Tək İlahın Allah Olduğunu Unutmayın

...Onlar Allahı unutdular, Allah da onları unutdu... (Tövbə surəsi, 67)

Məlum məntiqə görə, əgər insan çimərlikdə qumdan düzəldilmiş bir heykəl görsə bunu mütləq birisinin düzəltdiyini düşünər. Bu heykəlin dalğa və küləyin təsiri ilə təsadüfən əmələ gəldiyini, təkcə əqli çatışmazlığı olan müdafiə edər. Kainatda mövcud olan hər şeydə də açıq-aşkar görünə bilən nizam var. Üstəlik, bu nizam çimərlikdə qumdan düzəldilən heykəllə müqayisə olunmayacaq qədər mükəmməl, üstün və təfsilatlıdır. Bu halda, qarşımıza açıq-aydın həqiqət çıxır: kainatın üstün Yaradıcısı var və bu Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.

Bütün kainatda mükəmməl nizamın olduğu, görməzlikdən gəlinə bilməyəcək qədər açıq-aydın həqiqətdir. Üzərində yaşadığımız Yer kürəsi də, ən əlverişli şərtlərin bir yerə cəmlənməsi ilə yaranmışdır. Yerdən Günəşə olan məsafə, atmosferdəki oksigen nisbəti, Yerin cazibə qüvvəsinin qəyməti və daha yüzlərlə həssas tarazlığın heç biri özlüyündən, yaxud təsadüflər nəticəsində var olmamışdır. Bunlar, şübhəsiz ki, ən kiçik mikroorqanizmdən Günəş sisteminin nəhəng planetlərinə qədər hər şeyi idarə edən Allahın yaratmasıdır. Allah kainatı sonsuz ağlı və gücü ilə yaratmış, yer üzünü də yaşamağımız üçün xüsusi dizayn etmişdir. Çünki Allah yaradıb nizama salandır. Bir ayədə belə keçir:

(Allah) gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən müddətədək dövr eddər. Məhz bunları (yaradıb nizama salan) Allah sizin Rəbbinizdir, mülk Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz “bir hüceyrə nüvəsinin çox nazik membranına” belə sahib deyillər. (Fatir surəsi, 13)

İndi bir az daha yaxına gələk və insan vücudunu araşdıraq. Qarşımıza ağlasığmaz mükəmməlliklərlə dolu bir quruluşun çıxdığını görərik. İnsan beyni müasir texnologiyanın ən üstün məhsulu kimi qəbul edilən kompyuterlərlə əsla müqayisə edilməyəcək qədər mükəmməl işləyir. Bununla yanaşı, vücudun hər orqanı həm öz daxilində, həm də digər orqanlarla tam uyğunluq içindədir. Məsələn, insanın nəfəs ala bilməsi üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək və bütün damarlar eyni anda fəaliyyət göstərir. Bunlardan biri belə bir dəqiqə dincəlməz və bir an belə yorulmaz. Hər biri böyük itaətkarlıq və təslimiyyətlə özünü yaradan Allaha təslim olar və Rəbbimizin özü üçün təqdir edib planladığı əmri yerinə yetirər. Nəfəs alarkən burunda təmizlənib isinərək keçən hava, nəfəs borusundan da keçərək ağciyərə daxil çatar. Ürəyimizdə, damarlarımızda, bir sözlə, vücudumuzdakı hər bir hüceyrədə bu oksigen istifadə edilər. Bir-iki dəqiqə belə işləmədikdə insanın ölümünə səbəb olacaq orqanlar, vücudu canlı saxlamaq üçün eyni anda başqa işlər də görərlər. Bir çox prosesi bir-birinə qarışdırmadan, səhv etmədən və ləngitmədən böyük məharət və ağılla icra edərlər. Bu nizamlı prosesdə hər hansı çatışmazlıq olsa, nəfəs almağımız və yaşamağımız qeyri-mümkün olar.

Eyni şey gözlərə də aiddir. Göz, canlıların yaradıldığının ən aydın dəlillərindən biridir. İstər insan gözü, istərsə də heyvan gözləri olsun, canlıların sahib olduqları bütün görmə orqanları mükəmməl nizamın çox təsiredici nümunələridir. Gözümüz bizə elə keyfiyyətli təsvir bəxş edir ki, bu heç XXI əsr texnologiyası ilə də əldə olunmayıb. Lakin unutmayın ki, gözün görməsi üçün onun bütün hissələri eyni anda mövcud olmalı və uyğunluq içində işləməlidir. Məsələn buynuz qişa, konyunktiva, qüzehli qişa, göz bəbəyi, göz bülluru, torlu qişa, xoroideya, göz əzələləri, göz yaşı vəziləri kimi bütün hissələr olsa və işləsə, lakin təkcə göz qapağı olmasa, göz qısa müddətdə xeyli korlanar və görmə funksiyasını itirər. Yenə eyni şəkildə, gözü təşkil edən bütün orqanoidlər olsa, lakin göz yaşı ifrazı dayansa, göz qısa müddətdə quruyar və kor olar. Belə vəziyyətdə qarşımıza mühüm bir sual çıxır: bəs bu qədər uyğun orqanoidləri bir anda kim yaratmışdır? Görməyimizə imkan verən gözü kim əmələ gətirmişdir?

Əlbəttə, gözün əmələ gəlməsinə qərar verən, gözün sahibi olan canlı deyil. Çünki görməyin nə demək olduğunu belə bilməyən bir canlının, görmək üçün görmə orqanına ehtiyac duyub öz vücudunda bunu əmələ gətirməsi qeyri-mümkündür. Bu vəziyyət bizə, canlıları görmə, eşitmə və s. kimi duyğu orqanları ilə yaradan üstün ağıl sahibinin varlığını açıq şəkildə göstərir. Əks təqdirdə şüursuz hüceyrələrin görmək, eşitmək kimi şüur tələb edən funksiyaları, öz istəkləri və bacarıqları sayəsində qazandıqları iddia edilmiş olar. Bunun isə qətiyyən mümkün ola bilməyəcəyi aydındır. Quranda bu mövzu haqqında belə bildirilir:

De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!” (Mülk surəsi, 23)

Ayədə də xəbər verildiyi kimi, insan vücudundakı bu sistemlərin hamısını uyğunluq içində yaradan Allahdır. İstər öz vücudumuzda, istərsə də xarici aləmdə gördüyümüz saysız-hesabsız incəliklər Allahın gücünü, böyüklüyünü və elmi ilə hər şeyi əhatə etdiyini açıq şəkildə göstərir. Lakin bir çoxlarına həqiqətləri düşünmək deyil, bunlara arxasını çevirib qaçmaq asan gəlir. Buna görə də, Allah Quranda insanları ətrafa baxıb Öz sonsuz gücü və böyüklüyü haqqında düşünməyə dəvət edir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Əmr onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Allahın sizə çox yaxın olduğunu və hər şeyi əhatə etdiyini əsla unutmayın. Allah sizin kitab oxuduğunuz bu anı, hər hansı anda ağlınızdan keçənləri, uşaq vaxtı yaşadığınız bir hadisəni, bir neçə il sonra etmədiyi planlaşdırdığınız şeylər də daxil olmaqla hər şeyi bilir. Bu, hakimiyyət gecə-gündüz durmadan bütün varlıqlar üzərində davam edər. Necə ki, Allah Quranda belə bildirmişdir:

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (Qaf surəsi, 16)

Allah hər şeyin iç üzündən, gizli yönlərindən, insanın ağlından keçən və kiminsə bilməsinin mümkün olmayacağı düşüncələrdən və insanın gizlədib heç kimə demədiyi bütün sirlərindən də xəbərdardır. İnsanları hər yöndən əhatə edən Allah, gördüyümüz işdən və olduğumuz mühitin hansı, həmçinin necə mühit olmasından asılı olmayaraq bizə şahiddir. Bu həqiqət bir ayədə belə xəbər verilir:

Sənin içində olduğun hər hansı vəziyyət, onun barəsində Qurandan oxuduğun hər hansı şey və sizin gördüyünüz hər hansı iş yoxdur ki, ona (xeyli) daldığınız zaman, Biz sizin üstünüzdə şahidlər olmayaq. Yerdə və göydə olan zərrə qədər bir şey Rəbbindən uzaqda (gizli) qalmaz. Bunun daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Kitabda (yazılmış) olmasın. (Yunis surəsi, 61)

Bu həqiqətə baxmayaraq, bəzi insanlar Allahın özlərindən çox uzaq olduğunu zənn edərlər. Şüur altlarındakı düşüncəyə görə Allah, çox uzaqdakı bir planetin arxasında oturur və çox nadir hallarda dünya işlərinə qarışır. Yaxud heç qarışmır və kainatı bir dəfə yaratmış və nəzarətsiz buraxmışdır. Halbuki bu, açıq-aydın yanlış fikirdir. Allah hər yerdədir və varlığı hər şeyi əhatə edir. Varlığı ilə şərqdən qərbə, şimaldan cənuba qədər hər yeri əhatə etmişdir.

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edəndir. (Nisa surəsi, 126)

Siz hara getsəniz də, hətta dünyanın ən uzaq guşəsinə getsəniz də, Allah oranı da əhatə etmişdir. Bu anda da sizi hər tərəfdən əhatə edir və sizə şah damarınızdan daha yaxındır. Vücudunuza, otağınıza, olduğunuz şəhərə, kainatın hər guşəsinə, gözünüzlə görə bilmədiyiniz bütün aləmlərə hakimdir; hamısının keçmiş və gələcəkləri ilə bərabər. Bu qəti həqiqəti görməzlikdən gələn bəzi insanlar, ağıllarından keçirdikləri düşüncələri və Allaha qarşı səmimiyyətsiz şəkildə işlədikləri günahları insanlardan gizlədər, lakin bunları Allahdan gizlədə bilmədiklərini düşünməzlər. Halbuki Allah, onlar edəcəklərini planlaşdırarkən belə onların yanlarındadır. Bir ayədə belə buyurulur:

(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Onu əhatə edib qavraya bilməz! (Taha surəsi, 110)

Növbəti anda nə edəcəyinizi bilmirsiniz, lakin Allah bilir. Buna görə də, bilsəniz də, bilməsəniz də, Allaha təslim olmuş vəziyyətdəsiniz.

Siz ağlınızdan keçənləri desəniz də, deməsəniz də, Allah üçün birdir. Çünki Allah hər şeydən xəbərdardır. Pıçıltı ilə dediyiniz sözlər də Allahdan gizli qalmaz. Çünki Allah üçün sirr yoxdur, O, gizlinin gizlisini də bilir.

Unutmayın ki, yer üzündəki hər varlıq Allaha möhtacdır. Allah isə insanın sahib olduğu bütün nöqsanlardan münəzzəhdir, heç nəyə ehtiyacı yoxdur. Yuxu, aclıq, susuzluq, yorğunluq kimi ağla gələ biləcək bütün insani acizliklərdən uzaqdır. Kimliyindən asılı olmayaraq, hər kəs mütləq öləcək, lakin Allah əzəli və əbədidir, həmişə diri olandır:

Allah... Ondan başqa İlah yoxdur. Diridir, Qaimdir. O mürgü və yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. Allahın icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Ona çətin gəlməz. Ən çox Ucadır, Uludur! (Bəqərə surəsi, 255)

Hər hadisənin Allahın nəzarəti altında baş verdiyini unutmayın. Allah sonsuz güc sahibidir. Quranda bildirildiyi kimi, bir yarpaq belə Allahın nəzarəti olmadan düşməz (Ənam surəsi, 59). Hər şey Allahın məlumatı daxilində və əmri ilə hərəkət edər. Yerdən göyə bütün işlər Allahın əmri ilə gerçəkləşir. Bütün işlər deyildikdə, bir çox insan bunu təkcə təbiət hadisələri və ya ölüm, doğum kimi hadisələr olaraq düşünər. Lakin təkcə bunlar deyil, ağla gələ biləcək hər iş, hər hadisə, yaşanan hər sistem Allahın əmri ilə baş verir.

Texnoloji kəşflər, bütün dünya dövlətlərinin idarə olunması, hər birinin iqtisadi və sosial vəziyyəti, yaradıcılıq fəaliyyətləri, kiçik-böyük bütün şirkətlər və onlarda görülən hər iş, dünyaya gələn hər yeni insan və bu insanların həyatlarındakı hər saniyə üstün Yaradıcı olan Allahın nəzarəti altında və məlumatı daxilindədir. Ən kiçiyindən ən böyüyünə qədər alınan hər qərar, icra edilən hər fəaliyyət Allahın icazəsi ilə həyata keçər. Eyni şəkildə vücudunuzdakı trilyonlarla hüceyrənin fəaliyyəti, bunların hər birinin içindəki orqanoidlərin ayrı-ayrılıqda gördüyü bütün işlər, bu hüceyrələri bəsləyən sistemlər və daha saya bilməyəcəyimiz müxtəlif incəliklər Allahın nəzarəti altındadır. Bununla yanaşı, boşluqda dövr edən Yer kürəsi və onun üzərindəki tək bir qarışqanın qidalanmasından nəsil verməsinə qədər bütün işlər yenə Allahın icazəsi ilə gerçəkləşər. Bu həqiqət Quranda belə bildirilir:

Mən, həqiqətən, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha təvəkkül etdim. Onun, alnından tutub nəzarət etmədiyi heç bir canlı yoxdur. Mənim Rəbbim mütləq dosdoğru bir yol üzərinəddir (doğru yolda olanı qorumaqdadır). (Hud surəsi, 56)

Allah, hər kəsin təslim olduğu, elmi ilə hər yeri əhatə edən və bütün biliyin sahibi olan Rəbbimizdir. Allah, kiçik uşaqdan alimə qədər hər kəsə bildiklərini öyrədən və görə bildiklərimizi və qeybi, yəni görə bilmədiyimiz aləmləri də biləndir. Göydə və yerdə olan hər şeyin - ulduzların, ağacların, insanların, heyvanların və yağan yağışın miqdarını da təyin edən təkcə Allahdır.

Göylərdə və yerdə olan (hər kəsin və hər şeyin) hamısı Rəhman (olan Allahın hüzurun)a, təkcə qul kimi gələcək. And olsun ki, onların hamısını əhatə etmiş və onları saymışdır. (Məryəm surəsi, 93-94)

Kainatın hər guşəsində baş verən hər hadisəyə nəzarət edən Allahdır. O, bütün işlərin gizli və açıq yönlərinin hamısından xəbərdardır. Təkcə bizdən deyil, göylərdə, yerdə və bu ikisinin arasında nə varsa, hamısından xəbərdardır. Çünki Allah bütün aləmlərin sahibidir. O zaman, ən kiçik şeyin belə Ondan əsla gizli qala bilməyəcəyini, siz də daxil olmaqla, bütün insanların ağlından keçənlərin və ya gördüyü işlərin hamısının Allahın nəzarəti altında olduğunu əsla unutmayın. Çünki Allah hər insanın həyatı boyu yaşadıqlarını incəliyinə kimi bilir. Allah əsla səhv etməz və qətiyyən heç nəyi unutmaz.

Peyğəmbərimiz (s.ə.v) tale ilə əlaqədar, bir hədisində belə buyurub:

“Bir nəfsə təqdir edilən şey mütləq olar”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ nəşriyyatı, Ankara, 1992, səh. 499)

Sizə sahib olduğunuz hər şeyi Allahın verdiyini unutmayın. Ətrafınıza baxın. Mövcud olan hər şey ehtiyaclarınızı ödəyəcək şəkildə diqqətlə hazırlanmış və ayrı-ayrılıqda istifadənizə verilmişdir. Başınızı qaldırıb bir də göyə baxın və ətrafınızda olanları düşünün. Məhz bu zaman, Allahın, şükr etməyə layiq olduğunu, həmçinin bizi gördüyümüz və görmədiyimiz neçə-neçə nemətlərlə təmin etdiyini daha yaxşı qavrayarsınız. Elmin, çatdığı səviyyəyə baxmayaraq, hələ də müəmma kimi xarakterizə etdiyi insan vücudunu yaradan və bütün orqanların mükəmməl uyğunluqla işləməsini təmin edən, bəzi heyvanları əhlilləşən heyvan kimi yaradıb insanların xidmətinə verən, onlarla yemək, geyim və gediş-gəliş ehtiyaclarını ödəmələrini təmin edən; göydən endirdiyi su ilə eyni torpaqda müxtəlif dadlarda əkin və meyvələr yetişdirən, sayı yüz milyardlara çatan qalaktikaları çox böyük tarazlıq içində hərəkət etdirən, gündüzü işləmək və gecəni dincəlmək üçün əlverişli edən, Günəşi orbitində dövr etdirən, dənizləri insanların qida tapmasına və səyahət etməsinə ən uyğun şəkildə yaradan təkcə Allahdır. Allah bu həqiqəti ayələrində belə xəbər verir:

İnsanı bir damla sudan yaratdı, buna baxmayaraq o, açıq-aşkar bir düşməndir. Həmçinin heyvanları da O yaratdı; onlarda sizin üçün istilik və faydalar vardır, həmçinin onlardan yeyirsiniz. Axşamları gətirib, səhərlər apararkən onlarda sizin üçün gözəllik var. Onlar, özünə çatmadan canlarınızın yarısının tələf olacağı şəhərlərə yüklərinizi daşıyırlar. Şübhəsiz ki, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. Onlara minməyiniz və zinət olması üçün atları, qatırları və eşşəkləri (yaratdı). Eləcə də, daha bilmədiyiniz nələri yaradır? Yolu düzəltmək Allaha aiddir, bəzi (yollar) isə əyridir. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. Sizin üçün göydən su endirən Odur; içki ondan, ağac ondandır (ki) heyvanlarınızı onda otladırsınız. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Şübhəsiz ki, bunda düşünənlər üçün ayələr var. O, gecəni və gündüzü, günəşi və ayı sizə ram etdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Şübhəsiz ki, bunda ağlını işlədə bilənlər üçün ayələr var. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda öyüd alıb düşünənlər üçün ayələr var. Dənizi də sizə ram edən Odur, ondan təzə ət yeyir və geyiminizdə istifadə etmək üçün ondan zinət əşyaları çıxardırsınız. Gəmilərin onda (suları) yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü axtarmağınız və şükür etməyiniz üçündür. Sizi silkələyər deyə yerdə sarsılmaz dağlar yaratdı, çaylar və yollar da (yaratdı). Ümid edilir ki, doğru yolu taparsınız. Həmçinin (başqa) işarələr də (yaratdı); onlar ulduz (lar)la da doğru yolu tapa bilərlər. Yaradan, heç yaratmayan kimi ola bilərmi? Artıq öyüd alıb düşünməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymağa cəhd etsəniz, onu ümumiləşdirmə edərək belə sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. (Nəhl surəsi, 4-18)

İnsanın saymağa ömrünün kifayət etməyəcəyi nemətlərin hər biri, bütün işləri qaydaya salan Rəbbimizin istəyi ilə yaranmış və insanın xidmətinə verilmişdir. Allah bir ayəsində bunu belə bir məsəllə xatırladır:

Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Şübhəsiz ki, Allah, üstün və güclüdür, hökm və hikmət sahibidir! (Loğman surəsi, 27)

Sahib olduğunuz bütün mal-mülkü sizə Allahın verdiyini və Onun, bütün bunların hamısının əsil sahibi olduğunu da əsla unutmayın. Çünki göylərin, yerin və ikisinin arasında olanların mülkü Allahındır. Lakin Allah istədiyinə istədiyi qədər verər. Vaxt çatıb insanların həyatına son qoyduqda tək varis yenə Odur. Bütün evlərin, avtomobillərin, malların, əşyaların, ərazilərin, qidaların, bir sözlə, hər şeyin tək və həqiqi sahibi Allahdır.

Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir! (Maidə surəsi, 120)

Siz Allahın təyin etdiyi vaxt gələndə bütün var-dövlətinizi, mövqeyinizi, şəxsi əşyalarınıza qədər hər şeyi arxada qoyacaqsınız. Çılpaq vücudunuz təkcə bir neçə metr bezə sarılıb bir çuxura atılacaq. Ruhunuz isə tək-tənha Allaha qayıdacaq. Dünyada sahib olduğunuz məqam, ad və zənginlik orada etibarlı olmayacaq. Siz bu dünyada onlarla sadəcə imtahan olunursunuz. Həqiqi sahibi deyilsiniz. Sahib olduğunuzu zənn etdiyiniz hər şey təkcə Allah sizə lütf etdiyi üçün var. Əgər Allah bunları bir səbəblə alsa, sizin bunları geri almağa qətiyyən gücünüz çatmaz.

Allahın sizin üçün istədiyindən başqa başınıza heç nəyin gələ bilməyəcəyini unutmayın. Başınıza gələn və sizin yaxşı və ya pis hesab etdiyiniz bütün hadisələr Allahın məlumatı daxilində, yəni taleyin axarında baş verir. Heç kim o gün özünü hansı hadisələrin gözlədiyini bilə bilməz. İnsan hər nə qədər öz-özünə plan qururmuş kimi düşünsə də, əslində, hadisələr onun istədiyi kimi getməz, hətta heç ağla gəlməyəcək hadisələrlə də qarşılaşa bilər. İnsanı bu qeyri-müəyyənlik içində rahat edən yeganə şey qarşılaşdığı hər hadisənin Allahın istəyi ilə özü üçün xüsusi olaraq yaradıldığını bilmək və Rəbbimizin yaratdığı taleyə tam güvənib təslim olmaqdır. Lakin burada bir xüsusa daha diqqət yetirmək lazımdır: planlaşdırmadan yaşadığınız hadisələr Allahın məlumatı və nəzarəti altındadır. Lakin eynilə planlaşdırdığınız hadisələr də Allahın nəzarəti altındadır. Çünki kainatda Allahdan müstəqil, Rəbbimizin hakimiyyətindən kənar bir an belə yaşanmaz (Allahı tənzih edirik). Bir ayədə möminlərin belə söylədiklərindən bəhs edilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizə heç nə üz verməz. O bizim Mövlamızdır. Eləcə də, möminlər təkcə Allaha təvəkkül etməlidirlər!” (Tövbə surəsi, 51)

Unutmayın, başınıza hər nə gəlsə də, Allahdandır və bir hikməti var. Bilin ki, insanın Allahdan gələcək şeylərə qarşı yenə Allaha sığınmaqdan başqa yolu yoxdur, başqa vəli və yardımçısı yoxdur:

(Yenə) Bilmirsən ki, həqiqətən göylərin və yerin mülkü Allaha məxsusdur. Sizin Allahdan başqa vəliniz və yardımçınız yoxdur. (Bəqərə surəsi, 107)

Gün ərzində hər hansı məsələdə müvəffəqiyyət qazanmaq istədiyimiz zaman və ya hər hansı işlə məşğul olanda bizə Allah kömək edər. Hətta bu işi asanlaşdırdığı kimi, onu yaradan, bizə istədiyimiz şeyi istədiyimiz anda etdirən də təkcə Rəbbimizdir. Allahın böyüklüyünü görməzlikdən gələn bir insanın zənninə görə, ona kömək edən ya iş yoldaşıdır, ya ailəsidir, ya da başqa insandır...

Əlbəttə ki, bu insanlar məlumat və həyat təcrübəsi ilə insan kömək edə bilərlər. Lakin bütün bunların bir səbəb olduğunu unutmayın. Çünki Allah dünyada nəticələri müəyyən səbəblərə bağlamışdır. Məsələn, almanı yeməli hala gətirə bilmək üçün tingi əkib onu sulamaq və gübrələmək lazımdır. Məhz bunlar Allahın qoyduğu səbəblərdir. İnsan təkcə bu tələbləri lazımınca yerinə yetirdikdən sonra Allahdan yüksək məhsuldarlıq gözləyə bilər.

Baş verən hər hadisədə nəticənin Allaha aid olduğunu və Allahın təqdirinə qəlbən razı olmalı olduğunuzu əsla unutmayın.

Unutmayın ki, sizi bütün təhlükə, xəstəlik, sıxıntı və bəlalardan qoruyan təkcə Allahdır. Yoxsa bunlardan hər hansı biri insana hər an üz verə bilər. Xəstələnən zaman sizi həkimin, yaxud qəbul etdiyiniz dərmanın sağaltdığını düşünə bilərsiniz. Əlbəttə ki, insan Allahın səbəb olaraq yaratdığı bu yollara əl atmalıdır, lakin sonda özünü bu xəstəlikdən yalnız və yalnız Allahın xilas edəcəyini mütləq bilməlidir. O istəmədikdən sonra nə ən mütəxəssis həkimlərin, nə ən bahalı dərmanların, nə də ən yaxşı xəstəxanaların insana hər hansı faydası toxunar. Allah istədiyi şəxsə imtahan olaraq səbəbsiz xəstəlik verə biləcəyi kimi istədiyini də səbəbsiz sağalda bilər. Allah bu ilahi həqiqəti Quranda hz. İbrahimin sözləri ilə belə bildirmişdir:

Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. (Şuəra surəsi, 80)

Bütün güc təkcə Allaha məxsusdur. Bu həqiqəti unudub, nə özünə, nə də başqasına (Allahın istəməsi istisna olmaqla) ən kiçik kömək etməyə belə gücü çatmayacaq varlıqlardan mədət ummaq, insana həm dünyada, həm də axirətdə çox böyük ziyan gətirər. Mədət umulan insanlar da eyni dərəcədə acizdirlər. Nəinki başqasına, heç özlərinə də (Allahın istəməsi istisna olmaqla) kömək edə bilməzlər. Allah “Əraf” surəsində belə buyurur:

Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə köməklik edə bilər!” (Əraf surəsi, 197)

Təkcə Allahdan qorxmalı və təkcə Onun rizasını axtarmalı olduğunuzu unutmayın. Həyatınızda əhəmiyyətli olduğunu düşündüyünüz və ya güc sahibi hesab etdiyiniz, buna görə də, öz-özünüzə gözünüzdə böyütdüyünüz hər hansı insanın, həqiqətdə özünə məxsus ən kiçik gücü yoxdur. Belə olduğu halda, insandan Allahdan qorxurmuş kimi qorxmaq, çəkinmək və ya Allahı sevirmiş kimi sevmək Qurana görə “bu insanı Allaha şərik qoşmaqdır” ki, Quranda Allah bunun böyük günah olan şirk olduğunu bildirmişdir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Ayədə də xəbər verildiyi kimi, iman gətirənlər Allahın rizasını hər şeydən üstün tutarlar. Əgər insan bu təməl əsasında yaşayarsa, həmişə Allahdan başqa qorxacaq, çəkinəcək, möhtac olunacaq, təslim olunacaq bir varlığın olmadığı düşüncəsi ilə hərəkət edər. Bu şüurla həqiqi mənada azadlığa sahib olmaqla yanaşı, sonsuz güc sahibini özünə vəli tutmuş, məğlub edilə bilməz bir şəxs olar. Beləliklə, mövcud olan hər şeyin bütün ehtiyaclarını təmin edən, rahatlıq bəxş edən, sıxıntı və ehtiyac içində olana yardım edən, hər kəsin etdiklərinin əvəzini tam verən və bəndələrini qoruyan Allahın rizasını qazanmağı ümid edər. Quranda Allah rizasının əhəmiyyətinə belə bir nümunə ilə diqqət çəkilir:

Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz! (Tövbə surəsi, 109)

İnsanların əksəriyyətinin sahib olduğu ən böyük yanlış fikirlərdən biri budur: bütün həyatını insanların razılığı üzərinə qurmaq. Halbuki özünü yaradanı və yaşadanı unudaraq insanları razı etmək üçün sərf edilən hər saniyə, görülən hər iş, sonda həmin insana əzab kimi qayıdar. Allah bununla əlaqədar Quranda düşünə bilənlər üçün çox hikmətli nümunə vermişdir:

Allah (şirk qoşanlar üçün) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onların vəziyyəti eyni ola bilərmi?... (Zumər surəsi, 29)

Allah Öz istədiyi şəkildə yaşayan bəndələrini həm dünyada, həm də axirətdə ən gözəl şəkildə yaşadar. Lakin Allahın rizasından uzaqlaşıb, özü kimi aciz qul olan insanlardan və ya başqa varlıqlardan mədət umanlar, həmişə xeyli çıxılmaz vəziyyətdə olub zülm edirlər. Allah bunu bir ayəsində belə bildirir:

Şübhəsiz ki, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunis surəsi, 44)

Üstəlik, Allahla yanaşı başqa ilahlar qəbul edənlər ayədə bildirildiyi kimi, qınanmış halda yalqız, tək-tənha və köməksiz qalarlar:

Allahla yanaşı başqa ilahlar qəbul etmə, yoxsa qınanmış və yalqız (tək-tənha və köməksiz) qalarsan. (İsra surəsi, 22)

Dünyada Allahı unudub qəflətə düşənlər bütün işlərində çətinliyin, qəlblərində isə sıxıntının əskik olmayacağı, hüzur və xoşbəxtliyi əsla yaşaya bilməyəcəkləri şəkildə ömür sürərlər. Əslində, bu, yer üzündəki mükəmməl sistemlərin təsadüflər nəticəsində meydana gəldiyini düşünən zehniyyətə verilən ədalətli qarşılıqdır. Axirətdə isə onlar üçün nankorluqlarının əvəzi olaraq qızğın şəkildə yanan od gözləyir.

Unutmayın ki, “Allah qorxusu” dinin əsasıdır. Allah təkcə Özündən qorxub çəkinənə doğrunu yanlışdan ayırma qabiliyyətini verir ki, bu da insan üçün ən böyük nemətlərdən biridir. Çünki həm qısa və müvəqqəti olan dünya həyatı, həm də öldükdən sonra başlayan əsil olan, əbədi həyat təkcə bu anlayışla ən gözəl şəkildə formalaşır:

Ey iman gətirənlər, Allahdan qorxsanız, O sizə doğrunu yanlışdan ayırd edən bir nur və anlama qabiliyyəti (furqan) verər, pis əməllərinizin üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Digər tərəfdən Quranda Allahın varlığını bildiyi halda, Onu lazımınca təqdir edə bilməyən və Allahdan qorxub çəkinməyən insanların varlığına da diqqət çəkilir. Ayələrdən bəziləri belədir:

De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Eləcə də işləri qaydaya salan kimdir? Onlar: “Allahdır!” deyəcəklər. De: “Bəs yenə də qorxmayacaqsınız?” Məhz O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Elə isə haqdan sonra zəlalətdən başqa nə var?! Bəs hələ də necə döndərilirsiniz?” (Yunis surəsi, 31-32)

Ayələrdə haqqında bəhs edilən insan, Allahın varlığını bilir və bu həqiqəti təsdiqləyir, lakin buna baxmayaraq, Allahdan qorxmur. Həqiqi möminlər isə, həm Rəbbimizdən xeyli qorxurlar, həm də, Qiyamət saatından və haqq-hesab günündən qorxduqları üçün, başqa bir ayədə xəbər verildiyi kimi, Allahdan “içləri titrəyərək” qorxanlardır. Nəticədə insan nə etsə də, belə ki, istər özünə xatırladılanları yadda saxlayıb qulluq etsə, istərsə də bütün öyüd-nəsihətləri unutsa da, Allaha qaytarılacağı o günə doğru sürətlə irəliləyir. İnsanlar bu həqiqətlə bir ayədə belə xəbərdar edilib:

Ey insan, həqiqətən sən, heç dayanmadan Rəbbinə doğru səy göstərirsən; sonunda Ona qovuşacaqsan. (İnşiqaq surəsi, 6)

Elə isə əsla Allahdan başqa güc sahibi olmadığını unutmayın. Allah ən böyük güc sahibidir. Bu həqiqətdən xəbərsiz olanlar Allahdan başqalarını Allaha şərik qoşar, üstəlik, bunlardan Allahdan qorxan kimi qorxarlar. Halbuki heç bir insan və ya camaat Allahdan müstəqil gücə sahib deyil. Bütün varlıqlar Allaha təslim olmuşdur. Peyğəmbərimiz (s.ə.v) də bu mövzu barədə, bir hədisində belə buyurub:

“Bir şey istəyəndə Allahdan istə. Kömək istəyəcəksənsə, Allahdan istə. Çünki qullar Allahın yazmadığı bir xüsusda sənə faydalı olmaq üçün toplansalar, bu faydanı verməyə qadir ola bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün toplansalar, buna da qadir ola bilməzlər”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ nəşriyyatı, Ankara, 1992, səh. 314)

Belə ki, göylərdə və yerdə nə varsa, istəsə də, istəməsə də, Allaha təslim olmuşdur və Onun nəzarəti altındadır. Tək bir hüceyrədən milyardlarla qalaktikaya, insanlardan heyvanlara, dağlardan küləklərə qədər bütün varlıq aləmi Allaha təslimdir. Elə isə Allaha aşağıdakı ayədə bildirildiyi şəkildə şükür etməyi unutmayın:

Buna görə ki, onlara minib dikələsiniz və dikəldiyiniz zaman, Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunları bizə ram edən (Allah) çox Ucadır! Yoxsa biz bunları (öz xidmətimizə) tabe edə bilməzdik. (Zuxruf surəsi, 13)

Heç kim Allahın diləməsi xaricində hərəkət edə bilməz, bir söz belə deyə bilməz. Buna görə də, sizə deyilən hər söz, başınıza gələn hər hadisə Allahdandır; yəni Vəlinizdən, həqiqi, yeganə Dostunuzdan... Əgər möminsinizsə, şər kimi görünən hadisələrdə belə mütləq sizin üçün xeyir və gözəllik var. Allah bunu bilir, siz isə bilməyə bilərsiniz. Qarşılaşdığınız vəziyyətdən asılı olmayaraq, bu həqiqəti düşünərək hərəkət etməyi unutmayın.

Allahın çox bağışlayan olduğunu və tövbə imkanın sizin üçün həmişə olduğunu unutmayın. Hansı səhvi etsəniz də, səmimi peşmançılıq və təkrarlamamaq niyyəti ilə Allaha yönəldiyiniz təqdirdə, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərsiniz. Səmimiyyətlə imtina edilən hər səhvi, günahı bağışlayacağını Allah qullarına belə bildirir:

(Məndən onlara) De: "Ey Mənim öz əleyhlərinə qarşı həddi aşmış bəndələrim. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki O bağışlayandır, rəhmlidir". (Zumər surəsi, 53)

Dünyada hər səhvdən, günahdan imtina etmə, eləcə də, tövbə etmə imkanı və bağışlanma ümidi var. Allahın dininə görə insan keçmişdə etdiklərinin yükünü daşımaq məcburiyyətində deyil. Allahdan bağışlanma diləməsi və səmimi şəkildə Ona yönəlməsi, onu bu yükdən xilas edəcək və artıq bu insanın son vəziyyəti əhəmiyyətli olacaq. Lakin unutmayın ki, Allah təkcə səmimi olduğunuz təqdirdə tövbənizi qəbul edər, yoxsa ölüm sizə gələndə etdiyiniz tövbəni deyil...

Quranda azğınlığı və Allaha qarşı təkəbbürü ilə tanıdılan Firon belə boğulacağını başa düşdükdə tövbə etməyə çalışmışdı. Allah ölüm anında edilən tövbə barədəki hökmü ayələrində belə xəbər verir:

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Allah Biləndir, hökm və hikmət Sahibidr. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

Allahın sonsuz səbirli olduğunu unutmayın. Allah etdikləri səhvlərə görə insanlara müəyyən möhlət verər. Bu vəziyyət işlədiyi bir günahdan dərhal sonra əvəzini almayan insanları qətiyyən aldatmamalıdır. Çünki Allah qullarının zülmünə qarşı onlara möhlət verəndir. Əgər insan bunu görüb bağışlanma diləyərsə, Allah onu əfv edər. Tam əksinə, etdiklərində israr etsə və Allahın əmrlərindən üz döndərsə, etdiyi pis əməllərin nəticəsini mütləq alacaq:

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)

Allaha qulluq etməkdən başqa yolunuz olmadığını unutmayın. Çünki Allah insanları Özünə qulluq etmələri üçün yaratdığını bir ayəsində belə bildirir:

Mən, cinləri və insanları, təkcə Mənə ibadət etmələri üçün yaratdım. (Zəriyət surəsi, 56)

Sahib olduğumuz hər şeyi verən, bizi yaradan, yaşadan, sonra istədiyi zaman həyatımıza son qoyacaq Rəbbimizə təslim olub, Onun istədiyi həyatı yaşamaq, heç qopmayan bir dəstəkdən yapışmaq kimidir:

Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o, artıq həqiqətən qopmayan bir dəstəkdən yapışmışdır. Bütün işlərin sonu Allaha qayıdar! (Loğman surəsi, 22)

Elə isə “RƏBBİMİZ OLAN ALLAH”ı əsla unutmayın...

Məhz Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyi yaradandır, elə isə Ona qulluq edin. O, hər şeyə vəkildir. Gözlər Onu dərk edə bilməz; O isə bütün gözləri dərk edər. O, Lətifdir, Xəbərdardır. (Ənam surəsi, 102-103)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Əsla Unutmayın!
  • Tək İlahın Allah Olduğunu Unutmayın
  • Yol Göstərənimizin Quran Olduğunu Unutmayın
  • Yaşanan Hər Anın Taledə Olduğunu Unutmayın
  • Sizi Azdırmaq Üçün Var Gücü Ilə Çalışan Şeytanın Varlığını Unutmayın
  • Dünyanın Müvəqqəti Imtahan Yeri Olduğunu Unutmayın
  • Hər An Ölə Biləcəyinizi Unutmayın
  • Qiyamətin və Haqq-Hesab Gününün Mütləq Olacağını Unutmayın
  • İnkarçıların Əzab Məkanı Olan Cəhənnəmə Gedəcəyini Unutmayın
  • Mükafat Yurdu Olan Cənnətə Təkcə Saleh Möminlərin Girəcəyini Unutmayın
  • Allaha Dua Etməyi Unutmayın
  • Allaha Qarşı Həmişə Səmimi və Dürüst Olmağı Unutmayın
  • Səhvlərinizə Görə Dərhal Tövbə Edib Bağışlanma Diləməyi Unutmayın
  • Xatırlatma Təkcə Allahdan Qorxanlara Fayda Verər
  • Bütün Canlıları Allahın Yaratdığını Əsla Unutmayın
  • Əsla Unutmayın!