Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir. (Bəqərə surəsi, 280)
Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir. (Bəqərə surəsi, 282)
Yusuf onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. (Yusif surəsi, 42)
O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. (Yusif surəsi, 67)
Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Leyl surəsi, 8-10)
Xeyr! İnsan, doğrudan da, həddini aşır – özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi, 6-7)
Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki, ovçulardan (yaxud aslandan) qaçırlar. (Müddəssir surəsi, 49-51)
Onlar özlərinin xoşlamadıqları qızları Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar orada tərk olunacaqlar. (Nəhl surəsi, 62)
Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Yusif surəsi, 53)
…”Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!” (Qəsas surəsi, 24)
Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!” – de. (Taha surəsi, 114)
Qarun dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar). (Qəsas surəsi, 78)
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi, 32)
Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər. (Kəhf surəsi, 65)
Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!” (Nəml surəsi, 15)
Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O dedi: “Deyəsən odur!” Süleyman dedi: “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!” (Nəml surəsi, 42)
Hud dedi: “Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm”. (Əhqaf surəsi, 23)
De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır (İsra surəsi, 107)
Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər. (Ənbiya surəsi, 74)
Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik. (Ənbiya surəsi, 79)
Elçiləri onlara açıq-aydın ayələr gətirdikdə, ancaq özlərindəki biliyə sevindilər və, beləliklə də, onları istehza etdikləri şey əzabla çulğaladı. (Mümin surəsi, 83)
Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!” – deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır. (Mücadilə surəsi, 11)
Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan. (Əraf surəsi, 89)
Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq. (Qəsas surəsi, 14)
Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)
Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”. (Əraf surəsi, 12-13)
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. (İsra surəsi, 37)
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (Səcdə surəsi, 15)
Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)
Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. (Tövbə surəsi, 25)
Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!” – deyər və sevinib lovğalıq edər. (Hud surəsi, 10)
Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbi haqqı inkar edir. Özləri də təkəbbürlüdürlər. (Nəhl surəsi, 22)
Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir. (Mümin surəsi, 56)
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)
Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)
O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. (Casiyə surəsi, 8)
Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır. (Nisa surəsi, 172)
Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur” – söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm” – deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” – dediklərini bircə görəydin. (Ənam surəsi, 93)
Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. (Əraf surəsi, 36)
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir. (Nisa surəsi, 36)
Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”. (Cümə surəsi, 11)
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)
Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər. (Ali İmran surəsi, 173)
Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir!” (Taha surəsi, 70-73)
İnsan tələsən yaradılmışdır. Mən dəlillərimi sizə göstərəcəyəm. Məni tələsdirməyin. (Ənbiya surəsi, 37)
İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. (İsra surəsi, 11)
Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Nəhl surəsi, 1)
Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq. (Məryəm surəsi, 84)
Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Bu, bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi? (Əhqaf surəsi, 35)
Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! (Qiyamət surəsi, 16)
Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın. (Əraf surəsi, 2)
Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” – deyirdilər. Onlara buna bənzər mənfəətlər yenə də gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf surəsi, 169)
Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)
Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə qüvvət verdik. (Kəhf surəsi, 14)
Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, vədimizə inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala gördüyü işi açıb bildirəcəkdi. (Qəsas surəsi, 10)
Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız. (Ənfal surəsi, 45)
Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə qüvvət verdik. (Kəhf surəsi, 14)
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)
Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər. (Tövbə surəsi, 54)
Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)
Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar. (Ənbiya surəsi, 19)
Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər. (Fussilət surəsi, 38)
Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır. (Nisa surəsi, 172)
İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)
Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (Qiyamət surəsi, 14-15)
Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır. (Fəth surəsi, 11)
… İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)
Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar. (Tövbə surəsi, 81)
və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali İmran surəsi, 167)
Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və aranızdakı münasibətləri düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin. (Ənfal surəsi, 1)
Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir! (Bəqərə surəsi, 182)
Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır. (Nisa surəsi, 35)
Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik. (Nisa surəsi, 114)
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. (Hucurat surəsi, 9)
Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir! (Bəqərə surəsi, 224)
Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)
Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mücadilə surəsi, 8)
Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun! (Mücadilə surəsi, 9)
Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər. (Mücadilə surəsi, 10)
Məgər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir? (Tövbə surəsi, 78)
Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır. (Zuxruf surəsi, 80)
Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. (İsra surəsi, 36)
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz. (Hucurat surəsi, 6)
Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)
Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – demədilər? Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!” – demədiniz? Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. (Nur surəsi, 12-17)
Hər bir qeybət edənin, tənə vuranın vay halına! (Hüməzə surəsi, 1)
Həm də ona görədir ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. ... (Fəth surəsi, 6)
İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. (Həcc surəsi, 8)
Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür. (Ali İmran surəsi, 20)
Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”. (Ali İmran surəsi, 61)
Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız? (Ali İmran surəsi, 65)
Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)
Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız? (Ənam surəsi, 80)
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə mübahisə etməyə başladı. (Hud surəsi, 74)
Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir. (Həcc surəsi, 19)
Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan. (Həcc surəsi, 67)
İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? (Nəcm surəsi, 12)
O kəslər ki, sözbazlıqdan qaçırlar, (Muminun surəsi, 3)
İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi, 6)
Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. (Vaqiə surəsi, 25)
Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)
Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər. (Qəsas surəsi, 55)
Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır. (Məryəm surəsi, 62)
qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?” (Ənbiya surəsi, 3)
Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq. (Ənbiya surəsi, 16)
İşlərini qurtaran kimi Allah yolunda çalış! (İnşirah surəsi, 7)
Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır. (Saff surəsi, 2-3)
və etmədikləri şeylərə aid söhbət açırlar? (Şuəra surəsi, 226)
İşlərini qurtaran kimi Allah yolunda çalış! (İnşirah surəsi, 7)
Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır. (Səba surəsi, 13)
Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır. (Ali İmran surəsi, 188)
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)
Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik. (Nisa surəsi, 54)
De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən!” (Fələq surəsi, 1-5)
Sözsüz ki, Yusuf və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır. Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (Yusif surəsi, 7-9)
Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 19)
Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın! Həqiqətən, Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 109)
İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi, 213)
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! ... (Ali İmran surəsi, 103)
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Saff surəsi, 4)
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. (Nisa surəsi, 115)
Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına! (Məryəm surəsi, 37)
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)
Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun. (Tövbə surəsi, 119)
O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar. (Şura surəsi, 39)
Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali İmran surəsi, 105)
Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir. Sən onları bir müddət öz cəhaləti içində burax! (Muminun surəsi, 53-54)
... Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin. (Ənfal surəsi, 1)
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. (Hucurat surəsi, 9)
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. (Yusif surəsi, 103)
Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy axirətə yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər. (Rum surəsi, 60)
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir. (Ənam surəsi, 111)
Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır. (Bəqərə surəsi, 100)
Allah müşriklərin bəhirə, saibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır. (Maidə surəsi, 103)
Kafirlər dedilər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bunu bilmir”. (Ənam surəsi, 37)
Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 17)
Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük. (Əraf surəsi, 102)
Necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir. (Tövbə surəsi, 8)
Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir. (Yunis surəsi, 36)
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Bilin ki, Allahın vədi haqdır, lakin onların çoxu bunu bilmir. (Yunis surəsi, 55)
Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir. (Yunis surəsi, 60)
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. (Yusif surəsi, 105-106)
Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir. (Nəhl surəsi, 75)
Onlar Allahın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir. (Nəhl surəsi, 83)
Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər. (Ənbiya surəsi, 24)
Yaxud: “O cinlidir?” – deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır. (Muminun surəsi, 70)
Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar. (Furqan surəsi, 44)
Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər? Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı. (Şuəra surəsi, 7-8)
Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər. (Nəml surəsi, 61)
Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu başa düşmür. (Ənkəbut surəsi, 63)
Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” (Qəsas surəsi, 17)
Sən bu Kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma! (Qəsas surəsi, 86)
Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma. (Nisa surəsi, 105)
Özlərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Şübhəsiz ki, Allah xəyanət edən günahkarı sevməz. (Nisa surəsi, 107)
Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə edirsiniz. Bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək və yaxud onları kim qoruyacaq? (Nisa surəsi, 109)
Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən. (Nisa surəsi, 88)