Kitabın əvvəlindən bəri, insanların, qəlblərindəki səmimiyyətsizlikdən tamamilə qurtulmadıqca yaşadıqları bədbəxt həyatdan, heç kəsə bəlli etmədən çəkdikləri gizli əzablardan qurtula bilməyəcəklərini çatdırdıq. Bu hissədə isə, xəbərdar edilib qorxudulduqları halda, səmimiyyətsizlikdə israr edən və həqiqi imanı yaşamağa yanaşmayan insanların, axirətdə də bədbəxt ola biləcəklərini xatırladacağıq. Unudulmamalıdır ki, insan dünya həyatında sınanmaqdadır; nəfsiylə olan mübarizəsində Allahın bəyəndiyi əxlaqı və imanı, nə qədər yaşaya bilsə axirətdə də, bir o qədər qarşılıq alacaq. Nəfslərini təmizləyənlər cənnətə, onu günah və pis əməllərə batıranlar isə cəhənnəmə gedəcək.
Dünyada olarkən dürüst və səmimi olmayan, təvazökarlıqdan, təslimiyyətdən xəbərsiz, inadkarlığı, üsyanı və ikiüzlülüyü özləri üçün qanun qəbul etmiş insanlar, axirətdə bu əxlaqlarına uyğun qarşılıq alacaqlar. Allah, cənnəti bütün pisliklərdən, çatışmazlıqlardan təmizləmişdir. Cənnətinə qəbul etdiyi insanlar da dünya həyatında nəfslərindəki bütün pislikləri təmizləməyə çalışmış insanlardır. Cənnətə qəbul edilmək istəyən bir insanın, dünyada özünü bütün pisliklərdən təmizləməli olduğu aydındır. Çünki dünya həyatında pisliklərindən təmizlənməyən, gözəl əxlaqı yaşamayan, sevməyi, sevilməyi, gözəlliklərdən zövq almağı bacarmayan bir insan, şübhəsiz ki, axirətdə də birdən-birə bunlardan zövq alan bir insana çevrilə bilməz. Dünya həyatı onun üçün öyrənmə yeridir, yalnız burada nəfsinə bu xüsusiyyətləri qazandırdığı təqdirdə, axirətdə də bu xüsusiyyətlərə sahib ola bilər. Bunun əksini etdiyi təqdirdə, dünyada yaşadığı əxlaqa qarşılıq olaraq axirətdə də eyni sıxıntıları, əzabları və bədbəxtlikləri yaşamağa davam edəcək.
Məhz bundan ötrü də, hər insan özünü gözləyən bu təhlükədən qorxmalı, buna qarşı hazırlıq görməli və hələ vaxt olduğu halda, tam səmimi imanı yaşaya bilmək və Allahın bəyəndiyi əxlaqa nail ola bilmək üçün əlindən gələn bütün səyi göstərməlidir. Sonrakı sətirlərdə, düşündürücü olması baxımından, dünya həyatında səmimiyyətsiz əxlaq göstərən insanların axirətdə ala biləcəkləri qarşılıqlara toxunacağıq.
Nəfslərindəki böyüklənmə və eqoizm duyğularından qurtula bilməyən kimsələr, insanlar qarşısında böyüklənmək, daim hər yerdə hamıdan daha yaxşı və daha üstün bilinmək üçün böyük səy göstərərlər. Belə ki, bu səy onların dünya həyatında bədbəxtlik və əzab içində yaşamalarına səbəb olar. Bu insanlar etdiklərinin qarşılığını axirətdə xor görülərək, alçaldılaraq, biabır edilərək alacaqlar. Allah bu insanlar üçün Quranda belə buyurur:
Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbi haqqı inkar edir. Özləri də təkəbbürlüdürlər. Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir. Onlardan: “Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?” deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!” deyərlər. Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir! Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!” Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!” deyəcəklər. Onlara belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir. Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!” (Nəhl surəsi, 22-29)
...Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı əzabla cəzalandırılacaqsınız!” dediklərini bircə görəydin. (Ənam surəsi, 93)
Dünya həyatında böyüklük arzusuna qapılanlar, axirətdə “alçaldıcı halda cəhənnəmə doğru üzüstə süründürülərək” göstərdikləri əxlaqın qarşılığını alacaqlar:
“Alçaldıcı şəkildə süründürülərək” Cəhənnəm oduna atılacaqları gün; (Tur surəsi, 13)
Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq. (İnsan surəsi, 4)
...başlarına da qaynar su töküləcəkdir. (Həcc surəsi, 19)
Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr, məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir. (Furqan surəsi, 34)
Müsəlmanların dəvətlərinə lazımi əhəmiyyəti verməyən, bunlara gözəl şəkildə deyil, tərs rəftarlarla, mübahisəçi üslubla cavab verən insanlar, axirətdə ala biləcəkləri qarşılığı düşünməlidirlər. Eynilə axirətdə də, özlərini əbədi əzab içində mübahisə edən vəziyyətdə görə biləcəklərini unutmamalıdırlar. Dünyada bu səmimiyyətsiz əxlaqın özlərinə yaşatdığı əzabın, axirətdə sonsuz əzaba çevrilə biləcəyini bilməlidirlər. Bu əxlaq, bu insanların dünya həyatında heç kəslə dost ola bilməmələrinə, sevib-sevilə bilməmələrinə, bu nemətlərdən məhrum qalmağın əzabını yaşamalarına səbəb olar. Allah istəsə həmin bu narahat mühiti, bu insanlar üçün sonsuza qədər yarada bilər. Çünki Quranda cəhənnəm əhlinin də daim mübahisə apardığından, odun verdiyi ağrıyla yanaşı bir də bu narahat mühitin gətirdiyi mənəvi əzabı da daddıqlarından bəhs edilir:
Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. (Sad surəsi, 64)
Onlar orada höcətləşərək deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik, (Şuəra surəsi 96-97)
Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. (Qaf surəsi, 28)
Allahın ayələrini oxuyan və bilən insanlar, mübahisə etməyin cəhənnəm əhlinin xüsusiyyəti olduğunu bilərək, bu pis əxlaqdan şiddətlə çəkinməlidirlər.
İmanı qavradıqları halda, dünya həyatında daim bədbəxtlik içində yaşamağı normal hesab edən insanlar, bədbəxtliyin, cəhənnəmə aid xüsusiyyət olduğunu unutmamalıdırlar. Allah bu həqiqəti bu ayəsiylə bildirir:
Mən sizi alov saçan bir odla qorxutdum. Ona ancaq ən bədbəxt kimsə girər. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir. Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar. (Leyl surəsi, 14-17)
Dünya həyatında özlərinə verilən öyüdlərə qulaq asmayanlar, bəhanələr ortaya ataraq özlərini təmizə çıxartmağa çalışanlar, bu rəftarlarından ötrü özlərini mənfəətli hesab etməməlidirlər. Bəhanələrinin, dünyada qəbul edilsə də, axirətdə özlərinə heç bir fayda verməyəcəyini bilməlidirlər. Allah ayələrində insanları bu vəziyyətə qarşı belə xəbərdar edir:
Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır. (Rum surəsi, 57)
O gün zalımlara bəhanələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir. (Mömin surəsi, 52)
Bəhanələri qəbul edilməyən bu insanlar, dünya həyatında özlərinə verilən nəsihətləri qəbul edib Allahın bəyənəcəyi əxlaqı haqqıyla yaşamadıqları üçün, əbədiyyən davam edəcək böyük peşmançılıq çəkəcəklər:
Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”. (Mülk surəsi, 10)
Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha itaətkar olaydıq, Onun Elçisinə itaətkar olaydıq!”. (Əhzab surəsi, 66)
Allah, dünyada olarkən özlərinə saysız-hesabsız tövbə etmə imkanı verdiyi bu insanlara, çəkəcəkləri peşmançılığın axirət günü özlərinə heç bir fayda verməyəcəyini bildirir. Ayələrdə, dünya həyatında edilən dəvətdən üz döndərən bu insanların artıq heç bir köməkçilərinin olmadığı və əbədi əzabla qarşılaşacaqları belə bildirilir:
Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)
Belə peşmançılıq çəkməməyin yolu isə olduqca asandır. Bu yol, qarşısındakı insanın dünya və axirət əzabından qurtulmasını hədəfləyən kimsələrin verdiyi öyüdləri nemət hesab etmək, daha gözəl əxlaqa yiyələnmək üçün bunları itaətkarlıqla qəbul etməkdir.
Dünya həyatlarında nəfslərindəki eqoistliyi yox etməyənlər, fədakarlıq etməkdən çəkinənlər, bu əxlaqlarının axirətdə özlərinə zərər verə biləcəyini düşünməlidirlər. Mallarından, canlarından, vaxtlarından, əməklərindən Allahın rizasına uyğun istifadə etməyib, əvvəlcə rahatlıqlarını və mənfəətlərini güdənlər, axirətdə böyük peşmançılıq çəkəcəklər. Bu insanlar dünyada olarkən ehtiras duyduqları, özlərinin olmasını istədikləri, fədakarlıq edib başqalarıyla paylaşmaq istəmədikləri hər nə varsa, bunların hamısını əzabdan xilas ola bilmək üçün fidyə olaraq vermək istəyəcəklər:
Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin. Xeyr! Bu, alovu şölələnən Oddur. (Məaric surəsi, 11-15)
Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu əzabdan qurtarmaq üçün fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunis surəsi, 54)
Lakin Allah, dəyər verdikləri hər şeyi versələr belə, yenə də bu insanlardan heç nəyin fidyə olaraq qəbul edilməyəcəyini bildirir:
Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır. (Ənam surəsi, 70)
Bundan ötrü də, nəfslərinin az da olsa eqoistliyə meyil etdiyini hiss edən, öz nəfslərinin ehtiyac və istəklərini digər möminlərinkindən üstün tutan kimsələr, bu əxlaqı bilə-bilə davam etdirən insanların axirətdə alacaqları qarşılığı düşünməlidirlər.
Allahın sonsuz gücünü, rəhmətini, qullarına olan sevgisini, bağışlayıcılığını gərəyi kimi qavraya bilməyən insanlar, yaşadıqları ən kiçik çətinlikdə belə dərhal ümidsizliyə qapıla bilər və Allahın rəhmətindən ümidlərini kəsə bilərlər. Halbuki Allah; "...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq inkarçılar ümidlərini kəsər" (Yusif surəsi, 87) ayəsiylə bunun inkarçılara məxsus bir xüsusiyyət olduğunu bildirmişdir. Bundan ötrü də, Quranın bu hökmünü bildikləri halda, əxlaqlarındakı bu mühüm çatışmazlığı aradan qaldırmağa yanaşmayanlar, əbədiyyən bu sıxıntı içində yaşamaqdan, axirət həyatında ümidsizliyə qapılmaqdan çəkinməlidirlər. Allah, Quranda insanların cəhənnəmdə naümid qalacaqlarını belə bildirir:
Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. (Zuxruf surəsi, 75)
O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər. (Rum surəsi, 12)
Sahib olduqları gözəl nemətlərdən zövq ala bilməyən, əllərindəki nemətlərə nankorluq edən, Allahın lütfünü gərəyi kimi qiymətləndirməyi bacarmayan insanlar, bu əxlaqlarından ötrü dünya həyatını bədbəxtlik içində keçirərlər. Bu insanlar, Allahın özlərinə verdiyi nemətlərə nankorluq etməklə cavab verdiklərinə görə, cəhənnəm əzabına düçar olacaqlar. Allah ayələrində dünya həyatında nankorluq edən bu insanlar üçün, ən şiddətli əzabın hazırlandığını belə bildirir:
Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl nankoru, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə (Qaf surəsi, 24-26)
Həyatlarını Allah rizasını qazanmağa və Quran əxlaqını ən gözəl şəkildə yaşamağa həsr etmiş, iman edənlərə qarşı mümkün qədər səmimi, təvazökar və sevgi dolu əxlaq sərgiləyən möminləri qiymətləndirməyi bacarmayan insanlar, əbədiyyən bu üstün insanlardan uzaqda yaşamaqdan qorxmalıdırlar. Allahın dostu olan və Onun rizası üçün çalışan insanlar olduqlarını gördükləri halda, möminlərlə dost ola bilməyən, onlara səmimi davranmağı bacarmayan insanlar, axirətdə inkarçılarla bir yerdə yaşamaq məcburiyyətində qala bilərlər.
Dünya həyatında olarkən möminlərin yanında sıxılan, narahat olan, təbii davrana bilməyən, şövqsüz və soyuq rəftarlar göstərən, onlardan gələn öyüd və xatırlatmalara pis gözlə baxıb, xoşagəlməz mövqe nümayiş etdirən insanlar, axirətdə onların yanındakı bu etibarlı mühiti peşmançılıqla axtara biləcəklərini unutmamalıdırlar. Belə bir əxlaqı yaşamağın qarşılığının, yenə bu əxlaqı göstərən insanlarla birlikdə olmaq olacağı aydındır. Bu həqiqəti axirətdə görən insanlar, Allaha, özlərini bu insanlarla bir yerdə toplamaması üçün son dəfə yalvaracaqlar. Lakin Allah ayələrində eyni əxlaqı göstərən bu insanların cəhənnəmdə görüşüb əbədiyyən birlikdə yaşamaq məcburiyyətində qalacaqlarını bildirir:
Həqiqətən, Cəhənnəm onların hamısının görüşmə yeridir. (Hicr surəsi, 43)
Artıq heç bir dostlarının olmadığını anlayan bu insanlar, peşmançılıqla bunları deyəcəklər:
İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canıyanan bir dostumuz var! Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq. (Şuəra surəsi, 100-102)
İman edən bir insan, dünyada və axirətdə insanların yeganə dostunun əvvəlcə Allah sonra da Allahın elçiləri və saleh möminlər olduğunu bilməli, qəlbində iman edənlərə qarşı cüzi də olsa kin tutmadan, onları tam səmimiyyətlə sevməlidir. Ancaq bu yolla axirətdəki sonsuz həyatında da, bu insanlara birlikdə ola biləcəyini unutmamalıdır.
Özünə öyüd verən, gözəl əxlaqa dəvət edən insanları müxtəlif bəhanələr ortaya ataraq aldatdıqlarını düşünən insanlar, bu səmimiyyətsiz hərəkətlərinin axirətdə qarşılarına çıxacağını bilməlidirlər. Dünyada olarkən gizlətdiklərini zənn etdikləri hadisələr, axirətdə ortaya çıxacaq. O gün insanın əlləri, ayaqları və dərisi öz əleyhinə şahidlik edəcək, etdiyi bütün səmimiyyətsiz hərəkətləri deyib ortaya tökəcək. Bu da ikiüzlü davranan insanların əzabdan qaça bilməyəcəklərinin göstəricisidir. Quranda bu həqiqət belə bildirilir:
o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın Haqq olduğunu biləcəklər. (Nur surəsi, 24-25)
Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz (Fussilət surəsi, 20-24)
Ümumiyyətlə istənilən mövzuda istədikləri kimi danışa bildikləri halda, nəfslərinə zidd düşən vəziyyətlərdə möminlərə etiraz etmək üçün susqunlaşan insanlar, bu səmimiyyətsizliklərinin axirətdə qarşılarına çıxa biləcəyini düşünməlidirlər. Allah, axirətdə cəhənnəm əhlinin danışmasına icazə verməyəcək və onlarla danışmayacaq. Ayələrdə cəhənnəm əhlinin bu vəziyyəti bu sözlərlə izah edilir:
Allah buyuracaq: “Orada qalmağa alışın və Mənə heç nə deməyin!” (Muminun surəsi, 108)
Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onları danışdırmayacaq, üzlərinə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır. (Ali İmran surəsi, 77)
Dünya həyatında kiçik hesab edilən səmimiyyətsiz bir hərəkət belə mütləq axirətdə insanın qarşısına çıxacaq. Burada möminlər tolerantlıq nümayiş etdirə və görməzliyə vurub bağışlaya bilərlər. Lakin bu vəziyyət insanları aldatmamalıdır; əgər insanların qəlbində gizlətdikləri bir səmimiyyətsizlik varsa, Allah bunu bilir və bunun qarşılığını axirətdə mütləq verəcək. Bundan ötrü də, hər insan etiraz əlaməti olaraq susmağın Allah Qatında mütləq qarşılıq görəcəyini bilməli və belə bir rəftar göstərməkdən qorxub çəkinməlidir.
Möminlərin bütün xatırlatmalarına və xəbərdarlıqlarına baxmayaraq, baxışlarında Allaha olan imanlarını və bağlılıqlarını əks etdirmək əvəzinə, səmimiyyətsizliklərini əks etdirən insanlar, bu rəftarlarından ötrü axirətdə haqq-hesaba çəkilə biləcəklərini unutmamalıdırlar. Dünya həyatında səmimiyyətsizlik etməkdən çəkinməyən insanlar axirətdə istəsələr də, heç baxa bilməyəcək vəziyyətə düşməkdən qorxmalıdırlar. Çünki bu vəziyyətdə, artıq istəsələr də, gözlərində təbii bir ifadə yarana bilməyəcək; gözləri korlaşacaq, üzləri sərtləşəcək, baxışlarını qorxu və dəhşət bürüyəcək. Allah Qiyamət günü insanların baxışlarının alacaqları şəkli belə təsvir edir:
Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır. (İbrahim surəsi, 42)
O gün sur üfürüləcək və o gün günahkarları (üzləri qara, gözləri daş kimi, kor və) göm-göy göyərmiş halda bir yerə toplayacağıq. (Taha surəsi, 102)
O gün onların baxışları qorxudan və dəhşətdən yerə dikiləcək, üzlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri (Qiyamət və əzab) günü! (Məaric surəsi, 44)
Əlbəttə ki, heç bir insan belə bir qarşılıq almağı istəməz. Bundan qurtulmağın yeganə yolu isə, dünya həyatında bütün səmimiyyətsiz hərəkətlərdən imtina edib, Allah və möminlər qarşısında dürüst əxlaqa nail olmağa çalışmaqdır.
Quranda yanlış olduğu bildirilən rəftarları açıq şəkildə göstərə bilməyib gizlində baxışlarıyla, üz ifadələri və ya mimikalarıyla yaşamağa çalışan insanlar, bunun axirətdəki qarşılığını düşünməlidirlər. Allah istəsə bu insanların üzünü bir də istəsələr belə, istifadə edə bilməyəcəkləri hala sala bilər. Artıq istəsələr də dürüst və səmimi üzlə baxdıqlarını göstərə bilməyəcəkləri bir formaya düşə bilərlər. Unudulmamalıdır ki, Allah, Quran ayələrində cəhənnəm əhlinə verəcəyi qarşılıqlardan birinin də, bu insanların üzlərinə tuş gələcək əzabla alçaldılmaq olduğuna diqqət çəkir:
Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə, onlar çirkinləşdiriləcək insanlardır. (Qəsas surəsi, 42)
O gün neçə-neçə üzlər də qaralıb turşumuşdur. (Qiyamət surəsi, 24)
Tezliklə Biz onun burnuna damğa vuracağıq. (Qələm surəsi, 16)
Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı? O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, çox qızmar oda girəcək, (Ğaşiyə surəsi, 1-4)
Hər insan, Allahın ayələrdə bildirdiyi bu qarşılığı düşünməli və tezliklə səmimiyyətsizlikdən imtina edib saleh möminlərə məxsus, səmimi rəftara yiyələnməyə çalışmalıdır. Həmçinin axirətdə bəzi insanlara üz verəcək belə əzabla qarşılaşmamaq üçün, dünyada olarkən mömin rəftarı göstərmək bütün insanların məsuliyyətidir.