Bir çox quş növü hər il yaxşı qida mənbələrinə, yumurta qoyacaq və balalarını böyüdəcək uyğun bölgələrə getmək üçün minlərlə kilometr uçur. Allah quşların uçuşuna bir ayəsində aşağıdakı kimi diqqət çəkir:
"Məgər onlar başlarının üstündə qanad açıb uçan, sonra da qanadlarını yığan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Rəhmandır. Həqiqətən O, hər şeyi görəndir!"("Mülk" surəsi, 19)
Bəzi su quşları uzun məsafələrə uçuşları uğurla yerinə yetirir. Bu uğuru möhkəm quruluşları və aralarındakı əlaqə ilə əldə edirlər. Su quşları uçarkən eyni zamanda oxuyaraq və müxtəlif səslər çıxararaq bir-biri ilə danışırlar. Bu, nə qədər çox olsalar da hətta gecənin qaranlığında da sürünün bütün üzvlərini bir yerdə toplamağa imkan verir.
Göy üzündə qatar-qatar uçan quşlar Allahın Quranda bizə bildirdiyi və üzərində düşünməyimizi istədiyi ayələrdən yalnız biridir. |
Sürünün hər bir üzvü digərlərinin olduğu yeri bilir. Köçəri su quşlarının harada olduqlarını bilmək üçün Günəşdən istifadə etdikləri ehtimal olunur. Quşlar gedəcəkləri yerə yaxınlaşdıqları zaman özləri üçün müəyyən etdikləri bəzi xüsusi işarələrdən istifadə edirlər. Bu, sizin öz evinizin yolunu tapmaq üçün prospekt və binalardan istifadə etməyinizə bənzəyir. Bu proses üçün su quşları çayları, dağları və digər təbii işarələri izləyirlər. Bəzi su quşu növləri köç etdikləri zaman gecə-gündüz dayanmadan uçurlar.
İstiqaməti tapmaq qabiliyyəti ağıl və zəka sahibi olan insanlara xasdır. İnsan müxtəlif texniki vasitələrdən və ya göy üzündən istifadə edərək istiqaməti təyin edir. Bəs quşlar istiqamətlərini necə tapırlar? Günəşin vəziyyətindən və digər işarələrdən necə istifadə edirlər?
Bu heyrətamiz qabiliyyəti quşlara verən, aralarında xüsusi bir əlaqə sistemi yaradan uca Allahdır. Allah canlılarda yaratdığı bütün xüsusiyyətlərlə bizə yaradıcılığından nümunələr verir. "Məgər onlar başlarının üstündə qanad açıb uçan, sonra da qanadlarını yuman quşları görmürlər?" ayəsindən də gördüyümüz kimi, quşların uçuşuna diqqət çəkir. Quşlara verdiyi qabiliyyət barədə düşünməyimizi istəyir. Bu şəkildə düşündüyümüz zaman qarşımıza hər dəfə canlıların özlərinin edə bilməyəcəyi çox ağıllı davranışlar və ideal bədən quruluşları çıxır. Biz də bütün bunları düşünərək etdikləri işləri onlara öyrədən birinin olduğunu dərk edirik.
Siz də oxuduğunuz bu məlumatlar üzərində fikirləşin və fikrinizi ətrafınızdakı insanlara öyrədin. Elə öyrədin ki, Allahın ucalığını, hər şeyi yaradının Rəbbimiz olduğunu anlasınlar.