Allah Quranda şeytanla bağlı bir çox ayə bildirmiş, insanları şeytanın hiylələrinə qarşı xəbərdar etmişdir. Şeytanın Quranda göstərilən xüsusiyyətlərini öyrənmək insanların onun hiylələrinə düşməməsi baxımından çox mühümdür.
İsmail Haqqı Altunbəzərin tuğra şəklində bəsləmə lövhəsi (Əkrəm Haqqı Ayverdi xətt kolleksiyası). |
Quranda Allahın Hz.Adəmi yaratdıqdan sonra bütün mələklərə ona səcdə etməyi əmr etdiyi bildirilir. Bütün mələklər Allahın əmrinə uymuş, ancaq iblis bu əmrə itaət etməmişdir. İblis Hz.Adəm torpaqdan, özü isə alovdan yaradıldığı üçün özünün daha üstün olduğunu irəli sürüb və bu səbəblə də Hz.Adəmə səcdə etməyəcəyini söyləmişdi:
“Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah Iblisə) “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” - deyə buyurdu. (Iblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” - dedi” (“Əraf” surəsi, 11-12).
İblis Hz.Adəmə səcdə edəcəyi təqdirdə alçalacağını sanmış, lovğalığı və təkəbbürü üzündən Allahın əmrinə itaət etməmişdi. Allahın hər şeyin Yaradıcısı olduğunu bildiyi, hər şeyin nizamının Allahın diləməsi ilə olduğundan xəbərdar olduğu halda təkəbbür göstərmiş və insandan “daha xeyirli olduğunu” iddia etmişdir. Üstəlik bunları iddia edərkən xoşagəlməz bir üslubdan yararlanmış, bir yandan, Allaha iman etdiyini söylərkən digər bir yandan da ona qarşı çıxmışdır.
Böyüklük arzusunda olan iblis bu hərəkəti ilə təkəbbürünü qoruyacağını düşünmüş, ancaq yanılmışdır. Çünki istədiyinin əksinə olaraq dəyərdən düşmüş, alçalmış və qovulmuşdur. Bütün tarix boyu onun qovulan, bəyənilməyən, alçaldılan və pislərin pisi kimi cəhənnəmdə əzab görəcək olan bir varlıq olduğu bilinir və gələcəkdə də bilinəcək. İblisin Allahın hüzurundan qovulması ayələrdə belə bildirilir:
“(Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!” (“Əraf” surəsi, 18).
Əslində şeytanın bu vəziyyəti yalnız özünü bəyənən təkəbbürlü insanların vəziyyəti ilə eynidir. Onlar şeytana uyub özlərini böyük sanmaqla hörmət və etibar qazanacaqlarını zənn edirlər. Ancaq tam əksinə olaraq bununla dəyərlərini itirir, alçalırlar. Hər şeydən əvvəl Allah dərgahında gözdən düşürlər, çünki “Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (“Nİsa” surəsi, 36). İnsanlar arasında da dəyərlərini itirib kiçilirlər; təkəbbürlü insanların heç birinin həqiqi bir dostu, gerçək bir sevəni yoxdur, hətta hamı belə insanlara dərindən nifrət edir. Bu da alçalmanın ən pisidir. Ən böyük alçalma və təhqir isə bu insanların cəhənnəmdə şeytanlarla birlikdə görəcəyi şiddətli əzab olacaq.
İblis Allahın hüzurundan qovulduqdan sonra qiyamətə qədər olacaq mübarizəsinə başladı. İnsanları aldadaraq yoldan çıxarmaq üçün onlara müxtəlif yollarla hücum etdi. İlk böyük hiyləsi cənnətdə yaşamaqda olan Hz.Adəmi və onun xanımını aldadaraq onları Allahın əmrinə itaət etməməyə sürükləməsi idi. Bəşər tarixinin əvvəllərindəki bu hadisə Quranda belə açıqlanır:
“Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız!” Şeytan örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir”. Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, - deyə and içdi. Beləliklə, onları batil sözlərlə aldatdı. Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü. Onlar cənnət yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?” “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” -dedilər. (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq enin! Yerdə sizin üçün bir müddət sığınacaq və dolanacaq vardar”. (Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız!”“ (“Əraf” surəsi, 19-25).
Bu, bəşəriyyətin dünyadakı həyatının başlanğıcı, Hz.Adəmin yuxarıdakı ayələrdə izah edilən vəziyyəti idi. Ancaq Hz.Adəm Allaha tövbə etdi və Allah onu bağışladı. İblisin insanların əleyhinə apardığı mübarizəsi isə sona çatmadı.
Allah Quranda şeytanların insan və ya cin şəklində ola biləcəklərini, danışaraq və ya insanların ürəyinə şübhə salaraq, onlara təsir edərək düz yoldan sapdıra biləcəklərini bildirmişdir. Yəni şeytanlar insan şəklinə girib onların arasında gəzməkdədir. Allah bu vəziyyətə Quranda belə bildirir:
“De: “Pənah aparıram insanların Rəbbinə; Insanların ixtiyar sahibinə; Insanların tanrısına; Vəsvəsə verən, qaçıb gizlənən Şeytanın şərindən - O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da!” (“Nas” surəsi, 1-6).
“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...” (“Təhrim” surəsi, 6).
“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Bilin ki, şeytanın firqəsi - məhz onlar ziyana uğrayanlardır!” (“Mucadələ” surəsi, 19).
Ayədən də göründüyü kimi, “İnsan və cin şəklindəki şeytanlar” olan insanlar özlərini qorumalıdır. İblis - Allah istəmədikcə - insana görünməz, ancaq beyinlərə, şüurlara təsir göstərər. İnsanlar bəzən ağıllarından keçən pisliklərin, dinə zidd fikirlərin özlərindən gəldiyini zənn edərlər. Ancaq bunları onlara pıçıldayan şeytandır. Əgər insanlar şeytanın təsiri altında olduqlarını bilib, Allaha sığınıb, dərhal xeyirli olanları və gözəllikləri düşünüb Quran ayələrini xatırlasalar, şeytanın bu pıçıltılarının onlara heç bir təsiri olmaz:
“Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar” (“Əraf” surəsi, 200-201).
Şeytanlar eyni zamanda qarşımıza insan kimi də çıxarlar. Bu, bir insanın dost olaraq gördüyü bir yaxını, bir fikir adamı və ya təcavüzkar bir insan ola bilər. Bu şeytanlar bütün xüsusiyyətləri ilə insana bənzərlər. Ancaq danışıq və hərəkətləri ilə insanları Allah yolundan çıxarmağa, onları dünya həyatına bağlamağa çalışırlar.
Allah bir çox ayəsində şeytanın ordularının olduğunu bildirir. Və bu şeytan orduları min illərdir insanları doğru yoldan çıxarmaq üçün mübarizə aparmaqdadır. Ancaq qalib gələnlər daim Allahın yolunda olanlardır. İblis isə bunun əvəzini ordusu ilə birlikdə cəhənnəmdə alacaq:
“Onlar və azğınlar oraya atılarlar! Iblisin bütün əsgərləri də ora sürüklənib salınarlar” (“Şuəra” surəsi, 94-95).
Şeytan Allahın hüzurundan qovulandan sonra düşdüyü bu vəziyyətin səbəbini insanda görmüş və insana olan kinini onun nəslini düz yoldan azdırmaqla göstərməyə qərar vermişdir. Halbuki şeytan öz əxlaqsızlığı, ədəbsizliyi, təkəbbür və itaətsizliyi ucbatından cəzalandırılmışdır. Amma təkəbbüründən bu həqiqəti qəbul etməyən şeytan belə bir and içmişdir:
“(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!” (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (Iblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!”“ (“Əraf” surəsi, 14-17).
“Allahı qoyub yalnız hər cür xeyirlə əlaqəsi kəsilmiş şeytana ibadət edirlər” (“Nİsa” surəsi, 117).
Şeytanın ən başlıca taktikalarından biri insanları zəiflikləri ilə aldatmağa çalışmasıdır. Məsələn, Hz.Adəmi və onun həyat yoldaşını “sonsuzluq” vədi ilə aldatmışdır. İnsanların bir çoxunu dünya həyatına bağlayaraq onu cəlbedici, bəzəkli və sanki heç sonu olmayan bir yer kimi göstərərək aldatmağa çalışır. Bir ayədə şeytanın bu xüsusiyyətindən belə bəhs edilir:
“(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (insanlara pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (“Hicr” surəsi, 39).
Məsələn, şeytan bir iş adamına işinə hədsiz bağlanmağı, maddi qazancı və ticarətlə bağlı etibarı hər şeydən yüksək tutmağı təlqin edə bilər. Bu isə əvvəl qeyd etdiyimiz kimi, yaxınındakı bir insana və ya onun zehninə təsir edə bilən bir cin şeytan ola bilər. Bu insan sözügedən təlqinlər üzündən bütün əxlaqi və mənəvi dəyərlərin, dini, axirəti tərk edər. Beləcə, şeytan bu insanın zəif tərəflərindən istifadə edərək onu dindən sapdırmış olur.
Quranda Allah şeytanın Səba qövmünü bu şəkildə sapdırdığını bildirir:
“Mən onlara padşahlıq edən bir qadın gördüm. Ona hər şey verilmişdir. Onun çox böyük bir taxtı vardır. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər. Göylərdə və yerdə pünhan olanı aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir). O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir tanrı yoxdur!”“ (“Nəml” surəsi, 23-26).
Ancaq unutmaq olmaz ki, şeytanın taktika və hiylələri əslində çox zəifdir və onların vicdanını üstün tutan, Allahı və Quran ayələrini düşünən səmimi insanlara heç bir təsiri olmaz.
Cəli sülüs lövhə, Mehmet Tahir, istifli cəli sülüs xətlə “Allah köməyin olsun” yazılıb. Qızıl yaldız üslublu. |
Şeytanın bütün bu xain taktika və mübarizəsində bir həqiqət vardır: şeytan səmimi iman gətirən qullara heç bir təsir göstərə bilməz. Hətta güclü imana sahib möminlər eynilə Hz.Süleymanda olduğu kimi, şeytanın bütün planlarına bir qıfıl vurur, onları tamamilə təsirsiz bir hala gətirə bilirlər. Şeytanın hiyləsi Allahı tez-tez anan, hər şeydə Allahın yaratdığı bir xeyir və gözəllik görən, hər hərəkət və düşüncəsində Allaha üz tutan və Qurana müraciət edən möminlər üçün çox zəifdir. Allah bunu ayələrində belə bildirir:
“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!” (“Nəhl” surəsi, 99-100).
Allah başqa ayələrində də şeytanın heç bir zorlayıcı gücünün olmadığını, ancaq Allahın ona bu imkanı verməsinin səbəbinin yaxşılarla pislərin ayırd edilməsi üçün olduğunu bildirir:
“İblisin onlar haqqındakı zənni düz çıxdı. (Içərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu. Əslində (Iblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (Iblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir!” (“Səba” surəsi, 20-21).
Şeytan müstəqil bir gücə sahib deyil. Etdiklərini Allahın bilgisi daxilində edir. Beləcə, şeytana uyanlarla şeytanın hiylələrinə düşməyən möminlər bir-birindən seçilib ayrılırlar.
“Asi və azğındır” (“Həcc” surəsi, 3).
“Gücü ancaq çağırmağa çatır” (“İbrahim” surəsi, 22).
“Yaxşılıqla və xeyirlə heç bir əlaqəsi yoxdur” (“Nİsa” surəsi, 117).
“İnsanların üzərindəki təsiri ancaq pisliyə dəvət etməkdir” (“Ənfal” surəsi, 11).
“İnsanların şükr etməklərinə maneə olmağa çalışır” (“Əraf” surəsi, 17).
“İnsanları qorxutmağa çalışır” (“Ali-Imran” surəsi, 175).
“Möminlərin arasını vurmağa səy göstərir” (“İsra” surəsi, 53); (“Maidə” surəsi, 91).
“İnsanlara onların xeyirxah məsləhətçiləri olduğunu təlqin edir” (“Əraf” surəsi, 20-21).
“Allahın adından istifadə edərək insanları azdırmağa çalışır” (“Fatir” surəsi, 5-6).
“Möminlərin büdrəməklərini istəyir” (“Ali-Imran” surəsi, 155).
“Yalan vədlər verir” (“İbrahim” surəsi, 22).
“İnsanları sapdırmağa və puç xülyalara salmağa çalışır” (“Nİsa” surəsi, 119-120).
“Çirkin əməlləri gözəl göstərir” (“Nəml” surəsi, 24).
“Yoxsulluqla qorxudur” (“Bəqərə” surəsi, 268).
“Təkəbbürlü etməyə çalışır” (“Sad” surəsi, 74-75).
“Xalqa göstərmək üçün ibadət etməyə həvəsləndirir” (“Nİsa” surəsi, 38).
“Ayələrdən uzaqlaşdırmağa çalışır” (“Zuxruf” surəsi, 36-37).
“Unutdurmağa çalışır” (“Mucadələ” surəsi, 19); (“Ənam” surəsi, 68); (“Kəhf” surəsi, 63).
“Hissi davranmağa məcbur edir” (“İsra” surəsi, 64), (“Mumtəhinə” surəsi, 1-3).
“Xırda işlərlə məşğul edir” (“Bəqərə” surəsi, 67-71).
“İsraf etdirməyə çalışır” (“İsra” surəsi, 26-27).
Şeytanın Allaha qarşı çıxmaq cəsarətində bulunan, çox üsyankar, insanlara böyük bir kin bəsləyən, onları doğru yoldan çəkindirmək üçün müxtəlif səylər göstərən bir varlıq olduğunu Qurandakı ayələrlə açıqladıq. Tarix boyu bütün insanları Allahın yolundan azdırmağa çalışan belə bir varlığın bir insanın xidmətinə verilməsi, əlbəttə ki, Allahın böyük bir rəhmətidir. Hz.Süleymanın şeytanları öz əmrinə tabe etməsi, onlardan haqq dininin faydalı işlərində istifadə etməsi şübhəsiz ki, onun Allahın üstün qullarından olmasının aşkar bir dəlilidir.
"Onlar dedilər: “Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Qur’an, 2:32)