Xeyirləri görməyin yolları

Hər hadisəni Allah`ın yaratdığını bilmək...

İnsanların bir çoxu xeyirli bildiyi hadisələrlə xoşbəxt olduğu halda, pis görünən hadisələrə görə hüznə düşürlər. Halbuki iman edənlər üçün sıxıntıya düşmək çox yersizdir. Allah Quranda hər hadisəni saleh qullarının xeyrinə yaratdığını müjdə vermiş, onlar üçün heç bir zaman hüzn və sıxıntı olmayacağını xəbər vermişdir.

Quranda bildirilən bu həqiqətə inanan insan dünya həyatında bütün hadisələr qarşısında xoşhal olmağı və bunlardakı gözəllik və hikmətləri görməyi bacarır.

Bəzi insanlar isə illərlə yaşadığı bu dünyanın niyə və necə var olduğunu heç düşünmədən yaşantılarına davam edirlər. Əlbəttə, vicdanən bütün gözəlliklərin və mükəmməl nizamın Yaradıcısının olduğunu bilirlər. Lakin dünya həyatını sevdiklərindən dolayı, yaxud qarşılaşacaqları gerçəkləri qəbul etmək istəmədikləri səbəbi ilə Allah`ın varlığını düşünməkdən qaçırlar. Gündəlik həyatda hadisələrin hamısını Allah`ın bir plan və hikmətlə yaratdığını görməzlikdən gəlir, bunları şans və ya təsadüf kimi xəyali düşüncələrlə açıqlamağa çalışırlar. Bu da onların hadisələrə xeyirlə baxmasını, yaşadıqlarından hikmətli nəticələr çıxarmasını əngəlləyir.

Bəziləri də Allah`ın varlığını bilir, bütün kainatı və insanı Allah`ın yaratdığını dərk edirlər. Yağışı, ildırımı və ya günəşin çıxmasını Allah`ın yaratdığını qəbul edirlər. Lakin gündəlik hadisələrin Allah`dan asılı olmadan baş verdiyinə inanırlar. Halbuki evə girən oğrunu, ayağa dəyən daşı, yağan yağışı, məhsul verən ərazini, yaxşı və ya pis gedən işləri, unudulub yanan yeməyi də yaradan Allah`dır. Bu mövzuda insan daha çox düşünməlidir. Çünki hər hadisə Allah`ın bilgisi daxilində baş verir. Hər hadisə çox incə planla Allah`ın sonsuz ağıl və hikməti ilə yaradılmışdır. İnsanın ayağına sıçrayan palçığı, partlayan təkəri, dəridə əmələ gələn ləkəni, hər bir xəstəliyi, qaydasında görünməyən işi, yazılan hər yazını və deyilən hər bir sözü Allah müəyyən planla yaradır.

İnsanın dünyaya göz açdığı andan etibarən qarşılaşdığı pis, yaxud yaxşı görünən bütün hadisələri Allah yaradır. Həyatı bir bütün olaraq yer üzünün tək hakimi olan Allah idarə edir. Allah qüsursuz, mükəmməl, hikmətli və ən gözəl şəkildə yaradandır. Bu, uca Allah`ın yaratdığı qədərdir. Allah`ın qədərdə yaratdığı hadisələri bölüb bir qisminə yaxşı, digər qisminə pis baxmaq yanlışdır. İnsan mükəmməlliyi görüb təqdir etməli və Allah`ın ən qüsursuz nəticələri yaradacağını bilərək hər hadisəni xeyrə yozmalıdır. Çünki Allah`a iman edən və imanı ilə hər şeyi xeyrə yozan insan dünya və axirətdə gözəlliklərlə qarşılaşacaq.

Yuxarıda bəhs etdiyimiz bu böyük həqiqətə Quranda bir çox ayədə diqqət çəkilmişdir. Buna görə, qədər həqiqətini unutmaq böyük xətadır. Allah`ın yaratdığı qədər təkdir və eynisi ilə yaşanır. Qədər deyildikdə bəzilərinin ağlına, adətən, “fəlakətə təsəlli” kimi yanlış düşüncə gəlir. İman edənlər isə qədəri ən doğru şəkildə qavrayır və qədərinin özləri üçün ən xeyirlisi olduğunu bilirlər.

Qədər müsəlman üçün tamamilə qüsursuz hazırlanmış, hikmət və xeyirlərlə dolu Cənnət hazırlığıdır. Möminin dünyada qarşılaşdığı hər bir çətinlik Cənnətdə sonsuzadək alacağı zövqün, nəşənin və hüzurun qaynağıdır “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir” (Şərh surəsi, 5) ayəsi də bir mənada buna işarə edir. Möminin səbir və cəsarətinə görə sonsuza qədər nemətlərlə mükafatlandırılması qədərdə yazılıdır.

Bir mömin gündəlik həyatda bəzi hadisələrə üzülüb narahatlıq duya bilər. Bunun səbəbi o an qarşısına çıxan hadisələrin qədərdə olduğunu və hər şeyi Allah`ın yaratdığını unutmasıdır. Ona: “Bu hadisəni Allah xeyirlə yaratdı”, -deyildikdə həmin anda qafil deyilsə, həqiqətləri tez görər və rahat olar. Bu səbəbdən, müsəlman anbaan hər hadisənin qədərdə olduğunu daim xatırlamalı və xatırlatmalıdır.

Allah`ın əzəldə xeyir və hikmətlə hazırladığı hadisələrə təvəkkül etməli, gözəlliklərini görüb hikmətini anlamağa çalışmalıdır. Hər insan Allah`ın diləməsi ilə bu həqiqətləri anlaya bilər. Bəlkə də hadisələrdəki saysız xeyir və hikmətin hamısı ilk anda müəyyən olmaya bilər. Amma bir hadisə baş veribsə, bilmək lazımdır ki, o, onsuz da müsəlman üçün Allah`ın yaratdığı xeyir və hikmətlə birlikdə gerçəkləşmişdir.

Dünyadakı canlı-cansız hər varlığın qədərlə yaradıldığını bilmək...

Qədər Allah`ın keçmişdən gələcəyə kimi yaşanmış və yaşanacaq bütün hadisələri tək bir anda bilməsidir. Bu, Allah`ın hər varlıq və hadisə üzərindəki mütləq hakimiyyətini ifadə edir. İnsanlar hadisələri yaşadığı zaman öyrənirlər. Lakin Allah bütün bunları hələ yaşanmamışdan qabaq da bilir. Allah üçün keçmiş, indiki və gələcək zaman birdir. Hamısı Allah`ın elmi və əhatəsi daxilindədir. Çünki bunların hamısını Rəbbimiz yaratmışdır.

“Biz, həqiqətən də, hər şeyi bir qədərlə yaratdıq” (Qəmər surəsi, 49) ayəsi ilə də bildirildiyi kimi, dünyadakı hər varlığın bir qədəri vardır. Bəzi insanlar qədərin mükəmməlliyini və bunda Allah`ın sonsuz gücünün olduğunu düşünmürlər. Bəziləri də qədəri sadəcə insanları maraqlandıran bir mövzu olaraq məhdudlaşdırırlar. Halbuki evdə gördüyünüz əşyaların, yoldakı daş parçalarının, meyvələri sallanan ağac budaqlarının, mağazada rəfdə qoyulan şüşə qabların, bir sözlə, canlı-cansız bütün varlıqların Allah qatında müəyyən olunmuş qədəri vardır. Hər birinin qədərini sonsuz ağıl sahibi Allah müəyyən etmişdir. Kainatda meydana gələn böyük-kiçik hər hadisə bir hikmətlə gerçəkləşir. Heç bir çiçək təsadüfən açmır və ya solmur. Həmçinin heç bir insan təsadüfən doğulmur, yaxud ölmür. Heç bir insan səhvən və ya idarəsiz şəkildə xəstələnmir. Əgər yaxşılıq və ya pisliklə qarşılaşırsa, bu, heç də təsadüfi və ya bəxtəbəxt deyildir. Hər birini insanın yaradılışı ilə birlikdə Allah xüsusi olaraq müəyyən etmişdir.

Allah Quranda “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, açıq-aydın yazıda olmasın” (Ənam surəsi, 59) ayəsi ilə torpağın və ya okeanların kilometrlərlə dərinliyində meydana gələn hadisələrdən tutmuş tək bir yarpaq dənəsinin düşməsinə qədər hər şeyin müəyyən qədərlə baş verdiyini bildirmişdir.

İnsanların çoxu yaşadığı qədərin hər anını uca Allah`ın yaratdığından xəbərsizdirlər. Bəziləri də necə yaradıldığını, həyatı boyu qarşısına çıxan nemətlərin necə var olduğunu heç düşünmür. Bir çoxları da həyatı və ölümü Allah`ın yaratdığını, lakin həyatın axarının təsadüfi şəkildə inkişaf etdiyini düşünürlər.

Halbuki Quranda “Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır” (Hədid surəsi, 22) ayəsi ilə baş verən hər hadisəni Allah`ın özəl bir hikmət və ağıl ilə planladığı bildirilir. İnsanın bu önəmli həqiqəti anlaması son dərəcə əhəmiyyətlidir. Çünki dünyadakı hər varlığın qədərini sonsuz ağıl və bilgi sahibi olan Allah müəyyən edir. Dolayısilə, hər şey ən mükəmməl şəkildə planlanır və ən hikmətli şəkildə yaradılır. Bu həqiqəti görənlər pis kimi görünən vəziyyətlərdə də xoşhal olur. Çünki onlar Allah`ın saleh qulları üçün qədəri ən gözəl şəkildə yaratdığını bilir və Allah`ın gözəl gördüyü bir şeyə qarşı insanın bədgüman olmasının qəflət olduğunu anlayırlar. Bunun əksini düşünmək, yəni neqativ hallarla qarşılaşdıqda baş verənləri Allah`ın yaratmadığını, bir başqasının buna səbəb olduğunu zənn etmək insanın qədəri anlamadığını göstərir. Neqativ görünən hər hadisə, əslində, bir “qədər dərsi”dir. Hər şeyi mütləq hikmət və xeyirlə dəyərləndirmək lazımdır. Böyük, orta dərəcəli və ya əhəmiyyətsiz görünən hər hadisə qədərdə hikmətlə yaradılmışdır.

Bəzi insanlar tez-tez baş verən və istəmədikləri formada inkişaf edən hadisələrə tərs kimi baxırlar. Halbuki bunda da xeyir və hikmət vardır. İnsan bunları tərs kimi görə bilər, halbuki o hadisələrin qədərdə o şəkildə gerçəkləşməsi daha xeyirlidir.

Gün boyu insanları narahat edən və əsəbiləşdirən hadisələrin hikmət və xeyirlərini Allah bir anda göstərsə, insan narahatlıq keçirməsinin yanlış olduğunu başa düşər. İman edən insan bu xeyirlərə görə hüznə düşməz, tam əksinə, sevinib şad olar. Buna görə də insan qədərdə, yəni uca Allah`ın qüsursuz yaratmasının hikmətli xüsusiyyəti olan hadisələrdə həmişə xeyir və hikmət axtarmalı və bunu qavradığına görə sevinməlidir.

Xeyir kimi görünən hadisələrdə şərin,
şər kimi görünən hadisələrdə isə xeyrin ola biləcəyini düşünmək...

Əvvəlki səhifələrdə Allah`ın sonsuz ağıla sahib olduğundan və dünya həyatında baş verən hər hadisəni xüsusi plan içində xeyir və hikmətə yaratdığından bəhs etdik. Burada Allah`ın yaratdığı hadisələrin hansında xeyir, hansında şər olacağını yalnız Onun bildiyini anlamaq gərəkir. Çünki Allah sonsuz, insan isə məhdud ağıla sahibdir. İnsan hadisələrin ancaq zahiri yönünü görür və ancaq öz anlayışı ilə bunları dəyərləndirir. Məhdud düşüncəsi ilə bəzən xeyirli hadisəni pis, zərər verəcək hadisəni isə xeyirli zənn edir. Bu vəziyyətdə doğrunu bilmək üçün iman edən insan Allah`ın sonsuz ağıl və bilgisinə təslim olub hər hadisəyə xeyirlə baxmalıdır. Necə ki, Allah bir ayəsində insanlara belə buyurur:

... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)

Allah`ın bu ayədə bildirdiyi kimi, insanın xeyirli və gözəl olduğunu zənn etdiyi bir hadisə onun dünya və axirətdə ziyan çəkməsinə səbəb ola bilər. Yaxud da zərər toxunacağını düşünüb çəkindiyi hadisə insana gözəllik, bərəkət və hüzur gətirə bilər. Bütün bunların sirrini yalnız Allah bilir. İstər şər, istərsə də xeyir kimi görünən bütün hadisələr Allah`ın diləməsi ilə gerçəkləşir.

Allah insan üçün nəyi diləyərsə, o olar. Quranda “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhmlidir” (Yunis surəsi, 107) ayəsi ilə bu həqiqət bildirilmişdir.

Dolayısilə, Rəbbimizdən bizə gələn hər hadisə xeyir kimi də, şər kimi də görünsə, əslində, bizim üçün xeyirlidir. Daha öncə bəhs etdiyimiz kimi, hadisələrin nəticəsini zaman və məkanla hüdudlu olan insan deyil, zaman və məkandan münəzzəh olan və bütün bunları, o cümlədən, insanları bir anda yaradan Allah təqdir edə bilər. (Ətraflı məlumat üçün baxın: “Zamansızlıq və qədər həqiqəti”, Harun Yəhya)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hər şeyi xeyrə yozmaq
  • Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı
  • Xeyirləri görməyin yolları
  • Möminlər üçün hər hadisədə xeyir vardır
  • Hadisələrdəki xeyirləri görməyə mane olan səbəblər
  • Peyğəmbərlərin və möminlərin həyatından nümunələr
  • Allah`ın inanlara vədi və yardımı
  • Nəticə
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2 (Fosillər təkamülü təkzib edir)