Bir çox insanlar həyatının böyük hissəsinin təsadüflərlə keçdiyini düşünürlər. Lakin bu, çox yanlış düşüncədir. Bir insanın xərçəng xəstəsi olmasından tutmuş yediyi yeməyə və geydiyi paltara kimi hər şey onun qədərində müəyyən edilmiş xüsusi hadisələrdir. Bütün bu hadisələri incəliklərinə kimi insanın imtahanı üçün Allah yaradır.
Odur ki, inananlarla inkarçılar arasındakı ən əsas fərq burada ortaya çıxır. Möminlər həm öz başına gələn, həm də ətrafında gerçəkləşən hadisələri fərqli dəyərləndirirlər. Bu, Quranda Allah`ın əmr etdiyi şəkildə düşünərək hər hadisəni imtahan gözü ilə dəyərləndirməkdir. Dolayısilə, möminlər hər hadisədə imtahan olunduğunu bilib Allah`ı razı edəcək şəkildə davranmağa cəhd edirlər.
Digər tərəfdən, Quran əxlaqını yaşamayan insanların bir çoxu müxtəlif hədəflərə çatmaq istəyirlər. Bu hədəflər, ümumiyyətlə, yaxşı məktəbdə oxumaq, xoşbəxt ailə həyatı qurmaq, uşaqlarını evləndirmək, iş adamı olmaq, yüksək mövqeyə çatmaq, zəngin və etibarlı bir insan olmaq kimi şeylərdir. Bütün bunlar normal istəklərdir, lakin yanlış olan bəzi insanların bunları əldə etməyi həyatın ən önəmli qayəsinə çevirməsidir. Həmin insanların bütün plan və cəhdləri bu dar çərçivə içindədir. Çünki bu insanlar həyatın ancaq bu dünyadan ibarət olduğunu düşünürlər. Halbuki bu, böyük səhvdir. Bir insan həyatı boyu istədiyini hər şeyi əldə etsə də, nəticədə, həyatı bir yerdə bitəcək və gerçək sonsuz həyat olan axirətə keçəcək. Dolayısilə, ancaq dünyanın keçici bərbəzəyini qazanmağa yönələn həyat Allah`ın diləməsi xaricində boş yerə keçmiş həyatdır.
Üstəlik, belə həyatı özünə məqsəd edən bir insanın dünyada istədiklərinə tam qovuşması mümkün deyil. Allah`ın yaratdığı qanuna əsasən, dünyadakı varlıqlar zamanla məhv olurlar. Zamanın məhvedici təsiri istisnasız hər şeyə aiddir. Məsələn, gözəl görünüşü və xoş qoxusu olan bir meyvə bir neçə günə xarab olur. İllərlə zəhmət çəkilib əldə edilən ev sonda köhnəlir və yararsız hala düşür. Ən əhəmiyyətlisi isə dünyadakı hər şey kimi insan vücudu da sürətlə qocalmağa doğru gedir. Zamanın təsirini və vücudun qocalmasını bütün insanlar yaşamaq məcburiyyətindədir. Saçın ağarması, müəyyən yaşdan sonra hüceyrələrin ölməyə başlaması, üzvlərin zəifləməsi, dərinin qırışması və bir çox əlamət insanın ölümə yaxınlaşdığını xatırladan açıq dəlillərdir.
Yaşlanma ilə yanaşı, insan ömrü ən yaxşı ehtimalla 60-70 ildir ki, bir çox hallarda bu müddət qısala da bilir: avtoqəza, ölümcül xəstəlik kimi amillər insanın heç gözləmədiyi anda həyatını itirməsinə səbəb olur. Əvvəlki hissədə də bəhs etdiyimiz kimi, insan nə qədər ölümü düşünməyib ağlından çıxarmağa çalışsa da, bir gün qaçılmaz nəticə ilə özü də qarşılaşacaq. İstər dünyanın ən gözəli olsun, istərsə də ən məşhuru və ən varlısı olsun, hər insan ölümlə mütləq üz-üzə gələcək. Bütün həyatını sərf edib əldə etdiyi mal-mülkü, övlad və dostları onu ölümdən qoruya bilməz. Bu həqiqət Quranda belə xəbər verilir:
De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümuə surəsi, 8)
Bütün bunlar bir həqiqəti göstərir: dünya həyatı keçicidir və insanın gerçək yurdu deyildir. O halda, insanın əsl hədəfi bu dünya deyil, axirət olmalıdır. Ayədə belə buyurulur:
Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allah`ın yanında olanlar isə daha xeyirli və daha sürəklidir. (Bunlar) iman gətirib öz Rəbbinə təvəkkül edənlər üçündür. (Şura surəsi, 36)
Dünya həyatının müvəqqəti olduğu və insanın ölümlü vücuda sahib olduğu bu qədər açıq olduğu halda, üzərində düşünülməsi gərəkən çox önəmli bir mövzu ortaya çıxır. Bu mövzu insanın yaradılış məqsədidir. Allah Quranda dünya həyatını yaratma məqsədini belə açıqlayır:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)
Allah Quranda bir çox ayə ilə insanın yaradılış məqsədinin Özünə qulluq etmək olduğunu və dünya həyatının yaxşı və pislərin bir-birindən ayrılması üçün imtahan yeri kimi yaradıldığını bildirmişdir. Bu mövzudakı bir başqa ayə belədir:
Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (Kəhf surəsi, 7)
İnsan həyatı boyu davamlı imtahan olunur, heç bir şey təsadüfən meydana gəlmir. Əgər insan bunları qavramayıb hadisələrin Allah`dan müstəqil şəkildə baş verdiyini düşünərsə, o zaman böyük xətaya düşmüş olar. Çünki həyatın axarı içində meydana gələn hadisələr, əslində, Allah`ın insana xüsusi olaraq yaşatdığı imtahandır. İnsan bu imtahana verdiyi reaksiyalardan və əməllərindən məsuliyyət daşıyır. Göstərdiyi hərəkətləri və əxlaqı sonsuz həyatını müəyyənləşdirir. Böyük-kiçik heç bir şeyin təsadüfən meydana gəlmədiyi, hamısının Allah`ın o insanın qədərində təqdir etdiyi olaylar olduğu insanın unutmaması gərəkən ən önəmli həqiqətlərdir. İnsan bu həqiqəti unutmadığı müddət boyu qarşılaşdığı hər şeyin özü üçün xeyirli olduğunu da unutmaz. Çünki hər şey Allah`ın təqdiri ilə gerçəkləşir. Bu vəziyyətdə insan hadisələrdəki xeyir və hikmətləri görmək, qısası, hər şeyi xeyrə yozmaq üçün ilk öncə dünya həyatının imtahan yeri olduğunu unutmamalıdır.
Allah hər insanı müxtəlif hadisələri və insanları vəsilə edib fərqli şəkildə imtahan edir. Lakin burda bunu bildirmək lazımdır ki, Allah sonsuz ədalət sahibidir və qullarına qarşı Həlimdir (çox yumşaqdır); insana gücü çatmayan məsuliyyət verməz. Bu, Allah`ın vədidir:
Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir kitab vardır. Onlara zülm olunmaz. (Müminun Suresi, 62)
İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir¬. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)
İnsanın dünyada qarşılaşdığı hər cür ağır imtahanlar- xəstəliklər, qəzalar, maddi və mənəvi sıxıntılar və digərləri onun gücü çatdığı həddədir. Fəqət insan gözəl əxlaqı və səbri deyil, şeytanın xüsusiyyəti olan üsyan və nankorluğu seçərsə, onda bu, öz seçimidir və bu hərəkətindən məsuliyyət daşıyır.
Zamanla meydana gələn hadisələrdə insan artıq çıxış yolunun qalmadığını, hər şeyin bitdiyini və bunun keçə bilmədiyi çətinlik olduğunu düşünə bilər. Həmin hadisədə bir xeyrin olduğunu unudub üsyankar davrana bilər. Amma bunlar, əslində, şeytanın verdiyi vəsvəsələrdir. Səmimi mömin bu həqiqəti bilməlidir ki, qarşılaşdığı hadisə nə olursa-olsun, mütləq gözəl əxlaq göstərə biləcəyi və səbir edə biləcəyi vəziyyətdir. Ümidsiz olmaq isə şeytandan gələn vəsvəsədir. Allah qullarına Öz rəhmətindən ümid üzməməyi əmr etmişdir:
Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyinə də onu) azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır. De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah`ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, bağışlayandır, rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. (Zumər surəsi, 52-54)
Allah`ın yuxarıdakı ayələri ilə bildirdiyi əmrinə tabe olan və xeyir düşünən insan yenə ayələrdə bildirildiyi kimi, xeyirlə qarşılaşır; ümidini üzən isə yapyalnız və köməksiz qalır. Allah Öz rəhmətindən ümid üzənlərin inkarçı olduğunu belə bildirmişdir:
Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allah`ın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır. (Ənkəbut surəsi, 23)
…Allah`ın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allah`ın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər. (Yusif surəsi, 87)
Mömin Allah`ın əmrinə əsasən, qəti ümidsiz olmamalı və qarşılaşdığı hadisələri daha dərindən təfəkkür etməlidir. Çətinliklə qarşılaşanda bunları düşünməlidir: bu imtahan əsnasında öz cəsarətini, səbrini, şəfqətini, sədaqətini, fədakarlığını və sevgisini izləyib dünyada, əslində, özünə şahidlik edir. Yaddaşında qalan bilgi ilə axirətə gedəndə həmin gözəl xasiyyətinə və hərəkətinə qarşılıq olaraq Cənnətin verildiyini anlaması ona xüsusi həzz və zövq verəcək. Çətinlikləri görən nəfs Cənnətdə onların yerinə verilən asanlıq və nemətləri şüurlu şəkildə və dərin hiss edəcək, dolayısilə, çox zövq alacaq. Unutmaq olmaz ki, çətinliyi bilməyən asanlığın nə olduğunu anlamaz. Anlasa da, çətinliyi bilən qədər dərindən hiss edə bilməz. Buna görə, möminin dünyada yaşadığı hər çətinlik axirətdə ona böyük zövq qaynağı olacaq.
Bundan başqa, səbirli, ağıllı, sevgi dolu, gözəl əxlaqlı, şəfqətli olmağın dərin bir imani zövqü vardır. Bir mömin bu gözəl xüsusiyyətləri özündə görəndə çox zövq alır. Başqa möminlərin özündən aldığı imani zövqü hiss edəndə bundan da ayrı zövq alır. Bu zövq Allah`ın izni ilə Cənnətdə sonsuza qədər davam edəcək.
Quran əxlaqından xəbərsiz insanların əsas xüsusiyyətlərindən biri yaxşılıq görərkən və rahat yaşadığı zaman bunu özlərindən qaynaqlandığını zənn etməsidir. Başlarına pis hadisə gələndə isə günahı başqasında axtarırlar. Halbuki, Allah`ın ədaləti sonsuzdur və hər pislik insanın özündən qaynaqlanır. Ayədə belə buyurulur:
Sənə gələn yaxşılıq Allah`dandır, sənin başına gələn bəla isə sənin özündəndir... (Nisa surəsi, 79)
Quranda inkarçıların hadisələri yanlış dəyərləndirməsinə nümunələr verilmişdir. Məsələn, firon və ətrafındakıların başına pis hadisə gələndə bunu hz.Musa və yanındakılardan qaynaqlandığını, əslində isə, onların özlərindən qaynaqlandığı “Əraf” surəsində belə xəbər verilmişdir:
Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində, onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu (bunu) bilmir. (Əraf surəsi, 131)
Yuxarıdakı nümunədə gördüyümüz kimi, dindən uzaq insanlar hər vəziyyətdə başqasını günahkar çıxarmağa çalışırlar. Öz etdiyi çirkinliyi və xainliyi görməzlikdən gəlir və yaxşı insanları pislikdə günahlandırırlar. Halbuki ayədə də diqqət edildiyi kimi, əsl pisliyin qaynağı özləridir. Əgər bu insanlar yaxşını pis, pisi də yaxşı görürlərsə, bunun günahı təkcə özlərindədir.
İnsanlar həyatı boyu gələcək illərə, sabaha, yaxud da bir saat sonraya müxtəlif plan qururlar. Bu planlar bəzən öncədən qurulduğu kimi baş tutur, bəzən də gözlənilməz səbəblərdən dolayı ləngiyir. Dindən uzaq insanlar bu ləngimələrin təsadüfən olduğunu düşünürlər.
Həqiqətdə isə bunların heç biri baş vermir. Bu planlar baş tutub-tutmasa da, o insanın qədərində Allah`ın öncədən təqdir etdiyi hadisələrdən ibarətdir. Bir ayədə bildirildiyi kimi: “O, göydən yerə qədər olan bütün işləri idarə edir” ; (Səcdə surəsi, 5). Bir başqa ayədə isə belə buyurulur: “Biz, həqiqətən də, hər şeyi qədərlə yaratdıq.” (Qəmər surəsi, 49)
Hər insan işlərini özünün planladığını düşünsə də, əslində, Allah`ın ona yaratdığı qədəri yaşayır. Bu səbəbdən, insan bir şey edib qədərini dəyişdirdiyini düşünsə də, əslində, yenə qədərində olduğu üçün bunu düşünür. Həyatının heç bir anı qədərindən xaric deyildir. Komada olan insan ölərkən qədərində olduğu üçün ölür, aylar sonra ayılıb sağalsa da, yenə qədərində olduğu üçün xilas olur.
Qədəri tam anlamayan insan bütün hadisələrin təsadüfən meydana gəldiyini, kainatdakı hər şeyin varlığını başıboş olaraq davam etdirdiyini zənn edir. Buna görə də başına pis iş gələndə bunu bəxtsizlik kimi görür.
Halbuki insanın ağıl və mühakimə bacarığı olduqca məhduddur. Üstəlik, zaman və məkana bağlı varlıqdır. İnsanın başına gələn bütün hadisələri istisnasız zaman və məkandan münəzzəh olan sonsuz ağıl sahibi Allah planlayır. Bu həqiqət Quranda belə xəbər verilir:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)
Bu böyük həqiqətin nəticəsi olaraq insan təkcə hər hadisənin xeyir olaraq yaradıldığını bilməli və Allah`ın özü üçün müəyyən etdiyi qədərə təslim olmalıdır. Necə ki, həqiqi iman edənlər həyatda hər şeyin Allah`ın qədərinə tabe olduğunu və bir hikmətlə yaradıldığını bilərək yaşayırlar. Bunun nəticəsində də mütləq xeyrə qovuşurlar. İnsanların göstərdiyi bu gözəl əxlaq və sarsılmaz bağlılıq Quranda belə xəbər verilir:
De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
Nəticədə, insan xeyir kimi də, şər kimi də dəyərləndirsə, baş verəcək olanı əngəlləyə bilməz. Xeyir kimi baxarsa, qazanar; şər kimi baxarsa, sadəcə özünə zərər verər. İnsanın peşmançılıq duyması və ya üsyankar davranması qədərindəki bir saniyəni belə dəyişdirə bilməz. Bu səbəbə görə də qula düşən tək vəzifə Allah`ın sonsuz ədalətinə və qədərinə təslim olub bütün hadisələrə xeyir gözü ilə baxmaq və qəlbi arxayın halda qədəri izləməkdir.
Şeytanın son dərəcə nankor və üsyankar olduğu bizə Quranda xəbər verilmişdir. Onun insanlara sağdan, soldan, öndən və arxadan yaxınlaşdığını və insanları doğru yoldan azdırmaq üçün hər yoldan istifadə etdiyini ayələrdən bilirik. Şeytanın bu çirkin məqsədinə çatmaq üçün əl atdığı ən önəmli oyunlardan biri insanın başına gələn hadisələrdəki xeyri görməsini əngəlləmək, beləliklə, onun Allah`a qarşı nankor və üsyankar olmasına səbəb olmaqdır. Quran əxlaqının gözəlliklərini qavraya bilməyən, dindən uzaq yaşayan və axirəti unudub ömrünü boş məqsədlərlə keçirən insanlar şeytanın bu tələsinə düşürlər.
Şeytan bu insanların həssas xüsusiyyətini tapıb o yöndən onlara vəsvəsə verir; onları Allah`a və Onun müəyyən etdiyi qədərə üsyan etməyə çağırır. Məsələn, bir insan qonşusu maşın qəzasına düşərsə, bunun qədərdə olduğunu ona çox rahat şəkildə xatırladar. Hətta “sədəqəniz var imiş, əsası odur ki, qurtuldunuz, Allah qorudu sizi” kimi sözlərlə onu sakitləşdirməyə çalışar. Lakin özü həmin qəzaya düşərsə, eyni rəftarı göstərməz. Şeytanın təhrik etdiyi nəfsinin oyununa gəlib üsyan etməyi daha asan görər. Çünki hadisələrin xeyrini görməyə çalışmaq, Allah`a itaət və təvəkkül etmək vicdandan asılıdır. Əgər insan vicdanından lazımınca istifadə etməzsə, belə hadisələrdə həmişə yanlış davranır.
Şeytanın xeyri görməyi əngəlləməsi özünü hər yerdə göstərir. Vəsvəsədən insanın gördüyü işlərdəki xeyirli yönləri göstərməmək üçün də istifadə edir. Məsələn, Allah rizası üçün pul xərcləyən möminə gələcək qorxusu, malının azalacağı, dara düşəcəyi kimi vəsvəsələr verməyə çalışır. Şeytanın bu oyunu bir ayədə belə xəbər verilmişdir:
Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 268)
Lakin bunların hamısı boş xəyallardır. Şeytanın bütün bu sinsi planları saleh möminlərə təsir etmir. Çünki möminin xeyrə pul xərcləməsindəki hədəf dünyadakı rahatlığı və mənfəəti üçün deyildir. Əsl məqsədi ehtiyac içində olanlara yardım edib Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaqdır. Buna görə, şeytan inananlara belə vəsvəsə ilə yaxınlaşıb onları aldada bilmir. Şeytanın inananlara təsir edə bilmədiyini Allah Quranda bildirmişdir:
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir. Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal görərlər. (Əraf surəsi, 200-201)
Bura kimi bəhs etdiklərimizdən aydın olduğu kimi, şeytan xülasə olaraq xeyri əngəlləmək üçün insana, əsasən, iki yöndən yaxınlaşır. Birincisi, gözəl bir işi əngəlləmək üçün əlindən gələni edir və insanları yeganə məqsəd kimi dünyanın bərbəzəyinə yönəltməyə çalışır. İkincisi isə, hadisələrin xeyir və hikmətli tərəfini görməyi əngəlləməyə çalışır. Xüsusilə insanlara müsibət üz verdikdə bunu şər kimi göstərib insanları Allah`a üsyan etməyə sürükləməyə çalışır.
Halbuki Allah insanlara sayca bitməyən nemətlər vəd edir. Doğulandan ölümə qədər hər an verdiyi nemətlərlə saysız-hesabsız lütf edir. Buna görə də Allah`ı dost və vəkil edən möminlər bir hadisə baş verdikdə onun hikmətini həmin an bilməsələr də, Allah`a güvənirlər və sonda mütləq xeyir olacağını düşünüb səbir edirlər. Hansı vəziyyətdə olsalar da, əsla üsyankar davranmırlar və ya şikayətlənmirlər. Vahiməli görünən vəziyyətdə bunun sonda özlərinin lehinə çevriləcəyini bilirlər. Bəlkə də qarşılaşdıqları hər çətin durum, Allah`ın izni ilə, axirətlərinin xilası üçün çox əhəmiyyətli və həyati dönüş nöqtəsidir.