Gizlində əxlaqsız həyat tərzi yaşayan insanlar, bu vəziyyəti möminlərdən gizlədə bilmək üçün əllərindən gələn hər şeyi edərlər. Kənardan baxanda həyat tərzləriylə, danışıqlarıyla, rəftarlarıyla və ya gördükləri işlərlə, saleh möminlərin həyatını xatırladan bir həyat yaşayarlar. Əxlaqsızlıqlarını gizlicə davam etdirdikləri, bunların özlərinə verdiyi əzabı da gizlicə yaşadıqları üçün, ortaya həqiqətən də eyri-adi bir mənzərə çıxmaz. Lakin bəzi davranışlar da vardır ki, ortada gözəçarpan bir dəlil olmasa da, bu insanların bəzi xüsuslarda, saleh möminlərdən fərqli bir ruh halına sahib olduqları aydın olar. Bu vəziyyəti görənlər də, yalnız möminlər deyil. Cahiliyyət inanclarını mənimsəmiş bir insan da, qısa bir araşdırmadan sonra, bir insanın səmimi və ya səmimiyyətsiz ola biləcəyi mövzusunda fikir sahibi ola bilər.
Necə ki, bu hər cəmiyyətdə bilinən bir həqiqətdir; məsəl üçün deyə bilərik ki, bir hakim, qarşısındakı insanın günahkar olub olmadığına qərar verərkən, əlindəki dəlillərlə yanaşı onun rəftarına, danışıqlarına, davranış tərzinə, baxışlarına və adlandıra bilmədiyi amma hissləriylə gəldiyi qənaətə də böyük əhəmiyyət verər. Eynilə, ortada əleyhində heç bir dəlil olmasa da, günahkar insanın baxışları, danışıqları və rəftarları da qarşısındakı insanlara inanılmaz dərəcədə narahatlıq verər və həmin bu insanın günahkar ola biləcəyini düşünərlər.
Məlumdur ki, şirkətlər, özlərinə iş üçün müraciət edənləri yalnız təhsillərini və ya təcrübələrini qiymətləndirərək işə götürməzlər. Bu xüsusiyyətlərə cavab vermələrindən sonra, şirkət səlahiyyətlisi iş üçün müraciət edənlərlə şifahi müsahibə aparar. Bu müsahibə əsnasında verdiyi suallara aldığı cavablar və qarşısındakı insanın rəftarları, şirkət səlahiyyətlisinə bu insan haqqında məlumat verər. Bu insanın işə götürülmək üçün uyğun olub olmadığı, çalışqanlığı, intizamı, etibarlılığı haqqında təəssürat sahibi olar və bu müsahibə əsnasında əldə olunan qənaət nəticəsində həmin insan işə götürülər.
Məhz möminlər arasında olub da, bəzi xüsuslarda səmimiyyətsizlik edən insanların seçilməsində də vəziyyət bundan fərqli deyil. Hətta möminlər Qurana görə düşündükləri üçün, Allahın onlara verdiyi ağıl və haqqı batildən ayırd etmə bacarığı nəticəsində olduqca məqsədəuyğun analizlər apara bilərlər. Bu analizlərinin nəticəsini qarşı tərəfə çatdırmağa çalışsalar, bəlkə də, qənaətlərini konkret dəlillərlə sübut edə bilməzlər. Çünki bunlar konkret şəkildə ifadə edilə biləcək şeylər deyil. Bir mənada “altıncı hiss” olaraq da adlandıra biləcəyimiz bu analiz qabiliyyətinə sahib insanlar, Allahın ilhamıyla qarşı tərəfin səmimi və ya səmimiyyətsiz olduğunu hiss edərlər. Səmimiyyətsiz bir insan, hamının göstərdiyi rəftarı göstərsə, onlar kimi oturub-qalxsa, yemək yesə, içsə, gülsə, danışsa və bunları edərkən də, heç bir mənfi fikir oyandıran davranışa yol verməsə, möminlər bu insandakı fərqi yenə də hiss edə bilərlər.
Cəmiyyətdə tez-tez işlədilən "mənfi aura" deyimi, burada tam öz əksini tapır. Möminlər bu insanların mənfi və Quran əxlaqından uzaq bir ruh halına sahib olduqlarını ətraflarına yaydıqları, bu mənfi aura sayəsində anlayarlar. Çünki həmin bu insanlar digər möminlər kimi rahat, səmimi və sakit ruh halına sahib deyildirlər.
Danışıqlarındakı fərq də, yenə altıncı hiss sayəsində hiss edilən digər bir əlamətdir. Səmimiyyətsiz insanların danışıqlarında, bəlkə də, qeyri-adi heç nə yoxdur. Üstəlik, demək olar ki, digər möminlərin danışdığı kimi danışırlar. Amma yenə də danışıq üslublarında fərq olduğu hiss edilər. Danışdıqları vaxt səs tonlarında, səsin çıxış formasında, səlisliyində, səs tonlarının eniş və yüksəlişində, səmimi insanların qəlbində böyük narahatlıq yaradan gərginlik hakimdir. Həmçinin sözlərinin aralarına nəfslərinin istəyini ön plana çıxardan, eqoistliklərini bəsləyən ifadələr əlavə etmələri, beyinlərindəki bir plana və ya mənfi bir düşüncəyə əsasən danışmaları kimi səmimiyyətsizlikləri də onları ələ verər.
Bu insanların mənfi xüsusiyyətləri, həmin otaqda olan hər kəs tərəfindən hiss edilər. Necə ki, fikirləri soruşulduğunda, hamısının bu mövzuda həmfikir olduqları görülər. Bu kəslərin eyni hissləri yaşamaları da, səmimiyyətsizliyin analizində istifadə olunan əhəmiyyətli üsuldur.
Ancaq bu məqamda bunu da unutmamaq lazımdır ki, “altıncı hiss” deyildikdə insanlar ümumiyyətlə gələcəyi görmə, hadisələri qabaqcadan bilmə, qeyb haqqında xəbər vermə kimi, Allahın diləməsi xaricində qeyri-mümkün olan vəziyyətləri anlayarlar. Halbuki, "qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir..." (Ənam surəsi, 59) ayəsiylə bildirildiyi kimi, Allahdan başqa heç kəs qeybi bilməz. Burada “altıncı hiss” deyildikdə, tam fərqli bir şey nəzərdə tutulur. İnsan, altıncı hissiylə gələcəyə aid bir vəziyyəti deyil, hal-hazırda mövcud olan, həmin ankı vəziyyəti hiss edər, Allahın izniylə hiss edər.
Bundan ötrü də, səmimiyyətsiz insanın öz vəziyyətini möminlərdən gizlətməsi, Allahın izniylə elə də mümkün olmaz. Qurana uyğun olansa, belə vəziyyətdə insanın qəlbində əskik və ya səhv olan hər nə varsa hamısını dürüstcə ortaya qoymasıdır. Bu vəziyyətdə möminlərdən də dəstək alaraq, səhvlərini düzəldib səmimiyyətə nail olması olduqca asan olacaq. Bunun əksi olduqda isə, gizlədilməyə çalışılan səmimiyyətsizlik getdikcə artacaq və bu, insanı Quran əxlaqından həddən artıq uzaqlaşdıracaq.
Həmçinin burada bunu da qeyd etmək lazımdır ki, möminlər altıncı hisslə bir insanın əxlaqsızlığını, səmimiyyətsizliyini hiss edə bilərlər. Amma vicdanlarının və ədalətlərinin tələbindən ötrü, bu insanları hər hansı günah işlədikləri barədə ittiham edə bilməzlər. Çünki insan daim yanıla bilən bir varlıqdır və qəlblər Allahın əlindədir. Burada hiss edilən mənfi hal yalnız bir hissdir və bir dəlili yoxdur. Belə bir hissə qapılan mömin yarana biləcək zərərlərin qarşısını almaq üçün alınmalı tədbirlər varsa onları alar, amma heç vaxt qarşı tərəfin qəlbini analiz edə bilməz, "sən səmimiyyətsizsən" deyərək onu şübhə altında qoya bilməz. Çünki insan açıq şəkildə etiraf etmədiyi müddətcə, qəlbindəkini yalnız Allah bilər.