Dinclik və təhlükəsizliyin hakim olacağı, yoxsulluğun yerini bolluğun, zülmün yerini ədalətin, qarşıdurma və gərginliklərin yerini sülhün əvəz edəcəyi bir dünya, bütün insanların həsrətində olduğu arzudur. Xüsusilə ötən iki əsrdə yaşanan böyük ağrılar və çətinliklər ilə indiki vaxtda da dünyanın hər tərəfində davam edən problemlər, insanların bu həsrətlərini daha da artırmışdır. İnsanların mühüm hissəsi, özlərinə uzanacaq kömək əli gözləyir, onları içində olduqları vəziyyətdən çıxardacaq bir xilaskarın gəlməsinə ümid edirlər. Bu xilaskar, mövcud sistemin mənfiliklərini aradan qaldıracaq, ədaləti, sülhü, təhlükəsizliyi və dincliyi təmin edəcək; insanları doğruya və yaxşılığa nail edəcək.
Özlərinə kömək əli uzadılmasını gözləyən yoxluq içindəki insanların, varlıq içində olsalar belə yaşadıqları mənəvi sıxıntılara görə əzab çəkənlərin, ədalətin, dincliyin, nizamın və gözəl əxlaqın həsrətini çəkənlərin gözlədikləri qurtuluş Allahın icazəsi ilə çox yaxın ola bilər. Yaşanan bir çox hadisə, bu qurtuluşun yaxınlaşdığının əlamətidir.
İnsanların qurtuluşuna vasitəçi olacaq bu böyük hadisə, hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlişidir. Hz. İsa (ə.s)-ın təkrar dünyaya gəlişi ilə, dünyadakı bütün zülm və haqsızlıqlar bitəcək, yer üzü sülh, bərəkət və ədalətlə dolacaq.
Qurana görə bundan təxminən 2000 il əvvəl, Allah, inkar edənlərin hz. İsa (ə.s)-ı öldürmək məqsədiylə qurduqları tələni pozaraq hz. İsa (ə.s)-ı Öz qatına qaldırmışdır. Quranda və hədislərdə bildirildiyinə görə, hz. İsa (ə.s) qiyamətdən əvvəlki dövrdə yenidən dünyaya gələcək. Həm xristian, həm də müsəlman aləmi tərəfindən inanılan və gözlənilən bu böyük möcüzə ilə, dünyadakı bütün zülm və haqsızlıqlar bitəcək, yer üzü sülh, bərəkət və ədalətlə dolacaq.
Bu kitabda hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişi ilə əlaqədar İslami mənbələrdə qeyd edilən əlamətləri və bunların necə bir-bir reallaşdıqlarını araşdıracağıq. Bu əlamətlərə şahidlik edən insanlar, Allahın icazəsi ilə, hz. İsa (ə.s)-ın gəlişinin yaxınlaşdığına ümid edə bilərlər.
Lakin bundan əvvəl, dünyanın belə böyük bir hadisəyə sosioloji səviyyədə də hazırlandığına işarə etmək lazımdır. Əvvəldə də ifadə etdiyimiz kimi, son iki əsrdə bəşəriyyətin üst-üstə yaşadığı hadisələr zənciri, bütün dünyada, insanların şüur altında və ya bəzən daha da aydın şəkildə, bir "xilaskar" gözləməsini artırmışdır. Materialist fəlsəfəyə əsaslanan ideologiyaların və həyat tərzlərinin insanları qurtara bilmədiyi, əksinə fəlakətlərə və mənasızlığa sürüklədiyi görülmüşdür və din əxlaqına yönəliş sürətlə artır.
Bu hadisələri analiz edən bəzi sekulyar tədqiqatçılar, mütəfəkkirlər və ya tarixçilər də dünyanın Məsih axtarışı içində olduğunu və bu axtarışın konkret nəticələri olacağını düşünürlər. Məsələn, yazdıqları “Müqəddəs qan”, “Müqəddəs kasa” adlı kitabla bütün dünyada böyük əks-səda oyandıran ingilis tədqiqatçılar Maykl Beycent (Michael Baigent), Riçard Li (Richard Leigh) və Henri Linkoln (Henry Lincoln), hz. İsa (ə.s) və Məsih gözləntisi mövzusu üzərində cəmləşən “The Messianic legacy” (“Məsihi Miras”) adlı kitablarında bu şərhi verirlər:
Müasir dünyamız iki min il əvvəlki dünyadan çox fərqli olsa da, İsa və onunla eyni əsrdə yaşayanların Son Zamanlar kimi qəbul etdikləri şeylə bizim dövrümüzün nə qədər çox ortaq istiqamət daşıdıqları olduqca təəccüblüdür. Bu gün, texnoloji cəhətdən daha qabaqcıl və daha çox məlumatla təmin olunmuş ola bilərik. Lakin, çox təəssüf ki, o zamankindən daha şüurlu və ya ağıllı görünmürük... Bir daha çox ciddi məna böhranı yaşayırıq, məqsədlərimiz və yolumuz naməlumdur. Bundan bir əsrdən daha az müddət əvvəl çox şey vəd edən kimi görünən müxtəlif sistemlər, proqramlar və ideologiyalar boş çıxmış vəziyyətdədir. Eynilə İsanın dövründə olduğu kimi, müəyyən şeylərin çox dəhşətamiz şəkildə səhv olduğuna dair geniş yayılmış bir qənaət var. Hər yeni terrorist hərəkat, hər yeni təbii fəlakət bir təşviş dalğası meydana gətirir. Mədəniyətimizdəki əsaslı və sürətli dəyişikliklər, idarəetmə sistemimizdən duyduğumuz narazılıq, hədəfsiz cinayətlərin və terrorun siyasi etiraz üsulları olaraq getdikcə daha da çox istifadə edilməsi - bütün bunlar ümumi çöküş hissi, ümumi bir dəyərlərin parçalanması hissi yaradır. Cəmiyyət özünü "girov götürülmüş" kimi hiss edir... Materializmin problemi həll etməkdəki uğursuzluğundan usanmış vəziyyətdə, eynilə İsanın dövründəki kimi, cavabı başqa ölçüdə axtarırıq, ruhi bir ölçüdə.(1)
Müəlliflər əlavə edirlər:
Eynilə İsanın dövründəki kimi, çox nəzərəçarpacq şəkildə, getdikcə yaxınlaşan qiyaməti bir hadisənin kölgəsində yaşayırıq... Nəzarət etməyimizin qeyri-mümkün olduğu bir həqiqətə təslim olmuş vəziyyətdəyik... Və bu ümumi sinir pozuntusunun, bu dəli edən zəiflik hissinin, qeyri-kafi və ya məsuliyyətsiz siyasətçilərin yaratdığı məyusluğun altında, həqiqi bir ruhi liderə istiqamətli çox güclü həsrət var: Hər şeyi bilən, hər zaman mülayim bir portret; anlayacaq, məsuliyyəti daşıyacaq və (təbbi ki, əldə edilmiş demokratik azadlıqları ortadan qaldırmadan) rəhbərlik rolunu boynuna götürəcək, getdikcə mənasızlaşmış həyatlara yenidən məna qazandıracaq bir lider.(2)
Bu mühüm ictimai analizi edən müəlliflərin kitablarının sonunda 21-ci əsr üçün gəldikləri nəticə isə, hz. İsa (ə.s)-ın gəlişinin eyni zamanda sosioloji cəhətdən də hazırlandığını göstərir:
Və dövrümüz, məna hissinə qovuşa bilmək üçün, bu və ya digər şəkildə bir Məsih inancını mənimsəməkdə qətiyyətli görünür.(3)
Bu sosioloji infrastrukturun, hz. İsa (ə.s)-ın dönüş əlamətlərinin bir-bir gerçəkləşdiyi bir dövrlə üst-üstə düşməsi isə, şübhəsiz ki, çox mənalıdır. Bu əlamətlərin nələr olduğu, hədislərdə təfsilatlı şəkildə bildirilir. Həmçinin İncildə bəhs edilən hz. İsa (ə.s)-ın gəlişinin əlamətləri də hədislərdə bildirilən xəbərlərə bənzərlik göstərir. Hz. İsa (ə.s)-ın gəlişinin xəbərçisi olan bu əlamətlərin böyük hissəsi dövrümüzdə gerçəkləşib. Üstəlik, arxa-arxaya, eyni dövr içərisində. Bu qədər çox əlamətin, arxa-arxaya, müəyyən dövr içərisində gerçəkləşməsi, şübhəsiz ki, hz. İsa (ə.s)-ın gəlişinin xeyli yaxınlaşmış olmasının mühüm göstəricisidir. Bu kitabı oxuyarkən siz də bu həqiqətə şahidlik edəcəksiniz.
Unutmamaq lazımdır ki, bu kitabda araşdırdığımız hər bir əlamət bizə çox mübarək bir dövrdə yaşadığımızın xatırladıcısıdır. Əsrlərdir ki, gözlənilən bu tarixi müjdə (Allahın icazəsi ilə) gerçəkləşmək üzrədir. Hz. İsa (ə.s), yer üzünə qayıdacaq, xristianlığı yol verdiyi bütün səhvlərdən xilas edəcək, hz. Məhəmməd (s.ə.v)-in yoluna tabe olacaq və bütün insanların İslam əxlaqına yönəlməsinə vəsilə olacaq. Həmçinin bu vəziyyət, səmimi iman gətirən bütün insanlar üçün böyük şövq və həyəcan mənbəyidir.
Allahın səmimi iman gətirənlərə olan vədi; onları da özlərindən əvvəlkilər kimi "yer üzündə güc və iqtidar sahibi" etməsidir. Bu vəd, Nur surəsinin 55-ci ayəsində belə xəbər verilir:
Allah aranızdan iman gətirənlərə və saleh əməllər işləyənlərə vəd etmişdir: şübhəsiz ki, özlərindən əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə, onları da yer üzündə “güc və iqtidar sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcək. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Kim bundan sonra inkar etsə – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Rəbbimizin istəməsiylə, hz. İsa (ə.s)-ın gəlişi, həqiqi din əxlaqının bütün dünyaya yayılmasına, səmimi iman gətirənlərin əmin-amanlığa qovuşmasına vəsilə olacaq. Bütün iman gətirənlər kimi bizim də arzumuz, Rəbbimizin bizi hz. İsa (ə.s)-la qarşılaşma şərəfinə nail etməsi və onun gəlişindən əvvəlki bu dövrdə, mübarək qonağımızı qarşılamaq üçün ən gözəl hazırlığı görməyimizi bizə nəsib etməsidir.
1) The Messianic Legacy (Mesihsel Miras), Michael Baigent, Richard Leigh ve Henry Lincoln, Gorgi Books, London: 1991, səh. 171-172
2) The Messianic Legacy (Mesihsel Miras), Michael Baigent, Richard Leigh ve Henry Lincoln, səh. 172
3) The Messianic Legacy (Mesihsel Miras), Michael Baigent, Richard Leigh ve Henry Lincoln, səh. 451