Hər şeyin Yaradıcısı olan Allah sonsuz qüdrət sahibidir. Rəbbimiz bizi də yaratmış və Quranda Özünün istədiyi şəkildə davranmağımızı, Ona qarşı itaətkar olmağımızı əmr etmişdir. Allahın bizə Quranla bildirdiyi və etməyimizi istədiyi hər şey bizim üçün ibadətdir. Namaz qılmaq, oruc tutmaq, Allaha şükür etmək, səbirli olmaq, dua etmək, gözəl davranışlar sərgiləmək bu ibadətlərdən bir neçəsidir.
Amma insanların bir çoxu bu məsuliyyətlərindən xəbərdar olduğu halda, həqiqəti qəbul etmək istəməzlər. Çünki Allaha qarşı itaətkar olub, yəni Onun sözlərini dinləyib, istədiyi şəkildə davranmaq bu insanların qüruruna ağır gələr. Özlərini böyük və güclü gördükləri üçün Allahın sözünü dinləmək istəməzlər. Özlərini Allahın yaratdığını qəbul etməyərək Ona asi olarlar. Sanki hər şeyi özləri nəzarət altında saxlayırmış kimi, təkəbbürlülük və qürurluluq nümayiş etdirərlər. Əgər xatırlayırsınızsa kitabın əvvəlki hissələrindən birində bir cizgi film qəhrəmanı nümunəsini vermişdik. Məhz bu insanlar da eynilə onun vəziyyətinə düşürlər. Bədənlərini, gözlərini, qəlblərini, qulaqlarını, sağlamlıqlarını, bir sözlə, dünyadakı hər şeyi özlərinə verən Allah olduğu halda, Ona nankorluq edər, nemətlərinə şükür etməzlər.
Amma bunu bilin ki, bu insanlar çox peşman olacaqlar. Nankorluq etdikləri, çirkin əxlaqa sahib olduqları üçün, həm dünyada sıxıntı içində yaşayacaq, həm də ölümdən sonrakı axirət həyatlarında böyük peşmançılıq hissinə qapılacaqlar. Dünyada etdikləri nankorluğun cəzasını axirətdə cəhənnəm əzabı ilə cəzalandırılmaqla alacaqlar.
Peşman olmaq və cəhənnəm əzabına düçar olan insanlardan olmaq istəməyən hər insan, Allaha çox şükür etməlidir. Allah bizdən, əvvəlcə Özünə şükr etməyimizi və verdiyi bütün nemətlərə qarşılıq olaraq Ona dua etməyimizi istəyir. Deməli, öz-özünə yaranması qeyri-mümkün olan bu qədər gözəl və mükəmməl nemətləri ətrafınızda hər dəfə gördüyünüzdə, dərhal Allahı xatırlayıb, şükr etməyi unutmayın. Heç bir gözəlliyi görməyən, onun qiymətini bilməyən insanların vəziyyətinə düşməyin.
Allah Quranda şükür etməkdən başqa, bəzi ibadətlər də etməyimizi əmr etmişdir. Namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək, Allahın müəyyən vaxtlarda etməyimizi istədiyi ibadətlərdəndir.
Namaz insana, Allahın yaratdığı aciz varlıq olduğunu mütəmadi surətdə xatırlamasına kömək edən, Allahın müəyyən vaxtlarda edilməsini əmr etdiyi bir ibadətdir. Allah Quran ayələrində namazın murdar işlərdən, yəni Allahın razı olmayacağı pis davranışlardan təmizlədiyini söyləyir.
Oruc da Quranda bildirilən bir ibadətdir. Allah ramazan ayı müddətində gündüzləri heç bir şey yeməməyimizi və içməməyimizi əmr etmişdir. Allahın bu əmrini tətbiq edərək, Rəbbimizə itaət etmək üçün aclığa və susuzluğa səbir etmiş olarıq. Beləliklə nəfsimizi tərbiyə etmiş olarıq.
Zəkat vermək isə, insanın sahib olduğu malın bir hissəsini, ehtiyac içindəki insanlara verməsidir. Hər ibadət kimi bu ibadəti yerinə yetirmək də çox əhəmiyyətlidir, çünki xəsis olmamaq və fədakarlıq etmək, Allahın sevdiyi gözəl əxlaq xüsusiyyətlərindəndir. Həmçinin zəkat insanlar arasında yardımlaşmanı artırar və insanın ruhunu tərbiyə edər.
Allah Özünə dua etməyimizə çox əhəmiyyət verir. Bir ayəsində; "de: "Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdi mi?" (Furqan surəsi, 77) deyərək duanın əhəmiyyətinə diqqət çəkmişdir. Bu ayədən anladığımız kimi, insanın Allah qatında dəyər sahibi olması dua etməyinə bağlıdır. Çünki dua edən insan hər şeyi yalnız Allahdan istəmiş olar. Allah hər şeyin əsil sahibidir.
Ehtiyacımız olan hər şeyi bizim üçün Allah yaradar. Nümunə olaraq yaşamağımız üçün lazım yeməkləri nəzərdən keçirək. Tərəvəzləri, meyvələri, toyuqları, inəkləri bizim üçün yaradan Allahdır. Ananızı, atanızı və digər bütün insanları yaradan və işlərini görmələri üçün bədəni, ağlı, məlumatı, gücü, qüvvəti, sağlamlığı, imkanı onlara verən də sonsuz qüdrət sahibi olan Allahdır.
Daha əvvəl qeyd etdiyimiz kimi, Allah bu saydıqlarımızı bizim üçün bir nemət olaraq yaratmışdır. Yəni əslində siz önünüzə qoyulan yeməkdən ötrü Allaha borclusunuz. Sonra bu yeməyi yeyə bilməyinizdən ötrü də Allaha borclusunuz. Bunu bir qədər düşünün. Əgər dişləriniz olmasaydı necə çeynəyib udardınız? Mədəniz olmasaydı necə həzm edərdiniz? Həzm sisteminiz olmasaydı yeməyin olması bir işə yarayardımı?
Deməli, sizin gözəl yeməklər yeyib bəslənməyiniz Allahın icazəsi ilə baş verir. Bizə bütün nemətləri verən Allah olduğu üçün meydana gəlməsini istədiyimiz bir hadisə və ya əldə etmək istədiyimiz bir şey olduğunda bunu özündən istəyəcəyimiz yeganə varlıq da Allahdır. Dolayısilə biz də istədiyimiz bütün şeyləri Rəbbimizə dua etməklə istəməliyik.
Bu mövzunu daha yaxşı anlaya bilməyiniz üçün bir nümunə daha verək:
Məsələn, işığı yandırmaq üçün elektrik açarına basarıq. İndi işığı elektrik açarı meydana gətirdi deyə bilərikmi? Əlbəttə ki, xeyr. Elektrik açarı yalnız bir vasitədir. Eləcə də, elektrik cərəyanını çatdıran kabellər. Allah dünyada bir hadisə meydana gətirərkən daim başqa bir şeyi onun səbəbi olacaq şəkildə yaratmışdır. Suyu yaratmışdır. Su anbarlarda su vasitəsilə elektrik istehsal olunur. Kabellər elektrik cərəyanını daşıyır. Lampa işığa çevirir. Amma əslində işığı Allah yaradır. Rəbbimiz istəsə bunların heç biri olmadan da işığı yaradar. Amma Allah bizim ağlımızı işlədərək, dərin düşünərək, vicdanımızı hərəkətə keçirərək Özünə çatmağımızı istəyər. Beləliklə də, ağlımızın, düşünmə qabiliyyətimizin artması nəticəsində həqiqətləri qavramağımızı istəyir.
Suyun axması üçün kranı açarsınız. Amma suyu kran yaratdı və ya borular yaratdı deyə bilərikmi? Eynilə elektrik açarı kimi kran da yalnız bir vasitədir.
Məhz hadisələrə bu şəkildə baxmağı öyrənməliyik. O zaman niyə Allaha dua etməli olduğumuz da aydın olar. Çünki hər şeyin Yaradıcısı yalnız Allahdır.
Ona dua və şükür etməyimizi tələb edən şeyləri yazmağa çalışsaq milyonlarla cildlik kitab ortaya çıxardı. Buna görə də, ətrafınızda bunlara əhəmiyyət verməyən insanların olması əsla sizi təsir göstərməsin. Bu insanlar bir qədər əvvəl dediyimiz kimi, ağıllarını işlətmədikləri üçün, düşünməkdən qaçdıqları üçün böyük səhvə yol vermişdirlər.
Bu insanları gözləyən aqibəti, Allah bizə çox açıq şəkildə bildirmişdir. İnsanların ölümdən sonrakı həyatlarında, yəni axirətdə olacaqları yaxşı və ya pis mühit, məhz bu dünyadakı davranışlarından, Allaha yaxınlaşıb uzaqlaşmalarından asılıdır. Hər insan etdiklərinin qarşılığını axirətdə görəcək.
Allahın böyüklüyünü düşünərək, hörmət edərək Ondan istəmək, səmimi-qəlbdən yalvarmaq dua etməyin əhəmiyyətli şərtlərindən biridir. Necə dua edəcəyimizi Allah bizə Quranda bildirmişdir:
Dua etmək üçün yer və zamanın əhəmiyyəti yoxdur. Hər an Allahı düşünüb dua edə bilərik. Allah Quranda belə buyurur:
Siz (yalnız) Məni yad edin ki, Mən də sizi yad edim! (Yalnız) Mənə şükür edin, Mənə (əsla) nankroluq etməyin!
Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir! (Bəqərə surəsi, 152-153)
Allah, necə dua etməli olduğumuz mövzusunda bizə Quranda daha çox nümunə vermişdir. Peyğəmbərlərin dualarının və keçmişdə yaşamış möminlərin etdikləri duaların bəziləri ayələrdə bildirilir:
O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”. (Hud surəsi, 47)
O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! (Bəqərə surəsi, 127)
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən üstün və güclü, hökm və hikmət sahibisən!” (Bəqərə surəsi, 128-129)
Ey Rəbbim! Sən mənə mülk (və onu idarə etmə imkanı) verdin və mənə sözlərin təfsirini öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”. (Yusif surəsi, 101)
...“Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (Nəml surəsi, 19)
De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali İmran surəsi, 26)
Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar! Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edək və Səni çox zikr edək. Şübhəsiz ki, Sən bizi görürsən!” (Taha surəsi, 25-35)
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən çox Ucasan. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!” deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm... (Ali İmran surəsi, 191-195)