İnsanlara bir zaman gələcək ki, Qurani Kərimin yalnız şəkli, İslamın yalnız adı qalacaq. Onlar İslamdan ən uzaq insanlar olduqları halda İslami adlarla adlanacaqlar, məscidləri görünüş cəhətdən abdalaşdırılmış olduğu halda, hidayət cəhətdən xarab olacaq. (Hakim, Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 27)
İnsanlara bir zaman gələcək ki, Qurani Kərim bir vadidə, insanlar başqa vadidə olacaqlar. (Hakim, Tirmizi; Son Zamanlarla İlgili Hadisler, səh. 25)
İnsanlar üzərinə elə bir zaman gələr ki, onların üzləri insan üzü, qəlbləri şeytan qəlbi olar. Qan tökərlər, çirkin hərəkətlərdən qaçmazlar. Əgər sən onlara tabe olsan, səni güdərlər. Əgər onlara güvənsən, sənə xəyanət edərlər. Onların uşaqları əxlaqsız, gəncləri arsız olar. Yaşlıları isə yaxşı əməllər işləməyi əmr etməz, pis əməllər işləməkdən çəkindirməz. (Hatib; Geleceğin Tarihi 1, səh. 23)
İnsanların... bidətçilərin (dindən olmayan şeyləri dindənmiş kimi göstərib qəbul etdirməyə çalışanlar) fikirlərini mənimsəyib bilmədən şirk qoşduqları, elmi dolanmaq üçün öyrəndikləri, dinlərini dünya nemətlərinə alət etdikləri bir dövr gələcək. (Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 68)
Qiyamət əlamətləri ilə əlaqədar hədislər bizə, bəhs edilən əlamətlərin baş verəcəyi dövrün təfsilatlı təsvirini təqdim edir. Peyğəmbərimiz (s.ə.v)-in yuxarıdakı sözlərindən aydın olur ki, Axırzamanın birinci mərhələsi din əxlaqının görünüşdə tətbiq edildiyi, lakin əslində Allahın əmr etdiyi Quran əxlaqının demək olar ki, tamamilə tərk edildiyi bir dövrdür. Bəzi insanlar tərəfindən açıq-aydın olan Quran ayələrinin görməzlikdən gəlindiyi, Allah adından hökmlər irəli sürüldüyü, dində ixtilafa düşüldüyü, ibadətlərin göstəriş məqsədiylə yerinə yetirildiyi, dinin mənfəət təmin etmək üçün, vasitə kimi işlədildiyi bir zamandır. İmanın təqlidə əsaslanması da bu dövrün xüsusiyyətidir. Bu dövrdə yalançı müsəlmanlar çoxluq təşkil edir, həqiqi alimlər və səmimi müsəlmanlar isə az olur. Allah Quranda, Peyğəmbərimiz (s.ə.v)-in axirət günü öz qövmünün; "Quranı tərk edilmiş (bir kitab) kimi qoyduğunu" (Furqan surəsi, 30) söyləyəcəyini bildirir. Hz. Məhəmməd (s.ə.v), yuxarıdakı hədislərində də Axırzamanda insanların, Quran əxlaqından uzaqlaşacaqlarını, özlərinə Qurandan başqa rəhbərlər tutacaqlarını bildirmişdir.
Peyğəmbərimiz (s.ə.v) Quranın oxunmasına baxmayaraq, malik olduğu məlumat və hikmət barəsində düşünülməməsinin, Axırzamanın bir xüsusiyyəti olduğunu belə bildirmişdir:
Peyğəmbər (s.ə.v) belə dedi: "Elm insanlardan alınacaq". Ziyad belə dedi: "Ey Allahın Elçisi, biz Quranı oxuduq və oxuyuruq, qadınlarımıza və uşaqlarımıza da oxuduruq. Bu elm bizdən necə alınacaq?" Peyğəmbər belə buyurdu: "Yəhudilərin Tövratı və xristianların İncili haqqında məlumatın yoxdurmu? Onlar o qədər Tövrat və İncil oxudular, bəs onlarda bundan bir şey qaldı mı?" (Ölüm Kıyamet ve Diriliş, səh. 483)
Bundan sonra, bir hissəsi Quran oxuyan, lakin oxuduqları dillərində qalan qəlblərində inanmayan insanların törəyəcəyi bir zaman gələcək. (Taberani; Son Zamanlarla İlgili Hadisler, səh. 64)
(Axırzamanda) Sizdən əvvəlki millətləri qarış-qarış, arşın-arşın izləyəcəksiniz, hətta onlar (yəhudi və xristianlar) kərtənkələ dəliyinə girsələr, siz də arxalarından girəcəksiniz. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
"Ümmətim, özündən əsrlər əvvəlki (adətləri) qarış-qarış və tək-tək qəbul etmədikcə qiyamət qopmaz". Deyildi: "Ey Rəsulullah! Farslar və rumlar kimi?" Buyurdu: "İnsanlar arasında onlar kimi olanlar da". (Muhtasar-ı Buhari, səh. 509, hadis no. 2216)
"Nəfsim qüdrət əlində olan zata and içirəm ki, siz də özünüzdən əvvəlki (yəhudi-xristian) millətlərin yoluna mütləq düşəcəksiniz". (Tirmizi)
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, Axırzamanda müsəlman cəmiyyətlərin qeyri-müsəlman cəmiyyətlərə qibtə edəcəkləri, onlara bənzəməyə çalışacaqları bildirilmişdir. Bu hədisin, bəzi müsəlman cəmiyyətlər arasında din əxlaqına uyğun olmayan ideologiya və cərəyanların yayılmasına işarə etməsi mümkündür. Osmanlı imperiyasının süqutundan sonra, başda bəzi ərəb ölkələri olmaqla, İslam aləmində radikal millətçilik cərəyanlarının yayılması bu vəziyyətin nümunələrindən biridir. Radikal millətçilik, digər millətləri sanki düşmən kimi görən, öz millətinə olan sevgisini və bağlılığını (belə ki, əslində bu olduqca qanuni duyğudur) digər millətlərə zərər vermə həddinə gətirən və din əxlaqına uyğun olmayan bir cərəyandır. Təcavüzkar ideologiyadır. Halbuki Quran əxlaqı insanların bir-birlərinə, irqlərinə, soylarına və ya bəzi maddi imkanlarına görə deyil, imanına və Allah qorxusuna görə dəyər verməyi, sevgi bəsləməyi və hörmət göstərməyi tələb edir. İman gətirənlər, hansı irq və ya millətdən olmasından asılı olmayaraq, bir-birlərinin qardaşıdır və bu şüurla həmrəylik içində olmalıdırlar.
İslam aləminə daxil olan qərb qaynaqlı ideologiyalar radikal millətçiliklə məhdudlaşmır. 20-ci əsrin əvvəlində Qərbdə yaranan din əxlaqına uyğun olmayan başqa cərəyanlar da, İslam ölkələrindəki bəzi insanlar tərəfindən İslam aləminə daxil edilmiş, kifayət qədər savadlı olmayan bəzi müsəlmanlar kor-koranə bu cərəyanların yanlış fikirlərinə qapılmışlar. Bu vəziyyət İslam aləminin böyük hissəsində yarım əsrdən uzun müddətdir davam edən qeyri-sabitlik və qarğaşalığın da əsas səbəblərindən biridir. Allahın icazəsi ilə, hz. İsa (ə.s) ikinci dəfə dünyaya gəldiyi zaman bu mühit tamamilə dəyişəcək, bütün müsəlmanlar təkcə Quranı və sünnəni rəhbər tutacaq, həqiqi din əxlaqının tələbi olan dinclik, sabitlik və etibarı yaşayacaqlar.
Ənam surəsinin 26-cı ayəsində insanları "Qurandan uzaqlaşdıranlara" diqqət çəkilir. Hədislərdən də azğın fikri cərəyanların, haqq və həqiqətdən uzaq sistemlərin qiyamətdən əvvəl, insanları Allahın yolundan azdıracaq böyük fitnələr törədəcəyi aydın olur.
Qiyamətdən dərhal əvvəl qaranlıq gecələr kimi fitnələr var. (Ramuz-El Ehadis, 121/5)
Qiyamətə yaxın qaranlıq gecələrin parçaları kimi qarışıqlıqlar olacaq. İnsan bu qarışıqlıqlar arasında səhər mömin, axşam kafir olacaq, axşam mömin, səhər kafir olacaq. (Kur’an ve Sünnette Kıyamet ve Ahiret, səh. 155)
..."O dövrdə xalqı cəhənnəm qapılarına çağıracaq bəzi dəvətçilər (təbliğatçı təşviqatçılar) olacaq. Hər kim bu dəvətçilərin dəvətini qəbul etsə onu cəhənnəmə atacaqlar". "Ey Rəsulullah, bu dəvətçilər zümrəsinin xüsusiyyətlərini bizə bəyan etsəniz", "yaxşı edim, onlar bizim millətimizdən olub bizim dilimizlə danışan bir zümrədir" deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 382, no. 698)
Kor və kar (yəni insanları, doğrunu görməsində kor, haqqı eşitməsində kar edən) olan böyük bir fitnə, ulu bir bəla var. Fitnənin içində də xalqı cəhənnəm qapılarına doğru dəvət edən bəzi dəvətçilər (təbliğatçılar və təşviqatçılar) da var. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 380, no. 696)
Yaxın gələcəkdə kor, kar və dilsiz (yəni insanları kor) edib doğrunu göstərməyən, kar edib haqqı eşitdirməyən və dilsiz (edib) haqqı danışdırmayan bəzi qorxunc fitnələr olacaq... Fitnə həngaməsində dilin fitnəyə qarışması və təbliğat aparması qılınc zərbəsi kimi onun yayılmasını təmin edər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 390, no. 720)
Hədislərdə göründüyü kimi, Peyğəmbərimiz (s.ə.v) Axırzamanda dinsizlik və əxlaqsızlıq təbliğatını aparan insanlar olacağını xəbər vermişdir. Dövrümüzdə ölkələrin bir hissəsinin əxlaqi və ictimai vəziyyətində baxdığımız zaman, bu xəbərin gerçəkləşdiyini açıqca görərik. Xüsusilə təkmilləşən informasiya vasitələri ilə hazırkı dövrdə intensiv şəkildə həyata keçirilən bu təbliğat bir çox insanı din əxlaqından uzaqlaşdırmağı bacarır.
Həmçinin bəhs edilən fitnənin kar edib eşitməyə və görməyə mane olması bir çox ölkədə hakimiyyətdə olan təzyiqçi rejimləri də ağla gətirir. Bu rejimlər fikir və düşüncə azadlığını təzyiq altına alır, insanların düşüncələrini, inanclarını istədikləri kimi ifadə etmələrinə maneə törədir. Xüsusilə bəzi ərəb və Afrika ölkələrində, müsəlmanların düşüncələrini sərbəst şəkildə ifadə edə bilməmələri, inanclı olduqları üçün təzyiq altında saxlanılmaları bu vəziyyətin nümunələridir.
Axırzamanda alim kimi qəbul edilən bəzi insanların əslində ikiüzlü və saxtakar olduqlarını, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) belə xəbər vermişdir:
Axırzamanda canavar oxucular olacaq. Kim o zamana yetişsə, şərlərindən Allaha sığınsın. Onlar çox çirkli insanlardır. Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya (ikiüzlülük) və göstərişdən utanılmayacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
Alimlər elmi sırf pul qazanmaq üçün öyrəndiyi zaman... dini dünya nemətləri üçün satdıqları zaman... hökmü satdıqları zaman... qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Axırzamanda elə insanlar çıxacaq ki, dinlərini dünya mənfəətləri qarşılığında satacaqlar. Bunlar yumşaq görünmək üçün, qoyun dərisinə bürünəcəklər, dilləri şəkərdən şirin, lakin qəlbləri canavar qəlbi kimi qatı olacaq. (Tirmizi, Zühd: 60)
“Məscidlərin içində fisqu-fücur əhlinin (Allaha üsyan edənlər, günah işləyənlər) səslərinin yüksəlməsi, dini yöndən qadağan olan şeyləri işləyənlərin, dinin əmr etdiklərini yerinə yetirən səmimi möminlər üzərində qələbə çalıb, onlara hökm etmələridir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 450, no. 828)
Nəhayət bəzi cahil insanlar qalar ki, özlərinə (dini məsələlər) barədə sual verildikdə, onlar elmləri olmadığı halda, öz fikirləri ilə fətva verərlər ki, həm özləri azar, həm də xalqı azdırarlar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 463, no. 850)
Yazıq ümmətimə, pis üləmaya görə! Bunlar elmi ticarət vasitəsi edərlər. Zəmanələrinin əmirlərinə yaxınlaşmaq surətiylə özlərinə qazanc təmin edərlər. (Hatim; Geleceğin Tarihi 1, səh. 27)
İnsanlar üzərinə elə bir zaman gələr ki, onların hamısı Quran oxuyar, ibadətə edərlər və əhli-bidətlə də məşğul olarlar. Lakin bilmədikləri cəhətdən müşrik olarlar və oxumaları və elmləri əvəzində ruzi alarlar və dünyanı din qarşılığında yeyərlər. Məhz bunlar, kor dəccalın köməkçisi olacaqlar. (Deylemi; Geleceğin Tarihi 1, səh. 27)
İslam dininə lazımi hörmət və diqqəti göstərməyən, dini, öz mənfəətləri əsasında vasitə kimi işlətməkdən çəkinməyən bəzi insanların vəziyyəti də belə bildirilmişdir:
Ümmətimin son zamanlarında məscidlərini bəzəyib qəlblərini xarab buraxan, paltarını qoruduğu qədər dinini qorumayan, dünya işlərinin qaydasında getməsi naminə dinini vasitə etməkdən çəkinməyən bəzi insanlar törəyəcək. (Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 27)
Axırzamanda, zalım əmirlər, fasiq nazirlər, xain qazılar, yalançı hocalar olacaq. Bunlara hər hansı biri yetişsə onların yanında müttəfiq olmasın, köməkçi olmasın, istiqamət verən olmasın... (Risalet-ül huruc-ül Mehdi, səh. 182)
Xəbəriniz olsun, bu mütləqdir ki, başlarınıza bəzi amirlər və dövlət başçıları gələcək ki, onlar, (dövlət xəzinəsindən yardıma ehtiyacı olan) sizə vermədiklərinin (haqları olmadığı halda) özlərinə verilməsini qanuniləşdirəcəklər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 380, no. 697)
Yaxında başınıza bəzi əmirlər gələcək. Ruzinizə əl qoyacaq, başınızı yalanlarla qatacaqlar. İş görəcəklər. Lakin gördükləri pis olacaq. Ən pis tərəfləri də budur ki, pis əməllərini gözəl görmədikcə və yalanlarını təsdiqləmədikcə sizdən razı olmayacaqlar... (Bagavi, Tabarani; Geleceğin Tarihi 1, səh. 43)
İslamın üsulları tək-tək pozulacaq və xalqı dəlalətə salan hökumət adamları çıxacaq... (Hakim; Geleceğin Tarihi 1, səh. 57)
Axırzamanın mühüm xüsusiyyətlərindən biri də qəddar, zalım və xalqını fəlakətlərə sürükləyən liderlərin rəhbərliyə gəlməsidir. 20-ci əsr bu cür lider və rəhbərlərin nümunələri ilə doludur. Din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyən bu insanlar, həm öz xalqlarına etdikləri zülm, həm də səbəb olduqları müharibə və qarşıdurmalardan ötrü digər cəmiyyətlərə gətirdikləri bəlalar ilə məşhurlaşıblar. Hədisdə də bu vəziyyətə diqqət çəkilir.
Çinin kommunist diktatoru Mao, təkcə özünə müxalif olduqları üçün minlərlə vətəndaşını qətlə yetirmiş, rəhbərliyi müddətində milyonlarla insanın ölümünə səbəb olmuşdur.
Mussolini, faşist ideologiyasının təsiriylə ölkəsini II Dünya müharibəsinə sürükləyərək xalqına böyük fəlakət gətirmişdir.
Mobutu, tarixə Afrika qitəsinin ən qəddat diktatorlarından biri kimi keçmişdir.
Yaxşı əməllər tərk edilib əmr edilmədiyi, pis əməllər işlənib qadağan edilmədiyi zaman... qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Qiyamət yaxınlaşar, xeyirxah əməllər azalar. (Kıyamet Alametleri, səh. 264)
Allah: "Aranızdan xeyrə çağıran, yaxşı əməllər işləməyi əmr edib pis əməllər işləməyi qadağan edən bir camaat çıxsın. Məhz bunlar nicata qovuşanlardır" (Ali İmran surəsi, 104), ayəsiylə insanlara yaxş əməllər işləməyi əmr edib, pis əməllər işləməyi qadağan etmə ibadətini fərz buyurmuşdur. Yaxşı əməllərin tövsiyə edilməsi və pis əməllərin qarşısının alınmasının Allahın mühüm bir əmri olduğu bilindiyi halda, edilməməsi də qiyamətin bir əlamətidir. Eyni zamanda qiyamətdən əvvəl baş verəcək böyük hadisələrin xəbərçisi olaraq, hz. İsa (ə.s)-ın gəlişinin yaxınlaşdığının da bir göstəricisidir.
(Peyğəmbər (s.ə.v):) "Yaxşı əməllər işləməyi əmr etmədiyiniz, nəhyi-anil-münkər (pis əməlləri qadağan etmə) etmədiyiniz vaxt halınız nə olacaqr?" deyə soruşdu. "Yəni bu olacaqmı?" dedilər. "Bəli, hətta daha betəri!" deyə buyurdu və sual verməyə davam etdilər: "Münkəri (pis əməlləri) əmr edib, yaxşı işlər görməyi (yaxşılığı) qadağan etdiyiniz zaman halınız nə olar?" (Yanında olanlar heyrətlənərək): "ey Allahın Rəsulu! Bu mütləq olacaqmı?" dedilər. "Bəli, hətta daha betəri!" buyurdular və davam etdilər: "əmri bil-marufda (yaxşılığı əmr etmə) olmadığınız, nəhyi-anil-münkər (pis əməlləri qadağan etmə) etmədiyiniz vaxt halınız nə olur?" deyə soruşdu?" (Yanındakı əshabə:) "Ey Allahın Rəsulu! Bu mütləq olacaqmı?" deyə soruşdular. "Bəli, olacaq!" deyə buyurdular. (Ebu Ya'lâ, Müsned; Taberâni, el-Mu'cemu'l-Evsat; Heysemi, Mecma'u'z-Zevaid, 7, 281)
Hədisdə bildirildiyi kimi, dövrümüzdə din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə doğru ilə yanlış tamamilə bir-birinə qarışdırılmışdır. İnsanlar doğrunu etdikləri, gözəl əxlaq göstərdikləri üçün "saf" kimi qiymətləndirilir, öz mənfəətləri üçün başqalarının haqqlarını tapdalayanlar isə, "ağıllı və bacarıqlı" insanlar kimi qiymətləndirilirlər. Quran əxlaqına tamamilə zidd olan bu vəziyyət müasir dövrdə bir çox cəmiyyətdə qəti anlayış olaraq yerləşmişdir.
İnsanın həlakı valideyinlərim əlində, o yoxdursa arvadının əlində, o da yoxdursa qohumunun əlində olacaq. Belə ki, onu dolanışıq çətinliyi ucbatından qınayacaqlar, tab gətirə bilmədiyi işlərə təşviq edəcəklər, nəhayət o dözə bilməyib qaranlıq və təhlükəli işləri görəcək və həlak olub gedəcək. (Ebu Naim; Geleceğin Tarihi 1, səh. 29)