Rəbbinin doğru yolu budur. Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)
O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Təmiz ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18)
Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar üstün güc sahibidirlər? (Tur surəsi, 35-37)
Əvvəlki hissədə toxunduğumuz kimi, dinə ön mühakimələrlə yaxınlaşan adamın edəcəyi ilk səhv dini Allahın varlığını düşünmədən qiymətləndirməkdir. Adam İslamı qiymətləndirəcəksə, əvvəlcə Allahın sonsuz qüdrətini dərk etməyə çalışmalıdır. Əgər Allaha inanmırsa, Quranı da, müsəlmanları da öz batil və yanlış məlumatlarla dolu dünyagörüşü çərçivəsində araşdıracaq və belə bir araşdırma ilə həqiqətə çatmayacaq.
Necə ki, tarix boyu din haqqında araşdırmalar aparan bəzi sosioloqlar, dinin necə meydana gəldiyindən və ya cəmiyyət üzərindəki təsirindən bəhs edən minlərlə cild kitab yazmışlar. Amma bütün bu akademik çalışmalara baxmayaraq, bu kəslər, din əxlaqını həqiqi mənada yaşayan bir adamın dindən anladığı şeylərin mində birini belə anlaya bilməmiş, dinin əslinə, özünə çata bilməmişdirlər. Çünki bu kəslər, dinin təməli olan Allahın vahidliyi və hər şeyi əhatə etdiyi həqiqətini qavraya bilməmişdirlər. Quranda bu cür kəslərin vəziyyəti, "...Onlar elmini qavraya bilmədikləri və özlərinə hələ yozumu gəlməmiş bir şeyi yalanladılar..." (Yunis surəsi, 39) ayəsiylə ifadə edilir.
İnsan İslamın nə demək olduğunu, Allahın varlığını dərk etdikdə və Quranda təsvir edilən həyatı yaşadıqda dərhal anlayar.
Allahın varlığı və Ondan başqa İlah olmadığı isə əslində çox açıq bir həqiqətdir. Amma düşünmə tənbəlliyi üzərində qurulan "cahiliyyət cəmiyyəti", (Quranda, İslamdan kənar sosial strukturlar bu sifətlə xarakterizə olunar) bu həqiqəti görə bilməyəcək qədər korlaşmış vəziyyətdədir. Onsuz da "cahil" sifətini də buna görə daşıyır.
Müsəlmanlar isə Qurandakı bir çox ayəyə əsasən, Allahın varlığını düşünmək və yaradılış dəlillərinə baxmaqla məsul tutulmuşlar. Bu ayələrdən biri belədir:
De: “Düşündünüzmü heç? Əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə müxtəlif formalarda izah edirik, onlar isə yenə üz çevirib mane olurlar. (Ənam surəsi, 46)
Kiçik bir nümunə, insanın düşünməyə başlamasına və cahiliyyət cəmiyyətinin bir fərdi olmasından ötrü sahib olduğu cəhalətdən xilas olmağa köməkçi ola bilər.
Bu ana qədər yaddaşınızda olan hər şeyin (bədəninizə aid məlumat da daxil) silindiyini fərz edək. Bu halda olarkən dünyaya bənzər bir yerdə olduğunuzu görsəydiniz, olduqca təəccüblü bir vəziyyətdə olardınız. Yaddaşınızdakı hər şey silinmiş olduğu halda, birdən-birə dünyanın bir yerində olduğunuzu düşünək.
Yəqin ki, ilk hiss etdiyiniz şey, öz bədəniniz olacaqdı. "Mən" dediyiniz şeydən fərqli bir şey olduğunu hiss etdiyinizdən, ona istədiyinizi etdirə bilmək sizə çox qəribə gələcəkdi. Bəlkə bir müddət qolunuzu endirib qaldıracaq, nəyə yaradığını başa düşməyə çalışacaqdınız.
Ətrafda, haradan meydana gəldiyini bilmədiyiniz bədəniniz üçün olduqca əlveriş bir mühit olduğunu görəcəkdiniz. Üstünə basıla biləcək möhkəm bir zəmin, aydın bir görüntü, bir-birindən gözəl qoxular, müxtəlif heyvanlar, tam bədənin tələblərinə uyğun bir temperatur, rahat tənəffüs edilə biləcək bir hava və daha minlərlə həssas tarazlıq... Acan bədəninizin ehtiyac duyduğu yeməklər, quruyan damağınızı sərinlədəcək tərtəmiz su və daha bir çox şey...
Görəsən belə bir mühitdə heç bir şey düşünmədən boş-boş veyllənməyə mi, yoxsa özünüzə bəzi suallar verməyə mi başlayardınız? Əvvəlcə kim olduğunuzu, niyə orada mövcud olduğunuzu, gördüyünüz nizamın yaranma səbəbini araşdırmazdınız mı? Ağlınıza gələcək ilk suallar bunlar olmazdımı?
- Mən kiməm?
- Məni kim yaratdı, sahib olduğum qüsursuz bədəni kim yaratdı?
- Ətrafımdakı böyük nizamı yaradan kimdir?
- Məndən nə etməyimi istəyir, mənə nəyi göstərir?
Bir az ağıllı bir insan, belə bir vəziyyətdə, yuxarıdakı və bunlara bənzər digər suallara cavab tapmaqdan daha əhəmiyyətli heç bir şey olmadığını düşünərdi. Bütün bu suallara əhəmiyyət verməyib, vaxtını gündüzləri boş-boş gəzməklə, gecələri isə yatmaqla keçirən biri üçün də "ağılsız" sözündən başqa bir ifadə işlədilə bilməzdi.
Həmin yerdə bir anda yaranan bədəni və o bədənin içində olduğu mühiti mütləq üstün ağıl sahibi bir güc meydana gətirmişdir. İnsanı bundan sonra da hər bir saniyə yenə O yaşada bilər. Onda insanın həyatında, sonsuz bir güc sahibi olan bu üstün gücü tanımağa çalışmaqdan daha əhəmiyyətli nə ola bilər?
Nümunəni bir qədər də genişləndirib, həmin ərazidə hərəkət edərək bir şəhərə çatdığınızı düşünək. Şəhərdə əksəriyyəti olduqca kobud, həris və səmimiyyətsiz olan cürbəcür insanlar olsun və onlar nədənsə, bu yerin və özlərinin sahibinin kim olduğunu heç düşünməmiş olsunlar. Hamısının özü üçün bir iş, bir məqsəd və ya bir ideologiya tapmasına baxmayaraq, şəhərdə heç cür yaxşı bir nizam-intizam meydana gətirə bilmədiklərini fərz edin.
Bu mühitdə, əxlaqi cəhətdən şəhərdəki digər insanlara görə müxtəlif davranan, təmkinli və ağıllı rəftarlar nümayiş etdirən, düz danışan, digərlərindən fərqli olduqları dərhal görülə bilən, etibarlı və doğru sözlü olduqları hiss edilən bəzi insanlarla qarşılaşdığınızı fərz edək. Başınızın onlarla söhbətə qızışdığını və davam edən söhbət əsnasında belə bir məlumat verdiklərini də fərz edək:
"Biz digərlərindən fərqli düşünən və yaşayan insanlarıq. Çünki biz, buranın, bizim və digər bütün insanların (sən də bura daxilsən) bir sahibi olduğunu, Onun sonsuz bir gücə sahib olduğunu və buranı da insanları imtahan etmək və öyrətmək üçün müvəqqəti bir yer kimi yaratdığını bilirik. Ondan bizə gəlib çatmış bir kitab var və bütün həyatımızı bu kitabda yazılanlar əsasında nizama salırıq".
Belə bir vəziyyətdə, bəlkə də, bu insanların həqiqəti deyib deməklərindən dərhal əmin ola bilməzdiniz. Amma onları dinləməkdən, hələ haqqında danışdıqları kitab haqqında məlumat əldə etməkdən daha əhəmiyyətli heç bir şey olmadığını asanlıqla başa düşərdiniz, elə deyilmi?... Onda sizin, bu nümunədəki qədər diqqətli olmağınıza mane olan nədir? Haqqında danışılan adam kimi dünyada bir anda deyil, əksinə uzunmüddətli bir inkişaf prosesi nəticəsində yaranmağınızmı? Onda yuxarıdakı nümunə əsasında düşünsək, şəhərdəki insanların əksəriyyətinin içində olduğu vəziyyətə düşdüyünüzü deyə bilərik. Bəs sizi bu anda bu halınızla yalnız; "bu axşam nə yeyim, sabah hansı paltarımı geyinim?" və ya "bu insan haqqımda nə düşünür, bu adama nə deyəcəyəm?" kimi suallara cavab tapmağa yönəldən və bu suallardan xeyli əhəmiyyətli olduğu çox aydın olan mövzulardan uzaq tutan "cahiliyyət" cəmiyyətlərinin mövcud olduğunun dərk edirsinizmi?
Bu cəmiyyətin içində olmaq və onun təlqinlərindən təsirlənməkdən qaynaqlanan cahilliyi bir düşünək...
Öz-özünüzə bu sualı verin (belə ki, bu sual bəhs olunan cəmiyyətdə, ya unudulmuş ya da qeyri-kafi yalan "izahat"larla arxivə verilmişdir): Mən necə yarandım?
Bu sualı cavablandıra bilmək üçün, əvvəlcə bütün ön mühakimələrinizdən xilas olub, həyatın başlanğıcını, yəni doğum hadisəsini qısa şəkildə araşdırmağınız faydalı olacaq.
Yeni bir insanın yaradılmasının səbəbkarı olacaq spermalar kişi bədəninin xarici qismindəki bir nahiyədə istehsal olunur. Bunun səbəbi istehsalın ancaq bədən temperaturundan təxminən 2 dərəcə aşağı bir temperaturda reallaşa bilməsidir. Bu temperaturun sabitlənməsi üçün bir də xayanın üstünə yerləşdirilmiş xüsusi dəri fəaliyyət göstərir. Bunun funksiyası soyuqda büzüşərək, istidə isə tərləyərək tələb olunan temperaturu sabit saxlamaqdır. Xayalıqlarda, dəqiqədə orta hesabla istehsal olunan 1 000 ədəd sperma kişinin xayalarından qadının yumurtalarına doğru edəcəyi səfər üçün xüsusi bir yaradılışa malikdir; baş, boyun və quyruq hissəsindən ibarətdir. Quyruğu ilə bir balıq kimi ana bətnində hərəkət edər.
Körpənin genetik şifrəsinin bir hissəsinə sahib baş hissə xüsusi qoruyucu bir zirehlə örtülmüşdür. Bu zirehin faydası ana bətninin girişində aydın olur: Bura olduqca turş mühitdir (ananın mikroblardan qorunmasından ötrü).
Kişidən bətnə ancaq milyonlarla sperma atılmır. Sperma bir-birindən fərqli mayelərin qarışığından ibarətdir. Bu mayelər, spermaların ehtiyac duyduğu enerjini təmin edəcək şəkəri özündə saxlayır. Həmçinin əsas xüsusiyyətiylə ana bətninin girişindəki turşuları neytrallaşdıraraq, spermanın hərəkət edəcəyi sürüşkən mühiti təmin etmək kimi vəzifələrə sahibdir. Spermalar yumurtaya çatana qədər ananın bədənində çətin bir səyahət keçirərlər. Özlərini nə qədər müdafiə edirlərsə etsinlər, 200-300 milyon spermadan yumurtaya çatanların sayı mindən o qədər də çox olmaz.
Bütün bu məlumatlar əsasında ağla gələn bu ilk sualın cavabını düşünək: Sperma, ana bədənini heç tanımadığı halda, necə olub da "öz-özünü" o mühitə uyğun hala gətirmişdir?
Sperma, "öz-özünü" bir mühitə uyğun hala gətirə bilməyəcəyinə görə, bu sualın tək cavabı, bu mühitə uyğun şəkildə yaradılmasıdır.
Doğumun qısa tarixinə nəzər salmağa davam edək:
Yumurta, ancaq bir duz dənəsinin yarısı böyüklüyündədir. Yumurtayla spermanın qarşılaşdığı yer uşaqlıq borusu adlandırılan hissədir. Yumurta spermanın özünü tapa bilməsi üçün xüsusi bir maye ifraz edər. Spermalar da bu mayeni izləyərək hədəflərinə çatarlar.
Yumurtanı mayalayacaq sperma yumurtaya yaxınlaşdığında, yumurtanın ifraz etdiyi bir maye spermanın qoruyucu zirehini əridər və spermanın ucundakı əridici ferment kisəcikləri ortaya çıxar. Sperma yumurtaya çatdığında bu fermentlər yumurtanın pərdəsini deşərək spermanın içəri girməsini təmin edər. Beləliklə də, yumurtanın ətrafını bürüyən spermalar, içəriyə girmək üçün böyük bir yarışa başlayarlar. Yumurtanı adətən tək bir sperma mayalayar və bu andan sonra başqa bir spermanın içəri girmə ehtimalı qalmaz. Bunun səbəbi yumurtanın ətrafında olan elektrik sahəsinin ilk spermanın içəriyə girməsiylə birlikdə itələmə xüsusiyyəti qazanmasıdır.
Sonunda spermadakı kişinin DNT-siylə qadının DNT-si birləşər. Artıq ananın bətnində yeni bir kənar hüceyrə (ziqot), yeni bir insan vardır.
Yumurtayla əlaqədar bu məlumatları düşündükdə ağla dərhal bu sual gəlir: Yumurta, elə bil, spermayla qarşılaşacağını "bilir"; bəs bu necə ola bilər?. Bunun da tək cavabı, yumurtanın spermayla uyğunlaşacaq şəkildə (hər ikisi arasında uyğunluq yaratdığına görə, hər ikisinə də nəzarət edən) bir Yaradıcı tərəfindən yaradılmasıdır...
Doğumun fövqəladəliyi bununla da bitməz, insanın yaranma mərhələləri hələ yeni başlayır:
Yumurta çıxıntılı səthi sayəsində uşaqlığa yerləşər. Bu çıxıntılar, yumurtanın həqiqi uzadılmaları olub, torpağa yerləşən köklər kimi, orqanın dərinliklərinə doğru gedərlər. Beləliklə də, ziqot inkişafı üçün ananın bədənində ifraz olunan hormonlardan faydalana bilər. Tam mənasıyla uşaqlığa yapışmış ziqot inkişafa başlayar. Yumurta bətnə yerləşməyə və qidalanmağa başlamışdır.
Bundan sonra 2-4-8-16 kimi həndəsi silsilə üzrə çoxalan hüceyrələr tək-tək körpənin orqanlarını meydana gətirməyə başlayar. Bu hüceyrələr bölünərək çoxalar və yeni yaranan hüceyrələr bir-birinin eynisi olar. Buna baxmayaraq, hüceyrələr, mükəmməl bir nizam içində fərqli hərəkət edər və əmələ gətirəcəkləri orqanlara uyğun şəkildə xüsusiləşməyə başlayarlar ki, bütün bunların da necə və hansı səbəbə görə baş tutduğu bilinməz. Başlanğıcda jelatini xatırladan uşaqlıqda böyük bir dəyişmə müşahidə olunar; o yumşaq strukturun içində bədənin şaquli vəziyyətdə dayanmasını təmin edəcək sərt sümüklər yaranmağa başlayar. Həm də hər sümük yerli yerində yaranar!.
Digər bir sözlə, başlanğıcda eyni olan hüceyrələr müxtəlifləşərək bəziləri işığa həssas göz hüceyrələrini, bəziləri istini, soyuğu və ya ağrını hiss edən sinir hüceyrələrini və ya səs titrəyişlərini hiss edəcək hüceyrələri meydana gətirər.
Sonunda körpə anasının bətnindəki inkişafını tamamlamış və dünyaya göz açmışdır. Bu halıyla ana bətnindəki halından 100 milyon dəfə böyük, 6 milyard dəfə də ağırdır.
Əhəmiyyətli olan burada izah edilən "qısa tarix"in, başqa hər hansı bir canlının deyil, bizim həyata başlama əhvalatımız olmasıdır. Onda bir insan üçün, bu cür kompleks, amma fövqəladə bir hadisənin kimin əsəri olduğunu tapmaqdan daha əhəmiyyətli nə ola bilər?
Bu sualın cavabını bir qədər sonra verək və hal-hazırda doğumun qısa tarixini nəzərdən keçirdikdən sonra cavablandırılması lazım olan digər bir sualı cavablandıraq:
Hüceyrələr çoxalarkən qruplara ayrılıb, bədənin fərqli orqanlarını necə meydana gətirməyə başlaya bilərlər?
Bu mərhələdə qarşımıza bu həqiqət çıxır: Doğumla əlaqədar sualların Yaradıcının varlığını qəbul etməkdən başqa bir cavabı ola bilməz. Bütün bu mürəkkəb əməliyyatların "öz-özünə" baş verdiyini düşünmək ağılsızlıqdır. Şüursuz hüceyrələr necə "qərar verib" də insan orqanlarını meydana gətirə bilər? Hadisədəki fövqəladəliyi görən ateist elm adamları belə bunun öz-özünə baş verə bilməyəcəyini etiraf edir, lakin yaradılışı qəbul etməmək üçün buna mənasız bir ad qoyaraq "təbiət möcüzəsi" adlandırırlar. Ancaq təbiətdə, belə mükəmməl bir sistemi meydana gətirəcək şüur axtarmaq boşunadır. Təbiətin özü də cansız və şüursuz atomlardan meydana gələn bir bütündür və qərar alıb tətbiq etmə gücünə sahib deyil.
Bu hadisənin ana və atadan qaynaqlandığını düşünmək də, əlbəttə ki, səhv olar. Hətta onlar da bədənlərində baş verən hadisələrdən xəbərsizdirlər. Belə olmasına baxmayaraq, ana-ata, doğulan adam tərəfindən həyat səbəbi kimi görülər. Bu səbəblə də ana ataya böyük bir minnət çəkilər, sevgi və hörmət göstərilər.
Onda insan bunu düşünməlidir: Onun (və əslində digər bütün həyat funksiyalarının) əsl Yaradıcısı olan Allah daha çox minnət, sevgi və hörmətə layiq deyilmi? Onun varlığı ortadadır, onsuz da Onsuz bir şeyin mövcud olması qeyri-mümkündür.
Quranda insanın yaradılma möcüzəsi belə izah edilir:
Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12-14)
Başqa Quran ayələrində yaradılış möcüzəsindən belə bəhs edilir:
Bəlkə insan özbaşına və məsuliyyətsiz qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamət surəsi, 36-40)
...Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
Belə olduqda, bir insanın başdakı nümunədə izah edilən və "birdən-birə meydana gəlmiş" və kimin özünü və ətrafındakı şeyləri yaratdığıyla maraqlanan adamdan heç bir fərqi olmadığı ortadadır.
Belə olduqda da, edilməsi lazım olan ən əhəmiyyətli şey, əgər o adamın şəhərdə tanış olduğu və özünə, özünü və ətrafdakı hər şeyi yaradan Yaradıcımızı tanıda biləcəklərini, Ondan özlərinə çatmış bir kitab olduğunu söyləyən kəslər kimi bəziləri varsa onları dinləməkdir. Yaxud da insan bütün bunları görməzlikdən gəlib; "bu axşam nə geyəcəyəm, filankəsə nə deyəcəyəm" kimi hər gün təkrarlanan və bir gün ölümlə birlikdə heç bir mənası qalmayacağı aydın olan suallarla məşğul olmağa qayıda bilər.
İndi siz düşünün: Bu iki variantdan hansı daha ağıllı, daha məntiqli və daha "vicdani"dir?...
İnsan Allahın yaratdığı bir varlıqdır, bunu inkar edə bilməz. Hadisəyə başqa heç bir izah gətirə bilməz. Yaradıldığına görə, yuxarıdakı ayədə bildirildiyi kimi, "özbaşına və məsuliyyətsiz" də qoyulmayacaq. Əlbəttə ki, yaradılmasının bir məqsədi vardır. Bunu haradan öyrənəcək?.
Bu sualın tək cavabı vardır: Allahın özünə göndərdiyi Kitabdan...