Peyğəmbərlərin və möminlərin həyatından nümunələr

Peyğəmbərlərin və onlarla birlikdə olan saleh müsəlmanların həyatına baxdıqda o mübarək insanların ömrünün inkarçılarla fikri mübarizədə keçdiyini görərük. Bu insanlar bəzi vaxtlar ilk görünüşdə əleyhlərinə olan hadisələrlə qarşılaşmışlar. Bu yerdə peyğəmbərlərin və onlara tabe olan möminlərin əsas xüsusiyyətləri ortaya çıxır: şərtlər nə qədər çətin olsa da, bunun Allah`dan gəldiyini bilib təvəkkül etmişlər.

Allah`ın elçiləri və saleh möminlər çətin anlarda Allah`ın yardım edəcəyindən əmin şəkildə, hər şeyin mütləq möminlərin lehinə çevriləcəyini bilərək yaşamışlar və bu həqiqət yönündə hərəkət etmişlər. Buna görə də Allah`a olan dərin imanlarından qaynaqlanan bu üstün xüsusiyyətləri bütün müsəlmanlar üçün gözəl nümunə təşkil edir.

İnkarçıların fikri hücumları

Quranda xəbər verildiyi kimi, tarix boyu inananlar onlara əngəl olmağa çalışan, hətta onları doğru yoldan döndərmək üçün hər cür yola baş vuran inkarçı cəmiyyət və münafiqlərlə qarşılaşmışlar. İnkarçıların möminləri qınaması, onlara iftira atması (xüsusilə dəlilik, yalançılıq, sehrbazlıq, uğursuzluq, əxlaqsızlıq kimi) və incidici sözlər deməsi Quranda xəbər verilmişdir:

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali-İmran surəsi, 186)

Yuxarıdakı ayədə inananların əleyhinə kimi görünən yalan və iftiraların, əslində, onların xeyrinə olduğu vurğulanmışdır. Bir başqa ayədə Peyğəmbərimizin (səv) dövründə yaşanan bir hadisə nümunə verilməklə bu vəziyyət belə açıqlanır:

Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. (Nur surəsi, 11)

Heç bir şübhə yoxdur ki, keçmiş dövrlərdə inananların qarşılaşdığı bu cür hadisələr onları narahat etmək, həvəsdən salmaq və batil dinlərinə geri döndərmək üçün inkarçıların əl atdığı üsullar olmuşdur. Lakin möminlər bu hücumların özləri üçün bir xeyrə çevriləcəyindən və sonda doğru yolda olduqlarının ortaya çıxacağından əmin şəkildə davranmışlar. Bu baxımdan, atılan iftiralara və fikri hücumlara qarşı həmişə ağıllı və hikmətli cavab vermişlər. Həmçinin səbir edib Allah`a təvəkkül etmək gərəkdiyini və ancaq bu şəkildə müvəffəqiyyətə nail olacaqlarını unutmamışlar.

Keçmişdə yaşanan bu nümunələr kimi, bundan sonra da müsəlmanların hər an Allah`ın yaratdığı qədərə təslim olması və hər hadisənin xeyirlə baş verdiyini bilməsi çox önəmlidir. Bunu qavrayan mömin dünyanın ən böyük qazanclarından birinə qovuşar. Çünki Allah ayələrdə Özünə təvəkkül edənlərə yardım edəcəyini və onların əsla köməksiz qalmayacağını belə bildirmişdir:

Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allah`a təvəkkül etsinlər! (Ali-İmran surəsi, 160)

İnkarçıların feili hücumları

İnkarçı cəmiyyətlər tarix boyu iman edənlərin Allah yolunda olmasını, dini yaşamasını və təbliğ etməsini öz batil inancları yönündən təhlükəli görmüşlər. Bu səbəbdən, çox vaxt inananları zəiflətmək üçün yuxarıda bəhs etdiyimiz kimi, iftira və istehza kimi üsullara əl atmışlar. Bunu kafi görmədikdə isə təhdid, həbs etmə və yurdlarından zorla çıxartma kimi müxtəlif yollara baş vurmuşlar.

Bu insanlara qarşı mübarizədə möminlərin zamanla qarşılaşdığı pis davranışlar inkarçı cəmiyyətin azğınlığını göstərir. Buna baxmayaraq, möminlər bu hərəkətlərə xeyir gözü ilə baxmış və başlanğıcda pis görünən hadisələrdə Allah`ın çox gözəl nəticə yaradacağına iman etmişlər. Həqiqi yaxşılığa və xeyrə çatmağın çətin anlarda səbir və təvəkkülü labüd etdiyinin fərqində olmuşlar. Allah müsəlmanların bu gözəl xüsusiyyətini bir ayəsində belə bildirir:

...Lakin yaxşı əməl (sahibləri) Allah`a, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

“Əhzab” surəsində bəhsi keçən Peyğəmbərimizin (səv) dövründə baş vermiş bir hadisə bu gözəl hikmətlərin müəyyən hissəsini bizə göstərir. Həmin hadisədə inkarçılar tərəfindən hər yöndən mühasirəyə alınan möminlərin sınandığı və şiddətli sarsıntıya məruz qaldığı bildirilmişdir. Belə çətin imtahanda isə münafiqlər və qəlbində xəstəlik olanlar müxtəlif bəhanə ilə qaçaraq özlərini bəlli etmişlər.

Budur, belə bir çətin imtahan sayəsində möminlərin içində uzun zaman gizlənmiş qəlblərində xəstəlik olanlarla münafiqlər ortaya çıxmışdır. Gizli xərçəng xəstəliyinə bənzəyən həmin hiyləgər təşkilatlanma bu cür çətin durumda dağılmışdır. Allah`ın rəhməti və dəstəyi möminlərin üzərində təcəlli etmişdir. Bu hadisədə münafiqlərin çirkin hərəkətinə baxmayaraq, möminlər hər çətinlikdə böyük xeyirlərin olduğunu görmüş, Allah`ın ayələri əsasında yaşadıqları üçün imanları güclənmiş və Allah`a olan bağlılıqları artmışdır:

Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)

Bu nümunədə göründüyü kimi, çətinlik möminlər üçün xeyrə çevrilərkən, bunu təqdir edə bilməyən qəlbi xəstə olanların daha da inkara düşməsinə səbəb olmuş və onların əleyhinə dönmüşdür. Bundan başqa, bu hadisədə möminlərin pislərdən ayrılması ilə yanaşı, onlara zərər verməyə çalışan inkarçıların bütün cəhdləri boşa çıxmışdır. “Əhzab” surəsində inkarçıların heç bir xeyrə çata bilmədən kin və qəzəblə geri döndükləri belə xəbər verilmişdir:

Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah qüvvətlidir, qüdrətlidir. (Əhzab surəsi, 25)

Müsəlmanların hicrəti

Lazım gəldikdə bütün mal-mülkdən vaz keçib hicrət etmək Quranda bildirilən bir ibadətdir. Buna görə, Allah yolunda hicrət edən müsəlmanlar yurdlarını tərk etmək durumunu həmişə xeyirlə dəyərləndirmişlər. Çünki Quranda bildirildiyi kimi, hicrət edənlər Allah`ın rəhmətini umanlardan sayılır:

Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah bağışlayandır, rəhmlidir. (Bəqərə surəsi, 218)

Cahiliyyənin məntiqi ilə düşündükdə bir insanın cəmiyyətin təzyiqi ilə evindən, yurdundan çıxarılması və ya tanımadığı yerə sürgün edilməsi bütün həyatını alt-üst edən hadisədir. Lakin ilk-öncə bunu qeyd etmək lazımdır ki, Allah`ın dinini inkar edənlərin böyük qismindən xoşagəlməz qarşılıq görəcəkləri onsuz da inananlara əvvəldən bildirilmişdir. Dolayısilə, müsəlmanların dinlərini tərk etməyə məcbur edilməsi Allah`ın ayələrinin təcəlli etdiyini göstərir. Bundan dolayı, hicrət edən və ya yurdlarından zorla çıxarılan möminlər hər dövrdə şövq və sevinc içində olmuşlar. Peyğəmbərimizin (səv) dövründə yaşayan səhabələrin göstərdiyi üstün əxlaq və sarsılmaz təvəkkül bunun ən gözəl nümunələrindəndir.

Onlar Peyğəmbərimizə (səv) tabe olarkən Allah`ın razılığını umduqları üçün hər cür çətinliyi gözə almışdılar. Müsəlmanların xeyri üçün yurdlarından heç tərəddüd etmədən çıxmış, dünyalıq mallarını geridə qoymuşdular. Allah gözəl əxlaqın qarşılığı olaraq onlara sonsuz Cənnətini və rəhmətini vəd etmişdir. Şübhə yoxdur ki, Allah`ın vədi haqdır:

Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah`ın dərgahındadır”. (Ali-İmran surəsi, 195)

Hicrət edən müsəlmanların axirətdəki sonsuz mükafatı ilə yanaşı, onlara dünyada da bolluq və gözəlliyin veriləcəyi Quranda belə müjdələnmişdir:

Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah`a və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah bağışlayandır, rəhmlidir. (Nisa surəsi, 100)

Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! (Onlar) səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir. (Nəhl surəsi, 41-42)

Peyğəmbərimizin (səv) aləmlərə örnək təvəkkülü

Hz. Muhəmməd (səv) bütün digər peyğəmbərlər kimi həyatı boyu bir çox çətinliklə qarşılaşmış, bu durumlarda göstərdiyi səbir və təvəkküllə müsəlmanlara gözəl örnək olmuşdur. Quranda bildirilən bir hadisə hz.Muhəmmədin (səv) göstərdiyi üstün əxlaqı və Rəbbimizə olan sarsılmaz təvəkkülünü çox yaxşı vurğulayır.

Peyğəmbərimiz (səv) Məkkədən çıxanda müşriklər onu öldürmək məqsədilə təqib etmişdilər. Peyğəmbərimiz (səv) gizlənmək üçün mağaraya sığınmış, lakin müşriklər həmin mağaranın qapısına kimi gəlmişdilər. Bu çətin anda Peyğəmbərimiz (səv) yanındakı mömin dostuna hüznə düşməməyi demiş və ona Allah`a təvəkkül etməyi xatırlatmışdır. Bunu xəbər verən ayə belədir:

Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı... (Tövbə surəsi, 40)

Şübhəsiz, mübarək Peyğəmbərimizin (səv) həyatı təhlükədə ikən qorxu və hüznə düşməməsinin, əndişə etməməsinin tək səbəbi Allah`a olan güvəni və Onun qədərdə yaratdığı hadisələrin xeyir və gözəlliklə dolu olduğunu bilməsidir. Bunun nəticəsində heç bir zərər görmədən Mədinəyə çatmış və İslam tarixində çox önəmli dönüş olan hicrət gerçəkləşmişdir.

Hz.Musanın üstün əxlaqı

Hz.Musanın tarix boyu yaşamış ən azğın insanlardan biri olan fironla mücadiləsi Quranda ətraflı şəkildə xəbər verilmişdir. Firon hz.Musanın Allah`ın dininin təbliğ etməsinə təhdid və hədə-qorxu ilə cavab vermişdir. Hz.Musanın inananları haqq dindən döndərməyə çalışan firona qarşı göstərdiyi üstün əxlaq və təvəkkül aləmlərə örnək xüsusiyyət daşıyır. O dövrü Quran ayələri əsasında belə təsvir edə bilərik: bir tərəfdə firon ölkənin hakimi olan və görünüşdə bütün gücü əlində saxlayan şəxsdir. Digər tərəfdə isə yanında az adam olan hz.Musa vardır... Hadisələri xarici görünüşü ilə dəyərləndirən, haqlının deyil, güclünün qalib gələcəyini düşünən cahiliyyə məntiqi fironun bu mücadilədə qəti qələbə qazanacağını zənn edə bilər. Halbuki belə düşünənlər çox yanılır. Çünki Allah belə hökm etmişdir:

Allah belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir. (Mücadilə surəsi, 21)

Allah peyğəmbərlərinə verdiyi vədini yerinə yetirmiş və hz.Musanı firondan üstün etmişdir. Onu qardaşı hz.Harun ilə və Öz yardımı ilə dəstəkləmişdir. Bundan başqa, Allah hz.Musaya müxtəlif möcüzələr vermiş və onunla danışmaqla onu digər insanlardan üstün etmişdir. Quranda insanlara ibrət üçün bildirilən bu mücadilə möminlərin əleyhinə kimi görünən bir vəziyyətin Allah`ın diləməsi ilə necə bir anda əksinə döndüyünü açıq şəkildə göstərir.

Həmin hadisələrdən biri belə olmuşdur: firon və ordusu Misirdən qaçan hz.Musanı və yanındakı inananları tutmaq üçün yola çıxmışdır. Firon onları uzaqdan görəndə inananların qarşısına dəniz çıxmışdır. Bu yerdə hz.Musanın sözləri diqqəti çox çəkir. Hz.Musanın önüdə dəniz, arxasında isə firon ordusu olduğu halda, Allah`ın yardımının gələcəyinə güvənərək hərəkət etmiş və bu şəkildə, üstün əxlaqını ortaya qoymuşdur. Quranda bu hadisə belə xəbər verilir:

Günəş üfüqdən qalxarkən (Firon və ordusu) onları izləməyə başladılar. İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz ya¬¬xalanacağıq!”– dedilər. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!” (– deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir. (Şüəra surəsi, 60-68)

Burada qeyd edilməsi gərəkən hz.Musanın bu çətin mücadilədə Allah`ın yardım etdiyini bilərək davranması, qarşılaşdığı hər hadisəni xeyrə yozması və ən çətin anda belə Allah`a təvəkkül edib bağlılığını və sədaqətini göstərməsidir.

Hz.Yusifin sarsılmaz itaəti

Möminlər üçün şər kimi görünən hadisələrin xeyrə çevrilməsi ilə bağlı Quranda verilən ən gözəl nümunələrdən biri də hz.Yusifin həyatıdır. Hz.Yusif uşaqlığından etibarən başına gələn hər hadisədə kamilliyi və Allah`a olan bağlılığı ilə tanınır. Çətin anlarda təvəkküllü davranmaqla saleh möminlərə nümunə olmuşdur. Özünə Allah`ı dost edən hz.Yusif hər şeyin dostundan gəldiyini bilib rahat olmuş və hər hadisədə xeyir axtarmışdır. Bu şəkildə, həyatı boyu qarşısına çıxan hər imtahanı fürsət bilmiş, hər an kamil və təvəkküllü xüsusiyyət göstərmişdir.

Hz.Yusifə birinci dəfə qardaşları haqsızlıq etmişdir. Hz.Yusifi qısqanan qardaşları onu bir quyuya atıb atalarından və evlərindən uzaqlaşdırmışlar. Allah bir karvanı vəsilə edib hz.Yusifi bu hiylədən qurtarmışdır. Həmin karvan uşaq yaşındakı hz.Yusifi quyudan çıxarıb özləri ilə aparmışdır. Bundan sonra Yusif peyğəmbəri Misirin öndə gələnlərindən biri satın alıb evinə aparmışdır. Hz.Yusifin gözəlliyinə heyran olan sahibinin arvadı ayədə bildirildiyinə görə onu yoldan çıxartmaq istəmişdir. Lakin hz.Yusif onu zinaya məcbur edən qadından qaçmışdır. Üstün əxlaqı olan hz.Yusif yenə başqa haqsızlıq görmüş, bu dəfə də qadının iftirasına məruz qalmışdır. Araşdırıldıqdan sonra hz.Yusifin günahsız olduğu sübut edilsə də, o, zindana atılmışdır:

Dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)

Göründüyü kimi, hz.Yusif iffətini qoruduğu üçün iftiraya məruz qalmışdır. Bunun nəticəsində uzun müddət zindanda qalan hz.Yusif həbs həyatının hər cür çətinliyinə səbir edib Allah`a təvəkkül etmişdir. Hz.Yusif zindanda uzun müddət qalmış, lakin Quranda keçdiyinə görə, çox itaətkar davranıb əxlaqı ilə möminlərə örnək olmuşdur. Hz.Yusif həyatı boyu göstərdiyi səbir, təvəkkül və hər şeyi xeyrə yozmağın qarşılığını ən gözəl şəkildə görmüşdür.

Allah bir çox hadisəni vəsilə edib hz. Yusifə dünyada böyük mülk və hökmdarlıq vermişdir. Hz.Yusifin yaşadığı bütün bu hadisələri xeyrə yozması və Rəbbimizə olan duası Quranda belə xəbər verilir:

O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O, mənə lütf etdi. O, məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, biləndir, müdrikdir. Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”. (Yusif surəsi, 100-101)

Şübhəsiz, bu hekayət möminlərin səmimi şəkildə təvəkkül etdiklərinə görə mükafatlandırılmasına gözəl bir nümunədir. Saleh bir mömin, hz.Yusif kimi qarşılaşdığı hər hadisənin hikmət və xeyrini anlamağa çalışmalıdır. Allah`a təvəkkül edib, Ona sığınıb bu elmi, bu anlayışı istəməlidir. Mömin unutmamalıdır ki, insanları hər gün rahatsız edən böyük-kiçik hər hadisə heç bir şəkildə möminin əleyhinə deyildir. Bu, Allah`ın qədər qanununa ziddir. Allah hər hadisəni mütləq möminin lehinə yaradır. Allah möminin qəlbinə hadisənin xeyir və hikmətini ilham edə bilər ki, bu, böyük nemətdir. Lakin Allah ilham etməsə də, müsəlman səbir edib: “Mütləq xeyir vardır”, -deməlidir. Çünki bu, Allah`ın razı olduğu əməldir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hər şeyi xeyrə yozmaq
  • Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı
  • Xeyirləri görməyin yolları
  • Möminlər üçün hər hadisədə xeyir vardır
  • Hadisələrdəki xeyirləri görməyə mane olan səbəblər
  • Peyğəmbərlərin və möminlərin həyatından nümunələr
  • Allah`ın inanlara vədi və yardımı
  • Nəticə
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2 (Fosillər təkamülü təkzib edir)