Aləmlər üzərinə seçilib, nümunə edilən elçilərin həyatlarında, yaşadıqları hadisələrdə, qarşılaşdıqları çətinliklərdə və girişdikləri böyük mübarizələrdə bütün insanlar üçün mühüm mesajlar və dərslər var. Allahın Quranda, həyatı, mübarizəsi və əxlaqı ilə insanlara nümunə göstərdiyi peyğəmbərlərdən biri də hz. İsa (ə.s)-dır.
Hz. İsa (ə.s)-ın doğumu, həyatı və Allah qatına alınması, Rəbbimizin təqdiri ilə, həmişə möcüzəvi şəkillərdə reallaşmış, bu mübarək peyğəmbərin möcüzəvi həyatı Quranda təfsilatlı şəkildə xəbər verilmişdir. Allah Quranda bir çox peyğəmbərin hekayələrini bizə bildirir. Lakin hz. İsa (ə.s) müxtəlif yönləri ilə digər peyğəmbərlərdən fərqli mövqeyə malikdir. Allahın üstün elmlərlə dəstəklədiyi bu dəyərli qulu, Allahın lütfü ilə, hələ beşikdə ikən danışmış və yenə Allahın lütfü ilə, dünyada qaldığı müddətdə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir. Onun bu xüsusi vəziyyətinin digər bir dəlili də, Allah qatına qaldırılması və təkrar dünyaya göndəriləcəyinin Quranda bildirilmiş olmasıdır.
Quranda inkar edənlərin hz. İsa (ə.s)-ı öldürmək məqsədiylə bir tələ qurduqları xəbər verilir. Rəvayətlərə görə hz. İsa (ə.s)-ın yanındakılardan birinin xəyanət etməsi vəsiləsi ilə, Allahın elçisini ələ keçirib, romalılara təslim etmək istəyiblər. Bu tələnin aqibəti isə Quranda belə bildirilmişdir:
Onlar (iman gətirməyənlər) tələ qurdular. Allah da (buna qarşılıq) tələ qurdu. Allah, tələ quranların ən yaxşısıdır. (Ali İmran surəsi, 54)
Ayədə də bildirildiyi kimi, hz. İsa (ə.s)-ı öldürmək üçün hərəkətə keçilmiş, tələ qurulmuşdur. Lakin onlar hz. İsa (ə.s)-ı öldürməyi bacara bilməmiş, onun bənzərini, hz. İsa (ə.s) zənn edərək öldürmüşlər. Allah, hz. İsa (ə.s)-ı diri şəkildə Öz qatına qaldıraraq, qurulan tələni puç etmişdir:
Və: "Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük" demələrindən ötrü (onlara belə cəza verdik). Halbuki onu öldürmədilər və onu asmadılar. Lakin onlara (onun) bənzəri göstərildi. Həqiqətən onun barəsində ixtilafa düşənlər, qəti şübhə içindədirlər. Onların zənnə uymaqdan başqa buna dair heç bir məlumatları yoxdur. Onu qətiyyən öldürmədilər. Xeyr; Allah onu Özünə tərəf qaldırdı. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Nisa surəsi, 157-158)
Romalıların hz. İsa (ə.s)-ı çarmıxa çəkərək öldürdükləri yanılması xristianlar arasında yayılmışdır. Bu yanlış məlumata görə, hz. İsa (ə.s)-ı ələ keçirən romalılar onu çarmıxa çəkərək öldürmüşlər. Tarixdə bəzi xristian məzhəbləri (məsələn, doketizm -docetism-) bunu rədd etsə də, dövrümüzdə xristian aləminin demək olar ki, hamısı hadisəni bu cür qəbul edir, lakin hz. İsa (ə.s)-ın öldükdən sonra dirilərək göyə yüksəldiyinə inanır. Lakin Quran ayələrində, hz. İsa (ə.s)-ın ölmədiyi və öldürülmədiyi, insanlara onun bənzərinin göstərildiyi, hz. İsa (ə.s)-ın diri şəkildə Allah qatına qaldırıldığı bildirilir:
Və: "Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük" (katelna) demələrindən ötrü (onlara belə cəza verdik). Halbuki onu öldürmədilər (ma katelehu) və onu asmadılar (ma salebuhu). Lakin onlara (onun) bənzəri göstərildi (şubbihe). Həqiqətən onun barəsində ixtilafa düşənlər, qəti şübhə içindədirlər. Onların zənnə uymaqdan başqa buna dair heç bir məlumatları yoxdur. Onu qətiyyən öldürmədilər (ma katelehu). (Nisa surəsi, 157)
Eyni ayənin davamında hz. İsa (əs)-ın ölmədiyi belə bildirilir:
Xeyr; Allah onu Özünə tərəf qaldırdı (refea). Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Nisa surəsi, 158)
Ayədə bildirilən həqiqət aydındır. Hz. İsa (ə.s)-ı öz aləmlərində öldürməyə cəhd edən romalılar, bunda müvəffəqiyyət qazana bilməyiblər. Ayədə işlənən; "...lakin onlara (onun) bənzəri göstərildi..." ifadəsi bu vəziyyəti açıq şəkildə xəbər verir.
Allah insanlara hz. İsa (ə.s)-ın bənzərini göstərmiş və hz. İsa (ə.s)-ı inkarçıların qurduğu tələdən qoruyaraq Öz qatına qaldırmışdır. Həmçinin Rəbbimiz, bu iddianı edənlərin həqiqətə dair məlumatları olmadığını da bildirmişdir.
Peyğəmbərlərin ölümlərinin nəql olunduğu hekayələrdə işlənən sözlərlə, hz. İsa (ə.s)-ın Allah qatına qaldırılmasından bəhs edilən ayələrin araşdırılması, hz. İsa (ə.s)-ın vəziyyətiylə əlaqədar mühüm həqiqəti ortaya çıxardır: Hz. İsa (ə.s) digər peyğəmbərlər kimi vəfat etməyib və ya inkar edənlər tərəfindən öldürülməyib, Rəbbimiz onu Öz qatına qaldırmışdır. Bu hissədə hz. İsa (ə.s)-ın və digər peyğəmbərlərin ölümlərini ifadə edən sözlərin ərəbcə variantlarını və Quran ayələrində nə cür istifadə olunduqlarını araşdıracağıq.
Quranda peyğəmbərlərin ölməsi və ya öldürülməsiylə əlaqədar işlədilən sözlər irəlidə daha ətraflı görəcəyimiz kimi, "katele (öldürmək), mate (ölmək), haleke (həlak olmaq), salebe (asmaq)" və ya bir neçə xüsusi sözdür. Halbuki, hz. İsa (ə.s) üçün, Quranda çox açıq şəkildə; "onu öldürmədilər (ma katelehu) və asmadılar (ma salebuhu)" ifadəsi işlədilərək heç bir öldürmə formasıyla öldürülmədiyi bildirilmişdir. Allah ayələrdə insanlara hz. İsa (ə.s)-ın bənzərinin göstərildiyini və onun Öz qatına qaldırıldığını bildirir. Bu həqiqət Ali İmran surəsində belə xəbər verilir:
Bir zaman Allah İsaya demişdi ki; “Ey İsa! Doğrusu səni Mən vəfat etdirəcəyəm (müteveffiyke), səni Özümə tərəf qaldıracağam (rafiuke), səni inkar edənlərdən təmizləyəcəyəm və sənə tabe olanları Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm… (Ali İmran surəsi, 55)
Quranda ölüm mənası daşıyan sözlərin və Ali İmran surəsində işlənən “vəfat etdirmə” sözünün istifadə formaları belədir:
Ayədə işlənən "vəfat" sözü Azərbaycan dilində işlədilən ölmək mənasından fərqli mənalar verir. Ayələrin ərəbcə qarşılıqlarının araşdırılması, hz. İsa (ə.s)-ın bildiyimiz mənada ölmədiyini açıqca göstərir. Maidə surəsinin 117-ci ayəsində ölüm hadisəsindən belə bəhs edilir:
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki, onların arasındayam, mən onlara şahidəm. Məni vəfat etdirdikdə (teveffeyteni) isə, onlara şahidlik edən Özün oldun. Sən hər şeyə Şahidsən. (Maidə surəsi, 117)
Bu ayələrdə işlənən və azərbacan dilindəki tərcümələrdə öldürmə və ya vəfat etdirmə kimi, tərcümə edilən söz (teveffeyteni) ərəbcədə "vefea" kökündən törəmişdir və bu fel ölüm mənasını deyil, "canın alınması" mənasını verir. Necə ki, ərəbcə təfsirlərdə də ölüm mənasında işlədilmir. İslam alimi Qurtubinin təfsiri bunun nümunələrindən biridir. Qurtubinin təfsirində həmin bu söz üçün; "nəfslərin alınması" ifadəsi işlədilmişdir. Necə ki, insanın canının alınmasının həmişə ölüm mənasını vermədiyi yenə Quranda bizə bildirilir. Məsələn, "vefea" sözünün işləndiyi bir ayədə insanın ölməsindən deyil, yuxudakı vəziyyətindən bəhs edilir:
Sizi gecələr vəfat etdirən (yeteveffakum) və gündüzlər "nə etdiklərinizi" bilən, sonra müəyyən olunmuş əcəl çatana qədər onda sizi dirildən Odur... (Ənam surəsi, 60)
Bu ayədə "vəfat etdirmə" kimi tərcümə edilən sözlə, Ali İmran surəsinin 55-ci ayəsində işlədilən söz eynidir, yəni hər iki ayədə də "vefea" sözü işlənilir. İnsanın, gecələr içində olduğu vəziyyət ölüm olmadığına görə yuxarıdakı ayədə işlədilən "yeteveffakum" sözünün ölümü nəzərdə tutmadığı, düzgün tərcümənin "gecə canlarınızı alan" kimi olmalı olduğu aydındır. Aşağıdakı ayədə isə, eyni sözdən bu cür istifadə edilir:
Allah, öləcəkləri (mevt) zaman canlarını alar (yeteveffa); ölməyənin də yuxusunda (canını alar) (lem temut). Beləliklə də, barəsində ölüm qərarı (el mevte) veriləni tutar, o birisini isə müəyyən olunmuş əcəli çatana qədər sərbəst buraxar... (Zumər surəsi, 42)
Bu ayədən də aydın olacağı kimi, Allah yatan insanın canını alır, lakin barəsində ölüm qərarı verilməyəni əcəli çatana qədər təkrar sərbəst buraxır. Buna görə də, insan bildiyimiz mənada ölmüş olmaz. Təkcə müvəqqəti olaraq ruhu bədənini tərk edər və fərqli bir aləmə daxil olar. Allah oyanacağı vaxt, insanın ruhunu bədəninə qaytarar.
Yuxunun bir növ vəfat kimi qiymətləndirildiyini, lakin bununla bioloji ölümün nəzərdə tutulmadığını göstərən nümunələrdən biri də Peyğəmbərimiz (s.ə.v)-in yuxusundan oyandığı zaman: "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun" (Buhari, Kitabu'd Deavat 6312; İbni Sinni, Fi Amelli'l Yevm ve'l Leyle, no. 647, 856, 857, 885; Muhammed Halil Herras; Hz. İsa (as) Gelecek mi?, Isparta 2002, səh. 9) dediyini bildirən hədisdir. Şübhəsiz ki, hz. Məhəmməd (s.ə.v) bu hikmətli sözüylə, yatılan vaxt bioloji mənada ölüm baş verdiyinə deyil, yatan insanın bizim anladığımızdan fərqli mənada "canının alındığına" diqqət çəkmişdir. Tanınmış İslam alimi və təfsirçi İbn Kəsir də, Ali İmran surəsini təfsir edərkən, digər bir çox dəlillə birlikdə həmin bu hədisdən istifadə etmişdir. İbn Kəsirin təfsirində, "vefea" sözünün yuxuya işarə etdiyi, eyni sözün digər ayələrdə nə cür qeyd olunduğu göstərilərək izah olunur. İbn Kəsir, bu izahlardan sonra, İbn Əbu Hatimdən rəvayət edilən bir hədisdən də istifadə edərək qənaətini belə ifadə edir:
İbn Əbu Hatim belə deyir: "Atam bizə... Həsəndən belə rəvayət etdi: “Səni vəfat etdirəcəyəm...” ayəsi barəsində bu açıqlamanı vermişdir: Burada, “Səni yuxu kimi ölüm ilə öldürəcəyəm, yəni yatırdacağam” mənasındadır ki, Allah hz. İsa (ə.s)-ı yuxuda olarkən göyə qaldırmışdır... Bu mütləq həqiqətdir ki, Allah, hz. İsa (ə.s)-ı, yuxu ilə vəfat etdirdikdən sonra göyə qaldırmış və həmin dövrdə özünə əziyyət verən yəhudilərin əziyyətlərindən xilas etmişdir”.(4)
Quranda ölüm mövzusundan bəhs edilərkən, əsasən ərəbcədə "öldürmək" mənasını verən "katele" sözündən istifadə edilir. Mümin surəsində "katele" sözündən bu cür istifadə edilir:
Firon dedi: "Buraxın məni, Musanı öldürüm (aktul) ki, (gedib) Rəbbinə yalvarsın... (Mümin surəsi, 26)
Ayədə işlənən "Musanı öldürüm" ifadəsinin ərəbcəsi "aktul Musa" kimidir. Bu söz katele felindən törəmişdir. Digər bir ayədə isə, eyni sözdən, bu cür istifadə edilir:
...Peyğəmbərləri haqsız yerə öldürmələrinə görə idi (yaktulune)... (Bəqərə surəsi, 61)
Ayədə işlənən "öldürmələrinə görə idi" sözünün ərəbcəsi "yaktulune" kimidir və yenə eynilə katele sözündən törəmişdir. Həmçinin tərcümədə də açıqca ifadə edildiyi kimi, "öldürmək" mənasını verir. Aşağıda peyğəmbərlərin ölümündən bəhs edən bəzi ayələrdə "katele" felinin nə cür işlədildiyi bildirilir. Mötərizə daxilində mənaları bildirilən bütün sözlərin kökləri KATELE feilidir:
...Onların bu sözlərini və peyğəmbərləri haqsız yerə öldürmələrini (katlehum) yazacağıq... (Ali İmran surəsi, 181)
...De: "Əgər inanırdınızsa, daha əvvəl nə üçün Allahın peyğəmbərlərini öldürürdünüz? (taktulune)". (Bəqərə surəsi, 91)
Allahın ayələrini inkar edənlər, peyğəmbərləri haqsız yerə öldürənlər (yaktulune) və insanlardan ədaləti əmr edənləri öldürənlər (yaktulune); ... (Ali İmran surəsi, 21)
Öldürün (uktulu) Yusifi və ya onu bir yerə atıb tərk edin... (Yusif surəsi, 9)
"Ey Musa! Qabaqcıllar səni öldürmək (li yaktulu) barəsində məşvərət edirlər..." (Qəsas surəsi, 20)
Qövmünün (İbrahimə) cavabı isə ancaq: “Ya onu öldürün (uktuluhu), ya da yandırın!” demələri oldu... (Ənkəbut surəsi, 24)
Quranda öldürmək feli üçün işlədilən digər bir söz də, "haleke" felidir. Haleke sözü ayələrdə "həlak olmaq, ölmək" mənalarında işlədilir. Məsələn, Mümin surəsinin 34-cü ayəsində belə işlənir:
...Nəhayət, o, vəfat etdikdə (haleke) dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!”... (Mümin surəsi, 34)
Ayədə, azərbaycan dilinə "vəfat etdikdə" kimi tərcümə edilən sözün ərəbcəsi "iza heleke" kimidir və bu sözün mənası da ölmək deməkdir.
Quranda peyğəmbərlərin ölümü ilə əlaqədar işlədilən digər bir söz isə "el mevte" sözüdür. Mate sözü ayələrdə "ölmək" mənasında işlədilir. Bunlardan biri Səba surəsində hz. Süleymanla əlaqədar bildirilir:
Onun (Süleymanın) ölümünə (el mevte) hökm verdiyimiz zaman onun öldüyünü (mevtihi), onlara ancaq əsasını yeyən bir ağac qurdu xəbər verdi... (Səba surəsi, 14)
Eyni kökdən gələn digər bir söz isə, hz. Yəhya barəsində işlədilir:
...Doğulduğu gün də, öləcəyi gün (yemutu) də, yenidən dirildiləcəyi gün də ona salam olsun! (Məryəm surəsi, 15)
Bu ayədə "öləcəyi" kimi tərcümə edilən sözün ərəbcəsi "yemutu" sözüdür. Eyni söz hz. Yaqubun ölümü ilə əlaqədar ayələrdə də işlədilir:
Yoxsa siz Yaqubun ölüm anında (el mevte) onun yanında idiniz? (Bəqərə surəsi, 133)
Bu ayədə işlənən "el mevte" sözü də yenə eyni kökdən gəlir və ölüm mənası daşıyır.
Hz. Məhəmməd (s.ə.v) ilə əlaqədar bir ayədə isə, "katele" və "mate" felləri eyni anda işlədilir:
Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə (mate) və ya öldürülərsə (kutile) siz gerimi dönəcəksiniz?... (Ali İmran surəsi, 144)
Mate (ölmək) kökündən gələn mevt sözü, yenə peyğəmbərlərin ölümlərindən bəhs edilən başqa ayələrdə də işlənilir:
...O dedi: “Kaş bundan əvvəl öləydim (mittu) və bir dəfəlik unudulaydım!” (Məryəm surəsi, 23)
Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük (el hulde) nəsib etmədik. Məgər sən öləcəksən (mitte), onlar həmişəlik qalacaqlar?! (Ənbiya surəsi, 34)
O Rəbb ki, məni öldürəcək (yumituni), sonra dirildəcəkdir. (Şuəra surəsi, 81)
Ayələrdə işlənib, bilavasitə ölmək və ya öldürmək felini deyil, təkcə ölümsüzlüyü ifadə edən digər bir söz də, "halid" sözüdür. Halid sözünün mənası daimi olmaq, ölməzliyi davam etmək kimidir. Ənbiya surəsində "halid" sözündən bu cür istifadə edilmişdir:
Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi (halidiyne) də deyillər. (Ənbiya surəsi, 8)
Quranda peyğəmbərlərin ölümlərindən bəhs edilərkən işlədilən sözlərdən biri də salebe (asmaq) felidir. Salebe feli "asmaq, çarmıxa çəkmək və edam etmək" kimi mənalara gəlir. Bu fel ayələrdə bu cür işlədilir:
...Halbuki onu öldürmədilər və onu asmadılar (ma salebu)... (Nisa surəsi, 157)
...Sizdən biriniz öz ağasına şərab içirdəcək, digəriniz isə asılacaq (yuslebi)... (Yusif surəsi, 41)
...Ancaq öldürülmələri və ya asılmaları (yusallebu)... (Maidə surəsi, 33)
Mütləq əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı edam edəcəyəm (usallibennekum). (Əraf surəsi, 124)
Ayələrdən də göründüyü kimi, hz. İsa (ə.s)-ın vəfatı ilə digər peyğəmbərlərin ölümlərinin çatdırıldığı ayələr bir-birindən çox fərqli sözlərlə ifadə edilir. Allah Quran ayələrində hz. İsa (ə.s)-ın öldürülmədiyini, asılmadığını, insanlara onun bir bənzərinin göstərildiyini, onu vəfat etdirdiyini (yəni yuxu vəziyyətindəki kimi canını aldığını) və Öz qatına yüksəltdiyini bildirmişdir. Hz. İsa (ə.s) üçün "canını almaq" mənasını verən "vefea" feli işlədildiyi halda, digər peyğəmbərlər üçün normal ölümü ifadə edən "katele" və ya "mevt" kimi fellər işlədilir. Bu məlumatlar isə bizə, hz. İsa (ə.s)-ın Allah qatında diri olduğunu və yer üzünə yenidən gələcəyini bir daha göstərir.
Hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyi mövzusu Quranda və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində çox açıq şəkildə bildirilmişdir. Bir çox ayədə və hədisdə bu mövzu ilə əlaqədar qəti ifadələr var.
"...Sənə tabe olanları Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm..."
Hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gələcəyinə dair işarələr daşıyan ayələrdən ilki Ali İmran surəsinin 55-ci ayəsidir:
Bir zaman Allah İsaya demişdi ki; “Ey İsa! Doğrusu səni Mən vəfat etdirəcəyəm (müteveffiyke), səni Özümə tərəf qaldıracağam (rafiuke), səni inkar edənlərdən təmizləyəcəyəm və sənə tabe olanları Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm. Sonra sizin dönüşünüz yalnız Mənədir, ixtilafa düşdüyünüz şey barəsində aranızda Mən hökm verəcəyəm. (Ali İmran surəsi, 55)
Allah qiyamətə qədər inkar edənlərə üstün gələn və hz. İsa (ə.s)-a həqiqətən tabe olan bir qrupun varlığından bəhs edir. Hz. İsa həyatda olarkən ona tabe olanların sayı çox azdı. Həmçinin onun Allah qatına qaldırılmasından sonra da dində sürətlə degenerasiya başladı. Sonrakı iki əsr boyunca da, hz. İsa (ə.s)-a iman gətirənlər (isəvilər) şiddətli təzyiqlərə məruz qaldılar. Üstəlik, isəvilərin heç bir siyasi gücü də yox idi. Belə olan halda, keçmişdə yaşayan xristianların, inkar edənlərə üstün gəldiklərini və bu ayənin onları işarə etdiyini söyləyə bilmərik.
Dövrümüzdə isə xristianlığın əslindən uzaqlaşdığını, hz. İsa (ə.s)-ın təbliğ etdiyi haqq dindən fərqli dinə çevrildiyini görürük. Xristianların əksəriyyəti arasında hz. İsa (ə.s)-ın Allahın oğlu olduğu şəklindəki (Allahı tənzih edirik) azğın inanc mənimsənilmiş və təslis inancı (üçlük; Ata, Oğul, Müqəddəs Ruh) əsrlər əvvəl qəbul edilmişdir. Belə olan halda, dinin əslindən tamamilə uzaqlaşmış olan dövrümüzün xristianlarını da hz. İsa (ə.s)-a tabe olanlar kimi qəbul edə bilmərik, çünki Allah, Quranın bir çox ayəsində "üçlüyə" inananların inkar içərisində olduqlarını bildirmişdir:
And olsun, "Allah üçlüyün üçüncüsüdür" deyənlər küfr edənlərdən olmuşdur. Halbuki tək bir ilahdan başqa heç bir ilah yoxdur... (Maidə surəsi, 73)
Belə olan halda; "sənin tabe olanları Qiyamət gününə qədər inkar edənlərdən üstün edəcəyəm" ifadəsində açıq bir işarə var. Hz. İsa (ə.s)-a tabe olan və qiyamətə qədər yaşayacaq olan bir qrup olmalıdır. Belə bir qrup, şübhəsiz ki, hz. İsa (ə.s)-ın yer üzünə təkrar gəlişi ilə ortaya çıxacaq. Həmçinin təkrar dünyaya gəlişi əsnasında bu mübarək insana tabe olanlar, qiyamətə qədər inkar edənlərdən üstün ediləcək.
Həmçinin ayənin sonunda bəhs edilən "...sonra dönüşünüz Mənədir..." ifadəsi də diqqətçəkəndir. Allah hz. İsa (ə.s)-a tabe olanları Qiyamət gününə qədər inkar edənlərdən üstün edəcəyini xəbər verdikdən sonra, hz. İsa (ə.s) da daxil olmaqla, hamısının özünə qayıdacağını bildirir. "Allaha qayıtmaları" ölmələri kimi başa düşülür. Bu da, hz. İsa (ə.s)-ın da qiyamətə yaxın dövrdə yer üzünə təkrar gəldikdən sonra öləcəyinə işarədir.
"...Ölmədən əvvəl ona iman gətirməyəcək heç kəs yoxdur..."
Nisa surəsinin 156-158-ci ayələrinin ardınca Allah, 159-cu ayədə belə buyurur:
And olsun, Kitab əhlindən, ölmədən əvvəl ona iman gətirməyəcək heç kəs yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq. (Nisa surəsi, 159)
Yuxarıdakı ayədə qeyd olunan; "ölmədən əvvəl ona iman gətirməyəcək heç kəs yoxdur" ifadəsi olduqca diqqətçəkəndir. Bu cümlənin ərəb dilində qarşılığı belədir: "...ve in min ehlil kitabi illa leyüminenne bihi kable mevtihi".
Burada bəzi təfsirçilər "o" əvəzliyinin hz. İsa (ə.s) yerinə Qurana işarə etdiyini düşünür və ayəyə Kitab əhlinin ölmədən Qurana iman gətirəcəyi şəklində bir şərh verirlər. Halbuki bu ayənin əvvəlindəki iki ayədə də "o" əvəzliyi mübahisəsiz şəkildə hz. İsa (ə.s) üçün işlədilmişdir:
Nisa surəsi, 157-ci ayə:
Və: "Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük" demələrindən ötrü (onlara belə cəza verdik). Halbuki onu öldürmədilər və onu asmadılar. Lakin onlara (onun) bənzəri göstərildi. Həqiqətən onun barəsində ixtilafa düşənlər, qəti şübhə içindədirlər. Onların zənnə uymaqdan başqa buna dair heç bir məlumatları yoxdur. Onu qətiyyən öldürmədilər.
Nisa surəsi, 158-ci ayə:
Xeyr; Allah onu Özünə tərəf qaldırdı. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.
Bu ayələrdən dərhal sonra gələn ayədə işlədən "o" əvəzliyinin hz. İsa (ə.s)-dan başqa bir varlığı nəzərdə tutduğunun heç bir dəlili yoxdur.
Nisa surəsi, 159-cu ayə:
And olsun, Kitab əhlindən, ölmədən əvvəl ona iman gətirməyəcək heç kəs yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq.
Digər tərəfdən ayənin ikinci cümləsində qeyd olunan; "Qiyamət günü, o da onların əleyhinə şahid olacaq" ifadəsi də olduqca əhəmiyyətlidir. Quranda qiyamət günü insanın dilinin, əllərinin və ayaqlarının (Nur surəsi, 24, Yasin surəsi, 65), eşitmə, görmə orqanlarının və dərilərinin (Fussilət surəsi, 20-23) öz əleyhlərinə şahidlik edəcəkləri bildirilir. Quranın şahidliyi ilə əlaqədar isə heç bir ayə yoxdur. İlk cümlənin (cümlə quruluşu etibarilə və ya ayələrin ardıcıl gəlməsi baxımından hər hansı bir dəlil olmamasına baxmayaraq) "Quran"ı ifadə etdiyi qəbul edilsə, ikinci cümlədə qeyd edilən "o" əvəzliyinin də Qurana işarə etdiyi iddia edilmiş olar. Halbuki Allah Quranda bizə bu mövzuyla əlaqədar hər hansı məlumat verməyib.
Bununla yanaşı, əvvəlki ayədə bildirilən; "...Allah onu Öz qatına qaldırdı" ifadəsi də, bu ayədə işarə edilənin Quran olmadığını bir daha göstərir. Quran 1400 ildir ki, iman gətirənlərə hidayət rəhbəridir və Allah qatına qaldırılmamışdır. Allah qatına qaldırılan hz. İsa (ə.s)-dır. Bu da ayədə xəbər verilən şahidliyin, hz. İsa (ə.s)-ın Kitab əhli üçün edəcəyi şahidlik olduğunu, ayədə "o" əvəzliyi ilə Qurana işarə edilmədiyini göstərən digər bir dəlildir.
Quran ayələrinə baxdığımız zaman, eyni əvəzliyin, Qurana işarə etdiyi hallarda, (Tariq surəsi, 13, Təkvir surəsi, 19, Nəml surəsi, 77 və Şuəra surəsi, 192-196-cı ayələrdə də olduğu kimi) ayənin əvvəlində və ya sonrasında mütləq Qurandan bəhs edildiyini görərik. Ayənin əvvəlində, sonrasında və ya ayənin daxilində Qurandan bəhs edilmirsə, bu ayənin Quranı təsvir etdiyini söyləmək yanlış ola bilər. Ayə çox açıq şəkildə hz. İsa (ə.s)-a iman gətirilməsindən və onun iman gətirənlərə şahid olmasından bəhs edir.
Ayənin mənası barəsində ifadə edəcəyimiz ikinci xüsus isə; "ölümündən əvvəl" ifadəsinin şərhi ilə əlaqədardır. Bəziləri bu ifadənin "Kitab əhlinin öz ölümlərindən əvvəl" iman gətirməsi mənasında olduğunu düşünürlər. Bu şərhə görə Kitab əhlindən olan hər bir şəxs özünə ölüm gəlmədən hz. İsa (ə.s)-a mütləq iman gətirəcək. Halbuki ərəb qrammatikası, bu iddianın doğru olmadığını göstərir.
Quranda Kitab əhli ilə əlaqədar bütün ayələrdə, cəm formanı ifadə edən "hum" şəkilçisindən istifadə edilmişdir. (Beyyinə surəsi, 1 və 6; Hədid surəsi, 29; Həşr surəsi 2-də olduğu kimi.) Bu ayədə isə tək formanı ifadə edən "h" şəkilçisindən istifadə edilmişdir. Belə olan halda, ayədə xəbər verilən, hz. İsa (ə.s)-ın ölümündən (yəni yer üzünə ikinci dəfə gəlib bioloji cəhətdən ölümündən) əvvəl Kitab əhlinin özünə iman gətirəcəyidir (doğrusunu Allah bilər).
Həmçinin hz. İsa (ə.s) dövründə Kitab əhli adlandırılan yəhudilər ona iman gətirməyiblər. Eyni vəziyyət bugünkü yəhudilər üçün də etibarlıdır, çünki onlar hz. İsa (ə.s)-ı peyğəmbər kimi qəbul etmirlər. Bu günə qədər hz. İsa (ə.s)-a iman gətirməmiş milyonlarla Kitab əhlindən olan yəhudi yaşamış və hz. İsa (ə.s)-a iman gətirmədən ölmüşdür. Dolayısilə ayədə Kitab əhlinin deyil, hz. İsa (ə.s)-ın ölümündən bəhs edilir. Nəticə etibarilə, ayələrin bizə göstərdiyi həqiqət isə budur: "hz. İsa (ə.s) ölmədən əvvəl bütün Kitab əhli ona iman gətirəcək".
Ayə əsil mənasıyla ələ alındıqda isə, çox açıq həqiqətlərlə qarşılaşarıq.
Birincisi, ayədə gələcəkdən bəhs edildiyi aydındır, çünki hz. İsa (ə.s)-ın ölümündən bəhs edilir. Halbuki o ölməmiş Allah qatına yüksəlmişdir. Hz. İsa (ə.s) dünyaya yenidən gələcək və hər insan kimi yaşayıb öləcək. İkincisi hz. İsa (ə.s)-a bütün Kitab əhlinin iman gətirməsindən bəhs edilir. Bu da hələ ki, reallaşmamış ancaq qətiyyən reallaşacağı bildirilən bir hadisədir. Dolayısilə buradakı "ölümündən əvvəl" ifadəsinin işarə etdiyi insan hz. İsa (ə.s)-dır. Kitab əhli onu görüb tanıyacaq, ona yaşayarkən, irəliləyən sətirlərdə təfsilatlı şəkildə bəhs ediləcəyi kimi, müsəlman olaraq itaət edəcək və hz. İsa (ə.s) da onların vəziyyətləriylə əlaqədar axirətdə şahidlik edəcək.
"Şübhəsiz ki, O, Qiyamət saatı üçün bir (elmdir) əlamətdir..."
Hz. İsa (ə.s)-ın yenidən yer üzünə qayıdacağı ilə əlaqədar digər bir ayə də Zuxruf surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən etibarən hz. İsa (ə.s)-dan bəhs edilir:
Məryəm oğlu (İsa) nümunə kimi verildikdə, sənin qövmün dərhal ondan (həzz alaraq bəhs edib) qəhqəhə ilə gülürlər. Dedilər: "Bizim ilahlarımız yaxşıdır, yoxsa o?" Bunu yalnız bir mübahisə olsun deyə (nümunə) verdilər. Xeyr, onlar “mübahisəkar və düşmən” qövmdür. O, yalnız bir quldur; özünə nemət verdik və onu İsrail oğulları üçün bir nümunə etdik. Əgər Biz istəsəydik, əlbəttə, sizi mələk olaraq yaradardıq; yer üzündə (sizə) xələf (yerinizə keçənlər) olardılar. (Zuxruf surəsi, 57-60)
Bu ayələrdən dərhal sonra gələn 61-ci ayədə hz. İsa (ə.s)-ın qiyamət saatı üçün bir elm olduğu bildirilir:
Şübhəsiz ki, o Qiyamət saatı üçün bir elmdir (əlamətdir). Elə isə onun barəsində heç bir şübhəyə qapılmayın və Mənə tabe olun. Dosdoğru yol budur. (Zuxruf surəsi, 61)
Bu ayənin hz. İsa (ə.s)-ın Axırzamanda yer üzünə qayıdacağına açıq işarə etdiyini söyləyə bilərik. Çünki hz. İsa (ə.s), Quranın endirilməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Dolayısilə bu ilk həyatını "qiyamət saatı üçün bir məlumat", yəni bir qiyamət əlaməti kimi başa düşə bilmərik. Ayənin işarə etdiyi məna, hz. İsa (ə.s)-ın, Axırzamanda, yəni qiyamətdən əvvəlki son zamanda yenidən yer üzünə qayıdacağı və bunun da bir qiyamət əlaməti olacağıdır.
Bu ayədə işlənən; "O, qiyamət saatı üçün bir elmdir (əlamətdir)" ifadəsinin ərəbcə qarşılığı belədir: "İnnehu le ilmun lissaati".
Bu ifadədə yer alan "hu" əvəzliyinin "Quran"a işarə etdiyini söyləyənlər var. Lakin yuxarıda da bildirildiyi kimi, Quran üçün "hu", yəni "o" əvəzliyi işlədildiyi zaman, mütləq ayənin əvvəlində və ya sonrasında və ya ayənin daxilində Qurandan bəhs edən başqa ifadələr də olar. Başqa bir mövzu daxilində "hu" əvəzliyi ilə Qurandan bəhs edilməz. Həmçinin bu ayənin əvvəlindəki ayəyə baxıldığı zaman, orada da açıq şəkildə hz. İsa (ə.s) nəzərdə tutularaq o əvəzliyindən istifadə olunduğu görüləcək:
"O, yalnız bir quldur; özünə nemət verdik və onu İsrail oğulları üçün bir nümunə etdik". (Zuxruf surəsi, 59)
Bu əvəzliyin Qurana işarə etdiyini söyləyənlər isə ayənin davamında bəhs edilən; "Ondan şübhə etməyin, mənə tabe olun!" ifadəsini dəlil kimi göstərirlər. Lakin bu ifadədən əvvəlki ayələr tamamilə hz. İsa (ə.s)-dan bəhs edir. Buna görə də, "hu" əvəzliyinin əvvəlki ayələrlə əlaqəli olması və hz. İsa (ə.s)-dan bəhs etməsi daha uyğundur. Necə ki, böyük İslam alimləri də bu əvəzliyi istər ayələrə, istərsə də səhih hədislərə əsaslanaraq, hz. İsa (ə.s) kimi açıqlayırlar. Elmalılı Həmdi Yazırın təfsirində bu mövzu belə açıqlanır:
"Şübhəsiz ki, o saat üçün bir elmdir də -saatın gələcəyini ölülərin dirilərək qiyam edəcəyini bildirən bir dəlil və əlamətdir. Çünki İsa istər zühuru, istər əmvati əhya (ölüləri diriltmə) möcüzəsi, istərsə də əmvatın qiyamını (ölülərin qalxmasını) xəbər verməsi etibarilə qiyamətin baş verəcəyinə bir dəlil olduğu kimi hədisdə varid olduğuna görə əşrəti saatdandır (qiyamət əlamətidir)".(5)
"...Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək..."
Hz. İsa (ə.s)-ın ikinci gəlişini xəbər verən başqa ayələr də belədir:
Bir zaman mələklər dedilər: "Məryəm! Doğrusu, Allah Öz tərəfindən bir kəlməni sənə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, dünyada və axirətdə “seçilən, şərəfli və hörmətlidir” və (Allaha) yaxınlaşdırılanlardandır. O Beşikdə də, yetkinliyində də insanlarla danışacaq. Həmçinin o salehlərdəndir. "Rəbbim, mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?" dedi. "(Lakin) Allah nə istəsə yaradar. Bir işin olmasına qərar versə, yalnız ona "ol!" deyər, o da dərhal olar. Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 45-48)
Ayədə, Allahın hz. İsa (ə.s)-a Tövratı, İncili və bir də "Kitabı" öyrədəcəyi xəbər verilir. Bu kitabın hansı kitab olduğu, şübhəsiz ki, əhəmiyyətlidir. Eyni ifadə Maidə surəsinin 110-cu ayəsində də işlədilir:
Allah belə deyəcək: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! Mən səni Ruhul-Qüds ilə dəstəklədim, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətdim..." (Maidə surəsi, 110)
Hər iki ayədə də işlənən "Kitab" ifadəsini araşdırdığımız zaman, bunun Qurana işarə etdiyini görərik. Ayələrdə Tövrat və İncildən başqa göndərilən son haqq kitabın Quran olduğu bildirilir. (Hz. Davud (ə.s)-a verilən Zəbur da da Əhdi-Ətiqin içindədir) Bununla yanaşı, Quranın başqa ayələrində, "Kitab" sözü, İncil və Tövratın yanında Quranı ifadə etmək üçün işlədilmişdir:
Allah... Ondan başqa İlah yoxdur. Diridir, Qaimdir. O, sənə Kitabı Haqq və özündən əvvəlkiləri təsdiqləyici olaraq endirdi. O, Tövrat və İncili də endirmişdi. (Ali İmran surəsi, 2-3)
Kitab sözünün Qurana işarə etdiyi başqa ayələr isə belədir:
Allah qatından yanlarında olanı (Tövratı) təsdiqləyən bir Kitab gəldiyi zaman, (belə ki, bundan əvvəl inkar edənlərə qarşı qələbə istəyirdilər) məhz bildikləri gəldikdə, onu inkar etdilər. Artıq Allahın lənəti kafirlərin üzərinədir. (Bəqərə surəsi, 89)
Belə ki, sizə, aranızdan ayələrimizi oxuyacaq, sizi təmizləyəcək, sizə Kitabı və hikməti öyrədəcək və bilmədiklərinizi xəbər verəcək bir elçi göndərdik. (Bəqərə surəsi, 151)
Belə olan halda, hz. İsa (ə.s)-a öyrədiləcək üçüncü "Kitab"ın Quran olduğu və bunun da təkcə hz. İsa (ə.s)-ın Axırzamanda dünyaya qayıtdığı zaman mümkün ola biləcəyi açıqca görünür. Çünki hz. İsa (ə.s) Quranın endirilməsindən təxminən 600 il əvvəl yaşamışdı. İrəliləyən hissələrdə təfsilatlı şəkildə görəcəyimiz kimi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. İsa (ə.s)-ın dünyaya ikinci dəfə gəlişində İncillə deyil, Quranla hökm edəcəyi bildirilir. Bu da ayədəki mənaya tam uyğun gəlir.
"Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir..."
"Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir..." (Ali İmran surəsi, 59) ayəsi də hz. İsa (ə.s)-ın qayıdışına işarə edə bilər. Təfsir alimləri ümumiyyətlə bu ayənin hər iki peyğəmbərin də atasız olma xüsusiyyətinə, hz. Adəm (ə.s)-ın Allahın "ol" əmri ilə torpaqdan yaradılması ilə hz. İsa (ə.s)-ın yenə "ol" əmri ilə atasız doğulmasına işarə etdiyinə diqqət çəkiblər. Lakin ayənin ikinci bir işarəsi daha ola bilər. Hz. Adəm (ə.s) cənnətdən yer üzünə necə endirildisə, hz. İsa (ə.s) da Axırzamanda Allah qatından yer üzünə endirilə bilər.
Göründüyü kimi, hz. İsa (ə.s)-ın yer üzünə qayıdacağına dair Quranda işlənən ayələr çox aydındır. Quranda digər peyğəmbərlər üçün bunlara bənzər ifadələr işlədilməyib. Lakin bütün bu ifadələr, hz. İsa (ə.s) üçün işlədilib. Bunun mənası isə olduqca aydındır.
"...Doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən qaldırılacağım gün..."
Quranda hz. İsa (ə.s)-ın ölümünü ifadə edən digər bir ayə isə Məryəm surəsində belə xəbər verilir:
"Salam mənədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən qaldırılacağım gün də". (Məryəm surəsi, 33)
Bu ayə Ali İmran surəsinin 55-ci ayəsi ilə birlikdə araşdırıldığı zaman çox mühüm bir həqiqətə işarə edir. Ali İmran surəsindəki ayədə hz. İsa (ə.s)-ın Allah qatına qaldırıldığı bildirilir. Bu ayədə ölmək və ya öldürülmək ilə əlaqədar məlumat verilmir. Lakin Məryəm surəsinin 33-cü ayəsində hz. İsa (ə.s)-ın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə, təkcə hz. İsa (ə.s)-ın ikinci dəfə dünyaya gəlməsi və bir müddət yaşadıqdan sonra vəfat etməsi ilə mümkün ola bilər.
"...həm beşikdə ikən, həm də yetkin (kehlen) çağında insanlarla danışırdın..."
Hz. İsa (ə.s)-ın dünyaya gələcəyi ilə əlaqədar digər dəlil də, Maidə surəsinin 110-cu ayəsində və Ali İmran surəsinin 46-cı ayəsində işlənən "kehlen" sözüdür. Ayələrdə belə buyrulur:
Allah belə deyəcək: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! Mən səni Ruhul-Qüds ilə dəstəklədim, həm beşikdə ikən, həm də yetkin (kehlen) çağında insanlarla danışırdın..." (Maidə surəsi, 110)
"Beşikdə də, yetkinliyində (kehlen) də insanlarla danışacaq. Həmçinin o salehlərdəndir”. (Ali İmran surəsi, 46)
Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız hz. İsa (ə.s) üçün işlədilir. Hz. İsa (ə.s)-ın yetkin halını ifadə etmək üçün, işlədilən "kehlen" sözünün mənası "otuz ilə əlli yaşları arasında, gənclik dövrünü başa vurub qocalığa ayaq basan, kamillik yaşına çatmış kimsə" şəklindədir. Bu söz İslam alimləri arasında ittifaqla "35 yaşdan sonrakı dövrə işarə edir" şəklində tərcümə edilir.
Hz. İsa (ə.s)-ın gənc yaş dövrü olan otuz yaşın əvvəlində Allah qatına yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını bildirən və İbn Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri, hz. İsa (ə.s)-ın yaşlılıq dövrünün, dünyaya gəlişindən sonra olacağını, dolayısilə bu ayənin, hz. İsa (ə.s)-ın nüzuluna dair bir dəlil olduğunu söyləyirlər.(6)
İslam alimlərinin bu şərhinin doğru olduğu, bəhs edilən ayələr diqqətlə araşdırıldığı zaman asanlıqla başa düşülür. Quran ayələrinə baxıldığı zaman bu ifadənin, yalnız hz. İsa (ə.s) üçün işlədildiyini görərik. Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət ediblər. Hamısı da yetkin yaşlarında təbliğ vəzifəsini yerinə yetiriblər. Lakin Quranda heç bir peyğəmbər üçün belə bir ifadə işlədilmir. Bu ifadə yalnız hz. İsa (ə.s) üçün və möcüzəvi bir vəziyyəti ifadə etmək məqsədiylə işlədilmişdir. Çünki ayələrdə bir-birinin ardınca gələn "beşikdə" və "yetkin çağında" sözləri iki böyük möcüzəvi zamana diqqət çəkirlər.
Necə ki, İmam Təbəri, “Təbəri təfsiri” adlı əsərində bu ayələrdə işlənən ifadələri belə açıqlayır:
"Bu ifadələr (Maidə surəsi, 110), hz. İsa (ə.s)-ın ömrünü tamamlayıb yaşlılıq dövründə insanlarla danışa bilməsi üçün, göydən enəcəyinə işarə edir. Çünki o, gənc yaşda olarkən göyə qaldırılmışdı...
Bu ayədə (Ali İmran surəsi, 46), hz. İsa (ə.s)-ın həyatda olduğuna dəlil var və əhli-sünnə də bu fikirdədir. Çünki ayədə, onun yaşlandığı zamanda da insanlarla danışacağı ifadə edilir. Yaşlanması da təkcə, səmadan yer üzünə enəcəyi zamanda mümkün olacaq".(7)
"Kehlen" sözünün izahları da, Quranda bəhs edilən digər məlumatlar kimi, hz. İsa (ə.s)-ın təkrar yer üzünə gəlişinə işarə edir. Bütün bu izah edilənlər hz. İsa (ə.s)-ın Axırzaman adlandırılan dövrdə yer üzünə gələcəyini və insanları haqq din olan İslama yönəldəcəyini göstərir. Şübhəsiz ki, bu, Allahın iman gətirənlərə böyük müjdəsi, rəhməti və nemətidir. İman gətirənlərin məsuliyyəti isə, hz. İsa (ə.s)-ı ən gözəl şəkildə müdafiə edərək dəstəkləmək və onun insanları dəvət etdiyi Quran əxlaqını ən doğru şəkildə yaşamaqdır.
Hədislərdə, hz. İsa (ə.s)-ın yer üzünə qayıtması, qayıtmadan əvvəl və qayıtdıqdan sonra baş vercək müxtəlif hadisələr barəsində Peyğəmbərimiz (s.ə.v) çox mühüm məlumatlar vermişdir. Peyğəmbərimiz (s.ə.v)-in gələcək barəsində verdiyi məlumatlar "qeyb" xəbərlərindəndir. Allah ayələrdə istədiyi elçilərinə qeyb məlumatlarını verəcəyini bildirmişdir:
O, qeybi Biləndir. Öz qeybini (görünməz məlumat xəzinəsini) heç kimə açıq saxlamaz (ona agah etməz). Lakin elçiləri (peyğəmbərləri) arasında razı olduğu (seçdikləri kəslər) istisnadır. Çünki O, bunun önündə və arxasında izləyicilər (gözətçilər) qoyar. (Cin surəsi, 26-27)
Rəbbimiz Fəth surəsində də Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə yuxular vasitəsi ilə məlumat verdiyini xəbər vermişdir:
And olsun, Allah elçisinin gördüyü yuxunun haqq olduğunu təsdiqlədi. Əgər Allah istəsə, siz mütləq Məscidül-Hərama güvən içində, saçlarınızı qırxdırmış, (bəziləriniz də) qısaltmış vəziyyətdə (və) qorxusuzca girəcəksiniz. Lakin Allah sizin bilmədiyinizi bildi və beləliklə bundan əvvəl sizə yaxın bir qələbə (nəsib) etdi. (Fəth surəsi, 27)
Ayədə göründüyü kimi, Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v)-ə müxtəlif qeyb xəbərləri vermişdir. Bu xəbərlər, Peyğəmbərimiz (s.ə.v)-ə və onunla birlikdə olan saleh möminlərə Allahın böyük dəstəyidir, yardımıdır.
Peyğəmbərimiz (s.ə.v) Allahın bildirməsi ilə, qiyamət əlamətləri ilə əlaqədar də bir çox xəbər vermişdir. Hz. İsa (ə.s)-ın Axırzamanda yer üzünə ikinci dəfə gəlişi Peyğəmbərimiz (s.ə.v)-in gələcəklə əlaqədar verdiyi xəbərlər arasında mühüm yerə malikdir. Axırzamanla əlaqədar rəvayətlər səhih hədis mənbəyi olan kütübi-sittənin bütününə və sonra da İmam Malikin “müvəttəsi”, İbn Huzeymə ilə İbn Hibbanın “səhihləri”, İbn Hənbəl və Tayalisinin “müsnədləri” kimi ən mötəbər hədis mənbələrinə daxil olmuşdur. Bu mənbələrdən öyrəndiyimizə görə Peyğəmbərimiz (s.ə.v), hz. İsa (ə.s) ilə əlaqədar çox xüsusi açıqlamalar vermişdir. Hz. İsa (ə.s)-ın ikinci gəlişi mövzusu, "təvatür" (güclü xəbər) dərəcəsində bilinən bir mövzu olaraq hədis elmində yerini almışdır.
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) hədislərində, Axırzamanda din əxlaqının bütün dünyada hakim olacağını, yer üzünə sülh, ədalət və rifahın hakim olacağını bildirir. Peyğəmbərimiz (s.ə.v) bu hakimiyyəti, xristian aləmi ilə İslam aləmini birləşdirəcək olan hz. İsa (ə.s)-ın, hz. Mehdi (ə.s) ilə birlikdə reallaşdıracağını bizə müjdələyir. Hazırda yer üzündə mövcud olan din əleyhdarı fəlsəfələrin tətbiqləri nəticəsində cəmiyyətlərin içinə sürükləndiyi vəziyyət ortadadır. Əxlaqsızlıq, narkotik, terror, qıtlıq və digər bir çox problem xristian və islam aləminin bunlarla fikri mübarizə aparması üçün birləşməsini tələb edir. Dünyanın hazırkı ictimai quruluşu xristian-islam ittifaqını sanki zəruri hala gətirmişdir. Xristianlığın dünyadakı inkişaf etmiş ölkələrdə, liderlər səviyyəsindəki təsiri də nəzərə alınsa, gələcək illərdə yarana biləcək İslam-Xristian ittifaqının nə qədər təsirli ola biləcəyi açıq şəkildə görünür.
Hz. İsa (ə.s)-ın gəlişi mövzusunda nəql edilən hədislər təvatür dərəcəsindədir. Bir çox tədqiqatçı da alimlərimizin düşüncələrinin bu yöndə olduğunu çatdırır. Təvatürə “Büyük Lugat” da belə tərif verilir:
Təvatür: güclü xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan güclü xəbərdir.(8)
İslam alimi Seyyid Şərif Cürcani, təvatür hədis anlayışını belə açıqlayır:
Xəbər-i mütəvatir (doğru xəbər), raviləri çoxluğu ilə o dərəcəyə çatan bir xəbərdir ki, adətə görə, bu qədər çox rəvayətçinin yalan uydurmaq üçün birləşmələri qeyri-mümkün olar. Belə olan halda, rəvayət edilən xəbər barəsində ləfz (söz) və məna tutursa buna, "mütəvatir-i ləfzi (sözləri eyni olan doğru rəvayət)" deyilər. Əgər hamısının arasında müştərək mənada ittifaq olmaqla birılikdə ləfzlər (sözlər) arasında ixtilaf vardırsa buna, "mütəvatir-i mənəvi (mənası eyni olan doğru rəvayət)" deyilər.(9)
Hz. İsa (ə.s)-ın gəlişinin təvatür dərəcəsində hədislərlə bildirildiyinə dair xüsusi olaraq bir əsər qələmə alan böyük hədis alimi Şeyx Məhəmməd Ənvər əl-Kəşmiri “Et Tasrih bi-ma tevatera fi nuzuli'l Mesih” adlı əsərində 75 hədisə və 25 səhabəyə və səhabələri görənlərə aid əsərə yer vermişdir.
Hz. İsa (ə.s)-ın gələcəyini nəql edən alimlərin başında məzhəb imamımız İmami-Əzəm Əbu Hənifə gəlir. Əbu Hənifə, “əl-Fiqhul Əkbər” adlı əsərinin son hissəsində bunları bildirir:
Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğması, İsa (ə.s)-ın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə varid olduğu vəchlə, haqqdır, olacaqdır.(10)
Hz. İsa (ə.s)-ın yer üzünə gəlişi mövzusu qiyamətin on böyük əlamətindən biridir və bir çox İslam alimi əsərlərində bu mövzunu təfsilatlı şəkildə ələ alıb. Bu mövzudakı izahlar bütünlüklə qiymətləndirildiyi zaman, hz. İsa (ə.s)-ın ikinci gəlişi barəsində İslam alimləri arasında müəyyən söz birliyi olduğu açıq şəkildə görünür. Məsələn, əs-Səffarini, “Ləvami” adlı əsərində, İslam alimlərinin bu mövzuda ittifaq halında olduqlarını belə ifadə edir:
Bütün ümmət, Məryəm oğlu İsanın enəcəyi xüsusunda ittifaq edib. Şəriət əhlindən heç kim bu barədə müxalif olmayıb.(11)
Böyük İslam alimi Seyyid Əlusi də, “Ruhul-Məani” təfsirində, (digər İslam alimlərinin fikirlərindən nümunələr verərək) hz. İsa (ə.s)-ın enişi mövzusunda camaatın eyni fikirdə olduğunu, bu mövzuda xəbərlərin mənəvi təvatür dərəcəsinə çatacaq qədər geniş yayılmış olduğunu, hz. İsa (ə.s)-ın gəlişinə iman gətirməyin vacib olduğunu açıqlayıb.(12)
İmam Kövsəri də hz. İsa (ə.s)-ın enişi ilə əlaqədar fikirlərini belə bildirib:
Hz. İsa (ə.s)-ın enişi ilə əlaqədar hədislərdəki təvatür, "təvatür-i mənəvidir". Səhih (möhkəm) və həsən (gözəl) hədislərin hər biri, fərqli mənalara dəlalət etməklə yanaşı, hamısı hz. İsa (ə.s)-ın enəcəyi barəsində həmfikirdirlər ki, bu, hədis elminin qoxusunu iyləyən bir kimsə üçün inkarı mümkün olmayan bir həqiqətdir... Mehdi ilə, Dəccalın çıxacağı ilə hz. İsa (ə.s)-ın enəcəyi xüsusundakı hədislərin təvatür dərəcələrinə çatmış olmaları, hədis elmi əhlinə görə qətiyyən şübhə ediləcək bir xüsus deyil. Elmi-kəlam əhlindən (inanc elmi ilə məşğul olanlardan) bəzilərinin qiyamət əlamətləri ilə əlaqədar hədislərə inanmağın vacib olduğunu qəbul etmələri ilə bərabər, bu hədislərdən bir hissəsinin mütəvatir olub-olmadığı xüsusundakı şübhələri isə, hədis elmi ilə əlaqədar məlumatlarının azlığından qaynaqlanır.(13)
Alim İbn Kəsirin açıqlamalarında və Sünəni Əbu Davudun “Əvnül-məbud şərhu” adlı kitabında, mövzuyla əlaqədar olaraq belə bildirilir:
Məhz bunlar Rəsulullah (s.ə.v)-dən mütəvatir olaraq rəvayət edilmişdir və bu hədislərdə, hz. İsa (ə.s)-ın necə və hara enəcəyi xüsusu bildirilmişdir... Hz. İsa (ə.s)-ın cəsədi-şərifi (bədəni) ilə dünyaya enəcəyi barəsində zikr edilən səhih və mütəvatir hədislər, təvilə (başqa şəkildə şərh edilməyə) əlverişli deyil. Dolayısilə, zərrə qədər imanı və insafı olan hər kəsin, hz. İsa (ə.s)-ın yer üzünə enəcəyinə inanması lazımdır ki, bunu təkcə şəriətə zidd, Allahın Kitabına, Rəsulunun sünnəsinə və əhli-sünnənin ittifaqına müxalif olan kəslər inkar edə bilər.(14)
Hədislərin təvatür olduğu mövzusunda verilən digər bir açıqlama isə belədir:
Şəvkani də İsa (ə.s)-ın enəcəyinə dair hədislərin sayının 29-a çatdığını söyləyərək, bunları bir-bir nəql etmiş və sonunda: "Bizim nəql etdiyimiz hədislər göründüyü kimi, təvatür həddinə çatdı. Bu bəyanımızla bu nəticəyə gəlinir ki, gözlənilən Mehdi barəsindəki hədislər, Dəccal barəsində hədislər və İsa (ə.s)-ın enməsinə dair hədislər mütəvatirdir" deyib.(15)
Tirmizi, Əbu Davud, Bəzzaz, İbni Macə, Hakim, Təbərani və Əbu Yəla Mosuli bu mövzu barəsində müxtəlif səhabələrdən rəvayətlər nəql ediblər; Əli, İbn Abbas, İbn Ömər, Təlhə, İbn Məsud Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudri, Ümmü Həbibə, Ümmü Sələmə, Səvban, Kürrə ibn İyas, Əli Hilal və Abdullah ibn Həris ibn Cüzə bəzi sənədlərlə istinad ediblər.(16) Bunlarla yanaşı İbn Həcər Heysəmi “əs-səvaiqul-muhriqə” kitabında, Şəblənci “Nurul-Əbsar” kitabında, İbn Səbbağ “əl-füsulul-mühimmə”, Məhəmməd əs-Səbban “İsafur-rağibin”, Gənci-i Şafi “əl-Bəyan” kitabında, Şeyx Mənsur Əli “Ğayətul-Məmul” kitabında və nəhayət Suveydi “Səbaik-uz Zəhəb” adlı kitabda hz. İsa (ə.s)-ın gəlişi ilə əlaqədar hədislərin mütəvatir olduğunu yazıblar.(17)
Bu hədisləri əhli-sünnə mühəddis (hədis alimi) və alimləri öz kitablarında yazıblar. Məsələn; Əbu Davud, Əhməd Tirmizi, İbn Macə, Hakim, Nəsai, Təbərani, Rəvyani, Əbu Nuaym əl-İsfahani, Deyləmi, Beyhəqi, Sələbi, Həməvəyni, əl-Mənavi, İbn Məğazili, İbn Cəvzi, Muhammed-us Sabban, Mavərdi, Genci-i Şafii, Səmani, Xarəzmi, Şərani, Dərəqutni, İbn Səbbağ Maliki, Şəblənci, Muhibbuddin Təbəri, İbn Həcər Heysəmi, Şeyx Mənsur Əli Nasif, Məhəmməd ibn Təlhə, Cəlaləddin Süyuti, Şeyx Süleyman Hənəfi, Qurtubi, Bağavi və digər alimlər bu mövzuya əsərlərində yer veriblər.
Şeyx Əbdulfəttah əbu Quddə də, hz. İsa (ə.s)-ın yer üzünə enib Dəccalı öldürəcəyinə dair rəvayətlərin təvatür dərəcəsinə çatdığını bilirir.(18) Hədis alimi Kətaninin də “Nəzmül-Mütənasir” adlı əsərində(19) "hz. İsa (ə.s)-ın enişinin kitab, sünnə və icmai-ümmət ilə sabit olduğunu, bu xüsusdakı hədislərin, həmçinin Dəccal və Mehdi barəsindəki hədislərin də mütəvatir olduğunu" müdafiə etdiyi görülür. Təfsir alimi İbni Atiyyə əl-Qırnadi əl-Əndülüsinin “əl-Bəhrul Muhit” adlı təfsirində, "hz. İsa (ə.s)-ın sağ olduğu, Axırzamanda enəcəyi barəsində ümmətin həmfikir olduğu və bu mövzudakı hədislərin mütəvatir olduğu" ifadə edilir.
Mövzu barəsində əsərləri olan müəlliflərin nəql etdiklərindən də aydın olur ki, hədis mənbələri çox zəngindir. Üstəlik, hz. İsa (ə.s)-ın gəlişinin Axırzamanda baş verəcək qiyamət əlamətlərindən olduğunu bildirən hədislər də Buxari, Müslim kimi əsas hədis mənbələrində mövcuddur. Bu hədislərdən bəziləri belədir:
Siz on əlaməti görmədikcə heç vaxt Qiyamət qopmaz... Biri də İsa (ə.s)-ın enməsidir... (Müslim, Kitabü-l Fiten: 39)
Vallah Məryəm oğlu (hz. İsa əleyhissalam), Fəccur-Ravha nam mövqedə, həcc etmək və ya ümrə etmək yaxud hər iki ibadət üçün razılıq alacaq. (Müslim, Hacc: 216, 1252)
Qiyamət on əlamət görünmədikcə qopmaz: Duman, Dəccal, Dəbbətül-ərz, Günəşin qərbdən doğması, İsanın yer üzünə enməsi... (Rudani, Büyük Hadis Külliyatı, 5-ci cild, səh. 362)
Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır... [Buhari, Kitabü'l-Büyu': 102, Mezalim: 31, Enbiya 49; Müslim, İman: 242 (155); Ebu Davud, Melahim: 14 (4324); Tirmizi, Fiten: 54 (2234)]
İsa enəcək; əmirləri: “dur gəl, bizə namaz qıldır!” deyəcək. Buna cavab olaraq: "Bəziləriniz digərlərinizin əmiridir. Bu, Allahın bu ümmətə bir lütfüdür, kərəmidir” deyəcək. (Rudani, Büyük Hadis Külliyatı, 5-ci cild, səh. 380)
Vallah mütləq və mütləq Məryəm oğlu İsa enəcək, həmçinin ədalətli bir hakim, ədalətli bir hökmdar kimi enəcək... (Sahih-i Müslim bi Şerhin-Nevevi, 2-ci cild, səh. 192; Kenzul Ummal, Kitabul-İman, Bab-ı Nüzul-i İsa İbn-i Meryem, 14/332)
İmamınız özünüzdən olduğu halda, Məryəm oğlu aranıza endiyi zaman siz necə olarsınız?" (Buhari, Enbiya 50, 3265, 3/1272; Müslim, İman: 71,155,1/136; Beyhaki, Esma ve Sıfat: 3265, 2/166)
Əhli-sünnənin etiqad məsələlərini açıqlayan demək olar ki, bütün əsərlərdə, hz. İsa (ə.s)-ın qiyamətdən əvvəl yer üzünə gələcəyi, Dəccal ilə mübarizə aparıb onu fikrən yox edəcəyi, hz. Mehdi (ə.s) ilə birlikdə həqiqi din əxlaqını dünyaya hakim edəcəyindən bəhs edilir. İslam alimləri, Qurani Kərimdə yer alan dəlilləri və hədislərdə bildirilən xəbərləri bir yerdə qiymətləndirərək, hz. İsa (ə.s)-ın qayıdışına inanmağı mühüm bir inanc əsası kimi qəbul ediblər. Həmçinin mövzunu belə açıqlayırlar:
1) Nisa surəsinin 157-ci ayəsində Allah; "...halbuki onu öldürmədilər və onu asmadılar. Lakin onlara (onun) bənzəri göstərildi..." deyə bildirmişdir. Bu ayə ilə birlikdə Quranın digər bir çox ayəsində hz. İsa (ə.s)-ın Allah qatında diri olduğu bildirilir və yer üzünə ikinci dəfə gələcəyinə işarə edilir. İslam alimləri bu mövzuda ittifaqla, bunun əksini müdafiə etməyin qətiyyən mümkün olmadığını söyləyirlər. Məsələn, İbn Həzm bu ayəni təfsir edərkən; "hz. İsa (ə.s)-ın öldürüldüyünü söyləyən bir kimsənin mürtəd (İslam dinindən dönən) və ya kafir olacağını" vurğulamışdır.(20)
2) Hz. İsa (ə.s)-ın gəlişi ilə əlaqədar hədislərin, təvatür dərəcəsində və bu mövzuda heç bir şübhəyə yer verməyəcək şəkildə açıq olmaları müsəlmanlar üçün çox mühüm dəlildir. Üstəlik, bu mövzudakı hədislərə qarşı irəli sürülə biləcək, (yəni hz. İsa (ə.s)-ın yenidən gəlməyəcəyini bildirən) tək bir fərqli hədis belə yoxdur.
3) Cabir İbn Abdullahdan rəvayət edilən; "Mehdinin zühurunu inkar edən, mütləq Məhəmməd (s.ə.v)-ə nazil olanı inkar etmişdir. Məryəm oğlu İsanın enişini inkar edən də mütləq kafir olmuşdur. Dəccalın çıxacağını qəbul etməyən də mütləq kafirdir" hədisi də İslam alimləri tərəfindən istifadə edilən digər bir dəlildir. Bu hədis, Şeyx Xacə Məhəmməd Parsayinin “Fəslül-Xitab”, Şeyx Əbu Bəkir əl-Kəlabazinin “Məanil Əxbar”, İmam Süheylinin “ər-Rəvzül-unuf”, İmam Süyutinin “əl-Arful Verdi fi Ahbaril Mehdi” kimi tanınmış İslami mənbələrdə qeyd olunur. Həmçinin Şeyx Əbu Bəkir, bu hədisin sənətini də açıqlamışdır: "Bizə Məhəmməd İbn əl-Hasən, ona Əbu Abdullah əl-Hüseyn İbn Məhəmməd, ona İsmayıl İbn Üveys, ona Malik İbn Əbəs, ona Məhəmməd İbn Münkə, ona da Cabir İbn Abdullah həzrətləri beləcə bildiriblər".(21)
4) Hz. İsa (ə.s)-ın gəlişi ilə əlaqədar hədisləri nəql edən ravilərin çoxluğu və etibarlılıqları də İslam alimlərinin diqqət çəkdikləri digər xüsusdur. Bu ravilərdən bəziləri bunlardır: Əbul Əşas əs-Sənani, Əbu Rafi, Əbul Aliyə, Əbu Ümamə əl-Bahili, Əbud Dərda, Əbu Hüreyrə, Əbu Malik əl-Xudri, Cabir ibn Abdullah, Hüzeyfə İbn Ədis, Səfinə, Qatadə, Osman ibn əl-As, Nafi İbn Keysan, Vəlid İbn Müslim, Əmmar İbn Yasir, Abdullah İbn Abbas...
Bütün bu məlumatlar nəticəsində İslam alimləri hz. İsa (ə.s)-ın enişinə və həqiqi din əxlaqını dünyaya hakim edəcəyinə iman gətirməyi, mühüm inanc əsaslarından biri kimi qiymətləndiriblər.
4) Yüce Kur'an'ın Çağdaş Tefsiri, Prof. Dr. Süleyman Ateş, 2-ci cild, səh. 49-50
5) Elmalılı Hamdi Yazır, http://www.kuranikerim.com/telmalili/zuhruf.htm
6) Faslu'l-Makal fi Ref'I İsa Hayyen ve Nüzulihi ve Katlihi'd-Deccal, Muhammed Halil Herras, Mektebetü's Sünne, Kahire, 1990, səh. 20
7) Taberi Tefsiri, İmam Taberi, 2-ci cild, səh. 528; 1-ci cild, səh. 247
8) Osmanlıca-Türkçe Ansiklopedik Büyük Lügat, Türdav, İstanbul, 2000, səh. 997
9) Muhtasar-ı Seyyid-i Şerif, səh. 46; Nüzul-i Mesih Risalesi, Ahmed Mahmud Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 167
10) Fıkh-ı Ekber, Ebu Hanife, Nu'man b. Sabit (150/767), tərcüməçi: H. Basri Çantay, Ankara, 1982
11) Levamiu'l Envaril Behiyye, es-Seffarini, 2/94-95; Nüzul-i Mesih Risalesi, Ahmet Mahmut Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 169
12) Ruhu'l Meani, Seyyid Alusi, 7/60; Nüzul-i Mesih Risalesi, Ahmet Mahmut Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 168
13) İmam-ı Kevseri, Nazratün Abira, səh. 44-49; Nüzul-i Mesih Risalesi, Ahmet Mahmut Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 167-168
14) İbn-i Kesir, 1/578-582; Avnü'l Mabud, 11/457-464; Nüzul-i Mesih Risalesi, Ahmed Mahmud Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 166
15) Sünen-i İbn-i Mace, 10/338
16) Mukaddime, İbni Haldun, MEB Şark Islam Klasikleri, 2-ci cild, səh. 137-139
17) http://www.ahl-ul-bayt.org/Turkish/Books/04_adlet/002.htm
18) Said Havva, A.g.e., 9: 445
19) Nazmü'l-mütenasir fi'l-hadisi'l-mütevatir, el-Kettani Ebu'l-Fayd Muhammed b. Ca'fer el-Hasani, Halep, səh. 147; İslam İnancı Açısından Nüzul-i İsa Meselesi, Dr. Zeki Sarıtoprak, Çağlayan nəşriyyatı, İzmir, 1997, səh. 108
20) İlmü'l-Kelam, İbn Hazm, səh. 56-57; İslam İnancı Açısından Nüzul-i İsa Meselesi, Dr. Zeki Sarıtoprak, Çağlayan nəşriyyatı, İzmir, 1997, səh. 53
21) Suyuti, el-Havi, el-Arful Verdi fi Ahbaril Mehdi risalesi, 2/161; Nüzul-i Mesih Risalesi, Ahmed Mahmud Ünlü, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 120