Məni yalqız halda yaratdığım kimsə ilə tək burax;
Mən ona bolluca var-dövlət bağışladım,
Göz önündə olan övladlar verdim
və onu hər cür imkanlarla təmin etdim.
Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.
Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.
Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.
Çünki o, fikirləşərək bir ölçü müəyyənləşdirdi.
Ona ölüm olsun! Necə bir ölçü müəyyənləşdirdi?
Sonra yenə ona ölüm olsun! Gör necə bir ölçü müəyyənləşdirdi?
Sonra o nəzər saldı.
Üz-gözünü turşudub qaşqabağını tökdü.
Sonra da arxasını çevirib təkəbbür göstərdi
və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!
Bu, adi insan kəlamıdır!
Mən onu Səqərə (Cəhənnəmə) salacağam.
Sən haradan biləsən ki, Səqər nədir?!
O, kimsəni sağ-salamat buraxmaz.
O insanın canına dəlicəsinə susamışdır. (Müddəssir surəsi, 11-29)
Cənnət nə qədər gözəllik və nemətlə doludursa, cəhənnəm də bir o qədər çirkinlik və əzabla doludur. Möminlərlə inkar edənlər arasında hələ dünyada olarkən yaranmış uçurum, axirətdə ən yüksək nöqtəyə çatar. Özünü yaradan, yaşadan və dinini ona çatdıran Allahı inkar etmiş və ya Ona tabe olmamış kimsələr əbədi əzabla cəzalandırılar.
Allah Quranda cəhənnəmə layiq olanları belə izah edər:
Hər kəs doğru yol ona bəlli olduqdan sonra Elçiyə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. (Nisa surəsi, 115)
Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla (Quranla) xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir şəfaətçisi olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır. (Ənam surəsi, 70)
Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ.
O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!” deyiləcəkdir. (Tövbə surəsi, 34-35)
Ona: “Allahdan qorx!” deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!. (Bəqərə surəsi, 206)
Cəhənnəmə girəcək kimsələrin ortaq xüsusiyyəti, din əxlaqına çağırıldıqlarında üz çevirmiş olmalarıdır:
Sur üfürüldü və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öldü. Sonra bir daha ona üfürüldü və onlar o dəqiqə qalxıb baxdılar.
Yer öz Rəbbinin nuru ilə işıqlandı, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi. Onların arasında ədalətlə hökm verildi və onlara haqsızlıq edilmədi.
Hər kəsə öz əməlinin əvəzi tam verildi. Allah onların nə etdiklərini yaxşı bilir.
İnkarçılar dəstə-dəstə Cəhənnəmə gətirildilər. Nəhayət, ora çatdıqda onun qapıları açıldı və onun gözətçiləri onlara dedilər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?”.
Onlar: “Əlbəttə, gəlmişdi!” dedilər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” deyildi. Təkəbbürlülərin yeri necə də pisdir!. (Zumər surəsi, 68-72)
Odda olanlar Cəhənnəm gözətçilərinə dedilər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”.
(Gözətçilər) dedilər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!” dedilər. Gözətçilər də: “Elə isə özünüz yalvarın!” dedilər. Kafirlərin yalvarması isə boş şeydir. (Mömin surəsi, 49-50)
Cəhənnəmə girəcək kimsələrin bir hissəsi, hələ dünyada olarkən Allahın əzabı barəsində düşünməyənlərdir. Cəhənnəmə girsələr belə; "bir az əzab çəkər, sonra çıxaram" kimi Qurandan kənar əsassız bir məntiq yürüdənlərdən Quranda belə bəhs edilir:
Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə üz çevirir. Onlar məhz belə üz çevirənlərdir. Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!” demələrinə görədir. Onların bu iftiraları öz dinləri barəsində özlərini aldatdı. Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!” demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı. Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq? (Ali İmran surəsi, 23-25)
Cəhənnəmdəki mühitin qorxuncluğunu izah edən digər bəzi ayələr isə belədir:
Onlar bir-birlərinə göstəriləcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin. Xeyr! Bu, alovu şölələnən Oddur - başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı. (Məaric surəsi, 11-18)
Orada sümükləri çatladan inildəmələr eşidiləcək. Onlar orada eşitməyəcəklər də. (Ənbiya surəsi, 100)
Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir. (İbrahim surəsi, 16-17)
O gün günahkarları zəncirlənmiş görəcəksən. Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. (İbrahim surəsi, 49-50)
Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir.
Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub Cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! Dad bu əzabı! Sən ki (öz aləmində) üstün və şərəfli idin. (Duxan surəsi, 43-49)
Bütün bu ayələrdə izah edilən cənnət və cəhənnəm qəti həqiqətlərdir. Bu dünyanı və bu həyatı yaradan Allah, onları da yaradacağını xəbər verir. İnkarçı insan nə qədər bu qəti həqiqətləri görmək istəməsə də, bunlarla qarşılaşacaq. Böyük bir islam aliminin verdiyi nümunəyə görə, axirəti düşünməyən kəs dəvəquşuna bənzəyər. Başını quma quyladığında ətrafını görməz və beləliklə də, özünün də görülmədiyini zənn edər. Halbuki, Allah istisnasız surətdə dünyadakı hər insanın etdiyi bütün əməlləri görür və müəyyənləşdirir.
Din əxlaqını yaşamağa dəvət edilən, lakin bu dəvəti qəbul etməyib inkara sapanlar, artıq cəhənnəmə layiq kəslərə çevrilmişdirlər. Bu kəslərlə əlaqədar ayələrdə belə xəbər verilir:
...“Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” (Zumər surəsi, 71)
Dinə çağırıldığı halda, üz çevirənlər isə "əzaba düçar" olacaq:
Lakin, O, nə təsdiq etdi, nə də namaz qıldı. Ancaq O yalan saydı və üz döndərdi. Sonra da təkəbbürlənərək öz ailəsinin yanına getdi. Sən buna layiqsən, artığına layiqsən! Yenə sən buna layiqsən, artığına da layiqsən! (Qiyamət surəsi, 31-35)
Bu kitabda edilən şey də, hər insana haqq-hesab günü ilə qarşılaşacağını Allahın ayələriylə xatırladıb onları xəbərdar etməkdir.