Bura qədər izah etdiyimiz bütün həqiqətlər kitab əhli ilə müsəlmanların oxşar inanc və düşüncəyə sahib olduqlarını göstərir. Hər üç dinin mənsubları Allah'ın varlığına, birliyinə, bütün kainatı və canlıları Onun yaratdığına, insanların həyatlarını Allah'dan gələn vəhyə görə tənzimləməli olduğuna inanır. Tövrat və İncildə təhrif edilməmiş hissələrdəki əxlaq anlayışı ilə Quranda təsvir edilən əxlaq anlayışı və ideal cəmiyyət modeli də bir-birinə bənzəyir. Şübhəsiz, bu bənzərliklərlə yanaşı, bəzi inanc fərqlilikləri də vardır. Bu inanc fərqlilikləri tarixdə üç dinin mənsubları arasında mübahisə və hətta qarşıdurma səbəbi olmuşdur və hələ də davam edir. Ancaq dinsiz, ateist ideologiyaların mövcud olduğu bir dövrdə üç din arasındakı fərqliliklər deyil, bənzərliklər ön plana çıxarılmalıdır.
Fərqlilikləri ixtilaf mövzusuna çevirməməliyik. Televiziya xəbərlərində bəzən böyük bir zəlzələ və ya sel fəlakətindən sonra aparılan xilas işlərini izləyirik. Bu görüntülərdə ortaq cəhət diqqətimizi çəkir. Təbii fəlakətdən sonra müxtəlif ölkələrdən fərqli millətlərə və dinlərə mənsub insanlar səfərbər olur, heç bir fədakarlıqdan qaçmır, zərər görən insanları xilas etmək üçün əl-ələ verirlər. Hətta aralarında düşmənçilik olan ölkələr də belə çətin zamanlarda düşmənçiliyi bir kənara buraxırlar. Heç tərəddüd etmədən fəlakətdən sarsılan ölkənin köməyinə qaçırlar. Belə bir vəziyyətdə, dağıntı altında qalan və ya boğulmaq təhlükəsi olan insanlar təcili kömək gözləyərkən keçmişdən qaynaqlanan problemləri, müharibələri, çəkişmələri, mübahisələri, ön mühakimələri gündəmə gətirmək böyük vicdansızlıq olar. Bir də cəmiyyətlərin yaşadığı vəziyyəti gözümüzün önünə gətirək: ateizmi və materializmi qanuna çevirən ideologiyaların fəaliyyətləri, sosial degenerasiya, əxlaqi çöküntü, yoxsulluq, aclıq, artan pisliklər, dağılan ailələr, mənəvi boşluq içindəki insanlar, qeyri-qanuni hərəkətlər, cinayətlər, müharibələr, qarşıdurmalar, narahatlıqlar...
Şübhəsiz, bunlar və buna bənzər pisliklər cəmiyyətləri sürətlə maddi və mənəvi dağıntıya sürükləyir. Digər tərəfdən, ateist-materialist, dağıdıcı fəlsəfələr insanların həm dünya, həm də axirət həyatı üçün təhdiddir.
İnanclı, səmimi, vicdanlı və sağlam düşüncəli xristian, yəhudi və müsəlmanlar pislərə qarşı köməkləşib ortaq fikri mübarizə aparmalı, birlikdə çalışmalıdırlar. Bu birlik sevgi, hörmət, şəfqət, mərhəmət, anlayış və əməkdaşlıq prinsipləri əsasında yaradılmalıdır. Vəziyyətin nə qədər təcili olduğunu diqqət mərkəzində saxlamalı, çəkişmə, mübahisə və ayrılığa gətirib çıxaran ünsürlərdən qaçmalıyıq.
Yəhudiliyin kitabı Əhdi-Ətiqə, xristianlığın əsası olan Əhdi-Cədidə və Qurani-kərimə baxanda qarşılıqlı əlaqələrdə ən gözəl söz və davranışların tövsiyə edildiyini görürük. Xristianların digər insanlara qarşı davranış üslubu İncildə belə izah edilir:
...Bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın. (1 Saloniklilərə, 5: 15)
Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. (Titusa, 3: 2)
Tövratda isə yəhudilərin insanlara yaxşı davranması belə tövsiyə edilir:
Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə, iddia etdiyiniz kimi ordular Allah'ı Rəbb, həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin... Ədalətə üstünlük verin. (Amos, 5: 14-15)
Quranda isə Rəbbimiz bir çox ayəsində gözəl əxlaqın, yaxşılığın, pisliyə yaxşılıqla cavab verməyin əhəmiyyətini bildirmiş, yəhudi və xristianlara qarşı müsəlmanların yaxşı niyyətlə və şəfqətlə yaxınlaşmasını buyurmuşdur. Quranda yəhudi və xristianların müşriklərdən (yəni bütpərəst və ya dinsizlərdən) müsəlmanlara daha yaxın olduğu açıq şəkildə ifadə edilir.
Kitab əhli Allah'ın vəhyinə əsaslanan əxlaqi meyarlara, haram və halal anlayışlarına malikdir. Bunun üçün kitab əhlindən olanların bişirdiyi yemək müsəlmanlar üçün halal edilmişdir. Eyni şəkildə, müsəlman kişilərə kitab əhlindən qadınlarla evlənmə icazəsi verilmişdir. Bu mövzu ilə bağlı olaraq ayədə Allah belə buyurur:
Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)
Bu hökmlər müsəlmanlarla kitab əhli arasında nikahın qurula biləcəyini, hər iki tərəfin bir-birinin yemək dəvətinə gedə biləcəyini göstərir ki, bunlar mehriban insani əlaqələr, dinc və ortaq həyat qurulmasını təmin edən əsaslardır. Quranda bu mülayim və mehriban düşüncə tövsiyə edilərkən müsəlmanların əksinə davranması doğru deyil.
Müsəlmanlar xristianlara və yəhudilərə hörmətlə, nəzakətlə davranmalı və onlara Quranın ortaq ayələrində birləşmə dəvətini ən gözəl şəkildə çatdırmalıdır. Müsəlmanlarla kitab-əhlinin ittifaqının sirri bu dəvətdədir:
De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah'dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah'ı qoyub bir-birimizi ilahiləşdirməyək”... (Ali-İmran surəsi, 64)
De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”.
(Ali İmran Surəsi, 95)
Kainatın hər tərəfi inkarçıların yanlış və azğın fəlsəfələrini yerlə-yeksan edən dəlillərlə doludur. Vicdanının səsini dinləyən, səmimi və ön mühakimələrdən uzaq olaraq kainatı və təbiəti araşdıran hər kəs ətrafındakı yaradılış dəlillərini dərk edir. Canlı-cansız hər varlıq Allah'ın üstün yaratma sənətini bizə tanıdan mesajlar daşıyır, ətrafımız Onun varlığını və birliyini açıq ortaya qoyan işarələrlə əhatə edilmişdir.
Allah'ı inkar edənlərin qarşıya qoyduğu ən böyük cəfəngiyat canlı-cansız hər şeyin təsadüf nəticəsində meydana gəlməsi iddiasıdır. İnkarçıların yaymağa çalışdığı bu batil inancın aradan qalxması üçün ətrafımızdakı yaradılış dəlillərini müasir elmin işığında araşdırmaq və bunları insanlara izah etmək lazımdır. Canlılardakı möhtəşəm quruluşu və mükəmməl sistemləri, kainatdakı fövqəladə nizamı və milyardlarla həssas tarazlığı bütün açıqlığı ilə görən vicdanlı insanlar bu sayədə bunların təsadüfən meydana gələ bilməyəcəyini və hər şeyi üstün güc sahibi olan Allah'ın yaratdığını anlayarlar. Beləliklə, inkarçıların yaymağa çalışdığı təsadüf yalanı yerlə-yeksan olar.
Yaradılış dəlilləri Allah'ın varlığını və birliyini, Onun üstün qüdrətini, elm və sənətini göstərən hər cür məlumatı və həqiqəti əhatə edir. Bunlar insanların Allah'ın varlığını dərk etməsinə və Ona yönəlməsinə vəsilə olur.
Qəflətdəki insanların hər gün ətraflarında şahid olduğu, lakin görə bilmədiyi bir çox yaradılış dəlillərini, mükəmməllikləri bütün xüsusiyyətləri ilə onlara göstərmək bu şəxslərin qəflətinin dağılmasında çox təsirli olar. İllərdir hər kəsin görməyə alışdığı və bir çox insanın düşünmədiyi bir çox iman həqiqəti vardır. İnsanın təkcə öz bədəni böyük yaradılış dəlilidir. Sahib olduğumuz gözlər dünyanın ən inkişaf etmiş kameralarından daha üstündür. Bədənimizdəki hər sistem böyük uyğunluq və tarazlıq içində çalışır, ancaq nəhəng laboratoriyalarda reallaşa bilən kimyəvi proseslər daxili orqanlarımız tərəfindən daha mükəmməl şəkildə icra edilir. Allah qidalanmağımız üçün minlərlə nemət yaratmışdır. Hamısı eyni quru torpaqdan çıxır, buna baxmayaraq, möcüzəvi dadlara, qoxulara, görüntülərə və ehtiyacımız olan vitamin və minerallara sahib olan meyvə, tərəvəz və digər qidaların hər biri bizə Allah'ın yaratmasının dəlilini təqdim edir. Hal-hazırda bir çox insan bu gerçəklər üzərində heç düşünmədən Allah'ın nemətlərindən istifadə edir, Ona şükür etməyi ağıllarına belə gətirmədən qəflət içində yaşayır. Bu qəfləti aradan qaldırmaq üçün Allah'a və axirət gününə iman gətirən səmimi dindarlar əl-ələ verməlidirlər.
Quranın bir çox ayəsində insanlar yuxarıda sadaladığımız həqiqətlər üzərində düşünməyə, Allah'ın varlığını və böyüklüyünü göstərən bu dəlilləri görüb qavramağa dəvət edilmişlər. Bu mövzudakı ayələrdən bir neçəsi belədir:
Məgər Allah'ın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O, sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi. (Belə etdi) ki, orada geniş yollarla hərəkət edəsiniz. (Nuh surəsi, 15-20)
Yuxarıdakı ayələrdə diqqət çəkilən mövzular haqqında cildlərlə kitab yazıla bilən məlumatlar vardır. Məsələn, səmanın yeddi laydan ibarət olması və bunların dünyadakı ekoloji sistemə və canlılara verdiyi faydalar, Ay və Günəşin mövsümlərə, iqlimlərə, gecə-gündüzün meydana gəlməsinə və insan həyatına olan təsirini düşünmək insanın düşüncə üfüqünü genişləndirən, imanını artıran vasitədir. Bu sistemlərdə meydana gələn ən kiçik bir dəyişikliyin necə təhlükəli nəticələr doğuracağını düşünmək də eyni şəkildə təsirlidir. Bütün kainat bunun kimi saysız-hesabsız dəlillərlə doludur. Lakin insanların bir qismi gündəlik həyatda bu möcüzələr üzərində, demək olar ki, heç düşünmür. Bu səbəbdən, yaradılış dəlillərini insanların düşünmədiyi yönləri ilə izah etmək qarşı tərəfi düşünməyə sövq edər və Allah'ın gücünü və qüdrətini tanıyıb təqdir etməsinə gətirib çıxarar.
Allah'ı təqdir edən bir insanın həyatında, əxlaqında, ümumi rəftar və davranışlarında müsbət dəyişikliklərin olacağı da aydındır. Rəbbimizin gücünü və qüdrətini dərk edən bir insan Onun əmrlərini əskiksiz yerinə yetirmək üçün səy göstərər və Allah'ın razı olacağı əxlaqı yaşamağa cəhd edər. Beləliklə, təvazökar, səbirli, vəfalı, fədakar, mərhəmətli, cəsur, dürüst və ədalətli insanların sayı artar və Allah'ın bildirdiyi gözəl əxlaqın yayılması ilə dünya gözəl bir məkana çevrilər.
O halda, gəlin birləşək. Yaradılış həqiqətlərini araşdıraq, bunları bütün insanlara izah edək və onları Rəbbimiz olan Allah'ı sevməyə, Ona şükür etməyə, Onun əmr etdiyi əxlaqı yaşamağa və Onun razılığı üçün ibadət etməyə dəvət edək.
Təkamülçü prof. Riçard Dokinz
Əvvəlki səhifələrdə toxunduğumuz kimi ateist, materialist və din əleyhdarı güc mərkəzləri din əxlaqına qarşı əvvəlki dövrlərdən daha çox mübarizə aparırlar. İnsanları Allah'ın yolundan azdırmaq, onlara Allah'ın varlığını və birliyini inkar etdirmək, din əxlaqını aradan qaldırmaq üçün son iki əsrdir dünyada sistemli bir iş görülür.
Burada diqqət çəkici məqam ondan ibarətdir ki, bütün azğın və yanlış sistemlər elmilik iddiasındadır və bu iddianı da darvinizmə əsaslandırırlar. Darvinizm insanlara yaradılışı inkar etdirərək onları ateizmə sürükləyir. Məqsəd dünyanı güclülərin ayaqda qaldığı bir həyat mübarizəsinin arenası kimi təsvir edərək, insanları İlahi dinlərin gətirdiyi əxlaqi üstünlüklərdən uzaqlaşdırıb eqoist və mərhəmətsiz heyvanlara çevirməkdir.
Məşhur ateist təkamülçü professor R.Dokinz (Richard Dawkins): “Darvindən əvvəl ateist olmaq elmi cəhətdən mümkün deyildi, Darvin bizə bu imkanı verdi”, - deyərək təkamül nəzəriyyəsinin missiyasını yekunlaşdırır.
Halbuki təkamül təlimi ateistlərə bu imkanı verməmişdir. Çünki nəzəriyyə elmi tapıntılarla ziddiyyət təşkil edir. Paleontologiya, biokimya, müqayisəli anatomiya, biofizika kimi bir çox elm sahəsi canlıların meydana gəlməsinin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təbii müddətlər və təsadüflərlə açıqlana bilməyəcəyini göstərir. Qısası, təkamül elmlə əlaqəsiz şəkildə müdafiə olunur.
Bununla birlikdə, hələ də elm dünyasında və bəzi mətbuat səhifələrində təsirli mövqelər təkamül nəzəriyyəsinin fanatik tərəfdarlarının əlindədir. Onlar darvinizmi nəyin bahasına olursa-olsun, dəstəkləməyi hədəf alır, bu səbəbdən, həqiqətləri gizlədir və ya təhrif edirlər. Təkamül nəzəriyyəsini tənqid edən əsərləri və elm adamlarını kənarlaşdırmağa çalışırlar.
Elm və düşüncə dünyasındakı darvinist diktatorluğa qarşı Allah'a inanan insanların birləşərək etiraz etməsi olduqca vacibdir.
O halda, gəlin birləşək. XXI əsrin elmi və texnoloji imkanlarından istifadə edərək darvinizmin böyük yalan və saxtakarlıq olduğunu bütün dünyaya izah edək, həyatın həqiqi mənşəyinin yaradılış olduğunu bütün insanlara eşitdirək
Allah iman gətirənlərə yer üzündə sülhü təmin etməsini və sülhün qoruyucuları olmasını əmr etmişdir. Yer üzündə təxribat törədənləri, haqlı səbəbi (müdafiə və ya məzlumları qurtarma məqsədi) olmadan müharibə çıxaranları, nizamı pozanları, günahsız insanları qətl edənləri lənətləmişdir. Rəbbimizin əmr etdiyi əxlaqı yaşayan möminlərin vəzifələrindən biri də insanlar üçün sülhü və təhlükəsizliyi təmin etmək, bütün insanların rahat yaşaya biləcəyi bir dünya meydana gətirməkdir.
Daha çox torpaq əldə etmək, öz irqinin və ya xalqının üstünlüyünü sübut etmək, digər millətləri hakimiyyəti altına almaq kimi səbəblərlə başlayan müharibə və qarşıdurmalar həyatını itirmiş günahsız insanlar, şikəstlər, yetimlər, ruhi tarazlığını itirmiş insanlar, yandırılıb dağıdılmış şəhərlər, dağıdılmış mədəniyyətlər, yoxluq, qorxu və aclıq yaradır, həmçinin böyük dağıntılar meydana gətirir.
Müharibənin, qarşıdurmaların və hər cür qan tökməyin əsasında insanların əsl din əxlaqından uzaqlaşması dayanır. Bəzən də din adı altında ortaya çıxan bəzi şəxslərin azğın açıqlamaları əsl din əxlaqı haqqında kifayət qədər məlumatı olmayanlara təsir edir, onları din əxlaqına uyğun olmayan hərəkətlər etməyə yönləndirir. Anlaşılmazlıqların və problemlərin şiddət yolu ilə həll edilməsinə inananlar, təzyiq və despot üsulları ilə insanlara zülm edənlər, zülmlərinə qanuni don geyindirməyə çalışanlar qarşısında iman gətirənlərin əməkdaşlığı əhəmiyyətlidir.
O halda, gəlin birləşək.
İnsanlara əsl din əxlaqını izah edərək onları qarşıdurma və müharibəyə sürükləyən hər cür səbəbin aradan qalxmasına vəsilə olaq.
Fərqli inanclar arasında heç bir şəkildə qarşıdurma olmasına ehtiyac olmadığını birlik halında hərəkət edərək rəftar və davranışlarımızla insanlara göstərək.
Sevginin, anlayışın və mərhəmətin yayılması üçün insanlara Allah sevgisini izah edək.