Allaha, necə həqiqi mənada təslim oluna biləcəyini qavrayan insanların, bu həqiqəti başqalarına da çatdırmaq üçün, əllərindən gəldikləri qədər çalışdıqlarından bəhs etdik. Ancaq məsələyə bir də öyüd verilən insanların nöqteyi-nəzərindən baxanda, bəzən bəzi insanların bu xatırlatmalara eyni şövqlə yaxınlaşmadıqlarını və bunlara Qurana zidd reaksiyalar verdiklərini görərik.
Halbuki bir möminin, başqa bir insan üçün zəhmət çəkməsi, onun xeyri naminə çatışmayan cəhətlərini müəyyənləşdirməsi, çıxış yolları tapıb, təşviq edici və asanlaşdırıcı üslubla təqdim etməsi, bu insan üçün böyük qazancdır. Allahdan qorxan bir mömin, daim Qurana uyğun, səmimi və dürüst analiz aparar. Həmçinin obyektiv gözlə qiymətləndirərək, həmin bu insanın öz-özünə müəyyənləşdirə bilməyəcəyi bir çox qeyri-münasib rəftar və iman zəifliklərini açıq şəkildə müəyyənləşdirə bilər və mömin qardaşına bu mövzuda kömək edə bilər. Dolayısilə səmimi bir müsəlmanın xatırlatmaları, təşviq üçün söylədikləri, həmişə olduqca əhəmiyyətlidir və bunlara ciddi surətdə diqqət yetirilməlidir.
Necə ki, bəzi insanlar, bütün bunları çox yaxşı bildikləri halda, bəzən özlərinə yönəldilən tənqidləri qəbul etməzlər. Ancaq onlar hər nə qədər anlamazlıqdan gələrək tənqid və xatırlatmaları qəbul etməsələr də, Allah; "əslində, insan öz əleyhinə şahiddir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da" (Qiyamət surəsi, 14-15) ayələriylə, bu insanların həqiqətləri bildiklərini çatdırmışdır. Bundan ötrü də, insan hər nə qədər əvvəlcə özünü, sonra da ətrafındakıları razı salmaq, əksinə inandırmaq və ya aldatmaq istəsə də vicdanı həqiqəti görər. Üstəlik vicdanının çox yaxşı gördüyü həqiqətləri həyatına tətbiq etməməsinin gətirdiyi mənəvi sıxıntını yaşayar, belə ki, bu da tam səmimiyyətli olmağa niyyət etməyənlər üçün dünyada verilən gizli əzablardan biridir. Amma bəzi insanlar bu həqiqəti qəbul etmək istəməzlər. Öz yanlış hərəkət və düşüncələrindən ötrü, sıxıntı və narahatlıq yaşadıqlarını anlamazlıqdan gələrlər. Bundan ötrü də, özlərinə edilən xatırlatmalara Qurana zidd reaksiyalar verərlər ki, bu da əslində özlərinə deyilənlərin nə qədər doğru olduğunu sübut edən ikinci bir dəlil meydana gətirər. Çünki Qurana görə hərəkət edən səmimi bir möminin, daha gözəl bir əxlaqa dəvət ediləndə, göstərməsi lazım olduğu rəftar, bu dəvəti qəbul etməkdir. Allah səmimi möminlərin, səhvlərini gördükdən sonra nə etdiklərini belə bildirmişdir:
O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar bilə-bilə etdiklərində israr etməzlər. (Ali İmran surəsi, 135)
Dolayısilə, insan, əgər iddia etdiyi kimi tam səmimiyyət sahibidirsə, səhvini görəndə dərhal Allaha sığınmalı və bu hərəkətində “bilə-bilə israr etməməlidir”. Səmimi möminin məqsədi, daim Allahın rizasını və sevgisini qazanmağa çalışmaqdır. Allahın sevgisini qazanmağın yollarından biri isə, Quranın bir ayəsində; "...Allah təmizlənənləri sevər" (Tövbə surəsi, 108) sözləriylə bildirilir.
İman etdiklərini söyləyən bu insanların səmimiyyətə dəvət edildiklərində verdikləri Qurana zidd reaksiyalar, bu insanların əslində imanı tam mənasıyla qavraya bilmədiklərindən qaynaqlanır. Allah, Quranda kimlərin öyüd ala biləcəyini belə bildirir:
Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ. (Yasin surəsi, 11)
Sonrakı sətirlərdə, səmimiyyətsiz hərəkətlərin ümumiyyətlə sübut edilməz mahiyyətdə olmasına aldanaraq, özlərini aldadan bəzi insanların, səmimiyyətə dəvət edildiklərində göstərdikləri rəftar pozuntularına toxunacaq və bütün bunların Qurana zidd davranışlar olduğunu göstərəcəyik. Çünki insanların açıq şəkildə dəlilləndirilə bilinməyən bu gizli səmimiyyətsiz hərəkətlərdən qurtula bilmələri, bütün bunların Qurana zidd olduğunu və Allah dərgahında günah ola biləcəyini anlamalarıyla mümkün olar. Unudulmamalıdır ki, bu həqiqəti görüb rəftarlarını səmimiyyətlə dəyişdirən insanları; "hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir" (Maidə surəsi, 39) ayəsiylə xatırladıldığı kimi, Allah bağışlayacaq və onlara rəhm edəcəkdir.
Şeytan iman edən insanları öz yoluna gətirmək üçün, əlindən gələn hər səyi göstərən bir varlıqdır. Ən istəmədiyi şeylərdən biri də, iman edənlərin mütləq səmimiyyəti qazanıb, Allahın razı olacağı əxlaqa yiyələnmələridir. Bundan ötrü də, bir insan həqiqi imana dəvət edildikdə, şeytan mütləq ona əks istiqamətdə təsir göstərməyə çalışacaq.
Şeytanın bu istiqamətdəki fəaliyyətlərindən biri, insanların düşünmələrinə maneə törətməkdir. Şeytan bunun üçün insanları, var gücləriylə nəfslərinin istəyini qorumağa, səhvləri üçün bəhanələr tapmağa sövq edər. Bu təsirə düşən insan, özünə xatırlatma edən möminə qarşı qəzəblənməyə başlayar və haqsızlığa uğradığını düşünər. Həmçinin düşündüyündə, həqiqətləri açıq-aydın şəkildə görəcəyini və səmimiyyətsizliyini etiraf etmək məcburiyyətində qalacağını gördüyü üçün, düşünməkdən tamamilə uzaqlaşar. Başını bu cür səmimiyyətsizliklərlə məşğul edən insan, əsl düşünməsi lazım olan mövzuları düşünüb səhvlərini düzəltməz.
Həmin bu insanlar, bu hallarının bir nəticəsi olaraq, diqqətlərini yalnız ağıllarından keçən bu qeyri-sağlam düşüncələrə yönəldər və gəldikləri qənaətdə sabit fikirli olarlar. Bu məqsədlə də, izah edilənləri mümkün qədər dinləməməyə, eşitməməyə və anlamamağa çalışarlar. Qarşı tərəfin izah etdikləri nə qədər təsirli və nə qədər diqqət çəkici olsa da, beyinlərində kök salmış düşüncələrdə heç bir dəyişiklik olmaz. Şeytan bu cür insanlardakı bu qaçışı elə sürətləndirər ki, onlar özlərinə Quran ayələriylə edilən xatırlatmaları belə düşünməyəcək və hətta düşünmək istəməyəcək rəftar nümayiş etdirə bilərlər. Belə ki, özlərinə Allahın varlığı, həmin anda özlərini gördüyü və onları rəftarlarından ötrü sorğu-suala tutacağı, Qurana uyğun davranmamalarına görə sonsuz cəhənnəm əzabıyla qarşılaşacaqları xatırladıldığında belə, bu həqiqətlərdən təsirlənməmələrinə səbəb olacaq vicdani laqeydlik və düşüncəsizlik edərlər.
Beləliklə də, bilə-bilə özlərinə təbliğ və izah edilən şeyləri düşünmək istəməzlər. Lakin, əlbəttə ki, hər nə etsələr də, əslində günahkar olduqlarını da bilirlər. Bundan ötrü özlərini, vicdan sıxıntısı və narahatlıq içində yaşamağa məhkum edərlər. Həm özlərinə edilən Qurana uyğun xatırlatmaları qəbul etməyərək, nəfslərinin istədiyi bir həyat yaşamaq istəyər, həm də belə bir həyatın özlərini dünyada və axirətdə böyük ziyana uğradacağını bilərlər. Bundan ötrü də, ömürlərini daim ixtilaf, vəsvəsə və sıxıntı içində keçirərlər.
Halbuki belə bir laqeydlik iman sahiblərində olmayacaq bir rəftardır. Belə bir vəziyyət qarşısında möminlərin göstərməsi lazım olan əxlaq, bunun tam əksini edərək düşünmək və öyüd almaqdır. Quranın bir çox ayəsində diqqət çəkilən bu xüsusiyyət Əla surəsində də bildirilir. Allah bu ayələrində öyüd-nəsihət götürməyin Özündən qorxanlara aid bir xüsusiyyət olduğunu bildirir:
Öyüd və xatırlatmanın fayda verdiyini görsən, onlara öyüd ver və xatırlat! Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. O kimsə ki, Cəhənnəmə atılacaq, O orada nə öləcək, nə də yaşaya biləcəkdir. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. (Əla surəsi, 9-14)
İman etdiklərini söylədikləri halda, səmimiyyətsizlikdən tam mənada xilas ola bilməmiş insanların, səmimiyyətə dəvət edildiklərində verdikləri reaksiyaların əhəmiyyətli bir hissəsi səsdə, danışıq üslubunda və baxışlardakı pozuqluqlarla özünü büruzə edər. Əvvəlki sətirlərdə də qeyd etdiyimiz kimi, bu insanlar dünyada Allahın rizasını qazanmaqdan daha əhəmiyyətli bir şey olmadığını çox yaxşı bildikləri halda, insanlar arasındakı imiclərinə daha çox əhəmiyyət verə bilirlər. Tənqid edilmələri və ya səhv hərəkətlərinin ortaya çıxarılması bu imiclərini zədələyən ən əhəmiyyətli xüsuslardır. Bundan ötrü də, bu cür mühitlərlə qarşılaşdıqlarında böyük narahatlıq və buna bağlı olaraq da səs, danışıq və baxışlarında mömin əxlaqına yaraşmayacaq tərzdə fərqlər yaranar. Səmimiyyətsizliyin ortaya çıxarılması nəticəsində meydana gələn bu reaksiyalardan bəzilərini belə sadalaya bilərik:
İnsanların duyğu və düşüncələrini kənara əks etdirən ən əhəmiyyətli vasitələrdən biri, şübhəsiz ki, səsdir. Bir insan nəşəsini, sevincini, sevgisini, diqqətini, qorxularını, narahatlığını və ya rahatlığını çox vaxt istər-istəməz səs tonuyla kənara əks etdirər.
Quran əxlaqını yaşayan bir insan, axirəti barədə edilən xatırlatma qarşısında şövq və istəklə izah edilənləri anlamağa və tətbiq etməyə çalışar. Bu şövq, açıq şəkildə səsindən aydın olar. Səmimiyyətsiz insan isə, səmimiyyətsizliyinin ortaya çıxarılmasından ötrü keçirdiyi narahatlıq hissini hər nə qədər gizlətməyə çalışsa da, bəzən bu vəziyyət səsində əks olunar. Gündəlik həyatındakı təbii, gur, canlı, səlist, sərbəst və sağlam səs tonunun yerini, narahat, donuq, soyuq, batıq, boğuq, çətinliklə eşidilən, udqunaraq çıxan, nə dediyi heç aydın olmayan, anlaşılmaz, zorla və rəsmi şəkildə çıxan səs tonu alar. Belə vəziyyətlərdəki bu səs və üslub, çox vaxt insanın həmişəki, xüsusən də, şən olduğu vaxtlardakı səsi deyil. Bunu anlamaq üçün ən yaxşı metod, özünə çox sevdiyi bir yemək verildikdə, bəyəndiyi bir musiqi parçası çalındığında və ya çox istədiyi bir şey hədiyyə edildikdə, işlətdiyi səs tonuyla o andakı səs tonunu müqayisə etməkdir. Çünki ümumiyyətlə insanın normal səs tonu, sevindiyi, sevincli və rahat olduğu anlardakı səs tonudur. Yaşadığı müsbət duyğular təbii olaraq səsinə də əks olunar. Özünə bir öyüd verildikdə və ya hər hansı bir şey xatırladıldıqda, yəni nəfsinin xoşlamayacağı bir mühitlə qarşılaşdığında bu səs tonunun yox olması isə, mənfi düşüncələrə sahib olmasından qaynaqlanır.
İnsanın səs tonunda yaranan bütün bu incəliklərin, əlbəttə ki, bir mənası və ehtiva etdiyi mesajlar var. İnsan bu səs tonuyla, tənqid olunmaqdan xoşlanmadığı, söhbətin tezliklə bağlanmasını istədiyi, əks halda qarşı tərəflə olan dostluğunun, yaxınlığının bitib, araya məsafə qoyulacağı barədə mesaj verir. Bu yolla, qarşısındakına çatışmayan və yanlış cəhətlərinin ortaya çıxarılacağı təqdirdə özündən çıxacağını, normal halındakı sevincini, rahatlığını itirəcəyini, dolayısilə özünə bu baxımdan heç toxunulmamasının və hətta geri addım atılmasının lazım olduğunu ifadə etmiş olar.
Belə bir insan, bu səs tonuyla etdiyi çıxışlarla, hər nə qədər müsbət şeylər söyləyirmiş kimi görünsə də, elə bil, qarşı tərəfə bunların tam əksini ifadə edər. Kənarda baxanda bəzən özünə xatırladılan şeyi qəbul etdiyi görülər, amma qəlbi buna qarşı çıxdığı üçün işlətdiyi bu səs tonu "rədd etmə səsi"dir. Bu, kitabın əvvəlindən bəri üzərində dayandığımız gizli səmimiyyətsizliyin əhəmiyyətli göstəricilərindən biridir. İşlətdiyi səs tonundan bu insanın özünə izah edilənlərə qatılmadığı, razı olmadığı və tənqid olunmaqdan xoşlanmadığı çox açıq şəkildə aydın olur. Ancaq sözləriylə, deyilənləri təsdiqləyirmiş kimi göründüyü üçün, bu vəziyyəti ona başa salmaq və etdiyinin səhv olduğu barədə razılığa gətirmək qeyri-mümkündür. Bu insan da, onsuz da bunu bilərək, belə şeytani bir üsul tətbiq edir və öz aləmində gizli etiraz üsulundan istifadə edir.
Lakin həqiqi mənada səmimi olan və səhvini düzəltmək istəyən biri, gözəl əxlaqa yiyələnməyə niyyət edərək, rəftarıyla, danışıqlarıyla və səsiylə, təvazökarlığını, təslimiyyətini və qəbulunu ən gözəl şəkildə qarşı tərəfə ifadə edə bilər, mehriban və səmimi bir üslubla Qurana uyğun çıxışlar edərək, qarşı tərəfdə etimad hissi oyandıracaq rəftar göstərə bilər.
Tərs davranan insanların mənfi rəftarları, əxlaqsız hərəkətlərini davam etdirmə və bu xüsusiyyətləriylə qarşı tərəfi narahat etmə istəklərindən qaynaqlanır. Ancaq unudulmamalıdır ki, Quran əxlaqından uzaqlaşmaq insanın ən çox özünə zərər verər. Əgər imana dəvət edildiyi, Quran ayələriylə xəbərdar edildiyi və özü də həqiqəti gördüyü halda, gizlicə səmimiyyətsizliyində israr edirsə, bu təqdirdə, dünya həyatında gizli əzablara, axirətdə isə cəhənnəm əzabına layiq ola bilər. Allah, möminləri aldatdıqlarını, onlara qarşı müəyyən üsullardan istifadə etdiklərini zənn edən bu insanların vəziyyətini Quranda belə xəbər verir:
Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 9-10)
Danışma pozuqluğu da, insanların səmimiyyətsizliyini üzə vuran ən bariz əlamətlərdəndir. Özlərinə Quran ayələri xatırladıldığında söz və rəftarlarıyla təslimiyyətlərini dərhal göstərən möminlərin əksinə, səmimiyyətsiz insanlar çox vaxt Quran əxlaqına zidd tərzdə danışarlar. İnsanın həqiqi ruh halını əks etdirmə məsələsində, sanki bir ayna vəzifəsi yerinə yetirən danışıq tərzinə, Allah Quranda; "əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir" (Məhəmməd surəsi, 30) ayəsiylə diqqət çəkir.
Bu insanların danışma pozuqluqları özünü bir çox şəkildə büruzə verər. Bunlardan ən vaciblərini belə sadalaya bilərik:
Bu insanların bəzilərində böyük məntiqsizlik olar. Başqa insanların asanlıqla müəyyənləşdirdiyi bu məntiqsizliyi, adətən özləri görə bilməzlər. Məsələn, özlərinə yönəldilən tənqidin düzgün olmadığını sübut etməyə çalışarkən, tənqidin nə qədər haqlı olduğunu göstərən dəlillər meydana gətirərlər. Verdikləri hər açıqlama, əvvəlkindən daha yanlış bir məntiqə əsaslanır. Vəziyyəti hər dəfə öz xeyirlərinə dəyişdirmək istədiklərində daha da böyük məntiqsizlik edərlər.
Möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri həyatının hər anında Quran əxlaqını yaşaması, hər sözünün Quran ayələrinə uyğun olmasıdır.
Özünə öyüd verilən, ancaq səmimi olmayan bəzi insanlar, Quran ayələrini söyləməkdən, Allahın adını xatırlamaqdan diqqətlə qaçına bilərlər. Çünki bu təqdirdə, dediklərini yaşamalı olduqlarını da bilirlər. Məsələn, özlərinə çatışmayan bir cəhətləri deyiləndə, Quranın; "o kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar bilə-bilə etdiklərində israr etməzlər" (Ali İmran surəsi, 135) ayəsində bildirilən mömin rəftarını dilə gətirsələr, ayəyə əsasən dərhal səmimiyyətsizliklərindən də imtina etməlidirlər. Eynilə Allahdan başqa mütləq varlıq olmadığını, Allahın gücü qarşısındakı acizliklərini, hər şeyin Allahın yazdığı tale əsasında baş verdiyini, Allahın qəlblərin dərinliklərində gizlənən şeyləri bildiyini, səmimiyyətsizliklərindən ötrü insanları dünyada və axirətdə əzablandıracağını, cəhənnəmin əbədi olduğunu, oradakı əzabın mahiyyətini və daimiliyini tezliklə düşünüb dilə gətirsələr, əxlaqsızlıqda israr etməyə cəsarət göstərə bilməyəcəkləri çox aydındır. Bu vəziyyətdə belə bir insan artıq nəfsinin istəyini müdafiə edə bilməz və cahil bir üslub işlədə bilməz. Hər şey tam tərsinə dönər, eqoist istəklərini təmin edə bilməz. Rəftarı, üslubu və hətta səs tonu belə normal halına qayıdar. Nə sünilik, nə küsəyənlik, nə də qarşı tərəfə etiraz məqsədli hərəkətlər edə bilər. Nə qədər qüruruna sığışdıra bilməsə və nə qədər formalaşdırdığını güman etdiyi imicinə xələl gəlsə də, səhvini qəbul edib tezliklə bunu düzəltməli olar.
Quran ayələrinə uyğun düşünməkdən qaçınan bu cür insanların, düşünmələrini təmin edə bilmək üçün onlara xatırladıla biləcək ən əhəmiyyətli mövzulardan biri cəhənnəmdir. Bu insana; "cəhənnəmin kənarında olsan, göstərəcəyin rəftara görə bir an sonra ya cəhənnəmə atılsan ya da xilas olsan, yenə də bu rəftarlarını davam etdirərsən mi?" kimi bir sual verildikdə, nəfsi çıxılmaz vəziyyətdə qalacaq. Çünki heç kim cəhənnəm odunun kənarında dayanarkən Quran əxlaqından uzaq bir rəftar göstərməyə cəsarət edə bilməz.
Belə bir müqayisə, insanların bir çoxunun səmimiyyətsizliyinin, ya Allahın əzabını uzaq görmələrindən ya da axirətə qəti məlumatla inanmamalarından qaynaqlandığını göstərir. Allah bir ayədə bu cür insanları belə xəbərdar edir:
Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”. (Ənam surəsi, 158)
Nəticə etibarilə, bir insanın, yuxarıdakı ayəni yaddaşından çıxartmaması, səmimi olaraq cəhənnəmi və etdiklərinin əvəzində cəhənnəm əzabıyla üzləşə biləcəyini düşünməsi, səmimiyyətsizlikdən imtina etməsi, dürüst insan olaraq həyatına davam etməsinə vəsilə ola bilər.
Səmimiyyətsizlikdə israr edən bəzi insanların tənqid qarşısında etdiyi çıxışlarında diqqət çəkən digər bir xüsus da, bu insanların bəzi hallarda izah edilənləri anlamağa çalışmaqdansa, güclü etiraz və müdafiə psixologiyası içində olmalarıdır. İmanlı bir insan, müəyyənləşdirilmiş bir xüsusiyyətini və ya tövsiyəni diqqətlə dinləməli, soruşmalı, anlayıb öyrənməyə çalışmalıdır. Belə bir insan bundan sonra özünə edilən xəbərdarlığı anladığını göstərərək, Qurana uyğun səy göstərməlidir. Amma bəhs olunan xarakterdə çox vaxt belə bir səy müşahidə olunmaz.
Allah Quranda hz. Yusifin gözəl rəftarını möminlərə nümunə olaraq verir. Hz. Yusif özünə atılan böhtan qarşısında haqlı olmasına baxmayaraq, özünə bəraət qazandırmadığını bildirmişdir. Həmin ayə belədir:
Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs insana pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Yusif surəsi, 53)
Səmimiyyətsizliyi büruzə verən digər bir reaksiya da, normalda aktiv və şən bir xarakter nümunəsi sərgiləyən, ardıcıl, səlist və səmimi çıxışlar edən insanların bir tənqid qarşısında anidən susqunlaşıb, danışa bilməz hala gəlmələridir. Həqiqi imana sahib möminlərin, ən çətin anlarda və ən çətin şərtlərdə belə, şövqləri və iradələri zəifləməz. Hətta tam əksinə bu cür vəziyyətlərdə daha da şövqlənərək, daha da böyük səy göstərərək imanlarının gücünü göstərərlər.
Əlbəttə ki, bu cür vəziyyətlərdə qaneedici açıqlamalar verməkdənsə susmağı seçənlər, bunu açıq bir aksiya və etiraz nümayişi olaraq edərlər. Bu yolla, özlərinə xatırlatma edən mömin qardaşlarını qorxutmaq istəyərlər. Ancaq özlərinə bu etdiklərinin çirkin bir rəftar olduğu deyilsə, deməyə bir söz tapmadıqlarından ötrü susduqları kimi bəhanələr ortaya atarlar.
Bu cür rəftarlar, əlbəttə ki, gizlicə edilər və sübut edilə bilməz. Daha əvvəl də ifadə edildiyi kimi, ancaq altıncı hiss sayəsində görülüb aydın ola bilər. Səmimiyyətsiz insan isə, dəlil olmamasından istifadə edərək, hərəkətlərini davam etdirər. Ancaq bu xoşagəlməz inadkarlığından ötrü, həm Allahın rizasını, həm də möminlərin etimad, hörmət və sevgilərini itirər. Buna baxmayaraq, özünü ağıllı və qazanclı hesab etməsi də, onun nə qədər zəif ağla sahib olduğunun açıq bir göstəricisidir. Üstəlik, həmin bu insan, gizlincə qurduğu planlardan ötrü olduqca qarışıq ruh halına sahib olar. Etdiklərinin səmimiyyətsizlik olduğunu bilmənin gətirdiyi vicdan sıxıntısını yaşayar. Buna görə də, daim sıxıntı və narahatlıq içində yaşayar. Bu da, Allahın bu dünyada gizli səmimiyyətsizlik etməyə çalışanlara verdiyi gizli əzablardan biridir.
Allahın, qəlblərində gizlətdiklərini bildiyini unudan insanlar, hər hansı bir məsələdə yalnız ətraflarındakı insanları razı salmağın kifayət edəcəyinə inanarlar. Belə vəziyyətdə də, içlərində olanı gizlədə bilmək üçün süniliyə müraciət edərlər. Qəlblərində olmayan şeyləri insanlara varmış kimi göstərə bilmək, eləcə də, qəlblərində olub da gizlətmək istədikləri şeyləri insanlardan gizlədə bilmək üçün süni rəftar və danışıqlarla qarşı tərəfi razı salmağa çalışarlar. Allah bir ayəsində bu cür insanlardan belə bəhs etmişdir:
...Qəlbləri qarşı çıxdığı halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir. (Tövbə surəsi, 8)
Daima bu ikiüzlü ruh halını davam etdirmək, əlbəttə ki, insana olduqca sıxıntı verir. Bir insanın, hiss etmədiyi şeyləri hiss edirmiş kimi görünməsi, ciddi bir səy tələb edir. Bu da olduqca bezdirici haldır. Belə davranmağı davam etdirən insan özünə əzab verir.
Bu insanlar özlərinə bir öyüd veriləndə, deyilənləri, şişirdilmiş mimika və eyhamlarla, təfərrüatlı və uzun-uzadı açıqlamalarla qəbul etdiklərini söyləyərlər. Halbuki çox vaxt tam əksini düşünər və yalnız söhbətin bağlanmasını istədikləri üçün deyilənləri qəbul etmiş kimi görünərlər. Qarşı tərəfin necə bir cavab gözlədiyini nəzərə alaraq, heç düşünmədən, hiss etmədən və qavramadan qarşı tərəfə rahatlıq verəcəklərini düşündükləri şəkildə danışarlar. Ancaq bu əsnada ümumiyyətlə rəftarlarında müsbət bir dəyişiklik olmaz. Müsəlmanlar isə, yenə Allahın köməyi ilə bu insanların danışıqlarındakı süniliyi hiss edərlər.
Bu hiyləgərliyi edən bir insan, həmin an özünü təmizə çıxardıb xilas olduğunu zənn edər, halbuki, Allah onun içindən keçənləri, ən yaxşı gizlətdiyi şeyləri belə bilir. Allah Quranda, qəlbindəkiləri gizlətdiyini zənn edən insanlar barədə belə buyurur:
Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir. (Hud surəsi, 5)
Bəzi insanların özlərinə verilən öyüdü qəbul etməmək üçün, əl atdıqları üsullardan biri də, tərs bir üslubdan istifadə etmələridir. Bu yolla, qarşılarındakı müsəlmanı yaxşı əməllər görməyi buyurub, pis əməlləri qadağan etməkdən imtina etdirə biləcəklərini düşünərək yanılarlar. Çünki, saleh bir müsəlman yalnız doğruları göstərməklə məsuldur, qarşı tərəfin rəftarı onun Allahın rizasına uyğun davranmasına təsir göstərməz.
Bu ikiüzlü insanlar, tərsliyi də digər davranış pozuqluqları kimi, hiyləgərcəsinə edərlər, həddən artıq əlamət və dəlil verməməyə çalışarlar.
Danışıqlarında hər şeydən əvvəl gizli inadkarlıq hakimdir. Tam da bəlli olmayan mimika və eyhamların köməyi ilə qarşılarındakı insana gizlincə meydan oxuyarlar. Deyilən sözlər ilk baxışda ədəbli və məqbul görünə bilər. Ancaq bu sözlərin söyləniş tərzi, istifadə edilən eyhamlar, sərt baxışlar və xoşagəlməz mimikalar həmin insanın tam əksini söylədiyi təəssüratını verər.
Quran əxlaqında nə açıq, nə də gizli şəkildə göstərilən tərs bir rəftara qətiyyən yer yoxdur. Möminləri cahil insanlardan fərqləndirən əhəmiyyətli bir xüsusiyyətləri üzüyola, təvazökar, təslimiyyətli, səbirli və şəfqətli insanlar olmalarıdır. Bütün bu xüsusiyyətləri bir insana qazandıra biləcək tək şey isə Allah qorxusudur. Bundan ötrü də, gizlicə tərslik edən bir insan, Allahdan gücü çatdığı qədər qorxaraq dərhal bu əxlaqından imtina etməli və möminlərə qarşı üzüyola və təslimiyyətli əxlaq nümayiş etdirməlidir.
Danışmaq qədər, insanların xarakterlərini, duyğularını, düşüncələrini və ya səmimiyyət dərəcələrini göstərən digər bir əlamət də baxışlardır. Bir insan daxili aləmində nə yaşayırsa, qəlbində nə gizlədirsə və ya ağlından hər nə keçirirsə, bu çox vaxt baxışlarına əks olunar. Bu, əslində xalq arasında da bilinən bir həqiqətdir və "gözlər qəlbin aynasıdır" deyimiylə ifadə edilər. Dolayısilə insanların bir-birlərini tanıyıb analiz edə bilmələrində baxışların mühüm yeri var.
Allah Quranda baxışların insanların daxili aləmlərini əks etdirən əhəmiyyətli bir meyar olduğunu bildirir. Baxışlara diqqət çəkilən ayələrdən bəziləri belədir:
Həqiqətən, inkarçılar Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr... (Qələm surəsi, 51)
Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir. (Mümin surəsi, 19)
Yuxarıdakı ayələrdə də görüldüyü kimi, ikiüzlü insanların həqiqi ruh hallarını və düşüncələrini baxışları əks etdirər. Belə insanlar yaşamadıqları gözəllikləri yaşayırmış kimi görünməyə səy göstərərlər. Məsələn, nəfslərinə zidd düşən bir hadisə baş verdikdə dərhal qəzəblənərlər. Amma Quran əxlaqında qəzəblənməyə yer yoxdur; bundan ötrü də, qəzəblərini gizlətməyə çalışarlar. Belə edərək həm öz əxlaqsızlıqlarına bilavasitə şahid olub sıxıntıya qapılar, həm də əbəs yerə güclü qəzəb kimi hisslərlə özlərinə əzab verərlər.
Səmimi bir insanın baxışları isə, dürüstlüyünü əks etdirər. Özlərinə zülm edən insanların əksinə, içi-çölü bir, rahat və razı bir ruh halı, gözlərdə də bir canlılıq və dərinlik olaraq özünü göstərər.
Səhvləriylə əlaqədar tənqidlərə məruz qaldıqlarında, Quran əxlaqını gərəyi kimi yaşamayan insanların verdikləri ən diqqətçəkici reaksiyalardan biri də dərhal ümidsizliyə qapılıb ruhdan düşmələridir. Ümidsizliyə qapılmaq, Allahın sonsuz gücünü, iman gətirmiş qulları üzərindəki rəhmətini və bağışlayıcılığını qavrayan insanların qətiyyən göstərməyəcəyi bir rəftardır.
Allah, Quranda hz. Yaqubun ümidsizlik mövzusundakı bu sözlərini bildirir:
Ey oğullarım! Yusifdən və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq inkarçılar ümidlərini kəsər”. (Yusif surəsi, 87)
Çatışmayan cəhətlərini görmək bir insan üçün böyük nemət və fürsətdir. Beləliklə bu insan, səhvlərindən qurtulma imkanı qazanır. Lakin bəzi insanlar, özlərinə xatırlatma edildikdə və ya səhv bir hərəkət etdikdə dərhal ümidsizliyə qapılarlar. Bu, təvəkkülsüz olmalarının əlamətidir. Təvəkkülsüzlük isə, insan üçün dünyadakı ən böyük bəlalardan biridir. Çünki bəzi hadisələrin Allahdan müstəqil meydana gəldiyini zənn edən insan, hər hadisəyə özü nəzarət etmək istəyər. Amma bunu da əsla bacara bilməyəcəyi üçün həyatını daim qorxu, sıxıntı, narahatlıq və stress içində keçirər. Allahın sonsuz qüdrətini və hər şey üzərindəki hakimiyyətini unudan insanların yaşadıqları bu ruh halı, əslində özləri üçün dünyada yaradılmış əzab növlərindən biridir.
Allahın ədalətini, iman gətirmiş qulları üzərindəki mərhəmətini, eləcə də, mömin əxlaqındakı gözəllikləri gərəyi kimi qavraya bilməmiş insanlar, özlərinə xəbərdarlıq edildikdə, bunu özlərinə istiqamətlənmiş haqsız səy hesab edərlər. Özlərini xəbərdar edən insanların, heç bir mənfəət güdmədən, yalnız onların dünya və axirət həyatını gözəlləşdirmək üçün, səmimi səy göstərdiklərini görə bilməzlər. Allahın; "onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (Maidə surəsi, 50) ayəsiylə diqqət çəkdiyi kimi, bu mövzunu cahil meyarlarla qiymətləndirərlər. Cahil cəmiyyətlərdə insanlar özlərini üstün göstərmək, qarşı tərəfin nöqsanlarını aşkarlayıb onu hörmətdən salmaq və biabır etmək məqsədilə bir-birlərini tənqid edərlər. Bu düşüncəyə görə tənqid; qarşı tərəfə bəyənilmədiyini, rəftarlarının xoş qarşılanmadığını bildirmək üçün edilər, yoxsa tənqiddəki məqsəd; məsələni həll etmək və ya qarşı tərəfin çatışmayan cəhətlərini düzəltməsini təmin etmək, onu daha yaxşı olana yönəltmək və sonsuz axirət həyatını qazanması üçün vəsilə olmağa çalışmaq deyildir. Məhz bundan ötrü də, hadisələri Qurana uyğun dünyagörüşüylə deyil, əksinə cahil meyarlar əsasında qiymətləndirən səmimiyyətsiz insanlar da, özlərinə təqdim edilən gözəlliyi əleyhlərinə olduğunu güman edərlər.
Qurana uyğun hərəkət etməyən bu insanlar, nəfslərinə zidd düşən belə bir vəziyyətlə qarşılaşdıqlarında, ümumiyyətlə haqsızlığa uğradıldıqlarını düşünər, əksərən də, özlərinə xəbərdarlıq edən insanı incidəcək sözlər söyləyər, qəzəblənər, küsər, araya məsafə qoyar və soyuq rəftar nümayiş etdirərlər.
Ancaq bilinməlidir ki, bu hərəkətlərinin heç biri Quran əxlaqına uyğun deyil. Hər şeydən əvvəl insanların üzərində Allahın mütləq ədaləti təcəlli edir və Allah; "həqiqətən, Allah zərrə qədər də olsa haqsızlıq etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər" (Nisa surəsi, 40) ayəsiylə, heç kimin haqsızlığa uğramayacağını bildirir. Mömin bir insan, hər vəziyyətdə Allahın ədalətinin təcəlli edəcəyindən əmin olar, bundan ötrü də, təvəkküllü və təmkinli rəftar nümayiş etdirər. Allaha iman etdiklərini söylədikləri halda, Onun ədalətini və gücünü unudanlar isə, haqsızlığa uğrama psixologiyasıyla daim sıxıntılı və gərgin bir həyat yaşayarlar.
Bu kitabın mövzusunu meydana gətirən əxlaqdakı bəzi insanlar, həm Qurana tabe olduqlarını söyləyər, həm də gizlində hiyləgərcəsinə cahilliyyə əxlaqını yaşamağa davam edərlər. Ancaq bütün bunları “sərhəd prinsipi” çərçivəsində edərlər. “Sərhəd prinsipi”nin mənası isə budur: İnsan hər cür gizli səmimiyyətsiz hərəkəti, sübut edilə bilməyəcək və açıq şəkildə Qurana zidd olmayacaq şəkildə edər. Bütün gizli hərəkətlərini daim müəyyən sərhəd çərçivəsində edər. Bütün gizli hərəkətlərini daim müəyyən sərhəd çərçivəsində edər. Bunu bacara bilmək üçün, lazım gəldikdə kobud və ya dəqiq nizamlama əməliyyatları aparar. Kobud nizamlama əməliyyatını əvvəlcədən aparar. Dəqiq nizamlama əməliyyatını isə, edilən hərəkətlər möminlər tərəfindən ortaya çıxarıldıqdan sonra aparar. Məsələn, tərs-tərs danışdıqda, bunun mömin əxlaqına uyğun olmadığı özünə deyilsə, dərhal tərs və normal danışıq tərzi arasında nizamlama əməliyyatı apara bilər. Hər dəfə özünə xatırladılanda, tərsliyinin dərəcəsini bir qədər də azaldar, amma bunu yenə də içində şeytani izlər buraxaraq edər və hər vəziyyətdə Quranla verilən nəsihətləri qəbul etməz. Amma qəbul etməyə meyil edə bilər. Gizli kobudluq, gizli etirazlar, gizli inadkarlıqlar daim bu sərhəd prinsipi çərçivəsində sübut edilməyəcək dərəcədə edilər.
Halbuki səmimiyyətsizlikləri gizlətmək və qorumaq naminə bu qədər sıxıntı və qarışıqlıq içinə düşmək tamamilə yersizdir. Belə bir həyatı yaşamaq, daxilən özünü gəmirən vicdan əzabını, sıxıntıları yaşatmaq böyük ağılsızlıqdır. Səmimiyyət olduqca asan, olduqca gözəl və sadədir. Əks təqdirdə unudulmamalıdır ki, Allahın; "o gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir" (Haqqə surəsi, 18) ayəsiylə bildirdiyi kimi, dərəcəsi azaldılmış da olsa, Allah mütləq bütün bu səmimiyyətsiz hərəkətləri görür və bilir. Bunlarla yanaşı; "zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır" (Zəlzələ surəsi, 7-8) ayələriylə bildirildiyi kimi, hər şeyin əvəzi axirətdə mütləq veriləcək. Məhz bundan ötrü də, Allah ayələriylə insanlara günahın aşkarından da, gizlisindən də əl çəkmələrini söyləyərək, onlara əzaba düçar olmamaq üçün xəbərdarlıq edir:
Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar. (Ənam surəsi, 120)
...Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın... (Ənam surəsi, 151)
Cahil cəmiyyətlərdə insanların böyük hissəsi hər hansı bir insanın dediyi bir söz və ya rəftarından ötrü qəzəblənib incidiklərində evin qapılarını, şkaf qapaqlarını çırpmaq, qarşılarındakı insana soyuq davranmaq, danışmamaq, özləri üçün hazırlanan yeməyi yeməmək, görülməsi lazım olan işi görməmək kimi hərəkətləri heç çəkinmədən edərlər. Quran əxlaqından xəbərdar olan insanlar isə, bu rəftarların qətiyyən mömin əxlaqına uyğun olmadığını bildiklərindən bu cür hərəkətləri etməzlər.
Səmimi imana sahib olmayan bəzi insanlar isə, Quran əxlaqına zidd olduğunu bilə-bilə etiraz hərəkətlərini davam etdirməkdən çəkinməzlər. Amma bunu həmişə açıq şəkildə etməzlər; daha çox tərsləşmə, susqunlaşıb sakitləşmə kimi rəftarlarla edərlər. Belə ruh halına girən insan, özünə bir sual verildikdə düzgün və normal cavab verməz. Bəzən qısa və başdansovdu cavab verər, bəzən də "bilmirəm", "bəli" və ya "xeyr" kimi yarımçıq cavablar verərək gizlicə qarşı tərəfə etirazını bildirər. Burada məqsəd, cavab verirmiş kimi görünmək və özündən "niyə cavab vermirsən" deyə soruşulduqda "məgər cavab vermədim" deyərək qarşı tərəfi haqsız göstərməyə çalışmaqdır. Bəzən də verilən suala tam da aydın olmayan şəkildə gecikdirərək cavab verər. Niyə susduğu və ya gec cavab verdiyi soruşulduğunda da "fikirləşirdim", "söyləyəcəyim şeyi xatırlaya bilmədim" kimi yenə səmimiyyətsizliklə edildiyi bəlli olan, lakin qəti şəkildə sübut edilə bilməyəcək bəhanələr ortaya atar. Hər kəsin gülüb əyləndiyi bir mühitdə, o ürəyincə əylənməz, yalnız təbəssüm etməklə kifayətlənər, ağır və soyuq davranar. Ancaq niyə belə davrandığı, bir problemin olub olmadığı soruşulduğunda, heç nə olmadığını söyləyərək qarşı tərəfə eyhamlı şəkildə cavab verər. Bəzən də, narahat və ya yuxusuz olduğu kimi bəhanələr ortaya ataraq etiraz hərəkətlərini bu cür pərdələr altında sübut edilə bilməz hala gətirər. Bu vəziyyətdə rəftarına görə tənqid edilsə, qəsdən nə isə etmədiyini, narahat olduğu üçün bu cür davrandığını söyləyəcək.
Belə çirkin rəftarlar göstərən insanlar bilməlidirlər ki, göstərdikləri bu əxlaqın sıxıntısını yaşayan da yenə yalnız özləridir. Əksər insan, əllərində açıq bir dəlil olmasa da, qarşılarındakı insanın gizlində səmimiyyətsiz rəftar göstərdiyini anlayar. Mömin insan, yenə Quran əxlaqına uyğun olaraq bu cür insanlara fayda verəcək, onları gözəl əxlaqa dəvət edəcək şəkildə səmimiyyətlə cavab verər və gözəl əxlaq göstərmənin rahatlığını yaşayar. Gizli əxlaqsız hərəkətlər göstərməkdə israr edən insanın özü isə, başqalarına etiraz nümayişi edəcəyindən ötrü ürəyincə əylənə bilməz, gülə bilməz, danışa bilməz. Hadisələri və ya insanları daim pis gözlə qiymətləndirdiyi üçün gözəllikləri görə bilməz, bunlardan zövq ala bilməz. Hər şeyi problem hesab edib, daim sıxıntı və əzab içində yaşayar. Məhz bu, insanın öz əliylə özünə zülm etməsidir və bundan qurtulmağın yeganə yolu, insanın Allahdan qorxaraq Quran əxlaqına yönəlməsidir. Yalnız səmimi-qəlbdən Allaha yönələn və Onun razı olmayacağı hər şeydən şiddətlə çəkinən insanlar, dünyada və axirətdə rahatlıq və xoşbəxtliyə nail ola bilərlər.