Gözəl Söz Söyləmək

...Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir....
(İbrahim surəsi, 24-25)

Bura qədər həqiqi gözəl sözün Allahın yoluna çağırmaq olduğundan, bu çağırışa tabe olan və olmayan insanların rəftarlarından danışdıq. Ancaq bütün bunlarla yanaşı Allah Quranda insanların bir-birlərinə gözəl sözlər söyləmələrini, gözəl xitablar işlətmələrini də əmr etmişdir. Bu, Quran əxlaqının bir tələbidir. Allahın bu əmrini böyük diqqətlə tətbiq edən möminlər bir-birlərinə bu mənada gözəl sözlər söyləyərlər. Bir-birlərinə qarşı ən gözəl xitab formalarından istifadə edər, bir-birlərini istiqamətləndirərlər. Məsələn, möminlər bir-birlərinə qarşı əsla pis ləqəblərdən istifadə etməzlər. Çünki Allah bir ayəsində mömin qullarına bu çirkin rəftarı belə qadağan etmişdir:

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)

İnsanların bir-birlərinə gözəl sözlərlə xitab etmələri mövzusunda Quranda verilən digər bir nümunə isə, möminlərin ata-analarına qarşı istifadə edəcəkləri üslubu öyrədən ayələrdə görülə bilər. Bu mövzudakı bir ayə belədir:

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara gözəl söz söylə! (İsra surəsi, 23)

Göründüyü kimi, Allah Quranda möminlərə gözəl söz söyləmələrini əmr etdiyi vaxt, sözün ən gözəlini necə söyləyəcəklərini və bunun incəliklərini də öyrətmişdir. Necə ki, yuxarıdakı ayədə ata-anaya qarşı istifadə ediləcək üslub üçün verilən nümunə bunun ən bariz göstəricilərindən biridir. Cahil cəmiyyət insanları da ata-analarına əsasən hörmətli ifadələrlə xitab edərlər. Amma mənfəətləriylə zidd düşən, nəfslərinin xoşuna gəlməyən bir mühitlə qarşılaşsalar bu rəftarlarını bir anda dəyişdirə bilərlər. Ancaq Quran əxlaqını yaşayan bir mömin ata-anasına "uf" belə deməyəcək qədər dərin hörmət anlayışına malikdir və bu anlayışını bütün həyatı boyu, istənilən şərait altında davam etdirər. Çünki bu, Allahın bir əmri, Onun rizasını qazanmaq üçün gözəl bir yoldur.

Bunu da ifadə etməliyik ki, möminlər Allahın əmrindən ötrü yalnız öz aralarında gözəl sözlərlə danışmazlar. Həmsöhbət olduqları bütün insanlara ən gözəl şəkildə xitab edərlər. Bunun ən təəccüblü nümunələrindən biri də Allahın hz. Musa (ə.s)-a, Firona təbliğetməyə gedərkən istifadə etməsini əmr etdiyi üslubdur. Şübhəsiz ki, Firon, tarixin gəlib-keçmiş ən zalım və inkarçı insanlarından biridir. Buna baxmayaraq, Allah hz. Musa (ə.s)-a belə buyurmuşdur:

"Fironun yanına gedin. Çünki o, azmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha surəsi, 43-44).

Şübhəsiz ki, hz. Musa (ə.s)-ın Firon kimi dinə və müsəlmanlara düşmən kəsilmiş bir insana belə yumşaq söz söyləməsi, möminlərin bu mövzuda göstərməli olduqları rəftarı əks etdirməsi baxımından olduqca əhəmiyyətli bir nümunədir. Bu nümunədən də aydın olduğu kimi möminlər, insanları Allaha tərəf çağırarkən ən gözəl sözləri seçərək danışmağa çalışarlar.

Allah Quranda gözəl sözün nə qədər bərəkətli olduğunu və daim insanlara xeyir gətirəcəyini belə bir nümunə ilə bildirmişdir.

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, öyüd alıb düşünsünlər. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər. (İbrahim surəsi, 24-27)

Bu ayələrdən də gördüyümüz kimi, gözəl söz söyləyən və ona əməl edən insana həm dünya, həm də axirət həyatında çox böyük gözəlliklər və bənzərsiz nemətlər veriləcək. Lakin bunun əksini edən, yəni pis söz söyləyən insan da, ona əməl edən də sonu cəhənnəmə aparan qaranlıq yola girmiş olacaq. Bundan ötrü də, iman edənlərə düşən gözəl sözə uyub, bunun gətirəcəyi nemətlərlə cənnət yurdu üçün səy göstərməkdir.

Şeytan Gözəl Sözdən Uzaqlaşdırmaq Istəyər

İnsanların böyük hissəsini gözəl söz söyləməkdən və gözəl sözə əməl etməkdən uzaqlaşdıran şeytandır. Allah bizə Quranda şeytanın insanları gözəl söz söyləməkdən uzaqlaşdırmağa çalışacağını və bu yolla aralarına düşmənçilik salmaq istəyəcəyini belə bildirmişdir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət salmağa çalışır. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Məlum olduğu kimi, şeytan Allaha asi olmuş və qüruru ucbatından hz. Adəm (ə.s) qarşısında səcdə etmək istəməmişdir. Daha sonra isə, özünü onlardan üstün gördüyü insanları doğru yoldan azdıracağına and içmişdir. Bundan ötrü də, Qurandakı bir çox ayədə şeytanın insanları doğru yoldan uzaqlaşdırmaq üçün ciddi səy göstərdiyindən və iman edənlər istisna olmaqla, digər bütün insanların böyük hissəsi üzərində öz təsirini göstərdiyindən bəhs edilir. Dünya həyatını bəzəkli və cəlbedici göstərməsi, insanların qəlblərinə din barədə vəsvəsələr verərək onları şübhəyə salması, insanı qürur, qısqanclıq və eqoistlik kimi bir çox əxlaqsızlığı asanlıqla edə biləcək hala gətirməsi şeytanın təsirlərindən bəziləridir. Şeytanın digər bir təsiri də, Allaha iman etməyə və Quran əxlaqına uymağa edilən dəvətlər qarşısında insanların təkəbbür göstərmələrini və müxtəlif bəhanələr irəli sürərək bundan qaçmalarını təmin etməkdir. Bu yolla onları doğru yoldan uzaqlaşdıracaq və Allaha təslim olmalarına maneə törətmiş olacaq.

Şeytanın insanlardan istədiyi, vicdanlarının əmr etdiyinə uymamaları, bunun tam əksini etmələridir. Bu məkrli səyini də müxtəlif formalarda davam etdirir, hiss etdirmədən bu əxlaqsızlıqları məqbul və gözəl göstərməyə çalışır. Bunun nəticəsində də bir çox insan şeytanın bəzəkli sözlərinə inanır, vicdanının səsini deyil, onun yoluna tabe olur. Lakin burada bilinməsi lazım olan ən əhəmiyyətli şey; şeytanın iman edənlər üzərində heç bir təsirinin ola bilməyəcəyidir. Şeytan ancaq inkar edənlərə təsir göstərə bilir. Allah Nəhl surəsində bu vəziyyəti belə bildirir:

Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)

Nəfsinə uyub, şeytanı özünə dost tutanlar üçün dünyəvi zövqlər hər şeydən əhəmiyyətlidir. Məsələn, vicdanları onlara səhv edən birini bağışlamağı, pis söz söyləyənə qarşı gözəl söz söyləməyi bildirsə belə, onlar nəfslərinə uyub, bağışlamamağı və ya pis sözə daha pisiylə cavab verməyi seçərlər. Bu yanlış anlayış içində tərs danışmaq, lağlağı ifadələr işlətmək, qürur və təhqir dolu sözlər söyləmək sanki üstünlük əlamətidir. Məhz bu cür insanlar eqoistlikləri, öz ağıllarını bəyənmələri, təkəbbürlənmələri və şeytanın sözlərinə qulaq asmalarından ötrü vicdanlarının səsini dinləməz, özlərinə xatırladılan gözəl sözə əməl etməzlər. Allah bu həqiqəti belə bildirir:

Vicdanları qəbul etdiyi halda, zülmkarlıq və təkəbbürlərindən ötrü bunları inkar etdilər. Artıq sən fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax!. (Nəml surəsi, 14)

Bu əxlaqa sahib insanlar əsil həyatın axirət həyatı olduğuna inanmaz, buna görə də, dünyada özlərinə verilən möhləti son ana qədər nəfslərinin istəklərinə uyğun keçirmək variantını seçərlər. Lağlağı rəftar nəticəsində təmin olunacaq eqoist istək, kömək istəyən birinə qarşı edilən zalımcasına bir rəftar və ya gözəl sözə edilən dəvət qarşısında verilən həyasızca bir cavab, şeytanın yoluna uyanların etməkdən çəkinmədikləri bir çox çirkin rəftardan yalnız bir neçəsidir.

Halbuki insan yaradılışı gərəyi gözəllikdən, fədakarlıqdan, köməkləşmədən, sevgi və hörmətdən, gözəl xitablardan çox böyük zövq alar. Əsil çətin şey, insanın nəfsinin əmr etdiyi pis təlqinlərə qulaq asması, əxlaqsızlıq etməsidir. Çünki bunlar daim sıxıntı, çətinlik və narahatlıq gətirir. Bunlardan xilas olmağın yeganə yolu isə insanın şeytanın dəvətlərini qəbul etməməsi və vicdanının səsini dinləməsidir.

Bu həqiqəti dərk edən bir insan üçün digər insanları din əxlaqına dəvət etmək də, belə bir çağırışı qəbul etmək də, insanlara gözəl sözlər söyləmək də qarşılığını Allahdan gözlədiyi bir ibadətdir. Gözəl sözlə yaxşı işlər görməyi əmr edən insan, həm özünü, həm də digər insanları Allaha yaxınlaşdıracaq, pis əməllərdən uzaqlaşdıracaq və sonsuz axirət həyatını qazanacaq bir yol tapmışdır. Gözəl sözə dəvət edilmək isə, bir insana dünya həyatındakı ən gözəl hədiyyələrdən birinin verilməsi kimidir. Bu həqiqəti dərk edən möminlər, daim bu dəvəti böyük şövq, həyəcan və sevinclə qəbul edərlər.

Peyğəmbərimiz (S.Ə.V)-In Gözəl Söz Söyləməklə Əlaqəli Hədisləri

Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Məhəmmədin yoludur (əleyhissalatu vəssalam). İşlərin ən pisi də dinə zidd olaraq sonradan uydurulan şeylərdir. (3. Buhârî, I'tisam 2, Edeb 70)

...Əbu Hüreyrə (r.ə), Rəsulullah (s.ə.v)-in belə buyurduğunu eşitmişdir: "Qul bəzən içində nə olduğu bilinməyən (yəni pis olub-olmadığını və nə qədər doğru olduğunu düşünmədən) bir söz söyləyər ki, bu sözdən ötrü odun içində, Günəşin doğduğu yerlə batdığı yer arasındakı məsafədən daha uzun dərinliyə qərq olar!". (Sahih-i Buhari, XIV cild, səh. 6405)

...Əbu Hüreyrə (r.ə)-dən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Əsla ramazan ayında çirkin söz söyləməyin və cahilliyin əlamətlərindən birini etməyin. Əgər biri ona qarşı cahilcəsinə davransa; o da mən oruc tutmuşam desin”. (Mace, IV cild, səh. 592)

"...İbn Ömər (r.ə)-dən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Bir (mömin) qulun sırf Allah rizasını qazanmaq istədiyi üçün, udduğu qəzəb qurtumundan Allah qatında savab etibarilə daha böyük qurtum yoxdur” (Mace, X cild, səh. 462)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Gözəl Söz Allaha Tərəf Çağırmaqdır
  • Gözəl Sözə Əməl Etmək
  • Gözəl Söz Söyləmək
  • Gözəl Sözə Əməl Etməyənlərin Aqibəti
  • Gözəl Sözə Əməl Edənlərin Qazancı
  • Son Söz