Allaha Dua Etməyi Unutmayın

Rəbbinizə yalvara yalvara və için-için dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz. Qaydaya salındıqdan (islah olunduqdan) sonra yer üzündə fitnə-fəsad törətməyin; Ona qorxaraq və ümid edərək dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf surəsi, 55-56)

Allahın, bütün insanların Rəbbi olduğu kimi sizin də Rəbbiniz olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi əvvəlcə Allahdan istəməli olduğunuzu unutmayın.

Dua, insanı Allaha səmimi şəkildə yaxınlaşdıracaq mühüm ibadətlərdən biridir. Bütün insanlar duaya möhtacdır. Lakin möminlər üçün dua, həyatlarının ayrılmaz və təbii hissəsi olduğu halda, digər insanlar üçün təkcə böyük çətinliklərlə üzləşdikdə, mühüm təhlükələrlə üz-üzə qaldıqda xatırlanan bir qurtuluş yoludur. Əlbəttə ki, təkcə mənfəətlərdən söhbət getdikdə edilən dua Allah dərgahında məqbul qarşılanmaya bilər. Çünki əsil gözəl olan həm rahatlıqda, həm də çətinlikdə, bir sözlə, insanın hər anında Allahdan kömək istəməsidir. Çünki dua edən insan, Rəbbimiz qarşısındakı acizliyini, Allah istəmədən heç nəyə gücünün çatmayacağını anlamışdır.

Dua özüylə birlikdə Allaha təslimiyyəti də gətirər. Dua edən insan, qarşısına çıxa biləcək çətin və ya asan hər cür hadisədə, kainatın yaradıcısı və hakimi olan Allahı vəkil qılmışdır. Bir problemi həll etməyin və ya qarşısını almağın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha əsaslandığını bilmək, bütün işlərində Allahı vəkil qılmaq və təkcə Ona dua etmək, mömin üçün rahatlıq və etimad mənbəyidir.

Lakin, əlbəttə ki, burada səhv bir anlayışı da vurğulamaq lazımdır. Bir insanın bütün işləri üçün Allaha dua etməsi demək, heç nə etmədən oturub gözləməsi mənasını verməz. İnsan qarşılaşdığı hər şeyin Allahın nəzarəti altında olduğunu bilib bunun rahatlığını yaşamalı, lakin eyni zamanda Allahın özünə çıxış yolu kimi göstərdiyi səbəbləri də ən gözəl şəkildə tətbiq etməlidir. Allaha həqiqətən səmimi dua edən bir insan, Onun qoyduğu qanunlara əsasən feli duasını da etməlidir. Buradakı feli dua, insanın hər hansı arzusuna çatmaq üçün əlindən gələn hər şeyi ən artıqlaması ilə etməsini ifadə edir. Məsələn, xəstə olan bir insanın həkimə getməsi, dərman qəbul etməsi, özünə diqqət yetirməsi şəfa üçün etdiyi feli bir duadır. Bununla yanaşı, insanın bütün bunları edərkən Allahın ona şəfa verməsini istəməsi də şifahi duadır. Buna görə də, feli dua, şifahi dua ilə birlikdə edilməsi lazım olan təməl ibadətlərdəndir.

Duanızda həqiqətən səmimi olmağı və qəlbən ehtiyac duyaraq Allaha yönəlməyi unutmayın. Çünki Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən və eşidəndir. Həmçinin dua Allaha çatmağın ən asan yoludur. İnsanın içindən keçirdiyi tək bir düşüncə belə Allahdan gizli qalmaz. Lakin insanların əksəriyyəti Allahın bütün dualara, istəklərə şahid olduğundan xəbərsizdir. Onlar Allahın, dua etdikləri zaman, bəzilərini eşidib (Allahı tənzih edirik), bəzilərini də eşitmədiyini və ya eşitsə də cavab vermədiyini zənn edirlər. Bu xeyli yanlış düşüncədir. İnsanın içindən keçən hər düşüncəyə, diliylə ifadə etdiyi hər istəyə Allah şahiddir və cavab verər. Necə ki, Quranda bu həqiqətə belə diqqət çəkilmişdir:

Bəndələrim Məni səndən soruşsalar, şübhəsiz ki, Mən (onlara) yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə, onlar da Mənim çağırışıma cavab versinlər və Mənə iman gətirsinlər. Ümid edilir ki, doğru yolu tapmış olarlar. (Bəqərə surəsi, 186)

O zaman unutmayın ki, səmimi olaraq Allahdan nəsə istəmək üçün, insanın təkcə düşünməsi kifayətdir. Məhz Rəbbimiz olan Allaha çatmağımız bu qədər asandır.

İnsan fitrətinin tələbi olaraq tələskən varlıqdır. Necə ki, buna görə Allah Quranda; "insan tələskən yaradıldı. Sizə ayələrimi yaxında göstərəcəyəm. İndi dərhal tələsməyin" (Ənbiya surəsi, 37) ayəsi ilə insanın bu cəhətini bildirir. İnsanın bu tələskənliyi hərdənbir dualarına da əks oluna bilər. Yuxarıda da ifadə etdiyimiz kimi, dua etdiyi zaman dərhal duasına cavab verilməsini istəyər.

Halbuki bilməlisiniz ki, sizin üçün nəyin xeyirli olduğunu bilən Allahdır. "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz" (Bəqərə surəsi, 216) ayəsi insana bunu xəbər verir. Buna görə də, insan Allahdan bir şey istədikdə, təqdiri Ona buraxmalı, Ondan istənilən şəraitdə razı qalaraq səbirlə gözləməlidir. Bəlkə dua edərək tələb etdiyiniz şey sizə xeyir verməyəcək, buna görə də, Allah onu sizə vermir. Bəlkə də bu xeyirə nail olmağınız üçün müəyyən yetkinliyə çatmağınız, bunun üçün də müəyyən müddət təhsil almağınız lazımdır. Bəlkə Allah sizə daha da xeyirli digər bir nemət verəcək, lakin səbrinizi və sədaqətinizi sınayır. Duada səbir göstərilməsinin lazım olduğunu Allah Bəqərə surəsində belə xəbər verir:

Səbir və namazla kömək diləyin. Bu, şübhəsiz ki, huşu duyanlardan başqaları üçün ağır (yükdür). (Bəqərə surəsi, 45)

Unutmayın ki, duada səbir göstərmək mömini kamilləşdirər, güclü iradə və xarakter qazandırar; duasının qarşılığını isə, dərin mənəvi hal qazanaraq alar ki, bu hal, istədiyi şeylərin bir çoxunu əldə etməsindən daha dəyərlidir.

Lakin Allahı lazımınca təqdir edə bilməyən insanlar Allahın dualarına cavab verəcəyindən şübhə edərlər. Mömin dua etdiyi zaman Allahın özünü eşitdiyini və hər duasına hansı şəkildə olsa da cavab verəcəyini bilər. Çünki hadisələrin nəzarətsiz və təsadüfən deyil, Allahın təyin etdiyi tale əsasında baş verdiyini bilir. Buna görə də, duasına cavab veriləcəyi barədə şübhə etməz. Siz Allahın köməyindən əsla şübhəyə düşmədən, qəbul olacağına qəti iman edərək Rəbbimizə dua etməyi unutmayın və mütləq surətdə Allaha güvənin. Çünki Allah bəndələrinin Özünə yaxın olmasını istəyər. Sizi təkcə bir su damcısından yaradan, kainatı yoxdan var edən Allah üçün sizin duanıza cavab vermək çox asandır. Elə isə etməli olduğunuz tək şey inancla və səbirlə istəməkdir.

Duanın xüsusiyyəti, Allah ilə bəndəsi arasında xüsusi əlaqə olmasıdır. İnsan bütün dərdini və istəklərini Allaha açıb deyər, Ona yalvarar, Allah isə duanı eşidəndir və duaya cavab verəndir. Buna görə də, Quranda dua heç bir formalı qəlibə daxil edilməmişdir. "Allahı ayaqüstü, oturarkən və uzanarkən zikr edin" (Nisa surəsi, 103) ayəsi, insanın hər vəziyyətdə və hər şəraitdə, hər hansı fiziki qəlibə daxil olmadan Allahı xatırlayıb Ona dua edə biləcəyini göstərir. Mühüm olan forma deyil, insanın səmimiyyətidir çünki...

Dua üçün müəyyən məkan da yoxdur. Bazarda, küçədə, avtomobilin içində, məktəbdə, iş yerində, bir sözlə, hər yerdə dua edə biləcəyinizi unutmayın. Lakin mühüm olan dua vaxtı zehninizi bütün boş düşüncələrdən təmizləməyiniz və Allahın yaxınlığını hiss etməyinizdir.

Duasız bir həyatın Allah dərgahında hər hansı dəyəri olmayacağını da unutmayın. Necə ki, Furqan surəsinin 77-ci ayəsində insanlar; "sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?" ifadəsiylə xəbərdar edilərlər. İnsan qulluq şüurunda olduğu müddətcə Allah dərgahında bir dəyər qazana bilər. Buna görə də, insan Allaha yönəlməli, səhvlərini Allaha etiraf etməli və təkcə Allahdan kömək istəməlidir. Bundan başqa davranış tərzi Allaha qarşı təkəbbürlənməkdir ki, (Allahı tənzih edirik), Allah Quranda bunun cəzasının da əbədi cəhənnəm olduğunu bildirir.

Allahın mərhəmət edənlərin ən mərhəmətlisi olduğunu qətiyyən unutmayın. Allah Quranda səhv edənin Özündən bağışlanmasını dilədiyi təqdirdə, heç bir günah ayrı-seçkiliyi etmədən bu insanı bağışlayacağını söyləyir (Nisa surəsi, 110). Buna görə, siz də, dua edərkən Allahın rəhm edən və bağışlayan sifətlərini düşünün və ümid içində Ona dua edin.

Etdiyiniz səhv və buna görə duyduğunuz vicdan əzabı, nə qədər böyük olsa da, bu Allahın bağışlayıcılığından ümid kəsməyiniz üçün bir səbəb deyil. Bununla yanaşı, insanın səhv etməkdən və günah işləməkdən ötrü içinə girmiş olduğu ruh halı, onun ümid içində dua etməsinə də mane olmamalıdır. Çünki Quranda təkcə kafirlərin Allahın rəhmətindən ümid kəsəcəyi deyilir:

...Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz". (Yusif surəsi, 87)

Eyni zamanda heç kimin "cənnətlik olmaq" kimi zəmanəti olmadığını da unutmayın. Heç kim Allahın əzabından əmin ola bilməz. Buna görə də, insan duasında, bir tərəfdən Allahın rəhmətini ümid edərkən, digər tərəfdən də Onun rizasını itirməkdən qorxmalıdır. Cənnətə qovuşmaq üçün nə qədər istəkli şəkildə dua edirsə, cəhənnəmdən xilas olmaq üçün də o qədər istəkli dua etməlidir. Yəni cəhənnəmdən qorxub, cənnətə qovuşmağı ümid etməlidir. Allahın böyüklüyünü hiss edən, Onun əzabından qorxan və rizasını qazanmağı istəyən insan qəlbindən gələn səmimi və dürüst ifadələrlə Allaha yönələr. Eynilə özünü Allaha təslim etmiş, dost və köməkçi olaraq Allaha güvənən insan, hər cür sıxıntısını və dərdini Rəbbimizə açıb deyər. "Mən dözülməz dərdimi və kədərimi təkcə Allaha şikayət edirəm" (Yusif surəsi, 86) deyən hz. Yaqub kimi, bütün sıxıntılarını və tələblərini Allaha söyləyər, hər cür kömək və xeyiri Allahdan istəyər.

Həmçinin təkcə dünya nemətləri istənilərək edilən duanın Allaha qarşı böyük səmimiyyətsizlik olduğunu da unutmayın. Möminlərin əsl hədəfi cənnətdir. Allah, təkcə dünya nemətlərini istəyənə dünya nemətlərini verər, lakin axirətdə bu insanlar gözlədikləri qarşılığı almaya bilərlər. Allah bunu ayələrində belə xəbər verir:

...İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir. (Bəqərə surəsi, 200-202)

Cahil insanların ən nəzərəçarpan xüsusiyyətlərindən biri özlərinə sıxıntı üz verdikdə hər şeyi bir kənara qoyaraq, Allaha dua etmələri, sıxıntıları keçdikdə də sanki dua edən özləri deyilmiş kimi, Allahı unutmalarıdır. Yəni Allaha öz aləmlərində "son çarə" kimi yönəlmələridir. Bu nankor davranış Quranda belə təsvir edilir:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunis surəsi, 12)

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha - dində Ona muhlislər “könüldən bağlı” olaraq belə dua edərlər: “Əgər bizi bundan xilas etsən, mütləq, şükür edənlərdən olacağıq”. Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir; bu dünya həyatının müvəqqəti faydasıdır. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunis surəsi, 22-23)

Halbuki insanın həyatında Allaha möhtac olmadığı tək bir an belə yoxdur. Buna görə də, siz Allahın bir ayəsində təsvir etdiyi kimi; "səhər-axşam, uca olmayan səslə, öz-özünə, ürpərərək, yalvara-yalvara və için-için" (Əraf surəsi, 205) dua etməyi əsla unutmayın və Allaha dua etməyənlərin aqibətinin (Allahın istəməsi istisna olmaqla) əbədi cəhənnəm əzabı olduğunu da əsla ağlınızdan çıxartmayın. Bu həqiqət bir ayədə belə xəbər verilir:

Rəbbiniz dedi: "Mənə dua edin, sizə cavab verim. Həqiqətən Mənə ibadət etməyib təkəbbürlənənlər; cəhənnəmə təslim olmuş kimsələr olaraq girəcəklər. (Mümin surəsi, 60)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Əsla Unutmayın!
  • Tək İlahın Allah Olduğunu Unutmayın
  • Yol Göstərənimizin Quran Olduğunu Unutmayın
  • Yaşanan Hər Anın Taledə Olduğunu Unutmayın
  • Sizi Azdırmaq Üçün Var Gücü Ilə Çalışan Şeytanın Varlığını Unutmayın
  • Dünyanın Müvəqqəti Imtahan Yeri Olduğunu Unutmayın
  • Hər An Ölə Biləcəyinizi Unutmayın
  • Qiyamətin və Haqq-Hesab Gününün Mütləq Olacağını Unutmayın
  • İnkarçıların Əzab Məkanı Olan Cəhənnəmə Gedəcəyini Unutmayın
  • Mükafat Yurdu Olan Cənnətə Təkcə Saleh Möminlərin Girəcəyini Unutmayın
  • Allaha Dua Etməyi Unutmayın
  • Allaha Qarşı Həmişə Səmimi və Dürüst Olmağı Unutmayın
  • Səhvlərinizə Görə Dərhal Tövbə Edib Bağışlanma Diləməyi Unutmayın
  • Xatırlatma Təkcə Allahdan Qorxanlara Fayda Verər
  • Bütün Canlıları Allahın Yaratdığını Əsla Unutmayın
  • Əsla Unutmayın!