Dinsizliyin Dinlərini Məğlub Edən Həqiqət

Əvvəlki hissələrdə qeyd etdiyimiz kimi, inkarçıların din əxlaqına zidd olan bir mübarizə aparmalarının ən əhəmiyyətli faktorlarından biri, hər şeyi dünyəvi meyarlara görə dəyərləndirmələridir. Bunun səbəbi də, həyatlarının dünya ilə məhdudlaşmış olduğunu zənn etmələri və dünyaya qarşı ehtiras dolu bir bağlılıq duymalarıdır. Din əxlaqından uzaq yaşayan insanların bu ruh halı Quranda belə bildirilir:

Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik. (Müminun surəsi, 37)

Məhz bu ehtirasa görə də inkarçılar dünyanı tam mənada qavraya bilməzlər. Ətraflarında gördükləri hər şeyi müstəqil bir varlıqmış kimi zənn edər, bütün varlıqların ancaq Allahın diləməsiylə varlığını davam etdirdiyini qavraya bilməzlər. Allah inkarçıların dünya həyatının həqiqətlərini qavraya bilmədiklərini bir ayədə belə bildirmişdir:

Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7)

İnkarçıların bütün ömürləri boyunca dərk edə bilmədikləri çox əhəmiyyətli bir həqiqət vardır. Onlar bu həqiqətdən xəbərsiz bir şəkildə hər cür əxlaqsızlığı edər, dünyada öz aləmlərində mənfəət qazanmağa çalışar, yalan danışar, dinə istehza ilə yanaşar, inananlara iftiralar atar, onlara zərər verməyə çalışarlar... Ancaq əslində böyük bir qəflət içindədirlər, lakin bunu dərk etmirlər. Sonrakı səhifələrdə bu insanların necə böyük bir şüursuzluq və qəflət içində yaşadıqlarını ortaya qoyan bu böyük həqiqət izah ediləcək.

Maddənin ardındakı sirr

Görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma duyğularımızın hamısı bir-birlərinə bənzər bir şəkildə fəaliyyətə malikdir. Çöldəki obyektlərdən gələn siqnallar (səs, qoxu, dad, görüntü, sərtlik və s.), sinir hüceyrələrimiz vasitəsiylə beyindəki duyğu mərkəzlərinə ötürülür. Beyinə daxil olan bu təsirlərin hamısı elektrik siqnallarından ibarətdir. Məsələn, görmə əməliyyatı əsnasında çöldəki bir mənbədən gələn işıq seli (fotonlar) gözün arxa tərəfindəki torlu qişaya çatar və burada bir sıra əməliyyatlar nəticəsində elektrik siqnallarına çevrilər. Bu siqnallar, sinir hüceyrələri vasitəsiylə beyinin görmə mərkəzinə ötürülür. Biz də, bir neçə kub santimetr həcmdə olan görmə mərkəzində rəngarəng, tərtəmiz, eni, uzunluğu, hündürlüyü olan bir dünya qəbul edərik.

Eyni sistem digər duyğularımız üçün də keçərlidir. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, iylər burundakı epitel toxumada yerləşən hüceyrələr tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi reseptorlar tərəfindən, səslər isə qulaqdakı xüsusi bir mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki əlaqədar mərkəzlərə göndərilir və o mərkəzlərdə qəbul edilir.

Mövzunu daha da dəqiqləşdirmək üçün belə bir nümunə verə bilərik: İndi bir fincan qəhvə içdiyinizi fikirləşin. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və istiliyi dəri altındakı xüsusi reseptorlar tərəfindən qəbul olunub elektrik siqnallarına çevrilərək beyinə ötürülür. Həmçinin qəhvənin kəskin iyi, onu içdiyiniz vaxt hiss etdiyiniz acı bir dad və fincana baxdığınız vaxt gördüyünüz tünd qəhvəyi rəng də əlaqədar duyğu orqanlarınıza aid sinir hüceyrələri tərəfindən beyinə çatdırılan bir elektrik axınıdır. Sonra da fincanı şüşə bir stolun üstünə qoyarkən onun şüşəyə dəyməsindən əmələ gələn səs də qulağınız tərəfindən qəbul olunub beyinə elektrik siqnalı şəklində göndərilir. Bu hisslərin hamısı beyindəki bir-birindən ayrı, amma bir-biriylə ortaq çalışan duyğu mərkəzləri tərəfindən hiss olunar. Siz də bu hisslərin bir nəticəsi olaraq bir fincan qəhvə içdiyinizi düşünərsiniz. Yəni əslində hər şey beyindəki duyğu mərkəzlərində olub bitir, amma siz bütün bu hisslərinizin konkret bir varlığa aid olduğunu zənn edərsiniz.

Halbuki, bu məqamda yanılarsınız, çünki beyninizindən kənarda mövcud olan maddi bir dünyaya daxil olmağınız qeyri-mümkündür. Təmasda olduğunuz bütün əşyalar, əslində görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Müvafiq duyğu mərkəzlərində məlumatları analiz edən beyniniz, həyatınız boyu maddənin sizdən kənarda mövcud olan “əsli” ilə deyil, beyninizdəki surətləri ilə əlaqə saxlayar. Siz isə bu surətləri sizdən kənarda mövcud olan həqiqi bir maddə kimi zənn edərək yanılarsınız.

Şübhəsiz bu dərin düşünülməli çox vacib həqiqətdir. İndiyə qədər hər dəfə çölə baxdığınızda gördüyünüz hər şeyin mütləq varlıqlar olduğunu zənn etmiş ola bilərsiniz. Halbuki, elmin də sübut etdiyi kimi təmasda olduğunuz hər bir şey hisslərinizin cəmindən ibarətdir. Burada qısaca ümumiləşdirilən şey, həyatınızda dərk edə biləcəyiniz ən böyük həqiqətlərdən biridir.

Süni olaraq yaradılan “Xarici dünya”

Buraya qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz bir nəticəyə gətirər: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və “maddə”, “dünya” ya da “kainat” deyə adlandırdığımız anlayışlar əslində beynimizdə hiss olunan elektrik siqnallarıdır. Biz heç vaxt maddənin, beynimizdən kənardakı, mövcud olan əslinə çata bilmərik. Ancaq bizdən kənardakı dünyanın beynimizdə əmələ gələn görünüşünü görər, eşidər və dadarıq.

Tanıdığımız yeganə dünya, beynimizdə mövcud olan, orada tərtib olunan, səsləndirilən və rəngləndirilən, bir sözlə, beynimizdə meydana gələn bir dünyadır. Beynimizdə seyr etdiyimiz bu hisslər bəzən “süni” bir mənbədən da gələ bilərlər. Hər hansı bir yolla beyinin xəbərdar olunmasıyla bütün duyğular fəaliyyətə başlaya bilər, hisslər, görünüşlər və səslər meydana gələ bilər. Maddi qarşılıqları olmayan hissləri həqiqət kimi zənn edərək aldanmaq çox asandır. Yuxularımız bunun ən aydın dəlilidir.

Yuxu gördüyünüz vaxt, bədəniniz ümumiyyətlə, qaranlıq və səssiz bir otaqda, hərəkətsiz bir şəkildə yatır və gözləriniz də bağlı olur. Çöldən beyninizin qəbul edə bilməsi üçün sizə çatan nə işıq, nə səs, nə də buna bənzər heç bir şey yoxdur. Ancaq yatdığınız müddətdə oyanıq olduğunuz vaxtda yaşadıqlarınızın çox bənzərlərini, eyni canlılıqda yaşayarsınız. Yuxuda da səhər yuxudan oyanar, işə gedib çatmağa çalışarsınız. Və ya səyahətə çıxar, dəniz sahilinə gedər, orada Günəşin istiliyini hiss edərsiniz.

Üstəlik yuxu əsnasında, gördüklərinizin həqiqiliyindən qətiyyən şübhələnməz, ancaq oyandıqdan sonra düşündükdə hamısının bir yuxu olduğunu başa düşərsiniz. Yuxunuzda qorxu, həyəcan, sevinc, kədər kimi duyğular yaşamaqla yanaşı, həmçinin müxtəlif şeylər görər, səslər eşidər, maddənin sərtliyini hiss edərsiniz. Ancaq ortada bu hisslərə, gözəlliklərə səbəb olacaq heç bir mənbə yoxdur. Hələ də qaranlıq və səssiz bir otaqda yatırsınız.

Yuxuda tamamilə bir həqiqətmiş kimi görünən hadisələr yaşayar, insanlar, obyektlər və müxtəlif mühitlər görərsiniz. Amma hamısı bir hissdən başqa bir şey deyil. Yuxu ilə “həqiqi dünya” arasında isə əsas bir fərq yoxdur, çünki hər ikisi də beyində yaşanır.

Bunları hiss edən kimdir?

İçində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” adını verdiyimiz maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma əsl əhəmiyyətli sual burada ortaya çıxır: Tanıdığımız bütün maddi varlıqlar həqiqətdə hisslərdən ibarətdirsə, onda beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxudakı mühitlə həqiqi həyat dediyimiz mühit arasında hər hansı bir fiziki fərq olmadığını bilirik. Elə isə, bizə həqiqi həyat dediyimiz mühitdə “harada görürsən?” sualı verildikdə də “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən, iradəsi olan ət parçasından ibarət beyin deyil. Bura qədər həmişə xarici dünyanın bir surətini beynimizdə izlədiyimizdən bəhs etdik. Bunun əhəmiyyətli bir nəticəsi xarici dünyanın mövcud olan əslini heç vaxt tam olaraq bilməyəcəyimizdir.

Ən azı bu qədər əhəmiyyətli olan ikinci bir həqiqət isə, beynimizdə seyr etdiyimiz bu dünyanı izləyən “iradə”nin, beynin özü ola bilməyəcəyidir. Beyin özünə gələn məlumatları qəbul edən və görünüşə çevirən bir kompyuter-monitor sistemi kimidir, amma diqqət yetirilsə kompyuterlər öz-özlərini seyr edə bilməz. Var olduqlarını da dərk etməzlər. Bu şüuru axtarmaq üçün beyini analiz etdikdə qarşımıza digər canlı orqanlarda da olan zülal və yağ molekullarından daha fərqli bir şey çıxmır. Yəni beyin dediyimiz ət parçasında, görüntüləri seyr edib şərh edəcək, şüuru meydana gətirəcək, bir sözlə “mən” dediyimiz şeyi yarada biləcək bir şey yoxdur.

Əlinizdəki kitab, içində oturduğunuz otaq, bir sözlə, bütün görüntülər beyninizin içində görülür. Bəs atomlar bu görüntüləri görə bilərmi? Həm də kor, kar, şüursuz olan atomlar... Niyə atomların bir qismi bu xüsusiyyətləri qazanmış, digərləri isə qazana bilməmişdir?... Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasında gedən kimyəvi reaksiyalardan ibarət ola bilərmi?

Bu sualları diqqətlə düşündükdə, atomlarda iradə, şüur axtarmağın mənasız olduğunu da görərik. Aydındır ki, görən, eşidən və hiss edən varlıq, maddədən daha dərin bir varlıqdır. Bu varlıq “canlı”dır və nə maddə, nə də görüntüdür. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə təmasda olur.

Məhz bu varlıq “Ruh”dur.

Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar, bir atom və molekul yığını və bunların arasında gedən kimyəvi reaksiyaların nəticəsi deyil, bir “ruh”dur.

Bizə ən yaxın Varlıq Allahdır

İnsanlar bir maddə yığını deyil, bir “ruh” olduqlarına görə xarici dünya dediyimiz hissləri ruhumuza hiss etdirən, daha doğrusu bunları heç durmadan yaradan kimdir?

Şübhəsiz ki, bu sualın cavabı olduqca aydındır. İnsana “ruhundan üfürən” Allah ətrafımızdakı hər şeyin Yaradıcısıdır. Bu hisslərin tək qaynağı da Odur. Allahın yaratması xaricində hər hansı bir şeyin varlığından söhbət belə gedə bilməz. Allah bir ayəsində hər şeyi davamlı olaraq yaratdığını, yaratmağı dayandırdığı təqdirdə isə gördüyümüz heç bir şeyin öz varlığını davam etdirə bilməyəcəyini belə xəbər vermişdir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

Əlbəttə ki, bu ayədə maddi kainatın Allahın qüdrətiylə tutub saxlanılması izah edilir. Allah kainatı, dünyanı, dağları, canlı-cansız bütün varlıqları yaratmışdır və onları hər an tutub saxlayır. Allahın Xaliq sifəti bu maddi kainatda təcəlli edir. Allah Xaliqdir, yəni hər şeyi yaradan, yoxdan var edəndir. Bu da bizə göstərir ki, beynimizin xaricində, Allahın yaratdığı varlıqlardan ibarət maddi bir kainat vardır. Ancaq Allah bir möcüzə və yaradılışındakı üstünlüyün və sonsuz elminin bir təcəllisi olaraq, bu maddi kainatı bizə bir “xəyal”, “kölgə” və ya “görüntü” kimi seyr etdirir. Allahın yaratmasındakı mükəmməlliyin bir nəticəsi olaraq, insan heç vaxt öz beyninin xaricindəki dünyaya çata bilməz. Bu həqiqət maddi kainatı bilən yalnız Allahdır.

Fatir surəsindəki ayənin başqa bir şərhi də, insanların gördükləri maddi kainatın görüntüsünü də Allahın hər an tutub saxlaması deməkdir. (Doğrusunu Allah bilir.) Allah beynimizə dünya görüntüsünü göstərmək istəməsə, bütün kainat bizim üçün yox olar və bir daha heç vaxt ünsiyyət qura bilmərik.

Bizim maddi kainatın əsli ilə heç vaxt təmasda ola bilmədiyimiz həqiqəti, insanların bir çoxunu maraqlandıran “Allah haradadır?” sualının da cavabını ortaya çıxarar.

İnsanların çoxu Allahın gücünü qavramadıqlarına, Onu göyün hər hansı bir yerində olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq kimi düşünürlər. (Allahı tənzih edirik) Bu yanlış məntiqin əsası, kainatın bir maddələr yığınından ibarət olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerdə olduğu şəklindədir.

Halbuki, indiyə qədər araşdırdığımız kimi, maddi kainata heç vaxt çata bilmədiyimiz kimi, onun mahiyyətini də tam olaraq bilmirik. Tək bildiyimiz şey, bütün bunları yaradan Yaradıcının, yəni Allahın varlığıdır. İmam Rəbbani kimi böyük İslam alimləri bu həqiqəti ifadə etmək üçün “var olan tək mütləq varlıq yalnız Allahdır, Ondan başqa hər şey “kölgə varlıqlardır” deyiblər. Çünki gördüyümüz dünya beynimizdədir və bunun xarici dünyadakı əslinə çatmağımız qətiyyən mümkün deyil. Belə olduqda da, Allahın heç vaxt çata bilmədiyimiz bir maddi kainatın “xaricində” olduğunu düşünmək səhv olar.

Allah əslində “hər yerdə”dir və hər yeri əhatə edir. Bu həqiqət Quranda belə izah olunur:

…Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)

Allahın məkandan münəzzəh olduğu və hər yeri əhatə etdiyi həqiqəti başqa bir ayədə belə ifadə edilir:

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 115)

İnsan özünə ən yaxın olan varlığın yenə özü olduğunu zənn edərək aldanır. Halbuki, Allah bizə, bizim özümüzdən belə daha yaxındır. “Can boğaza yetişdiyi zaman, həmin an siz can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz”. (Vaqiə surəsi, 83-85) ayələri ilə də bu həqiqətə diqqət çəkmişdir. Ancaq ayədə də bildirildiyi kimi insanlar gözləriylə görmədikləri üçün bu fövqəladə həqiqətdən xəbərsiz yaşayırlar.

Digər tərəfdən, İmam Rəbbaninin ifadəsiylə kölgə bir varlıqdan başqa bir şey olmayan insanın, müstəqil bir gücə sahib olması da qeyri-mümkündür. Necə ki, “Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. (Saffat surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allahın nəzarəti altında reallaşdığını göstərir. Quranda bu həqiqət bildirilir və “...atdığın zaman sən atmadın, Allah atdı...” (Ənfal surəsi, 17) ayəsiylə, heç bir hərəkətin Allahdan müstəqil olmadığı vurğulanır. İnsan kölgə varlıq olduğu üçün atmaq hərəkətini də özü edə bilməz. Lakin Allah bu kölgə varlığa özünün atdığı hissini verir. Həqiqətdə isə bütün hərəkətləri reallaşdıran Allahdır.

Həqiqət budur. Bir insan bunu qəbul etmək istəməyə bilər, özünü Allahdan müstəqil bir varlıq zənn etməyə davam edə bilər, amma bu heç bir şeyi dəyişdirməz.

Sahib olduğumuz hər şey əslində bir xəyaldır...

Aydın şəkildə göründüyü kimi, bizim “xarici dünya” ilə birbaşa təmasda olmadığımız, Allahın davamlı ruhumuza göstərdiyi bir surəti ilə təmasda olduğumuz elmi və məntiqi bir həqiqətdir. Necə ki, insanlar bunu çox düşünmək istəməzlər.

Bu mövzuda bir az səmimi və cəsur düşünsəniz, evinizin, içindəki əşyalarınızın və ya antikvarlarınızın, bağınızın, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, paltar şkafınızın, yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də, əslində beyninizdə olduğu həqiqətini fərq edərsiniz. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, bir sözlə, beş duyğu orqanınızla hiss etdiyiniz hər şey bu “surət olan dünya”ya aiddir, ən sevdiyiniz artistin səsi, oturduğunuz stulun sərtliyi, iyi xoşunuza gələn bir ətir, sizi isidən günəş, rəngləriylə gözoxşayan bir çiçək, çöldə uçan bir quş, dənizin üstündə sürətlə üzən sürət mühərriki, bol məhsul verən bağınız, işinizdə istifadə etdiyiniz kompyuter ya da dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi alətiniz...

Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir aləmdir. İnsanlar qısa ömürləri boyunca heç vaxt əslinə çata bilməyəcəkləri hisslərlə imtahan olunurlar. Bu hisslər isə, xüsusilə bəzəkli və cazibədar göstərilir. Bu həqiqət, Quranda belə xəbər verilir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. (Ali İmran surəsi, 14)

İnsanların çoxu sahib olduqları ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, dollarların, ləl-cəvahiratların, daşıdıqları pul kisələrinin, kredit kartlarının, istifadə etdikləri şkaflar dolusu paltarların, son model avtomobillərin, bir sözlə, hər cür zənginliyin sehri ilə dinlərini tərk edər, axirəti unudar və yalnız dünyaya yönələrlər. “İşim var”, “ideallarım var”, “məsuliyyətim var”, “vaxtım azdır”, “işlərim var”, “sonra edəcəyəm” deyərək, dünyanın “bəzəkli və cazibədar” üzünə aldanaraq oruc tutmaz, 5 vaxt namazlarını qılmaz, mallarını kasıblara verməz, axirətdə xeyir qazanacaqları ibadətlərə yönəlməzlər. Əksinə ömürlərini yalnız dünya qazancını əldə etməyə çalışaraq keçirərlər. Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7) ayəsində məhz elə bu aldanma təsvir edilir.

Kitabın bu hissəsində izah etdiyimiz həqiqət isə, bütün bu ehtirasların və bağlılıqların mənasız olduğunu aydınlaşdırmaq baxımından çox əhəmiyyətlidir. Çünki bu həqiqətin başa düşülməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, ehtirasla sahib olduqları mal dövlətlərinin, varlıqlarıyla öyündükləri uşaqlarının, özlərinə ən yaxın zənn etdikləri həyat yoldaşlarının, ən sevdikləri dostlarının, bədənlərinin, bir üstünlük olaraq gördükləri vəzifələrinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin bir kölgə varlıqdan ibarət olduğunu göstərir. Bu vəziyyətdə bunların uğruna edilən ehtiraslar, keçirilən vaxtlar, göstərilən səylər də əbəsdir.

Onda bəzi insanlar sahib olduqları mal-dövlətləriylə, yaxtalarıyla, helikopterlərilə, fabrikləriylə, holdinqləriylə, villalarıyla, torpaq sahələriylə sanki bunların əsli ilə təmasda olurmuş kimi öyündükləri vaxt kiçik ixtilafdadırlar. Yaxtalarında “özünü darta-darta” gəzən zənginlər, dostlarına avtomobilləriylə reklam edənlər, zənginliklərini hər fürsətdə dilə gətirənlər, vəzifələrinin özlərini hər kəsdən üstün etdiyini zənn edənlər, bunlarla göstəriş etdiklərini zənn edənlər, əslində beyinlərindəki görüntülər ilə göstəriş etdiklərini başa düşdükdə nə vəziyyətə düşəcəklərini bilməlidirlər.

Bunların bənzərlərini yuxularında da tez-tez görərlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, olduqca qiymətli ləl-cəvahiratları, qat-qat dollarları, yığın-yığın qızıl və gümüşləri vardır. Yuxularında da yüksək bir vəzifədə olurlar, minlərlə adamın işlədiyi fabrikləri olar, bir çox insana hökm edən bir gücləri olar, hər kəsin heyran qaldığı paltarlar geyinərlər... Ancaq necə ki, yuxuda sahib olduqları şeylərlə öyünmələri onları gülməli hala salarsa, eynilə bu dünyada əlaqədə olduqları görüntülərlə də öyünmələri eynidir. Yuxularında gördükləri də, bu dünyada əlaqədə olduqları da nəticədə beyinlərindəki bir görüntüdən ibarətdir.

Bunun kimi dünyada yaşadıqları hadisələrə göstərdikləri reaksiyalar da, həqiqəti başa düşdükdə insanları utandıracaq. Özünü itirmiş şəkildə savaşanlar, qışqırıb-bağıranlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanları incidənlər, onları döyüb söyənlər, gözü dönmüş təcavüzkarlar, içləri vəzifə ehtirası ilə dolu olanlar, həsəd aparanlar, göstəriş etməyə çalışanlar, özlərini üstün tutmağa çalışanlar və digərləri, bunları bir xəyal içində etdiklərini fərq etdiklərində rəzil olacaqlar.

Bilinməlidir ki, bütün kainatı yaradan və bunu hər insana ayrı-ayrılıqda göstərən Allah olduğuna görə, bu dünyadakı bütün malın həqiqi sahibi də yalnız Allahdır. Necə ki, bu həqiqət Quranda xüsusilə xəbər verilir:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

Əsli ilə təmasda oluna bilməyən ehtiraslar uğruna dini bir kənara qoymaq və bunun nəticəsində əbədi həyatı itirmək isə, çox böyük bir ağılsızlıqdır. Üstəlik insana əbədi bir ziyan gətirər.

Bu mövzuda bu məqam çox yaxşı başa düşülməlidir: Qarşı-qarşıya olduğumuz həqiqət, “bütün bu sahib olduğunuz və hərisliklə sevdiyiniz mallar, zənginliklər, uşaqlar, yoldaşlar, dostlar, vəzifələr gələcəkdə yox olacaq, ona görə də bunların heç bir mənası yoxdur” demir. “Onsuz da bu sahib olduqlarınızın heç birinin əsli ilə bu anda təmasda deyilsiniz, hamısı yalnız beyninizdə seyr etdiyiniz bir hissdən ibarət olub, Allahın sizi sınamaq üçün göstərdiyi bir görüntüdür” deyir. Diqqət yetirsəniz ikisi arasında çox böyük bir fərq vardır.

İnsan bu həqiqəti indi qəbul etmək istəməsə və bütün sahib olduqlarını həqiqətən varmış kimi qəbul edərək özünü aldatsa belə, nəticədə öldükdən sonra yenidən dirildikdə, yəni axirətdə hər şey çox aydın bir şəkildə ortaya çıxacaq. O gün insan “Sən bu gün çox yaxşı görürsən!” (Qaf surəsi, 22) ayəsiylə ifadə olunduğu kimi, hər şeyi çox yaxşı görəcək. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər uğruna sərf edibsə, orada heç yaşamamış olmağı diləyəcək, “kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi” (Haqqə surəsi, 27-29) deyərək həlak olacaq.

Ağıllı bir insana düşən isə, bütün kainatın bu ən böyük həqiqətini vaxt var ikən burada qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü xəyallar arxasınca qaçmağa sərf edib sonunda böyük bir sarsıntıya məruz qalar. Allah dünyada xəyallar (ya da “ilğımlar”) arxasınca qaçıb hər şeyin Yaradıcısı olan Allahı unudan bu insanların aqibətlərini belə bildirir:

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Materialistlər tarixin ən böyük tələsinə düşüblər

Maddənin əslinə çata bilməyəcəyimiz həqiqəti, müasir elm tərəfindən isbat edilmiş və üstəlik çox aydın, qəti və güclü bir şəkildə ortaya qoyulur. Materialistlər bütün fəlsəfələrini əsaslandırdıqları maddi dünyanın, əslində heç vaxt əslinə çata bilməyəcəkləri hisslərdən başqa bir şey olmadığını görür və buna qarşı heç bir şey edə bilmirlər.

Materialist düşüncə bəşəriyyət tarixində həmişə mövcud olmuş və bu kəslər özlərindən və müdafiə etdikləri fəlsəfədən çox əmin bir şəkildə, onları yaradan Allaha baş qaldırmışdılar. Ortaya atdıqları ssenariyə görə maddə əzəli və əbədidir və bütün bunların bir yaradıcısı ola bilməz. Bu adamlar yalnız təkəbbürləndiklərinə görə, Allahı inkar etdikləri halda, təmasda olduqlarını zənn etdikləri maddənin ardına sığınırlar. Bu fəlsəfədən elə əminidilər ki, heç vaxt bunun əksini isbat edəcək bir izah gətirilə bilməyəcəyini düşünürdülər.

Məhz buna görə də maddənin əsli ilə əlaqədar olaraq bu hissədə izah edilən həqiqətlər bu kəsləri böyük bir qarışıqlığa salmışdır. Çünki burada izah edilənlər fəlsəfələrini köklü surətdə çürütmüş, haqqında mübahisə etməyə imkan verməmişdir. Bütün düşüncələrini, həyatlarını, qürurlarını və küfrlərini üstündə qurduqları maddə əllərindən bir anda uçub getmişdir. Heç bir insan maddənin əslini görməmişdir ki, buna əsaslanan bir fəlsəfə də mövcud ola bilsin. Allahın bir sifəti, inkarçılara tələ qurmasıdır. Quranda, “...Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır”. (Ənfal surəsi, 30) ayəsiylə məhz bu həqiqət bildirilir.

Məhz Allah maddəni mütləq bir varlıq zənn etdirərək materialistləri tələyə salmış və onları tarixdə bənzəri görülməmiş şəkildə alçaltmışdır. Mal-dövlətlərini, vəzifələrini, ləqəblərini, yaşadıqları cəmiyyəti, bütün dünyanı mütləq varlıq zənn etmişlər, üstəlik bunlara etimad edərək Allaha qarşı təkəbbürlənmişlər. Təkəbbürlə Allaha üsyan etmiş və küfrlərini artmışdırlar. Bunları edərkən də güc aldıqları tək şey maddənin mütləq olduğu inancı olmuşdur. Amma elə bir düşüncəsizliyə düşmüşlər ki, Allahın onları hər tərəfdən əhatə etdiyini heç düşünməmişlər. Allah inkarçıların düşüncəsizlikləri nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)

Bu, bəlkə də tarixdəki ən böyük məğlubiyyətdir. Materialistlər öz aləmlərində təkəbbürlənərkən, dinlə və iman edənlərlə lağ edərkən əslində böyük bir tələyə düşmüşlər, Allaha qarşı çirkin bir cəsarət göstərməklə başladıqları mübarizədə qəti olaraq məğlub olmuşlar.

Quranda xəbər verilən, “Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki, onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər”. (Ənam surəsi, 123) ayəsi Yaradıcımız olan Allaha baş qaldıran bu kimi inkarçıların necə bir şüursuzluq içində olduqlarını və necə bir aqibətlə üzləşəcəklərini ən aydın bir şəkildə xəbər verir.

Başqa bir ayədə isə bu həqiqət belə vurğulanır:

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və bunu anlamırlar. (Bəqərə surəsi, 9)

İnkarçılar öz aləmlərində tələ qurmağa çalışdıqları halda ayədəki “anlamırlar” ifadəsiylə qeyd olunduğu kimi, çox əhəmiyyətli bir həqiqəti anlaya bilməmişlər: Yaşadıqları bütün hadisələrin əslində beyinlərində reallaşdığını və gördükləri bütün əməllər kimi, qurduqları tələlərin də beyinlərində olduğu həqiqətini... Bu düşüncəsizliklərindən ötrü də, Allah ilə tək olduqlarını unudaraq hiyləyə düşmüşlər.

Hər dövrdə Allah inkarçıları qurduqları bütün hiylələrini özülündən yox edəcək bir həqiqətlə üz-üzə gətirmişdir. Allah “...şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (Nisa surəsi, 76) ayəsiylə, bu tələlərin hələ ilk qurulduqları anda, aqibətlərinin yoxluq olacağını da xəbər vermişdir. Və möminləri də “...onların qurduğu hiylə sizi ziyana sala bilməz...” (Ali İmran surəsi, 120) ayəsiylə müjdələmişdir.

Allah başqa bir ayəsində, “ Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar...” (Nur surəsi, 39) şəklində xəbər verir. Materializm də bu ayədə işarə edildiyi kimi, üsyan edənlər və dünya həyatlarını dinə lağ etməklə keçirənlər üçün bir “ilğım” meydana gətirər, ona inanaraq əllərini uzatdıqlarında, bu fəlsəfənin yanlış olduğunu başa düşərlər. Allah onları belə bir ilğımla aldatmış, maddəni mütləq varlıq kimi göstərmişdir. “Nəhəng” adamlar, professorlar, astronomlar, bioloqlar, fiziklər, ləqəbləri, vəzifələri hər nə olursa olsun maddəni özlərinə məbud qəbul etdiklərinə görə bu tələyə düşmüşlər, bir uşaq kimi aldanmış və alçalmışlar. Heç vaxt əslinə çata bilməyəcəkləri maddəni mütləq zənn edərək onun əsasında öz fəlsəfələrini, ideologiyalarını qurmuşlar, haqqında ciddi mübahisələrə girmişlər, istehza xarakterli izahatlardan istifadə etmişlər. Bütün bunlara görə də özlərini çox ağıllı saymışlar, kainatın həqiqəti haqqında fikir yürüdə biləcəklərini düşünmüşlər və ən əhəmiyyətlisi də öz məhdud ağılları ilə Allahı şərh edə biləcəklərini zənn etmişlər. Allah onların düşdükləri bu vəziyyəti bir ayədə belə bildirir:

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali İmran surəsi 54)

Dünyada bəzi tələlərdən xilas olmaq olar, ancaq Allahın inkar edənlərə qurduğu bu tələ elə güclüdür ki, heç vaxt bir qurtuluş imkanları qalmamışdır. Nə edirlərsə etsinlər, kimə müraciət edirlərsə etsinlər, özlərini xilas edəcək, Allahdan başqa bir yardımçı tapmaları da qeyri-mümkündür. Uca Allahın Quranda xəbər verdiyi kimi, “...Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar” (Nisa surəsi, 173)

Materialistlər belə bir tələyə düşəcəklərini heç gözləmirdilər. 21-ci əsrin bütün imkanları əllərində olduqları halda rahatlıqla inkarda israr edə biləcəklərini və insanları da inkara sürükləyə biləcəklərini güman edirdilər. Allah inkarçıların tarix boyu daşıdıqları bu düşüncəni və düşdükləri aqibəti Quranda belə xəbər vermişdir:

Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. (Nəml surəsi, 50-51)

Ayələrdə izah edilən həqiqətin bir mənası da budur: Materialistlərə sahib olduqları hər şeyin əslində beyinlərində olduğu izah olunmuş, yəni əllərindəki hər şey kütləvi halda yox edilmişdir. Və onlar, mütləq varlıq zənn etdikləri mallarının, fabriklərinin, qızıllarının, dollarlarının, uşaqlarının, yoldaşlarının, dostlarının, məqam və vəzifələrinin, hətta öz bədənlərinin əllərindən çıxdığına şahidlik edərkən, bir mənada “yox olmuşlar”. Maddənin deyil, Allahın mütləq varlıq olduğu həqiqətiylə üz-üzə gəlmişlər. Şübhəsiz ki, bu həqiqətin fərqinə varmaq materialistlər üçün mümkün ola biləcək ən qorxunc hadisədir. Çünki çox etimad etdikləri maddənin özlərindən aşılmaz bir sərhəd ilə ayrılmış olması, öz ifadələriylə desək, onlar üçün hələ dünyada olarkən, “ölmədən bir ölüm” hökmündədir.

Bu həqiqətlə yanaşı, bir Allah, bir də özləri qalmışdır. Necə ki, Allah “Tək yaratdığım bu insanı Mənə burax” (Müddəssir surəsi, 11)ayəsiylə, hər insanın Öz qatında əslində tək-tənha olduğu həqiqətinə diqqət çəkmişdir. Bu fövqəladə həqiqət hələ bir çox ayə ilə xəbər verilmişdir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz... (Ənam surəsi, 94)

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

Bu ayələrdə izah edilən həqiqətin bir mənası da budur: Maddəni məbud qəbul edənlər, Allahdan gəlmiş və yenə Ona dönmüş və ya dönməyi gözləyirlər. Onlar istəsələr də, istəməsələr də Allaha təslim olmuşlar. İndi hər kəs kimi hesablaşma gününü gözləyirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcəklər. Hər nə qədər başa düşmək istəməsələr də...

Mövzunun əhəmiyyəti

Bu hissədə izah etdiyimiz maddənin ardındakı sirr mövzusunu doğru qavramaq olduqca əhəmiyyətlidir. Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, bir sözlə desək, gördüyümüz hər şey, Allahın Quranda var olduğunu, yoxdan var etdiyini bildirdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları yolu ilə görə bilməz və ya hiss edə və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir. Bu elmi bir həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla bütün məktəblərdə öyrədilən elmi bir mövzudur. Məsələn, indi bu yazını oxuyan bir insan, bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz.

Bu yazının əslindən gələn işıq, insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı, beyinin arxa tərəfindəki görmə mərkəzinə gedərək, bu mərkəzi xəbərdar edər. Və insanın beyninin arxa tərəfində bu yazının görüntüsü əmələ gələr. Yəni siz indi gözünüzlə, gözünüzün önündəki bir yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində meydana gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı “surət olan yazı”dır. Bu yazının əslini isə Uca Allah görür.

Ancaq unudulmamalıdır ki, maddənin beynimizdə əmələ gələn bir xəyal olması onu “yox” hökmünə gətirməz. Bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verilir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətidir. Qaldı ki, bizdən kənarda olan maddənin varlığını, bizdən başqa görən varlıqlar da vardır. Allahın mələkləri, insanların əməllərini yazmaq üçün seçdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Hər şeydən əhəmiyyətlisi, ən başda Allah hər şeyi görür. Bu dünyanı hər cür incəliyi ilə Allah yaratmışdır və Allah hər halıyla görür. Quran ayələrində belə xəbər verilir:

...Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, nə etdiklərini Görəndir”. (İsra surəsi, 96)

Həmçinin unutmamaq lazımdır ki, Allah bütün hadisələri “Lövhi-məhfuz” adlı kitabda qeydə almışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda vardır. Hər şeyin, Allahın Qatında, Lövhi-məhfuz olaraq adlandırılan “Ana Kitab”da olduğu belə bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)

...Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır (Qaf surəsi, 4)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dinsizliyin Dinləri: Materializm və Darvinizm
  • Materializmin Meydana Gətirdiyi Saxta Dinlər
  • Dinsizliyin “Oda Çağiran” Liderləri
  • “Dinsiz Bir Millət Yaşaya Bilməz”
  • Dinsizliyin Dini ilə Mübarizə Üsullari
  • Dinsizliyin Dinlərini Məğlub Edən Həqiqət
  • Nəticə