Ayələrin ifadəsiylə; "qalınacaq yerlərin ən xeyirlisi" və "Allah dərgahındakı əsil çatılacaq gözəl yer" olan cənnətə layiq olanlar, haqq-hesab günündə həyatları boyu etdikləri bütün əməllərin içində yazılmış olduğu əməl dəftərlərini sağ tərəflərindən alacaqlar və asan sorğu-sual olunacaqlar. Bundan sonra da əbədiyyən böyük məmnuniyyət içində yaşayacaqlar. Allah iman gətirənlərə bunu Quranda bir çox ayə ilə müjdələmişdir:
Artıq kitabı sağ əlinə verilən insan belə deyər: "Alın, kitabımı oxuyun. Çünki mən, həqiqətən hesabıma yetişəcəyimi sanmış (anlamış)dım". Artıq o, məmnun qalınan həyat içindədir. Uca bir cənnətdədir. (Haqqə surəsi, 19-22)
Belə bir həyata layiq olan möminlər orada mələklər tərəfindən; "salam üzərinizə olsun, xoş və təmiz gəlmisiniz. Əbədi qalacaq kimsələr olaraq ona daxil olun!" (Zumər surəsi, 73) deyilərək qarşılanacaqlar. Bundan sonra dəstə-dəstə sövq edilərək, əmin-amanlıq və salamla cənnətə girəcəklər. Bu vəziyyət ayələrdə belə xəbər verilir:
Məhz onlar, səbir etmələri müqabilində (cənnətin ən gözəl yerində) otaqlarla mükafatlandırılar və orda əmin-amanlıq diləyi və salamla qarşılanarlar. Orada əbədi olaraq qalacaqlar; o, nə gözəl qərargah və nə gözəl qonaqlama yeridir. (Furqan surəsi, 75-76)
Unutmayın ki, təkcə axirətə qəti iman gətirən, haqq-hesab günündən ötrü Rəbbimizdən qorxaraq yaxşı işlər görən bir insansınızsa, belə qarşılanmağa layiq ola bilər, həmçinin nur və sevinc yurdu olan cənnətlə mükafatlandırılmağı ümid edə bilər. Allah cənnətdəkilərin sözlərini bizə belə bildirmişdir:
Çünki biz, kəskin və ağır bir gündən ötrü Rəbbimizdən qorxuruq. Artıq Allah, onları belə bir günün şərindən qorumuş və onlara nur və sevinc bəxş etmişdir. (İnsan surəsi, 10-11)
Cənnət dedikdə insanların bir çoxunun ağlına ucsuz-bucaqsız yaşıllıq, çaylar, bir sözlə, yalnız təbii gözəlliklər gəlir. Lakin cənnətin əsli (sizə bu günə qədər öyrədildiyi kimi) bunlarla məhdudlaşmır. Cənnət, Allahın Özünə iman gətirənlər üçün hazırladığı sonsuz gözəlliklərin, insanın istəyib, arzu edə biləcəyi hər şeyin və hətta xeyli üstün nemətlərin olduğu məkandır. Dünyada gördüklərimizlə cənnəti xəyal edərik, lakin Allahın möminlər üçün hazırladığı nemətləri tam qavramaq üçün bunlar kifayət deyil. Cənnətin əslini, təkcə onunla qarşılaşdıqda qəti olaraq anlaya bilərik. Necə ki, bir ayədə bu həqiqətə belə diqqət çəkilmişdir:
Artıq heç bir nəfs, etdiklərinin əvəzi kimi özləri üçün göz aydınlığı olaraq (saysız-hesabsız nemətlərin) saxlandığını bilməz. (Səcdə surəsi, 17)
Dünyada xoşladığınız maddi-mənəvi bütün şeylərin ən gözəli və mükəmməli oradadır. Cənnət, böyük mülk və zənginliklərlə dolu, hər cür gözəlliyin və nemətin həmişə birlikdə olduğu bir yerdir. İnsanın arzuladığı və görmək istəyib də zövq alacağı hər şeyin olduğu cənnətdə, insanların dünyada olarkən xəyal belə edə bilməyəcəkləri gözəllik və nemətlər möminlərə təqdim edilmişdir. Allah bir ayəsində cənnətlə əlaqədar belə xəbər verməkdədir:
Hara baxsan, nemət və böyük mülk görərsən. (İnsan surəsi, 20)
Cənnətdə möminlərə zövq olaraq bir çox gözəl yemək və içki təqdim edilər (Mürsəlat surəsi, 43). Allah cənnətdəki möminlərə; "istəyib arzuladıqları meyvələrdən və ətdən bol-bol" (Tur surəsi, 22), həmçinin ürəklərinin istədiyi quş ətindən (Vaqiə surəsi, 21) də bəxş edəcək. Üstəlik, ruzilər tükənməyəcək (Sad surəsi, 54). Quranda altından çaylar axan, meyvələri və kölgələri daimi olan (Rad surəsi, 35) cənnətdəki yamyaşıl bağçalarda (Rəhman surəsi, 64), budaqları dərilməsi asan olan meyvələrlə dolu (İnsan surəsi, 14), üst-üstə düzülmüş bənzərsiz meyvələri sallanmış ağaclar təsvir edilmişdir (Vaqiə surəsi, 28-29). Allahın cənnətlə əlaqədar ayələrdə ən çox bəhs etdiyi təbii gözəlliklərdən biri də dayanmadan axan sular və bulaqlardır (Rəhman surəsi, 66).
Həmçinin içində xarab olmayan sudan, dadı dəyişməyən süddən və süzülmüş baldan içənlərə ləzzət verən çaylar olacaq (Məhəmməd surəsi, 15). Cənnətdəki nemət və gözəlliklərin bir hissəsi dünyadakını xatırlatdığı halda, bir hissəsi isə daha əvvəl heç bir insanın görüb tanımadığı "növbənöv incəliklərə və gözəlliklərə" sahib olacaq (Rəhman surəsi, 48). Xəyal gücümüzün çox kənarında, Allahın sonsuz elmi ilə hazırlanmış bir çox gözəllik və nemət cənnətdə möminləri gözləyir. Çünki Allah orada istədikləri hər şeyin onların olacağını müjdələyir (Şura surəsi, 22).
Cənnətdəki möminlər çox gözəl məskənlərdə yaşayacaqlar (Tövbə surəsi, 72), bu məskənlərdə diqqətlə işlənmiş ləl-cəvahiratlı taxtlar üzərində yaslanaraq oturacaqlar (Vaqiə surəsi, 15-16). Cənnətdə möminlərə müjdələnən digər nemətlərin bir hissəsi də belədir:
Və səbir etdiklərinə görə cənnət və ipəklə mükafatlandırmışdır. (İnsan surəsi, 12)
Onların əyinlərində taftadan və atlazdan yaşıl paltarlar var. Gümüş bilərziklərlə bəzənmişlər... (İnsan surəsi, 21)
Əlbəttə ki, dünyada da insan üçün ən böyük nemətlərdən biri, sevdiyi, zövq aldığı insanlarla birlikdə olmaqdır. Möminlər Allaha qəlbən bağlı, təqvalı qardaşlarıyla birlikdə olmaqdan böyük zövq alarlar. Bu fitrətlə yaradılan möminlər üçün cənnətdə də sevdikləri bu insanlarla birlikdə yaşaya biləcək olmaları olduqca böyük şövq mənbəyidir. Üstəlik, bu birgəlik illərlə məhdudlaşmayıb, əbədi birgəlik olacaq. Necə ki, Allah saleh bəndələrinin cənnətdə də sevdikləri insanlarla birlikdə ola biləcəklərini belə müjdələmişdir:
Onlar Ədn cənnətlərinə daxil olarlar. Atalarından, zövcələrindən və nəsillərindən “saleh əməllər” edənlər də (Ədn cənnətlərinə daxil olarlar). Mələklər onların yanına hər bir qapıdan girib (belə deyərlər:) "Səbir etdiyinizə görə sizə salam olsun. (Dünya) Yurdun(un) sonu necə də gözəldir". (Rad surəsi, 23-24)
Allah möminlərə cənnətdə nəfslərinin arzuladığı şəkildə həyat yoldaşları da verəcək. Bu, Quranda; "orada onlar üçün tərtəmiz həyat yoldaşları vardır..." (Nisa surəsi, 57) ayəsi ilə bildirilmişdir. Cənnətdəki həyat yoldaşları; "həqiqət budur ki, Biz onları yeni biçimdə yaratdıq" (Vaqiə surəsi, 35) ayəsində bildirildiyi kimi, dünya həyatının çatışmazlıqlarından xilas olmuş vəziyyətdə yeni biçimdə yaradılacaq. Allah möminlərin və həyat yoldaşlarının kölgəliklərdə və taxtlar üzərində yaslanmış halda; "sevinc və xoşbəxtlik dolu məşğuliyyət" içində olduqlarını bildirir (Yasin surəsi, 55-56).
Cənnətdəki bəndələrinə nemət ardınca nemət lütf edən Allah, hər şeyi insanın ən zövq alacağı şəkildə yaratmışdır. Orada Allah möminlərin istədikləri hər şeyi yaradaraq onları mükafatlandırır. "Orada istədikləri hər şey onlarındır. Dərgahımızda daha artığı da var" (Qaf surəsi, 35) ayəsi ilə insanın istəyə biləcəyindən, xəyal edə biləcəyindən artığını cənnətdə verəcəyini də bildirir.
Allah, cənnət üçün darıxmaq və insanların Öz rizasına görə yaşamasını təmin etmək üçün dünyanı çatışmazlıqlarla dolu yaratmışdır. Cənnətə görə nemətləri az olan bu dünyanın ən mühüm çatışmazlıqlarından biri də, hər şeyin sonunun olmasıdır. Həmçinin inkarçılara Allahın verdiyi bir bəla daha vardır ki, dünyaya bağlanıb axirəti unutduqlarına görə, buradakı ən gözəl şeylərdən belə bir müddət sonra artıq bezərək zövq ala bilməz hala gələrlər. Halbuki cənnət, gözəlliklərlə dolu olan, bezmədən və yorulmadan bütün bu nemətlərin hər birindən ən çox ləzzətin alınacağı bir məkandır. Möminlərə, eynilə dünyada olduğu kimi, cənnətdə bezginlik üz verməyəcək və üstəlik, onlar, qətiyyən yorğunluq da hiss etməyəcəklər (Fatir surəsi, 35).
Lakin unutmayın ki, cənnətdəki bütün nemətlərdən də üstün olan, ən böyük gözəllik, Allahın rizasını qazanmış olmaqdır. Allahın rizasını qazanmış olmaq, heç bir maddi gözəlliklə müqayisə edilə bilməyəcək xoşbəxtlik və rahatlıqdır möminlər üçün... Quranda da bildirildiyi kimi; "...Allahın razılığı isə ən böyükdür..." (Tövbə surəsi, 72).
Cənnətdəki bütün mükafatlar, Allahın razı qalması nəticəsində verildikləri üçün çox dəyərlidirlər. Allah, cənnətə layiq gördüyü insanın həyatı boyu gördüyü işlərdən razı qalmış, səhvlərini bağışlamış və özünü əbədi olan əsil həyatında, razı qalacağı ən gözəl məkana qoymuşdur. Allah iman gətirənləri Quranda belə müjdələyir:
“Ey mutmain (rahatlıq tapmış) olan nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq bəndələrimin cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)
Məhz Allahın rizasını qazananlara vəd edilən cənnət budur. Bu gözəl nəticəyə, yəni cənnətə, təkcə, dünyanın imtahan yeri olaraq yaradıldığını bilən, Allahın xəbərdarlıqlarını dinləyən, vicdanına tabe olan və təkcə Allahın rizasına uyğun hərəkət edənlərin qovuşacaqlarını əsla unutmayın.