Rəbbimiz; "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər..." (Nisa surəsi, 17) ayəsiylə, qəbul edəcəyi tövbənin necə olmasının lazım olduğunu bildirir. Digər bir ayəsində isə, Allah saleh möminləri; "o kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar bilə-bilə etdiklərində israr etməzlər" (Ali İmran surəsi, 135) sözləriylə xarakterizə edir.
Allah, avamlıq və ya cahillikdən ötrü edilən, ancaq pis iş olduğu məlum olduqda dərhal imtina edilən və bilə-bilə təkrar edilməyən səhvləri bağışlayacağını bildirir. Məhz Allaha qarşı tam səmimi olmaq istəyən mömin bu ayələr istiqamətində düşünməli və gizlətdiyi bütün səmimiyyətsizliklər üçün Allahdan bağışlanma diləməlidir.
Lakin bu məqamda yenə səmimiyyətlə qiymətləndirilməsi lazım olan bir xüsus da var: Allahın axirət günü insanları yalnız açıq şəkildə göstərdiyi səmimiyyətsiz rəftarlardan ötrü məsul tutmayacaq. O insanları, vicdanən bildikləri, amma insanlardan gizlətməyə çalışdıqları gizli səmimiyyətsiz hərəkətlərindən ötrü də hesaba çəkəcəkdir. Quranın bir ayəsində; "...Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir" (Nur surəsi, 29) hökmüylə xatırladıldığı kimi, qarşılarındakı insanların sübut edə bilmədiyi xüsuslarda da, Allah insanın içindən keçənləri bilir. Bundan ötrü də, insan, özünü qiymətləndirərkən yalnız kənardan görülə bilən və dəlilləndirilə bilən rəftar pozuqluqlarını deyil, gizli səmimiyyətsizliklərini də nəzərə almalı və bunların hamısından imtina edərək Allahdan bağışlanma diləməlidir.
Bunun əksini etsə, belə ki, özünə xatırladılanlardan yararlanmaq istəməsə, ehtiyacsız olduğunu zənn etsə və üz döndərsə; "xeyr! İnsan, doğrudan da, yolunu azar özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə" (Ələq surəsi, 6-7) ayələriylə bildirilən insanların mövqeyinə düşə biləcəyini bilməlidir. Bu vəziyyətdə bilə-bilə səmimiyyətə yanaşmadıqları, Allahın ayələrini bildikləri, doğru yolu gördükləri halda, rəftarlarını bilə-bilə dəyişdirmədikləri üçün, Allah da bu insanları anlama qabiliyyətindən tamamilə məhrum edə bilər. Allah qullarını bu vəziyyətə qarşı belə xəbərdar edir:
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”. (Əraf surəsi, 146)
Həm Quran ayələriylə, həm vicdanlarıyla, həm də səmimi möminlər vasitəsiylə açıq şəkildə xəbərdar edildikləri halda, səmimiyyətsizliklərində israr edən insanların dünya həyatında ala biləcəkləri qarşılıq, bununla da kifayətlənməyə bilər. Allah Quran haqqında yaxşı şəkildə düşünməyən insanların artıq istəsələr də, özlərinə verilən öyüdləri qəbul edə bilməyəcəkləri şəkildə, qəlb gözlərinin korlaşa biləcəyini belə xəbər verir:
Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və qəlb gözlərini kor etdiyi kimsələrdir. Məgər onlar Quran haqqında yaxşı şəkildə düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır? (Məhəmməd surəsi, 23-24)
Bütün bunlar Allahın, səmimiyyətsizlikdə israr edən insanlara dünyada verə biləcəyi qarşılıqlardan yalnız bir neçəsidir. Unudulmamalıdır ki, Allah hər şeyi yaratmağa qadirdir. İstəsə dünya həyatında insanlara verdiyi əzabı artıra bilər. İnsanların səmimiyyətsiz olduqlarından ötrü yaşadıqları gizli əzablar, həyatlarının hər anını əhatə edə bilər. Allah istəsə dünyanı insanlara dar edə bilər. Quranda, keçmişdə yaşamış bir çox qövmün, belə əzab qarşısında Allaha təslim olub səmimiyyətə yönəldiklərindən bəhs edilir. Bir ayədə isə Allah; "sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə, dində Ona “səmimi-qəlbdən və xalis bağlılar (muhlis)” olaraq Allaha dua etməyə başlayarlar: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq" (Yunis surəsi, 22) deyə bildirərək insanların əlacsız vəziyyətdə, dənizin ortasında dalğalarla əhatə edilmiş halda qaldıqlarında “dində Ona “səmimi-qəlbdən və xalis bağlılar (muhlis)” olaraq” Allaha yönəldiklərini xatırladır.
Məhz insanlara bu səmimiyyəti qazandıran, Allahın əzabını görərək, Onun gücünü və qüdrətini dərk etmiş olmalarıdır. Diqqət çəkən məqam isə, bu insanların belə bir vəziyyətdə səmimiyyəti qazanmaq üçün, heç bir çətinlik çəkməmələridir. Əzabı gördükləri anda vicdanlarından və iradələrindən tam şəkildə istifadə edə bilir və Allahın razı olacağı əxlaqa nail ola bilmək üçün, əllərindən gəldiyi səmimi bir səy göstərə bilirlər. Bu da insanların əzabla qarşılaşmadan əvvəl, səmimi ola biləcəklərini göstərir. Əslində, başqalarının özlərini başa salmasına, səmimiyyətsizliklərini sübut etməyə çalışmasına ehtiyac yoxdur. Yalnız vicdanlarının səsinə qulaq asmaqla da, Allahın razı olacağı bu xüsusiyyəti qazana bilərlər. Buna baxmayaraq, özlərinə xatırladıldığı, səmimiyyətə dəvət edildikləri halda, üz döndərsələr, bu təqdirdə Allahın dünya həyatında verə biləcəyi əzabdan şiddətlə qorxub çəkinməlidirlər.
Çünki Allah istəsə, insanları səmimiyyətsizliyə cürət etdikləri anda tezliklə əzablandıra bilər. İnsanın əlindən bütün mal-dövlətini, etibarını alıb, gücsüz və möhtac edə bilər. İnsana, düşünməklə ağlına belə gətirə bilməyəcəyi dərəcədə daxili narahatlıq, bədbəxtlik və kədər verə bilər. Bədənini diri saxlayıb, ruhunu həyatının sonuna qədər heç bir nemətdən, heç bir gözəllikdən zövq almayacaq şəkildə qatılaşdıra bilər. Ölənə qədər sevmənin, sevilmənin, dostluğun, səmimiyyətin gözəlliyini dada bilməyəcəyi bir həyat yaşada bilər. Bu mənəvi əzablarla yanaşı, Allah bu insanlara amansız dərd və xəstəliklər də verə bilər. Bir ayəsində Allah insanlara bu vəziyyəti; "de: “Allah başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər" (Ənam surəsi, 65) hökmüylə xatırladır, bütün insanlara əzaba düçar olmamaları üçün xəbərdarlığını bildirir. İnsan bütün bu ehtimallardan qorxub çəkinməli və dərhal səmimiyyətə yönəlməlidir.
Özlərinə verilən möhlət də, insanları aldatmamalıdır. Allah, insanlara mərhəmətli, əfv edici və bağışlayıcı olduğundan ötrü doğru yola yönəlmələri üçün müəyyən möhlət verir. Əgər insan bu möhləti öz xeyirinə istifadə etməsə Quranın; "neçə-neçə şəhərlərə, əhalisi zülm edərkən möhlət verdim, sonra onları əzabla yaxaladım. Dönüş də ancaq Mənədir!" (Həcc surəsi, 48) ayəsiylə bildirildiyi kimi, qaçınılmaz bir əzaba düçar ola bilər. İnsan özünə verilən möhlətin nə vaxt bitəcəyini bilməz. Bundan ötrü də, hər an öləcəkmiş kimi, imanını gücləndirmək və əxlaqını gözəlləşdirmək üçün ciddi səy göstərməlidir. Unudulmamalıdır ki, ölənə qədər hər insanın hər an yenidən başlama, yenidən iman etmə və səmimi surətdə Allaha təslim olma imkanı var. Səmimiyyətsizlikdən qurtulmağın yolu çox asandır. İnsan, Quran ayələri istiqamətində niyyətinə yenidən nəzər salmalı, həyatının heç bir anında, heç bir mövzuda, gizli və ya açıq heç bir səmimiyyətsiz hərəkət etməməlidir.