Dünyadakı hər şeyin müəyyən məqsəd üçün yaradıldığını unutmayın. Ətrafınızda gördüyünüz hər şeyin müəyyən yaranma səbəbi olduğu qəti həqiqətdir. Hər şey kimi sizin və sizlə birlikdə bütün insanların da yer üzündə olmasının bir məqsədi var:
O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaratdı. O, üstün və güclü olandır, çox bağışlayandır. (Mülk surəsi, 2)
Yuxarıdakı ayədə də göründüyü kimi, Allah insanları sınamaq üçün həyatı yaratmış və insanları dünyaya müvəqqəti yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi sınayır; inkarçıların ortaya çıxması, iman gətirənlərin pisliklərdən təmizlənməsi və cənnət əxlaqına nail olması üçün həyatı davam etdirir. Yəni dünya təkcə Allahın məmnuniyyətini qazana bilməyiniz üçün sınanma və təhsil yeridir.
Allah, insanlara qorumaları lazım olan hüdudları, məmnun olacağı davranışları və Özünü razı salmayacaq hər şeyi açıqca bildirmişdir. Buna görə də, insan dünyada göstərdiyi rəftarlarla əbədi həyatında cəza və ya mükafat alacaq. Belə olan halda, yaşadığımız hər saniyə, bizi ya cənnətə ya da cəhənnəmə yaxınlaşdırır. Elə isə siz də bu an sınanıldığınızı və bu sınağın nəticəsinin əbədi həyatınızı müəyyənləşdirəcəyini və bu nəticənin çox yaxın olduğunu əsla unutmayın. Allah bu həqiqəti qullarına bir çox ayədə xatırladır və o günə qarşı onları belə xəbərdar edir:
Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)
Allah dünyanın müvəqqəti və aldadıcı bəzəklərinə ehtirasla bağlanmaqdan insanları çəkindirir. Çünki insanın nə malı, nə gözəlliyi, nə də məqamı, bir sözlə, dünyada sahib olduğu hər hansı şey (bunları Allah rizasına uyğun şəkildə istifadə etmədiyi müddətcə) özünə axirətdə fayda verməyəcək. İnsan, vücudu da daxil olmaqla, sahib olduğu hər şeyi dünyada qoyub axirətə gedəcək. Torpağa qoyulan vücudu çürüyüb gedəcək, dünyada hərisliklə sahibləndiyi malı və mülkü zamanla məhv olacaq. Lakin özü tək-tənha, eynilə digər bütün insanlar kimi sorğu-sual olunmaq üçün Rəbbimizin hüzuruna gələcək. Lakin bu açıq həqiqətə baxmayaraq, insanların böyük əksəriyyəti gündəlik işlərinə dalaraq ölümü və axirəti unudarlar; bütün həyatlarının bu dünyadakı həyat olduğunu zənn edərlər. Quranda insanların bu psixologiyası belə açıqlanmışdır:
Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (Casiyə surəsi, 24)
Halbuki insanların görməzlikdın gəldiyi çox mühüm bir həqiqət var; dünyadakı həyat çox qısadır. Hazırda 30 yaşında olan bir insan üçün düşünək. Özündən 30 ilin necə keçdiyini soruşsanız yəqin ki; "o qədər sürətlə keçdi ki, anlaya bilmədim" deyəcək. Etdiklərini söyləməsini istəsəniz ən çoxu bir neçə saatda, keçən 30 ilin xülasəsini verəcək. Həmçinin bu insanın qarşısında ən çoxu 30 il qədər ömrü daha var. Önündəki zaman da keçmişdəki zaman qədər sürətlə keçib gedəcək. Allah dünyada yaşanan bu müddətin qısalığına bir çox ayədə diqqət çəkmiş, insanların axirətdə bunu açıqca etiraf edəcəklərini bildirmişdir. Bu ayələrdən bəziləri belədir:
Gündüzün bir saatından başqa sanki heç ömür sürməmişlər kimi onları bir yerə toplayacağımız gün... (Yunis surəsi, 45)
Qiyamət saatının qopacağı gün günahkarlar, təkcə bir saatdan başqa (dünya həyatı) yaşamadıqlarına and içəcəklər. Məhz onlar belə döndərilirdilər. (Rum surəsi, 55)
Allah insanların dünyaya ehtirasla bağlanmamaları üçün yer üzündə gözəl nemətlərlə yanaşı bir çox çatışmazlıq, çirkinlik də yaratmış və dünyanın müvəqqəti olduğunu da təkrar-təkrar göstərmişdir. Lakin bu, üzərində ətraflı düşünülməsi lazım olan mövzulardan biridir. Belə düşünün; ən dəyər verdiyiniz, ən gözəl gördüyünüz şeylər qısa müddətdə köhnəlir, sevdikləriniz bir-bir ölür, ətrafınızdakı ən gözəl insanlar yaşlanır, xəstəliklərin biri bitib digəri başlayır. İndiyə qədər yaşadığınız ən xoşbəxt anlarınız da, gəlməsini səbirsizliklə gözlədiyiniz anlar da, çox sıxıntılı olduğunuz anların da hamısı keçdi, tarixə qarışdı. Məhz bundan sonra da belə olacaq və siz bu əsnada, göz açıb yumana qədər keçən müddət ərzində həmişə sınanılacaqsınız. Bu da ta ki, ölüm gəlib sizə çatanadək davam edəcək... Sonra isə yer üzündə tarix boyu gəlib-keçmiş bütün insanlar kimi əməllərinizin qarşılığını tam alacaq və buna əsasən də, sonsuz həyatınız başlayacaq.
Halbuki insan heç bir gözəlliyin, heç bir xoşbəxt anının müvəqqəti olmasını istəməz. Lakin çox tez keçən dünyada nə qədər çalışsa da bu qeyri-mümkündür. O zaman bu arzulara necə nail olacaq? Məhz cənnət, insanın bütün bu arzularına təxmin ediləndən də çox nail olacağı tək yerdir.
Siz də içinizdəki bütün bu arzuları yaşaya biləcəyiniz yerin dünya olmadığını; əgər həqiqətən sonsuz nemətləri istəyirsinizsə dünya həyatının arxasına düşməməyiniz, əksinə axirət üçün hazırlıq görməyinizin lazım olduğunu unutmayın.
Bu həqiqətlərdən qəflət içində olan inkarçılar isə, həyatın ölümlə bitdiyinə dair azğın inanclarından ötrü hədəflədikləri hər şeyi dünyadakı qısa müddətə sığışdırmağa çalışarlar. Bütün gözəlliklərə və zövqlərə dünyada nail olmağa çalışarlar. Ölümlə birlikdə hər şeydən məhrum qalacaqları narahatlığı ilə, bu dünyadan mümkün qədər faydalanmağa çalışarlar. Halbuki bu boş səydir, dünya olduqca əskikdir. Hər şeyin daha gözəli və tükənməyəni axirətdədir; lakin, bu nemətlər təkcə Allaha qulluq edən saleh möminlər üçündür. İnkarçıların isə görəcəkləri nemətlər təkcə bu dünyadakı qədərdir. Bu insanların axirətdə oda təqdim ediləcəklərini Allah belə bildirir:
İnkarçılar oda təqdim ediləcəkləri gün, (onlara belə deyiləcək:) "Siz dünya həyatınızda bütün gözəllikləriniz və zövqlərinizi tükədib yox etdiniz, onlarla yaşayıb zövq sürdünüz. Məhz yer üzündə haqsız yerə təkəbbürlənməyiniz və fasiqlik etməyinizə görə bu gün alçaldıcı əzabla cəzalandırılacaqsınız. (Əhqaf surəsi, 20)
Göründüyü kimi dünyadakı heç bir iş, cəhənnəmdən xilas olmaq üçün görüləcək işlərdən əhəmiyyətli ola bilməz. Bir tələbə təhsilini başa vura bilmək, digəri pul qazanıb sərvət toplaya bilmək, digəri isə yaxşı mövqeyə gələ bilmək üçün var gücüylə çalışar. Lakin heç unutmamalıdır ki, insan məktəbini bitirəcəyi günü görməyə və ya qazandığı pulu xərcləyəcək qədər yaşamaya bilər. Lakin mütləq yaşayacağı bir həqiqət vardır ki, bu da haqq-hesab günü Allaha hesab verəcəyidir.
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı olanlar və buna qane olanlar və Bizim ayələrimizdən xəbərsiz olanlar; məhz bunların qazandıqları günahlara görə sığınacaqları yer oddur. (Yunis surəsi, 7-8)
Əslində Allahın insanları, tez-tez tövbə etmələrinə, öyüd alıb düşünmələrinə səbəb olacaq xəstəlik, qəza, yaşlanma kimi hadisələrlə üzləşdirməsi, düşünənlər üçün dünyanın əskik yaradılmış və bağlanılacaq yer olmadığını açıqca göstərər:
Məgər onlar görmürlər ki, həqiqətən onlar hər il, bir və ya iki dəfə bəlaya düçar edilir, lakin tövbə etmir və öyüd alıb (dərs çıxardıb) düşünmürlər. (Tövbə surəsi, 126)
"...Siz dünya müvəqqəti faydasını istəyirsiniz. Halbuki Allah (sizin) axirəti qazanmağınızı istəyir..." (Ənfal surəsi, 67) ayəsində də bildirildiyi kimi, Allah bəndələrinin axirətdə ən gözəl məqama nail olamaları üçün dünyanın çatışmazlıqlarla dolu olduğunu həmişə xatırladır.
Siz də bu xatırlatmaları əsla qulaq ardına vurmayın və əbədi xoşbəxtlik üçün dünyada Allahı razı salmağınızın lazım olduğunu unutmayın. Allah ayəsində qısa olan dünya həyatına bağlananların sonsuz həyatı itirdiklərini tam açıq şəkildə belə bildirmişdir:
Allah ayələrində insanlara axirət nemətlərindən istəməyi nəsihət edər. Çünki onlar daha xeyirli və daha baqidirlər. (Taha surəsi, 131)
Lakin bütün bunlarla yanaşı, Allahın, Özündən axirəti istəyən saleh iman sahiblərini dünyada da ən gözəl həyatla yaşadacağını unutmayın. Möminlər həm dünya nemətlərinin, həm də axirət nemətlərinin ən gözəlinə qovuşanlardır:
Müjdə dünya həyatında və axirətdə onlarındır... (Yunis surəsi, 64)