“Dinsiz Bir Millət Yaşaya Bilməz”

İnsanların bir hissəsi din əxlaqının yalnız bəzi ibadətlərdən ibarət olduğu kimi yanlış bir fikrə sahibdir. Halbuki, həqiqi din Allahın fərz buyurduğu oruc tutmaq, 5 vaxt namaz qılmaq, zəkat vermək, qadınların hicab geyinmələri kimi ibadətlərlə yanaşı, insan həyatının hər anını əhatə edər və beləcə insanlara Quranda təsvir edilənlər istiqamətində bir dünyagörüşü və gözəl əxlaq qazandırar. Dininə bağlı, səmimi bir müsəlman Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün həyatının hər anında Quranda təsvir edilən bu üstün əxlaqı yaşamağa cəhd edər. Heç vaxt və heç bir mühitdə dürüstlüyündən, səmimiyyətindən, soyuqqanlı rəftarlarından, hörmət və sevgi dolu xarakterindən, bir sözlə, gözəl əxlaqından güzəştə getməz. Məhz buna görə də Quran əxlaqını yaşayan insanların meydana gətirdikləri qruplarda, bütün insanların həsrətini çəkdiyi bu üstün xüsusiyyətlər yaşanar.

Məsələn, Quran əxlaqına uyğun həyat sürən bir ailədə, dövrümüzdəki ailələrdə yaşanan problemlərin heç biri yaşanmaz. İndiki vaxtda ana və atasına itaət etməyən, doğru ilə yanlışı bir-birindən ayıra bilməyən, təcavüzkar uşaqlara və uşaqlarına doğru ilə yanlışı izah etməyi lazımsız sayan, onları özbaşına buraxan, bir-biriləriylə belə yola getməyən ata-analara tez-tez rast gəlinir. Bu evlərdə sevgi, hörmət, mərhəmət və şəfqət əvəzinə mübahisə və təhqir hakimdir. Halbuki, Quran əxlaqı yaşandıqda, ata anaya itaət edən, hətta Allahın əmrinə görə onlara “uf” belə deməyən, doğru və yanlışı daha kiçik yaşlarından etibarən ayırd edə bilən, vicdanından istifadə edərək pis işlərdən uzaq duran uşaq yetişir. Uşaqlarını din əxlaqı ilə yetişdirərək dövlətə və millətə xeyirli insanlar olmaları üçün səy göstərən, bir-birlərinə də sevgi və hörmətlə yanaşan, davranışları və danışıqları ilə uşaqlarına nümunə olan ata-analar ortaya çıxar. Bir sözlə sevgi, hörmət və həmrəylik içində bir-birinə bağlı ailələr meydana gələr.

Ailə isə bir dövlətin ən fundamental vahididir. Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və bərabərlik, vəfa duyğuları korlaşmış bir dövlətin güclü olması qeyri-mümkündür. Xüsusilə də dinsiz bir cəmiyyətin hədəf alındığı bəzi ölkələrdə bu mənəvi çöküş getdikcə sürətlənər və əxlaqi degenerasiya cəmiyyətin hər addımında özünü göstərər. Belə bir cəmiyyətdə həyat, yalnız qarşılıqlı maddi mənfəətlər əsasında qurular.

Bir-birlərinə çox yaxın ailə fərdləri arasında da sevgi, qardaşlıq, həmrəylik, fədakarlıq və sədaqət duyğuları kimi mənəvi duyğular korlandıqda, artıq o millətin varlığını davam etdirə bilməsi çox çətin olar. Çünki bu degenerasiya yalnız ailə mühitlərində yaşanmaqla kifayətlənməz, cəmiyyətin bütün təbəqələrinə yayılar. Məktəblərdə, dost görüşlərində sevgi və hörmət əvəzinə, həsəd, ikiüzlülük, lağ, dedi-qodu kimi pis rəftarlar ortaya çıxar. İş yerlərində də bütün sistem mənfəət əlaqələri əsasında qurular. Heç kim heç kəsin haqqını qorumaz, ədalət mühiti yaşanmaz, məzlumlara qarşı şəfqət və mərhəmət duyulmaz. Bir sözlə, belə bir millətin fərdlərinin bir yerdə əmin-amanlıq və sülh içində yaşamaları qeyri-mümkün hala gələr.

Məhz buna görə də insanları dinsizliyə sövq edən, bu yolla mənəvi dəyərlərini korlayan dinsizliyin dinlərinin, fikri cəhətdən çökdürülməsi imanlı insanlara düşən böyük bir vəzifədir. Sonrakı səhifələrdə dinsizliyin ailə quruluşunu və cəmiyyətdəki sosial münasibətləri çökdürməkdən başqa, bir dövlətə nə kimi zərərlər verə biləcəyi daha təfərrüatlı araşdırılacaq. Bu araşdırma nəticəsində ortaya çıxan vəziyyət, “dövlətimə bağlıyam, millətimi sevirəm” deyən hər bir fərdin dinsizliklə necə ciddi bir mübarizə aparmasının lazım olduğunu yenidən ortaya qoyacaq.

Darvinizmin Yetişdirdiyi Terroristlər

Bu gün dünyanın hər bir yerində terror, soyqırım və qırğınlar yaşanır, günahsız insanlar vəhşicəsinə qətlə yetirilir, süni səbəblərlə bir-birlərinə düşmən hala gətirilən cəmiyyətlər ölkələri al-qana qərq edir. Bir-birlərindən çox fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara malik olan ölkələrdə meydana gələn bu hadisələrin, hər ölkədə özünə xas bəzi səbəbləri və mənbələri ola bilər. Ancaq bir az araşdırıldıqda hər birinin maraqlı bir ortaq nöqtəsi olduğu görüləcək. Bu, dinsiz ideologiyaların cəmiyyətlər üzərində yaratdığı mənəvi təxribatdır.

Bu dinsiz ideologiyaların ən əhəmiyyətli ortaq xüsusiyyətlərindən biri isə, hərbiçilərini darvinizm ilə öyrətmələridir. Başda da ifadə etdiyimiz kimi təkamül nəzəriyyəsi, insanların özlərini məsul hiss edəcək və axirətdə hesab verəcəkləri bir Yaradıcı olduğu həqiqətini rədd edər. Bu nəzəriyyədən təlim alan bir insan da özünün məsuliyyətsiz və özbaşına olduğunu zənn edər. Buna görə də “onsuz da heç kimə hesab verməyəcəyəm” deyə düşünərək, hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edər.

Təkamül nəzəriyyəsinin terrorizmə verdiyi ikinci əhəmiyyətli dəstək isə, bu nəzəriyyənin insanı inkişaf etmiş bir heyvan kimi göstərməsidir. Buna görə də darvinizmə inananlar bir insanın öldürülməsini hər hansı bir heyvanın öldürülməsi qədər asan görərlər. Separatçı terrorun bütün dünyada olduğu kimi ölkəmizdə də körpələri, qadınları, yaşlıları və minlərlə günahsız insanı gözünü belə qırpmadan öldürə bilməsinin arxasında duran səbəb Darvinçi anlayışdır.

Darvinizmin elmi baxımdan heç bir əsası olmayan boş bir söz olduğunun insanlara izah edilməsinin əhəmiyyəti bu məqamda təkrar ortaya çıxır. Darvinizmin elmi bir həqiqət olduğunu zənn edən, dini hisslərdən uzaq, Allah qorxusu olmayan bəzi kəslərə darvinizmə əsaslanan ideologiyalar təlqin edildikdə asanlıqla razı salınırlar. Və bu əhatəli təlqindən sonra digər insanlar kimi yaşayan sadə bir insan, əlinə silah götürüb dağa çıxa bilər, günahsız insanların canına qəsd edə bilər və dövlətinə qarşı çıxa bilər. Çünki bu kəslərə Allah, din, vətən, millət və bayraq sevgisi əvəzinə, dinsizlikləri və qanlı qırğınları ilə məşhurlaşmış Stalini, Lenini, Maonu sevib onlara hörmətlə yanaşmaları, insanı heyvan kimi göstərən Darvinin nəzəriyyəsinə görə düşünmələri öyrədilir.

Halbuki, Allahın varlığının dəlilləri və Quranda bildirilən gözəl əxlaq izah edildikdə insanlar arasında düşmənçilik, müharibə və xaos mühitlərini yaratmağı qarşılarına məqsəd qoyan bu cür ideologiyalara qapılmaları qeyri-mümkün hala gəlir. Allaha iman edən, axirətdə bütün əməllərinin hesabını verəcəyini bilən bir insan, dövlətinə və millətinə güclü şəkildə bağlanar. Çünki Allah Quranda insanları fitnə-fəsad törətməkdən belə çəkindirmişdir:

O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 205-206)

Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. (Rad surəsi, 25)

Bu ayələrdən də aydın olduğu kimi, Allahdan qorxan bir insan dövlətinə, millətinə ən kiçik zərər toxunduracaq bir hərəkətə belə göz yummaz. Çünki Allahdan qorxan bir insan Onun razı qalmayacağı və cəhənnəmdə əbədi bir əzab çəkməklə əvəzini verəcəyini bildirdiyi hər cür rəftardan diqqətlə çəkinər.

Allaha və axirət gününə inanmayan bir insan isə heç kimə hesab verməyəcəyini zənn edərək hər cür pis işi asanlıqla edə bilər. Bədiüzzaman Səid Nursi də dinsiz ideologiyaların, xüsusilə də kommunizmin yaratdığı anarxist quruluşu bir əsərində belə izah etmişdir:

Və sosializm isə bir qisim müqəddəs şeyləri yox etdiyindən, aşıladığı fikir, sonradan bolşevikliyə çevrildi. Və bolşeviklik də din əxlaqını, səmimiyyəti və insanları pozduğundan, əlbəttə ki, əkdikləri toxumlar heç bir hörmət tanımayan anarxistlik məhsulunu verəcək. Çünki insanın qəlbindəki hörmət və mərhəmət yox olsa, ağıl və qavrayış, o insanları çox dəhşətli və qəddar canavarlar hökmü altına salar, artıq siyasətlə idarə oluna bilməz.18

Bədiüzzamanın bu sözlərinin də işarə etdiyi həqiqət budur: Anarxiya, terror və iğtişaş bəlasının əsasında insanların hörmət, sevgi, mərhəmət kimi gözəl duyğulardan uzaqlaşması, əxlaqi və insani dəyərlərini itirməsi durur. Bu bəladan xilas olmaq üçün əvvəlcə, dinsizliyi aradan qaldırmaq və insanlara Allah qorxusunu və Quran əxlaqını öyrətmək lazımdır.

Bunu unutmamaq lazımdır ki, dövlətinə və millətinə qarşı qiyam qaldırıb, separatçı fəaliyyətlər göstərənlər qədər, bu vəziyyətə tamaşaçı qalaraq imkanları olduğu halda dövlətinə dəstək olmayanlar da, eyni materialist dünyagörüşünü sahibdirlər. Bitərəf davranan kəslərin tək məqsədləri həyatda qala bilmələridir. Ətraflarında olub bitənlər özlərinə toxunmadığı müddətcə narahat olmayan bu kəslər, dinin insanlara qazandırdığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük və xidmət anlayışından məhrum olmuş kəslərdir. Bu kəslərin, şərəfli bir hədəfləri yoxdur. Həyatları boyunca yalnız dövlətin imkanlarından istifadə edərək, millətin üz-üzə olduğu təhlükələrdən xəbərsiz bir şəkildə öz nəfslərini təmin etməyə çalışarlar. Bu cür insanların vəziyyəti Quranda belə izah olunur:

Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nəhl surəsi, 76)

Ayədə də ifadə edildiyi kimi “doğru yolda olub”, dininə bağlı, Allahdan qorxub çəkinən, mənəvi dəyərlərə əhəmiyyət verən, vətəninə və millətinə xidmət etmək şövqü içində yaşayan bir adamın, yaşadığı cəmiyyətə böyük xeyirlər gətirəcəyi aydındır. Buna görə də insanların həqiqi dini öyrənmələri və Quran əxlaqına uyğun yaşamaları olduqca əhəmiyyətlidir. Bu üstün əxlaqı yaşayan insanları isə Allah bir ayəsində belə təyin etmişdir:

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dinsizliyin Dinləri: Materializm və Darvinizm
  • Materializmin Meydana Gətirdiyi Saxta Dinlər
  • Dinsizliyin “Oda Çağiran” Liderləri
  • “Dinsiz Bir Millət Yaşaya Bilməz”
  • Dinsizliyin Dini ilə Mübarizə Üsullari
  • Dinsizliyin Dinlərini Məğlub Edən Həqiqət
  • Nəticə