Allah dünya həyatında insanlara öyüd ala biləcəkləri qədər müddət verər və bu müddətdə onlara müxtəlif yollardan xatırlatmalar edər. Xüsusən insanın gündəlik həyatında qarşılaşdığı bir çox hadisə bu xatırlatmaların əhatə dairəsinə daxil olar. Məsələn, hər gün bir çox ölüm hadisəsinin baş verməsi, bunlardan xəbərdar olmağımız, hətta şahid olmağımız Allahdan gələn bir xatırlatmadır. Allah bu hadisələrlə bizə də ölümlə hər an qarşılaşa biləcəyimizi xatırladar. Eynilə dünyada insanların sahib olduğu fiziki çatışmazlıqlar da Rəbbimizin bir xatırlatmasıdır. İnsan öz çatışmazlıqları ilə gün ərzində təmasdadır və bunları görməzlikdən gəlməsi qeyri-mümkündür. Daha əvvəl də bəhs etdiyimiz kimi, Allah bu çatışmazlıqları insanlara dünyada verərək, buradakı həyatın ehtirasla bağlanılacaq tərəfi olmadığını xatırladar həmişə. Yenə Allahdan insanlara xatırlatma mahiyyətində çatan digər bir hadisə də, əldəki nemətlərin itirilməsi və bəlaya uğramaqdır. Bir insan çox gözəl və ya çox zəngin ola bilər. Lakin Allah istəsə hər hansı bir hadisəni səbəb edərək bu gözəlliyi də, malı-mülkü də bu insanın əlindən ala bilər. Belə ki, bunun nümunələrinə ətrafımızda çox tez rast gələrik.
Məhz bütün bunların Allahın bəndələrinə rəhmət kimi etdiyi xatırlatmalar olduğunu, bunları düşünüb Allahın bizi dəvət etdiyi doğru yolda irəliləməli olduğumuzu əsla unutmayın. Lakin Quranda da bildirildiyi kimi, bu xatırlatmalar möminlərə fayda verdiyi halda, Allaha qarşı təkəbbürlənənlərə xeyli ağır gələr:
O zaman, əgər “öyüd və xatırlatma” fayda verəcəksə “öyüd verib xatırlat”. Allahdan “içi titrəyərək qorxan” öyüd alıb düşünər. “Bədbəxt” olan isə bundan qaçar. (Əla surəsi, 9-11)
Yenə unutmayın ki, Quranı, Allah insana, rəhbər və özlüyündə öyüd və xatırlatma kimi nazil etmişdir. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
And olsun, Biz bu Quranda müxtəlif açıqlamalar verdik, öyüd alıb düşünsünlər deyə. Halbuki bu, onların təkcə daha da uzaqlaşmalarını artırır. (İsra surəsi, 41)
Necə ki, Quranda insanlara çox xatırlatma və xəbərdarlığın gəldiyinə dair bir çox ayə var. Bunun müqabilində kim bu xatırlatmaları qulaqardına vurub üz döndərsə artıq bu insan əzaba layiq olar. Quranda bu mövzuda qeyd olunan ayələr aydındır:
Halbuki, and olsun, şiddətli yaxalamağımıza qarşı onları xəbərdar etmişdi. Lakin onlar, bu xəbərdarlıqlara şübhə edib inkar etməkdə israr etdilər. (Qamər surəsi, 36)
Edilən bütün xatırlatmaların Allahdan gəldiyini unutmayın. Allah qullarına, elçiləri və onlara göndərdiyi kitablar vasitəsilə əmrlərini bildirmiş, razı qalacağı rəftarları xatırlatmışdır. Möminlərə də, bir-birlərini yaxşı əməllər işləməyə dəvət edib pis əməllər işləməyi qadağan etmək və doğrunu xatırlatmaq vəzifəsini vermişdir. Elə isə mömin üçün, özünə edilən hər xatırlatma olduqca dəyərlidir. Quranda insanlara bir-birlərinə həmişə yaxşı əməllər işləməyi tövsiyə edib, pis əməllər işləmələrinə mane olmağı və bir-birlərinə bu mövzuda xatırlatma etmələri nəsihət edilir. Xüsusən Allahın göndərdiyi elçilər ətraflarındakı xalqı, böyük əzabdan qorumaq üçün həmişə xəbərdar edərlər:
Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və xəbərdar edən kəs gəlmədi” deməyəsiniz (buna fürsət qalmasın) deyə açıq-aydın bəyan edən Elçimiz gəldi. Artıq sizə müjdələyən və xəbərdar edən gəldi. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 19)
Buna görə də, Quranda elçilərə itaət etməyin əhəmiyyəti çox sıx vurğulanmışdır. Belə ki, elçinin təbliği, yəni Kitabı və dini insanlara açıqca bəyan etməsindən sonra artıq insanların Allaha qarşı irəli sürə biləcəkləri heç bir bəhanələri qalmır:
Elçilər; müjdə verən və xəbərdar edən kəslər olaraq (göndərildi). Belə ki, insanların elçilərdən sonra Allaha qarşı (müdafiə edəcək) dəlilləri olmasın. Allah, üstün və güclü olandır, hikmət və hökm sahibidir. (Nisa surəsi, 165)
Məsələn, Nuh peyğəmbərin təbliği, bunun müqabilində qövmünün inadkarlıq etməsi və sonunda uğradıqları qorxunc aqibət, özlərindən sonra yaşayan insanlara ibrət olması üçün Quranda çox ətraflı şəkildə izah edilmişdir:
Şübhəsiz ki, Biz Nuhu; "qövmünü, onlara şiddətli əzab gəlməmişdən əvvəl xəbərdar et" deyə öz qövmünə (peyğəmbər kimi) göndərdik. O da dedi: "Ey qövmüm, həqiqət budur ki, mən sizə (göndərilmiş) açıq-aşkar bir xəbərdar edənəm. Allaha qulluq edin, Ondan qorxun və mənə itaət edin ki, günahlarınızı bağışlasın və sizə təyin edilmiş əcələ qədər möhlət versin. Əlbəttə ki, Allahın təyin etdiyi əcəl gəlib çatdıqda, o təxirə salınmaz. Kaş biləydiniz". O dedi: "Rəbbim, həqiqətən qövmümü gecə-gündüz dəvət etdim. Lakin dəvət etməyim, təkcə qaçmalarını artırdı. Həqiqətən mən, onları bağışlamağın üçün hər dəfə dəvət edəndə, onlar barmaqlarını qulaqlarına tıxadılar, örtüklərini başlarına çəkdilər və təkəbbürlənib inadkarlıq etdilər. Sonra onları açıq şəkildə dəvət etdim. Daha sonra (davamı) onlara açıq-aşkar elan etdim və özlərinə gizlin-gizlin yollarla yaxınlaşmaq istədim". Bundan belə" dedim. "Rəbbinizdən bağışlanmağınızı diləyin; çünki həqiqətən O, çox bağışlayandır". (Nuh surəsi, 1-10)
Onlar dedilər: "Ey Nuh, bizimlə mübahisə etdin və bu mübahisədə irəli də getdin. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir (görək)". O (Nuh) dedi: "Əgər istəsə, onu sizə Allah gətirər və siz (Ona) aciz qoya bilməzsiniz". "Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə öyüd vermək istəsəm də, öyüdümün sizə faydası olmaz. O sizin Rəbbinizdir və siz Ona qaytarılacaqsınız". Onlar: "Bunu özündən uydurdu!" deyirlər? De: "Əgər mən onu özümdən uydurmuşamsa, günahı mənim boynumadır. Lakin mən, sizin cinayət törətdiyiniz günahlardan uzağam". Nuha belə vəhy olundu: "Həqiqətən iman gətirənlərdən başqa, qətiyyən heç kim iman gətirməyəcək. O zaman onların etdikləri əməllərə görə kədərlənmə". (Hud surəsi, 32-36)
Ayələrdə Allahın bildirdiyi kimi, hz. Nuhun qövmü özlərinə gələn bütün xatırlatmalara qarşı qulaqlarını tıxamış, müqavimət göstərmiş və sonunda Allahdan gələn çox böyük əzaba düçar olmuşlar.
Yenə İsrail oğulları da özlərinə xatırladılan şeyləri üzərlərinə götürüb özlərini düzəltmədikləri üçün, qəlbləri hər cür həssaslıqdan məhrum hala gəlmiş sanki daş kimi olmuşdur:
And olsun ki, Allah İsrail oğullarından qəti söz (əhd) almışdı. Onlardan on iki etibarlı nəzarətçi göndərmişdik. Həmçinin Allah onlara: "Həqiqətən Mən sizinləyəm. Əgər namaz qılar, zəkat verər, elçilərimə iman gətirər, onlara müdafiə edib dəstəkləyər və Allaha gözəl borc versəniz, şübhəsiz ki, pis əməllərinizin üstünü örtər və sizi həqiqətən, altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim inkar edərsə, həqiqətən dümdüz yoldan azmışdır". Əhdlərini pozduqlarına görə onları lənətlədik və qəlblərini daş kimi etdik. Onlar, kəlmələrin yerlərini dəyişdirirlər. (Tez-tez) Özlərinə xatırladılan şeydən (faydalanıb) pay almağı unutdular. İçlərindən bir qismi istisna olmaqla, onlardan həmişə xəyanət görərsən. Yenə də onları bağışla, fikir vermə. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər. (Maidə surəsi, 12-13)
Quranda daha bir çox ayədə peyğəmbərlər və onlarla birlikdə olan möminlərin, insanları Allahın yoluna yönəltmək üçün müxtəlif üsullar istifadə edərək dini izah etdikləri bildirilmişdir. Allah, hidayət rəhbəri olan Kitabında daha əvvəlki xalqlara üz verənlərdən ibrət alınmasını əmr etmişdir:
Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”. (Yunis surəsi, 102)
Unutmayın ki, bütün bu xatırlatmalar təkcə Allahdan qorxanlara təsir edər. Allahdan qorxmayanlar, bu xatırlatmalar üzərində düşünərək özləri üçün dərs çıxarda bilməzlər. Allah inkarçıların bu vəziyyətini bizə belə bildirmişdir:
Şübhəsiz ki, inkarçıları xəbərdar etsən də, etməsən də, onlar üçün fərqi yoxdur; iman gətirməzlər. Allah onların qəlblərinə və qulaqlarına möhür vurmuşdur; gözlərində də pərdələr vardır. Həmçinin onları böyük əzab gözləyir. (Bəqərə surəsi, 6-7)
Özünə Rəbbimizin ayələri öyüd verib xatırladıldığı zaman, üz döndərən və etdikləri əməlləri unudanları, Allah ayədə "zalım" kimi təsvir edir. Belə davrandıqları üçün də Allah onların qəlblərini, xəbərdarlıqları qavrayıb anlamalarına maneə törədərək, nemətlərindən məhrum buraxmışdır. Çünki onlar nə qədər doğru yola çağrılsalar da, əbədiyyən əsla doğru yola gəlməyəcək kəslərdir:
Rəbbinin ayələri öyüd verib xatırladıldığı zaman, üz döndərən və əllərinin öndən göndərdikləri (əməlləri)ni unudandan daha zalım kim ola bilər? Biz həqiqətən, qəlbləri üzərinə onu qavraya anlamalarına mane olan bir pərdə (çəkdik), qulaqlarına tıxac vurduq. Sən onları doğru yola çağırsan belə, onlar əbədiyyən əsla doğru yola gələ bilməzlər. (Kəhf surəsi, 57)
Lakin Allah yenə də Quranda onlara bəlkə çəkinərlər deyə müxtəlif xatırlatmalar etmişdir. Çünki qarşılaşacaqları əzab təxmin etdiklərindən çox böyük olacaq. Lakin xatırlatmaları dinləməməkdə israr edənlərin vəziyyətinin aşağıdakı ayədə bildirildiyi kimi, olacağını unutmayın:
Özlərinə xatırladılanı unutduqları zaman isə, Biz də pis əməllərdən çəkindirənləri xilas etdik. Zalımları isə etdikləri günahlardan ötrü çox çətin əzabla yaxaladıq. (Əraf surəsi, 165)
Quranı bizim üçün fərz buyuran Allah, bəndələri üçün heç bir çətinlik istəməmiş, əksinə Özünə itaət edənlərin həm dünyadakı həyatını asanlaşdırıb gözəlləşdirmiş, həm də qısa müddət sonra gedəcəkləri əsil yurdun, yaradılmış ən gözəl məkan olan cənnət olacağını müjdələmişdir. Sonsuz şəfqət və mərhəmət sahibi olan Allah, Özünə dua edən bəndələrinin unudaraq və yanılaraq etdikləri səhvləri bağışlayacağını da bildirmişdir. O zaman insana düşən gücünün çatdığı qədər Allahdan qorxub çəkinərək Ona lazımınca qulluq etməkdir:
Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona təslim olun. Sonra sizə kömək edilməz. Əzab sizə xəbəriniz olmadığı halda, qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! İnsanın(yana-yana)belə deyəcəyi (gün): “Allah yanında (qulluqda) etdiyim nöqsanlardan ötrü (mənə) ayıb olsun! Həqiqətən, mən (Allahın dininə) lağ edənlərdən idim!” (Zumər surəsi, 54-56)
Əslində insan hər nə etsə də, belə ki, özünə xatırladılanları yadda saxlayıb qulluq etsə və ya bütün öyüdləri unudub bir kənara atsa da, bu heç nəyi dəyişdirməyəcək. Hər kəs Rəbbimizə haqq-hesab verəcəyi günə doğru sürətlə irəliləyir. Əsla unutmayan və yanılmayan Allah, bütün insanları hüzurunda toplayacaq və sorğu-sual edəcək:
...Yaxında qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir. (Tövbə surəsi, 105)
Elə isə siz də qarşınıza çıxan hər xatırlatmanın Allahdan son xəbərdarlıq, son fürsət ola biləcəyini unutmayın. Əgər əbədi əzabla qarşılaşmaq istəmirsinizsə, yeganə qurtuluş yolunuzun da dərhal tövbə edib, Allaha qulluq etmək olduğunu əsla unutmayın.
Allahı unutmuş üçün, beləliklə də, O da onlara öz nəfslərini unutdurmuş olanlar kimi olmayın. Məhz bunlar əsil fasiqlərdir. (Həşr surəsi, 19)
"Budur sizə söylədiklərimi yaxında xatırlayacaqsınız. Mən də öz işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah bəndələri çox yaxşı görəndir". (Mümin surəsi, 44)
Allaha iman gətirən bir insan üçün bu kitabda xatırladılanları unudub-unutmamaq seçim məsələsi deyil. Çünki bu, bir tərəfdə cənnət, digər tərəfdə isə cəhənnəmlə nəticələnə biləcək əbədi həyatdan söhbət gedən seçimdir. Buna görə də, Allahdan qorxan və axirətə tam yəqinliklə iman gətirən insan, əbədi həyatını təhlükə altına sala biləcək hər şeydən şiddətlə çəkinər, axirəti üçün fayda təmin edəcək bütün öyüd və xatırlatmalara da olduqca açıq olar. Bu məsələdə təkəbbürlənmək, lovğalanmaq inkarçılara məxsus davranışdır. Mömin özünə çatan hər xatırlatmanın, özünü oddan qorumaq üçün edildiyini düşünərək tam təslimiyyətlə cavab verər.
Bu mövzuda insanın, Quranda bəhs edilən Əraf təpəsində olduğunu düşünərək hərəkət etməsi, səmimiyyəti baxımından yaxşı meyar olacaq. Allahın ayələrində bildirdiyi Əraf, cənnətlə cəhənnəmin göründüyü, lakin insanın özünün hara gedəcəyinin hökmünü bilmədən gözlədiyi yerdir. Mövzuyla əlaqədar ayələrdə belə buyurulur:
İki tərəf arasında bir sədd və bürclər (Əraf) üstündə hamısını üzlərindən tanıyan insanlar var. Cənnətə girəcəklərə: "Sizə salam olsun" deyərlər ki, bunlar, hələ girməyən lakin (girməyi) “şiddətlə arzulayıb umanlardır”. Gözləri od sakinlərinə tərəf çevrildikdə isə: "Ey Rəbbimiz, bizi zalımlarla birlikdə etmə" deyərlər. (Əraf surəsi, 46-47)
Əraf təpəsində olduğu kimi cənnətlə cəhənnəm arasında bir yerdə qaldığınızı düşünün: tam yaxınlığınızda olan və girməyinizin bəlkə də an məsələsi olduğu cənnət həyatınızı təhlükə altına salacaq, hətta sizi yenə yaxınlığındakı cəhənnəmə sürükləyəcək bir şeyi unutmağıız mümkün ola bilərmi? Yaxud unutduğunuz halda, başqası tərəfindən sizə xatırladılması qürurunuza ağır gələrmi? Əlbəttə ki, yox. Tam əksinə, sizə nəsihət edən insana sanki minnətdarlıq hissi duyarsınız.
Eyni səmimiyyət meyarı, haqq-hesab günündə hər insanın əməllərinin çəkildiyi həssas tərəzilərə də aiddir. İnsan o anda zərrə qədər etdiyi xeyirə möhtacdır və yenə zərrə qədər etdiyi pislikdən də uzaq olmaq istəyər. Çünki tərəzi olduqca həssasdır və bəlkə də onun bir gözü digər gözündən zərrə qədər ağır gələ bilər.
Məhz dünyada edilən, yaxşılığı əmr etmək, pis əməllərin edilməsinə mane omaq, Allaha dəvət etmək və haqq-hesab gününə qarşı insanları xəbərdar etmək kimi, xatırlatmalar unutqanlığa meylli insana edilə biləcək ən böyük yaxşılıqdır. Əraf təpəsi ilə əlaqədar ayələrin davamında cəhənnəm tərəfinə keçməsinə hökm edilən insanların bu vəziyyətə düşmələrinin səbəbi belə açıqlanır:
Onlar, dinlərini əyləncə və oyun (hesab) etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi “inkar etdikləri” kimi, Biz də bu gün onları unudacağıq. (Əraf surəsi, 51)
Bu bir həqiqətdir ki, insan əvəzini dərhal alacağını bildiyi şeylərdə olduqca həssasdır. Məsələn, deyilən bir işi unutmadan gördüyü təqdirdə dərhal həmin günün sonunda özünə yüklü miqdarda pul veriləcəyi deyilsə, bu mövzuda nə qədər şövqlü və diqqətcil davranacağı aydın məsələdir. Yenə eyni şəkildə həmin bu işi unutduğu və görmədiyi təqdirdə də zorakılıqla qarşılıq alacağından əmindirsə, misli görünməmiş diqqət və oyanıqlıq içində olacaq. Deməli, insanın bir mövzunu unudub-unutmamasında ən təsirli şeylərdən biri, insan müsbət və ya mənfi qarşılıq alacağından əmin olması və bunu da yaxın görməsidir.
İşdə möminlərin dünya həyatında qəflətə qarşı göstərdikləri diqqət, sahib olduqları şövq, təkcə axirətə, cənnətin və cəhənnəmin varlığına yəqinliklə iman gətirmələrindən qaynaqlanır. Bunun üçündür ki, möminlər bütün həyatlarını bu həqiqətə görə yaşayar və Quranda ifadə edildiyi kimi "nağd şəkildə təqdim etdiklərinə qarşılıq olaraq" (Haqqə surəsi, 24) cənnətə girərlər.
Elə isə siz də Əraf təpəsindəki insanların qorxu ilə gözləmələrini unutmayın. Təsvir edilən bu mühitin hazırda yaşadığınız mühitdən daha da qəti həqiqət olduğunu və edilən bütün xatırlatmaların sizi qurtuluşa dəvət etdiyini, cənnət həyatına çəkməyə çalışdığını əsla unutmayın.