Cəhənnəm; Allahı inkar edərək, laqeydcəsinə ömür sürənlərə əbədi yurd olacaq bir əzab məkanıdır. Həqiqət budur ki, axirətə inanmayanların möhkəmcə bağlandıqları dünya, mütləq yox olacaq, lakin cəhənnəm əbədiyyən var olacaq. Allahın "od sakinləri" kimi adlandırdığı insan qruplarından hər biri cəhənnəmdə əbədi qalacaq. Əsla qaça bilməyəcəkləri bu əzabın heç bir bənzəri olmayacaq:
Artıq o gün heç kim (Allahın) verəcəyi əzab kimi əzab verə bilməz. (Fəcr surəsi, 25)
Sən cəhənnəmin (səqərin) nə olduğunu bilirsənmi? Nə saxlayar, nə də buraxar. Bəşərə dəlicəsinə susamışdır. (Müddəssir surəsi, 27-29)
İnsanlar arasında, cəhənnəmdə bir müddət qalıb sonra cənnətə girəcəklərinə dair batil inanc var. Halbuki cəhənnəmin ən qorxunc xüsusiyyətlərindən biri əzabın əsla bitməyəcək olması, oradan çıxmağın əbədiyyən qətiyyən mümkün olmamasıdır. Quranda belə batil inanca sahib insanların qorxunc bir yanlış fikirdə olduqları belə ifadə edilir:
Həqiqətən, cəhənnəm müşahidə yeridir. Həddi aşıb azanlar üçün gediləcək son yerdir. Bütün zamanlar ərzində içində qalacaqlar. (Nəbə surəsi, 21-23)
Cəhənnəmdən çıxmaq (Allah istəmədiyi müddətcə) əsla mümkün deyil. Belə ki, bütün günahkarlar cəhənnəmə girdikdən sonra cəhənnəmin qapıları üzlərinə bağlanacaq, od inkarçıların üzərində əbədiyyən qapanmış olacaq:
Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir. "Qapıları kilidlənmiş" od onların üzərində olacaq. (Bələd surəsi, 19-20)
Dünyada özünə verilmiş məhdud müddəti boşuna sərf edən hər insanın, bütün zamanlar ərzində içində qalacağı, əbədiyyən qapıları üzünə qapanmış bu əzaba layiq olacağını əsla unutmayın.
Qapanmış qapıların arxasında yaşanacaq əzab isə dünyada əsla təxmin edilə bilməyəcək bir əzabdır. Quranda bizə təsvir edildiyinə görə, cəhənnəm; dar, gurultulu, qaranlıq və dumanlı məkandır. İnsanın hüceyrələrini qovuran istiliyi, iyrənc yemək və içkiləri ilə əzabın ən incə nöqtələriylə göstərildiyi son qayıdış yeridir. Cəhənnəmdə hər anın çoxyönlü işgəncələrlə dolu olduğu bir həyat var. Cəhənnəm əhlinin gözü, ən dəhşətamiz və iyrənc təsvirləri görəcək; qulağı qorxunc və əzab verən səslər, uğultular, səs-küylər, qışqırıqlar, inləmələr, bağırtılar eşidəcək; burnu ola biləcək ən pis və iyrənc qoxularla dolacaq; dili ən iyrənc dadları, ən dözülməz ağrıları hiss edəcək bununla yanaşı bütün vücudu yanıb qovrulacaq.
Cəhənnəm əhlinin üzlərini od bürüyəcək, başları üzərindən qaynar su töküləcək, alınları, böyür və kürəkləri dağlanacaq. Eləcə də, bütün bu əzablar heç bir fasilə və yüngülləşmə olmadan əbədiyyən davam edəcək.
Alovlu od insanları hər tərəfdən əhatə edib bürüyəcək. Allah, cəhənnəm əhli üçün oddan paltar biçildiyini (Həcc surəsi, 19), geyimlərinin qatrandan olduğunu (İbrahim surəsi, 50) ifadə edərək, onların əzabla nə qədər iç-içə olduqlarını xəbər verir. Yanan dərilərinin yerinə yeniləri yaradılar (Nisa surəsi, 56) ki; beləliklə də, odun verdiyi əzab heç yüngülləşmədən davam edər. Bu vəziyyətdə olarkən, zəncirlərə vurular, boyunlarına halqa keçirilər, əlləri boyunlarına bağlı vəziyyətdə odun ən dar yerinə atılarlar (Furqan surəsi, 13). Oddan yataqlara yatızdırılar, üzərlərinə örtdükləri örtüklər belə oddan olar.
Bu əzabdan xilas ola bilmək üçün həmişə fəryad edər və yalvararlar, lakin özlərinə cavab belə verilməz. Ən azı, bir günlük də olsa əzabın yüngülləşdirilməsini istəyərlər, lakin yenə alçaldılar və əzabla qarşılıq alarlar.
Qorxunc xortultu ilə qaynayıb fəvvarə vuran cəhənnəm odunun uğultusu çox uzaqdan belə eşidiləcək qədər şiddətlidir. Cəhənnəm əhli, cəhənnəmdə; "qızğın şəkildə yanan" (Məaric surəsi, 15), "qəzəbli, alovları getdikcə qabaran" (Leyl surəsi, 14) odun içinə atılar və qışqıraraq yanarlar.
Barmağınızın ucu yandıqda belə güclü ağrı hiss etdiyinizi xatırlayın. Həmçinin alovlu əzabın bu qədər şiddətli olduğu bir yerə getmə ehtimalını doğuracaq ən kiçik bir hərəkətdən qaçmalı olduğunuzu bir an belə olsa əsla unutmayın.
Əbədi həyatın davam edəcəyi cəhənnəmdə insanlar təbii ki, acacaqlar, susayacaqlar. Lakin dünyada etdikləri əməllərin və nankorluqlarının əvəzini axirətdə bu şəkildə alan insanlar, yemək olaraq təkcə zəqqum ağacını və dari tikanını tapa biləcəklər (Ğaşiyə surəsi, 6). İçməyə isə irin və qaynar sudan başqa heç nə olmayacaq (Nəbə surəsi, 24-25). Bununla yanaşı, bu yemək və içkiləri boğazlarından keçirməyi bacara bilməyəcəklər (Müzzəmmil surəsi, 13). Üstəlik, boğazı tıxayıb qalan bu yeməklərdən heç biri doyuran, aclıqdan qoruyan yeməklər deyil. (Ğaşiyə surəsi, 7)
Orada oddan çıxmaq istəyəcəklər, lakin ondan çıxa bilməzlər; içinə girdikdən sonra artıq geri dönüş yoxdur. Belə ki, insanlar şiddətinə dözə bilmədikləri bu əzab qarşısında yox olmağı istəyəcəklər. Lakin insan orada nə öləcək, nə də dirilə biləcək, hər tərəfdən ölüm gələcək, lakin ölməyəcək (İbrahim surəsi, 17). Təkcə qazandıqları əməllərin cəzasını alacaq cəhənnəm əhlinin əzabı yüngülləşdirilməyəcək və onlara fikir verilməyəcək.
Cəhənnəmdəki od öldürməz, təkcə əzab çəkdirər. İnsan bunun əbədiyyən davam edəcəyini bilməyin verdiyi dözülməz çarəsizlik, ümidsizlik və ziyan içində olacaq. Əzabın digər tərəfi də, xüsusən insanların dünyada olarkən ən dəyər verdikləri; təkəbbürlərini, lağlağıçılıqlarını və qürurlarını əks etdirdikləri üzlərinin yandırılmasıdır. Üstəlik, üz, bütün duyğu orqanlarının bir yerdə olduğu, ağrının ən şiddətli hiss olunduğu yerlərdən biridir:
Od onların üzünü yalayıb yandırar ki, onlar onun içində, (ətləri sıyrılmış vəziyyətdə) dişləriylə qalarlar. (Muminun surəsi, 104)
Cəhənnəmdə üzünüzün odda oyana-buyana çevrilməsini istəmirsinizsə əsla dünyada mövcudluq məqsədinizi və Allahın rizasını qazanmadığınız təqdirdə mütləq cəhənnəmlə üz-üzə gələcəyinizi unutmayın.
Cəhənnəmdə insanlar bura qədər bəhs etdiyimiz fiziki əzablarla yanaşı, alçaldılmaq, rəzil olmaq, peşmançılıq, çarəsizlik və ümidsizlik kimi mənəvi əzablarla da qıvranacaqlar. Ayələrdə bildirildiyinə görə, Allaha ibadət etməyib təkəbbürlənənlər, cəhənnəmə təslim olmuş kimsələr olaraq girəcəklər (Mümin surəsi, 60). Qiyamət surəsində haqq-hesab günündə insanların Allahın rəhmətindən məhrum qalmalarının bir səbəbinin də “namaz qılmamalarının” olduğu bildirilmişdir:
(Ölüm qorxusundan) Ayaqlar bir-birinə dolaşdığı vaxt; o gün gətiriləcək yer təkcə Rəbbinin hüzurudur. Lakin o, nə təsdiqləmiş, nə də namaz qılmışdı. Lakin o, yalanlamış və üz döndərmişdi. Sonra da lovğalanaraq yaxınlarının yanına getmişdi. Sən buna layiqsən! Artığına layiqsən! Yenə layiqsən! Artığına da layiqsən! (Qiyamət surəsi, 29-35)
Peyğəmbərimiz (s.ə.v) də bir çox hədisində 5 vaxt namazın əhəmiyyətinə diqqət çəkmişdir. Əbu Hüreyrə (r.ə)-dən rəvayət edilən mübarək bir hədisində Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
"Beş vaxt namaz, növbəti həftəyə qədər cümə, növbəti ilə qədər ramazan, böyük günahlardan çəkinilsə, aralarındakı səhvlər üçün kəffarədir". (Müslim) (Riyazü’s Salihin, İmamı Nevevi, tərcüməçi: Mehmet Emre, Bedir nəşriyyat evi, səh. 698)
Dünyada təkəbbürlə gəzənlər də, axirətdə təslim olmuş vəziyyətdə uca Allaha yalvaracaqlar. Elə ziyana uğramış, alçaldılmış və utanc verici vəziyyətə düşəcəklər ki, başlarını belə qaldıra bilməyəcəklər:
Onu tutub cəhənnəmin ortasına sürükləyin. Sonra qaynar suyun əzabından başının üstünə tökün; (Əzabı) dad; çünki sən, (öz aləmində) üstün və şərəfli idin. Həqiqətən bu, sizin şübhəyə qapıldığınız şeydir. (Duxan surəsi, 47-50)
Cəhənnəm oduna “alçaldıcı şəkildə” sürüklənəcəkləri gün; (Tur surəsi, 13)
Başqa bir ayədə isə Allah, inkarçıların cəhənnəmə girmələri barədə; "artıq onlar və azğınlar onun içinə atılmışdır" (Şuəra surəsi, 94) deyə buyurur. Bu insanların hər biri o gün günahlarını etiraf edəcəklər. Ayələrdə bildirildiyi kimi; "əgər dinləmiş və anlamış olsaydıq, bu qızğın şəkildə yanan odun sakinləri arasında olmazdıq" (Mülk surəsi, 10), "kaş ki, dünyaya qaytarılaydıq ki, möminlərdən olaydıq" (Ənam surəsi, 27), "kaş ki, Allaha və Rəsula itaət etsəydik" (Əhzab surəsi, 66) deyə cavab verəcəklər. O gün bir-birləriylə mübahisə edəcək, bir-birlərinə lənət oxuyacaq, bir-birlərinin əzab çəkmələri üçün dua edəcəklər. Cənnət əhlindən su və ruzi istəyəcəklər; lakin bunlar onlara haram edilmişdir. Orada kömək istədikləri zaman onlara; "qatı maye kimi üzləri qovurub yandıran bir su" ilə kömək ediləcək (Kəhf surəsi, 29).
Cəhənnəmdə olarkən onlar; "ey Rəbbimiz, bizi çıxart ki, etdiyimiz əməlləri deyil, saleh əməllər edək" (Fatir surəsi, 37) deyə Allaha söz verəcəklər. Lakin bütün bunlar ümidsiz çırpınışlardır. Heç biri fayda verməyəcək və bu insanları gözləyən aqibəti dəyişdirə bilməyəcək.
O zaman, "Allahdan geri çevrilməsi mümkün olmayan o gün gəlmədən əvvəl, Rəbbimizə ibadət edin və o gün sizin üçün nə bir sığınacaq, nə də inkar (etməyə bir imkan olacaq)" (Şura surəsi, 47) ayəsini əsla unutmayın.
Bilin ki, ədalətlə hökm verən Allah, siz də daxil olmaqla, dünyadakı bütün insanlara xəbərdar edən göndərmiş və dünyada öyüd ala biləcək kimsənin öyüd ala biləcəyi qədər ömür vermişdir. Buna görə də, Allahın "zalımlar" kimi xarakterizə etdiyi bu insanlar üçün axirətdə bir köməkçi olmayacaq (Fatir surəsi, 37). Bu mütləq bir həqiqətdir ki, o gün insanlar təkcə dünyada etdikləri əməllərin acı nəticəsi ilə qarşılaşacaqlar:
Sonra zalımlara: "Dadın əbədi əzabı!" deyiləcək. Məgər siz ancaq qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?” (Yunis surəsi, 52)
Məhz Allahın bəndələrini, yaşadıqları ömür boyu çox müxtəlif yollarla xəbərdar edib qorxutduğu, bütün təfsilatlarını hələ dünyada olarkən bildirdiyi və özlərini çəkindirdiyi cəhənnəm belə yerdir. Dünyada cəhənnəmlə xəbərdar qorxudulmamış, əbədi əzabdan xəbərsiz olduğunu söyləyə biləcək heç kim yoxdur. Allah o gün insanların yaşayacaqları peşmançılığı bizə bildirmişdir. Ayələrdə belə buyrulur:
O gün cəhənnəm də gətirilmişdir. İnsan o gün düşünüb xatırlayar, lakin (bu) xatırlamağın ona nə faydası var? O belə deyər: “Kaş ki, həyatım üçün, (əvvəlcədən bir şeylər) təqdim edə bilsəydim”. (Fəcr surəsi, 23-24)
Elə isə siz də, o gün gəldikdə, dünyada edilən xəbərdarlıqları xatırlamağın sizə əsla bir fayda verməyəcəyini və cəhənnəmdən bir il deyil, min il deyil, bir milyon, bir milyard il deyil, hətta min trilyon il də deyil, əbədiyyən çıxışın əsla mümkün olmadığını əsla unutmayın.