O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Təmiz ağıl sahibləri də məhz onlardır.
(Zumər surəsi, 18)
Dünyada yaşanan həyat, insanlardan hansının yaxşı, hansının isə pis əməllər işlədiyinin müəyyən olunması üçün Allah tərəfindən yaradılmış imtahan müddətidir. Bu müddət ərzində insanlar bir çox səhv və qüsurlu davranışlar edə bilərlər. İman edən insanların məqsədi bu səhvlərindən, qüsurlarından, çatışmazlıqlarından tezliklə xilas olaraq Allahın rizasını qazanmaq və cənnətə layiq əxlaqa nail olmaqdır.
Səmimi və vicdanlı insanlar hər cür çirkin əməldən və çatışmazlıqdan təmizlənməyi səmimi-qəlbdən istədikləri üçün özlərini Allaha yaxınlaşdıracaq hər öyüdə cani könüldən qulaq asarlar. Möminlər üçün gözəl sözə əməl etmək və ya etməmək seçim mövzusu deyil. Çünki bu seçim nəticəsində bir tərəfdə cənnət digər tərəfdə isə cəhənnəmlə nəticələnə biləcək əbədi həyatdan söhbət gedir. Bundan xəbərdar olan və Allahdan qorxan, axirətə qəti məlumatla iman edən möminlər sonsuz axirət həyatlarını təhlükə altına sala biləcək hər cür rəftar və sözdən şiddətlə çəkinər, axirət günündə özlərinə fayda verəcək bütün öyüd və xatırlatmalara dərhal uyarlar. Müsəlmanların bu xüsusiyyəti Quranda belə bildirilmişdir:
Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar. (Furqan surəsi, 73)
Özlərinə edilən xatırlatmalar və verilən öyüdlər qarşısında, qürur hissinə qapılmaq, təkkəbbürlənmək və bunlara qarşı çıxmaq inkarçılara məxsus rəftardır. Möminlər isə yuxarıdakı ayədə də bildirildiyi kimi, Allahın ayələri xatırladıldığı zaman diqqətlə dinləyər və dərhal itaət edərlər. İman edən bir insan özünə çatan hər xatırlatmanın, özünü əbədi cəhənnəm əzabından qorumaq üçün edildiyini düşünərək ona tam təslimiyyətlə tabe olar. Möminlərin bu təslimiyyətlərini ifadə edən sözləri, Quranda belə xəbər verilmişdir:
Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!” deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılıq edənlərlə bir yerdə al! (Ali İmran surəsi, 193)
Ayədə açıq şəkildə görüldüyü kimi, əsla qürur hissinə qapılmadan özlərinə deyilən hər gözəl sözə əməl edənlər; səmimi və vicdanlı möminlərdir. Allah; "sən öyüd verib xatırlat! Çünki bu möminlərə fayda verir" (Zəriyət surəsi, 55) ayəsiylə də bu həqiqəti xəbər vermişdir. Öyüd və xatırlatmanın kimlərə fayda verib, kimlərin inkarını artıracağı başqa ayələrdə də belə bildirilir:
Öyüd və xatırlatmanın fayda verdiyini görsən, öyüd ver və xatırlat! Allahdan qorxanlar öyüd alıb düşünərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. O kimsə ki, Oda atılacaq, O orada nə öləcək, nə də yaşaya biləcəkdir. Təmizlənən kimsə isə uğur qazanmışdır. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. (Əla surəsi, 9-15)
Naziat surəsində isə ancaq haqq-hesab günündən qorxan insanların xəbərdarlıqları dinləyəcəyi; "sən yalnız ondan qorxanı xəbərdar edənsən" (Naziat surəsi, 45) ayəsiylə bildirilmişdir. Buradan isə, möminlərin göstərdikləri təvazökar və təslimiyyətli rəftarın təməlində, Allaha və axirətə olan imanlarının dayandığını anlayırıq. Möminlər axirəti həyatlarının hər anında düşünər, orada ortaya çıxacaq bir səhvin insanı Allahın hüzurunda utandıracağını və faydası olmayan peşmançılığa sürükləyəcəyini unutmazlar. Quran ayələrindən cəhənnəm əzabının şiddətini öyrəndikləri üçün Allahın rizasına uyğun gəlməyəcək, Onun əzabına səbəb olacaq hər rəftardan uzaqlaşar, xəta və çatışmazlıqlardan qurtulmaq istəyərlər. Allahın Quranda bildirdiyi mömin əxlaqını ən gözəl və ən əskiksiz şəkildə yaşaya bilmək üçün misli görünməmiş şövqlə səy göstərirlər. Allah bir ayəsində, bu şövqlə özlərinə verilən hər öyüd barəsində düşünən və gözəl sözə dərhal iman gətirən möminləri təmiz ağıl sahibləri olaraq xarakterizə etmişdir:
O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Təmiz ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18)
Ayədən də görüldüyü kimi, möminlərin ən bariz xüsusiyyətlərindən biri, haqqı gördükləri anda dərhal ona yönəlmələridir. Şübhəsiz ki, bu, edilən öyüd və xatırlatma qarşısında verilə biləcək ən gözəl reaksiyadır. Saleh möminlər də peyğəmbərlərin çağırışlarına dərhal cavab vermiş və bu rəftarlarıyla nümunə olmuşdurlar.
Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə mömin qadınlar Allahın örtünmə mövzusundakı əmrini böyük şövq və istəklə qarşılamış və dərhal itaət etmişdilər. Örtünməklə əlaqədar ayələrin endiyi dövrdə müsəlman qadınların gözəl rəftarlarıyla əlaqədar bunlar rəvayət edilir:
Hz. Aişə (r.ə)-dən belə rəvayət edilmişdir: "Örtüklərini yaxalarının üstünə salsınlar" ayəsini nazil etdikdən sonra bürüncəklərini cıraraq onunla örtünmüşdürlər". (İbn-i Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, XI cild, səh. 5880)
Onlardan sonra gələn müsəlman qadınlar da eyni şövq və qətiyyətlə bu əmri yerinə yetirmişdirlər. Özünə xatırladılanlar barəsində düşünən və təslimiyyət göstərən insanın bu rəftarının bariz üstünlük olduğunu Allah; "Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Ancaq təmiz ağıl sahibləri öyüd alıb düşünərlər" (Rad surəsi, 19) ayəsiylə də xəbər vermişdir. Ayədən aydın olduğu kimi, haqqı görüb öyüd ala bilən insanlar görə bilən kəslərdir, doğrunu görə bilməyənlər isə korlar kimi xarakterizə edilmişdir. Şübhəsiz ki, görə bilən insan olmaq olduğu halda (mənəvi cəhətdən) kor olanlardan olmağı heç kim istəməz.
Buna görə də, vicdanlı bir insan üçün, xətasının ona dünyada olarkən bildirilməsi və üstəlik bunun Allahın ayələriylə danışan və öyüd verən mömin tərəfindən edilməsi çox böyük nemətdir. Vicdanlı insan bunun müqabilində heç bir bəhanə irəli sürməz və ya nəfsini təmizə çıxartmağa çalışmaz. Çünki; "...Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, var gücüylə nəfs adama pis işləri əmr edər..." (Yusif surəsi, 53) ayəsində bildirildiyi kimi, nəfsinin təmizlənməyi istəməyəcəyindən xəbərdardır.
Gündəlik həyatda insanlar bu mövzuyla əlaqədar bir çox nümunə ilə qarşılaşarlar. Məsələn, bir insan səhvə yol verərək, bir hadisədə qarşısındakı insana sərt və incidici rəftar göstərə bilər və yanındakı bir mömin ona bu rəftarının gözəl olmadığını, istənilən halda gözəl rəftar göstərməsinin Allahın əmri olduğunu xatırlada bilər. Bu vəziyyətdə nəfs araya girib, öyüd verilən insana əslində göstərdiyi rəftarın doğru olduğunu söyləyə bilər və ya buna bənzər təlqinlər verə bilər. Belə vəziyyətdə Allaha iman edən bir insan, nəfsinin bu xüsusiyyətini bildiyi üçün onun irəli sürdüyü bəhanələrin heç birinə qulaq asmaz. Daim vicdanına müraciət edərək haqqı görər və ona əməl edər. Hətta özü belə haqlı olsa, nəfsini müdafiə etməz, onu qorumağa çalışmaz. Göstərdiyi rəftarın olduqca gözəl, olduqca mükəmməl varinatı olduğunu düşünər və növbəti dəfə daha yaxşısını göstərməyə niyyət edər. İman edən bir insan, axirətdə nəfsin irəli sürdüyü bəhanələrin heç bir əsası olmayacağını; daim nəfsi bir kənara qoyaraq, verilən gözəl öyüdə qulaq asmağın fayda verəcəyini çox yaxşı bilər. Çünki haqq-hesab günü Quranda bildirildiyi kimi; "zalımlara bəhanələrinin heç bir fayda verməyəcəyi gündür" (Mümin surəsi, 52).
Möminlər bu sayədə, yəni haqq-hesab günündən qorxub bir-birlərinin sözünə iman gətirmələri sayəsində, hər mövzuda həm bir-birlərinin çatışmazlıqlarını tamamlayar, həm də çox böyük sürətlə inkişaf edərlər, mükəmməl əxlaq və rəftara doğru yol qət edərlər. Bir möminin görmədiyini digəri görər və tamamlayar. Ən əhəmiyyətlisi isə, heç bir möminin özünə xatırladılan mövzularda ən kiçik müqavimət göstərməməsidir. Quranda bildirildiyi kimi möminlər; "...etdikləri (pis əməllərdə) bilə-bilə israr etməzlər" (Ali İmran surəsi, 135).
İman edən insan özünə öyüd verildikdə, cahil insanlarda görülən qürur kimi nəfsdən qaynaqlanan maneələrin araya girməsinə imkan verməz. Yaxşı əməllər işləməyi əmr edən və buna uyan insanlar, Allahın rizasını axtardıqları, Ondan qorxub çəkindikləri üçün tərəddüd etmədən gözəl söz qarşısında təslimiyyət göstərərlər. Bu üstün əxlaq, Allahın yalnız təvazökar, yumşaq təbiətli, itaətkar əxlaqa sahib mömin qullarına nəsib etdiyi bir nemətdir. Möminlər də bu qarşılıqlı dostluq və qardaşlığın, təvazökarlıq və səmimiyyətin gətirdiyi nemətlərdən sonuna qədər faydalanarlar.
Həmçinin bunu da ifadə etməliyik ki, möminlər bir-birlərinə yalnız xəta etdikləri vaxt və ya çatışmayan cəhətləri barədə xatırlatma etməzlər. Ortaq hədəfləri Rəbbimizin rizasının ən çoxunu qazanmaqdır. Əxlaqları, mənəvi dərinlikləri, ixlasları onsuz da gözəldir; ancaq onlar yalnız gözəllə kifayətlənməz, daha yaxşısının, daha gözəlinin olması üçün səy göstərər və bir-birlərini də bu şəkildə istiqamətləndirərlər. Eləcə də, bir mömin hər hansı məsələ barədə özünə öyüd verildikdə, mütləq bu öyüdü verən insanın sözünə tam təslimiyyətlə əməl edərlər. Çünki möminlərin bütün diaqnozlarının və göstərdikləri bütün çıxış yollarının Qurana əsaslandığını və cənnətə daxil olması özünə fayda verəcəyini bilər.
Möminlərin bu mövzuda digər insanlara faydalı olmalarını təmin edən ən böyük faktorlardan biri də, başdan bəri söylədiyimiz kimi bir-birlərinin rizasını deyil, daim Allahın rizasını axtarmaları və haqqı açıq şəkildə söyləməkdən çəkinməmələridir. Bu, daha əvvəl ifadə etdiyimiz kimi, qarşılarındakı insanın nəfsinə uyğun olmayacaq bir mövzu da olsa belədir. Əhəmiyyətli olan söyləyəcəkləri şeyin o insana fayda verməsi, səhvini düzəltməsinə, Allaha yaxınlaşmasına vəsilə olmasıdır. Axirəti baxımından nə xeyirli isə onu çəkinmədən açıq sözlülüklə dilə gətirərlər. Lakin bununla yanaşı, bu açıq sözlülüyün arxasında olduqca incə düşüncəli, qarşısındakına hörmətli, sevgi və şəfqət dolu anlayış da yatır. Məsələn, bir insanın Qurana görə çatışmayan və ya səhv bir hərəkətini özünə bildirmədən əvvəl, necə söyləyəcəkləri təqdirdə onda daha çox təsir yarada biləcəklərini düşünərlər. İnsanın şövqünü artıran üslub işlətməyi, eləcə də, bununla yanaşı məsələnin əhəmiyyətini də vurğulamağı unutmazlar. Bir sözlə, qarşılarındakı insanı "sözün ən gözəli" ilə xəbərdar edə bilmək üçün əvvəlcədən düşünüb, hazırlıq görər və ona fayda verməyə çox böyük əhəmiyyət göstərərlər.
Şübhəsiz ki, belə bir həssaslığı və səmimi səyi; Allahın rizasını axtaran möminlərdən başqa heç kim göstərməz. Məsələn, cahil insanlar şəxsi mənfəətlərindən söhbət getmədiyi müddətcə əsla qarşılarındakı insanın hər hansı qüsurunu və çatışmazlığını düzəltməyə çalışmazlar. Digər insanların çatışmazlıqları, qüsurları, axirətdə bunlardan ötrü yaşayacaqları utanc və peşmançılıq hissləri onları qətiyyən maraqlandırmaz. Çünki onlar yalnız öz dünyəvi mənfəətlərinin arxasınca qaçırlar. Əgər hər hansı səbəbdən ötrü, birinə öyüd vermələri lazım gəlsə də, gözəl söz işlətmək üçün səy göstərməz; ağızlarına gəldiyi kimi danışaraq qarşı tərəfə sıxıntı verərlər. Amma çox vaxt heç kəsə qarışmamağı variantını seçərlər. Çünki bir insanı tənqid etmək, ona öyüd vermək, sahib olduğu yanlış xüsusiyyətindən imtina edib doğru olana uymasını söyləmək əslində çətin bir işdir, çünki qarşıdakı insanın göstərə biləcəyi mənfi reaksiyaları gözə almaq lazımdır.
Möminlər, əvvəlki başlıqlar altında bildirdiyimiz kimi, hər cür çətinliyi gözə alaraq və heç bir mənfəət gözləmədən, özlərinə Quranda əmr edildiyi üçün yaxşı əmələr görməyi əmr edər, pis əməllər görməyi isə qadağan edərlər. Allah möminlərin bu xüsusiyyətini Quranda belə bildirmişdir:
Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz... (Ali İmran surəsi, 110)
Bunun müqabilində Allah Qurana tabe olan insanlar üçün öyüd verməyi asanlaşdırmış və mömin qulları üçün bir nemətə çevirmişdir. Allah bir ayəsində Peyğəmbərimiz (s.ə.v)-ə, möminlərin öyüd vermə mövzusunda rahat olmalı olduqlarını və onsuz da Quranın bunun üçün endirildiyini bildirərək onları dəstəkləmişdir:
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar dosdoğru namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)
Bütün bu ayələri bilən möminlər heç bir mənfəət gözləmədən, yalnız Allahın rizasını qazanmaq üçün öyüd verdikləri kimi, özlərinə öyüd verən, onları haqqa dəvət edən müsəlmanlara da ən gözəl şəkildə cavab verərlər.
İnkarçılar gözəl sözə, yəni Allaha və Onun haqq kitabı olan Qurana, elçilərin yoluna çağırıldıqları vaxt, bu çağırışa tabe olmazlar. Möminlərin Allaha iman edib, gözəl əxlaq göstərmələri üçün etdikləri çağırışlara; "siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur" (Əraf surəsi, 193) ayəsində də bildirildiyi kimi, mənfi cavab verərlər. Özlərinə deyilən hər sözdə, edilən hər dəvətdə daim pis şey və pis niyyət axtararlar. Dəvət edən insanın bundan bir mənfəəti olduğunu düşünər, çox vaxt inkarlarına bəhanə olaraq da bunu göstərərlər.
Halbuki əvvəlki başlıq altında da üzərində dayandığımız kimi, gözəl sözə dəvət edən müsəlmanların bundan heç bir dünyəvi mənfəətləri yoxdur; onların yeganə məqsədi Allahın təbliğ əmrini yerinə yetirməkdir. Belə səmimi çağırışa mənfi cavab vermək yalnız insanın özünə zərər verəcək hərəkətdir. Amma inkarçılar bu həqiqəti qavraya bilməz, öz əbədi həyatlarından söhbət getdiyini dərk edə bilməzlər. Hətta özlərinə edilən çağırışları qəbul etməməklə xeyir qazandıqlarını düşünər və bundan ötrü sevinərlər. Amma bu, olduqca yanlış anlayışdır və sahibinə zərər gətirəcək. Bir ayədə özlərinə edilən xəbərdarlıqlara məhəl qoymayaraq, öz bildiklərini etməyə davam edənlərin aqibəti belə bildirilir:
Hər kəs doğru yol ona bəlli olduqdan sonra elçiyə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis yataqdır. (Nisa surəsi, 115)
Bəs niyə insanlar özlərini içində olduqları qaranlıq ruh halından qurtararaq dünyada və axirətdə gözəl həyatla yaşadacaq, səhvlərindən, çatışmazlıqlarından xilas edəcək, xeyirə və hamısından da əhəmiyyətlisi Allahın rizasına qovuşduracaq sözlərə iman gətirmirlər? Bununla əlaqədar bir çox səbəb söyləyə bilərik. Bu səsbəblərə əvvəla, Allah və axirət qorxularının olmaması, özlərini çatışmazlıqlardan, səhvlərdən uzaq görmələri, qürurları, verilən nəsihətlərin "...sənin özlərini çağırdığın şey, müşriklərə ağır gəldi..." (Şura surəsi, 13) ayəsində də bildirildiyi kimi, qürurlarına ağır gəlməsi və sair şeylər göstərilə bilər.
Sonrakı səhifələrdə inkarçıların Allaha çağırıldıqlarında niyə iman gətirmədiklərindən bir qədər də ətraflı bəhs edəcəyik.
Adnan Oktar: Həqiqətən Allahın ruhunu daşıyan insanın, onsuz da şüuru açıq olur. Lakin insanların əksəriyyəti ölüdür. Ölü insanlardan ötrü insanlar çox təəccüblənirlər. Məsələn, insanlar onlara ən məqbul bir şeyi belə başa sala bilmir. Məsələn, açıq şəkildə, göz görə-görə əxlaqsızlıq edir, vicdansızlıq edir. İnsanlar da təəccüblənərək; "bu necə insandır?" deyir. Halbuki o bunu, ölü olduğu üçün edir. Allah onlar barədə; "gözləri görməz", şeytandan Allaha sığınıram, "qulaqları eşitməz, qəlb gözləri də kordur" deyir. "Sən onları diri hesab edərsən, halbuki onlar ölüdürlər" deyir. Allah tam bir cəsəddən bəhs edir. Bunlar möhkəm ayələrdir, mənaları aydındır. Yəni məxluqdur, anlamır. Allah qəlb gözünü də kor etmişdir. İnsanlar da onlardan insanlar üçün, Allah üçün, Quran üçün yaxşı bir əməl gözləyirlər. Qətiyyən belə şey etməzlər. Məsələn, onlara başa salmaq üçün göm-göy göyərir, dərdini heç cür başa sala bilmir. Daşa deyirmiş kimi. Belə insanlar təsirlənməzlər, heç bir şey olmaz.
Aparıcı: Bəli. Niyə bəs özümüzü tanımaqdan, daha doğrusu Allahı tanımaqdan yada Allahın var olduğunu bilməkdən qorxuruq?
Adnan Oktar: Əleyhinə bir şey olacaq zənn edir. Kefinin, xoşbəxtliyinin və sevincinin yox olacağını zənn edir. Halbuki əksinə ən böyük zövq alar. Dərindən sevməyi öyrənər. Dünyadakı ən böyük zövqdür. Nəfs zövqüdür. Ən böyük nəfs zövqünü qazanmış olar. Bu, nə bir restoranda yemək yeməyə bənzər, nə bir turist gəzintisinə bənzər, nə də bir musiqi dinləməyə bənzər, bu alınacaq bütün zövqlərdən qat-qat üstün müqayisə edilməz bir zövqdür. Zövq ölçüsüdür. Altıncı hissdir. Mömin bunu qazanar. Belə ki, bu zövqü qazanan üçün günün 24 saatı çox zövqlüdür, hər şeydən çox zövq alar. Cüzi bir şey belə ona böyük zövq verər. Amma digər insanların qətiyyən xoşbəxt olmurlar, belə ki, onların hər şeyi, pulu, yeyib-içməyi, var-dövləti olsa belə. Yeməkləri onu narahat edər, yəni onları özünü ölümə aparan xolesterol yükü kimi görər, başına bəla kimi görər. Evinin hər an yanması, əlindən alınması, maddi cəhətdən çıxılmaz vəziyyətə düşməsi və s. kimi qorxulardan qətiyyən yaxasını qurtara bilməz. Məsələn, uşağını məktəbə göndərər və onun dərdini çəkər. Görəsən avtomobil mi dəydi? Başına bir iş mi gəldi? Özünün xeyli dərdləri olar. Məsəl üçün, gözünə bir şey olar; görəsən gözümdə xərçəng xəstəliyi mi yaranamağa başladı? Dodağında bir şey əmələ gələr; görəsən xərçəng xəstəliyi mi yaranmağa başladı? Bir yerinə baxıb bir şey görər, görəsən bu urdurmu? deyər. Yox, deyəsən məndə apendisit əmələ gəldi? Hər gün bir narahatlıq və əzab içində olar. Təkcə özü üçün deyil, ailəsi üçün də əzab və qorxu içində olar və bundan ötrü də, əsəbləri xeyli pozular. Ya daima siqaret çəkirlər, ya öcəşkən və təcavüzkar olurlar, ya da narkotikdən istifadə etməyə başlayırlar, bildiyiniz kimi, bu bütün dünyada geniş yayılmışdır. ABŞ-da əsas məsələdir. Narkotikdən, kokaindən, marixuanadan istifadə etməyən olduqca az insan var. Bu, dövlət rəhbərlərindən tutmuş, xalqın ən aşağı təbəqəsinə daxil olan insanlar arasında da geniş yayılmışdır. (Hörmətli Adnan Oktarın Kanal 35-də verdiyi müsahibədən, 14 fevral 2009-cu il)
Ətrafınızda gördüyünüz hər hansı bir insana; "Allahdan qorxursanmı?" deyə sual versəniz, bu insanın verəcəyi cavab böyük ehtimal ki, "bəli" olacaq. Lakin bir insanın Allahdan qorxub qorxmadığının tam olaraq başa düşülməsi üçün, bunu yalnız sözlə ifadə etməsi kifayət deyil. İnsanın həqiqətən qorxub qorxmadığını, yəni qəlbindəkini bilən yalnız Allahdır. Ancaq möminlər də bunu onun həm sözlərindən, həm də davranışlarından anlaya bilərlər. Bunun üçün, həmin bu insanın Allahı razı salmaq üçün etdikləri ilə bu mövzuda söylədiyi sözlər düz mütənasib olmalıdır. Əgər bir insan Allaha olan qulluq vəzifəsini tam şəkildə yerinə yetirmirsə, Onun qoyduğu hüdudlarını aşmaqdan çəkinmirsə və ya özünə Allahın ayələri xatırladıldığı zaman bunlara tabe olmursa, bu insanın Allahdan qorxduğuna inanmaq qeyri-mümkündür.
Allah Quranda özlərinə verilən öyüddən üz döndərən insanların vəziyyətini belə bildirmişdir:
Onlara nə olub ki, öyüddən üz döndərirlər? Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki, aslandan qaçırlar. Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir. Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar. Xeyr! Bu (Quran) bir öyüddür. İstəyən öyüd alıb düşünər. (Müddəssir surəsi, 49-55)
Yuxarıdakı ayələrdən də göründüyü kimi, inkarçıların öyüddən üz döndərmələrinin, hətta qaçmalarının səbəbi Allahdan və axirətdən qorxmamalarıdır. Ancaq bu insanlar; üz döndərdikləri hər öyüd və eşitməməzliyə vurduqları hər gözəl sözə görə haqq-hesab günü sorğu-sual olunacaqlar və həyatlarında heç qarşılaşmadıqları əzabla qarşılaşacaqlar. Hər dəfə özlərinə bildirilən həqiqətləri anlamazlıqdan gəldikləri və doğru yola çağırıldıqları vaxt buna tabe olmadıqları təqdirdə, cəhənnəmə bir addım da yaxınlaşırlar. Allah bu insanlara dünyada müəyyən qədər möhlət verər və "bəlkə öyüd alıb düşünərlər" deyə xəbərdar edənlər göndərər. Bu möhlət, çox vaxt Allah qorxusu və axirət inancı olmayan insanları aldadar. Daha yaşayacaq çox illərinin olduğunu düşündükləri üçün, özlərinə xatırladılan şeylərə məhəl qoymazlar və bunda da heç bir problem görməzlər. Hətta olduqca sayğısız və üsyankar ifadələr işlədər, belə ki; "...bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?..." (Mücadilə surəsi, 8) deyəcək qədər həddlərini aşarlar. Bu sözləri işlədəcək qədər Allah qorxusundan və axirət həqiqətindən uzaq insanların möminlərin çağırışlarına cavab vermələri onsuz da qeyri-mümkündür.
Bu insanlar gözəl sözə əməl etməməklə nə qədər böyük ziyana uğradıqlarını, ancaq öldükdən sonra anlayacaqlar. Ancaq o zaman həqiqi mənada Allah qorxusunu bütün mənlikləriylə hiss edəcəklər. Cəhənnəm əzabının şiddətini isə içinə girib onu daddıqları vaxt, öyrənmiş olacaqlar. Quranda bu insanlara cəhənnəmdə belə səsləniləcəyi bildirilmişdir:
İnkarçılar Odun qarşısına gətiriləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?” deyiləcəkdir. Onlar: “Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir!” deyəcəklər. Allah da: “İnkar etdiyinizə görə dadın əzabı!” deyəcəkdir. (Əhqaf surəsi, 34)
İnkarçıların Allah yoluna çağırıldıqları vaxt, bu çağırışa cavab verməmələrinin səbəblərindən biri də vicdanlarına uymayıb, nəfslərinə uyaraq hərəkət etmələridir. İnsan çətin bir vəziyyətlə üzləşdikdə, mühüm bir qərar verməsi və ya yaxşı ilə pis arasında seçim etməsi lazım gəldikdə içindən iki ayrı səsin gəldiyini hiss edər. Bu səslərdən biri ona yaxşı və doğru olanı göstərdiyi halda, digəri pis və yanlış olana sövq edər. Hər insan içindəki bu səsi eşitmişdir. Məsələn, ehtiyac içindəki bir insana kömək etmək lazım gəldikdə, içindən bir səs əlindən gələnin ən çoxunu bu insana verməsini söylədiyi halda, digər səs ona kömək edəcəyi təqdirdə, özünün ehtiyac içində qalacağını, bunu etməyin onun üzərinə düşmədiyini və daha bir çox şeyi qulağına pıçıldayar. Bu səslərdən doğru və yaxşı olanı göstərən vicdandır və vicdan Allahın səsidir. Nəfs isə pis şeyləri pıçıldayar və şeytanın səsidir.
Allah Şəms surəsində insanın, nəfsin pisliyi əmr edən xüsusiyyətindən uzaq durmasını belə əmr edir:
And olsun nəfsə, ona nizam və biçim verənə, ona günahları və onlardan uzaq durmağı təlqin edənə! Nəfsini təmizləyən uğur qazanmışdır. Onu batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Ayələrdə də bildirildiyi kimi, Allah insana nəfslə yanaşı, həmin nəfsə günahlardan uzaq durma duyğusunu təlqin etmişdir. Vicdan eyni zamanda bu çəkinmə istəyidir və insanı daim Allahın razı olacağı, bəyənəcəyi rəftarlara yönəldər. İnsan bu səsə qulaq asıb uyduğu təqdirdə Allahın razı olacağı və gözəl nemətlərlə dolu tərtəmiz həyat yaşayar. Vicdan insana gözəl sözə əməl etməsini, Allaha təslim olmasını, Allahın hüdudlarını qorumağı pıçıldadığı halda, nəfs insana pis əməlləri və inkarı, öyüddən üz döndərməyi əmr edər. Vicdanına uymayan insan, nəfsinə uymuş olur ki, bu insan da böyük ziyan içərisindədir. Çünki Allah bir ayəsində nəfsin pis əməllərə sövq edən xüsusiyyətini hz. Yusif (ə.s)-ın ağzından çıxan sözlə belə bildirir:
Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs insana var gücüylə pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Yusif surəsi, 53)
Vicdan; Allahın dünyada insana, nəfsin əmr etdiyi pis şeylərdən çəkinmək üçün verdiyi ən böyük nemətlərdən biridir. Çünki insan bütün həyatı boyu müxtəlif sınaqlardan keçirilər. Qarşısına çıxan hadisələrdə, edilən çağırışlarda, verilən öyüdlərdə, yaxşı ilə pisi ayırd etmək və bəzi seçimlər etmək məcburiyyətində qalar. Etdiyi bu seçimlər, verdiyi reaksiyalar və qərarlar onun sonsuz axirət həyatındakı yerini müəyyənləşdirəcək. Vicdan; insanın nə edəcəyindən, harada olacağından və hansı vəziyyətlə qarşılaşacağından asılı olmayaraq, hər vəziyyətdə özünə Allahın bəyənəcəyi ən doğru və gözəl rəftarı göstərməyi əmr edər. İnsan istəsə də, istəməsə də, hətta vicdanının səsini ört-basdır etməyə çalışsa da, vicdan yenə susmaz, mütləq haqqı insana pıçıldayar. İnsana düşən isə, bu gözəl sözə əməl etmək və Allahın yoluna dəvət edənlərə, yaxşı əməllər işləməyi əmr edən və pis əməllər görməyi qadağan edənlərə tabe olaraq Allaha təslim olmaqdır.
Hər insan Allahın doğru yoluna, gözəl əxlaqa, haqq dinə tabe olmağa, ibadət etməyə, yalnız Allahın rizasını axtarmağa, axirət üçün hazırlıq görməyə, dünyəvi ehtiraslardan xilas olmağa dəvət edildiyi vaxt, bunun doğruluğunu vicdanı sayəsində anlayar. Amma dini inkar edənlər böyük səhvlik edərək vicdanlarının səsini eşitməməzliyə vurar, nəfslərinin özlərini sövq etdiyi pis əməllər işləyərək yaşamağa davam edərlər.
Məsələn, təsəvvürümüzdə Allahın varlığını inkar edərək səhvliyə yol verən ateist bir insan canlandıraq. Bu insan vicdanının səsini eşitməməzliyə vurmuş, nəfsinin hiyləsinə düşmüş bir insandır. Çünki hər insan, ətrafındakı yaradılış dəlillərini görə biləcək, kainatda olan hər hansı bir şeyin təsadüfən yarana bilməyəcəyini, hamısının üstün qüdrət sahibi bir yaradıcı tərəfindən yaradıldığını anlaya biləcək vicdana və anlayışa malikdir. Bu insana bir ağac rəsmi göstərsək və "bu rəsim yerə tökülən boyaların təsadüfən qarışması nəticəsində meydana gəldi, şüurlu şəkildə çəkilmədi" desək buna qətiyyən inanmaz. Amma bəlkə də, eyni insan ağlını, məntiqini, vicdanını bir kənara qoyaraq, həqiqi bir ağacın təsadüfən yarandığını, yaradılmadığını iddia edə bilər. Məhz bu vicdana uymamağın, nəfsə uyaraq inkarda israr etmənin açıq-aydın bir nümunəsidir.
Necə ki, bugünkü gündə ətrafımıza baxdığımız vaxt, bu yanlış məntiqi israrla davam etdirən bir çox insanın olduğunu görərik. Bu insanlara iman etmələri üçün edilən çağırışlar da nəticəsiz qalır. Özlərinə göstərilən dəlillərə inanmamaqda israr edən bu insanlar, vicdanlarının səsini dinləmədikləri üçün gözəl sözə əməl etmirlər. Amma bu insanlar, haqq-hesab günündə dünyada olarkən çağırışlara cavab vermədikləri və özlərini yaradan Allahın sonsuz qüdrətini qiymətləndirə bilmədikləri üçün peşman olacaqlarını unutmamalıdırlar.
Aparıcı: Bəli. Yaxşı, nəfsdən bəhs etdik, şirk qoşmaqdan bəhs etdik. Biz nəfsimizlə necə mübarizə apara bilirik? Və ya necə olur ki, apara bilmirik? Hansı vəziyyətdə nəfsimizə müdaxilə edə bilmirik? Bəs hansı vəziyyətdə edirik?
Adnan Oktar: Bəli, insanın vicdanı mənfəətləri və məntiqiylə zidd düşdükdə, əgər o mənfəətlərinə və məntiqinə uyğun hərəkət edərsə bu nəfs deməkdir. Nəfsinin istəyini üstün tutur deməkdir. Biz daim haqqın, doğrunun tərəfində durmaq məcburiyyətindəyik. Məsələn, tutaq ki, bir insan var, əzab çəkir, narahatdır, bizim onu xilas etmək imkanımız var, amma bu bizə baha başa gələcək. İnsanlar bundan qaçırlar. Məntiqlə düşünərək; "onsuz da pulum azdır, bu az pulumu da ona mı verim?" deyir. Əlbəttə ki, o pulu ona ver, Allah sənə daha artığını verər. Həmin insana o pulu vermir. Allah bu dəfə o pulu onun üçün xəstəxana verəcəyi pula döndərir. Qat-qat çoxunu xərcləyir. Heç gözləmədiyi yerlərə xərcləyər və axirətdə də nəsibi olmaz. Yəni hər şeydə Allah rizasının ən çoxunu qazanmaq variantı seçilməlidir. Dost seçərkən, yoldaş seçərkən, evlənərkən, peşə seçərkən, bir yerə gedərkən, bir şey edərkən həmişə Allahın rizasının ən çoxunu axtarılaraq hərəkət edilməlidir. O zaman daim bərəkət və gözəllik yaşanar. Əks halda uğursuzluq, bərəkətsizlik sonu gəlməyən tərsliklər yaşanar. Eləcə də, diqqət edirsinizsə insanlar daimi boğuşma halındadır, daima; "əfsus", "tərslik" "batdım", "yandım", "ölürəm", "görəsən məndən daha dərdli insan vardır mı?", "bütün ömrüm dərdlərlə, bəlalarla keçir" deyərlər. Həqiqətən də Allah süründürür. Amma dürüst səmimi insanlar, daim Allah rizası üçün hərəkət edənlərin yolu daim açıqdır, daim xoşbəxt olarlar, daim gözəl yolda gedərlər. (Hörmətli Adnan Oktarın Kanal 35-dəki müsahibəsindən, 14 fevral 2009-cu il)
İnkarçı insanın, gözəl sözə əməl etməsinə və iman edənlərin yolu ilə getməsinə mane olan ən böyük səbəblərdən biri də qürurlu və təkəbbürlü olmasıdır. Allahın; "vicdanları qəbul etdiyi halda, zülmkarlıq və təkəbbürlərindən ötrü bunları inkar etdilər..." (Nəml surəsi, 14) ayəsində də bildirdiyi kimi təkəbbür, inkarın ən əhəmiyyətli səbəblərindən biridir. Qürur və təkəbbür deyildikdə isə ağla dərhal şeytan gəlməlidir. Çünki şeytan Allahın hüzurundan qürurlu və təkəbbürlü olduğundan üçün qovulmuşdur. Allah bu hadisəni Quranda belə bildirir:
Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”. (Əraf surəsi, 11-13)
Ayələrdən görüldüyü kimi, şeytan, hz. Adəm (ə.s)-a səcdə etməyi qüruruna sığışdıra bilməmiş və özünün hz. Adəmdən daha üstün olduğunu iddia etmişdir. Cənnətdən qovulmasının səbəbi də budur. Dünyada da şeytanın yoluna tabe olan insanların vəziyyəti buna bənzərdir; onlar da şeytanın təlqinlərinə açıq olduqları üçün gözəl sözə əməl etməzlər, çağırıldıqları şeylərə qürurla və həyasızca cavab verərlər. Məsələn, belə bir insana yanlış bir rəftarı xatırladılaraq, Qurana görə doğru olanın nə olduğu deyilsə, bunu qüruruna sığışdıra bilməyəcəkdir. Dolayısilə bu xatırlatmaya məhəl qoymayacaq və yanlış rəftarını qətiyyən düzəltməyəcək. Allah başqa bir ayədə özünü yüksək tutmağın, yəni eqoistliyin insanları günaha necə sürüklədiyini belə bildirir:
Ona: “Allahdan qorx!” deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)
Digər bir ayəsində isə Allah bu insanlara çağırıldıqları şeylərin ağır gəldiyini bildirir ki, bunun da təməlində eyni səbəb yatır:
...Sənin çağırdığın şey müşriklərə ağır gəldi. Allah istədiyi kəsi bunun üçün seçər və Ona səmimi-qəlbdən üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)
Quranda inkarçıların doğru yolla getməmək üçün ortaya atdıqları bəhanələrdən birinin də, özlərinə öyüd verən, yaxşı əməllər işləməyi əmr edən insanların özləri kimi ətdən sümükdən insanlar olmaları olduğunu bildirilmişdir. Bütün dövrlərdə yaşayan inkarçılar bu zehniyyətdə olmuşdur. Allah inkarçıların bu primitiv məntiqindən bir çox ayəsində xəbər vermişdir:
Onun qövmünün irəlidə gedən inkarçıları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”. (Hud surəsi, 27)
Qövmünün inkar edən ağsaqqalları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. (Muminun surəsi, 24)
Ayələrdə də bildirilən bu azğın anlayışa görə, bir insanın digər bir insanı imana dəvət edə bilməsi üçün, onun, digər insanlardan üstün bəzi xüsusiyyətləri olmalı, xətalardan və qüsurlardan münəzzəh varlıq olmalıdır. İnkarçıların bu azğın düşüncələri müqabilində elçilərin verdikləri cavab isə belə olmuşdur:
Elçiləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Möminlər ancaq Allaha təvəkkül etməlidirlər. (İbrahim surəsi, 11)
Eqoistliyin digər əlaməti də qarşı tərəfin özündən daha ağıllı ola biləcəyini, daha məqsədəuyğun qərarlar verə biləcəyini qəbul etməmək, daim öz ağlının daha üstün olduğunu düşünməkdir. "Ağlını bəyənmək" kimi xarakterizə edə biləcəyimiz bu pis xüsusiyyətə sahib insanlar daima çox böyük ziyan içərisindədirlər. Hər şeydən əvvəl bu insanlar yaxşı və gözəl də olsa başqa fikirlərə açıq deyillər. Ən kiçik məsləhətə, öyüdə belə dözümləri yoxdur. Öz ağıllarını bəyəndikləri üçün haqq olan hər cür çağırış qarşısında, qulaqları tıxalı, gözləri isə bağlı vəziyyətdədirlər. Halbuki Allah; "...Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır" (Yusif surəsi, 76) ayəsiylə insanları bu yanlış düşüncədən çəkindirmişdir.
Buna görə də, bir insan, ətrafındakı insanların özündən daha ağıllı ola biləcəyini düşünərək hər cür fikrə, tənqidə, xəbərdarlıq və ya tövsiyəyə açıq olmalıdır. Ancaq bu fikirlər, xəbərdarlıq və tövsiyələr də, şübhəsiz ki, Qurana uyğun olmalıdır. Çünki cahil insanlar bir-birlərinə öz batil meyarları və öz çirkin əxlaqları çərçivəsində tənqidlər yönəldəcək və gözəl yola yönəltməyəcəklər. Təkcə Allahın insanlara endirdiyi yeganə düzgünlük meyarı olan Qurana uyan insanların çağırışları insana fayda verər. Çünki möminlər hadisələri Quran gözüylə qiymətləndirə bilən, təmiz ağıl sahibi insanlardır. Hadisələrə baxış prizmaları və sözləri də, daim Quran məntiqinə əsaslandığından olduqca məqsədəuyğundur. Eynilə, bir-birlərinə göstərdikləri çıxış yolları, problemlər qarşısında gətirdikləri həllər də belədir. Bu vəziyyətdə möminlərin hər söylədiyinə, izah etdiklərinə, xəbərdarlıq və ya tövsiyələrinə rahatlıqla təslim olmaq ən ağıllı hərəkət olacaq.
Lakin öz ağlını yetərli hesab edən və içində olduğu vəziyyətdən məmnun olan insanlar isə, özlərini inkişaf etdirməyə ehtiyac duymazlar. Bundan ötrü də, doğrunu və yaxşını tapa bilməz, öz qurduqları kiçik dünyada, xətaları, çatışmazlıqları və qüsurlarıyla yaşamağı qəbul edərlər. Bu insanlar qürurlarından ötrü böyük ziyana uğrayarlar. Yaxşı və gözəl olan, özlərini xoşbəxt edəcək, rahatladacaq həqiqətləri, (üstəlik, vicdanları da qəbul etməsinə baxmayaraq) sırf eqoistliklərindən ötrü qəbul etməzlər. Ancaq cəhənnəm əzabını daddıqları vaxt, bu qürurları yox olar. Artıq Allaha boyun əymiş, təslim olmuş vəziyyətdə sonsuza qədər yalvararlar, amma orada özlərinə; “dad bu əzabı! Sən ki (öz aləmində) üstün və şərəfli idin” (Duxan surəsi, 49) deyə səslənilər.
Onlar dedilər: “Yəqin ki, biz sizdən ötrü uğursuzluğa düçar olduq. Əgər (söylədiklərinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”. Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd verildiyinə görə mi uğursuzluğa düçar oldunuz? Doğrusu, siz həddi aşmış bir qövmsünüz”. (Yasin surəsi, 18-19)
Yuxarıdakı ayələrdə özlərinə xəbərdar edib qorxutmaq üçün elçilər göndərilən bir şəhər camaatının özlərinə verilən öyüdlərə qarşı göstərdikləri xoşagəlməz reaksiya xəbər verilir. Bu nümunədə görüldüyü kimi inkarçılar, özlərini gözəl sözlə haqq dinə dəvət edən möminləri açıq şəkildə təhdid edirlər və bu təhdidlərinin tək səbəbi, möminlərin özlərini Allaha və Onun dininə dəvət etmələridir. Bundan ötrü böyük kin və qəzəb hissinə qapılarlar. Belə ki, bu kin və qəzəbləri bəzən baxışlarında da əks olunar. Allah Quranda inkarçıların bu hallarını belə xəbər verir:
Həqiqətən, inkarçılar Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirəcəkdilər. Onlar çarəsizlikdən: “O, dəlidir!” deyirlər. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (Qələm surəsi, 51-52)
Allahın yuxarıdakı ayələrdə də bildirdiyi kimi, inkarçılar, sırf özlərini haqqa çağırdıqları, axirəti və haqq-hesab gününü xatırlatdıqları üçün Allahın elçilərinə bu qədər kin bəsləyərlər. Halbuki bu və bənzəri reaksiyalar ancaq onların haqq qarşısındakı acizliklərinin və çarəsizliklərinin bir göstəricisidir. Haqqa qarşı gətirə biləcəkləri heç bir açıqlama olmadığı üçün, həm bu cür üsullarla möminləri susdurmağa, həm də həqiqətləri görməzlikdən və anlamazlıqdan gəlməyə çalışarlar. Bu reaksiyalar iman edənlərə qətiyyən təsir etməz, Allahın özlərinə əmr etdiyi şəkildə, eyni gözəl üslubla dini təbliğ etməyə davam edərlər.
Quranda hz. İbrahim (ə.s)-ın, atasını Allaha qulluq etməyə çağırması və atasının bu çağırışa tabe olmaq əvəzinə verdiyi reaksiya hər iki tərəfin üslubu arasındakı ziddiyyəti əks etdirməsi baxımından mühüm nümunədir:
Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”. (Məryəm surəsi, 42-48)
Hz. İbrahim (ə.s) kimi üstün əxlaqlı, Allahın Quranda həlim xasiyyətli olaraq qeyd etdiyi seçilmiş bir peyğəmbərə qarşı, öz atasının bu qədər düşməncəsinə bir reaksiya verməyinin tək səbəbi var: Hz. İbrahim (ə.s)-ın onu vahid olan Allaha qulluq etməyə çağırması, yəni gözəl sözə dəvət etməsidir... hz. İbrahim (ə.s) bunu edərkən atasına qarşı olduqca hörmətli davranmış və gözəl xitablar işlətmişdir, lakin bunun müqabilində atası ona qəzəb dolu cavablarla qarşılıq vermişdir. Lakin buna baxmayaraq, hz. İbrahim (ə.s)-ın üslubu heç dəyişməmiş, Allahın əmr etdiyi şəkildə cahillik edən atasından gözəl şəkildə ayrılmışdır.
Əvvəlki səhifələrdə izah etdiyimiz kimi, möminlərin sözünə əməl etməyənlər arasında müxtəlif reaksiyalar göstərənlər, təcavüzkar üslub nümayiş etdirənlər, üz döndərənlər, kin və qəzəb hissinə qapılıb deyilənləri şiddətlə rədd edənlər olduğu kimi, bir də bütün öyüdləri eşitməməzliyə vurub heç bir reaksiya verməyənlər də var. Allah Quranda bu insanları da bizə tanıtmışdır. Bunlar ayənin ifadəsiylə; "...qəlbləri (hər cür) həssaslıqdan məhrum olanlardır..." (Həcc surəsi, 53). Möminlərin səmimi və hikmətli izahatları bu insanlar üzərində heç bir təsir yaratmaz. Heç bir reaksiya verməmələrinin səbəbini isə Allah Quranda belə bildirmişdir:
Onlardan səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən? Onlardan sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən? Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi, 42-44)
De: “Mən sizi ancaq vəhy ilə xəbərdar edib qorxuduram”. Karlar, xəbərdar edilsələr də, çağırışı eşitməzlər. (Ənbiya surəsi, 45)
Kənardan baxanda gözləri görən, qulaqları eşidən bu insanlar əslində Qurana görə bir mənada kor və kardırlar. Xüsusilə Allah; "çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur" (Həcc surəsi, 46) ayəsiylə bu insanların qəlblərinin mənəvi korluğundan bəhs edir. Bu, əslində din əxlaqını qəbul etməyən insanlara Allahdan verilmiş çox böyük bəladır. Qürurlanmalarına, inkarlarına qarşılıq olaraq Allah bu insanların ağıllarını və qavrama qabiliyyətlərini tamamilə əllərindən almışdır. Buna görə də, özlərinə izah edilənləri dinləmələrinə baxmayaraq, bunları qətiyyən dərk etməzlər. Allah inkarçıların bu hallarını digər bir ayədə belə bildirir:
Aralarında səni dinləyənlər də vardır. Lakin anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar hansı açıq-aydın ayəni görsələr də, yenə ona inanmazlar... (Ənam surəsi, 25)
Bundan ötrü Allah ayələrində möminlərin, bu insanları gözəl əxlaqa çağırmalarının ölü bir insanı çağırmaqdan elə də fərqli olmadığını xəbər verir:
Sözsüz ki, sən nə ölülərə söz eşitdirə bilər, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən. Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən yalnız ayələrimizə inananlara söz eşitdirə bilərsən ki, bunlar da müsəlmanlardır. (Nəml surəsi, 80-81)
Bir insanın baxdığını görə bilməməsi, eşitdiyi və gördüyü şeyləri qavraya bilməməsi, bir sözlə, qəlb gözünün bağlı olması özlüyündə çox böyük qarşılıqdır. Ancaq inkarçılar içində olduqları bu vəziyyətin əleyhlərinə olduğunu qavraya bilməz və təcavüzkar, inkarda israr edən, eləcə də, eqoist üslublarını davam etdirərlər. Quranda doğru yola dəvət edilən bu insanların böyük qəflət içində təkəbbürlənməyə davam etdikləri belə xəbər verilmişdir:
Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət surəsi, 5)
Özlərini necə bir aqibətin gözlədiyini dərk etmədən işlətdikləri bu sözlərindən də görüldüyü kimi, inkarçılar həqiqətən korluq və qəflət içindədirlər. Şübhəsiz ki, hər insan yuxarıdakı ayələrdə bildirilən insanlardan olmaqdan, onların vəziyyətinə düşməkdən ciddi mənada qorxub çəkinməlidir. Çünki bu vəziyyətə düşən insan böyük qavrayış çatışmazlığı içində yaşamağa davam edəcək. Allahın ayələrini dinləyib onlara tabe olmadığı üçün, nə Quran əxlaqını yaşaya, nə də Allahın əmr və tövsiyələrini yerinə yerinə biləcək. Edilən xatırlatmalardan, verilən öyüdlərdən üz döndərdiyi üçün də, inkar içində olarkən bir gün ölümlə qarşılaşacaq. İnkarçıların ölümlə qarşılaşma anlarındakı əzabları ayələrdə belə təsvir edilir:
Kaş sən inkarçıları mələklər onların canını alarkən üzünə və yanlarına vura-vura: “Dadın yandırıcı odun əzabını!” deyərkən görəydin. Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”. (Ənfal surəsi, 50-51)
İnsanlar o günlə qarşılaşmadan əvvəl xatırlamalıdırlar ki, hesab günü ortaya atdıqları bəhanələr özlərini qurtara bilməyəcək. Çünki inkarda müqavimət göstərmələri, şeytanın yoluna uymaları və gözəl sözə əməl etməmələri öz seçimləridir. Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah qullarına zülm edən deyil. Bu gerçək başqa ayələrdə də belə bildirilmişdir:
Biz heç bir ölkəni onu xəbərdar edən olmadan məhv etmədik. Onlara xatırlatmalar edilmişdir. Biz zülmkar deyilik! (Şuəra surəsi, 208-209)
Aparıcı: Qəlblərin möhürlənməsi nə deməkdir? Qəlbi möhürlənən insan iman etmək və ya etməmək kimi iki variant arasından hansına meyl edir, hansı mövqedə yer alır?
Adnan Oktar: Həmin insanlar cəhənnəmdən gətirilmiş insanlardır. Cəhənnəmdən gəlmiş insanlardır. Peyğəmbərimiz (s.ə.v) də çox şirin və çox sevimlidir, mübarək, belə insanlarla qarşılaşmışdır. Onlara cani könüldən təbliğ etmişdir. Allah da, şeytandan Allaha sığınıram: "Onların iman gətirmədiyinə görə az qala özünü həlak edəcəksən" deyir. Peyğəmbərimiz (s.ə.v) var gücüylə təbliğ edir; iman etsinlər deyə. Onlar da gözlərini bərəldib baxırlar, belə mənasız baxışlarla. Halbuki o onsuz da cəhənnəmdən gəlmişdir, iman etməyəcək, onun üçün Allah onu xəbərdar edir. Bax: "Az qala özünü həlak edəcəksən" deyir, ruhu o qədər gözəldir ki, o qədər sevgi doludur ki, çox əzab çəkir onların iman etməməsindən, cəhənnəmə getməsinlər deyə, bu dəfə də əsəbiləşir. Özünü çox kədərləndirir, o da sağlamlığını pozacaq hala gəlir. Allah da Peyğəmbərimiz (s.ə.v)-ə: “Az qala özünü həlak edəcəksən”. Bunun üçün də, bu cür insanlar onsuz da xüsusi olaraq yaradılıblar, cəhənnəm üçün xüsusi olaraq yaradılmış bir camaat var, bunlar onsuz da oranın dəstəsidir, yəni bunlar oradakı yığıncaqlarından gəlirlər. Onlar onsuz da hal-hazırda orada aktivdirlər və qətiyyən anlamayacaq şəkildə yaradılmışdırlar. “Gözləri görməz” deyir Allah, “qulaqları eşitməz” deyir, “onlar” deyir, heyvanlar kimidirlər, “hətta heyvanlardan da aşağı mövqedədirlər” deyir, yəni sözü anlamamaq baxımından. Bir də: “Qəlb gözləri də kordur” deyir. Allah: “Sən onları diri hesab edərsən” deyir. Şeytandan Allaha sığınıram, “onlar ölüdür” deyir, lakin müsəlmanların bunu bilməyəcəyini, yəni adam zombi kimidir, amma insanlar yaşadığını zənn edirlər. Lakin ölüdür o, mən daha əvvəl də söyləmişdim. Ölü insan olur, lakin bunu bilməzlər. Yəni bir çox insan ölüdür əslində, ölü insan var. Məsələn, bir çox insan da cindir, insanlar onları seçə bilməzlər. Şeytan da vardır. İnsanların arasında gəzər. "İnsan şeytanları", insan surətində şeytan vardır, seçə bilməzlər. Ölü insanları da seçə bilmirlər. Bunun üçün də ölüyə təbliğ edir, o da divar kimi təsirlənmir. (Hörmətli Adnan Oktarın Kanal 35-dəki müsahibəsindən, 7 yanvar 2009-cu il)
Əvvəlki başlıqlar altında da bəhs etdiyimiz kimi, Allah hər dövrdə mömin qulları vasitəsilə insanları Quran əxlaqına və Öz rizasına uymağa çağırmışdır. Lakin səmimi olaraq iman edənlərdən başqa insanların böyük hissəsi bu çağırışa tabe olmamış və özlərinin xeyiri üçün deyilən bu sözlərə pis sözlə, üsyanla, inkarla və lağla cavab vermişdirlər. Bunun ən bariz nümunələrini Quranda keçən peyğəmbər hekayələrində və möminlərlə cahil insanlar arasında keçən danışıqlarda görmək mümkündür.
Burada mühüm bir xüsusa diqqət çəkməkdə fayda var. Quranda xəbər verilənlər keçmiş dövrlərdə yaşamış inkarçıların verdikləri pis reaksiyalardır. Ancaq onlarla əlaqədar bildirilənləri oxuyarkən bu rəftarların keçmişdə qaldığını, bir daha yaşanmayacağını düşünmək səhv olar. Eyni rəftar pozuqluqları bugünkü gündə də, keçmişdəkilərə bənzər şəkildə davam etdirilir və gələcəkdə də davam etdiriləcək. Buna görə də keçmiş qövmlərlə əlaqədar hekayələri oxuyarkən hər insanın bunlardan özü üçün də pay götürməsi, keçmişdə edilmiş səhvləri təkrarlamamaq üçün onların uğradıqları aqibətdən ibrət almalıdır.
Həmçinin özünə verilən öyüdlərə qulaq asmayan bir insan, keçmiş qövmlərlə əlaqədar bildirilən ayələrdə nümunə verilən ifadələrə baxaraq; "mən bu sözləri söyləmirəm, deməli, Quranda bəhs edilən bu insanlardan deyiləm" deyə də düşünməməlidir. Çünki əsil əhəmiyyətli olan deyilən sözlərin ardındakı baxış prizması və düşüncə tərzidir. Hazırkı dövrdə bəzi insanlar eynilə Quranda bildirilən insanlarla eyni sözləri işlətdiyi halda, bəziləri də fərqli sözlər və fərqli rəftarlarla eyni zehniyyəti davam etdirə bilirlər. Çünki yaşanan dövr dəyişsə də, doğru yolla getməyən, öyüddən üz döndərən, təkəbbürlənən inkarçı zehniyyət dəyişmir. Aradan əsrlərin keçməsi Quranda bildirilən həqiqətləri dəyişdirməz. Necə ki, Quranda Nuh qövmünün yalanlaması kimi, onlardan sonra gələn bir çox qövmün də bənzər rəftarı davam etdirdiyi belə bildirilmişdir:
Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu! (Mümin surəsi, 5)
Halbuki bu qövmlərə göndərilən elçilər və onlara tabe olan müsəlmanlar, bu insanları alovlu odun əzabı ilə açıq şəkildə xəbərdar ediblər. Öz batil dinlərini Allahın dinindən üstün tutan insanların həm dünyada, həm də axirətdə ziyana və əzaba məruz qalacaqlarını xəbər veriblər. Çünki bu insanların uyduqları yol Allahın yolu deyil, şeytanın yoludur. Şeytan isə insanları qurtuluşa deyil, cəhənnəm oduna çağırar. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatir surəsi, 6)
Möminlər bu insanları Allahın rizasına, rəhmətinə və cənnətinə çağırdıqları halda, onlar özlərinə deyilənlərə əməl etməməklə və üz döndərməklə onsuz da şeytanın bu dəvətinə uymuş olarlar. Əlbəttə ki, hər kimdən soruşulsa o; "mən Qurana uymuram, şeytanın çağırışına uyuram" deyə bir şey söyləməz; hətta bunu qətiyyən rədd edər. Amma inkarçılar qəbul etsələr də, etməsələr də gözəl sözə əməl etməməklə həqiqətən bu seçimi etmiş olurlar.
İman edənlərin cənnətə və Allahın bağışlamasına çağırmasını dinləməyib, şeytanın çağırışına tabe olanlar və onun vəd etdiyi uzun ömürə inananlar isə axirətdə tamamilə ziyana məruz qalacaqlar. Arxasınca getdikləri şeytan onları yarı yolda tərk edəcək. Allah şeytanın yoluna uyan insanların axirətdə necə vəziyyətə düşəcəklərini digər bir ayəsində belə xəbər verir:
İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin sizə yalan danışdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Sadəcə mən sizi dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır. (İbrahim surəsi, 22)
Ən başda ifadə etdiyimiz kimi, imtahan mühitinin bir tələbi olaraq bütün insanları dünyada həm şeytan, həm də möminlər dəvət edər. Lakin necə bir seçim edəcəyi insanın özündən asılıdır. İnsan unutmamalıdır ki, hər kəs əbədi həyatını bu seçiminə uyğun şəkildə yaşayacaq. Şeytanın dəvətini qəbul edənlər cəhənnəm əhlindən olacaq, gözəl sözə əməl edənlər isə sonsuz cənnətlə qarşılıq görəcəklər. Öyüd alıb düşünmək və gözəl sözə əməl etmək hər insanın özündən asılıdır:
... Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar. (Bəqərə surəsi, 221)