Yuxarıdakı şəkildə gördüyünüz qadın təxminən 70 yaşındadır. 70 yaşındakı insanın keçmişlə bağlı nə fikirdə olması barədə heç düşünmüsünüzmü?.
Bu insan kim olursa olsun, yaşadığı 70-80 ilin bir göz qırpımında necə keçdiyini anlaya bilmədiyini düşünür. Hətta özündən soruşsanız, "Bir göz qırpımında gəlib keçdi, necə keçdiyini də bilmədim" deyəcək. Hər halda 20 yaşlarında ikən o da nə vaxtsa yaşlaşacağını düşünməmişdi. Lakin hal-hazırda uzaq bir keçmiş kimi gördüyü o dövrdə olması onu heyrətləndirib çaşdırır. Bu keçən anı uzaq saymaqla nə qədər səhv etdiyini də dərk edir.
Həyatı boyunca etdiklərini yazmasını və ya danışmasını istəsəniz, bununla bir dəftəri doldura və ya beş-altı saat fasiləsiz danışa bilər. "Sonsuz kimi görünən 70 il" dediyinin hamısı bu imiş...
Bu düşüncələrlə yaşayan insanın ağlında isə bəzi çox mühüm suallar var:
-"Bir göz qırpımında keçən bu həyatın mənası nədir?"
-"Mən bu 70 ili nə üçün yaşadım?"
-"Bəs bundan sonra nə olacaq?"
Yuxarıdakı suallara müxtəlif cavablar verən iki qrup insan var. Bunların biri Allaha inanmayan, digəri isə Allaha qəlbən bağlanan insanlardır.
Birinci qrup yuxarıdakı suallarla bağlı əsasən belə düşünür: "Həyatım bu günə qədər mənasız, boş məqsədlər uğrunda keçib getdi. 70 il yaşadım, lakin doğrusu, nə üçün yaşadığımı o qədər də anlamadım. Əvvəlcə "ata-anam üçün yaşayıram" dedim, sonra həyat yoldaşım, daha sonra isə uşaqlarım üçün... Amma artıq ölüm yaxınlaşdı. Öləcək və bu dünyadan yox olub gedəcəyəm. Sonra? Sonra nə olacağını bilmirəm, amma hər halda hər şey bitəcək!"
Bu insanın belə bir boşluq içinə düşməsinin səbəbi onun bütün kainatın, canlıların və insanların bir məqsədinin olmasını dərk edə bilməməsidir. Bu məqsəd bütün bu varlıqların yaradılmış olmasından irəli gəlir. Düşüncəli insan kainatın və canlıların hər bir nöqtəsində müəyyən bir plan, quruluş və ağlın olduğunu görür və buna görə də bütün bunların yüksək ağıl sahibi olan bir Yaradıcı tərəfindən ortaya çıxarıldığını dərk edir. Bunlar yaradılmış olduqlarına, təsadüfi və şüursuz proseslə yaranmadıqlarına görə onların mütləq bir məqsədləri var. Bu məqsədin nədən ibarət olması isə bizə üstün qüvvə sahibi olan Allahın insanlara yolgöstərici olaraq nazil etdiyi Quranda bildirilir.
Bütün bu həqiqətləri nəzərə alan və Allaha iman gətirən insan yuxarıdakı suallara doğru cavab verəcək və belə deyəcək: "Məni hər şeyin sahibi olan Allah yaratdı və bu dünyaya göndərdi. Dünyada olduğum müddətdə mənə Yaradana qulluq etmək əmr olundu və bunu nə dərəcədə edib-etmədiyim sınağa çəkildi. Dünyanın qısa olduğunu, bir göz qırpımında gəlib keçəcəyini onsuz da bilirdim. Ən doğru olanı etdim: Allaha qulluq etdim, bu həyatın yalançı bəzəklərinə aldanmadım. Sonra? Həyatım boyu yaxşı işlər etdiyim və Allah rizasını qazanmaq üçün çalışdığım üçün əbədi səadət yeri olan cənnətə qovuşmağa ümid edirəm. Və Rəbbimə qovuşacağım günü böyük səbirsizliklə gözləyirəm".
Yuxarıda bəhs etdiyimiz iki insan arasındakı fərqi konkretləşdirmək və daha qabarıq göstərmək üçün bir məsələ üzərində dayanaq: Allahın varlığını qəbul edən hər bir insan hələ həqiqi imana sahib deyil. Bu gün bir çox insanlar kainatın bir Yaradıcı tərəfindən yaradıldığını qəbul edir, lakin bu həqiqətin onun həyatı üçün nə qədər əhəmiyyətli olduğunu dərk edə bilmir. Bu insanların bir çoxu Allahın kainatı yaratdığı və sonra da insanları özbaşına buraxdığı şəkilli yanlış bir düşüncəyə malikdir.