Şirk sözü hərfi mənada "şərik olmaq" deməkdir. Şirk termini Quran tərcümələrində bəzən Allaha "şərik qoşmaq", "ortaq qoşmaq" olaraq da tərcümə edilmişdir.
Quranda bildirilən həqiqət isə Allahdan başqa heç bir ilah olmadığıdır. Bu həqiqət Quranda "La ilahə illəllah" hökmü ilə xəbər verilir. Bu ifadə Quranda dəfələrlə təkrarlanır və imanın əhəmiyyətli bir şərti olaraq vurğulanır. Yalnız bu cəhətin müsəlmanlar tərəfindən daha yaxşı qavranılması və dərin düşünülməsi lazımdır. Çünki Allahın tək güc və qüdrət sahibi olduğu, tək İlah olduğu çox qəti bir həqiqətdir, lakin bu həqiqəti yalnız zahir mənasıyla qiymətləndirmək böyük səhv olar. Qurana baxdığımızda bu təməl həqiqətin əksinə bir inanc, tutum və davranışın şirk olduğunu görərik. Buna görə şirki ümumi mənada, "La ilahə illəllah" həqiqətinin xaricində, Allahdan başqa "güc və qüdrət sahibləri", "ilahlar" olduğu kimi (Allahı tənzih edirik) səhv bir rəftar və anlayışa düşmək şəklində təsvir edə bilərik.
Burada İlah termininin nə mənaya gəldiyini bilmək, əlbəttə, mövzunun özünü anlamaq baxımından olduqca əhəmiyyətlidir. Bizim üçün əhəmiyyətli və etibarlı olan tərif Quranda təsvir ediləndir. Quranda Allah bizə Özünü bir çox sifətiylə tanıtmış və başqa İlah olmadığını bildirmişdir. Buradan da aydın olur ki, İlah Allahın Quranda bildirilən bu sifət və xüsusiyyətlərinə sahib olan varlıqdır. Buna görə yeganə İlah Allahdır. Allahın sifətlərinə sahib olan başqa heç bir varlıq yoxdur və ola bilməz. Buna görə Allahın hər hansı bir sifətinə başqasının sahib olduğunu iddia etmək "Allahdan başqa ilahlar əldə etmək", digər deyimlə "şirk qoşmaq" mənasını verir.
Burada incə bir fərqi qeyd etmək yerinə düşərdi. Məsələn, Allahın sifətlərindən biri olan "Qani" yəni "Zəngin" termini insanlar üçün də istifadə edilir. Əlbəttə, bu xüsusiyyəti vurğulamağın bu adamın maliyyə vəziyyətini təsvir etmək baxımından heç bir qorxusu yoxdur. Ancaq şirkə yol açan vəziyyət bu zənginliyin adamın özündən qaynaqlandığını zənn etməkdir. Vəziyyət belə olduqda zənginliyin həqiqi sahibinin Allah olduğu unudulur. Bu adamın sahib olduğu hər şeyi ona Allahın verdiyi, Allahın Qani sifətiylə bu adamda təcəlli etdiyi, verdiyi hər şeyi istəsə bir anda geri ala biləcəyi göz ardına vurular. Bu səbəbdən Allahdan başqa hər kəsin mütləq kasıb və aciz olduğu, ancaq istədiyi qulları üzərində dilədiyi sifətləriylə təcəlli edə biləcəyi düşünülmür. Bunun nəticəsində o adam sahib olduğu mal, mülk və zənginliyin həqiqi sahibi zənn edilərək, onun özbaşına belə bir sifətə sahib olduğu, zənginliyinin özündən qaynaqlandığı sanılır. Bu çox cahil bir yanaşmadır və şirkə yol aça bilər. Çünki bu dünyagörüşüylə hərəkət edildiyində Allah tamamilə unudular və o adama əsla həqiqəti olmayan saxta bir ilahlıq xüsusiyyəti verilmiş olar. (Allahı tənzih edirik)
Doğru olan rəftar isə zənginliyin əsl sahibinin Allah olduğunu bilmək, Onun göylərin və yerin mülkünün tək hakimi olduğunu təqdir etmək və insana verdiyi bu zənginliyi Allahın dilədiyi anda ala biləcəyinin də şüurunda olmaqdır. Zənginlik verilən adamı qiymətləndirərkən də onun zəngin və ya kasıb olması əhəmiyyətli olmamalı, onun Allahın bir qulu olduğu düşünülməlidir. Məsələn, bu adamın ailə üzvləri malın əsl sahibi olaraq onu görsələr, yalnız ondan mədət umarlarsa, malın əsas Malikinin Allah olduğunu unudurlarsa bu çox yanlış bir düşüncə olar. Eyni şəkildə bu adamın yanında çalışan insanlar da özlərini yedirən və içirən, saxlayan Allah olduğunu unutmamalıdırlar. Allahı unudub, başçılarını müstəqil bir güc olaraq dəyərləndirsə bu çox böyük bir ağılsızlıq olar. Necə ki, bu həqiqət insanlara Quranda belə bildirilmişdir:
"... Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”" (Ənkəbut surəsi, 17)
Bütün bunların yanında Quranda Allahdan başqa güc və qüvvət sahibi olmadığı bildirilir. (Kəhf surəsi, 39) Allahın yaratdığı varlıqların sahib olduqları kimi görünən güc və qüvvət isə həqiqətdə Allaha aid olan sonsuz gücün onlardakı kiçik bir əksidir. Allah dilədiyi anda bu gücü onlardan geri ala bilər. Buna görə bir kimsəni, Allahın ona bu dünyada müvəqqəti olaraq və imtahan üçün verdiyi güc və qüdrətə görə gözdə böyütmək, ona bu mənada heyran olmaq, bu gücü ona aidmiş kimi görmək bir növ onun ilahlaşdırılması olar (Allahı tənzih edirik). Həqiqətdə böyük görülməsi, heyran olunması, mədət umulması lazım olan yeganə mütləq güc Allahdır. Bu həqiqət Quranda belə bildirilir:
Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 74)
Eyni məntiq Allahın yaratdıqlarında təcəlli edən, yəni əks olunan digər bütün sifətləri üçün də etibarlıdır. Bunları qiymətləndirərkən də bu sifətlərin əsl sahibinin Allah olduğunu bilmək, insanlarda görünən yalnız bir təcəlli olduğunu dərk etmək lazımdır.
Şirk anlayışının təməlində Allahın yaratdıqlarına "mənlik vermə", yəni ətrafındakı şəxslərə və əşyalara Allahdan müstəqil, müstəqil varlıqlarmış gözüylə baxmaq kimi səhv yanaşma var. Bu səhv dünyagörüşünə görə həm Allahın sahib olduğu zənginlik, gözəllik, güc və ehtişam vardır, həm də insanların. Yəni insanların da müstəqil olaraq bu şəkildə zənginliyə, gücə, ehtişama sahib olduğu yalnış bir düşüncədir. Ancaq bir kimsəyə və ya bir əşyaya belə səhv bir anlayışla baxmaq, onun sahib olduğu xüsusiyyətləri özündən bilmək, bu xüsusiyyətlərin onda müstəqil və mütləq olaraq var olduğunu sanmaq, buna görə o adama dəyər vermək, ya da ondan qorxmaq onu ilahiləşdirmək deməkdir.
Bu səhv dünyagörüşü şirkin çıxış nöqtəsini meydana gətirir. İrəliləyən hissələrdə də araşdıracağımız kimi hər cür şirk növünün, müşrik rəftarının arxasında ilahiləşdirmə yanılması vardır. Halbuki, səmimi bir mömin əvvəl imanını "muvahhid", yəni Allahı birləyən, Ona heç bir şeyi şirk qoşmayan bir təməl üzərində qurmalıdır. Bunun üçün də hər kəsin və hər şeyin var olmalarına görə Allaha borclu olduğunu hər an xatırlaması tələb olunur. Hər şey və hər kəs Allahın diləməsiylə yaranmışdır. Varlıqlarını Allah ayaqda tutur və dilədiyi an dilədiyini yox edib ortadan qaldıra bilər. Həmçinin, hər kəsə və hər şeyə sahib olduqları bütün xüsusiyyətləri verən də yenə Uca Allahdır. Güc, imkan, zəka, gözəllik, şöhrət, mövqe Allahın diləməsiylə olan xüsusiyyətlərdir. Allah dilədiyi anda bunları insanın əlindən ala bilər. Bu, Allaha görə çox asandır. Allah hər yerdə və hər kəsdə müxtəlif şəkillərdə təcəlli edər. İnsanlar ətraflarında həmişə bu təcəlliləri seyr edər. Allaha iman edən bir insanın heç bir şeyin Allahdan müstəqil bir varlıq olmadığını bu şəkildə qəlbinə yerləşdirməsi tələb olunur. Ancaq bu həqiqətə uyğun bir inanc, düşüncə və davranış forması içərisində olduqda şirkə düşməkdən özünü xilas edə bilər.
Şirk, tövhid, qulluq, ibadət kimi anlayışların həqiqət mənalarını ən gözəl və ən doğru olaraq öyrənə biləcəyimiz qaynaq Quran və peyğəmbərimiz (s.ə.v)-in hədisləridir. Buna görə hər mövzuda yalnız Allahı ilah edən bir rəftar və anlayışa, inanc və davranışa sahib ola bilmək və şirkdən qoruna bilmək, ancaq və ancaq Quranı və hədisləri oxuyub anlamaqla və əskiksiz bir şəkildə əməl etməyə çalışmaqla reallaşar. Bu səbəbdən, insanın iman etdiyi və Quranın haqq olduğunu bildiyi halda inanc, düşüncə, əxlaq anlayışı, həyat tərzi və dəyər mühakimələri baxımından Uca Allahın Quranda bildirdiyi ölçülərdən və mütləq doğrulardan fərqli meyarlar əldə etməsi və həyatını bu səhv meyarlara görə tənzimləməsi böyük bir səhv olar. Eyni şəkildə Allahın əmrləri yerinə başqa variantları seçim etməsi, müxtəlif səbəblər gətirərək Allahın hökmlərini tərk etməsi də şirkə səbəb olur.
Bu mövzuda insan hansı səbəbi gətirirsə gətirsin keçərli olmaz. Məsələn, bir kimsənin razılığını Allahın razılığından üstün tutmaq, Allahı razı etmək yerinə onu razı etməyə çalışmaq başqa bir saxta ilah əldə etmək deməkdir. Bir kimsədən Allahdan qorxan kimi hətta daha çox qorxmaq, onun qorxusuyla Allahın əmrlərini, ya da məmnun olacağı hərəkətləri tərk etmək də eyni mənadadır. Bir kəsi Allahı sevən kimi sevmək, o kəsi Allaha şərik qoşmaq, onu Allahın yanında başqa bir saxta ilah olaraq görmək mənasını verər. Nümunələri bir az daha ətraflı izah etmək mümkündür. Məsələn, bir adam dini yaşaması lazım olduğunu anladığı halda olduğu mühiti və ya ətrafı səbəb göstərərək, onların reaksiyasını almamaq üçün dindən güzəştə getdiyini söyləyirsə bu, açıq bir şirk göstəricisidir. Çünki bu vəziyyətdə Allahın məmnun olmasını deyil, ətrafında olan kəslərin məmnun olmasını seçir. Ya da insanın ailəsi və ya birlikdə olduğu insanlar da dini qavramaya bilər, belə bir vəziyyətdə insanın onları üzməmək adına dinə lazımi olanları tərk edib, güzəştə getməsi də eyni təhlükənin əlamətidir. Çünki bu vəziyyətdə əsas Allahın razılığından əsla güzəştə getməmək, insanların məmnuniyyətini deyil, Allahın razılığını seçim etməkdir. İnsan, əlbəttə ki, ailəsinə sevgi və hörmətdə yanlışlıq istəməz, amma onlar şirk qoşmağa çağırırlarsa, o zaman nə edilməsi lazım olduğunu da yenə Allah Quranda bizlərə belə bildirir:
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm. (Ənkəbut surəsi, 8)
Bu vəziyyətə veriləcək ən yaxşı nümunə Peyğəmbərimiz (s.ə.v)-in dövrüdür. Peyğəmbərimiz (s.ə.v) dini təbliğ etdiyi dövrlərdə bir çox insan İslamın haqq olduğunu anlamış, Quranın Uca Rəbbimiz Allahın kitabı olduğunu və ona riayət edilməsi lazım olduğunu qavramışdır. Lakin bu insanlardan çox azı həqiqətən din əxlaqının hökmlərini yerinə yetirmiş və Peyğəmbərimiz (s.ə.v)-ə tabe olmuşdur.
Peyğəmbərimiz (s.ə.v.) dövründəki bəzi kəslər isə yaşadıqları cəmiyyətdən alacaqları reaksiyadan qorxmuşlar, onların hədələrindən çəkinmiş, mövqelərini, nüfuzlarını itirməkdən narahat olmuş, Peyğəmbər (s.ə.v)-ə iman gətirdikləri təqdirdə ticarətlərinin, maliyyə işlərinə təsir edəcəyini, müsəlmanlara vaxt ayırdıqda, dinə xidmət edincə öz ağıllarına görə itkiyə düçar olacaqlarını düşünmüşlər. Bəziləri mövcud çətin mühitə görə onlara üz verəcək pis hadisələrdən ürkmüş, kimisi çöl istisində Peyğəmbər (s.ə.v) birlikdə yola çıxmağı çətin görmüş, nəfsinin rahatlığını seçmişdir.
Nəticədə baxıldığında bu insanlar bəzi səbəblər önə sürərək dindən güzəştə getmişlər. Amma Quran ayələri istiqamətində baxıldığında bu insanların əslində şirk içində olduqları dərhal aydın olar. Çünki bu kəslər vicdanlarıyla doğrunu gördükləri halda ya insanları, ya cəmiyyəti, ya pulu, ya mövqelərini ya da nəfslərini Allahın razılığından üstün tutmuşlar. Allahdan başqalarını razı etməyə çalışmışlar, Allahdan başqa varlıqlardan mədət ummuşlar. Yenə o dövrdə bir çox insan əslində haqq olduğunu bildiyi halda yalnız eqoist istəklərinə və ya nəfsinin rahatlığı üçün dindən güzəştə getmişdir. Bəziləri təhlükə altına girməmək, bəzisi tənbəllik etmək, bəzisi heç bir fədakarlıq etməmək, bəzisi də eqoist istəklərini təmin etmək üçün güzəştə getmiş və nəfsini seçmişdir. Quranda Peyğəmbər (s.ə.v)-in yanında iştirak etməmək üçün nəfsləri adına bəhanələr gətirərək insanların vəziyyətindən belə bəhs edilir:
"... İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izn istəyirdi. Halbuki, evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər." (Əhzab surəsi, 13)
Göründüyü kimi Peyğəmbərimiz (s.ə.v) dövründə yaşayan bu insanlar Peyğəmbər (s.ə.v)-lə və möminlərlə birlikdə olmamaq, onlarla birlikdə dini yaşamamaq üçün müxtəlif bəhanələr gətirmişlər. Bəlkə, o an qarşıya qoyduqları bu bəhanələrə özlərini də inandırmışlar, ətraflarına da bunun nə qədər məntiqli olduğunu izah etmişlər. Halbuki, bu bəhanələr Allah Qatında etibarsızdır. Bu adamlar yalnız özlərini aldatmışlar, ancaq bu vəziyyət onları əzabdan qurtarmağa yetməyəcək. Çünki onlar öz nəfslərini, həvəslərini, ehtiraslarını, cəmiyyət önündəki nüfuzlarını Allahın razılığından üstün tutmuşlar. Quran ayələrinə baxıldığında bu davranışlarının mənasının "şirk qoşmaq" olduğu açıq şəkildə aydın olur. Bu nöqtədə əhəmiyyətli olan budur: Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşayan insanlar o dövrün şərtlərində yuxarıda nümunələrini verdiyimiz şəkillərdə sınanmşlar, amma dövrümüzdəki insanlar da sınanır. Nəfsləriylə Allah rizası arasında seçim etmələri lazım olduqda səmimi davrandıqları, yoxsa keçmiş dövrlərdə yaşayan müşriklər kimi bəhanələrmi qarşıya qoyduqları Allah Qatında məlumdur. Hər kəs dünyada etdiklərinin qarşılığını axirətdə buna görə alacaq. Bəhanələri heç bir fayda verməyəcəkdir, bunların Allah Qatında qəbul edilməyəcəyi bir Quran ayəsində belə ifadə edilir:
“Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır.” (Rum surəsi, 57)
Buna görə keçmişdə olduğu kimi indiki vaxtda da insanların Uca Allahın Quranda bildirdiyi meyarlardan uzaqlaşmamaları, din əxlaqından uzaqlaşma istiqamətində etibarsız bəhanələr uydurmamaları çox əhəmiyyətlidir. Quranda xəbər verilən meyarları tərk edərək başqa meyarları mənimsəmənin də əslində şirk qoşmaq mənasına gəldiyi açıqdır. Belə davranan bir adam hər şeydən əvvəl, mənimsədiyi bu meyarları yaradan varlığı, öz əskik ağlı ilə Allahın xaricində bir qayda qoyan olaraq görür, yəni onu üstün güc sahibi Rəbbimiz Allaha şirk qoşur deməkdir. Bu meyarları qoyan adam, özü, atası, babası, yoldaşı, müdiri, içində yaşadığı cəmiyyət, müxtəlif fəlsəfə və ideologiyaların qurucuları və tətbiq ediciləri və s. ola bilər. Bu baxımdan baxıldığında haqq dinin, yəni Allahın bildirdiyi yoldan fərqli bir yolu mənimsəyən, başqa yolları seçən kimsə şirkin içinə girmiş deməkdir. Bu adam özünü dinsiz, ateist, xristian, yəhudi və s. olaraq xarakterizə edə bilər. Hətta müsəlman olduğunu belə iddia edə bilər ... Lakin 5 vaxt namaz qılır, oruc tutur, İslamın bir çox şərtini yerinə yetirir də olsa tək bir nöqtədə belə Qurana müxalif bir anlayışı, düşüncəsi, dəyər mühakiməsi varsa, Allahın Quranda bildirdiyi əmrləri, məmnun olduğu rəftarları tərk edib yerinə başqalarını seçirsə o adam şirk içində yaşayır ola bilər. Çünki özünə Allahdan başqa qayda qoyucu tutmuşdur.
Allaha şərik qoşan birinin, mütləq ortaq qoşduğu şey üçün, "bu da bir tanrıdır", "mən bunu Allahdan başqa bir ilah qəbul edirəm, buna pərəstiş edirəm" (Allahı tənzih edirik) deməsi və ya bu şəkildə düşünməsi lazım deyil. Şirk hər şeydən əvvəl ürəkdə olar, daha sonra düşüncə və hərəkətlərdə öz əksini tapar. Qurandan anladığımıza görə bir adamın şirkə girməsinin əsasında Allahdan başqa hər hansı bir şeyi Allahdan üstün tutması durar. Şirk qoşan insanlarda, ümumiyyətlə, Allahın mütləq bir şəkildə inkarından söhbət getmir. Hətta müşriklərin böyük bir hissəsi özlərinin müşrik olduqlarını açıq şəkildə qəbul etmək və özlərinə belə bir xüsusiyyəti aid etmək istəməzlər. Vicdanlarını örtdükləri və özlərini aldatdıqları üçün axirətdə belə şirklərini inkar edərlər. Onların bu vəziyyətləri ayələrdə belə bildirilir:
O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?” Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!” – demələrindən başqa bir bəhanələri qalmayacaq. Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaqlar (Ənam surəsi, 22-24)