Nəticə

Yusif Peyğəmbərin Səmimi Duası

Hz.Yusif son dərəcə Allaha bağlı, Onu dost bilən bir insan idi. Onun Allahı çox zikr etməsindən və Ona həmişə şükr etməsindən bu kitab boyunca bəhs etdik. Bu həqiqəti aşağıdakı ayədə Hz.Yusifin söylədiyi sözlərdən də görmək olar:

"Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə sözlərin yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" ("Yusif" surəsi, 12/101)

Göründüyü kimi, Hz.Yusif sahib olduğu bütün xüsusiyyətlərin (həm maddi imkanların, həm də elmin və ağılın) ona Allah tərəfindən verildiyini bilir. İnkarçılar isə hər şeyi öz qabiliyyətləri ilə qazandıqlarını zənn edir, özlərini öz gözlərində böyüdür və Allahın nemətlərinə qarşı nankorluq edirlər.

Hz.Yusifin yuxarıdakı ayədə qeyd edilən duası isə onun imanının və Allah qorxusunun başqa bir ifadəsidir. O, Allah tərəfindən seçilmiş bir peyğəmbər olsa da müsəlman kimi ölə bilməyi və salehlərin arasına daxil olmağı istəyir. Axirətdəki yeri ilə bağlı əminliyi yoxdur. Səmimi olaraq Allahdan qorxur və ehtiyac içində Ona dua edir. Bu isə hər bir mömində olmalı olan nümunəvi davranış və düşüncə formasıdır.

Özlərini cənnətə layiq görən, Allahın sevimli bəndələri olduqlarını söyləyərək axirətdə mütləq nicat tapacaqlarını iddia edən və bu təkəbbürlə digər insanları kiçik görənlər böyük qəflət içindədir. Bunun əvəzində həqiqi mömin həmişə Allaha təslim olur, hər an Allahın razılığını itirməkdən çəkinir və təvazökar olur.

Hər müsəlmanın üzərinə düşən vəzifə Hz.Yusif kimi səmimi, təvəkküllü, ixlaslı, təvazökar bir mömin olmaq və Allaha "Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" deyə səmimiyyətlə dua etməkdir.

Bu kitab boyunca Hz.Yusifin həyatı Quranda bəhs edilənlərə uyğun olaraq qeyd edildi. Biz Hz.Yusiflə bağlı məlumatları ancaq Allahın bildirməsi ilə və Onun bildirdiyi qədərincə bilirik. Bundan başqa nə artıq, nə də az söz söyləmək haqqına sahib ola bilmərik. Həmçinin Allah bu həqiqətə işarə etmiş və Yusif peyğəmbərlə bağlı bütün bu bəhs edilənlərin əslində qeybi xəbərlərdən olduğunu bildirmişdir. Hz.Yusifin səmimi duasının bildirilməsindən sonra Yusif hekayəti aşağıdakı ayə ilə bitirilmişdir:

"Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin!" ("Yusif" surəsi, 12/102)

Allah bizə bu qeyb xəbərlərini bildirməklə həm həyatımızda tətbiq edə biləcəyimiz mühüm hikmətləri öyrədir, həm də keçmişdəki peyğəmbərləri tanıyaraq onları özümüzə nümunə götürməyimizi asanlaşdırır. Hz.Yusifi, Hz.Yəqubu və ya digər peyğəmbərləri bu dünyada görmək imkanımız yoxdur. Ancaq Quranı diqqətli oxuyaraq, peyğəmbər hekayətlərinin üzərində dərin şəkildə təfəkkür edərək, onların yaşadığı şəraiti, nümayiş etdirdiyi nümunəvi davranışları zehnimizdə yaxşı canlandıraraq və izah edərək peyğəmbərləri tanı¬ya bilərik. Onların üstün mənəviyyat, ağıl və səmimiyyətindən istifadə edə bilərik. Buna görə də hər insan bu kitabda oxuduqları üzərində yaxşı fikirləşməli, Hz.Yusifin və Hz.Yəqubun hikmətlərini yaxşı düşünməli və bunları gündəlik həyatında necə tətbiq edə biləcəyini öyrənməlidir. Başına gələn sıxıntı və çətinliklər qarşısında ümidsizliyə qapılırmı? Müsəlmanların çətin vəziyyətini görəndə "bunun düzəlməsi çətin işdir, əlimdən heç nə gəlməz" deyə düşünürmü? Əgər bu cür fikirləşirsə, bilməlidir ki, çox böyük qəflətdədir. Quyuya atılan, sonra qul kimi ucuz qiymətə satılan, çirkin böhtana məruz qalan, günahsız yerə zindana salınan, uzun illər də zindanda yaddan çıxan Hz.Yusifin səbrini, iradəsini və Allahdan ümidini heç vaxt üzməyən üstün imanını fikirləşməli, buna əsasən hərəkət edərək özünü mənasız ümidsizlikdən xilas etməlidir. Hz.Yusifin başına bir-birinin ardınca gələn və zahirən hər biri çətinlik kimi görünən bu hadisələrə baxmayaraq bir anda Allahın köməyi ilə qurtulduğunu və gözəl bir nemətə qovuşduğunu yaxşı fikirləşməlidir.

Günümüzdə baş verən hər hadisədə eynilə Hz.Yusifin həyatı kimi Allahın qüsursuz planının işlədiyini, Allahın hər hadisəni xeyir və hikmətlə yaratdığını əsla yaddan çıxarmayın. Unutmayın ki, Allah hər şeyə qadirdir. Ona iman gətirib səmimi olaraq Ona bağlanan, dininə xidmət etmək üçün ixlasla çalışan bəndələrinin həmişə yardımçısıdır. Möminlərə heç gözlənilməyən yerdən gözlənilməyən nemətlər verir. Onlara nəzərdə tutmadıqları yerdən kömək edir. İnsanın bircə vəzifəsi bu həqiqətə səmimi olaraq iman gətirmək və buna əsasən yaşamaqdır.

red flowers

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Peyğəmbərlər Tarixi
  • Yusif Peyğəmbərin Uşaqlığı
  • Hz.Yusifin Yeni Həyatı
  • Hz.Yusifin Zindan Günləri
  • Hz. Yusifin Misirdə İdarəçilik Dövrü
  • Hz.Yusifin Yuxusunun Gerçəkləşməsi
  • Nəticə