Kitab boyunca hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyini və bu gəlişin yaxın olduğunun əlamətlərini, Quran ayələri, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri, İslam alimlərinin açıqlamaları, həmçinin İncildən müxtəlif izahlarla təfsilatlı şəkildə açıqladıq.
Quran ayələrində hz. İsa (ə.s)-ın Allah qatına alınması xəbər verilir və yer üzünə ikinci dəfə gəlişi müxtəlif əlamətlərlə bizə bildirilir. Peyğəmbərimiz (s.ə.v)-in də; "...vallah mütləq və mütləq Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək..." (Sahih-i Müslim bi Şerhin-Nevevi, 2-ci cild, səh. 192) kimi bir çox hədisində hz. İsa (ə.s)-ın gəldiyi zaman görəcəyi işlər və o dövrün xüsusiyyətləri müxtəlif nümunələrlə izah edilir. Bu açıqlamalar heç bir şübhəyə yer verməyəcək qədər açıq, ətraflı və yaşadığımız dövrdə baş verən hadisələrlə uyğundur. Necə ki, əsrlər boyunca İslam alimləri də əsərlərində hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişi ilə əlaqədar çox önəmli şərhlər vermiş, Axırzamanda necə bir mühit yaranacağını insanlara çatdırmışlar. İncildə də hz. İsa (ə.s)-ın yer üzünə gəlişinə dair çox açıq izahlar var.
Məhz kitab boyunca təfsilatlı şəkildə araşdırdığımız bütün bu dəlillər və dünyada yaşanan hadisələr diqqətlə cəm edildikdə hz. İsa (ə.s)-ın gəlişinə ən çox 15-20 il qaldığı, bəlkə də, hz. İsa (ə.s)-ın gəlmiş belə ola biləcəyi ortaya çıxır. Bu, yer üzündəki bütün insanlar üçün çox böyük müjdədir, sevinc və şövq mənbəyidir.
Unudulmamalıdır ki, hz. İsa (ə.s), Allahın, dünyaya gəlməsindən etibarən möcüzəvi həyatla nemət bəxş etdiyi və peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi mübarək bir elçisidir. Allah bu mübarək peyğəmbərin; "dünyada və axirətdə “seçilən, şərəfli və hörmətli” və (Allaha) yaxın edilənlərdən" (Ali İmran surəsi, 45) olduğunu bildirərək onu cənnətlə müjdələmişdir. Məhz buna görə də, yer üzünə ikinci dəfə gələcək bu mübarək peyğəmbəri, bütün insanlar mümkün qədər ən gözəl şəkildə qarşılamalıdırlar. Məhdud imkanlı bir insan belə, evinə adi bir qonaq gələcəyi zaman, neçə gün əvvəldən hazırlıq görər, bu qonağı ən təmiz və ən gözəl şəkildə qonaq qəbul etməyə, qulluqda qüsur etməməyə diqqət göstərər. Halbuki hz. İsa (ə.s) bütün dünya insanları üçün, heç bir qonaqla müqayisə edilməyəcək qədər üstün xüsusiyyətlərə sahib, çox qiymətli bir qonaqdır. Buna görə də, bütün insanlar yaxın zamanda yer üzünü şərəfləndirəcək bu ulul-əzm peyğəmbəri ən gözəl şəkildə qarşılamalıdırlar.
Hz. İsa (ə.s)-ın gəlişi bütün insanlar üçün çox böyük bir nemət, Allahdan çox böyük bir lütfdür. Bu qiymətli peyğəmbərlə qarşılaşmaq Rəbbimizdən gələn çox böyük nemətdir. Hz. İsa (ə.s) gəldiyi zaman məsum, tərtəmiz və nurlu üzü, hikmətli, ağıllı və məqsədəuyğun danışıqları ilə dərhal diqqəti çəkəcək, dünyadakı bütün insanlar həyatlarında ilk dəfə ən yüksək insani xüsusiyyətlərə sahib mübarək bir peyğəmbər görəcəklər. Onun doğumu, həyatı, Allah qatına alınması və yer üzünə ikinci dəfə gəlişi kimi, bu gəlişdən sonrakı həyatı da Allahın icazəsi ilə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaqlar. Onun söylədiyi hər söz, etdiyi hər hərəkət hikmətli, aldığı hər qərar məqsədəuyğun və Allahın ilhamı ilə olacaq.
Bütün insanların, xüsusilə də İncilə iman gətirən isəvilərin və Quran ayələrinə iman gətirən müsəlmanların hz. İsa (ə.s)-ın gəlişi üçün həyəcanla, şövqlə və çox böyük coşğuyla hazırlıq görmələri lazımdır. Bu insanların arasında, Allahın cənnətlə müjdələdiyi bu qiymətli peyğəmbərin gəlişi üçün hazırlıq görməyənlər isə çox böyük səhv edirlər.
Çünki gəlişi İlahi kitablar və elçilərin sözləri ilə xəbər verilmiş bu cür mühüm bir qonağı qarşılama məsələsində ediləcək zəiflik və tənbəllik çox böyük vicdansızlıqdır. Allahın ayələrinə iman gətirən, dünyada baş verən hadisələri və Axırzamanın əlamətlərini ağlı və vicdanı ilə qiymətləndirən heç bir insan bu mübarək qonaq üçün hazırlıq görmədən gözləyə bilməz. Yaxud; "hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyinə iman edirəm" dedikdən sonra; "lakin indi hazırlıq görməyim, daha sonra əvəzini verərəm" deyə bir düşüncəsi də ola ilməz. Hansı vicdan sahibi, səmimi bir insan bu müjdəli dövr gəldiyi zaman; "biz hz. İsa (ə.s)-ı gözləyirdik, lakin bunun üçün hazırlıq görməyi lazım bilmədik" deyə bir açıqlama verə biləcək? Əgər bu insanlar hələ də hazırlıq görməmələrini, 15-20 ili uzun müddət kimi görmələriylə açıqlayırlarsa bu çox yanlış düşüncədir. Çünki onlar da 15-20 ilin, 15-20 gün kimi sürətlə keçib gedəcəyini görəcək, hz. İsa (ə.s)-ın gəlişinə biganə qaldıqları üçün çox böyük peşmançılıq yaşayacaqlar. Heç kim unutmamalıdır ki, 1970-ci illərdə yaşayan insanlar da 1980-ci illəri, 90-cı illəri çox uzaq görürdülər. Lakin zaman sürətlə gəlib keçdi və 2000-ci illər bir anda gəldi. Eynilə bu şəkildə, hz. İsa (ə.s) ilə qarşılaşacağımız gün də Allahın icazəsi ilə çox sürətlə gələcək.
Hz. İsa (ə.s) gəlmədən əvvəl görülməsi lazım hazırlığın necə olmasının lazım olduğunu həm Quran ayələrindən, həm Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən, həm də Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin hikmətli şərhlərindən anlayırıq. Bu hazırlığın ən mühüm mərhələsi isə, yer üzündəki din əleyhdarı sistemlərlə aparılacaq fikri mübarizədir.
Bədiüzzamanın da diqqət çəkdiyi kimi, bütün iman sahibləri darvinizm və materializm kimi insanları din əxlaqından uzaqlaşdıran ateist ideologiyalarla fikri mübarizədə ittifaq yaratmalı; bu kimi cərəyanların dünyadan silinmələrində birlik olmalıdırlar. Bunun üçün bütün imkanlarıyla, hz. İsa (ə.s)-ın dinsizliklə aparacağı mübarizədən əvvəl dünya səviyyəsində böyük hazırlıq görməlidirlər. Necə ki, hədislərdə bildirildiyi kimi, hz. İsa (ə.s) gəldiyi zaman bəhs olunan dinsiz cərəyanlarla mübarizə aparacaq. Bədiüzzaman Səid Nursinin də bir sözündə ifadə etdiyi kimi, əlində "səmavi qılınc" ilə, yəni Allahın vəhyi ilə hərəkət edəcək, bu sayədə hər qərarı məqsədəuyğun olacaq və bütün dinsiz sistemləri ortadan qaldıracaq. (Mektubat, səh. 6)
Qəti unutmamaq lazımdır ki, hz. İsa (ə.s)-ın gəlişi dünyanın yalnız müəyyən bölgələrinə təsir edəcək bir hadisə deyil. Onun gəlişi bütün dünyaya təsir edəcək gücdə, möcüzəvi və metafizik hadisədir. Bu mübarək peyğəmbərin gəlişi ilə dünya səviyyəsində ictimai və siyasi sahələrdə köklü dəyişiklər olacaq, bütün dünya hz. İsa (ə.s)-ın ətrafında toplanıb birləşəcək. Məhz buna görə də, bütün xristianlar və müsəlmanlar tezliklə hərəkətə keçməli və birlik içində hz. İsa (ə.s)-ı ən gözəl şəkildə qarşılamaq üçün əllərindəki bütün imkanları səfərbər etməlidirlər. Tək bir Allaha iman gətirən, Onun rəğbətini qazanmağa çalışan, Ona tam təslim olmuş, Ona qəlbən bağlı olan, Onu ucaldan, təməldə eyni dəyərləri müdafiə edən xristian və müsəlmanların ortaq hərəkət etmələri ən doğrusudur. Həm xristianların, həm də müsəlmanların bir-birlərinə tolerantlıq, sevgi, anlayış və sülhlə yaxınlaşmalarının lazım olduğu aydındır. Əsrlərdir davam edən çəkişmələrə, ön mühakimələrə, yanlış anlaşılmalara artıq son qoyulmalıdır. Çünki itiriləcək vaxt yoxdur.
Səmimi iman sahiblərinin hz. İsa (ə.s)-ı tanıması olduqca asan olacaq. Daha əvvəl də ifadə etdiyimiz kimi, hz. İsa (ə.s), peyğəmbər əlamətlərindən dərhal tanınacaq. Sahib olduğu üstün ağıl və hikmətlə digər insanlardan fərqlənəcək.
Həmçinin yer üzünə ilk gəlişində olduğu kimi, ikinci dəfə gəlişində də Allahın icazəsi ilə bir çox möcüzəsi olacaq. Bütün insanlara Allahın dininin haqq olduğunu göstərəcək, üstün gələcək olanların həmişə Allahın tərəfdarları olduğunu sübut edəcək. Rəbbimizin; "kim Allahı, Rəsulunu və iman gətirənləri dost (vəli) tutsa, şübhəsiz ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır" (Maidə surəsi, 56) ayəsinin təcəlli etməsinə vəsilə olacaq.
Həmçinin hz. İsa (ə.s), yer üzündə heç bir qohumu və tanıyanı olmamasıyla tanınacaq. Onu, Məsih olduğunu iddia edən saxta insanlardan fərqləndirən ən mühüm fərqlərdən biri dünyada anası, atası, hər hansı qohumu, dostu, tanıyanı olmaması olacaq.
Kitabın əvvəlki hissələrində də açıqladığımız kimi, hz. İsa (ə.s) Allahın "ol" əmri ilə atasız dünyaya gəlmişdir. Allah, hz. İsa (ə.s)-ın bu vəziyyətini Quranda hz. Adəm (ə.s)-ın yaradılışına bənzədir və belə buyurur:
Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona "ol" deməsiylə o da dərhal oldu. (Ali İmran surəsi, 59)
Ayədə də bildirildiyi kimi, Allah hz. Adəm (ə.s)-a "ol" demişdir və hz. Adəm (ə.s) yaradılmışdır. Məhz hz. İsa (ə.s)-ın ilk yaradılışı da Allahın "ol" deməsi ilə gerçəkləşmişdir. Hz. Adəm (ə.s)-ın ana və atası yoxdur, hz. İsa (ə.s)-ın ilk dünyaya gəlişində isə təkcə anası hz. Məryəm vardır; lakin yer üzünə yenidən gələcəyi ikinci dəfə də onun anası da həyatda olmayacaq. Aradan əsrlər keçdikdən sonra tanınan heç bir qohumu olmadan yer üzündə olacaq.
Şübhəsiz ki, bu sayədə hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişində, onun hz. İsa (ə.s) olduğundan şübhə edilə biləcək vəziyyət yaranmayacaq. Buna görə də, hz. İsa (ə.s)-ı saxta məsihlik iddia edənlərdən fərqləndirmək olduqca asan olacaq. Çünki bütün uşaqlığı insanlar arasında keçmiş, çox sayda uşaqlıq şəklinə sahib, özünü kiçikliyindən etibarən tanıyan çoxsaylı insanı sahib bir insanın hz. İsa (ə.s) olduğunu iddia etməsi olduqca məntiqsizdir.
Peyğəmbərimiz (s.ə.v)-dən nəql edilən bir çox hədisdə, yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına diqqət çəkilir. Məhz bu dövr hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın yer üzündə olacağı, Quran əxlaqının hakim olacağı dövrdür. "Qızıl əsr" adıyla da bilinən bu dövr, hədislərdən də aydın olacağı kimi "əsri-səadət" dövrünə bənzər bir dövr olacaq. Peyğəmbərimiz (s.ə.v)-in bu dövrü təsvir edərkən cənnətə bənzər xüsusiyyətlərlə bəhs etməsindən ötrü bu dövrə "Qızıl əsr" adı verilmişdir.
Kitabın əvvəlki hissələrində Axırzamanın ilk mərhələsində insanların yaşayacağı sıxıntı və çətinliklərdən təfsilatlı şəkildə danışdıq. Hz. İsa (ə.s)-ın gəlişinin də əlamətləri olan bu hadisələrin dərhal ardından insanları Qızıl əsr kimi bənzərsiz bir dövr gözləyir. Bu, insanlar üçün böyük müjdədir. Hər növ məhsul və mal bolluğu, təhlükəsizlik, güvən və ədalətin təmini, dinclik və səadət, hər cür texnoloji yenilikdən insanların rahatlığı, komfortu, sevinci və xoşbəxtliyi üçün istifadə edilməsi, ehtiyac içində olan kimsənin qalmaması, istəyənə istədiyindən sayılmadan, qat-qat çox verilməsi, Qızıl əsrin müəyyən xüsusiyyətlərindəndir. Hədislərdə bu dövrdə "silahların susacağı"nın bildirilməsi, bu dövrdə yer üzünün sülhlə dolacağının da müjdəsidir. Qızıl əsrdə, əvvəllər aralarında düşmənçilik olan xalqlar arasında çox böyük qardaşlıq yaşanacaq, hər cür döyüşün yerini sülh, dostluq və sevgi tutacaq.
Texnoloji yeniliklər Axırzamanın bu mərhələsində yüksək həddə çatacaq, insanlar texnologiyanın bütün nemətlərindən mümkün qədər istifadə edə biləcəklər. Təbabətdə, kənd təsərrüfatında, rabitədə, sənaye texnologiyasında və nəqliyyatda çox böyük inkişaflar yaşanacaq, davamlı yeni ixtiralar ediləcək. Hər yeni ixtira başqasına liderlik edəcək, inkişaflar çox böyük sürət qazanacaq.
Sənətdə çox böyük irəliləyişlər olacaq, bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara qazandırdığı geniş üfüq və dərin düşüncə bütün sənət sahələrinə öncülük edəcək. İnsanlar Qızıl əsrdə həyatlarından o qədər məmnun olacaqlar ki; bir hədisin ifadəsinə görə "zamanın necə keçdiyini bilməyəcək, bu gözəlliklərdən daha çox istifadə etmək üçün Allahdan ömürlərinin uzadılmasını istəyəcəklər". Peyğəmbərimiz (s.ə.v)-in digər bir sözündə Axırzamandakı mühit belə təsvir edilir:
...Kiçiklər; kaş ki, mən böyük olsaydım, böyüklər də; kaş ki mən kiçik olsaydım deyə təmənni edərlər... Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər". (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)
Hz. İsa (ə.s)-ın yer üzündə olacağı Qızıl əsr ilə əlaqədar Peyğəmbərimiz (s.ə.v)-in digər müjdələrinin bəziləri isə belədir:
"Ümmətimin sonunda elə bir dövlət rəisi olacaq ki, ovuc-ovuc mal və pul toplayacaq və bu malı adəti üzrə tək-tək saymayacaq". (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 433)
Hz. Mehdi (ə.s) insanlara malı və əşyanı paylayarkən, saymadan bol-bol verəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)
...Yer üzü içindəki xəzinələri çölə atacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 45)
...Yer, içərisində gizlətdiyi bütün zənginliklərini, qızıldan və gümüşdən sütunlar halında çölə atacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 464)
Məryəm oğlu (İsa) enər və Dəccalı yox edər. Ondan sonra qırx il bol nemət içində yaşayarsınız. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 90)
Hər tərəfdə yemək qazanları qaynayacaq, misli görünməmiş bolluq yaşanacaq, mala rəğbət olmayacaq. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 66)
Hz. İsa (ə.s)-ın zəkatı tərk etməsi də, malın bolluğu və zəkata möhtac olan kasıbın qalmamasından ötrüdür. (Sünen-i İbn-i Mace, 10/339)
İnsan bir qab buğdanı öküzsüz və sapandsız əkəcək, qarşılığında yeddi yüz qab buğda götürəcək. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 184)
Artıq o gün (elə bolluq olar ki, 10-la 40 insan arasında) bir camaat tək bir nar meyvəsindən yeyib doyarlar və o nar qabığı ilə də kölgələnər. Südlərə də Allah tərəfindən o qədər bərəkət verilər ki, təkcə bir süd verən dəvənin südü böyük bir insan cəmiyyətinə mütləq kifayət edər. Bir süd verən inəyin südü insanlardan bir qəbiləyə mütləq kifayət edər. Bir süd verən qoyunun südü qohumlardan ibarət bir nəslə mütləq kifayət edər. (Ölüm-Kıyamet-Ahiret, səh. 493)
...Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. (Sünen-i İbn-i Mace, 10/340)
...Elə bir zaman gələcək ki, o zamanda insan (ayırdığı) qızıl sədəqəsiylə (tərəf-tərəf) gəzəcək, sonra əlindən sədəqəsini alacaq heç bir (kasıb) kimsə tapa bilməyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 462)
...O zaman ümmətimə nemət veriləcək, heyvanlar bolluq içində olacaq və yerin nəbatatı həddən çox olacaq... (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 26)
...Şübhəsiz ki, o zamanda mal çoxalıb su kimi axacaq ki, onu heç kim (tənəzzül edib) qəbul etməyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 464)
Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Heç bir insan arasında düşmənçilik qalmayacaq. Həmçinin bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr mütləq bitəcək. (Sahih-i Müslim, 1/136)
Döyüş (ərbabı) da ağırlıqlarını (silah və vəsaitlərini) yerə qoyacaq. (Sünen-i İbn-i Mace, 10/334)
Döyüş (ərbabı) ağırlıqlarını (yəni silah və sairəni) yerə qoyar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 496)
Düşmənçilik, küsüşmə və qısqanclıq ortadan qalxacaq. (Ebu Hureyre r.a, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 379)
İslamdan başqa (heç bir dini) qəbul etməyəcək... Din müttəhid (birləşmiş) olacaq... Allahdan başqa heç kimə və heç nəyə ibadət edilməyəcək... Zəkat qəbul edəcək heç kim olmayacağından zəkat və sədəqəni tərk edəcək... Zamanında xəzinələr və dəfinələr meydana çıxacaq. Qiyamətin yaxınlaşdığını bildiyi üçün, çox mal qazanmağa rəğbət etməyəcək... İnsanlar arasında səbəbləri ortadan qalxdığı üçün kin və düşmənçiliyə yer verməyəcək...
Zəhərli həşərat və heyvanlardan zəhəri aradan qaldıracaq, uşaqlar ilan və əqrəblərlə oynayacaq... Onların uşaqlara zərəri toxunmayacaq. Qurd qoyunla otlayacaq da qoyuna zərəri toxunmayacaq... Yer üzü sülh və salamatlıqla dolacaq, mübarizə və döyüşlər, müharibə və hücumlar aradan qalxacaq... yer üzü nəbatatını eynilə Adəm (ə.s) zamanında olduğu kimi bitirəcək. Bir salxım üzümlə bir güruh (dəstə) insan doyacaq. Atlar sərbəst buraxılacaq, öküzlərə ehtiyac görüləməyəcək... Çünki yer üzü öz-özünə əkiləcək... (Kıyamet Alametleri, səh. 242-243)
İsa (ə.s) ümmətim içində, ədalətli bir hakim, tam ədalətli bir imam (hökmdar) kimi mövcud olar. (Xristianların) xaçını sındırar (xristianlıqdakı hz. İsanın öldürüldüyünə dair inancı dəyişdirər), donuzu öldürər (donuzun zərərli bir yemək olduğu mövzusunda insanları xəbərdar edərək insanlardakı donuza olan marağı yox edər), cizyə vergisini ləğv edər, sədəqəni tərk edər də, nə qoyuna, nə də dəvəyə qarşı etibar edilməz. Bütün düşmənçiliklər, nifrətlənmələr zail olar, yox olar... Yer üzü gümüş qab kimi olar və həzrəti Adəm zamanındakı kimi (bol) bitkilərini bitirər... (Ölüm-Kıyamet-Ahiret, səh. 496)
Sonra İsa, ümmətimin içində ədalətlə hökm edəcək; xaçı sındıracaq (xristianlıqdakı hz. İsanın öldürüldüyünə dair inancı dəyişdirəcək), donuzu öldürəcək (donuzun zərərli yemək olduğu mövzusunda insanları xəbərdar edərək insanlardakı donuza olan marağı yox edəcək), cizyəni ləğv edəcək, zəkatı tərk edəcək. Nə qoyuna, nə də dəvəyə zəkat məmuru göndərilməyəcək. İnsanlar arasındakı düşmənçiliklər və kin yox olacaq. Əqrəb və ilanların zəhərləri olmayacaq, hətta bir uşaq əliylə ilanla oynayacaq, lakin ilan onu sancmayacaq. Qız uşağı şiri qaçmağa məcbur edəcək, lakin aslan ona dəyməyəcək. Qurd, qoyunlar arasında sanki bir çoban iti imiş kimi gəzəcək. Qabın su ilə dolduğu kimi, yer üzü din birliyi ilə dolacaq. Allahdan başqa heç kimə sitayiş edilməyəcək. Müharibə, döyüş adlı heç nə qalmayacaq. Qureyş qəbiləsindən hökmdarlığı alınacaq. Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan tək narla doyacaq. Bir öküzün qiyməti bu qədər olacaq, bir neçə dirhəmlə bir at satın alınacaq". Deyildi ki; "Ey Allahın Rəsulu! Niyə at bu qədər ucuz olacaq?" "Müharibə olmayacağı üçün ona lüzum qalmayacaq". "Niyə öküz bu qədər bahalı olacaq?" "Yer üzünün hər yeri əkiləcəyi üçün o, çox lazım olacaq. (İbn Macə bənzərini Əbu Ümamədən nəql etdi, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 370-371-372)
Sonra qırx il ömür sürəcək. Onun zamanında heç kim ölməyəcək. İnsan, qoyun və heyvanlarına (haydi gedin, otlayın) deyəcək; onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir sünbül belə ağızlarına almayacaqlar. İlan və əqrəblər heç kimə əziyyət verməyəcəklər. Yırtıcı heyvanlar qapılarının qarşısında dayanacaq, lakin heç kimə zərərləri toxunmayacaq. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 184)
Hz. İsa (ə.s) zamanında Dəccal həlak olacaq. Yer üzünə güvən gələcək. Belə ki, şirlər dəvələrlə, pələnglər inəklərlə, qurdlar qoyunlarla birlikdə yayılacaq. Uşaqlar ilanlarla oynayacaq və ilanlar uşaqlara zərər verməyəcək. (Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)
Qırx (40) il Allahın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 92)
Hz. İsa ümməti-Məhəmmədə (Məhəmməd ümmətinə) peyğəmbər kimi deyil; şəriəti-Məhəmmədiyəyi (Məhəmməd (s.ə.v)-in şəriətini) tətbiq etmək üçün gələcəkdir, deyir. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 68)
Hz. İsa (ə.s) enəcək və Rəsulullah (s.ə.v)-in şəriətinə tabe olacaq. (Mektubat-ı Rabbani, 2/1309)
Həzrəti Məhəmməd (s.ə.v)-in şəriəti əsasında hökm verəcək, özü Peyğəmbər olduğu halda, Peyğəmbərə tabe olacaq və Məhəmməd (s.ə.v)-in ümmətindən olacaq. Peyğəmbərin ümməti və səhabəsi olacaq... Elə isə o, səhabələrin ən üstünü olacaq... (Kıyamet Alametleri, səh. 243)
Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz ki, enəcək. Onu gördüyünüz zaman tanıyın! O, ortaboylu, ağaçalar qırmızı rəngdədir. Sarıya boyanmış iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün vuruşacaq. Məsih-Dəccalı yox edəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaq. (Buhari, Müslim, Ebu Davud ve Tırmizi, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 380)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)