"Sözsüz ki, Yusuf və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır."
(Yusuf Surəsi: 7)
Quran insanlara yol göstərmək üçün Allah tərəfindən göndərilmiş bir rəhbər kitabdır. Quran içində ən düz¬gün açıqlamaların olduğu, insanlara müjdələr verən, onları oyandırıb çəkindirən və onlara Allahdan bir mərhəmət olan yeganə haqq kitabdır. Buna görə də insanların ilk növbədə oxumalı və öyrənməli olduğu kitab Qurandır. Quranda Allahın hökmləri ilə yanaşı bir çox məsələlərdə insanlara ən düzgün olan məlumatlar çatdırılır. Quranın hər bir ayəsi hikmətlə doludur. Allah Quranda peyğəmbərlərin həyatında baş verən əhvalatlardan bəhs edərək bizə çox mühüm hikmətləri öyrədir. Hər peyğəmbərin hekayəti bizə həm iman dərsləri, həm də içində yaşadığımız cəmiyyətdə və dövrdə necə hərəkət etməyimizi göstərən nümunələr verir. Bu
hekayətləri ətraflı öyrənmək, onların hikmətini dərk etməyə çalışmaq və bunun üçün Allaha dua etmək hər müsəlmanın borcudur.
Biz də bu kitabda keçmiş peyğəmbərlərdən biri olan Həzrəti Yusifin həyatını və mübarizəsini incələyəcəyik. Allahın Həzrəti Yusif haqqında bizə öyrətdiyi xəbərlərin hikmətlərini öyrənməyə çalışacağıq.
Hz.Yusifin bir xüsusiyyəti də onun Quranda həyatı haqqında daha çox və ətraflı məlumat verilən bir neçə peyğəmbərdən biri olmasıdır. Quranın uzun surələrindən biri olan "Yusif" surəsinin əksər hissəsi onun və ailəsinin həyatından bəhs edir. Surənin əvvəlində isə Allah bu hekayətin mühüm "ayələr", yəni dəlil və hikmətlər ehtiva etdiyini belə bildirir:
"Yusifin və qardaşlarının əhvalatında soruşanlar üçün ibrətlər vardır" ("Yusif" surəsi, 12/7)
Allah Quranda Hz. Yusifin həyatına geniş yer ayırdığı üçün şübhəsiz ki, möminlərin bu hekayətdən götürəcəyi çox dərslər var. "Yusif"' surəsinin axırıncı ayəsində də peyğəmbər qissələrinin (hekayətlərinin) özündə "ağıl sahibləri", yəni imani ağıla və hikmətə sahib olan, dünyanın gerçəyini qavraya bilən möminlər üçün əhəmiyyətli ibrət dərslərini ehtiva etməsi təkrar vurğulanır:
"Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün sözsüz ki, bir ibrət vardır. Bu Quran uydur-ma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!" ("Yusif" surəsi, 12/111)
Peyğəmbər hekayətlərinin hikmətlərindən biri də ayələrin ancaq hadisələrin baş verdiyi dövrdən bəhs etməsi deyil, bütün dövrlərdə, gələcəkdə də insanlara bəzi dərslər verməsi və baş verə biləcək hadisələrə işarə etməsidir. "Yusif qissəsi"nin də bu mənada çoxlu mənası var. Hz.Yusif peyğəmbərin həyatına nəzər salanda demək olar ki, hər dövrdə müsəlmanların eyni çətinliklərə məruz qaldığını, dini yaşamayan insanlar tərəfindən bəzi böhtanlara məruz qaldığını, səbrlə və təvəkküllə hərəkət etməsi lazım gələn bir çox vəziyyətlə qarşılaşdıqlarını görmək olar. Hz.Yusif kiçik yaşlarında ikən qardaşları tərəfindən bir quyuya atılaraq ölümün cənginə verilmiş, sonra qul kimi satılmış, böhtana məruz qalaraq uzun illər həbsxanada qalmışdır. Bir sözlə, müxtəlif çətinliklərlə sınağa çəkilmişdir. Möminlər Yusif peyğəmbərin həyatına nəzər salsalar, öz həyatlarında baş verən hadisələrlə çox oxşarlıqlar görəcəklər. Bu, Allahın dəyişməyən qanunu, möminlərin hər dövrdə yaşadığı oxşarlıqlardır. Allahın qanununda dəyişikliyin olmayacağı müxtəlif Quran ayələrində xəbər verilmişdir:
"Bu, səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiqdir. Sən Bizim qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən!" ("İsra" surəsi, 17/77)
"Allahın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!" ("Fəth" surəsi, 48/23)
Allah Hz.Yusifə qarşı qurulan tələlərdən sonra - quyuya atılmasından, böhtana məruz qalmasından, nahaq yerə zindanda yatmasından və uzun illər orada yaddan çıxarılandan - onu xəzinələrin rəhbəri etmişdir. Ona güc, mal və iqtidar vermişdir. Hər məsələdə olduğu kimi Allahın qanunu burada da keçərlidir. Allah məruz qaldıqları çətinliklərdən sonra möminləri rifaha qovuşduracağını ayələrdə vəd vermişdir:
"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər şübhəsiz ki, əsl fasiqlərdir!" ("Nur" surəsi, 24/55)
Digər peyğəmbər hekayətləri kimi Yusif qissəsini oxuyan möminlər də çoxlu müjdələrlə qarşılaşar və çoxlu dərslər götürərlər. Elə isə hər mömin bu qissələri oxumalı, onlardakı hikməti dərk etməyə çalışmalı-dır. Yusif hekayətini yaxşı başa düşmək mömin insanların həyatı boyu, hətta gündəlik həyatında da istifadə edəcəyi bir təcrübə yaradacaq.