Ətrafınıza bir baxın; gördüyünüz bütün insanlar, dostlarınız, qohumlarınız, bir sözlə, dünyada mövcud olan hər insan, daha əvvəl yaşamış milyardlarla insan kimi mütləq öləcək. Allah bu həqiqəti; "hər nəfs ölümü dadacaq..." (Ənbiya surəsi, 35) ayəsi ilə bildirmişdir. Bu labüd həqiqəti unutmaq insanın düşə biləcəyi ən böyük qəflətlərdən biridir. Halbuki ölümü uzaqlaşdırmağa əsla gücü çatmayacaq insan, bilməyəcəyi bir vaxtda və yerdə və hər hansı səbəbdən ötrü mütləq öləcək.
Peyğəmbərimiz (s.ə.v) ölümlə əlaqədar bir hədisində belə buyurmuşdur:
Ölümü ən çox yada salan və özlərinə gəlməzdən əvvəl onun üçün ən yaxşı hazırlığı görənlərdir. Məhz ağıllılar bunlardır". (Hz. Enes r.a.: Ibnu Mace, Zuhd 31, Kütüb-i Sitte, 16-cı cild, səh. 330)
Bunu unutmayın ki; nə gənc, nə yaşlı, nə gözəl, nə çirkin, nə zəngin, nə də kasıb olmaları, həmçinin nə ad-sanları, nə də mövqeləri bu günə qədər yaşayan insanları ölümdən qoruya bilməmişdir.
Bütün bunları çox yaxşı bilmələrinə baxmayaraq, insanların əksəriyyəti ölümü çox düşünməməyə hətta mümkün qədər unutmağa çalışaraq bu həqiqəti görməzlikdən gələrlər. Halbuki bu, insanın özünü aldatmasından başqa şey deyil. O düşünsə də, düşünməsə də, bu qaçılmaz hadisələri, heç bir mərhələsi əskik qalmadan bilavasitə yaşayacaq:
O, ölüm sərxoşluğu, bir həqiqət olaraq gəlib də, (insana:) "məhz bu, sənin qaçdığın şeydir" (deyildiyi zaman da). (Qaf surəsi, 19)
Siz bu an bu sətirləri oxuyarkən ölümün yaxın olduğunu düşünə bilərsiniz. Lakin mütləq gerçəkləşəcək olan bu həqiqəti bir qədər də dərin düşünün; kim bilər, bəlkə də əlinizdəki kitabı oxuyub qurtara bilmədən ölüm sizi haqlayacaq. O zaman, əsla, ölümün sizə də, digər bütün insanlara da çox yaxın olduğunu unutmayın.
Ölümlə qarşılaşmağınız üçün bəzi təfsilatlı hadisələrin ardıcıl baş verməsi lazım deyil. Allah, ölüm vaxtı çatan insana gözləmədiyi bir vaxtda ölüm mələyini göndərər və bir anda canını alar. Bu, hazırda əyləşdiyiniz kreslodan qalxa bilmədən də baş verə bilər. Olduğunuz otaqda anən ölüm mələyini qarşınızda görə bilərsiniz. Yanınızda yoldaşlarınızın, ailənizin olması da heç nəyi dəyişdirməz, onlar sizi ölümdən qoruya bilməzlər. Elə isə hər insanın Allahın vəzifə təyin etdiyi ölüm mələyi tərəfindən həyatına son veriləcəyini və beləliklə Allaha qaytarılacağını əsla unutmayın.
Bəlkə də siz bu sətirləri oxuduqdan çox qısa müddət sonra ölə biləcəyinizə ehtimal verməyə bilərsiniz. Daha görüləcək, bitiriləcək işlərin olduğunu düşünməyiniz, sizə, bəlkə də ölümün sizin üçün hələ erkən və vaxtsız olduğu hissini verir. Halbuki ölümün vaxtını təyin edən Allahdır və əcəli gələn insan özü üçün taleyində müəyyən edilmiş ən xeyirli vaxtda, tək bir saniyə belə təxirə salınmadan bu sonla qarşılaşar:
Halbuki Allah əcəli çatan heç kəsi qətiyyən təxirə salmaz. Allah nə etdiklərinizdən xəbərdardır. (Münafiqun surəsi, 11)
Bəs öldükdən sonra vücudunuzun hansı vəziyyətə düşəcəyini heç düşündünüzmü?
Nə gözəlliyinizə, nə də zənginliyinizə baxılmadan, çox sərt haldakı vücudunuz evin bir otağında və ya bir meyitxanada saxladılacaq, sonra da kəfənə bükülərək dar bir tabutun içində cənazə avtomobilinə yerləşdirilib məzara aparılacaq. Sonra vücudunuz sizin üçün açılmış bir çuxurun dibinə qoyulacaq, üstünüz yaxşı şəkildə torpaqla örtüləcək. Ət və sümük yığınından ibarət olan vücudunuz qısa müddət ərzində çürüməyə, qoxmağa başlayacaq, geridə yalnız sümük yığınından ibarət skeletiniz qalacaq. Eləcə də, unutmayın ki, bu günlə mütləq qarşılaşacaqsınız; tez və ya gez bir gün vücudunuz torpağın altında tək-tənha qalacaq.
İnsan vücudunun ölümdən sonra düşdüyü hal, şübhəsiz ki, ibrətamizdir. Belə bir görünüşlə bir neçə dəqiqə, hətta saniyələr ərzində təmasda olmaq belə insan üçün dözülməzdir. Bəs həyatı boyu olduqca düzgün görünüşü olan insan vücudunun, ölümün ardınca niyə bu hala düşdüyünü heç düşündünüzmü? Əlbəttə ki, bu, üzərində düşünməli olduğunuz məsələdir. Çünki öz vücudunuzun da, dəyər verdiyiniz bütün insanların vücudunun da bir gün çürüyüb qoxacağı həqiqəti, dünyaya bağlanmağınıza və axirəti unutmağınıza qəti şəkildə mane olacaq.
Bütün bu həqiqətlərə baxmayaraq, insanların əksəriyyəti dünya ilə əlaqədar hər mövzuda öz mənfəətlərini ən incə nöqtələrinə nəzərə alarkən, özləriylə əlaqədar ən böyük həqiqət olan ölümü nəzərə almazlar. Lakin bu böyük aldanmadır; bu aldanmadan ötrü ölümdən sonrakı həyat üçün hazırlıq görməmələri onlar üçün əbədi əzaba səbəb olar. O zaman insan öləcəyini əsla unutmamalı və dünyada Allahı razı salacaq işlər görməlidir. Sonsuz ədalətli və şəfqətli olan Rəbbimiz; hər kəsə, öyüd ala biləcəyi qədər möhlət vermişdir. Lakin bu möhlət dünya həyatı ilə məhdudlaşır. Yəni səhvlərin düzəldilməsi, səmimiyyətlə edildiyi təqdirdə təkcə dünyada mümkündür. Ölümlə birlikdə isə artıq düzəldilmə imkanı aradan qalxacaq, sonsuz peşmançılıq başlayacaq:
İçində onlar (belə) qışqırıb deyəcəklər: "Ey Rəbbimiz, bizi çıxart ki, etdiyimiz əməlləri deyil, saleh əməllər edək". Sizə orda (dünyada), öyüd ala biləcək kimsənin, öyüd ala biləcəyi qədər ömür vermədikmi? Sizə xəbərdar edən də gəlmişdi. Elə isə (əzabı) dadın; artıq zalımlar üçün bir köməkçi yoxdur. (Fatir surəsi, 37)
Unutmayın ki, ölüm əsla yox olmaq deyil, güman edildiyi kimi ölümlə hər şey bitməz. Cahil insanların bir çoxunun düşündüyü kimi, əbədiyyən davam edəcək şirin yuxu isə heç deyil. Ölümlə insanın əsil və sonsuz həyatı başlayar ki, bu, dünyadakı həyatını necə keçirdiyinə görə formalaşan və əsla dəyişdirilə bilməyəcək bir həyatdır. Ölüm, həyatını Allahın rizasına uyğun şəkildə qiymətləndirənlər üçün xoşbəxtlik və qurtuluşa açılır. Allahdan üz döndərənlər üçünsə, qəti fəlakətin başlanğıcıdır.
Allah, insanın qarşısına dünyada olarkən ölümü və axirəti düşündürəcək bir çox hadisə çıxardar. Öyüd ala biləcək insan üçün bu xatırlatmalar, həyatını, ətrafındakı hadisələri ciddi düşünməsinə, baxış prizmasını təkrar-təkrar nəzərdən keçirməsinə səbəb olacaq. Lakin Allahın bu xəbərdarlıqlarına məhəl qoymayan insan böyük ziyan içərisindədir. Unutmamalıdır ki, özündən əvvəl ölənlər də; eynilə indi bütün insanların etdiyi kimi, bəlkə bir qədər sonra yeyəcəyi yeməyi və ya ertəsi gün gedəcəyi yeri planlaşdırarkən heç gözləmədikləri bir vaxtda ölümlə qarşılaşmışlar.
Elə isə siz, dünyada tək bir yaxşı işi belə görmək imkanınızın qalmayacağı ölüm anına çatmadan əvvəl, gücünüzün çatdığının ən artıqlaması ilə axirətiniz üçün səy göstərməyi unutmayın.
Allah Quranda ölümün təxirə salınmayacağını və ölüm vaxtı çatan bir insanın duyduğu peşmançılığı bizə belə bildirir:
Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib salehlərdən olum!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Halbuki Allah əcəli çatan bir kəsi qətiyyən təxirə salmaz. Allah nə etdiklərinizdən xəbərdardır. (Münafiqun surəsi, 10-11)