikdə izah etmiş və bu mövzudakı qənaətini belə ifadə etmişdir: "Hz. İsa (ə.s)-ın diri vəziyyətdə səmaya ref edildiyi (yüksəldildiyi) barəsində, ümmətin icmai var" (Eşari, el-İbane an Usuli'd Diyane, thk. ve ta'l. Fevkıyye Hüseyin Mahmud, Kahire, 1986, II, səh. 115) (icma-i ümmət: eyni əsrdə yaşamış İslam alimlərindən müctəhid olanların, bir məsələ barəsində verilən hökmdə birləşmələridir).

İslam alimlərinin böyük əksəriyyəti bu ayələri izah edərkən; "hz. İsa (ə.s)-ın ölmədiyi, Allah qatına yüksəldildiyi və bu yüksəlmənin ruhu və bədəni ilə birlikdə baş verdiyi" barəsində həmfikirdirlər.

Həsən Bəsri Çantay (Hasan Basri Çantay) təfsirində, "rafiuke" sözünü "Özünə yüksəldib qaldırmaq" kimi təfsir etmiş və fikrini: "Allah hz. İsa (ə.s)-ı ruhu və bədəni ilə birlikdə yüksəldib qaldırmışdır" kimi açıqlamışdır. (Hasan Basri Çantay, Kuran-ı Hakim ve Meal-i Kerim, I cild, səh. 92)

İbn Teymiyyənin izahı isə belədir: "Allah onu Öz qatına yüksəltdi... ayəsi, hz. İsa (ə.s)-ın ruhu və bədəni ilə yüksəldildiyini izah edir..." (İbn Teymiyye, Mecnuu Fetava, IV, s. 323)

Zahid Kövsəri isə, Quranda hz. İsa (ə.s)-ın Allah qatına yüksəldilməsi məsələsinin etiraz edilə bilməyəcək qədər açıq və dəqiq olduğunu ifadə edir. Ali İmran surəsinin 55-ci ayəsini və Nisa surəsinin 157-ci və 158-ci ayələrini dəlil kimi göstərən Kövsəri, bu ayələrdə hz. İsa (ə.s)-ın refinin nass (Nass: Konkretlik, açıqlıq. Qurani Kərimdə və ya hədislərdə bir iş və ya mövzu haqqında olan açıqlıq və bu şəkildə açıq olan kəlam və ayə) hökmündə olduğunu söyləyir və məsələni belə izah edir:

Çünki refin əsil mənası demək olar ki, düzgün nəql olunmuşdur. Burada ayələri məcazi mənada izah edə biləcək bir xüsus yoxdur. Dolayısilə şərəf və mövqe baxımından yüksəltmə kimi bir mənanı çıxartmağa çalışmağın bir dəlili yoxdur. (Zahid Kevseri, Nazratün Abire, səh. 93)

Quran ayələrindən və İslam alimlərinin açıqlamalarından açıqca göründüyü kimi, hz. İsa (ə.s) diri vəziyyətdə, bədəniylə Allah qatına yüksəldilmişdir. Bu, Allahın möcüzəsidir və iman gətirənlərin böyük şövq və həyəcan duyacaqları bir möcüzədir. Hz. İsa (ə.s)-ın təkcə ruhunun Allah qatına yüksəldildiyi və ya bu yüksəldilmə ilə mənəvi (mövqe cəhətdən) yüksəlişin nəzərdə tutulduğu iddiaları isə, həqiqəti əks etdirmir. Yuxarıda da bəzi nümunələri verildiyi kimi, bir çox İslam alimi bu iddiaların əsassızlığını əsərlərində sübut ediblər.

Hz. İsa (ə.s)-ın diri vəziyyətdə Allah qatına yüksəldilməsinin digər mühüm dəlili isə, Nisa surəsinin 158-ci ayəsində işlədilən ərəbcə "bel" zərfidir. Azərbaycan dilinə "əksinə" mənasında tərcümə edilən bu zərfin, ərəb qrammatikasındakı mənası və istifadə olunma xüsusiyyətləri çox mühüm bir həqiqətə diqqət çəkir. Buna görə də, bel zərfi inkar cümləsindən sonra gəlsə, ərəb qrammatikasının qaydalarına görə özündən sonra gələn cümlə, əvvəlki cümlənin tam əksi olmalıdır. Belə olan halda, hz. İsa (ə.s) ilə əlaqədar bildirilən ayədə də: "...Onu öldürmədilər, əksinə (bel) Allah onu Özünə yüksəltdi..." ifadəsində ölümün tam əksi olan canlılığa işarə edilməsi də mümkündür (doğrusunu Allah bilər). Mövzuyla əlaqədar, son dövr İslam alimlərindən şeyxülislam Mustafa Səbri Əfəndi də bu şərhi verir:

Nisa surəsinin 158-ci ayəsidə işlənən və bilakis (əksinə) kimi tərcümə etdiyimiz, “bel” zərfi inkar cümləsindən sonra gəlsə, ərəb qrammatikasının qaydasına görə özündən sonrakı cümlə, özündən əvvəlki cümlənin tamamilə əksi olmalıdır. Ölümün əksi canlılıqdır. Qrammatik qaydalar bunu tələb edir. Əgər biz "burada mənəvi refdən söhbət gedir" və "hz. İsa (ə.s) normal olaraq vəfat etmişdir" desək bu qanuna tərs düşərik. Çünki bu təqdirdə bel zərfindən sonra gələn ref, zərfdən əvvəl gələn eyni zamanda inkar cümləsi olan öldürmə və asma fellərinə tərs olmaz. Çünki bir şəxs həm öldürülmüş, həm də ruhu göyə yüksəlmiş ola bilər. Əks halda bu ifadə mənasız olar ki, Qurani Kərim belə mənasız ifadələrdən uzaqdır... Refin təkcə ruhən olduğunu müdafiə edənlərin şərhlərinə görə ayənin tərcüməsi belədir: "Onu öldürmədilər və asmadılar... əksinə Allah onun dərəcəsini yüksəltdi". Nəinki burada sanballı söz, orta dərəcəli bəlağət (gözəl söz söyləmək sənəti) də yoxdur... "Mənzilin lifti məni hər gün qaldığım dördüncü mərtəbəyə çıxardar" deyildikdə, heç bir ağıllı insan bu sözdən məni təkcə ruhən dördüncü mərtəbəyə çıxardar kimi bir məna anlamaz. O zaman hz. İsa (ə.s) da təkcə ruhən yüksəldilməmişdir. (Mustafa Sabri, Mevkıfu'l Akl, səh. 233)

Səid Ramazan əl-Butinin İslam Əqaidi adlı əsərində isə, eyni mövzu bu cür izah olunmuşdur:

Ayənin əvvəlki hissəsi ilə sonrakı hissələri arasındakı qarşılıqlı uyğunluq, zəruri olaraq bir həqiqəti ortaya çıxardır. Məsələn, bir ərəbin: "Mən ac deyiləm, əksinə səndələyirəm" deməsi düzgün bir cümlə deyil. Eynilə: "Halid ölmədi, əksinə o yaxşı bir insandır" cümləsi də sözləri baxımından qırıq cümlədir. Düzgün variantı isə: "Halid ölmədi, əksinə yaşayır" kimi olmalıdır. "Başçı öldürülmədi, o Allah qatında dərəcəsi üstün bir insandır" demək, cümlədə məna itkisi yaradar. Çünki onun Allah qatında yüksək dərəcə sahibi olması, öldürülməsinə maneə deyil. “Bel” zərfi, əvvəlki sözlə sonrakı söz arasında müəyyən ziddiyyət ifadə edər. Yəni “bel” özündən əvvəl keçmiş bir hökmü aradan qaldırar. (M. Said Ramazan el-Buti, Yaratıcının Varlığı ve Yaratılanın Görevi İslam Akaidi, Mavde nəşriyyatı, İstanbul, 1996, səh. 338)

Açıqca göründüyü kimi, üstün güc və qüdrət sahibi olan Allah, hz. İsa (ə.s)-a qurulan tələni, onu diri şəkildə Öz qatına yüksəldərək puç etmişdir. Bütün bu dəlillər bir daha hz. İsa (ə.s)-ın Allah qatında diri olduğunu və Rəbbimizin təqdir etdiyi vaxtda yenidən yer üzünə gələcəyini göstərir (doğrusunu Allah bilər).

Allahın hz. İsa (ə.s)-ı inkar edənlərdən təmizləməsi

Hz. İsa (ə.s)-ın Allah qatına yüksəldilməsi mövzusunda, ayələrdə verilən məlumatlardan biri də; Allahın hz. İsa (ə.s)-ı inkarçılardan təmizləyəcəyini bildirmiş olmasıdır. Ali İmran surəsinin 55-ci ayəsində belə buyurulmuşdur:

...Səni Özümə tərəf qaldıracağam (rafiuke), səni inkarçılardan təmizləyəcək (mutahhiruke) və sənin ardınca gedənləri Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm… (Ali İmran surəsi, 55)

Ayənin ərəbcəsində işlənən "mutahhiruke" sözünün kökü "tahara" sözüdür və lüğəvi mənası; təmiz olmaqdır. İslam alimləri, ayədə bildirilən bu ifadənin, hz. İsa (ə.s)-ın diri şəkildə Allah qatına yüksəldilmiş olmasının dəlillərindən biri olduğunu qəbul edirlər. İslam alimlərinə görə ayənin təfsiri; "səni alıram, qatıma yüksəldirəm və səni kafirlər və facirlərlə (yalançı, fasiq, zinakar) çirklənən bu mühitdən uzaqlaşdırıram" kimidir.

Buna görə də, Allahın hz. İsa (ə.s)-ı inkar edənlərdən təmizləməsi; hz. İsa (ə.s)-ı öldürmək üçün, qurulan tələlərin puç olması və inkarçıların bu hədəflərinə nail ola bilməmələri, yəni hz. İsa (ə.s)-ın diri şəkildə Allah qatına yüksəldilməsi mənasını verir (doğrusunu Allah bilər). Həmçinin ayədə bildirilən ifadədən, hz. İsa (ə.s)-ın təmizlənməsiylə bədən cəhətdən və inkar edənlərin olduğu mühitdən ayrılaraq təmizlənməsinin bildirildiyi aydın olur (doğrusunu Allah bilər). Beləliklə də, bəzi insanların irəli sürdüyü, hz. İsa (ə.s)-ın ölərək təkcə ruhunun Allah qatına yüksəldildiyi iddiasının əsassızlığı bir daha ortaya çıxır. Hz. İsa (ə.s)-ın təkcə ruhunun yüksəlməsi, ayədə bildirilən təmizlənmənin gerçəkləşməsi mənasını verər.

Ayədə bildirildiyi kimi bir təmizlənmə ola bilməsi üçün, hz. İsa (ə.s), ruhu və bədəniylə birlikdə inkarçıların olduğu mühitdən ayrılmalıdır. Həmçinin, ruhən, yəni mənəvi cəhətdən təmizlənmə, hz. İsa (ə.s.) kimi üstün əxlaqlı, Allah qatında şərəfli və dərin iman sahibi bir peyğəmbər üçün mümkün ola bilməz. Hz. İsa (ə.s)-ın üstün əxlaqı Məryəm surəsinin 33-cü ayəsində də belə bildirilmişdir: "Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!". Hz. İsa (ə.s)-ın ruhu, saleh bir mömin və Allahın elçisi olmasından ötrü, Allahın icazəsi ilə, tərtəmizdir. Lakin, içində olduğu mühit müşriklərin və inkarçıların çirkin əxlaqları və pis davranışlarından ötrü təmiz deyil. Necə ki, bir ayədə, Rəbbimiz müşriklərin, pis əxlaqlarından ötrü murdar olduqlarına işarə etmişdir:

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar... (Tövbə surəsi, 28)

Dolayısilə, hz. İsa (ə.s)-ın inkar edənlərdən təmizlənməsi, özünün bədəniylə onların olduğu mühitdən ayrılması mənasını verir. Allah, hz. İsa (ə.s)-ı inkar edənlərdən və onların qurduqları tələlərdən təmizləyib qorumuşdur. Bu da Rəbbimizin hz. İsa (ə.s)-ı Öz qatına yüksəltməsi ilə baş vermişdir (doğrusunu Allah bilər).

Misirli alim Xəlil Hərras isə, ayədə bildirilən "təmizlənmə" ifadəsinin hikməti ilə əlaqədar belə bir açıqlama verir:

Hz. İsanın küfr edənlərdən təmizlənməsi, onların təxribatçı tələlərindən xilas olması sayəsində mümkün olar. Bu isə, hz. İsanın ölümü və torpağa basdırılmasıyla deyil, diri şəkildə göyə yüksəldilməsiylə baş verə bilər. Çünki düşmənləri, hz. İsaya bənzətdikləri insana etdikləri kimi, onun bədəninə işgəncə tətbiq edə bilərdilər... (Halil Herras, Hz. İsa Gelecek mi?, Isparta, yanvar 2002, səh. 66)

Hz. İsa (ə.s)-ın inkar edənlərdən təmizlənməsi, Elmalılı Həmdi Yazır (Elmalılı Hamdi Yazır) təfsirində də ifadə edildiyi kimi, hz. İsa (ə.s)-ın Allah qatına yüksəlməsiylə təcəlli edir:

...Və bu yüksəltmə ilə, o küfr edən, kafirlərdən səni təmizləyəcəyəm, artıq onlarla əlaqən qalmayacaq... (Elmalılı Hamdi Yazır, Hak Din Kuran Dili, II cild, səh. 1112-1113)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allah Qatındakı Din İslamdır
  • Çətinlik Çəkən Qövmlərin "Xilaskar" İstəmələri
  • Quranda Məryəm Oğlu İsa Məsih
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Qayıtması
  • Hədislərdə Hz. İsa (ə.s)-ın İkinci Dəfə Yer Üzünə Gəlməsi
  • Risale-i Nurda Hz. İsa (ə.s)-ın İkinci Dəfə Yer Üzünə Gəlməsi
  • Son Söz
  • Hz. İsa (ə.s)’ı Necə Tanıya Bilərik?
  • Təkamül Yalanı