Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq sonu olmayan zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (Casiyə surəsi, 24)
İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. (Həcc surəsi, 8)
Möminlərin bura qədər bəhs etdiyimiz bütün bu müsbət xüsusiyyətlərinə baxmayaraq, bir kimsənin din əxlaqından uzaq qalmasının altında yatan səbəbləri başa düşə bilmək üçün bu adamın İslam dini və müsəlmanlar barəsində o günə qədər sahib olduğu təəssüratlara, ön mühakimələrə nəzər salmaq lazımdır.
"Din əxlaqından uzaq" yaşayan insanların ən əhəmiyyətli xüsusiyyəti, başda da ifadə etdiyimiz kimi cəmiyyətin təlqinləri istiqamətində hərəkət etmələridir. Bu insanlar demək olar ki, bütün davranışlarını çoxluğa tabe olma psixologiyası əsasında müəyyənləşdirərlər. Şübhəsiz ki, bu psixologiya onların dinə qarşı olan dünyagörüşlərini də formalaşdırır.
Din haqqındakı bütün fikirləri, ona ətrafındakı insanlar tərəfindən aşılanmışdır. Quranı həyatında bir dəfə belə oxumadığından və onu bilmədiyindən ötrü, uşaqlıq yaşlarından etibarən əldə etdiyi qulaqdan dolma məlumatlara əsaslanan bir din anlayışına sahibdir. Din adına özünə izah edilən hər şeyin dində həqiqətən mövcud olduğu düşüncəsinə qapılar. Quranı oxuyub həqiqi din əxlaqını öyrənməkdən isə şiddətlə çəkinər, ətrafındakı insanlara da eyni təlqinləri verərək, çox vaxt onların da din əxlaqından uzaq dayanmalarına vəsilə olar. Bu səhv münasibət və anlayışa sahib insanlar Quranda belə bildirilir:
Onlar həm insanları ondan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşarlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər. (Ənam surəsi, 26)
Bu əxlaqa sahib kəslərin cahilliklərindən ötrü cəmiyyətin böyük bir hissəsinin din əxlaqını yaşamaması, ondan uzaq dayanması, onların da eyni rəftarı göstərməsinin ən böyük dayağı olacaq. Cəhalətləri, tanınmış və cəmiyyətdəki öndə gələn insanların din əxlaqından uzaq həyatlarının özlərinə daha da mənfi təsir etməsinə səbəb olar. Din əxlaqından uzaq qalaraq öz ağlınca "müasir dövrə ayaq uydurduğunu" və "öndə gələn insanların davrandığı kimi davrandığını" düşünər. Bu birlik psixologiyasından ötrü dindən uzaq dayanmağın axirətdəki nəticəsini də unudar.
Halbuki, öldüyü andan etibarən hər insan təkbaşına qalacaq. "Öndə gələnlər"in özünə heç bir faydası toxunmayacaq. Ayələrdə axirətdəki vəziyyət belə bildirilir:
Axirət günü hamı Allahın hüzuruna çıxarıldı və zəiflər təkəbbürlük göstərənlərə belə dedilər: “Biz sizə tabe idik. İndi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar dedilər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. İndi qəm çəksək də, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”. (İbrahim surəsi, 21)
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, haqqlarında zənnə qapıldığınız məbudlar isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)
Adam "xüsusilik" anlayışını səhv qiymətləndirdiyi üçün özünə də səhv insanları nümunə götürər. "Cahiliyyət" cəmiyyətinin anlayışına görə "xüsusilik", pul, şöhrət kimi dəyərlərlə əldə olunar. Həqiqətdə isə, "xüsusilik" yalnız Allaha olan səmimi yaxınlıqla əldə edilər:
Güc və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da xatırla. Həqiqətən Biz onları, ancaq (axirətdəki əsl) yurdu düşünüb anan ixlas sahibləri etdik və həqiqətən onlar Bizim Qatımızda seçilmişlərdən və xeyirli olanlardandır. (Sad surəsi, 45-47)
Din əxlaqının yaşanmadığı cəmiyyət insana yanlış vərdişlər qazandırar. Hər şeydən əvvəl belə bir adam, hər mühitdə müəyyən bir "status" qazanmasının lazım olduğunu düşünər. Əks halda ətrafındakı insanların nə düşünəcəyi zehnini çox məşğul edər. Artıq bir cəmiyyət içində olarkən ağlına təkcə; "hal-hazırda ətrafımdakılar haqqımda nə düşünür?" sualı gələr. Allahın razılığını axtarmağın nə demək olduğunu belə bilmir. O yalnız insanların razılığını axtarır.
Din əxlaqından uzaq cəmiyyət, ona əks cinslə olan əlaqələri mövzusunda da olduqca yanlış bir təhsil vermişdir. Ən böyük şüarlarından biri; "qadına hörmət və qadın haqqlarının müdafiəsi" olan bu dindən uzaq cəmiyyətdə, qadın əslində tam bir istismar vasitəsi kimi istifadə edilər.
"Qızla çıxıram" məntiqi cəmiyyətdəki sosial problemlərin sanki yeganə açarıymış kimi xalqa zorla mənimsədilərək, "eşqbazlıq", "boy friend", "girl friend" kimi bəzəkli terminlərlə guya modernləşdirilir. Namus, iffət kimi dində diqqətlə əhəmiyyət verilən mövzular, bir qisim media tərəfindən xüsusilə ələ alınaraq, insanların şüuraltına yavaş-yavaş əks istiqamətdə təlqinlər yeridilir. Namuslu qalmaq istəyən insanlar kütlə psixologiyası yaradılaraq ya namussuz olar ya da cəmiyyətdən təcrid olunarlar. Beləliklə də, insanlar üzərində ictimai bir təzyiq meydana gələr. Həmçinin onların, istənilən istiqamətdə hərəkət etmədikləri təqdirdə, sanki özlərindən şübhə edəcəkləri, özlərinə olan inamlarını itirəcəkləri bir ictimaiyyət meydana gətirilər.
Bəhs olunan din əxlaqının yaşanmadığı bəzi cəmiyyətlərdə, bütün bu yanlış ictimai təlqinlərin təsiriylə fahişəliyi qanuni görməyə başlayan gənc, bu dəfə də homoseksuallığın normal qarşılanmasının lazım olduğu, bu pozğunluğun yalnız o insanı maraqlandıracaq bir "seçim" məsələsi olduğu istiqamətində yalan təbliğatla üz-üzə gələr. Homoseksuallıq - tolerantlıq, igidlik, böyük insan olmaq kimi təqdim edilir. Əxlaqsızlıq da aşması lazım olan yeni bir şey kimi qarşısına çıxardılar.
Digər tərəfdən İslamda Allahın qarşılıqlı sevgi və hörməti, hər hansı bir mənfəət güdmədən ən güclü şəkildə yaşamaq üçün qanuni etdiyi evlilik təşkilatı, bu sistemin ümumi fəlsəfəsinin tələb etdiyi şəkildə, qarşılıqlı bir istismar vasitəsi kimi istifadə edilər. Bu təhrif olunmuş sistemdə kişi üçün evləndiyi qadın, həyatının geridə qalan hissəsində özünə baxacaq, paltarını yuyub yeməyini hazırlayacaq və cinsi arzusunu təmin edəcək bir mal mövqeyindədir. "Ər qapma" təlqinləriylə böyüdülən qadın isə ərini, tezliklə uşaq sahibi olaraq özünə bağlayacağı və bu yolla gələcəyini zəmanət altına alacağı, özünə lazım olan həyat standartını təmin edəcək bir vasitə kimi görər. Özünü bunlarla təmin edən kişinin təsiri altına daxil olar və ərini itirməmək üçün hər cür yola müraciət edər. Bu cür bir evlilik əslində bir fahişəylə maddi mənfəət qarşılığında bir neçə saatlığına bağlanılan müqavilənin daha uzun, ömür boyu sürən bir bənzərindən elə də fərqi yoxdur. Hərçənd ki, bunu iki tərəf də açıq şəkildə qəbul etmək istəməz, lakin yeri gəldikdə bunun həyatın bir həqiqəti olduğunu ifadə etməkdən də çəkinməzlər. Məntiq evliliyi etmələriylə öyünənlər vardır. Aydın olduğu kimi, belə bir evlilikdə ortaq paylaşılan şey sevgi deyil, pul, qarşılıqlı mənfəət və cinsəllikdir.
Bir mənfəət əlaqəsi halına çevrilən bu evlilikdə sədaqət, vəfa kimi anlayışların da heç bir məna ifadə etmədiyi ortadadır. Evliliklərində yuxarıda saydığımız mənfəətləri təmin etdikdən sonra bir-birini aldadan, xəyanət edən yoldaşların saylarının gündən-günə artması bunun normal bir nəticəsidir. Bu xəyanətlərə yoldaşından gizli və ya qarşılıqlı razılaşma ilə davam edənlər də çoxalır. Nəticədə guya müasir evlilik sisteminin özü, dində bəhs edilən evlilik modelindən uzaqlaşdırılıb, cəmiyyətdə müəyyən ətraflar tərəfindən yaradılmağa çalışılan "sərbəst cinsəllik" mühitinə açılan bir qapı halına gətirilmişdir.
Guya müasirlik adı altında önə sürülən və din əxlaqına uyğun olmayan həyat tərzi əslində müstəqil bir dünyagörüşü deyil. İnsanları din əxlaqından tamamilə uzaqlaşdırıb tam əksi bir quruluş hakim etməyə, Allahın qoyduğu hüdudların qorunmasına maneə törətməyə çalışan batil bir sistemdir. Bu batil sistemin öz təsiri altına aldığı mövzular təkcə cinsəllik və evliliklə məhdudlaşmayıb hər cür dəyər mühakiməsinə qədər gedib çıxar. İslam əxlaqının tələbi olan üstün əxlaqi dəyərlərin bir qismini (iffət, namus kimi) tamamilə yox etməyə çalışarkən, bir qismini də öz batil sisteminə uyğunlaşdıraraq, əsl hədəfindən döndərməyə çalışar. Məsələn, Allah yolunda göstərilən dürüstlük, cəsarət, qorxmazlıq, mübarizlik kimi xüsusiyyətlər Quranda təriflənmişdir. Haqsızlıqla, ədalətsizliklə fikri mübarizə aparmaq, yaxşını, doğrunu izah etmək üçün heç bir fədakarlıqdan güzəştə getməmək, cəsarətini Allaha olan etibarından almaq, Allahdan başqasından qorxmayıb lazım gəldikdə canını ortaya qoymaq möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Ancaq haqqında danışdığımız batil düşüncə sistemi, cəsarəti; ən ağlasığmaz pozğunluqları sınaqdan keçirmək, dürüstlüyü; əxlaqsızlıqları açıq-aydın və çəkinmədən etmək, mübarizəni də bunları ölənə qədər müdafiə edib, hər kəsə yaymaq kimi olduqca yanlış bir şəkildə xarakterizə etmişlər.
Bu batil sistemdə gənc yaşdakı kişilər hədəf alındıqda, "cəsarət" və "qorxmazlıq" anlayışları, kobudluq, zorbazorluq, sərhəd tanımamaq, insanların haqqlarına təcavüz etmək, fürsətçilik, insanlardan öz mənfəəti üçün istifadə etmək, təcavüzkarlıq, davakarlıq, qürur və təkəbbür kimi xarakter pozuqluqları ilə bir tutulmuş, bu dəyanətsiz və yanlış psixologiya "cavanlıq" adı altında sanki qibtə ediləcək bir hala gətirilməyə çalışılmışdır. Düşüncəsizlik, nadanlıq, söyüşkənlik, boşboğazlıq kimi şeylər "mərdlik" kimi təriflənmişdir.
Allah bunlara bənzər digər mənfi xüsusiyyətləri üzərində daşıyan insanların etibarsızlıqlarını belə bildirir:
İtaət etmə hər tez-tez and içənə, alçağa, eyibləyib pisləyənə, dedi-qodu yayana, xeyirə maneə olmağa davam edənə, təcavüzkara, hədsiz dərəcədə günahkar, zalım-hörmətsiz və cinayətkara; O mal-dövlət və uşaq sahibi oldu deyə, ayələrimiz ona oxunduqda, "bu keçmişdəkilərin əsatirlərindədir" deyər. (Qələm surəsi, 10-15)
Bütün bu yanlış məntiqlər nəticəsində "sevgi" anlayışının da mənası dəyişmişdir. Sevgi, qarşıdakı adamın özünə təmin edəcəyi öyünmək dərəcəsi və ya maddi mənfəət ilə mütənasibdir. Bununla yanaşı din əxlaqının yaşanmadığı sistemin digər bir xüsusiyyəti də sevgini müxtəlif görünüş və imiclərə istinad etdirməsidir. Əlbəttə ki, bu əsl sevgi deyil. Bu cahiliyyət mühitində bir çox gənc qız, son model bir avtomobili, dəbdəbəli bir evi, yaxşı bir görünüşü olan insana guya ilk baxışda "aşiq" olar. Hər hansı bir xəstəlik və ya acizlikdən ötrü bu dünyəvi xüsusiyyətlər aradan qalxdıqda isə, eşqi də sona çatar.
Yaşadığı cəmiyyət, meyarlarını və dəyər mühakimələrini, duyğu və düşüncələrinin hüdudlarını müəyyənləşdirərkən, Onu, Allah, din və yaranma məqsədi haqqında heç bir şey düşünməyən bir insan halına gətirmişdir. Çünki, özünü proqramlaşdıran cahiliyyət cəmiyyəti, ona saysız vəzifələr yükləmişdir. Hər şeydən əvvəl cahiliyyət cəmiyyətinin deyimiylə; "gəmisini xilas etməli", sonra da bu cəmiyyətdə müəyyən bir "status" qazanmalıdır. Bunun üçün digər insanlardan istifadə edəcək, lazım gəlsə onları tapdalayacaq, sonra isə bir kənara atacaqdır.
Çünki bu cahil anlayışa görə "həyat bir mübarizədir" və yenə eyni yanlış anlayışa görə; "böyük balıq kiçik balığı udmalıdır". Zəif, düşkün insanların aradan götürülməsi isə sanki bir təbiət qanunu kimi görülər. Başqalarının, özünə zərərləri toxunmadığı müddətcə eyni zehniyyəti daşımalarının da bir zərəri yoxdur, çünki "ona toxunmayan ilanlar istədikləri qədər yaşaya bilərlər".
Lakin işlər gözlədiyi kimi getməyib lazımi müvəffəqiyyəti qazana bilmədiyi, xəyal etdiyi sosial statusu qazana bilmədiyi təqdirdə, eyni dünyagörüşü bu dəfə öz əleyhində işləməyə başlayar. Bir də görər ki, din əxlaqından uzaq yaşayan bu cəmiyyət tərəfindən xor görülən, tapdalanan, alçaldılan və bir kənara atılan insanların cərgəsinə özü də qoşulmuşdur. Daha əvvəl özünü ucaldacağını gözlədiyi qanunlar, indi özünü hədəf almışdır. Ətrafındakı dostları birdən yox olmuş, bədbəxt və təkbaşına qalmışdır.
Bunlar bəs etmirmiş kimi ətrafında özündən böyük balıqların gəzməyə başladığını da görər. Güvənəcək insan, yapışacaq budaq və bir yardım əli axtarsa da tapa bilməz. Quranda dindən uzaq insanların çarəsiz qaldıqlarında Allaha üz tutduqları belə xəbər verilir:
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. (Yunis surəsi, 22)
Ancaq bu insan, Allah duasına cavab verib də özünü içində olduğu çətinlikdən xilas etdikdə, sanki daha əvvəl Allaha yalvaran özü deyilmiş kimi əvvəlki zehniyyətindən imtina etməz:
Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunis surəsi, 23)
Bu cür insanların yanlış zehniyyətinə görə; "hər şeyi metafizik olaraq şərh etməmək, real olmaq" lazımdır. Əhəmiyyətli bir təcrübədən keçmiş və öz səyiylə xilas olmuşdur. "Həyatın həqiqətlərini" öyrənmişdir. Pis günlər keçirmişdir, lakin artıq bunlar geridə qalmışdır. O indi daha təcrübəli, daha yetkindir. Şübhəsiz ki, bu ağılsız və məntiqsiz bir yanaşmadır. İnkarçı insanların çirkin psixologiyası da Quranda xəbər verilmişdir:
Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!” deyər və sevinib lovğalıq edər. (Hud surəsi, 9-10)
Belə nankorluq edən insanın, həyatının geridə qalan hissəsində də başına buna bənzər bəlalar gəlir. Bəlkə Allah (tövbə edib, Özünə yalvardığı təqdirdə) hər dəfə bu adamın duasına cavab verəcək, lakin o isə, özünə verilən neməti lazım olduğu kimi qiymətləndirməyəcək, bu ağılsızlığından ötrü həm dünyada, həm də axirətdə çətinlik və acı dolu bir həyat yaşayacaq.
İnkarından dönməyən bu adam ölümlə üz-üzə gəldiyi vaxt, artıq tövbə etmə imkanı olmayacaq, özünə yeni bir fürsət verilməyəcək. Çünki o həyatı boyu necə bir insan olduğunu göstərmişdir. Allah bu insanın həqiqətlə üzləşdiyi vaxt keçirəcəyi peşmanlıq hissini Quranın bir çox ayəsində xəbər vermişdir:
Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” dediklərini görəydin! Xeyr! Əvvəllər gizlətdikləri şeylər onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar. (Ənam surəsi, 27-28)
Buna görədir ki, ağıl və vicdan sahibi kimsələrin dünyada olarkən bütün bu səhv rəftarlarını düzəltmələri, əxlaqlarını tamamilə dəyişdirib gözəlləşdirmələri böyük əhəmiyyət daşıyır. Ayələrdə belə buyurulur:
Allah kimi azğınlığa salsa, bundan sonra onun heç bir himayəçisi olmaz. Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?” deyən görəcəksən. Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü həm özlərini, həm də qohumlarını (tərəfdarlarını) ziyana uğratmışdırlar”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. Onlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi azğınlığa salsa, onun üçün heç bir qurtuluş yolu olmaz. Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz günahlarınızı inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 44-47)