Sizi Azdırmaq Üçün Var Gücü Ilə Çalışan Şeytanın Varlığını Unutmayın

"Ey Adəmoğulları, Mən sizə and içdirmədim ki; şeytana qulluq etməyin, o sizin açıq-aydın düşməninizdir, Mənə qulluq edin? Doğru yol budur! And olsun, o, sizdən bir çox insan nəslini azdırmış idi. Yenə də ağlınızı işlətmirdiniz? (Yasin surəsi, 60-62)

Sizi Allahdan, Onun dinindən və Qurandan uzaq tutmaqdan başqa hədəfi olmayan bir düşməniniz olduğunu əsla unutmayın. Çünki o, sizi bir an belə unutmur; vəzifəsini yerinə yetirmək üçün hər an fürsət gözləyir, pusquda dayanır. Sizi, sizin onu görmədiyiniz yerdən görür və yenə sizi tələyə salmağın min bir yolunu axtarır. Ən mühüm xüsusiyyətlərindən biri hiyləgərlikdir. Üsulları və oyunları insandan-insan dəyişdiyi kimi; zamana, məkana və şərtlərə görə də dəyişə bilir. Məhz bu düşmən, Allah dərgahından qovulan şeytandır.

Şeytan əksər insanın zənn etdiyi kimi, xəyali varlıq deyil. Dünyada imtahanın bir tələbi olaraq mövcud olan şeytanın fəaliyyətlərinə qarşı diqqət həmişə açıq olmalıdır. Çünki şeytan Allaha asi olaraq, Onun qullarını azdıracağı barədə and içmişdir. Şeytanın bu asiliyi Quranda belə bildirilmişdir:

"And olsun, Biz sizi yaratdıq, sonra sizə surət (biçim-forma) verdik, sonra da mələklərə: "Adəmə səcdə edin" dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı. (Allah) dedi: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" (İblis) dedi: "Mən ondan daha xeyirliyəm; məni oddan, onu isə palçıqdan yaratdın". (Allah:) "O zaman ordan en, orda təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçaldılanlardansan. O da: "(insanların) diriləcəkləri günə qədər mənə möhlət ver" dedi. (Allah:) "Sən möhlət verilənlərdənsən!" dedi. O da belə dedi: "Madam ki, elədir, məni azdırdığına görə onlar(ı insanları azdırmaq) üçün mən də Sənin dosdoğru yolunda (pusqu qurub) oturacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından soxulacağam. Onların əksəriyyətini şükür edən görməyəcəksən". (Allah) dedi: "Oradan qınanıb alçaldılmış və qovulmuş halda çıx. And olsun, onlardan kim sənin ardınca getsə, cəhənnəmi sizinlə dolduracağam". (Əraf surəsi, 11-18)

Yuxarıdakı ayələrdən də açıqca aydın olduğu kimi, şeytan insanın açıq-aydın düşmənidir. Bütün insanlara düşmən olan bu varlıq, sizə də həmişə aldanma və vəsvəsə verməyə, sizi doğru yoldan azdırmağa çalışacaq. Lakin burada mühüm bir xüsus var; şeytanın ən böyük məqsədi yuxarıdakı ayələrdə də ifadə edildiyi kimi, sizi və bütün insanları öz yoluna tabe etməkdir. Qovulmuş şeytan, sizi cəhənnəmə salana qədər rahat durmayacaq. O zaman ona qarşı hər an ayıq-sayıq olmağınız və heç bir dəvətini bir anlıq belə olsun qəbul etməməyinizin lazım olduğunu əsla unutmayın.

Lakin burada unudulmaması lazım olan çox mühüm bir həqiqət var: şeytan Allahdan müstəqil güc deyil. Şeytanı yaradan və nəzarəti altında saxlayan Allahdır. O da Allahın yaratdığı bir varlıqdır və təkcə Allahın icazəsi ilə fəaliyyətini davam etdirir. Dünyadakı imtahan müddətində həqiqi iman gətirənlərlə, iman gətirməyənlərin ayırd edilməsi üçün ona vəzifə təyin edilmişdir. Şeytan təkcə Allahın iradə və təqdiri içində fəaliyyət göstərə bilər. Özünə verilən möhlət bitdikdə, cəzasını çəkmək üçün o da azdırdığı insanlarla birlikdə cəhənnəmə atılacaq:

And olsun ki, Mən cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam! (Sad surəsi, 85)

Siz şeytanın möminlər üzərində güc sahibi olmadığını unutmayın. Ayədə bildirildiyi kimi, şeytan təkcə səmimi iman gətirməmiş insanlar üzərində güc sahibidir.

Dedi: "Rəbbim! Məni azdırmağına qarşılıq and olsun ki, mən də yer üzündə onlara (Sənə qarşı çıxmağı və dünya ehtiraslarını) bəzəyib cəlbedici göstərəcək və onların hamısını mütləq azdıracağam! Lakin səmimi bəndələrin müstəsnadır". (Hicr surəsi, 39-40)

Şeytan, Allahın mömin kimi yaratdığı bir qulu azdıra bilməz. Təbii ki, möminlər səhv edə bilərlər. Lakin heç vaxt Allahın rəhmətindən ümid kəsməzlər. Şeytanın təsirini gördüklərindən ötrü dərhal Allaha sığınıb tövbə edərlər. Şeytanın azdırıcı təsirinin kimlər üzərində hakim olacağı Quranda belə bildirilir:

Həqiqət budur ki, iman gətirənlər və yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində, onun (şeytanın) heç bir məcburedici gücü yoxdur! Onun məcburedici gücü təkcə onu vəli tutanlarla, onunla Ona (Allaha) şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)

Unutmayın ki, şeytan özü kimi, sizin də Allaha qarşı asi olmağınızı istəyər (Allahı tənzih edirik). Pis əxlaq göstərməyinizi, Allahın məmnun olmayacağı hər cür rəftarı tətbiq etməyinizi və Allaha qarşı bəzi zənlər bəsləməyinizi əmr edər, Onun gücünü və böyüklüyünü lazımınca təqdir etmənizə əngəl törətməyə çalışar. Allah Quranda bu təhlükəyə xüsusi diqqət çəkmişdir:

Ey insanlar! Yer üzündəki qidaları təmiz və halal şəkildə yeyin, şeytanın izi ilə getməyin! Həqiqətən, o, sizin açıq-aydın düşməninizdir. O, sizə təkcə pisliyi, çirkin əməlləri və Allaha qarşı bilmədiklərinizi söyləməyinizi əmr edər. (Bəqərə surəsi, 168-169)

Axirəti unutdurmağı bacardığı insanları həyatları boyu gələcək narahatlığı içində yaşatmağa çalışar. Bu cür yaşayan insanlar hər şeyin Allahın nəzarəti altında olduğundan xəbərsiz, Allahın özləri barədə yaxşılıq istədiyi təqdirdə, heç kimin buna mane ola bilməyəcəyindən isə tamamilə xəbərsizdirlər. İçində olduqları qəflət onları Allaha qarşı hər cür günahı işləməyə sövq edər:

Şeytan sizi yoxsulluqla qorxudur və sizə çirkin həyasızlığı əmr edir. Allah isə sizə bağışlanma və bol lütf vəd edir. Allah (mərhəməti ilə) genişdir, biləndir. (Bəqərə surəsi, 268)

Üstəlik, şeytanın ən mühüm üsulu bütün bunları edərkən insanlara hiyləgərcə yaxınlaşmasıdır. Allah Quranda şeytan barədə; “hiyləgərcəsinə qəlblərə vəsvəsə və şübhə salan vəsvəsəçinin şərindən. Ki, o, insanların qəlbinə vəsvəsə verər (içlərinə şübhə, xülya pıçıldayar)” (Nas surəsi, 4-5) deyə bildirmişdir. Ayədə də açıqca bildirildiyi kimi, insanlara hiyləgərcə yaxınlaşan şeytan onları boş və məqsədsiz işlərlə məşğul edərkən, etdikləri pis əməlləri də özlərinə cəlbedici və bəzəkli göstərər:

Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilər? Lakin onların qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri əməlləri cəlbedici (bəzəkli) göstərdi. (Ənam surəsi, 43)

Həmçinin ən əhəmiyyətlisi də qəlbləri sərtləşən, azğınlıq yolunda olduqları halda, yaxşı iş gördüklərini zənn edən bu insanlar, Allahın ayələrindən getdikcə uzaqlaşarlar. Rəbbimizi unudub şeytanı dost tutarlar və onun arxasınca gedib azarlar. Allah buna qarşı da insanları belə xəbərdar etmişdir:

Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən uzaqlaşmış, şeytan da onu arxasınca aparmışdı. O da sonunda azanlardan olmuşdu. (Əraf surəsi, 175)

Şeytanın fərqli insanlar üçün fərqli üsullardan istifadə edəcəyini, sizi də zəif yerinizdən tutmağa çalışacağını unutmayın.

Şeytan bütün bəşəriyyət tarixi boyu yaşayan hər kəsə fərqli yönlərdən yaxınlaşmışdır. Məsələn, din əxlaqından uzaq yaşayan birinin, daha da uzaqlaşmasını təmin edəcək üsullardan istifadə edərək, onu tamamilə dünya həyatına yönəldər, Allaha haqq-hesab verəcəyi günü unutdurar və beləliklə də, ömür boyu dindən uzaq saxlayar.

Bu vaxt möminlərə qarşı da fəaliyyətlərini davam etdirməyə davam edər. Möminlərin səmimi ibadət etməsinə əngəl törətmək üçün doğru bilərək, səmimiyyətlə etdikləri hər işə mütləq mane olmağa çalışar. Var gücüylə insanın dinin tələblərindən kiçik-kiçik də olsa güzəştə getməsi üçün çalışar. Məsələn, insanı qəflətə sürükləyərək namaz, oruc kimi ibadətlərini yerinə yetirməsinə əngəl törətməyə çalışa bilər. Gündə 5 vaxt fərz qılınan namaz, şeytandan insana gələ biləcək bu qəflət halına əngəl törədəcək ibadətdir. Möminin həmişə ən səmimi şəkildə Rəbbimizə yönəlməsini, gördüyü hər işdə səmimi olmasını, vicdanından ən çox istifadə etməsini və Allah (c.c)-ın bəyəndiyi əxlaqı yaşamaqda qətiyyət göstərə bilməsini təmin edər. Rəsulullah (s.ə.v), namaz qılmamağın nə qədər təhlükəli olduğunu mübarək hədislərində belə bildirmişdir:

İmam Şafii və Beyhəqiyə görə Peyğəmbərimiz (s.ə.v): "hər hansı vaxt namazı qılmadan vaxtlarını keçirənlər yuvası dağılmış, malını, mülkünü itirmiş kimidirlər" deyə buyurub. (Imam Gazali - Mükasefetü΄l Kulub - Kalplerin Keşfi)

Şeytan həmçinin təkəbbür, eqoistlik, unutqanlıq, diqqətsizlik, özünü kafi hesab etmək, qəzəb və qürur kimi nəfsin meylli olduğu şeylərə, müxtəlif donlar geydirərək möminə tətbiq etdirməyə çalışar. İnsanlara uzunmüddətli planlar qurdurub, bunlarla zehinlərini məşğul etməyə çalışar. Başlarını gündəlik işlərə qataraq və bəhanələr uydurdaraq həm düşüncələrinə, həm də faktiki cəhətdən Allahı zikr etmələrinə mane olmağa çalışar.

Allaha təslim olmuş, səhər-axşam Onu zikr edən, yer üzündəki hər hadisənin Allahın nəzarəti altında olduğunu bilən və səmimi şəkildə Rəbbimizə yönələn möminlər, şeytanın təsirinə qarşı güclüdürlər. Bunu bilən şeytan insana xüsusən Allahı unutdurmağa çalışar. Həmçinin Allahdan qorxub çəkinməyənlər üzərində də mütləq təsiri olar:

Şeytan onları əhatə etmiş və beləliklə onlara Allahın zikrini unutdurmuşdur. Məhz onlar, şeytanın firqəsindəndirlər. Diqqət yetirin, şübhəsiz ki, şeytanın firqəsindən olanlar ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)

İnsanların arasına kin və düşmənçilik salan və aralarını vuranın həmişə şeytan olduğunu unutmayın. Dünya yaranandan bəri davam edən bütün müharibələrdən, döyüşlərdən ən adi kimi görünən mübahisələrə qədər hər cür düşmənçiliyin arxasında "şeytanın təhrikləri" var. Allah şeytanın insanları təhrik etdiyini ayədə belə bildirmişdir:

Görmədinmi ki, Biz həqiqətən şeytanları kafirlərin üzərinə göndərdik, onları təhrik edirlər. (Məryəm surəsi, 83)

Əlbəttə ki, inkarçılar şeytanı dost tutan, onun sistemini mənimsəyən kəslərdir. Dolayısilə ona tabe olmaları, bir-birlərinə qarşı kin və düşmənçilik bəsləmələri olduqca normaldır. Lakin şeytanın bir xüsusiyyəti daha var ki, bu da Allaha iman gətirənlər arasına kin və nifrət salmağa çalışmasıdır. Bu yolla onları zəiflədə biləcəyini, Allaha olan itaətlərinə mane ola biləcəyini zənn edər. Allah bu təhlükəyə qarşı da qullarını xəbərdar etmiş və çıxış yollarını göstərmişdir. Bir ayədə belə buyurulur:

Qullarıma, ən gözəl sözləri demələrini söylə. Çünki şeytan aralarını vurmaqdadır. Şübhəsiz ki, Şeytan insanın açıq-aydın düşmənidir! (İsra surəsi, 53)

Şeytanın sizə hər an hiyləgərcə vəsvəsə verməyə çalışacağını da unutmayın. Şeytan zənn edildiyi kimi, hərdənbir ortaya çıxan varlıq deyil. Onun hiyləgər mübarizəsi hara getsəniz də, nə etsəniz də, yaşadığınız müddətcə davam edər.

Şeytanın varlığını unudan bir insan, onun təlqinlərinin öz ağlından keçən düşüncələr olduğunu zənn edə bilər. İçində həmişə asiliyi və pis əməlləri pıçıldayan səsin, şeytana aid olduğunu qavramaya bilər. Lakin Allahın saleh bəndələri, bu səsin, şeytana yaxud öz vicdanlarına aid olduğunu asanlıqla müəyyənləşdirə biləcək ağla və qavrayışa sahibdirlər. Allah şeytanın vəsvəsələrindən və hiyləgər pıçıltılarından qorunmağın yolunu onlara belə bildirmişdir:

Əgər şeytan səni təhrik etsə (vəsvəsə versə və ya yoldan çıxartmaq istəsə) dərhal Allah sığın. Çünki O, Eşidəndir, Biləndir. (Allahdan) qorxanlara şeytandan vəsvəsə gəldiyi zaman (əvvəlcə) yaxşı şəkildə düşünərlər (Allahı yada salarlar), sonra dərhal görərsən ki, görüb bilmişlər. (Əraf surəsi, 200-201)

Şeytanın sizə əsla unutmamalı olduğunuz həqiqətləri unutdurmağa çalışacağını əsla unutmayın. Şeytanın insanlara təsir göstərə bilmək üçün istifadə etdiyi və tez-tez əl atdığı üsullardan biri, başda da bəhs etdiyimiz “unutdurmaq”dır. Buna görə də, şeytan insana, Allaha qarşı məsul olduğu hər mövzunu unutdurmaq üçün çalışar. Allahın bizi hər tərəfimizdən əhatə etdiyini, taleyə tabe olduğumuzu, öləcəyimizi, Allaha haqq-hesab verəcəyimizi unutduraraq edəcəyimiz xeyirlərin qarşısını almaq istəyər.

Məsələn, şeytan insanların Allaha şükr etməsini istəməz. Buna görə də, ətrafdakı hər şeyin Allahın neməti olduğunu unutdurmağa çalışar. Axirəti unutdurub, dünya həyatını bəzəkli və cəlbedici göstərərək insanları aldatmağa çalışar. Hər işdə bir xeyir olduğunu, xüsusən də ani hadisələrdə, təvəkkül etməyi və taleyi unutdurmağa səy göstərər.

Allah şeytanın insan zehninə təsir edərək müxtəlif şeyləri unutturduğuna Quranda bir çox dəfə diqqət çəkmişdir:

Ayələrimizi lağa qoyaraq mübahisə edənləri gördüyün zaman, (onlar başqa söhbətə keçənə qədər) onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma. (Ənam surəsi, 68)

...Onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. O da qəribə şəkildə dənizdə yol tutub getdi. (Kəhf surəsi, 63)

...Lakin şeytan ona Yusifi ağasının yadına salmağı unutdurdu və o, zindanda neçə illər qaldı. (Yusif surəsi, 42)

Bütün bu təsirlərinə baxmayaraq, şeytanın tamamilə Allahın nəzarəti altında olan bir varlıq olduğunu və səmimi qullar üzərində heç bir təsirinin ola bilməyəcəyini unutmamalısınız.

Nəticə etibarilə şeytan Allahın yaratdığı, istəsə də, istəməsə də Ona təslim olmuş bir varlıqdır. Bütün fəaliyyətlərini təkcə Onun icazəsi ilə həyata keçirə bilər. Allah icazə vermədiyi müddətcə insana heç nə etməyə gücü çata bilməz. Şeytan nə etsə də, təkcə inkarçıları azdıra bilər, Allaha qəlbən iman gətirənlərin isə onun etdiklərinə görə təkcə imanları artar. Quranda bu həqiqət açıq şəkildə bildirilmişdir. Ayələr belədir:

Şeytanın (bu cür) təlqinləri, qəlbində xəstəlik olanlar və qəlbi (hər cür) həssaslıqdan məhrum olanları (Allahın) sınaması üçündür. Şübhəsiz ki, zalımlar, (haqqdan) uzaq olan ixtilaf içindədirlər. (Bir də) özlərinə elm verilənlərin, bunun (Quranın) heç mübahisəsiz Rəbbindən olan bir həqiqət olduğunu bilmələri üçün; beləliklə ona iman gətirsinlər və qəlbləri ona arxayın olaraq bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri düzgün yola yönəldər. (Həcc surəsi, 53-54)

İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)

İman gətirənlər isə; "əgər şeytan səni təhrik etsə, dərhal Allaha sığın..." (Fussilət surəsi, 36) ayəsində əmr edildiyi kimi şeytana qulaq asmaz və dərhal Allaha sığınarlar. Çünki bilirlər ki, əgər bu təhriklərdən Allaha sığınıb şeytanın yolu bağlanılmazsa, insan onun hər təlqininə açıq hala gələ bilər. Beləliklə də, şeytan özünə tabe olanların dostu olar və insanı Allahdan, Onun zikrindən tamamilə uzaqlaşdırar:

Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlsə, Biz bir şeytana onun “üzərini qabıqla bağlatdırarıq”; artıq bu, onun yaxın dostudur. (Zuxruf surəsi, 36)

Lakin başda da ifadə etdiyimiz kimi, Allaha qəti imanla bağlananların şeytanın təsirindən qorxmalarına ehtiyac yoxdur. Əlbəttə ki, onun təsirlərinə qarşı oyanıq olmaq lazımdır, lakin Allah bizə çox mühüm bir sirri də müjdələmişdir: şeytanın iman gətirənlər və Allaha təvəkkül edənlər üzərində heç bir məcburedici gücü yoxdur.

Mənim bəndələrim; sənin onlar üzərində heç bir məcburedici gücün (hakimiyyətin) yoxdur. Vəkil olaraq Rəbbin yetər. (İsra surəsi, 65)

Peyğəmbərimiz (s.ə.v) də Allahın tək İlah olduğunu, Ondan başqa güc sahibinin olmadığını xatırlatmış və möminlərin şeytandan Allaha sığınmalarının lazım olduğunu belə nəsihət etmişdir:

Allahdan başqa İlah yoxdur, o təkdir, şəriksizdir. Ərz və səmanın mülkü Ona məxsusdur. Bütün həmdlər Onadır, O hər şeyə qadirdir" de... daşlanmış şeytandan Allaha sığın. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, səh. 311)

Şeytanın çox dönük xarakterli olduğunu, özünə tabe olanları haqq-hesab günündə tək-tənha qoyacağını unutmayın.

Dünya həyatı bitdikdə şeytanın özünə tabe olanları necə tənha qoyacağı, onları necə aldatdığını açıqlayacağı Quranda bildirilmişdir:

İş bitdikdə şeytan deyəcək: "Həqiqətən, Allah sizə həqiqi vədi verdi, mən də sizə vəd verdim, lakin sizə yalan söylədim. Mənim sizə qarşı məcburedici gücüm yox idi, təkcə sizi dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Elə isə məni qınamayın, özünüzü qınayın. Mən sizi qurtaracaq deyiləm, siz də məni qurtaracaq deyilsiniz. Doğrusu daha əvvəl məni şərik qoşmağınızı da rədd etmişdim. Həqiqət budur ki, zalımlar üçün ağrılı əzab var". (İbrahim surəsi, 22)

Həmçinin, şübhəsiz ki, dönük xarakterli şeytana tabe olanlar haqq-hesab günü necə aldandıqlarını anlayacaqlar. Dünyadakı həyatları boyu Allahı unudub, Onun göstərdiyi doğru yola tabe olmadıqları üçün böyük peşmançılıq çəkəcəklər. Lakin artıq iş işdən keçmişdir və şeytan onları tək-tənha qoymuşdur:

O gün, zülm edən, əllərini (qəzəblə) dişləyərək (belə) deyər: "Kaş ki, elçinin yolunu tutub gedəydim, vah yazıq olsun mənə, kaş ki, filankəsi dost tutmasaydım. Çünki o, həqiqətən mənə gəldikdən sonra məni zikrdən (Qurandan) döndərdi. Şeytan da insanı “tək-tənha və köməksiz" qoyandır". (Furqan surəsi, 27-29)

Qətiyyən unutmayın ki, dünyada şeytanın arxasına düşənlərin yeri axirətdə mütləq cəhənnəmdir.

Şeytana tabe olanlar haqq-hesab günü Allahın hüzuruna çıxanda; "kaş ki, mənimlə sənin aranda iki şərq (şərqlə qərb arasındakı uzaqlıq) qədər məsafə olaydı" (Zuxruf surəsi, 38) deyərək bir-birlərinə lənət edəcəklər. İnsan o gün şeytanın özü üçün açıq-aydın düşmən olduğunu anlayacaq. Lakin yuxarıda da ifadə etdiyimiz kimi, artıq çox gec olacaq və bunu anlamaq onu əbədi əzab çəkəcəyi cəhənnəmə girməkdən qurtarmayacaq. O və tərəfdarları mütləq etdikləri əməllərin hesabını ayrı-ayrılıqda verəcəklər:

And olsun Rəbbinə, Biz onları da, şeytanları da mütləq toplayacaq, sonra onları cəhənnəmin ətrafında dizüstü çökmüş vəziyyətdə yerləşdirəcəyik. (Məryəm surəsi, 68)

Həqiqət budur ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını təkcə qızğın şəkildə yanan od sakinlərindən olmağa çağırır. (Fatir surəsi, 6)

Nəticə etibarilə siz də; sizin üçün ola biləcək hər cür əzabı, sıxıntını, üstəlik, sonsuz həyatınızı cəhənnəmdə keçirməyinizi istəyən bir düşməninizin olduğunu, sizi bu anda bu kitabı oxuyarkən belə müşahidə etdiyini unutmayın. Həmçinin əgər səmimi iman gətirmisinizsə onun təsirindən xilas olmaq üçün Allaha sığınmağın lazım olduğunu da...

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Əsla Unutmayın!
  • Tək İlahın Allah Olduğunu Unutmayın
  • Yol Göstərənimizin Quran Olduğunu Unutmayın
  • Yaşanan Hər Anın Taledə Olduğunu Unutmayın
  • Sizi Azdırmaq Üçün Var Gücü Ilə Çalışan Şeytanın Varlığını Unutmayın
  • Dünyanın Müvəqqəti Imtahan Yeri Olduğunu Unutmayın
  • Hər An Ölə Biləcəyinizi Unutmayın
  • Qiyamətin və Haqq-Hesab Gününün Mütləq Olacağını Unutmayın
  • İnkarçıların Əzab Məkanı Olan Cəhənnəmə Gedəcəyini Unutmayın
  • Mükafat Yurdu Olan Cənnətə Təkcə Saleh Möminlərin Girəcəyini Unutmayın
  • Allaha Dua Etməyi Unutmayın
  • Allaha Qarşı Həmişə Səmimi və Dürüst Olmağı Unutmayın
  • Səhvlərinizə Görə Dərhal Tövbə Edib Bağışlanma Diləməyi Unutmayın
  • Xatırlatma Təkcə Allahdan Qorxanlara Fayda Verər
  • Bütün Canlıları Allahın Yaratdığını Əsla Unutmayın
  • Əsla Unutmayın!