Kitabın əvvəlindən bəri, bəzi insanların iman etdiklərini söylədikləri halda, yenə də mütləq rahatlıq və xoşbəxtliyi yaşaya bilməmələrinin səbəbinin səmimiyyətsizlik olduğundan bəhs etdik. Allahın Quranda; "onlar tərəddüd edir, nə bunlara, nə də onlara tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən" (Nisa surəsi, 143) ayəsiylə də bildirdiyi kimi, bu insanların vicdanı hər şeyi bildiyi halda, hələ də cahilliyyət əxlaqıyla Quran əxlaqı arasında tərəddüd edirlər. İman etdikləri halda, bilə-bilə belə bir əxlaqı yaşamaqda israr etmələri, bu insanların gizli əzablar çəkərək yaşamalarına səbəb olar.
Əksər insan gizlətdiyi səmimiyyətsizliyindən ötrü, bu sıxıntı və əzabı yaşadığından xəbərsizdir. Onlar bütün bunları “həyatın həqiqətləri”, yəni az çox hər insanın yaşamaq məcburiyyətində olduğu həyatın bir hissəsi olduğunu zənn edərlər. Halbuki özləri üçün bir əzaba çevrilən bu rəftarlardan heç biri, həyatın dəyişməz həqiqəti deyil.
Bu cür insanlarAllahın; "əlif, lam, ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır" (İbrahim surəsi, 1) ayəsiylə bildirdiyi, insanları “qaranlıqdan” qurtaracaq din əxlaqından üz döndərdikləri və ya din əxlaqını gərəyi kimi yaşamadıqları üçün sıxıntı və əzab çəkirlər.
Bəs hansı düşüncələr, yanlış məntiqlər və inanclar insanları din əxlaqından uzaqlaşdırır və cahilliyyət rəftarları göstərmələrinə səbəb olur? Məhz sonrakı sətirlərdə bu sualların cavablarını verəcək və insanlara bədbəxtliklə geri qayıdan çirkin rəftarlara toxunacağıq.
Bəzi insanların iman etdiklərini söylədikləri halda, hələ də gizlində cahilliyyət insanlarının çəkdikləri əzabı çəkmələrinin başlıca səbəbi, bu insanların tam şəkildə Quranda göstərilən yola tabe olamamalarıdır. Allah, ayələrində iman edənləri dünyada “gözəl həyat bəxş edəcəyi ilə” müjdələmişdir. Amma bunun üçün insanlar, Allahın əmrlərinə qeyd-şərtsiz itaət etməli, Onun bəyəndiyi əxlaqı tam şəkildə yaşamalıdırlar. İnsan bir tərəfdən din əxlaqını yaşayarkən, digər bir tərəfdən də az da olsa cahilliyyət əxlaqının təsiriylə hərəkət edirsə, bu halda Quranda bəhs edilən gözəl həyatı tam mənasıyla yaşaya bilməz. İnsanlar dünya həyatını Quranda vəd edildiyi şəkildə yaşaya bilmələri üçün, əvvəlcə Quran əxlaqından əlavə insanın fitrətinə uyğun başqa bir həyat tərzi olmadığını anlamalıdırlar.
Təkəbbür Allahın bəyənmədiyi əxlaq xüsusiyyətidir. Təkəbbürlü insan qürurlanmaq xəstəliyinə tutulmuşdur. Qürurlanmanın səbəbi isə, insanın özünə müstəqil mənlik hissi verməsi, həm özünü, həm də ətrafındakıları Allahdan müstəqil varlıqlar hesab etməsidir. Belə bir insan, hər şeyi özünün etdiyini və özünün sahib olduğunu zənn edər. Məsələn, müvəffəqiyyət qazandıqda bununla təkəbbürlənər, göstəriş edər, özünü ən üstün insan hesab edər. Halbuki, bu müvəffəqiyyəti ona bəxş edən Allahdır. Bu həqiqəti görə bilmədiyi üçün qürurlanar. Belə bir insan hər hadisədə, hər mövzuda üstünlüyünü və böyüklüyünü ətrafına da hiss etdirmək istəyər.
Halbuki belə insanlar heç vaxt arxasınca qaçdıqları həqiqi qürur və üstünlüyü əldə edə bilməzlər. Çünki qürur və şərəf, ancaq Qurana tabe olmaqla qazanılar. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara şan və şərəflərini (Zikr) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (Muminun surəsi, 71)
İnsan, Qurana tabe olmadıqda isə, Allahın ayəsində bildirdiyi kimi, hər şey fəsada uğrayar. Allah Quranın digər bir ayəsində də insanların tez-tez bu səhvə yol verdiklərinə, qürur və şərəfi insanlara təkkəbürlə yanaşmaqda gördüklərinə diqqət çəkir:
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən güclü və şərəfli olanlar, düşkün və zəifləri mütləq oradan çıxardacaqlar!” deyirlər. Halbuki izzət (güc, şərəf, üstünlük) yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər. (Münafiqun surəsi, 8)
Ayədə də bildirildiyi kimi, şərəf və izzət Allahındır və Allah bu üstünlüyü yalnız Qurana tabe olan, gözəl əxlaq göstərən qullarına verir.
Məhz bəzi insanlar da iman etdiklərini söylədikləri halda, hələ də cahilliyyət həyatlarından almış olduqları təlqinlərin təsiri altında qalaraq, təkkəbbürlərindən imtina etmək istəməzlər. Halbuki insanları əzaba sürükləyən şeylərin başında qürur və təkəbbür gəlir.
Təkəbbür, həmçinin insanı günaha sövq edən, insana Qurana zidd olan bir çox əxlaqsız və pis hərəkəti etdirən əxlaq pozuntusudur:
Ona: “Allahdan qorx!” deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!. (Bəqərə surəsi, 206)
Təkkəbbürlü insan özünü hamıdan daha çox sevər. Buna görə də, mənfəətinə uyğun olmayan hər şeydə, Allahın rizasını və vicdanını deyil, öz ehtiras və arzularını ön planda tutar. Bu isə, onu daim günaha və pis əxlaqa yönəldər.
Təkəbbürlü insan, özünü hər şeydən üstün görüb, daim nəfsinə uyduğu halda axtardığı xoşbəxtlik və rahatlığı da tapa bilməz.
Hər şeydən əvvəl eqoist insanlar, həqiqi möminlərin yaşadığı bir çox gözəllikdən heç vaxt zövq ala bilməzlər. Məsələn, heç vaxt həqiqi sevgini yaşaya bilməzlər. Həyatda hər kəsdən və hər şeydən çox özlərini sevdikləri üçün, başqalarını gərəyi kimi sevə bilməzlər. Sevdikləri insana, sevgilərini açıq şəkildə ifadə edə bilməz, iltifat edə bilməz, sevginin tələb etdiyi mehribanlığı, səmimiyyəti və dostluğu göstərə bilməzlər. Göstərdikləri bu soyuq və rəsmi xarakterdən ötrü qarşılarındakı insan tərəfindən də gərəyi kimi sevilə bilməzlər.
Təkəbbürlü insanlar, özlərinə ağır gəldiyi üçün, heç vaxt bir məsələdə geri qalmağı qəbul edə bilməz, daim dostluğu zədələyəcək, gərginliyə və narahatlığa səbəb olacaq rəftarlar sərgiləyərlər. Təvazökarlıq edib güzəştə gedən, xoş qarşılayan, səbirli, bağışlayıcı, barışdırıcı xarakter nümayiş etdirə bilməzlər. Hər zaman daim öz dediklərinin qəbul edilməsini istəyərlər. Anlaşılmazlıq yarandıqda isə, heç vaxt güzəştə getmədikləri üçün inadkar, dikbaşlı rəftar nümayiş etdirərlər. Öz istəkləri yerinə yetirilmədikdə isə, problem çıxardarlar və bütün bunlar bu insanları “çətin yola gedilən insanlar” halına gətirər. Onlarla yoldaşlıq etmək, danışıb söhbət etmək, sevgini, dostluğu, gözəl əxlaqı yaşamaq çox çətindir. Bu isə onların, ətrafları tərəfindən sevilməyən, yanlarında rahatlıq tapılmayan insanlara çevrilmələrinə səbəb olar ki, bu da onlar üçün böyük bir itkidir.
Bu gözəllikləri yaşaya bilməmək bu insanlarda gizlində böyük əzaba çevrilər. Çünki ruhlarında sevməyi, sevilməyi, dostluğu, ikitərəfli şəkildə gözəl əxlaqı yaşamağı çox istədikləri və bunlara böyük ehtiyac duyduqları halda, yalnız təkəbbürlərindən ötrü bunlardan məhrum qalırlar. Daxilən bunların həsrətini çəkib, heç cür əldə edə bilməmək də, onların daim gizli əzab çəkmələrinə səbəb olar.
Təkəbbürün səbəb olduğu digər bir əzab forması da, bu cür insanların “səhv etmə qorxuları”dır. Özlərini üstün və böyük gördükləri üçün, səhv etmədiklərini iddia edirlər. Buna görə də, səhv etdiklərində böyük sıxıntı yaşayarlar. Allahın rizasını qazanmaq əvəzinə, insanların gözündəki etimadlarını qorumağı hədəfləyərlər.
Hər hansı bir insanın, xətalarını və ya nöqsanlarını özlərinə xatırlatmasını qətiyyən qürurlarına sığışdıra bilməzlər. Bu vəziyyətdə biabır olduqlarını, insanların gözündəki etimadlarını itirdiklərini düşünərək sarsılarlar. Bundan ötrü də, həmişə daxilən bu qorxu və narahatlıq içində yaşayarlar; istədikləri kimi hərəkət edə bilməz, normal həyat yaşaya bilməzlər. Daim bunların haqq-hesabını aparar, istədikləri kimi səmimi olaraq davranmaq əvəzinə, apardıqları bu hesaba uyğun olanı tətbiq edərlər. Bundan ötrü də, özlərini daim müəyyən şəkildə davranmağa zorlamaq və süni hərəkət etmək məcburiyyətində qalarlar.
Məsələn, hər kəsin əyləndiyi bir yerdə, təkəbbürlü insanlar hər kəsin əksinə əzab çəkərlər. Bir tərəfdən ruhlarında əyləncəyə qatılmaq üçün böyük istək duyar, digər bir tərəfdən də mükəmməl rəftarlar göstərə bilməyəcəkləri təqdirdə biabır olacaqları qorxusuyla bundan uzaq dayanarlar.
Məhz bu insanlar göstərdikləri bu əxlaqdan ötrü, tənha və soyuq bir aləmdə eqoizmləriylə baş-başa bir həyat yaşamaq məcburiyyətində qalarlar. Halbuki bunun əvəzinə təvazökar, Allaha və möminlərə qarşı itaətkar bir xarakter göstərmiş olsalar bütün bu sıxıntılardan xilas olarlar.
Təvazökarlıqla yanaşı, əzabın yerini sevinc, rahatlıq və xoşbəxtlik də alacaq. Çünki təvazökar insan səhv etmə qorxusu içərisində yaşamaz. Hər hansı bir səhvə yol verdiyi özünə xatırladıldığında dərhal Allaha üz tutar, Allahdan bağışlanma diləyər, niyyət və rəftarını düzəldər. Həmçinin təvəkkülündən ötrü, bu səhvi özü üçün xeyir hesab edər, əxlaqını daha da inkişaf etdirməsinə vəsilə olduğunu düşünərək sevinər. İnsanların özü barədə nə düşündüyünə deyil, Allahın rizasına əhəmiyyət verər. Belə düşünən insanla, təkəbbüründən ötrü gərginlik və narahatlıq yaşayan insanın ruh halının və həyatının nə qədər fərqli olacağı açıqdır.
Bununla yanaşı unudulmamalıdır ki, təkəbbür şeytanın ən əsas xüsusiyyətidir. Təkəbbürlənməsi, onun cənnətdən qovulmasına, Allahın lənətinə uğramasına və cəhənnəm əzabına layiq olmasına səbəb olmuşdur. Bundan ötrü də, Allahın gücü qarşısındakı acizliyini unudan, əbəs yerə təkəbbürlənərək insanlarla yarışa girən kimsələr də şeytanın uğradığı aqibətə uğramaqdan qorxmalıdırlar. Çünki Allah bir ayəsində, cahilliyyət cəmiyyətinin dəyər mühakimələrindən xilas ola bilməyərək, təkəbbür adı altında eqoizmlərini davam etdirən insanların axirətdə ağrılı bir əzab düçar ola biləcəklərini xatırladır. Allah dünya həyatında təkəbbürlənənlərə o gün belə səsləniləcəyini bildirir:
Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin. (Duxan surəsi, 49)
Həqiqi şərəf və qüdrət isə, dünyada olarkən itaətkar, məzlum və yolagedən rəftar göstərən insanlara məxsusdur. Allah iman edənləri belə müjdələmişdir:
Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik. (Nisa surəsi, 31)
Allah Quranın bir ayəsində; "...ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz" (Bəqərə surəsi, 216) deyə bildiririr. İnsanlar həyatlarında bəzən heç gözləmədikləri, istəmədikləri və ya xoşlanmadıqları hadisələrlə qarşılaşa bilərlər. Bütün bunlar da; "əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur..." (Mülk surəsi, 2) ayəsiylə bildirildiyi kimi, insanların sınanması üçün xüsusi olaraq yaradılmışdır. İnsan isə, yaşadığı hadisə hər nə qədər çətin və ya mənfi kimi görünsə də, Allaha təvəkkül etməli və Rəbbimizin bu hadisəni bir xeyirlə yaratdığını bilməlidir. Mömin insan, bu təvəkkül və təslimiyyəti əxlaqına da hakim edər. Məhz bu, Allahın Quranla insanlara əmr etdiyi təvəkküllü rəftardır.
Təvəkkül, insanlara Allah tərəfindən bəxş edilən rəhmət və böyük asanlıqdır. Allahın; "…sizə üz verən Allahın izni ilə oldu…" (Ali İmran surəsi, 166) ayəsiylə bildirdiyi həqiqəti qavrayan insanlar, Allahın ağlına güvənərlər. Beləliklə, həm həyatlarının hər anını, gözəllikləri və xeyirləri görərək keçirmiş, həm də göstərdikləri əxlaqla Allaha olan imanlarını və təvəkküllərini göstərmiş olarlar. Məhz Allah da bu əxlaq qarşılığında; "...kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar" (Talaq surəsi, 4) ayəsiylə bildirildiyi kimi, onlara dərgahından asanlıq göndərər. Allahın; "Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq və etimad duyğusu göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah biləndir, hökm və hikmət sahibidir" (Fəth surəsi, 4) ayəsində buyurduğu kimi, göstərdikləri təvəkküldən ötrü Allah möminlərin qəlbinə çətinliklər qarşısında rahatlıq və etimad duyğusu göndərər.
Quranda, Allahın xeyir və ya şər kimi görünən bütün hadisələrdə səmimi qulları üçün xeyir yaratdığını bilən möminlərin, Allaha olan təvəkküllərini bu sözlərlə dilə gətirdikləri xəbər verilir:
Allah bizə doğru yolları göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz işgəncələrə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər”. (İbrahim surəsi, 12)
Allaha təvəkkül edən insan qətiyyən hüzn və qəmginlik yaşamaz. Bu, Allahın təvəkküllü qullarına olan vədidir. Ayədə belə buyurulur:
Həqiqətən də: “Rəbbimiz Allahdır!” deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf surəsi, 13)
Görüldüyü kimi təvəkkül etdikdə, Allahın izniylə hər şey çox asanlaşar. Təvəkkülsüzlük etdikdə isə, həyatda hər şey insanlar üçün ayrı bir çətinlik, ayrı bir sıxıntı və ayrı bir əzaba çevrilər. Hər iş mürəkkəb və içindən çıxılmaz hal alar. Ən sadə, ən adi və ən asan həll olunan hadisələr belə təvəkkülsüz insanların gözündə böyüyər. Bu insanlar Allaha iman etdiklərini söylədikləri halda, bəzən taleyin necə mükəmməl nizam içində işlədiyini unuda bilər və hadisələrin Allahdan müstəqil şəkildə inkişaf etdiyi düşüncəsinə qapıla bilərlər. Bundan ötrü də, başlarına gələnlərə xeyir gözüylə baxa bilməz, hadisələrdəki hikmətləri görə bilməzlər. Daim qorxu və narahatlıq içində yaşayarlar. Hələ heç nə olmadığı halda, baş verə biləcək mənfi ehtimalları düşünərək təvəkkülsüzlüyün gətirdiyi narahatlığı yaşayarlar. Eynilə ən müsbət və ən yolunda gedən hadisələrdə belə, yenə daim problem kimi xarakterizə edəcəkləri bəzi şeylər taparlar.
Bununla yanaşı başlarına gələn hadisələrin Allahdan gəldiyini düşünmədikləri üçün, üzləşdikləri bütün axsaqlıqları və problemləri özlərinin həll edəcəklərini zənn edərək inanılmaz dərəcədə sıxılarlar. Lakin hər nə etsələr də, Allah istəmədikcə heç nəyə çıxış yolu tapa bilməzlər. Çıxış yolu tapdıqlarında belə, yenə bu ancaq Allahın əmri ilə baş tutar. Buna görə də, təvəkküllü insan, bütün çıxış yollarını sınayar, əlindən gələn bütün səyi göstərər, ancaq nəticəni Allahın verəcəyini bildiyi üçün, bunları rahatlıq içində edər.
Təvəkkülsüz insanların yaşadıqları çətinliklərə gündəlik həyatda tez-tez rast gəlmək mümkündür. Məsələn, işə getmək üçün minəcəyi avtobusa yubanan bir insanın, avtobusun arxasınca qəzəblə deyindiyinə bir çox dəfə rast gəlmisiniz. Bundan ötrü dəqiqələrlə özünə gələ bilməz, hətta digər bir yolla işinə vaxtında çatsa belə, gün boyu bu hadisənin təsirindən xilas ola bilməz. Günə problemlə başladığını, dolayısilə gün ərzində bütün işlərinin tərs gedəcəyini düşünərək, öz-özünə stressə girib əzab çəkər. Bunun əvəzinə Allahın bu hadisədə yaratmış ola biləcəyi xeyirləri düşünsə, həm qətiyyən belə sıxılmayacaq, həm də tərs getmiş kimi görünən bir hadisədə Allaha təslim olduğu üçün Allahın rizasını qazanmış olmağı ümid edəcək.
Eynilə, keçirdiyi yol qəzası nəticəsində yaralanan bir insan, yaşadığı bu hadisə qarşısında təvəkkülsüz rəftar göstərdiyi təqdirdə qapıldığı kədər hissindən xilas ola bilməz. Bunu yaradanın Allah olduğunu unutduğu üçün, günahı avtomobili idarə edən sürücüdə və ya özündə axtararaq qəzəblənər. Halbuki bu sıxıntısı tamamilə yersizdir. Bu qəza Allah istədiyi üçün yaşanmışdır. Belə vəziyyətdə hadisədə olan tək bir xeyiri düşünməsi belə, insanı yaşadığı bu qurtulmaz əzabdan xilas etməyə kifayət edəcək. Məsələn, yaralanmaq əvəzinə ölmüş də biləcəyini düşünməsi belə, Allaha şükür etməsinə, rahatlıq tapmasına və sevinməsinə səbəb olar və ya yaralanmasının ölümü və axirəti düşünməsinə vəsilə olduğunu, bundan ötrü də Allaha daha çox yaxınlaşdığını, Allah qorxusunun daha çox artdığını düşünərək sevinməlidir. Bəlkə bu sayədə təkəbbürdən xilas olacaq, təvazökar olub da Allahın rizasını qazanacaq. Bu isə axirəti üçün ona böyük bir xeyir və qazanc gətirəcək. Dolayısilə Allaha və axirət gününə qəti məlumatla iman edən insan, istənilən vəziyyətdə Allahın yaratdığı xeyir və hikmətləri görə bilər.
Səthi imana sahib insanlar tez-tez təvəkkülsüz rəftar göstərir və bundan ötrü möminlərin əksinə sıxıntı və əzab içində bir həyat yaşayırlar. Bunun əvəzinə həmin bu insanlar, Quranda; "bəzi insanlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” dedilər" (Ali İmran surəsi, 173) ayəsiylə bildirilən möminlər kimi Allaha təvəkkül etsələr, çəkdikləri bütün əzablar sona çatacaq.
Allah Quranda; "...Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən" (Şura surəsi, 48) ayəsiylə, bir çox insanın sahib olduğu pis bir əxlaq xüsusiyyətinə diqqət çəkir. Həqiqətən də bəzi insanlar, saysız nemət içində yaşamalarına baxmayaraq, Allaha nankorluq edirlər. Halbuki, bəlkə, heç düşünməmiş ola bilərlər, amma bədbəxt həyat yaşamalarının başlıca səbəblərindən biri, Allah qarşısında göstərdikləri bu əxlaqdır. Çünki Allah; "siz (yalnız) Məni yad edin ki, Mən də sizi yad edim! (Yalnız) Mənə şükür edin, (əsla) Mənə nankorluq etməyin!" (Bəqərə surəsi, 152) ayəsiylə, insanlara nankorluqdan qaçınmalarını əmr edir. İman etdikləri halda Allahın rəhmətini və özlərinə verilən o qədər gözəlliyin qiymətini bilməmələri, əlbəttə ki, insanlara əzab olaraq geri qayıdır.
Bu insanların belə bir əxlaq sərgiləmələrinin əsl səbəbi, təməldə dinin özünü tam olaraq qavramamış olmalarıdır. Taleyin mükəmməl işləyişini, yaxşı və ya pis görünən hər şeydə bir xeyir olduğunu düşünməmələri, hadisələrə mənfi gözlə baxmalarına səbəb olar. Halbuki bir hadisədə insanın nemət kimi görüb sevinə biləcəyi yüzlərlə təfərrüat var. Amma bu insanlar yanlış dünyagörüşlərindən ötrü, bu nemətləri gərəyi kimi görüb qiymətləndirə bilməzlər. Bəzən də, Allahın özlərinə verdiyi bu gözəllikləri gördükləri halda, bunları özlərinin əldə etdiyini zənn edərək gərəyi kimi şükür etməzlər. Özünə, açarlarını belə daşıya bilməyəcəyi qədər çox xəzinələr verilən Qarunun, Allaha nankorluq edərək ayədə bildirildiyinə görə; "...bu mənə ancaq məndə olan biliyə görə verilmişdir..." (Qəsas surəsi, 78) dediyi kimi, bu insanlar da sahib olduqları nemətlərə onsuz da layiq olduqları düşüncəsinə qapılarlar. Buna görə də, bunları sevinc və xoşbəxtlik vəsiləsi nemətlər hesab etməzlər. Dünya ehtirasından tam xilas olmamalarından ötrü əllərindəkilərlə kifayətlənməzlər. Qənaətkar olmamalarından ötrü nemətlər qarşısında belə tərs və təkəbbürlü insan xarakteri sərgiləyərlər.
Həmçinin bu insanlar, neməti verənin də, alanın da, azaldan və artıranın da Allah olduğunu unudarlar. Bundan ötrü də, ələrindəki bəzi nemətləri itirdikdə xeyli məyus olarlar. Halbuki bu Allahın imtahanıdır və insanın əlindəki nemətlərin qiymətini anlaması üçün əhəmiyyətli təhsil imkanıdır.
İnsan əslində, qarşısına çıxan bu imkanları qiymətləndirərək, şüküredən əxlaqıyla Allahın rizasını qazanmağa çalışmalıdır. Belə ki, bunun əksi edildikdə, Allah Quranda nemət içində yaşayarkən, Özünə nankorluq edən insanların əllərindəki nemətlərdən məhrum ola biləcəklərini bildirir. Bu həqiqəti xəbər verən ayədə belə buyurulur:
Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. (Nəhl surəsi, 112)
Əgər ayədə bəhs edilən insanlar, nankorluq etmək əvəzinə şüküredən əxlaq göstərsələr, Allah onları verdiyi nemətini artırar. İman edən insanlar bu əxlaqın gətirdiyi rahatlıq və xoşbəxtliyi yaşayarlar. Hər şeyə iman və hikmət gözüylə baxdıqları üçün ətraflarındakı nemətləri, gözəllikləri və incəlikləri dərhal görə bilərlər. Dünya nemətlərinə ehtirasla yanaşmadıqları üçün əllərindəkilərlə kifayətlənərlər. Ən çətin şəraitlər altında, ən çətin mühitlərdə belə bu əxlaqlarını davam etdirərlər. Hadisələrin pis tərəflərini görüb bədbəxt olmaqdansa, daim yaxşı tərəflərini görüb sevinməyi bacararlar. Allah, səmimi möminlərin göstərdikləri bu gözəl əxlaq qarşılığında Quranda olan; "o zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir" (İbrahim surəsi, 7) ayəsiylə bildirdiyi kimi bu əxlaqı göstərən insanların üzərindəki nemətlərini daha da artırır.
Allah Quranda; "həqiqətən, insan eqoist və həris yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır, bir xeyir nəsib olduqda isə mane olar (və ya xəsislik edir)" (Məaric surəsi, 19-21) ayələriylə insanlarda olan bir nöqsanı çatdırır. İnsan eqoist ehtiraslara qapılmağa meyilli varlıqdır; hər fürsətdə özünü ön plana çıxartmağa, öz mənfəətlərini qorumağa və özünü hamıdan çox sevməyə meyillidir. İnsan, əgər Allah qorxusuyla gözəl əxlaqda iradə göstərməsə, nəfsi onu daim; “təkcə mən sevilim”, “mən təriflənim”, “mən bəyənilim” kimi eqoist ehtiraslara qapılmağa təhrik edər. Belə əxlaq yaşandıqda başqalarının rahatlığı, dincliyi, xoşbəxtliyi daim ikinci plana atılar. “Əvvəlcə onların rahatlığı təmin edilsin” və ya “onların mənfəətinə uyğun olsun, lazım gəlsə mən öz mənfəətlərimdən güzəştə gedərəm”, “başqaları xoşbəxt olsun, mən də onların xoşbəxtliyindən zövq alım” kimi fədakar düşüncələrdənsə, daim “nə olursa olsun, ilk növbədə mən” fikiriylə hərəkət edilər.
İman edənlər nəfslərinin bu ehtirasına qalib gələrlər və Allahın razı olduğu əxlaqı yaşayarlar. Ancaq bəzi insanlar da; “onsuz da dinin bəzi hökmlərini yerinə yetirirəm, hərdənbir öz mənfəətlərimi güdməyimin nə kimi pis tərəfi ola bilər” kimi yanlış bir düşüncəyə qapılaraq, əxlaqlarındakı bu çatışmazlığı zərərsiz hesab edərlər. Üstəlik insanın öz mənfəətlərini güdməsini “həyatın bir həqiqəti” hesab edərlər. Yəni hər nə qədər Quranla, bunun səhv olduğu özlərinə izah edilsə də, şüur altlarında, yaşaya bilmək üçün öz mənfəətlərini ön planda tutmağın lazım olduğunu zənn edərlər. Bunu etmədiklərində isə, heç kəsin öz mənfəətlərini güdməyəcəyini, tapdalanacaqlarını və ziyana uğrayacaqlarını düşünərlər. Üstəlik, hər kəs bu əxlaqı göstərib öz mənfəətlərini güddükləri təqdirdə, təkcə özləri fədakar olsalar, bu vəziyyətdə ağılsız insan mövqesinə düşəcəklərini zənn edərlər. Bu düşüncələrindən ötrü, nəfslərini fədakar və incə düşüncəli olmaq üçün tərbiyə etməzlər. Halbuki insanın mənfəətlərini güdə biləcək yeganə güc sahibi var ki, bu güc sahibi də Allahdır. İnsan nə eqoistlik etməklə, nə də öz mənfəətlərinin arxasınca qaçmaqla özü üçün mənfəət təmin edə bilməz. Allah bu vəziyyəti bir ayədə belə bildirir:
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir. (Yunis surəsi, 107)
İnsanların eqoistliyi özünü ən çox, mal-dövlət və cana olan ehtiraslarında büruzə verər. Gözəl və yaxşı olan hər şeyi özləri istifadə etmək istəyərlər. Məsələn, biri, əşyalarından istifadə etmək istədiyini dedikdə, vermək istəmədikləri üçün yalandan özlərində olmadığını söyləyərlər. Bu eqoist ehtiras, həyatlarının hər anında özünü göstərər. Gözəl bir yeməyin özlərinə qalmasını istəyərlər. Başqalarıyla bölüşməmək üçün, bu yeməyi, tək olarkən, evdə heç kim olmadıqda yeməyə çalışarlar. Bölüşmək zərurəti yarandıqda isə, yeməyin ən gözəl yerini özlərinə götürüb, digər insanlara qalan yerini verərlər. Eynilə görülməsi lazım olan çətin bir iş olduqda da, müxtəlif bəhanələr irəli sürməklə bu işdən qaçar və bunu başqalarının görməsini təmin etməyə çalışarlar. Öz canları digər bütün insanların canından daha şirindir. Bundan ötrü də, hər hansı biri daha çox yorğun və ya daha çox işi olsa, özlərinin də vaxtı olsa, yenə bir qaçış yolu axtararlar.
Bu insanların gizlətdiyi bu ehtiras yalnız mal-dövləti və yeməyi sahiblənmə duyğusuyla məhdudlaşmır, bu, bir çox mövzuda da ortaya çıxa bilər. Nəfsindəki eqoistlikdən imtina etməyən insan çox sadə şeylərə belə tamah sala bilər; daim öz istədiklərinin yerinə yetməsini istəyər, son sözü daim özü söyləməyi sevər. Məsələn, izdihamlı bir mühitdə öz bəyəndiyi musiqinin dinlənməsini, öz istədiyi televiziya kanalının seyr edilməsini istəyər. Başqalarının istəklərini isə, heç vaxt prioritet götürməz. Ən rahat yerə oturmağa tələsər. Əmək bölgüsü aparıldıqda, işin ən asan olanını boynuna götürər, çətin olanı isə daim başqalarına saxlamağa çalışar. Təcili görülməli bir iş olduqda və ya fədakarlıq tələb edən vəziyyətlərdə asta hərəkət edər, daim bir addım geridə dayanar. Qarşılıqlı söhbətdə təvazökarlıq göstərib güzəştə getmək əvəzinə öz dediyində təkid etməyi mərifət sayar.
Halbuki kiçik mənfəətlər əldə etmək üçün göstərdiyi bu cür rəftarlar, iman etdiyini söyləyən və Quran əxlaqından xəbərdar olan insanı böyük səmimiyyətsizliyin içinə sürükləyər. Səmimiyyətsizlik isə insanı daim narahatlıq içində yaşadar. Öz mənfəətlərinin arxasına düşən belə bir insan, daim bəlli etmədən ətrafındakı insanları aldada bilmək üçün böyük səy göstərər. Daim bu gizli səmimiyyətsizliyinin ortaya çıxması, ifşa olunması qorxusuyla yaşayar.
Saleh müsəlmanlar isə heç vaxt belə qorxular yaşamazlar. Quranda səmimi müsəlmanların Allahın rizasını qazanmaq üçün canlarını və mallarını ortaya qoyduqları, heç bir qarşılıq gözləmədən yaxşılıq etdikləri, digər müsəlmanların ehtiyaclarını özlərinkindən üstün tutduqları bildirilir:
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan surəsi, 8-11)
Görüldüyü kimi, fədakar əxlaqlarından ötrü Allah müsəlmanlara aydınlıq və nur verir. Bunun əksi olan rəftarı göstərdikdə, yəni eqoistlik etdikdə isə Allah insanlara gizli əzab yaşadar. Eqoistlik edərək, insanlara tələ qurduğunu və özünün ağıllı olduğunu zənn edən bu insanlar, əslində öz qurduqları tələyə düşərlər. Bu, Quranda bildirilən sirlərdən biridir. Fədakar insan bu əxlaqı göstərərkən, üzərinə daha çox məsuliyyət düşdüyü üçün kənardan baxanda daha çox yorular, malını verər, pulunu xərcləyər, öz qanuni haqqlarından və istəklərindən vaz keçər, amma vicdani baxımdan fərəhlənən, rahat, xoşbəxt, gözəl bir həyat yaşayan da odur. Eqoist və nəfsinə düşkün insan isə, daim nəfsinin istəklərini təmin etmə səyi içində sıxıntılı və çətin bir həyat yaşayar. Nəfsinə ağır gələn ən kiçik bir çətinlik onu bədbəxt və narahat etməyə kifayət edər.
Bir çox insanın sıxıntı və narahatlığa qapılmasına səbəb olan əxlaq xüsusiyyətləri arasında kin və qəzəbin yeri də olduqca əhəmiyyətlidir. Hər insan gündəlik həyatda xoşlamadığı bir çox hadisə və ya rəftarla qarşılaşa bilər. Bəzi insanlar bu cür vəziyyətlərdə dərhal qəzəblənər, hətta bununla da kifayətlənməyib kin tutmağa başlayarlar.
İman edənlər isə, nəfslərinin bu təlqinlərinə qulaq asmazlar. Çünki Allah, rizasını qazanacaq və cənnətinə qovuşacaq qullarını; "onlar, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyən, qəzəblərini boğan və insanlardakı haqqlarından bağışlayaraq vaz keçənlərdir" (Ali İmran surəsi, 134) ayəsiylə göstərir. Bundan ötrü də, möminlər qəzəblənməkdən və kin tutmaqdan Allaha sığınar və bunun üçün belə dua edərlər:
Onlardan sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”. (Həşr surəsi, 10)
İman edənlərə kin və ya qəzəb bəsləmək, həqiqi iman edən insanın qorxub çəkinməsi lazım olan vəziyyətdir. Çünki Quranda Allah; "sizin dostunuz (vəliniz) yalnız Allah, Onun Elçisi və rüku etməklə namaz qılıb zəkat verən möminlərdir" (Maidə surəsi, 55) ayəsiylə möminlərin bir-birlərinin vəliləri olduğunu bildirmişdir. Allahı sevən, Onun rizasını qazanmağa çalışan, Quran əxlaqını yaşayan və həyatını dinə xidmət etməyə həsr etmiş insanlara qarşı, insanın qəlbində kin və ya qəzəb kimi duyğular bəsləməsi, onun tam olaraq iman etmədiyini göstərər. Allaha və iman edənlərə qarşı qəlbində belə səmimiyyətsizlik olması, bu insanın imanın bəxş etdiyi rahatlıq və xoşbəxtliyi gərəyi kimi yaşaya bilməməsinə də səbəb olar.
Bu əxlaqı yaşayan insanlar görməzlikdən gəlib üstündən keçə biləcəkləri hadisələrin təsirindən heç cür xilas ola bilməzlər. Adi bir hadisə və ya bir insanın etdiyi cüzi bir səhv, bu insanların qəzəblənməsi üçün kifayətdir. Hətta bəzən qəzəbli olduqları üçün, insanların normal hərəkətlərini belə qəzəb oyandıran rəftarlar hesab edə bilərlər. Qəzəblərindən ötrü doğru düşünə bilməz, hadisələri ədalətli və obyektiv şəkildə qiymətləndirə bilməzlər. Daha da əhəmiyyətlisi qəzəblərini yatırtmaq istəyi həmin anda bir çox şeydən daha prioritetli olar. Allahın rizasını, qəzəblərini boğmaq, göz yummaq və bağışlayıcı rəftar göstərməklə qazanmağın mümkün olduğunu bildikləri halda, nəfslərinin təsiriylə özlərini qəzəblənməkdən saxlaya bilməzlər. Allah insanlara Quranda; "sən bağışlama yolunu tut, (İslama) uyğun olanı əmr et və cahillərdən üz döndər" (Əraf surəsi, 199) deyə bildirir. Bundan ötrü də, həqiqi mənada qəzəblənməli vəziyyət yarandıqda belə, Allahı sevən və Onun rizasını qazanmağa çalışan bir mömin, mömin qardaşının səhvini bağışlayar.
Bununla yanaşı kin və qəzəblərini kənara əks etdirməyib qəlblərində saxlamış olmaları da bu insanları yanıltmamalıdır. Çünki Allahın insanlardan istədiyi, gizlə və ya açıq da olsa, bu əxlaqı qətiyyən yaşamamalarıdır. Bu insanlar, Allahın insanların qəlblərində gizlətdiklərini də bildiyini unudarlar. Halbuki Allah bir ayəsində belə buyurur:
Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? (Məhəmməd surəsi, 29)
Bununla yanaşı bütün digər əxlaq pozuntularında olduğu kimi kin və qəzəb, hamıdan çox insanın özünə zərər verən duyğudur. Çox vaxt qarşı tərəfin, insanın yaşadığı bu sıxıntıdan xəbəri belə olmaz. Amma eyni zamanda bu insanlar başqa heç bir şey düşünə bilməyəcək qədər bu mövzuya aludə olmuş olarlar. Qəlblərindəki qəzəbi yox etmədikləri müddətcə, başqa hər hansı bir mövzu üzərində diqqətlərini cəmləşdirmələri, ağıllarını işlətmələri, işlərini görə bilmələri və ya insanlarla normal ünsiyyət halına keçə bilmələri qeyri-mümkündür.
Həmçinin qəzəb, insanlara ciddi dərəcədə fiziki zərərlər verər; daxili narahatlıq, baş ağrısı, mədə ağrısı, yuxusuzluq kimi xəstəliklərin təməlində ümumiyyətlə bu cür əxlaq pozuntuları dayanır.
Göstərilən bu əxlaq, insanların həmin anda Allahı, taleyi, imtahan verdiklərini və axirətdə hesab verəcəklərini unutmuş olmalarından qaynaqlanır. Yoxsa saatlarla, günlərlə və yaxud həftələrlə bir hadisəni və yaxud da bir insanın göstərdiyi rəftarı düşünərək, bundan ötrü qəlblərində qəzəb bəsləmələri qeyri-mümkündür. Allahdan həqiqi mənada qorxan bir insan, nəfsinin özünü belə bir mövzuda qızışdırdığını gördüyü vaxt, Allahın bildirdiyi kimi davranar:
(Allahdan) qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (əvvəlcə) yaxşı şəkildə düşünərlər (Allahı xatırlayarlar) və dərhal gerçəyi görərlər. (Əraf surəsi, 201)
Kin və qəzəb, insanın səmimi dostluğu, sevgini və qarşılıqlı anlaşmanı yaşamasına mane olar. Belə insanların heç vaxt dostu olmaz və daim yalqız olarlar. Yalqız və dostu olmayan bir insanın, xoşbəxt olması, nemətlərdən zövq alması isə qeyri-mümkündür. İnsan, dostluqlardan, sevgidən, söhbətdən, sevincini kimlərləsə bölüşməkdən, etibar edəcəyi insanlarla birlikdə olmaqdan zövq alacaq şəkildə yaradılmışdır. Təklik, heç bir dost sahibi olmamaq, insanın fitrətinə zidd olduğu üçün, bu insanı depresiyyaya, sıxıntıya salar. Hər nə qədər bəzi insanlar təklikdən zövq aldıqlarını, heç kəsi sevmədiklərini, yalnız özlərini sevdiklərini və bu şəkildə rahat olduqlarını söyləsələr də, bunda səmimi deyildirlər. Onlar yalnız insanlara olan kinlərindən və ya həqiqi mənada dost tutacaqları insanlar tapa bilmədiklərindən ötrü, qətiyyən xoşbəxt deyildirlər. Bunları yalnız insanlara xoşbəxt görünmək üçün söyləyərlər. Dost tapa bilməyən insanların, əlacsızlıqdan pişiklərini, itlərini, quşlarını dost tutmalarının, onlara olduqca düşkün hala gəlmələrinin, hətta bir insanla danışırmış kimi onlarla danışmağa başlamalarının altında yatan səbəblərdən biri budur. Bundan ötrü də kin və qəzəb, insanın fitrətinə zidddir və insanı təkliyə, bədbəxtliyə və çarəsizliyə sürükləyər.
Unudulmamalıdır ki, Quranda; "onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!” Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar" (Hicr surəsi, 46-47) ayələriylə ifadə edildiyi kimi cənnət əxlaqında kin və qəzəbə yer yoxdur. Dolayısilə cənnəti qazanmağı hədəfləyən mömin də dünyada bu pis əxlaqı tərk etməlidir.
Bəzi insanları süni rəftarlara sövq edən şey, insanlardan gizlətdikləri bəzi düşüncələrə sahib olmalarıdır. Göründükləri kimi olmadıqları üçün, içlərindən gəldiyi kimi təbii və səmimi davrana bilməzlər. Həmişə bəzi şeyləri gizlətmə, bəzi şeyləri təqlid etmə və insanları bəzi şeylərə razı salmağa səy göstərərlər. Bundan ötrü də, üzləri çox vaxt öz həqiqi üzləri, səsləri öz təbii səsləri olmaz və danışıqları öz səmimi düşüncələrini əks etdirməz. Süni rəftarlarından ötrü bu insanlarla birbaşa əlaqə yaratmaq qeyri-mümkündür. Gerçək şəxsiyyətlərini gizlədərlər; insanlar haqqındakı gerçək düşüncələrini, hadisələr haqqındakı gerçək şərhlərini, acizliklərini, istək və tələblərini daim gizlətməyə çalışarlar. Özlərinə içində olduqları vəziyyət izah çatdırıldıqda və ya süni rəftarları təsvir edilib səmimiyyətə dəvət edildiklərində belə, yenə eyni süni reaksiyalarla cavab verərlər. Buna görə də, bu insanların gerçək xarakterlərini anlaya bilmək, gerçək düşüncələrini öyrənə bilmək heç vaxt mümkün olmaz. Bundan ötrü də, bu insanların yanında heç vaxt rahatlıq tapmaq olmaz. Çünki gerçək üzünü gizlədən bir insanın, daim heç gözlənilməyən hərəkətlər və əxlaqsızlıq etmə ehtimalı var.
Halbuki möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri salam sifətinə sahib olması, yəni etibarlı bir insan olmasıdır. Ona bu etibarlılığı qazandıran; Allahdan qorxub çəkinməsi, hər nə səhvi və ya çatışmazlığı olsa da, bunları gizlətmək əvəzinə, düzəltmək üçün səmimi səy sərf göstərməsidir. Bunun əksi olan bir rəftar göstərmək özüylə birlikdə, əvvəlcə Allaha qarşı səmimiyyətsizlik, sonra da insanlara qarşı ikiüzlük gətirər.
İkiüzlülük isə insana əzab verər. Çünki səmimiyyət nə qədər asanlıq və nə qədər rahatlıq gətirirsə, ikiüzlülük də bir o qədər sıxıntı və çətinlik gətirər. Səmimiyyətsizlik, insanın həyatı boyu bir an belə fasilə vermədən "süni davranma"sını tələb edir. Süni davranmaq üçün, daim gərəksiz yerə diqqətcil olmaq, plan qurmaq və hesab aparmaq çox çətindir. Eynilə ürəkdən gələn gerçək istəklərin daim yerinə yetirilməməsi, gerçək xarakterin və təbii həyatın heç vaxt yaşana bilməməsi də insanları ciddi şəkildə əzaba sürükləyər. İnsanların, belə bir əzab içində yaşamaqdansa, qəlblərindəki mənfi xüsusiyyətlərdən xilas olub müsbət xüsusiyyətlərə yiyələnmələri və bunun nəticəsində səmimi, təbii və rahat davranmaqdan çəkinməmələri olduqca asandır.
Dini və gözəl əxlaqı gerçək mənada yaşamaq və Allaha qarşı əsl mənada səmimi olmaq əvəzinə, bunları təqlid etməyə üz tutmaq insanın həm dünyanı, həm də axirəti itirməsinə səbəb olar. Bundan ötrü də, insan qəlbində Qurana zidd olan heç nə saxlamamalı, Allaha və möminlərə qarşı mümkün qədər ən səmimi rəftarı göstərməlidir.
Qısqanclıq, insanların dünyaya olan bağlılıqlarından qaynaqlanan mühüm rəftar pozuntusudur. Allah Quranda; "...doğrusu, nəfslər qısqanclıq və eqoistlik etməyə hazırdır..." (Nisa surəsi, 128) ayəsiylə insanların nəfsində belə bir duyğu olduğunu bildirmişdir. "Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır" (Şəms surəsi, 9) ayəsiylə də, insanın qurtuluşu üçün nəfsini bu günahlardan təmizləməli olduğunu bildirir. Əksini etdikdə isə Quranda; "onu (günaha) batıran isə məhv olmuşdur" (Şəms surəsi, 10) ayəsiylə bildirildiyi kimi, nəfsindəki bu pisliklər insanı məhvə sürükləyər. Qısqanclığın insanlar üzərində yaratdığı mənfi təsir və verdiyi əzab, ayədə bildirilən məhvin dünyada necə baş verə biləcəyini açıq şəkildə göstərmişdir.
Cahiliyyət cəmiyyətində insanların qısqanclığa olan dünyagörüşləri Quranda bildiriləndən çox fərqlidir. Bu insanlar qısqanclığın hər insanda az-çox olması lazım olan, insana xas bir xüsusiyyət olduğunu düşünərlər. Hətta heç qısqanc olmadığını söyləyən insanları qəribə qarşılayarlar. Özləri isə həyatları boyu iç-içə yaşadıqları insanların demək olar ki, hər şeyini qısqanarlar; zəkalarını, gözəlliklərini, qabiliyyətlərini, mallarını, uşaqlarını, evlərini, işlərini və sair və il axır
Qısqanc insanlar başqalarının yaxşılığından, gözəlliyindən və ya müvəffəqiyyətindən həzz alıb xoşbəxt olmaz, əksinə bun onlara sıxıntı verər. Qısqandıqları insanların nemətə nail olmaları onları məhzun edər və daxilən kədərləndirər. Bu hərislikləri, onları qarşılarındakı insanlara zərər vermə istəyi duymağa qədər sövq edər. Bundan ötrü də, Allah Quranda möminlərin; "paxılın şərindən Allaha sığınmalarını" bildirir:
De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən!”. (Fələq surəsi, 1-5)
Möminlər isə cahiliyyət insanlarının öyündükləri bu xüsusiyyətin əslində çirkin bir rəftar olduğunu bilərlər. Qısqanclığın əksinə bir-birlərinin gözəl xüsusiyyətləriylə öyünər, bir-birlərinin yaxşılığı üçün Allaha dua edərlər. Onsuz da Quranı bilən və Quran əxlaqını yaşayan bir insanın, bunun əksini edəcəyi düşünülə bilməz. Lakin buna baxmayaraq, iman etdiklərini söylədikləri halda, bu əxlaqı gərəyi kimi yaşamayan insanlar da var. Bu insanlar cahiliyyət cəmiyyətlərində olduğu kimi, qısqanclığı normal qarşılamaz və açıq şəkildə bu əxlaqı müdafiə etməzlər. Ancaq bəzi hallarda nəfslərinin bu istiqamətdəki təlqinlərinə qapıla bilərlər. Bəzən də öz aləmlərində qanuni hesab etdikləri bəzi vəziyyətlərdə bu hissləri yaşamalarının Qurana zidd olmayacağını düşünərək özlərini aldadarlar. Məsələn, qanuni və Qurana uyğun bir istək olaraq, möminlər arasında sevgi, dostluq, etibarlılıq kimi mövzularda ən öndə getmək istəyərlər. Əlbəttə ki, mömin, Allahın, Onun Rəsulunun və möminlərin sevgisini, dostluğunu və etibarını ən çox qazanmaq istəyər. Amma özü kimi digər möminlərin də bu nemətləri ən çox qazanmalarını istəyər. Əgər başqa bir insan özündən daha gözəl əxlaqa sahibdirsə, bu halda onunla öyünməli və ona ancaq qibtə etməlidir. Mömin əxlaqında qısqanclığa yer yoxdur. Ancaq bəhs olunan insanlar qibtə etmə duyğularını qısqanclıqla qarışdırırlar.
Əslində bu insanların hər biri din əxlaqını yaxşı bildiklərindən ötrü yaxşıyla pisi, doğruyla yanlışı çox açıq şəkildə ayırd edə biləcək anlayışa sahibdirlər. Quran ayələri və vicdanları, nəyin qısqanclıqdan, nəyin də qanuni istəklərdən qaynaqlandığını özlərinə göstərir. Buna baxmayaraq, öz-özlərini aldadarlar. Özlərini aldadarkən istifadə etdikləri üsullar isə, tamamilə Allaha qarşı səmimiyyətsizliyə əsaslanır. Bu səmimiyyətsizliyindən ötrü də, mömin əxlaqının bəxş etdiyi rahatlıq əvəzinə, daxilən cahiliyyə əxlaqının gətirdiyi bu sıxıntını yaşamaq məcburiyyətində qalarlar. Qəlblərində qısqanclıq hisslərini yaşadan insanlar, daim dünyada bədbəxt yaşayarlar. Özlərindən daha yaxşı, daha gözəl, daha qabiliyyətli insanların varlığı, başqa birinin təriflənməsi və ya başqasına göstərilən sevgi, hər an kədər və sıxıntıyla üzləşmələrinə səbəb olar. Allahın özlərinə verdiyi nemətlərlə kifayətlənməyi, bunlar üçün şükür edib bunlarla xoşbəxt olmağı bacarmadıqları üçün əzab çəkərlər.
Daxilən yaşanan bu gizli əzabdan qurtulmağın yeganə yolu isə, nəfsi bütün pisliklərdən təmizləmək və hər şeyi Quran ayələri ilə qiymətləndirməkdir. Belə bir insan bütün gözəlliklərin, malın, mülkün əsl sahibinin Allah olduğunu, Rəbbimizin bütün bunları dünyada insanlara müxtəlif formalarda verərək onların əxlaqlarını sınadığını biləcək. Artıq bu həqiqətə görə hərəkət edəcəyindən ötrü, hər cür gözəllik özü üçün də zövq alınacaq bir nemətə çevriləcək.
Yalan danışmaq cahiliyyət cəmiyyətlərində olduqca geniş yayılmış, pis bir əxlaq xüsusiyyətidir. İnsanların böyük hissəsi, öz aləmlərində, qarşı tərəfin anlamayacağı şəkildə özlərini hazır vəziyyətə gətirdikdən sonra, yalan danışmaqda hər hansı bir problem olmayacağına inanar. Çünki bu kəslər, yalnız insanlar qarşısında məsuliyyət daşıdıqlarını zənn edirlər. İnsanları aldadıb razı saldıqdan sonra artıq heç bir problem qalmadığını düşünərlər. Halbuki insan, bütün məsuliyyəti yalnız Allah qarşısında daşıyır və Allah Quranda; "... yalan sözlərdən də çəkinin" (Həcc surəsi, 30) ayəsiylə insanlara yalan danışmaqdan çəkinmələrini əmr edir. Bundan ötrü də, deyilən yalan, nə qədər ağılla uydurulmuş olsa və ya insanları inandırmağa kifayət etsə də, Allah həqiqəti bilməkdə və həmin insanın yalan danışdığını görməkdədir.
İman edənlər, yalanın Allahın insanlara haram buyurduğu davranış forması olduğunu bilər və ən kiçik bir mövzuda belə yalan danışmaqdan qəti surətdə çəkinərlər. Lakin nəfslərinin təsiriylə hərəkət edən bəzi insanlar, cahiliyyət dövründə qoymaları lazım olan bu əxlaqlarını hələ də davam etdirirlər. Əlbəttə ki, bu insanlardan soruşulduğu təqdirdə Allahın haram etdiyi belə bir hərəkəti qətiyyən açıq şəkildə və bilə-bilə etməyəcəklərini söyləyərlər. Amma çətin vəziyyətdə qaldıqlarında, dərhal yalana əl ata bilərlər.
Haram olduğunu bilə-bilə yalan danışan insan, ilk baxışda söylədiyi yalanla özünü qorumuş, bəzi şeylər qazanmış kimi görünə bilər. Ancaq həqiqət belə deyil. Yalan danışmaq, insanın vicdanını narahat edər, onu sıxar. Belə insan daim yalanlarının ortaya çıxmasından və bundan ötrü də, insanların gözündə alçalmaqdan qorxar, daim bunun gərginliyini yaşayar. Allahın haram buyurduğu bir şeyi etdiyini bildiyi üçün daxilən rahat ola bilməz. Üstəlik bir dəfə yalan danışmağa başlayan bir insan, yalanının ortaya çıxmaması üçün, özünü dalbadal yeni yalanlar söyləmək məcburiyyətində hiss edər. Hər dəfə bir qədər də yalan bataqlığına sürüklənər və daxilən bundan xilas ola bilməməyin stressini yaşayar. Həmçinin yalançı insanlar ətraflarındakı insanlar tərəfindən dərhal seçilərlər, bundan ötrü də onlara etibar və hörmət edilməz. Bu isə, yalançının daha da alçalmasına səbəb olar. Özünü ucaltmaq və özünə mənfəət təmin etmək üçün yalan danışan bu cür insanlar, gözlədiklərinin tam əksiylə üzləşərlər.
Allah, belə insanların şeytanın təsiriylə hərəkət etdiklərini Quranda belə bildirir:
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar həqiəti oyan-buyana döndərən, günaha düşkün hər bir yalançıya. Bunlar (şeytanların sözünə) qulaq asarlar və çox yalan danışarlar. (Şuəra surəsi, 221-223)
Bundan çıxış yolu isə, bütün səmimiyyətsiz rəftarlarda olduğu kimi qəti şəkildə tövbə edərək Allaha sığınmaq, Quran əxlaqını tam şəkildə yaşamaqdır. Bu təqdirdə bu insanların həm dünya həyatındakı sıxıntılı həyatları sona çatacaq, həm də axirətdəki sonsuz əzabdan xilas olmağı ümid edə biləcəklər.
Romantiklik, insanlara sıxıntılı həyat yaşadan və eyni zamanda Allahın Quranla bildirdiyi anlayışa uyğun gəlməyən, lakin insanların böyük hissəsinin görə bilmədiyi ciddi bir təhlükədir. Hətta romantiklik çox vaxt insanlar arasında rəğbətlə qarşılanılar və insanlar buna təşviq edilər. Romantikliyin sevginin təzahürü olduğu zənn edilər, halbuki Quran əxlaqından yaşamayan insanların içlərində yaşatdıqları bir əzabdır. Əsl sevgi səmimi olar və o, səmimiyyətlə, açıq şəkildə, çəkinmədən, qürur olmadan göstərilən səmimi bir duyğudur. Romantiklik isə, sevginin gizlədilməsindən və ya Allaha yönəldilməsi lazım olan sevginin insanlara yönəldilməsindən qaynaqlanır. Bu cür davranan kəslər sevgilərini yönəltdikləri insanları sahiblənər, hətta onlara qarşı, onları bütləşdirməyə qədər gətirib çıxaran hisslər bəsləyərlər. Bundan ötrü də, daim iztirab içində yaşayarlar.
Romantiklik dinə zidd bir duyğudur. Quran əxlaqı insanlara, hadisələri həqiqi baxış prizmasıyla görə bilmə və ağıllı yanaşma tərziylə şərh edə bilmə qabiliyyəti qazandırar. Romantiklik isə insanları həqiqətlərdən uzaqlaşdıran, məntiqsiz düşüncələrə sövq edən və yanlış qərarlar almağa yönəldən bir duyğudur. İmanı və Quran əxlaqını qavrayan insanlar üçün, romantikliyin zövq alınacaq heç bir tərəfi yoxdur. Onlar bunun, insanları hüznə, məyusluğa və məhvə sürükləyən bir düşüncə tərzi olduğunu bilirlər. Bundan ötrü də, nə açıq, nə də gizli şəkildə, qəlblərinin belə bir acizliyə düçar olmasına icazə verməzlər.
İman etdikləri halda romantikliyin Qurana zidd olan bu cəhətlərini görməyən və ya bunlara əhəmiyyət verməyən insanlar isə, belə bir mövzuda zəiflik göstərə bilərlər. Bəzən yalnız öz-özlərinə daxilən yaşadıqları bu duyğu, bəzi hallarda açıq şəkildə rəftarlarına da hakim olar. Bu duyğunun ən nəzərə çarpan xüsusiyyətlərindən biri, bu insanların heç cür qarşısını ala bilmədikləri ağlama meylidir. Ağlama halı; bir insanın hər hansı bir şeyə dözə bilməyərək kədərlənməsindən ötrü yaranır ki, bu da həmin insanın Allahın yaratdığı taleyə könül rahatlığı və məmnuniyyətlə təvəkkül edə bilməməsindən qaynaqlanır.
Romantikliyin təsirindən ötrü, bu insanlar daim hüznlü olar. Yaşadıqları hər hadisədə mütləq kədərlənib hüznlənəcəkləri bir şey taparlar. Bundan ötrü də, həyatlarını daim ağlama meyli içində keçirərlər. Lakin ağlama deyildikdə, ağla yalnız insanın gözyaşı tökərək ağlaması gəlməməlidir. Bəzən bu cür də ağlayarlar. Amma bəzən də fiziki baxımdan gözyaşı tökmədikləri halda, ağlamağa davam edərlər ki, bu bədənin ağlamasıdır. Bu ruh halındakı insanın gözləri bəzən azacıq yaşardığı halda, bəzən də heç yaşarmaz. Amma sifətində hüznün səbəb olduğu nəzərə çarpan bir saralma və solma halı müşahidə olunar. Səsində, güc və canlılıq yoxdur. Baxışları donuq və kədərlidir. Üzərində ağırlıq və bitkinlik, danışıqlarında isə böyük ümidsizlik hakimdir. Bədənləri, keçirdikləri güclü stressdən ötrü öz funksiyalarını gərəyi kimi yerinə yetirə bilməz. Bundan ötrü də, bu insanlar ruhi cəhətdən çökməklə yanaşı, bədən cəhətdən də ciddi problemlər yaşayarlar. Bu ruh halına qapıldıqları anlarda önlərinə dünyanın ən gözəl nemətləri belə qoyulsa, bunların heç birindən gerçək mənada zövq ala bilməzlər. Heç biri onları bu sıxıntıdan qurtara bilməz. İmanın və təvəkkülün bəxş etdiyi hüzur və rahatlığı yaşamaq əvəzinə, öz əlləriylə özləri üçün sıxıntı dolu bir dünya yaradarlar.
Halbuki Allah Quranda inkar edənlər üçün; “...qazandıqlarından ötrü az gülsənlər, çox ağlasınlar” (Tövbə surəsi, 82) deyə buyurur. Yəni ağlamaq, hüznlənmək, kədərlənmək inkar edənlərə məxsus bir xüsusiyyətdir. Eynilə Quran ayələrində daim inkarçıların, cəhənnəm əhlinin bədbəxtliklərindən, sıxıntı dolu həyatlarından bəhs edilir. Möminlər isə, Quranda daim şən olmağa təşviq edilir, bir çox ayədə də, dünyada və axirətdə sevinəcəkləri mövzularla müjdələnirlər. Bu təqdirdə iman etdiyini söyləyən bir insan, əgər daim əzab dolu və ya ağlamağa meylli bir ruh halı içindədirsə, bu onun təvəkkül mövzusu başda olmaqla bir çox mövzunu səthi qiymətləndirdiyini və dinin ruhunu tam olaraq yaşamadığını göstərər.
Bundan ötrü də, dindar olduğunu söyləyən bir insan, hər nə səbəbdən olsa da, kədərlənməyi, sıxılmağı normal qarşılamamalı, bir mömin kimi belə rəftar göstərməkdən Allaha sığınmalıdır. Allahla dost olmağın, Ona arxalanmağın rahatlığını yaşamaq əvəzinə, belə əzab dolu bir həyat yaşamağı normal qarşılamamalıdır. Allahın Quranda; "onlar: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq” (Muminun surəsi, 106-107) ayələriylə diqqət çəkdiyi kimi, dünya həyatında bədbəxtliklərinə məğlub olaraq, axirət həyatlarını peşmanlıq içində keçirən insanların vəziyyətindən ibrət almalı və həqiqi sarsılmaz imanı qazanmağa niyyət etməlidir.
İnsanların daxilən əzab çəkmələrinə səbəb olan rəftar pozuqluqlarından biri də küsəyənlikdir. Küsəyən insanlar, ortada heç bir səbəb olmamasına baxmayaraq, qapıldıqları romantik ruh halının təsiri nəticəsində, şahid olduqları hər hadisədən, eşitdikləri hər sözdən inciyib küsə bilərlər. Halbuki deyilən sözlərin onlarla heç bir əlaqəsi olmaz və ya bu insanlar özlərinə deyilən sözləri, küsəyənliklərindən ötrü tam fərqli şəkildə qəbul edərlər. Özlərinə izah edilmək istənilən hikməti görmək əvəzinə, heç əlaqəsi olmayan çıxarışlar edərək özlərinə, inciyə biləcəkləri şeylər taparlar və sonra da küsərlər.
Küsəyən insanlar, həm niyə küsdüklərini, həm də onları nəyin narahat etdiyini açıq şəkildə söyləmədikləri üçün, ətraflarındakı insanlar onların niyə belə bir rəftar göstərdiklərini anlaya bilməzlər. Onları başa düşmək üçün müxtəlif yollar sınayarlar, lakin çox vaxt bu insanların niyə incidiklərini tapmaq qeyri-mümkün olar.
Küsəyənliyin təməlində yatan səbəblərdən biri, bu insanların ətraflarındakı insanları dost hesab etməmələri, onların söz və rəftarlarını daim öz əleyhlərində qəbul etmələri və etibar etməmələridir. Digər bir səbəb də, bu insanların yaşadıqları narahatlıq və səmimiyyətsizlikdir. Çünki bu insanlar öz vicdansızlıqlarına şahid olduqları üçün, başqalarının da bunu görə biləcəyini və hər an bunları öz üzlərinə vura biləcəklərini düşünərlər. Buna görə də, hər sözün öz əleyhlərində olduğunu düşünərlər. Allah, ikiüzlü insanların bu xüsusiyyətini bir ayədə belə bildirir:
Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!. (Munafiqun surəsi, 4)
Bəzi insanlar da əslində küsəyən olmadıqları halda, bilə-bilə özlərini küsmüş kimi göstərərək, haqsız olduqları mövzularda özlərini sudan quru çıxartmağa çalışarlar. Küsməklə, öz aləmlərində qarşı tərəfi söylədiklərindən ötrü peşman etmək və geri addım atmasını təmin etmək istəyərlər. Halbuki bu cür üsul və rəftarlar, iman edənlərin özlərinə yaraşdırmayacağı rəftarlardır. Quran əxlaqına görə, qarşı tərəf cahil, yanlış və ya düşüncəsiz davranış göstərsə belə incimək və ya küsmək ağla və məntiqə ziddir. Çünki mömin qarşılaşdığı hər hadisəni, hər rəftarı, hər sözü Allahın yaratdığını bilər. Buna baxmayaraq, belə xoşagəlməz əxlaq göstərmək, Allaha qarşı səhvliyə yol vermək olar. Bundan savayı, möminlər Allah rizasının; göz yuman, əfv edici və bağışlayıcı əxlaq xüsusiyyətləri tələb etdiyini də bilirlər. Allah Quranda bu əxlaqın əhəmiyyətini belə bildirir:
Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və islah etsə (barışsa), onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)
Küsəyən insanlar heç kimlə dost ola bilməz, heç kimi sevə bilməz və sevilə bilməzlər. Daim kədər və sıxıntı içində yaşayarlar. Hamıdan inciyib küsdüklərindən ötrü, daim tənha yaşayar, yalqız qalarlar. Hər müsəlmanın, küsəyənlik və yaxınlarından küsmənin, Quran əxlaqına zidd bir rəftar olduğunu qəbul etməsi çox əhəmiyyətlidir. Müsəlman insan, haqlı da olsa, narahatlıq hissi keçirdiyi məsələni qarşısındakılarla açıq şəkildə danışar, əgər səhv özündədirsə bunu düzəldər. Əgər səhv davranan qarşıdakı tərəfdirsə, ondan küsməz, əksinə onu, Quran ayələrini xatırladaraq xəbərdar edər.
Bəzi insanların imanı qavradıqları halda, həyatlarının bəzi anlarını sıxıntı içində keçirmələrinin ən əhəmiyyətli səbəblərindən biri, dünya həyatına böyük ehtirasla bağlanmaları və bu ehtiraslarını yox edəcək mövzuları düşünməkdən çəkinmələridir.
Qurana baxdığımızda insanların, daim eyni mövzularda dünya ehtiraslarına qapıldıqlarını görərik. Mal-dövlət toplama ehtirası, cana olan düşkünlük, insanların gözündə dəyər qazana bilmə istəyi və etibar qayğısı bu mövzuların başında gəlir. Allah insanların ehtirasa qapıldığı bu mövzuları bir ayədə; "qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının nemətləridir, gözəl qayıdış yeri isə Allah yanındadır" (Ali İmran surəsi, 14) sözləriylə bildirmişdir. Əlbəttə ki, bütün bunlar dünya həyatının nemətləridir. Allah insanları bu nemətlərdən zövq alacaq şəkildə yaratmışdır. Doğru olan bütün bu nemətlərdən, bunları hamısını verənin Allah olduğunu bilərək, Ona şükür etməklə istifadə etməkdir. Səhv olan isə, bu nemətlərə sahib ola bilməyi axirət həyatını qazanmaqdan daha əhəmiyyətli hesab etmək və bunun üçün ehtirasa qapılmaqdır.
Quran ayələrində əhəmiyyətlə vurğulanan və insanların böyük hissəsinin düşünməyə yanaşmadıqları, dünya ehtirasını yox edən bir neçə başlıca mövzuları belə sadalaya bilərik:
İnsanların bir hissəsi dünya həyatının müvəqqəti olduğunu düşünməkdən çəkinər. Amma bu vəziyyət əslində, onların bu həqiqəti qavraya bilməmiş olmalarından qaynaqlanmır. Çünki demək olar ki, hər gün bu həqiqəti göstərən bir çox hadisəylə qarşılaşarlar. Bəzən bir yaxınlarının müflisləşdiyinə, bəzən bir qəzaya uğradığına, bəzən də həyatını itirdiyinə şahid olarlar. Hamısından əhəmiyyətlisi, başda özləri olmaqla bütün tanışlarının hər keçən gün ölümə daha da yaxınlaşdıqlarını bilavasitə yaşayaraq görərlər. Yaşlanmalarıyla birlikdə yox olan gözəllikləri, zamanla yaranan xəstəliklər, acizliklər və zəifliklər insanların dünya həyatının müvəqqəti olduğunu anlaya bilmələri üçün olduqca kifayətdir.
Buna baxmayaraq, bəzi insanlar bu mövzunu düşünməkdən çəkinərlər. Bunun səbəbi, düşündükləri təqdirdə dünyaya bağlana bilməyəcəklərini bilmələridir. Əgər insanlar, həyatın çox qısa olduğunu, hər an heç gözləmədikləri bir səbəbdən ötrü biləcəklərini, gözəllik, zənginlik, etibar kimi dəyərlərini hər an itirə biləcəklərini düşünsələr, bunlara yalnız layiq olduqları dəyəri verərlər. Bunun nəticəsində isə, dünya ehtiraslarına qapılmalarının məntiqsiz olduğunu anlayar və dolayısilə tam mənasıyla Allah rizasını və axirət həyatını qazanmağa yönəlməli olarlar.
Cahiliyyət cəmiyyətində geniş yayılmış, bu düşünməkdən qaçma xüsusiyyəti, bəzən iman etdiklərini söyləyən insanlarda da görülə bilər. Bu insanların dünya həyatına olan baxış prizmaları, əlbəttə ki, cahiliyyət insanlarından xeyli fərqlənir. Amma onların etdikləri səhv, dünya həyatının gerçək mahiyyətini çox yaxşı bildikləri halda, gərəyi kimi buna uyğun yaşamamalarıdır. Dünya ilə bağlı heç bir mövzuda ehtirasa qapılmamağın lazım olduğunu, ən çox 60-70 il ərzində həyatlarının sona çatacağını, insanın əsas olaraq, axirətdəki sonsuz həyatı üçün səy göstərməsinin lazım olduğunu çox yaxşı bilər və bunu hər fürsətdə başqalarına da deyərlər. Ancaq bildiklərini öz həyatlarında tətbiq etməzlər.
Bu insanların vəziyyətini belə bir nümunə ilə açıqlaya bilərik: Son model bir avtomobili olan insan, hər fürsətdə bu avtomobilin dünya həyatının müvəqqəti gözəlliklərindən biri olduğunu, bundan ötrü də, bu məsələdə ehtirasa qapılmağın məntiqsiz olduğunu insanlara başa sala bilər. Ancaq çox təcili vəziyyətdə avtomobilinin başqası tərəfindən istifadə edilməsi lazım gəlsə, bir anda bu izah etdiklərini unudub ciddi şəkildə mal ehtirasına qapıla bilər. Bu insan həmin ana qədər daim tam əksini izah etdiyi, bu cür rəftarlar göstərənləri kəskin qınadığı halda, real həyatda verdiyi nümunələrlə qarşılaşdıqda rəftarı tamamilə dəyişər.
Bu insanların vicdanən çox yaxşı bildikləri bu məsələləri, öz dünyəvi mənfəətləriylə zidd düşəndə görməzlikdən gəlmələri, özlərini ciddi mənada vicdan sıxıntısına düçar edər. Məhz bu da, həmin insanların doğru bildiklərini yaşamamalarının gətirdiyi mənəvi əzabdır. Bundan ötrü də, daim sıxıntılı ruh halı içində olarlar.
Dünya ehtirası olan bir insan üçün yaşlanmaq, xəstələnmək, etibarını və mal-dövlətini itirmək kimi hadisələr də böyük gərginlik səbəbidir. Halbuki, bir gün öləcəyini, öldükdən sonra da heç bir əşyasını, pulunu və mülkünü özüylə apara bilməyəcəyini bilən bir insan, heç nəyin ehtirasına qapılmaz. Hər şeyindən, Allahın razı olacağı şəkildə, comərdliklə istifadə edər; dünyadakı olduqca qısa ömrünü necə yaşayacağını deyil, axirətdəki sonsuz həyatının necə olacağını düşünər və bundan ötrü çalışar.
Kainatda meydana gələn hər hadisə ancaq Allahın istəyi ilə, Onun gücü və iradəsiylə reallaşır. Allahdan başqa heç bir güc yoxdur. Allah bu həqiqəti Quranda bu sözlərlə bildirər:
Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Lakin buna baxmayaraq, insanların böyük hissəsi Allaha şirk qoşmadan iman etməzlər. Bir ayədə Allahın; "əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” deyə soruşsan, onlar mütləq: “Allah!” deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38) hökmüylə bildirdiyi kimi, bəzi insanlar bir tərəfdən Allahın gücünü qəbul edər, digər tərəfdən də özlərinə Allahdan başqa ilahlar qəbul edərlər. Ancaq insanların gözlərində böyüdüb razı salmağa çalışdıqları bu ilahlar, özlərinə belə fayda verməkdən aciz, heç nəyə gücü çatmayan və özləri də yaradılmış varlıqlardır. Allah Quranda insanların, Özündən başqa qəbul etdikləri ilahların bu acizliklərini ayələrdə belə bildirir:
Onlar isə, Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər. (Furqan surəsi, 3)
Allahdan savayı tapındıqlarınız sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)
Ancaq bunu da unutmamaq lazımdır ki, bu insanların əksəriyyətindən soruşulsa, heç vaxt gözlərində böyütdükləri bu varlıqları "ilah" adlandırmaz, onları ilah hesab etdiklərini qəbul etməzlər. Necə ki, həyatları boyu göstərdikləri bütün rəftarlar, bu insanları ilahlaşdırdıqlarını göstərər. Yalnız Allahdan mədət ummalı, yalnız Ondan kömək istəməli və Ona şükür etməli olduqları halda, güc sahibi olduqlarını düşündükləri insanlardan mədət umar, onlardan kömək diləyər və onlara şükür edərlər. Eləcə də, yalnız Allahdan qorxub, yalnız Onun rizasını qazanmaq yolunu axtarmalı olduqları halda, insanlardan çəkinərək, ilk növbədə Allah rizasını deyil, onların məmnuniyyətini qazanmağa çalışarlar.
Bəziləri, Allahın; "nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?" (Furqan surəsi, 43) ayəsiylə bildirdiyi kimi, özlərini də ilahlaşdıra bilirlər. Bu insanlar da, Allahın gücü qarşısındakı bütün acizliklərinə baxmayaraq, özlərinə məxsus müstəqil gücləri olduğuna inanarlar. Özlərinə nemət verildikdə bunu öz səyləri nəticəsində qazandıqlarını, müvəffəqiyyətsizliyə və ya itkiyə məruz qaldıqlarında da, bunun öz səhvlərindən ötrü baş verdiyini zənn edərlər.
Əlbəttə ki, bütün bunlar bu insanların Allahın gücünü gərəyi kimi qiymətləndirə bilmədiklərindən qaynaqlanır. Halbuki Allahdan başqa İlah yoxdur. Kainatda meydana gələn hər hadisə kimi, bunlar da yenə Allahın istəyi ilə, Onun əmriylə reallaşır. İnsanların dualarına, istəklərinə cavab verə biləcək, onları düşdükləri sıxıntılardan qurtara biləcək, qəlblərinə rahatlıq və etimad duyğusunu yerləşdirə biləcək, gözəl həyat yaşamalarını təmin edə biləcək başqa bir güc yoxdur. Allahın Quranda bildirdiyi kimi; "…şübhəsiz ki, “izzət və güc” bütünlüklə Allaha məxsusdur…” (Yunis surəsi, 65)
Bəzi insanların bu mövzuda tez-tez qəflətə düşmələri, imanın gətirdiyi rahatlığı gərəyi kimi yaşaya bilməmələrinə və bir çox mövzuda sıxıntı çəkmələrinə səbəb olar. Sevgini, hörməti, rəğbəti, dostluğu, fədakarlığı, incə düşünə bilməyi, səbri, bağışlayıcılığı və daha bir çox gözəlliyi insanlardan gözləyərlər. Eynilə bütün bunları alacaqları tədbirlərlə, səy və iradələriylə qazanacaqlarını zənn edərlər. Halbuki Allah bir insanı başqa insana bəyəndirər, sevdirər, hörmət etdirər. Hər nə qədər çalışılsa da, heç kim insanların qəlbinə təsir edə bilməz. Quran əxlaqı yaşandıqda, bunun nəticəsində bir nemət olaraq, Allah həmin insanın qəlbində sevgi yaradar. Eynilə heç bir insan öz qəlbində başqa birinə qarşı sevgi yarada bilməz. Bu hissi ona verən də Allahdır. Bunlar kimi insanlara verilən maddi-mənəvi hər nə varsa, hər birini yaradan Allahdır. Allah, Quranda bu həqiqəti insanlara bu sözlərlə bildirir:
...De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah hər şeyi Əhatəedəndir, Biləndir”. O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir (Ali İmran surəsi, 73-74)
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi təktənha və yardımsız qoyarsa, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! (Ali İmran surəsi, 160)
Bəzi kəslərin, insanların rizasını Allahın rizasını qazanmaqdan üstün tutmaları, həyatlarını Qurana görə deyil, əksinə insanların qayda və anlayışlarına görə tənzimləmələri, onlara böyük sıxıntılar yaşadar. Çünki insan eyni anda bir çox insanı razı sala bilməz. Bir insanın rizasına uyğun hərəkət etdikdə, digər bir insanı qəzəbləndirər. Bu hal daim təkrarlanar və belə insan həyatı boyu sıxıntılar yaşayar. Allah belə insanlar üçün Quranda belə buyurmuşdur:
Allah (şirk qoşanlar üçün) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir. (Zumər surəsi, 29)
Yalnız Allahın rizasını axtaran bir insan üçün hər şey çox asandır. Həyatı boyu tabe olacağı doğrular və yanlışlar Quranda özünə bildirilmişdir. Bundan savayı insanların nə düşündüklərinin və ona necə rəftar göstərdiklərinin heç bir əhəmiyyəti yoxdur. Səmimi müsəlman Allahın rizasına uyduğu müddətcə, dünyada və axirətdə nicat tapacağını ümid edərək yaşayar. Bundan ötrü də, ətrafındakı insanlara görə daim özünü dəyişdirmək məcburiyyətində olan və insanların rizasını axtaran kəslərdən olduqca rahat, asan və gözəl bir həyat yaşayar.
Allah, insanların rizasını axtaran bu insanların vəziyyətini bir ayədə; "onların çoxu Allaha iman gətirməz, ancaq Ona şirk qoşarlar" (Yusif surəsi, 106) sözləriylə bildirir. Bundan ötrü də, hər insan şirk mövzusu barəsində diqqətlə düşünməli, imanını və həyatını bu həqiqətə görə tənzimləməlidir. Çünki Allahın bildirdiyi kimi; "şübhəsiz ki, Allah Özünə şirk qoşulmasını bağışlamaz, bundan başqa günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şirk qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur" (Nisa surəsi, 48)
Hər insan Allahın Quranda; "bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan" (İsra surəsi, 39) ayəsiylə bildirdiyi bu əhəmiyyətli həqiqəti düşünməli və öyüd qəbul etməlidir.
Bu hissədə, bəzi insanların yaşadıqları gizli əzabların bəzi səbəblərinə yer verildi. Həqiqi iman yaşandıqda heç vaxt əzab, sıxıntı, ələm, ümidsizlik hissləri yaranmaz. Bu cür hisslərə qapılan insan, ilk növbədə imanını nəzərdən keçirməli, Quran ayələrini düşünməli, həqiqətləri xatırlamalıdır. Əks halda, bir insan nə qədər Allaha iman etdiyini söyləsə də, gərəyi kimi iman etməmişdirsə, həyatını və dünyagörüşünü Quran ayələrinə görə müəyyənləşdirmirsə, mütləq sıxıntılarla üzləşər. Allahın bir ayədə bildirdiyi kimi, dini yaşamayanların qəlbində daim sıxıntı olar:
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. (Ənam surəsi, 125)