Əvvəlki hissədə də gördüyümüz kimi insanları din əxlaqını yaşamaqdan uzaqlaşdıran, mənəvi dəyərlərini korlayan ən təhlükəli fikri cərəyanlardan biri materializmdir. Hal-hazırda mövcud olan cəmiyyətlərin böyük bir hissəsi, fərqində olsa da, olmasa da, materialist dünyagörüşünün təsiri altındadır. Ancaq burada əhəmiyyətli bir məqam ifadə edilməlidir. Materialist dünyagörüşünə sahib olmağın tək əlaməti, Allahın varlığını açıq şəkildə inkar etmək deyil. İnsanların böyük bir hissəsi Allahın varlığını qəbul edirlər, amma buna baxmayaraq materialist dünyagörüşünə sahibdirlər. Quranda bu səhv məntiqə sahib insanlarla əlaqədar çoxlu sayda ayə vardır. Bu ayələrdən bəzilərində belə buyrulur:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”. O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)
De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!” – deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar! (Muminun surəsi, 84-90)
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)
Yuxarıdakı ayələrdə də göründüyü kimi, bu kəslərdən inanclarının nə olduğunu soruşduqda Allaha və dinə inandıqlarını deyərlər. Lakin Allahın qüdrətini lazım olduğu kimi təqdir edə bilməz, Ona başqa varlıqları şərik qoşarlar. Məhz bu insanlar, haqq dindən uzaq bir dünyagörüşünün meydana gətirdiyi saxta dinlərə mənsubdurlar. Keçmişdə olduğu kimi, dövrümüzdə də insanların bir hissəsi “din” olaraq Allahın vəhyinə əsaslanan həqiqi dinə deyil, dinsizliyin meydana gətirdiyi saxta və süni dinlərə tabe olurlar.
Yuxarıda haqqında danışdığımız insanlarla yanaşı bir də açıq şəkildə Allahı və axirəti inkar edən kəslər də vardır. Bu kəslər digər insanların da özləri kimi inkara yönəlmələri üçün səy göstərərlər. İndiki vaxtda əksər hissəsi, materializmin və təkamül nəzəriyyəsinin bağlıları olaraq qarşımıza çıxan bu insanlar, digər insanlara da öz inancları istiqamətində təlqinlər verirlər.
Ancaq materialistlərin Allahın varlığını bilən, amma gücünü təqdir edə bilməyən ənənəvi bir din anlayışına sahib cəmiyyətlərdə tətbiq etdiyi üsullar, ateizmə daha meyilli olan cəmiyyətlərdə tətbiq etdiklərindən fərqlidir. Materialistlər hər cəmiyyətin strukturuna görə formalaşdırdıqları yeni dinlər və maddəni əsas götürən təlqinlərlə insanları, Allahın elçiləri vasitəsiylə endirdiyi haqq dinlərdən uzaqlaşdırmağa çalışırlar.
Xurafatların olduğu, əslindən uzaqlaşdırılmış bir din anlayışına sahib insanların isə dinsizliklə mübarizə aparması və dinsizliyi təsirsiz hala gətirməsi qeyri-mümkündür. Hətta belə bir din anlayışı dinsizliyə bilərək və ya bilməyərək dəstək verəcəkdir. Buna görə də materialist dünyagörüşüylə yaradılan saxta dinlərin xüsusiyyətlərinin üzərində dayanmaq və bu azğın din anlayışlarını tanımaq dinsizliklə mübarizə mövzusunda olduqca əhəmiyyətlidir. Sonrakı səhifələrdə əvvəlcə dinsizliyin dinlərindən bu kitabın da mövzusu olan ikisinin, yəni materialist və təkamülçü dinin bəzi xüsusiyyətləri üzərində dayanacağıq. Və bu saxta dinlərin inanc formalarının, Quranda bildirilən bütpərəst inanclarla aralarındakı diqqət çəkən oxşarlıqları araşdıracağıq.
Allah Quranda, Özündən başqa varlıqlara tapınan, cansız bütləri məbud qəbul edən insanların varlığından və elçilərinin bu insanlarla olan mübarizəsindən bəhs edir. Bir çox insan keçmişdə yaşamış və cansız bütlərə tapınan bu cəmiyyətlərin ibtidai bir həyat yaşadıqlarını və buna görə də belə bir din anlayışına sahib olduqlarını zənn edər. Hətta dövrümüzdəki bəzi inkişaf cəhətdən geri qalmış Afrika qəbilələrinin totemlərə tapınmalarını da, bu cəmiyyətlərin ibtidai olmalarıyla əlaqələndirirlər.
Halbuki, Quranda bütə ibadət etdikləri ifadə edilən cəmiyyətlərin inanc və dünyagörüşlərini diqqətlə araşdırdıqda, dövrümüzdəki insanların bir qisminin yaşayışlarıyla aralarında çox böyük oxşarlıqlar olduğunun fərqinə vararıq. Bu bütpərəst cəmiyyətlər necə özlərinə cansız heykəlləri, taxtadan, daşdan hazırlanmış əşyaları məbud qəbul etmişlərsə, indiki vaxtda da cansız maddələri özlərinə yeni məbud seçən anlayışlar vardır. Bütpərəstlərlə dövrümüzdəki bəzi anlayışlar arasındakı bənzərliklərə keçmədən əvvəl, Quranda Allahın bütpərəst cəmiyyətlər haqqında verdiyi bəzi məlumatlar üzərində dayanaq.
Quranda haqqında danışılan bütpərəst birliklərdən biri hz. İbrahimin qövmüdür. Ayələrdə belə buyrulur:
Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? (Məryəm surəsi, 42)
Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?” – demişdi. Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!” – demişdilər. İbrahim demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”. (Ənbiya surəsi, 52-54)
Ayələrdə də bildirildiyi kimi hz. İbrahimin öz atası və qövmü, öz əlləriylə hazırladıqları, heç bir şey yaratmağa qadir olmayan cansız maddələri məbud kimi qəbul etmişdilər. Bir varlığı məbud kimi qəbul etməyin mənası, o varlığın yaratmaq, ruzi vermək, bərəkət vermək, şəfa vermək, əzab vermək, təbiət hadisələrini yaratmaq kimi xüsusiyyətlərin hamısına və ya bir qisminə sahib olduğunu qəbul etmək deməkdir. Hz. İbrahim dövründə belə ibtidai bir inanca sahib olan bütpərəstlər öz əlləriylə hazırladıqları cansız heykəllərin bu cür xüsusiyyətlərə sahib olduqlarını iddia edir və onların qarşısında əyilərək bu bütlərə ibadət edirdilər.
Bu qövmün dövrümüzdəki bəzi inanc sistemləriylə olan təəccüblü bənzərliklərini isə sonrakı sətirlərdə bildirəcəyik.
Bütpərəstlər daşdan, taxtadan yonulmuş, cansız, danışma qabiliyyəti olmayan, bir sözlə, heç bir şeyə qadir olmayan heykəllərin güc sahibi olduqlarını iddia etmişlər. Hətta bu bütlərin bütün kainatı yaratdıqlarına və kainatın fəaliyyətinə nəzarət etdiklərinə inanmışlar. Buna görə də onların qarşısında əyilmiş, sağlamlığı, bərəkəti və ruzini onlardan istəmişlər.
Bu həqiqətlər nəzərə alındıqda, dövrümüzdə də eyni bütpərəst məntiqi yaşadanların varlığı aydın şəkildə ortaya çıxar. Materialistlər və təkamülçülər, eyni keçmiş dövrdə yaşamış olan bütpərəstlərin, daşdan düzəldilmiş heykəlləri kainatın və canlıların yaranmasında güc sahibi gördükləri kimi, şüursuz atomlardan ibarət olan cansız maddələrin bir gücə sahib olduqlarını iddia edərlər. Bu cansız maddələrin təsadüflər nəticəsində bir yerə gələrək öz-özlərini əmələ gətirdiklərini və olduqca mürəkkəb və qüsursuz xüsusiyyətlərə sahib olan canlıları meydana gətirdiklərini iddia edirlər.
Üstəlik, onlara görə kainatda baş verən hər hadisə yenə cansız və şüursuz atomlardan ibarət olan “təbiət”in bir fəaliyyətinin məhsuludur. Məsələn, təkamülçülərə və materialistlərə görə bir qasırğa və ya bir zəlzələ “təbiət”in qərar verməsiylə meydana gəlir və bu hadisələri izah edərkən “təbiət ananın qəzəbi” və ya “təbiətin möcüzəsi” kimi terminlərdən istifadə edərlər. Amma “təbiət” deyilən gücün nə olduğunu, haradan qaynaqlandığını izah edə bilməzlər. Əslində, “təbiət ana” və ya “təbiət” olaraq adlandırdıqları bu dırnaq arası güclər, keçmişdə yaşayan bütpərəst cəmiyyətlərin “torpaq ana”, “bərəkət tanrısı” kimi adlar verdikləri bütlərindən fərqlənmir. Aradan sadəcə simvollar götürülmüş, gözlə görülməyən cansız maddələr və təsadüflər məbud qəbul edilərək, onların yaratma gücünə sahib olduqları iddia edilmişdir.
Təkamülçülərin və materialistlərin bu gizli məbudlarını, özü də qatı bir təkamülçü olan Fransız zooloq Pier Pol Qraze belə izah edir:
... (Təkamülçülərin canlıların izahı olaraq qarşıya qoyduqları) Təsadüf, ateizm pərdəsi altında gizli şəkildə tapınılan bir növ məbud halına gəlmişdir.12
Təsadüfləri, cansız maddələri, şüursuz atomları yaratma gücünə sahib varlıqlarmış kimi zənn etmək, əlbəttə ki, ağılsızlıqdır. Bütpərəstlər necə öz əlləri ilə hazırladıqları bütlərin bütün varlıqları yaratdıqlarına inanırlarsa, təkamülçülər və materialistlər də cansız maddələrin öz-özlərinə canlı varlıqları yaratdıqlarına inanırlar. Bu inancın mənşəyi, cansız maddələri ağıl və iradə sahibi, qərar verə bilən və bu qərarları həyata keçirə bilən varlıqlar kimi qəbul etməyə qədər gedib çıxır və beləcə əslində hər şey məbud kimi görülür.
Məsələn, quru torpaqda çox gözəl bir qoxuyla və göz oxşayan bir rənglə bitən bir gülü təkamülçülər məbud qəbul etmişlər, çünki gülün öz-özünə meydana gələ biləcəyinə, yəni bir gülü əmələ gətirən cansız maddələrin gülü öz-özlərinə hazırlayıb yaratdığına inanırlar. Eynilə təkamülçülər portağalları, almaları, çiyələkləri, bananları, üzümləri, ağacları, çiçəkləri, ceyranları, aslanları, filləri, qarışqaları, bal arılarını, ağcaqanadları, dəniz altındakı bütün canlıları, torpaqdan çıxan qarpızı, cəfərini, bir sözlə, var olan hər bir şeyi canlı-cansız bütün varlıqları, öz özünə yarana bilmək qabiliyyətinə sahib bir məbud kimi görürlər. Çünki bütün bu saydığımız və burada saya bilmədiyimiz milyonlarla canlının öz şüurları və iradələri ilə bir inkişaf göstərdiklərini, hal-hazırdakı fiziki xüsusiyyətlərinə və şüur sərgiləyən davranışlarına sahib olduqlarını iddia edirlər.
Məsələn, təkamülçülər, bir bal arısının keçmişdə fərqli bir canlı olduğunu, daha sonra arı olmağa qərar verərək öz bədənində bal hazırlayan mexanizmlər qurduğunu iddia edərlər. Ağcaqanadların da əslində əvvəllər uça bilməyən canlılar olub, bir gündə özləri üçün bir cüt qanad yaradaraq uçmağa başladıqlarını deyərlər. Üstəlik, hal-hazırda insanların istehsal etdiyi helikopterlərlə, təyyarələrlə belə müqayisə edilməyəcək mükəmməlikdəki uçuş sistemləri inkişaf etdirərək...
Məhz təkamülçülərin yer üzündə mövcud olan milyardlarla canlı ilə əlaqədar danışmağa bu cür bir çox hekayələri vardır. Və bu hekayələrin hamısında diqqət çəkən ortaq məqam, canlıları meydana gətirən cansız atomların və ya yaşadıqları cansız təbiətin ağlı, şüuru və elmi olduğuna istiqamətlidir. İzah etdikləri bütün bu ssenarilərə “təbii seleksiya”, “təsadüfi mutasiyalar”, “coğrafi izolyasiya” kimi elmi görünüş verən terminlərlə bəzəyərlər. Amma nəticədə müdafiə etdikləri şey, təbiəti meydana gətirən cansız maddələrin öz-özünə qüsursuz canlılar yarada bildikləri iddiasıdır.
Bundan çıxan nəticə, bütün bu varlıqların müstəqil məbudlar kimi qəbul olunmalarıdır. Yəni təkamülçülərin yüz minlərlə, milyonlarla, hətta kvadrilyonlarla bütü vardır, banan bütü, portağal bütü, ağcaqanad bütü, cəfəri bütü, pişik bütü, qərənfil bütü, gül bütü, balina bütü, zürafə bütü, tovuz bütü, kəpənək bütü, hörümçək bütü, akasiya bütü, naringi bütü, qarışqa bütü, fil bütü, bənövşə bütü və s... Çünki bu inanca görə, bu varlıqların hamısı özünü və özlərindən sonrakı nəsillərini yarada bilən bir məbuddur.
Təkamülçülərə görə müxtəlif maddələri meydana gətirən şüursuz atomlar həmçinin atmosferi də qüsursuzca dizayn etmiş və quraraq “yaratmışdır”lar. (Allahı tənzih edirik) Beləcə atmosfer, dünya üçün qoruyucu bir tavan olmuş və yer üzündə canlıların meydana gələ bilməsi və yaşaya bilməsi üçün lazım olan bütün xüsusiyyətləri özündə saxlaya bilmişdir. Yəni maddəni məbud qəbul edənlərin bu mövzuda da güc sahibi gördükləri bütləri vardır, karbon bütü, oksigen bütü, helium bütü, hidrogen bütü, azot bütü, dəmir bütü...
Yenə bu səhv inanca görə, görmə qabiliyyəti olmayan atomlar əvvəlcə bir yerə gəlmişlər, sonra bir-biriylə razılaşaraq qüsursuz bir iş görmüşlər və bunun nəticəsində də görə bilən bir gözü əmələ gətirmişlər. Ancaq elə şüurlu və planlı davranmışlar ki, gözdən əvvəl gözü yerləşdirəcəkləri göz çuxurunu yaratmaq üçün digər atomların fəaliyyətlərini də təmin etmiş və bunun üçün meydana gəlməsi lazım olan təsadüfləri səbirlə gözləmişdirlər. Gözü meydana gətirən atomlar, belə mükəmməl bir orqanı və duyğunu yarada bildikləri üçün təkamülçülərə görə görməyi təmin edən “məbudlar”dır. Yəni keçmişdə yaşamış insanlar necə özlərinə yağış yağdıracağına inandıqları xəyali “yağış tanrısını” məbud qəbul etmişdirlərsə, təkamülçülər də gözə aid atomları, gözü meydana gətirən məbudlar kimi qəbul etmişlər.
Bu məntiqə görə, materialist və təkamülçü dinin, kvadrilyon vurulsun kvadrilyon vurulsun kvadrilyondan daha çox tapındıqları və yaradıcı kimi qəbul etdikləri məbudları vardır. Kainatda görünən hər varlığın öz-özünə və təsadüflər nəticəsində meydana gəldiyini demək, kainatdakı hər varlığı təsadüflərlə birlikdə məbud kimi qəbul etmək deməkdir. Şüursuz atomların və təsadüflərin qüsursuz və nöqsansız dizaynlar ortaya çıxardıqlarını iddia etməklə, totemlərin önündə əyilib, taxta heykəldən sağlamlıq və bərəkət istəmək eyni ağılsızlığın məhsuludur. Dəyişən tək şey yaşanılan əsrlərin adıdır.
Üstündə daş, torpaq, beton və ya asfalt deyə yeridiyiniz, kreslo deyə oturduğunuz, ağ ciyərlərinizlə hava deyə nəfəs aldığınız, yaşaya bilmək üçün yediyiniz yeməklər ilə bədəninizin 2/3-dən çoxunu təşkil edən su və hətta bütün bədəninizin daxilində və xaricində mövcud olan canlı-cansız hər şey atomlardan meydana gəlmişdir. Həmçinin kainatı meydana gətirən ulduzlar, qalaktikalar, günəşlər və bu vaxt yaşadığınız dünya da eynilə sizin kimi atomlardan meydana gəlmişdir. Gəzdiyiniz hər yerdə, olduğunuz hər küncdə, şəhərin hər binasında, tozunda, havasında yenə atomlar vardır.
Məlum olduğu kimi bütün canlılar da karbon, hidrogen, oksigen, kalsium, maqnezium, dəmir kimi elementlərin atomlarından meydana gəlir. Buna görə də insan da bu atomlardan meydana gəlir. Darvinizm isə bu atomların şüursuz təsadüflər nəticəsində bir yerə gəldiklərini iddia edir. Yəni təkamülçü məntiqə görə bəhsi keçən şüursuz atomlar yığını, şüurlu bir insanı, məsələn atom energetikası üzrə ixtisaslaşmış bir atom mühəndisini meydana gətirməyə qərar vermişlər.
Bu axmaq iddianı bir az daha ətraflı araşdırmaq lazım gəlsə qarşımıza belə bir nəticə çıxar: Səbəbi qeyri-müəyyən olan bir gücün təsiriylə müxtəlif atomlar meydana gəlmiş, daha sonra bu atomlar təsadüfən bir yerə gələrək ulduzları, planetləri, yəni bütün göy cisimlərini yaratmışlar. Daha sonra yenə eyni atomların təsadüfü şəkildə bir yerə gəlməsiylə olduqca mürəkkəb quruluşda canlı bir hüceyrə meydana gəlmiş, sonra da atomlardan ibarət olan bu canlı hüceyrə guya bir təkamül müddəti keçirərək olduqca fövqəladə sistemlərə malik canlıları və ən son mərhələdə də olduqca şüurlu olan insanı meydana gətirmişdir. Tamamilə təsadüflər nəticəsində yaranan insan yenə təsadüflər nəticəsində yaranan alətlərlə, məsələn, bir elektron mikroskopla öz-özünə yaranan atomları kəşf etmişdir. Elə darvinizmin elmi bir tezis kimi irəli sürdüyü məntiq tam olaraq budur.
Belə olduqda təkamül nəzəriyyəsi, açıq şəkildə hər bir atomu “məbud” kimi qəbul edir. Ağıl və şüur sahibi insanı meydana gətirən atomların özlərinə aid bir şüurları və iradələri yoxdur. Amma təkamülçülər hanısısa səbəbə görə bu cansız atomların bir yerə gəlib, məsələn, bir insanı yaratdıqlarını, sonra da bu “atomlar birliyi”nin oxumağa, universitet bitirməyə qərar verdiyini iddia edirlər.
Bu iddiaya görə atomların həmçinin çox maraqlı qabiliyyətləri də vardır, bu atomlar yenə atomlardan ibarət olan yeməkləri yeyər, yeyərkən dadını hiss edər, yenə atomlardan ibarət olan gülü iyləyərkən də qoxusundan həzz alarlar. Eyni atomlar olduqları məkanın temperaturunu hiss edərlər. Bu vaxt atomlar maqnitofondan çıxan səs dalğalarını dinləyib, musiqinin ritmini tuta bilərlər. Təkamülçü iddiaya görə çoxlu sayda atom bir yerə gəldikdə düşünə bilər, darıxa bilər, sevinər və ya kədərlənər. Üstəlik komediya filmini seyr edib, seyr edərkən də qəhqəhə çəkib gülə bilir.
Məhz bu məqamda artıq keçmiş qövmlərin taxtadan, daşdan hazırladıqları bütlərlə atomlar arasında bir fərq qalmır. Necə ki, keçmiş qövmlər taxta parçalarının bəzi güclərə sahib olduqlarını iddia etdikləri kimi, təkamülçülər də şüursuz atomların eyni güclərə sahib olduqlarını deyirlər.
Halbuki, kainatda mövcud olan heç bir şeyin bir təsadüf nəticəsində meydana gələ bilməyəcəyi, ancaq üstün bir şüur və iradənin varlığı ilə yarana biləcəyi aydın bir həqiqətdir. İstər insanın, istərsə də təbiətin hər incəliyində çox böyük ağlın və elmin izləri müşahidə olunur. Məhz bu elmin və ağlın sahibi göylərin və yerin Rəbbi olan Allahdır.
Allah heç bir gücü olmayan bütlərə tapınan qövmlərin gördükləri işin batil olduğunu və etiqad etdikləri əqidənin də “məhvə məhkum olduğunu” belə xəbər vermişdir:
Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız. Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir”. Musa dedi: “O, sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa məbudmu arayım?” (Əraf surəsi, 138-140)
Dövrümüzdəki təkamülçü və materialistlərlə keçmişdəki bütpərəst cəmiyyətlər arasındakı digər bir bənzərlik, hər iki qrupun da Günəşə tapınmağa əsaslanan dini bir inanca sahib olmalarıdır.
Günəşə tapınmaq, tarixin ən qədim dövrlərindən bəri mövcud olan azğın bir inancdır. Günəşin onlara istilik və işıq verdiyini görən insanlar, bu vəziyyət qarşısında varlıqlarını bu göy cisminə borclu olduqları zənninə qapılmış və Günəşi məbud qəbul etmişlər. Bu azğın inanc tarixdə bir çox cəmiyyəti Allahın haqq dinindən uzaq tutmuşdur. Quranda bu mövzuya toxunulur və hz. Süleyman dövründə yaşayan Səba xalqının Günəşə ibadət etdikləri belə izah edilir:
Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər. Şeytan ona görə belə etmişdir ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər. (Nəml surəsi, 24-25)
Diqqət yetirilsə, insanların Günəşə tapmaları, tam bir cəhalətin və ağılsızlığın nəticəsidir. Günəşin Yerə istilik və işıq verdiyi doğrudur, ancaq bunun üçün şükür edilməli olan varlıq, Günəş deyil, onu yaratmış olan Allahdır. Heç bir şüuru olmayan bir maddə yığını olan Günəşi Allah bir vaxtlar yoxdan yaratmışdır. Gələcəkdə bir gün də yanacağı tükənəcək və sönüb gedəcək. Allah Günəşi də, bütün digər göy cisimlərini də yoxdan yaratmışdır və buna görə də bütün bu varlıqlara görə öyülüb ucaldılması lazım olan Allahdır. Bir ayədə bu həqiqət belə izah olunar:
Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. (Fussilət surəsi, 37)
Maraqlı olan, dövrümüzdəki təkamülçülərin də əvvəlki Günəş dinlərinin əsas inancını təkrarlayaraq, varlıqlarını Günəşə borclu olduqlarını müdafiə etmələridir. Təkamülçü qaynaqlara baxdıqda, dünyadakı bütün canlıların qaynağının Günəş olaraq göstərildiyi görünər. Təkamülçülərə görə Günəşdən gələn şüalar dünyada ilk canlıların yaranmağa başlamasını təmin etmişdir. Daha sonrakı canlı növlərini meydana gətirən də yenə Günəş enerjisi və Günəş şüalarından ötrü baş verən mutasiyalardır. Təkamülçülərin bu mövzudakı yanaşmasını ən yaxşı ümumiləşdirən adam isə, məşhur Amerikalı ateist və təkamülçü Karl Saqan olmuşdur. Saqan Cosmos adlı kitabında, “əgər insanlar özlərindən böyük bir şeyə tapınacaqlarsa bu Günəş olmalıdır” deyə yazmış və belə əlavə etmişdir:
“Atalarımız Günəşə ibadət edirdilər və bu şəkildə heç də axmaq iş görmürdülər”.13
Karl Saqanın müəllimi olan təkamülçü astronom Harlou Şaplen isə, “bəziləri başlanğıcda Allah vardı deyir, mən isə başlanğıcda hidrogen vardır deyirəm” sözüylə məşhurdur. Yəni Şaplen hidrogen qazının vaxt ərzində öz-özünə insanlara, heyvanlara, ağaclara çevrildiyinə inanır. Diqqət yetirilsə, bütün axmaq təkamülçü fikirlərin əsasında, maddi varlıqların və təbiətin ilahlaşdırılması inancı durur. Təkamülçülərin dini, maddəyə və təbiətə tapınmaqdır.
Ağıl sahibi insan isə, kainatın və təbiətin cansız və şüursuz maddələrin bir əsəri olmadığını, əksinə gördüyü hər incəlikdə fövqəladə bir ağıl, plan və sənət olduğunu başa düşər. Beləliklə, də Allahın varlığını və möhtəşəm yaratmasını qavrayar. Ancaq indiki vaxtda bir çox insan bu həqiqətə qarşı kordur və maddəyə ibadət etməyə davam edir. Çünki Səba xalqı nümunəsində olduğu kimi, “…Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər”. (Nəml surəsi, 24)
Həyatı boyunca dinsizliklə mübarizə aparmış olan Bədiüzzaman Səid Nursi də, Quranın bir təfsiri olaraq hazırladığı Risalə-i Nur Külliyyatında tez-tez “təbiətpərəst və naturalist taunu”ndan bəhs etmişdir. Bədiüzzamanın “təbiətpərəstlik, yəni təbiətə tapınma və materializm, yəni yalnız maddənin varlığını qəbul etmə xəstəliyi” kimi adlandıran bu ifadəsi, dinsizliyin əsasını meydana gətirən materializm və darvinizmə diqqət çəkir. Bədiüzzaman, “təbiətpərəst və naturalist” olaraq adlandırdığı bu dinsiz cərəyanların ağılsızlıqlarını çox təfərrüatlı olaraq izah etmişdir. Bu şərhlərindən biri belədir:
Yaxud fironlaşmış materialist filosoflar kimi, “Öz-özünə yaranırlar. Öz-özlərini bəsləyirlər. Özlərinə lazım olan hər şeyi yaradırlar” deyə düşünürlər ki, imandan, qulluqdan çəkinirlər. Deməli, özlərini bir Yaradıcı zənn edirlər. Halbuki, bir şeyin Yaradıcısı hər şeyin Yaradıcısı olmalıdır. Deməli, təkəbbür və qürurları onları olduqca axmaqlaşdırmışdır ki, bir ağcaqanada, bir mikroba qarşı məğlub olacaq acizi, hər şeyə qadirmiş kimi zənn edərlər.
Bəli, ağılları gözlərinə sükut etmiş materialist filosofların hikmətsiz hikmətləri, heçliyə əsaslanan fəlsəfələrinə görə təsadüfə bağlı olan zərrələrin hərəkətini, bütün qanunlarına əsas tutaraq, İlahi yaradılışa qaynaq göstərmişlər. Sonsuz hikmətlərlə bəzənmiş yaradılışı, hikmətsiz, mənasız, qarmaqarışıq bir şeyə əsaslandırmalarının, nə qədər ağılsız bir hərəkət olduğunu çox az şüuru olan bilər.14
İnsanların özlərinə bir “ilahlıq” xüsusiyyəti vermələri olduqca səhvdir. Necə ki, Bədiüzzaman da yuxarıdakı ifadələrində bu həqiqətə toxunur. İnsanın Allah qarşısında aciz bir varlıq olaraq bu qüsursuz kainatın yaranmasını “təsadüflər”lə əlaqələndirməsinin, Allahın varlığını açıq-aşkar inkar etməsinin nə qədər böyük bir nankorluq olduğuna diqqət çəkmişdir. Bədiüzzaman, başqa ifadələrində isə indiki vaxtda bu tip bir dinsizlik cərəyanının çox sıx olaraq yaşanacağına, insanların bu “dinsizlik dini”ndən mütləq xilas olmalarının lazım olduğuna diqqət çəkmişdir:
Materialist, maddəçi fəlsəfəsindən gələn Nəmrud kimi bir fikir cərəyanı, Axırzamanda materialist fəlsəfənin vasitəçiliyi ilə yayılaraq güclənər, Allahı inkar edəcək bir dərəcəyə gələr... Bir ağcaqanada məğlub olan və bir ağcaqanadın qanadını belə yaratmaqdan aciz bir insanın ilahlıq iddasında olması nə dərəcə axmaqca bir məsxərəlik olduğu məlumdur.
Bədiüzzamanın da üzərində dayandığı kimi cansız maddələrin öz-özünə kainatı və canlıları yaratdıqlarına inanmaq olduqca ağılsızlıq və məntiqsizlikdir. Belə bir inanca sahib olanların ağıl və mühakimə qabiliyyətinə sahib insanlar olduqlarını demək qeyri-mümkündür. Necə ki, hz. İbrahim də əvvəlki səhifələrdə izah etdiyimiz hekayənin davamında, əlləriylə yonub düzəltdikləri bütlərə tapınan qövmünün ağılsızlığını belə ifadə etmişdir:
İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?” (Ənbiya surəsi, 66-67)
Kitabın əvvəlindən etibarən xüsusilə diqqət çəkdiyimiz kimi, materialistlərin ən böyük məqsədi Allahı və dini inkar edən, özbaşına insan birlikləri yaratmaq və heç kimə heç bir şey üçün hesab verməyən bir insan modeli meydana gətirməkdir.
Buna görə də materialist fəlsəfənin əsasında Allahın varlığını inkar edən, hər cür mənəvi dəyəri, dürüstlük, qardaşlıq, paylaşma, sevgi, sülh kimi gözəl əxlaqa dair hər cür xüsusiyyəti rədd edən bir cəmiyyət arzusu durur. Materialistlər bu arzularını reallaşdırmaq üçün əvvəlcə, materialist anlayışın cəmiyyət içində yayılmasının və əsaslı bir surətdə yerləşdirilməsinin lazım olduğunu bilirlər.
Buna görə də, indiki vaxtda insanların böyük bir qismini təsiri altına almış materializm və onun dırnaqarası elmi əsası olan təkamül nəzəriyyəsi haqq dini qətiyyən qəbul etməz. Materializm ancaq batil, yəni saxta bir dinin varlığını qəbul edə bilər. Neo-darvinist cərəyanın qabaqcıllarından biri olan Corc Qeylord Simpson təkamülçülər tərəfindən qəbul edilmiş dini belə ifadə edir:
Əlbəttə ki, bir din olaraq müəyyənləşdirilən və dini hisslərə əsaslanan və hələ varlıqlarını qoruyan bəzi inanc sistemləri vardır. Bunların təkamüllə uyğunluğundan qətiyyən söhbət gedə bilməz və buna görə də romantik təsirlərinə baxmayaraq, intellektual olaraq müdafiə olunmaları da qeyri-mümkündür. Ancaq romantik çərçivədə qalmaları şərtiylə, mən bunların təkamüllə bir yerdə mövcud ola biləcəklərini müdafiə edirəm. Başqa sözlə, təkamül və doğru din, bir-biriylə uyğunlaşa bilərlər.15
Təkamülçü Simpson ümumiyyətlə doğru dinin, “romantik çərçivədə qalmaq şərtiylə” öz dünyagörüşləri ilə birlikdə davam etdirilə biləcəyini ifadə edir. Bu təkamülçü elm adamının “doğru din” olaraq nəzərdə tutduğu din isə, əlbəttə ki, Allahın vəhyinə əsaslanan haqq din deyil. Bu din, həqiqətləri ifadə etməyən, insanlara yalnız romantik olaraq təsir edən, materialist düşüncə istiqamətində yaradılmış “dinsiz” bir dindir. İndiki vaxtda “mən dinə inanıram” deyən insanların bəziləri isə əslində fərqində olmadan, materialistlərin “doğru din” olaraq qəbul etdikləri bu saxta dini yaşayırlar.
Aşağıda bu saxta dinlərin bəzi xüsusiyyətləri üzərində dayanılacaq. Göründüyü kimi bunların hamısı cəmiyyətdə din adı altında geniş şəkildə yaşanan yanlış inanclardır. Lakin bəzi insanlar ümumiyyətlə düşünməyə çox vərdiş etmədikləri üçün, bu inanclardakı yanlışlığı da fərq edə bilməzlər. Buna görə də haqq dini bilən səmimi möminlərin, insanları dinsizliyin bu yanlış dinlərinə qarşı xəbərdar etmələri və onlara Allahın qullarına bir hidayət və rəhbər olaraq endirdiyi Quranı və həqiqi dini izah etmələri çox əhəmiyyətli bir məsuliyyətdir.
İnsanların böyük bir hissəsi Allahın varlığına inanmalarına baxmayaraq, Allahın harada olduğu ilə əlaqədar olduqca azğın inanclara sahibdirlər. Çünki materialist dünyagörüşünə görə maddə mütləqdir və maddədən kənarda hər hansı bir varlığın olması qeyri-mümkündür. Bu dünyagörüşünün təsiri altında olan insan isə Allahın bu maddələrin arasında bir yerə sahib olmasının lazım olduğunu düşünər. Ancaq Allahın necə bir məkanının ola biləcəyini təxəyyülündə canlandıra bilməz.
Eyni yanlış anlayışa sahib insanların keçmişdə də var olduqları Quranda bildirilmişdir. Quranda Fironun Allaha çatmaq üçün göyə uzanan bir qüllə inşa etdirmək istədiyindən bəhs edilir. Onun bu azğın inancı Allahın qüdrətini qavraya bilməməsindən və maddəni mütləq varlıqmış kimi zənn etməsindən qaynaqlanır:
Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm. (Qəsas surəsi, 38)
Məkanı Allah yaratmışdır və Özü məkandan münəzzəhdir. Məkana bağlı olan, yalnız yaradılmış olan varlıqlardır. Allahın varlığı hər yeri əhatə edər, buna görə də Allah hər an hər yerdədir. (Bu mövzunun təfərrüatlarını “Dinsizliyin Dinlərini Məğlub Edən Həqiqət” hissəsində oxuya bilərsiniz.)
Materialist dünyagörüşünün təsirindən bu aydın həqiqəti qavraya bilməyən insanların tabe olduqları saxta dinə görə isə Allah səmada bir yerdədir. Bəzi insanların dua edərkən yalnız səmaya baxmalarının bir səbəbi də budur. Halbuki, Allahın hər yerdə olduğunu bilən biri, hara baxırsa baxsın Allahın orada olduğunu bilir. Allah bu həqiqəti ayələrində belə bildirir:
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 115)
Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 103)
İnsanların tabe olduqları saxta dinlərin inanclarından biri də, Allahın əvvəlcə bütün kainatı və canlıları yaratdığı, ancaq bundan sonra heç bir şeyə qarışmadan, səmadakı məkanından hadisələri izlədiyidir (Allahı tənzih edirik). Bu yanlış anlayışa görə, insanlar öz müqəddəratını da özləri təyin edirlər.
Halbuki, Allah məkandan olduğu kimi zamandan da münəzzəhdir. Buna görə də Allah insanları və bütün kainatı yaradanda onları keçmişləri və gələcəkləri ilə, yəni taleləriylə birlikdə “tək bir an” olaraq yaratmışdır. Biz gələcəyimizi yaşamadan bilmərik. Ancaq Allah hər insanın gələcəyini və yaşayacağı hər anını bilir, çünki bizim hər anımızı, hər danışmağımızı, hər hərəkətimizi də yaradan Allahdır. Saxta dinlərə mənsub insanların zənn etdikləri kimi Allah kainatı yaradıb, sonra özbaşına buraxmamışdır. Allah kainatda mövcud olan hər canlını başlanğıcları, həyatları və sonları ilə birlikdə meydana gətirmişdir. Tək bir yarpağın, budağından qopub, yerə düşməsindən bir insanın həyatı boyunca yaşayacağı hadisələrin hamısına qədər hər şey, Allahın müəyyənləşdirdiyi tale üzrə baş verər. Allah bu həqiqəti bir ayədə belə xəbər verir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Ənam surəsi, 59)
Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır (Saffat surəsi, 96)
Materialist düşüncənin təsiri altında yaşayan insanların bir hissəsi Allahın varlığına inansalar belə, cənnət və cəhənnəmin varlığına inanmazlar. Bunun ən əhəmiyyətli səbəbi yalnız gözləriylə gördüklərini həqiqət zənn etmələridir. Gözləri ilə görmədikləri və ya əlləri ilə hiss etmədikləri müddət ərzində bir şeyin varlığından əmin ola bilməyəcəklərini düşünürlər.
Halbuki, ağlından və vicdanından istifadə edən bir insan üçün, Allahın və axirətin varlığıyla əlaqədar bir çox dəlil var. Canlıların yaşaması üçün qüsursuz bir xəyal və bənzərsiz bir tərzdə yaradılan yer üzündə və səmada, bütün canlı maddələrin elementi olan hüceyrənin olduqca mürəkkəb quruluşunda, rəngləri, iyləri, içində yaşayan növbənöv canlılarla, möhtəşəm gözəllikdəki təbiətdə Allahın bir çox yaradılış dəlili vardır. Bütün canlıları qüsursuzca yoxdan var etmiş Allahın hər birini ölümlərindən sonra diriltməyə qadir olduğuna da şübhə yoxdur. Lakin buna baxmayaraq inkarçı insan, inadkarlıqla iman etmir.
Ağlından istifadə edən bir insan isə, Allahın canlıları ilk dəfə yaratdığını da, onları yenidən diriltməyə qadir olduğunu da dərk edər. Ayələrdə, bu həqiqəti dərk edə bilməyən inkarçılardan belə bəhs edilir:
Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?” De: “İstər daş olun, istər dəmir, və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər: “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?” – deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı güman edəcəksiniz. (İsra surəsi, 49-52)
Dini inkar edən insanların, Allahın Quranda bildirdiyi “ölümdən sonrakı dirilişi” dərk edə bilməmələrinin və bu həqiqətə şübhə ilə yanaşmalarının səbəbi, yenə ön fikirli materialist inancdır. Materialist anlayışa görə insan maddələrin qarşılıqlı təsirindən yaranan bir varlıqdır. Hətta insanın zəkası, hissləri kimi maddə ilə izah edilə bilməyəcək xüsusiyyətləri belə materialistlərə görə maddələrin qarşılıqlı təsiriylə meydana gəlir. Buna görə də bu insanlar yenidən dirilişi maddənin özünü təkrar inşa etməsi olaraq izah edər və heç cür bunun necə ola biləcəyini dərk etməzlər. Yəni yox olan bir maddənin təkrar geri gələ biləcəyini heç cür qəbul etməz.
Halbuki, əgər başa düşə bilmədikləri məqam yox olmuş və çürümüş bir bədənin necə yenidən diriləcəyidirsə, onsuz da insanın ən əvvəl bir yoxluqdan yaradıldığını düşünmələri lazımdır. Yer üzündə bir insana, hətta hər hansı bir canlıya aid tək bir zərrə belə mövcud olmadığı bir halda, Allah insanı yoxdan var etmişdir. Həqiqət belə olduqda, ikinci dəfə yaradılış barəsində sual vermək və ya “necə ola bilər” deyə bu həqiqətə şübhə etmək böyük bir ağılsızlıqdır. Allah ayələrində dirilişə şübhə edənlər haqqında belə buyurur:
Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər. İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 15-16)
Bu mövzuyla əlaqədar digər bir həqiqət isə insanı insan edənin, bədəninin deyil, ruhunun olmasıdır. Yəni insana dirilik verən əlli-altmış kiloluq ət və sümükdən ibarət olan bədən deyil, ruhdur. Ölümlə birlikdə insanın bədəni yox olar, ancaq ruhu yox olmaz. Ölüm yalnız insanın ruhunun olduğu məkanın dəyişməsidir, yəni axirət həyatının başlamasıdır. Ruh mövzusunda Allah Quranda bizə bu məlumatları verir:
Sonra onu düzəldib müəyyən şəkilə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə surəsi, 9-11)
Ancaq inkarçı insanların ön mühakimələri çox aydın bir həqiqəti belə başa düşmələrinə maneə törədir. Allah axirətin varlığını dərk edə bilməyən, tək həyatlarının bu dünya olduğunu zənn edən və öldükdən sonra yox olacaqlarına inanan bu insanların ağıl və anlayış qabiliyyətlərindən məhrum olduqlarını bir çox ayəsində bildirmişdir:
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (Casiyə surəsi, 23-24)
Həqiqətləri görə bilən, materialist inancın təsirindən xilas olaraq səmimi və aydın təfəkkürlə düşünə bilən insanlar isə axirətin varlığına heç bir şübhə duymadan qəti olaraq iman edərlər:
O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. (Loğman surəsi, 4-5)
O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 3-4)
Nəticə etibarilə dinsizliyin dini ilə mübarizədə toxunulmalı olan iki əhəmiyyətli mövzu var. Bunlardan biri təkamül nəzəriyyəsinin elmi baxımdan əsassızlığını izah etməkdir. Beləcə insanlar təsadüflərlə yaranmadıqlarını, özlərini Allahın yaratdığını və ona qarşı məsul olduqlarını görə biləcəklər. Digər mövzu isə, maddənin əsli haqqında insanları məlumatlandıraraq ön mühakimələrindən xilas olmalarını və həqiqi dini başa düşə bilmələrini təmin etməkdir. Çünki bir maddə yığınından ibarət olmadığını qavrayan insan Yaradanımız olan Allahın sonsuz qüdrətini də dərk etmiş olacaq.
Allahın hər şeyi əhatə etməsi, zamandan və məkandan münəzzəh olması, bütün varlıqları taleləriylə yaratması, cənnət və cəhənnəmin varlığı və insanların davranışlarını da yaradanın Allah olması kimi, haqq dinin bildirdiyi həqiqətlər əslində başa düşülməsi və qavranılması çox asan mövzulardır. Amma bəzi insanlar bu həqiqətləri anlamaq istəməzlər və buna görə də çətin göstərməyə çalışarlar. Bunun səbəbi insanların bilərək və ya bilməyərək materialist dünyagörüşünün təsiri altında qalmalarıdır. Bunun üçün insanlar maddə ilə əlaqədar ön mühakimələrindən xilas olaraq maddənin əslini öyrənməlidirlər.
Bu kitabın sonunda yer verilən “Dinsizliyin dinlərini məğlub edən həqiqət” hissəsi maddənin əslini ortaya qoyur və insanlara indiyə qədər bir sirr kimi görünən mövzuların əslində olduqca aydın həqiqətlər olduqlarını göstərir. Burada qısaca yer verilən bu əhəmiyyətli mövzuları, sonrakı hissələrdə daha təfərrüatla görəcəksiniz.