İnsanların dünya və axirət əzabından xilas olmaları üçün dinsizliyin yer üzündən tamamilə qaldırılması olduqca əhəmiyyətlidir. Və dinsizliyin yer üzündən silinərək yerinə Quran əxlaqının yayılması da əvvəlcədən toxunduğumuz kimi bütün inananların məsuliyyətidir. “Mən dindaram, digər insanlar başlarının çarəsinə baxsınlar” demək, səmimi bir müsəlmanın vicdanına sığmaz. Aşağıdakı ayə bu vəzifəni bütün müsəlmanların üstünə ilahi bir vəzifə olaraq düşür. Allah hər mömini, yaxınlarını və bütün insanları cəhənnəm əzabından qorumaqla məsul etmişdir:
Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır. (Təhrim surəsi, 6)
Bəzi kəslər isə “mən dinsizliklə necə mübarizə apara bilərəm?” deyə düşünə bilərlər. Bu, şeytanın insanları əyləndirmək, Quran əxlaqının yaşanmasının qarşısını almaq və dinsizliyin dininin yayılmasına zəmin hazırlamaq üçün verdiyi bir xəyaldır. Kitabın daxilində də qeyd olunduğu kimi dinsizliklə mübarizədə nəzərdə tutulan, dinsiz fəlsəfələrin və fikri cərəyanların elmi və ağıllı dəlillərlə əsassız olduqlarının ortaya qoyulması, bunların fikrən çökdürülməsidir. Çünki heç kim fikri cəhətdən çökmüş və elmi olaraq da heç bir əsası qalmamış bir ideologiyanın arxasınca getməz.
Buna görə də bu əhəmiyyətli fikri mübarizədə hər insanın edə biləcəyi bir xidmət mütləq vardır. Heç bir şeyə imkan tapmayanlar da, bu əhəmiyyətli mübarizədə iştirak edən, həyatını buna həsr edən kəslərə kömək etməli və dəstək olmalıdırlar. Məsələn, dinsizliklə mübarizə məqsədilə yazılmış kitabların və ya əsərlərin geniş bir oxucu kütləsi tərəfindən oxunmasını təmin etmək, bu kitablarda yazılanları yaxşı öyrənib bunları hər kəsə izah etmək, dinsizliklə mübarizə aparan, dinsizliyin fikrini çürüdən məlumatları bu cür yollarla dünyaya yaymaq kimi xidmətlər dinsizliklə mübarizənin əhəmiyyətli bir hissəsidir.
Unutmaq olmaz ki, Bədiüzzamanın da ifadə etdiyi kimi “küfrə razı qalmaq küfr etmək olduğu kimi, zəlalətə, günaha, zülmə razı qalmaq da günahdır, zülmdür, zəlalətdir”.19 Buna görə də bitərəf qalanlar, dinsizliyə qarşı imkanı olduğu halda mübarizə aparmayanlar və ya mübarizə aparanlara dəstək olmaq əvəzinə problem çıxaranlar, əslində bilərək və ya bilməyərək dinsizliyə dəstək olur və onların işlərini asanlaşdırırlar.
Səmimi bir mömin, heç vaxt bu əhəmiyyətli mövzularda bitərəf qalmaz. Həmişə Quranın əmr etdiyi mövzularda olduqca həssas, cürətli və qərarlı davranar. Vicdanından ötrü bu gün yer üzündə zülmə məruz qalan, aciz buraxılmış, ac, narahatlıq içində yaşayan və məzlum mövqedə olan hər insanın məsuliyyətini üzərində hiss edər. Məsələn, bu gün Kəşmirdə, Şərqi Türkistanda və Fələstində milyonlarla müsəlman yalnız dinlərindən ötrü zülmə məruz qalırlar. Yaşadığımız illərdə Kosovo və Bosniyada yüz minlərlə insan dəhşətli işgəncələrə məruz qalmış, yerlərindən, yurdlarından qovulmuş, dünyanın gözü qarşısında qətlə yetirilmişlər. Yalnız bəzi müsəlman ölkələrdə deyil, dünyanın bir çox yerində insanlar, dinsiz qruplara və ya dinsiz fikri cərəyanlara görə zülmə məruz qalmağa davam edirlər. Rusiyada illərdir ki, dinsiz nəsillər yetişdirilir, dinsizliyin dini çox böyük bir sürətlə yayılır. (Ətraflı məlumat üçün baxın. Həll Yolu Quran Əhlaqı, Harun Yəhya) Vicdan sahibi bir insan bunların heç birinə kor-koranə yanaşmaz. Məhz bu səbəblərə görə bütün müsəlmanların dinsizliyin insanlar üzərindəki zülmünü aradan qaldırmaq üçün var gücləriylə mübarizə aparmalıdırlar. Bunun ən ağıllı və ən təsirli yolu isə kitab boyunca ifadə etdiyimiz kimi fikri mübarizədir.
Bu hissədə əhəmiyyətli bir vəzifəni boynuna götürən insanların xüsusi olaraq üzərində dayandıqları mövzular müzakirə ediləcək və Quran ayələri istiqamətində, bu mübarizənin necə aparılmasının lazım olduğu izah ediləcək.
Dinsizliyin dini ilə mübarizədə ən təsirli üsul, şübhəsiz ki, Quranda nümunə olaraq göstərilən hz. İbrahimin metodudur. Əvvəlki hissələrdə izah etdiyimiz kimi hz. İbrahimin dövründə yaşayan insanlar öz əlləri ilə düzəltdikləri bütlərə ibadət edir və hər mövzuda bu saxta ilahlarından mədət umurdular (Bilindiyi kimi bu, həmçinin tarix boyu bir çox inkarçı qövmün tətbiq etdiyi bir üsuldur). Hz. İbrahim isə bu insanlara qarşısında əyildikləri bütlərin heç bir şeyə gücü çatmayan, taxtadan hazırlanmış, cansız varlıqlar olduğunu xatırlatmış və onların məntiq və mühakimə pozğunluqlarını bütün açıqlığı ilə göz qabağına gətirmişdir.
Əvvəldən də ifadə etdiyimiz kimi, hz. İbrahim dövründə yaşayan insanlarla dövrümüzdəki “bütə tapınanlar” arasında elə də bir fərq yoxdur. O dövrdəki insanlar necə təkidlə taxta heykəlləri məbud kimi qəbul edirdilərsə, dövrümüzdəki dinsizlər də cansız atomları, şüursuz təbiəti, təsadüfləri məbud kimi qəbul edirlər. Şüursuz atomların bir yerə gələrək, qüsursuz və möhtəşəm bir sistemi yaratmaqla qruplaşdığına inanırlar.
Hz. İbrahimin qövmünü bu azğın inanclarından xilas etmək, onları “ayıltmaq” üçün müraciət etdiyi üsul isə Quranda belə xəbər verilir:
Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?” – demişdi. Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!” – demişdilər. İbrahim demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”. (Ənbiya surəsi, 52-54)
Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!” Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr. (Ənbiya surəsi, 57-58)
Ayələrdə xəbər verildiyi kimi hz. İbrahim, atasının və qövmünün həqiqətləri görməyəcək qədər kor olduqlarını gördükdə onların tapındıqları bütlərə bir hiylə qurmağa qərar vermişdir. Qövmü yanından uzaqlaşdıqda, tapındıqları cansız bütləri sındıraraq, onların öz ağıllarıyla tapa bilmədikləri aydın bir həqiqəti özlərinə dəlillə isbat etmişdir: Cansız bütlərin aciz olduqları və heç bir şey yarada bilməyəcəkləri həqiqətini...
Bütpərəstlər geri qayıtdıqda hz. İbrahimə niyə bütləri sındırdığını soruşduqları vaxt aldıqları cavab isə, ağılsızlıqlarını göz qabağına gətirməsi baxımından olduqca əhəmiyyətlidir:
Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?” İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”. (Ənbiya surəsi, 62-65)
Bu insanların, “Axı sən bilirsən ki, bunlar danışmırlar” deyərək əslində həqiqəti dərk etdiklərini ifadə edən olduqca əhəmiyyətli bir məqamdır. Hamısı əslində bütlərin danışa bilməyəcəklərini dərk edirlər. Bütlərinin heç bir şeyə gücü çatmadığını, cansız bir varlığı dirildə bilməyəcəklərini, kainatda mövcud olan qüsursuz nizamı yarada bilməyəcəklərini çox yaxşı bilirlər. Ancaq atalarından qalan dinsizlik mirasını davam etdirə bilmək və Allahın varlığını inkar etmək üçün bu cansız varlıqları məbud qəbul etmişlər.
İndiki vaxtda təkamülçülər və materialistlər də tamamilə buna bənzər bir düşüncəyə sahibdirlər. Bu gün hər hansı bir təkamülçü səmimi olaraq düşündükdə canlıların təsadüflərlə əmələ gəlməyəcək qədər mürəkkəb və qüsursuz olduğunu başa düşəcək. Bununla yanaşı həmin elm adamları kainatın bir başlanğıcının olmasının lazım olduğunu, yəni əzəli və əbədi ola bilməyəcəyini də təsdiq edəcəkdirlər. Ancaq bəhsi keçən kəslər, bunu etiraf etmələrinə baxmayaraq, olduqca fanatik bir münasibət göstərməyə davam edərlər. Eynilə hz. İbrahim dövründə yaşayan bütpərəstlər kimi öz saxta məbudlarını tərk edib Allaha inanmalarının qeyri-mümkün olduğunu dilə gətirərlər. Təkamülçülərin və materialistlərin kitabın əvvəlindən bəri təsvir etdiyimiz atalarının dininə nə qədər kor-koranə bağlı olduqlarını başa düşmək üçün dövrümüzdəki təkamülçülərin bir neçəsinin bu məsələdəki etirafını dinləmək kifayətdir.
Məsələn, Harvard Universitetindən olan təkamülçü və materialist genetik Riçard Leontin özünün və digər materialistlərin ön mühakiməli və fanatik münasibətlərini belə ifadə etmişdir:
Bizim materializmə olan bir inancımız var ki, bu da “a priori” (əvvəldən qəbul edilmiş, doğru olduğu fərz edilmiş) bir inancdır. Bizi dünyaya materialist bir izah gətirməyə məcbur edən şey, elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan ”a priori” bağlılığımıza görə də, dünyaya materialist bir izah gətirən araşdırma üsullarını və məhfumlarını mənimsəyirik. Materializm mütləq doğru olduğuna görə də, ilahi bir izahın səhnəyə girməsinə izin vermərik.20
Məşhur ingilis zooloq və təkamülçü D.M.S. Vatson isə, təkamülçülərin əllərində təkamülün baş verdiyinə dair dəlillərinin olmamasına baxmayaraq, niyə hələ də bu nəzəriyyəni müdafiə etdiklərini belə izah etmişdir:
Təkamül nəzəriyyəsinin geniş kütlələr tərəfindən qəbul olunan bir nəzəriyyə olmasının səbəbi bu nəzəriyyəni isbat edəcək kifayət qədər dəlilin olması deyil, ancaq digər alternativin, yəni fövqəltəbii yaradılışın tamamilə yolverilməz olmasıdır.21
Məşhur ingilis elm adamı Çandra Vikramasinge də Allahın inkar edilməsi üçün insanların beyinlərinin necə zəhərləndiyini belə izah etmişdir:
Bir elm adamı olaraq təhsil aldığım müddət ərzində, elmin hər hansı bir şüurlu yaradılış məhfumu ilə uyğunlaşmayacağına dair çox güclü beyin zəhərlənməsinə məruz qaldım. Bu məhfuma qarşı güclü tədbir görülməlidir... Amma hal-hazırda, Tanrıya inanmağı tələb edən izaha qarşı irəli sürülə biləcək heç bir dəlil tapa bilmirəm...22
Yuxarıda nümunələri verilən təkamülçü elm adamlarının, doğru olmadığını bildikləri halda yalnız Allahı inkar edə bilmək üçün təkamül nəzəriyyəsinə və materializmə inandıqları öz sözləriylə aydın olur. Bu kəslər dövrümüzdəki qabaqcıl materialist təkamülçülərdən yalnız bir neçəsidir.
Bu insanlara verilən cavab isə, Quranda bildirilən, hz. İbrahimin öz qövmünə verdiyi cavabdır. Hz. İbrahimin qövmünə verdiyi cavab, onları qəflətdən oyatmaq və düşünməyə dəvət etmək olmuşdur. Ayələrdə hz. İbrahimin sözləri belə xəbər verilir:
İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?” (Ənbiya surəsi, 66-67)
Hz. İbrahim necə bütpərəstlərin bütlərini sındıraraq və dinsizliyin bütün əsaslarını aradan qaldıraraq onların acizliyini ortaya qoyubsa, dövrümüzdəki inananların da dinsizlərin məbud kimi qəbul etdiyi maddə bütünü sındırmaqla dinsizliyi təsirsiz hala gətirmələri lazımdır.
Bu bütlərin sındırılmasında tətbiq olunacaq üsul isə, qısaca belə bəndlər halında sıralana bilər:
Hər insanın mənəvi dəyərləri məhv edəcək fəaliyyətlər göstərən dinsiz cərəyanları çox yaxşı tanıması, onların ideologiyalarını, hansı mövzuda hansı fikri müdafiə etdiklərini yaxşı bilməsi olduqca əhəmiyyətlidir. Çünki ancaq bu yolla bəhsi keçən dairələrin ağılsızlıqları, azğınlıqları, dövlətə və millətə zərər verəcək düşüncələri, elmə və ağıla zidd istiqamətləri sığortalana bilər. Bunun nəticəsində bu dinsiz ideologiyaların nə qədər zəif əsaslara dayandıqları, əsassızlıqları göz önünə gətirilə bilər. Həmçinin dinsiz ideologiyaları yaxından tanıyan vicdan sahibi kəslər, bunların dövlətə və millətə verə biləcəkləri ehtimal olunacaq zərərləri əvvəlcədən proqnozlaşdıra bilər, bunun sayəsində lazımlı tədbirlərin görülməsi üçün dövlətə dəstək və köməkçi olacaq bir fəaliyyət göstərə bilərlər.
Kitabın əvvəlki hissələrində indiki vaxtda dinsizliyin ən təhlükəli və ən məşhur dininin materializm olduğuna toxunulmuşdu. Materializmi digər dinsiz cərəyanlardan fərqləndirən və daha təsirli olmasına səbəb olan bir ünsür də, “elmi bir don” altında təqdim edilməsidir. Buna görə də bütpərəstlik ibtidailik olaraq adlandırıldığı halda, materializm və təkamül nəzəriyyəsi, bütpərəstlikdən elə də çox fərqlənməməsinə baxmayaraq saxta bir “elmi hörmət” qazanmışdır. Buna görə də materializmin və təkamül nəzəriyyəsinin əslində elmlə və ağılla ziddiyyət təşkil edən fikirlər olduğunun aydınlaşdırılması və bunun insanlara izah edilməsi olduqca əhəmiyyətlidir.
Təkamül nəzəriyyəsinin iddialarının tək-tək müzakirə edilərək, bütün dəlillərinin əslində saxta olduqlarının və ya bu dəlillərin insanlara təhrif edilərək təqdim edildiklərinin izah edilməsi olduqca əhəmiyyətlidir. Bunu edərkən ən son rəylərin, elm dünyasındakı inkişafların anbaan izlənilməsi, dünyanın hər bir yerində təkamül mövzusunda ortaya atılan iddialar heç atlanmadan elmi yolla çürüdülməli, hər mövzuda bir çox sayda dəlil təqdim edilməlidir.
Həmçinin bir məqamı da ifadə etməkdə fayda var: Əslində təkamül nəzəriyyəsinin dəlil olaraq irəli sürdüyü bir neçə mövzu var və bunlar da hələ ən başdan çürüdülmüşdür. Amma təkamülçülər bunları həmişə elmi terminlərlə bəzəyərək, müxtəlif şəxslərin əsərlərindən və ya ağızlarından, “elmi” bir don altında nəql etdikləri üçün, yeni-yeni dəlillər təqdim edirmiş kimi görünərlər. Halbuki, xalq tərəfindən başa düşülməyən ifadələrlə, xeyli latın sözləriylə, səhifələrlə yazdıqları mövzulara baxdıqda, elmi cəhətdən heç bir dəlil təqdim etmədikləri aydın olar.
Lakin bu gün dünyadakı insanların böyük əksəriyyəti darvinizmin nə cür axmaq bir iddia olduğunu görmür və bu nəzəriyyənin elmi bir həqiqət olduğunu zənn edirlər. Buna görə də, başqa bir əhəmiyyətli xidmət də, insanların məlumatlandırılması və bu təhlükəyə qarşı xəbərdar edilməsidir. Təqdir ediləcəyi kimi, bu xidmət ciddi bir səy tələb edir. Hər kəs əlindən gələni etməli, bu tarixi məsuliyyətin ağırlığını mümkün olduğu qədər öz boynuna götürməlidir.
Materialist dairələr xalqa öz ideologiyalarını təlqin etdiyi halda, dinə qarşı təcavüzkar bir münasibət nümayiş etdirirlər. Ancaq bu dairələrin dinə hücum edərkən istifadə etdikləri materiallar, ya təhrif olunmuş köhnə dinlər ya da müsəlmanlıq adı altında yaşanan, xurafatların daxil olduğu üçün əslindən tamamilə uzaqlaşmış bəzi anlayışlardır.
Halbuki, həqiqi müsəlmanlıq bu dairələrin hədəf aldıqları mühafizəkar din anlayışından tamamilə fərqlidir. Buna görə də xurafatlarla dolu dinə qarşı olaraq, Quranda bildirilən həqiqi din əxlaqı insanlara çox təsirli və geniş bir şəkildə izah edilməlidir. Quran içində heç bir ziddiyyət olmayan və Allah qatından endirilmiş bir kitabdır. Bu həqiqətin dəlillərinin açıq şəkildə ortaya qoyulmasıyla yanaşı, Quranda bildirilən ayələrin və izah edilən hadisələrin insanlara çatdırılmaları da olduqca əhəmiyyətlidir. Bədiüzzaman Səid Nursi də “materialist və naturalist fəlsəfələri” ilə mübarizədə ən təsirli yolun Quranın həqiqətlərini izah etmək olduğunu dəfələrlə ifadə etmişdir:
...Beşinci olaraq: İndiki dövrdə ən böyük təhlükə olan dinsizliyə, anarxizmə, materializmə qarşı bir çarə var: O da Quranın həqiqətlərinə sarılmaqdır. Yoxsa böyük Çini qısa bir vaxtda kommunist rejiminə çevirən bəla siyasi, maddi qüvvələr ilə susmaz. Onu yalnız Quran həqiqətləri susdura bilər.23
Göründüyü kimi Bədiüzzamanın, dinsizliyin gətirəcəyi təhlükələrə qarşı təqdim etdiyi çıxış yolu Quran əxlaqının yaşanması və yaşadılmasıdır. Həmçinin Bədiüzzamanın dinsizliyin səbəb olduğu anarxiya və dövlət düşmənçiliyinin də necə məğlub edilə biləcəyi ilə əlaqədar sözlərindən bəziləri də belədir:
Sarsılmaz bir iman istəyən və dinsiz anarxizmə qarşı qırılmaz bir qılınc axtaranlar, Qurana müraciət etsinlər. (Şualar, 599)
Çünki masonluq, kommunizm, dinsizlik birbaşa anarxizmi doğuran səbəbdir. Bu dəhşətli vəziyyətə qarşı ancaq və ancaq Quran həqiqətləri ətrafında İslam Birliyi tab gətirə bilər... (Beyanat ve Tenvirler, səh. 21)
Ağlından və vicdanından istifadə edən bir insan üçün Allahın varlığı çox açıqdır. Allah yaratdığı hər varlıqda sonsuz elminin, ağlının, gücünün dəlillərini insanlara göstərir. Ancaq bəzi insanlar illərlə Allahı inkar etməyə əsaslanan bir təlqinə məruz qalırlar. Bəziləri də bu mövzuda şübhə içindədirlər. Buna görə də bu insanlara Allahın varlığının dəlillərini göstərmək lazımdır. Bu insanların sahib olduqları ön mühakimələri və fanatik münasibəti aradan qaldırmaq üçün onlara, Allahın varlığına dair dəlillər göstərmək, hər varlığı tək-tək araşdıraraq, bunların ən kiçik bir parçasının belə təsadüfən meydana gələ bilməyəcəyini izah etmək lazımdır. Həm yazılı, həm də vizual üsullardan istifadə edərək bu mövzuda çox geniş bir fəaliyyət aparılması müsəlmanların üzərinə düşən böyük bir vəzifədir.
Açıq-aşkar həqiqətləri görməyəcək qədər mənəvi cəhətdən aciz hala gələn insanlar ancaq ciddi bir səylə düşdükləri qəflətdən oyandırıla bilərlər. Allahın varlığını və ətrafında gördüyü qüsursuz sistemlərin öz-özünə, təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi həqiqətini dərk edən bir insan üçün isə, dinsizlik təhlükəsi artıq aradan qalxmış olar. Çünki Allaha iman edən bir insan Ona qarşı məsul olduğunu və bundan sonrakı həyatını Onun rizası üçün yaşamasının lazım olduğunu da dərk edər.
Necə ki, Allah Quranın bir çox ayəsində insanları yaratdığı varlıqlar üzərində düşünməyə və bu varlıqlardan ibrət almağa çağırır:
Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunlar səmimi olaraq Allaha üz tutan hər bir qul üçün hikmətlə baxan daxili bir göz və zikrdir. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. (Qaf surəsi, 6-11)
Məhz buna görə də, “dinsizliyin dini” ilə mübarizədə ən təsirli üsullardan biri də insanların ətraflarındakı iman həqiqətlərini, Allahın varlığının və ucalığının dəlillərini görmələrini təmin etməkdir. Allah Quranda “və Rəbbinin nemətindən danış” (Duha surəsi, 11) ayəsiylə bu həqiqəti xəbər verir. Müsəlmanların da Allahın insanlar üçün yaratmış olduğu bütün nemətləri, yaşadıqları əsrin ən təsirli üsullarından istifadə edərək, insanlara dayanmadan izah etmələri lazımdır.
Allah Quranda insanlara gözəl əxlaqı, ədaləti, sevgi, şəfqət və mərhəməti, fədakarlığı, səbri, digər insanların mənfəətlərini öz mənfəətlərindən üstün tutmağı, dövlətə hörmət, sevgi və itaəti, sülh və təhlükəsizliyi təmin etməyi, insanların arasını düzəltməyi, kasıb və məzlumları qoruyub saxlamağı, çalışqanlığı, Allah rizası üçün xidmət etməyi əmr edir. Bu xüsusiyyətlərin hakim olduğu bir millətin necə bir üstünlüyə, rifah və əmin-amanlıq mühitinə sahib olacağı isə aydındır.
İnsanların bir çoxu Quranda bildirilən din əxlaqını tanımadıqları üçün, onlara Quran əxlaqının insanlara təqdim etdiyi gözəlliklər izah edilməli, əsl din əxlaqını yaşamağın asan və insanın yaradılışına ən uyğun həyat olduğu göstərilməlidir. Beləcə insanlar bütün dünyada yaşanan problemlərin həllinin Quranda olduğunu da görəcəklər. Allah bir ayəsində Quranın nazil edilmə məqsədini belə bildirir:
...Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Dinsizliklə mübarizə mövzusunda müsəlmanların səy göstərmələri, bütün imkanlarını birləşdirərək, əlbir olub dövləti və milləti bu təhlükədən qorumaları olduqca əhəmiyyətlidir. Hər insan bu fikri mübarizədə nə qədər çox xidmət etsə, dinsizliyin yer üzündən silinməsi və beləcə “yer üzündə fitnə qalmaması” da o qədər sürətlə baş verəcək.
Birlik imanlı insanlara həm maddi, həm də mənəvi bir qazanc təmin edər. Allah möminlərə bir çox ayəsində həmrəy olmalarını və bir-birləriylə mübahisə etməmələrini əmr edir:
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
Allah, başqa bir ayəsində də möminlərə əgər öz aralarında mübahisə etsələr, yer üzündə fəsad yaranacağını bildirir:
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Bu ayədən də aydın olduğu kimi, Allahın dinini inkar edən, cəmiyyətləri məhvə məhkum edən zalım kəslərə qarşı şərəfli bir mübarizə imkanı olduğu halda, müsəlmanların bir-birləriylə mübahisə etmələrinin, xeyirli fəaliyyətlərinə mane olmalarının Allah qatında çox böyük bir məsuliyyəti ola bilər.
Peyğəmbər (s.ə.v) bir hədisində müsəlmanların həmrəy olmalarının lazım olduğunu belə bildirmişdir:
Bir-birinizə arxa çevirməyin. Bir-birinizə kin bəsləməyin. Bir-birinizi qısqanmayın. Bir-birinizlə dostluğunuzu pozmayın. Ey Allahın qulları qardaş olun. (Müslim İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, 2-ci cild, səh. 407)
Möminlərin bir-birlərinə kömək etmələriylə yanaşı, bir-birlərini xidmət göstərməyə təşviq etmələri, yaxşı bir xidmət göstərəni də təqdir etməlidirlər. İmanlı insanların qardaşlıq duyğuları içində, bir-birlərinə dəstək olmalarının lazım olduğuna Bədiüzzaman da dəfələrlə diqqət çəkmişdir. Səid Nursinin bu sözlərindən biri belədir:
Ey əhli-iman! Zillət içində əsarət altına düşmək istəməsəniz, ağlınızı başınıza yığın. İxtilafınızdan istifadə edən zalımlara qarşı, “Möminlər, həqiqətən də qardaşdırlar...” (Hucurat surəsi, 10) müqəddəs qalasının içinə daxil olun, özünüzü qoruyun. Yoxsa nə həyatınızı qoruya bilər və nə də hüququnuzu müdafiə edə bilərsiniz. Məlumdur ki, iki qəhrəman bir-biriylə boğuşarkən, bir uşaq ikisini də döyə bilər. Bir tərəzidə iki dağ çəkilərsə, kiçik bir daş tarazlıqlarını pozub, onlarla oynaya bilər. Birini yuxarı, birini aşağı endirər.
Budur ey əhli-iman! Ehtiraslarınızdan və düşməncəsinə tərəfkeşliyinizdən ötrü gücünüz azalar. Az bir güclə məğlub edilə bilərsiniz. Sosial həyatla əlaqəniz varsa, “mömin mömin üçün möhkəm bir binanın bir-birinə güc verən daşları kimidir” yüksək prinsipini, həyat prinsipi edin. Dünya səfilliyindən və axirət çətinliyindən xilas olun.24
Bədiüzzaman Səid Nursi, Risalə-i Nurun bir çox yerində dinsizliklə mübarizə mövzusunda möminlərə doğru yol göstərmişdir. Bir sözündə isə, yuxarıda toxunduğumuz mövzularla əlaqədar olaraq belə demişdir:
...Bizim düşmənimiz cəhalət, zərurət və ixtilafdır. Bu üç düşmənə qarşı sənət, bacarıq, ittifaq silahları ilə mübarizə aparacağıq...25
Səid Nursinin bu sözləri insanların dinsizliyə qarşı necə mübarizə aparacağını başa düşmək baxımından çox əhəmiyyətlidir. Bədiüzzaman yuxarıdakı sözündə üç təhlükəyə diqqət çəkmişdir: Cəhalət, zərurət və ixtilaf...
İlk təhlükəyə qarşı, yəni cəhalətə qarşı xalqın məlumatlandırılması olduqca əhəmiyyətlidir. Yaşadığımız cəmiyyətdə insanların böyük əksəriyyəti dindardır, Allaha və dinə inanır. Ancaq yenə də böyük əksəriyyəti dinin və mənəvi dəyərlərin qarşısında duran təhlükələrin fərqində deyil. Məsələn, “həm dindaram, həm də təkamülə inanıram” deyə biləcək qədər təkamül nəzəriyyəsinin məzmunundan və hədəflərindən xəbərsiz olanlar vardır. Ya da reinkarnasiya kimi batil inanclara inanan və bunu İslamla uyğun zənn edən kəslər var. Buna görə də bu mövzudakı cəhalətin, yəni məlumat çatışmazlığının tezliklə aradan qaldırılması vacibdir.
Bədiüzzamanın diqqət çəkdiyi ikinci təhlükə isə zərurət, yəni kasıblıqdır. Hal-hazırda dünyadakı müsəlman ölkələrin böyük bir hissəsində, “aclıq, yoxsulluq, kasıblıq” fundamental problemlərin başında gəlir. “Kasıblığın” ölkədən ölkəyə fərqlənən səbəbləri var. Bəzi ölkələrdə iqtisadi çətinliklər, rəhbərlikdəki çatışmazlıqlar, bəzi ölkələrdə isə müharibələr, despot rəhbərliklər və ya daxili qarşıdurmalar insanların yoxsulluqla üzləşmələrinə səbəb olur. Qaçqın düşərgələrində çətin şərtlər altında yaşayan, evlərini tərk etmək məcburiyyətində qalan, ağır şərtlər altında işləməyə məcbur edilən, təhsil almaq imkanı olmayan insanlar köməyə möhtac vəziyyətdədirlər. Məhz bu çətin şərtlərdə yaşayan insanların Quran əxlaqı, Allahın yaradılış dəlilləri, materialist və darvinist nəzəriyyələrin dünyadakı dağıdıcı təsirləri haqqında məlumatlandırılması bütün müsəlmanların üzərinə düşən çox əhəmiyyətli bir məsuliyyətdir. Ancaq əvvəlcə bu insanların həyat şəraitini yaxşılaşdırmaq lazımdır. Bədiüzzamanın da diqqət çəkdiyi bu “zərurət” təhlükəsi mütləq aradan qaldırılmalı, müsəlmanların dinlərini rahatlıqla yaşaya biləcəyini bir mühit yaradılmalıdır. Bunun üçün Allaha iman edən hər müsəlman əlindən gəldiyi qədər səy göstərməlidir. Allah Nisa surəsində iman sahiblərinə bu məsuliyyətlərini bu şəkildə bildirir:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
Səid Nursinin son olaraq diqqət çəkdiyi ixtilaf təhlükəsi də bu gün də mövcuddur. Bu gün dünyadakı insanlar bir çox mövzuda ixtilafdadırlar. Çox vaxt ortaq bir fikrə gəlinmir və bir çox mövzu mübahisə və qarşıdurmalara çevrilir. Halbuki, ağılın və vicdanın yolu birdir. Buna görə də bu ixtilafın gətirəcəyi iğtişaş və xaos təhlükəsinə qarşı həqiqətlər çox aydın bir şəkildə və elmi dəlillərlə ortaya qoyulmalıdır. Canlıların mənşəyi mövzusunda da bu üsuldan istifadə edilməli, həqiqətlər bütün açıqlığı ilə izah edilməlidir. Bu yolla xalqla yanaşı, şübhə içində olan bir çox materialist və təkamülçü də vicdanlarına müraciət edərək, haqqa və doğru yola yönəlmə imkanı qazanacaq.
Bədiüzzaman bu üç təhlükəyə qarşı tədbir görərkən göz önündə saxlanmalı mövzuları da sözlərində vurğulayır. Bu məqamların birincisi sənətdir. İnsanların dinsizliyin diniylə aparacaqları mübarizədə sənət çox əhəmiyyətli bir yer tutur. Burada işlənən “sənət” sözüylə bir çox şey nəzərdə tutulmuşdur. Allahın ətrafımızdakı yaratma sənətinin bütün gözəlliklərinin izah edilməsi ən əhəmiyyətli mövzulardan biridir. Həmçinin hər cür ədəbiyyatda istifadə edilən şəkillər, nitqdəki aydınlıq və sadəlik, nəşrdəki keyfiyyət dindar insanların üstün sənət anlayışlarını ortaya qoymaq da olduqca əhəmiyyətlidir. Bununla yanaşı şifahi izahatdakı hikmət də sənətin bir növüdür. Seçilən sözlər, istifadə edilən nümunələr, izahatdakı dərinlik və təsirlilik qarşıdakı insana təsir etmək baxımından çox əhəmiyyətlidir. Təkamül nəzəriyyəsi kimi guya elmi bir mövzunu izah edərkən olduqca mürəkkəb bir izahat yolu mənimsəyən təkamülçülərin əksinə izahatdakı sadəlik insanların həqiqətləri başa düşməsinə çox böyük bir asanlıq gətirəcək.
Bədiüzzamanın diqqət çəkdiyi bacarıqlı izahat da, Allaha səmimi qəlblə iman edən insanların diqqətə çarpan bir xüsusiyyətidir. Bu səmimiyyət və dürüstlük, onların izahatlarında çox aydın bir şəkildə öz əksini tapmışdır. Həmçinin izah ediləcək mövzuların aktuallığına görə seçilməsi, yenə vacib mövzuları xalqa çatdırılma yolları və formalarının müəyyənləşdirilməsi, həmişə vicdanlı insanlara xas olan bir bacarıqdır.
Bədiüzzaman Səid Nursinin göstərdiyi son üsul olan ittifaq isə, millətimizin rifahını və təhlükəsizliyini istəyən hər kəsin vəzifəsidir. İnananların Allahın varlığını inkar edən və mənəvi dəyərlərə qarşı müharibə açan kəslərə qarşı bir-birlərinə dəstək olmaları olduqca əhəmiyyətlidir. Bu birliyi pozmaq üçün ediləcək hər cür cəhd isə təsirin azalmasına səbəb olacaq. Əgər bir müsəlman “Darvinizm onsuz da yox olub getmişdir” və ya “Darvinizmi çürütməyə çalışmağın nə əhəmiyyəti var” deyərək bu istiqamətdə icra edilən fikri mübarizəni mənfi istiqamətdə tənqid edirsə, əslində fərqində olmadan bu mübarizə içində ixtilaf meydana gətirər. Halbuki, səmimi insanlar, dövlətimizin və millətimizin rifahını düşünənlər, darvinizmin və kommunizmin son zərrəsi də yox olana qədər fikri zəmində mübarizəyə davam etməlidirlər. Çünki darvinizm hələ tam mənasıyla yox olmamışdır. Təkamülçülər də ancaq böyük bir çaxnaşma içində son çırpınışlarını göstərirlər, amma hələ görüləcək çox iş var. Buna görə də bu təhlükənin bir daha meydana gəlməyəcək bir şəkildə kökünün kəsilməsi və bütün insanların qanına daxil olan bu zəhərin axıdılması olduqca əhəmiyyətlidir və çox böyük bir aktuallıq kəsb edir. Bu yanlış inancların dünyadan silindiyini ancaq, terrorun, anarxiyanın, din və dövlət düşmənçiliyinin, zülmün dayanması ilə anlaya bilərik. Bu gün günahsız insanlar qətlə yetirilirsə, dövlətin şərəfli əsgərinə, polisinə terroristlər tərəfindən silah çəkilirsə, dünyanın hər bir yerində zülm hökm sürürsə bu, materializmin və darvinizmin hələ də bitmədiyinin və bu ideologiyanın tərəfdarlarının hələ də fəaliyyətlərini davam etdirdiklərinin bir əlamətidir.
Bu vəziyyətdə vicdanlı insanların üzərinə düşən vəzifə məlumdur. Allah Quranda “fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək…” (Ənfal surəsi, 39) ayəsiylə dinsizliyin dini ilə mübarizə aparmağı əmr etmişdir.
Oxuyacağınız bu hissə, həyatın çox əhəmiyyətli bir sirrini ehtiva edir. Maddi dünyaya olan baxışınızı köklü surətdə dəyişdirəcək bu mövzunu, çox diqqətli bir şəkildə və dərk edə-edə oxumalısınız. Burada izah edilənlər yalnız bir dünyagörüşü, fərqli bir yanaşma və ya hər hansı bir fəlsəfi düşüncə deyil, dinə inanan və inanmayan hər kəsin qəbul edəcəyi, bu gün elmin də sübut etdiyi aydın bir həqiqətdir.