Sehrbazlarla qarşılaşmasından sonra Hz.Musa uzun müddət Misirdə qaldı. Bu müddətdə Fironun Hz.Musaya və İsrail oğullarına təzyiqləri davam etdi. Hz.Musa bir tərəfdən Firon və onun təzyiqləri ilə mübarizə edərkən digər tərəfdən də İsrail oğullarını səbrli olmağa çağırırdı. İsrail oğullarının bir qismi isə Hz.Musadan əvvəl də, sonra da təzyiq olduğunu və heç bir şeyin dəyişmədiyini söyləyərək Hz.Musanın hörmətsiz bir şəkildə tənqid edirdilər:
“Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!” - dedi.
Dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!”“ (“Əraf” surəsi, 128-129).
İsrail oğullarının Hz.Musaya bu hörmətsizliyi bu insanların mənən əslində olduqca zəif olduğunu göstərir. Allah onlara Fironun zülmündən qurtarmaq üçün bir peyğəmbər göndərmiş və onlardan səbr etmələrini istəmişdi. Onlar imanları zəif, özləri isə düşüncəsiz insanlar olduqları üçün səbirsizlik göstərib nankorluq edərək Hz.Musanın ünvanına deyinməyə başlamışdılar. Ancaq əsl möminə yaraşan hərəkət hər şəraitdə və mühitdə Allaha şükr etmək, Allahın cızdığı taleyin hər anına razı və təslim olmaqdır.
Bir mömin Allahın ona nəyi təqdir etməsindən asılı olmayaraq - bu, sıxıntı, çətinlik, aclıq, təzyiq, işgəncə də ola bilər - həmişə bir İslam aliminin “Əlhəmdülillahi alə kulli hal” (“Hər vəziyyətdə Allaha həmd olsun”) sözləri ilə ifadə etdiyi təslimiyyətli ruh halətində olmalıdır. Maddi sıxıntıları mömin üçün böyük bir mənəvi ləzzətə çevirən də elə bu səmimiyyət və təvəkküldür.
Hz.Musa qissəsində isə Allah bizə İsrail oğullarının əksəriyyətinin bu şüurdan məhrum olduğunu göstərir. İsrail oğullarının yuxarıdakı ayədə bildirilən gileyi sonrakı səhifələrdə incələyəcəyimiz kimi, daha sonrakı dövrlərdə Allaha qarşı nankorluq və üsyanlarla davam edəcək. Allah bunları bizə bir ibrət olsun deyə öyrədir. Fironun inkarçılığı necə böyük bir ibrətdirsə, o dövrdə yaşayan İsrail oğullarının zəif imanı və xəstə qəlbi də bizlər üçün yenə bir ibrət vəsiləsidir.
The River Nile |