Allah Elçilər və Kitablar Göndərmişdir

Buraya qədər Allahın gücünü və böyüklüyünü öz-özümüzə düşünərək anlamağımız üçün müxtəlif nümunələr və dəlillər verdik. Onsuz da Allah bizə fikirləşmə, düşünmə qabiliyyətlərini Özünü tanımaq üçün vermişdir. Bununla yanaşı Allah bizə, Özünü tanıtmaq və insanlardan nələr istədiyini bildirmək üçün kitablar göndərmişdir. Həmçinin Rəbbimiz, istədiklərini bəzən yazılı, bəzən də şifahi şəkildə insanlara çatdırmaları üçün, seçdiyi və çox üstün əxlaq xüsusiyyətlərinə sahib peyğəmbərlərə vəzifə vermişdir.

Peyğəmbərlərin sayını tam olaraq bilmirik. Yalnız Allahın göndərdiyi son müqəddəs kitab olan Quranda bildirilən peyğəmbərlərin adlarını bilirik. Allah, bizə bu peyğəmbərlərin həyatlarını gözəl davranış və düşüncələrə nümunə olaraq göstərmişdir. Rəbbimiz, göndərdiyi peyğəmbərlər vasitəsilə insanın dünya həyatındakı davranış və həyat tərzinin, yəni dinin necə olmalı olduğunu izah etmişdir. Məhz biz də necə davranışlar göstərməli olduğumuzu, nəyin daha yaxşı və gözəl əxlaqa uyğun olduğunu Allahın bildirməsi sayəsində bilərik. Allahın bəyənib bizə qarşılığında mükafat verəcəyi davranışları, bəyənməyib xoşlamadığı və qarşılığında cəza verəcəyi davranışları da ancaq Onun bildirməsi sayəsində öyrənərik.

Quranda Allahın tarix boyu bütün cəmiyyətlərə Özünü tanıdacaq elçilərini göndərdiyi bildirilir. Peyğəmbərlər göndərildikləri cəmiyyətləri daim xəbərdar ediblər. Onları Allaha ibadət etməyə, dua etməyə və Onun istədiklərini yerinə yetirməyə çağırıblar. Əks təqdirdə cəzalandırılacaqlarını bildiriblər. Yəni yaşadıqları cəmiyyətləri xəbərdar etmiş, Allahı və Onun dinini inkar edənləri, pis əməllər işləyənləri qorxutmuş və iman edən insanları da Allah tərəfindən mükafatlandırılacaqlarıyla müjdələmişdirlər. Çünki Allah yaxşı insanları ölümlərindən sonra cənnətlə müjdələyir, pis insanları da cəhənnəmlə qorxudub başlarına gələcəklər barədə xəbərdar edir (Cənnət və cəhənnəm mövzularını sonrakı başlıqlar altında daha ətraflı izah edəcəyik).

Allahın insanlara göndərdiyi son peyğəmbər hz. Məhəmməd (s.ə.v)-dir. Son müqəddəs kitab da Qurandır.

Qurandan əvvəl göndərilən kitabları isə, pis niyyətli insanlar dəyişdirmişdirlər. Bu kitablar zamanla dəyişdirilmiş, unudulmuş və ya yoxa çıxmışdırlar. Buna görə də onların əsli, yəni ilk göndərilən halları dövrümüzə gəlib çatmamışdır. Amma Allah bizə, qətiyyən dəyişdirilə bilməyəcəyini bildirdiyi Quranı göndərmişdir.

Peyğəmbərimiz həzrəti Məhəmməd (s.ə.v) və ondan sonra yaşamış müsəlmanlar da Quranı çox yaxşı qorumuş və çoxaltmışdırlar. Quran hər kəsin anlaya biləcəyi şəkildə açıq-aydındır. Quranı oxuduğumuz vaxt, bunun Allahın sözü olduğunu dərhal başa düşürük. Dövrümüzə qədər dəyişilmədən gəlib çıxmış Quran Allahın qoruması altındadır və qiyamətə qədər etibarlı olan yeganə müqəddəs kitabdır.

Bu gün dünyanın hər yerindəki Quran kitabları bir-birinin eynisidir, sözündə hətta tək bir hərfində belə heç bir fərq yoxdur. Peyğəmbərimiz (s.ə.v)-in yaxın dostlarından və xəlifələrindən (yerinə idarəçi olaraq qoyduğu insan) hz. Osmanın dövrümüzdən 1400 il əvvəl yazdırdığı Quranla bugünkü Quran kitabları arasında da heç bir fərq yoxdur. Hamısı tamamilə eynidir. Deməli, Quran Peyğəmbərimiz (s.ə.v)-ə endirildiyi ilk gündən bəri heç bir dəyişikliyə uğramadan bu günə qədər gəlib çatmışdır. Çünki Allah, Quranı pis niyyətli insanların dəyişdirməsindən qorumuşdur. Allah bizə Quranı xüsusi olaraq qoruyacağını yenə bir Quran ayəsində belə xəbər verir:

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

Allah bu ayədə keçən "Biz" sözüylə Özünü nəzərdə tutur. Allahdan başqa ilah yoxdur, Onun şəriyi, yardımçısı da yoxdur. Allah hər şeyə gücü çatan, sonsuz bilik və qüvvət sahibi, tək olan İlahdır.

Allah Quranda Özü üçün bəzi yerlərdə "Biz", bəzi yerlərdə isə, "Mən" xitabını işlədir. Quranın əsil dili olan ərəb dilində "biz" sözü tək bir insan üçün də işlədilər. Bu qarşı tərəfdə güc, qüdrət və hörmət hissi oyatmaq üçün işlədilər. Eynilə dilimizdə də, qarşıdakı bir insana, hörmət məqsədiylə "sən" əvəzinə "siz" demək kimi. Artıq kitabın bundan sonrakı hissələrində sizə surələrdən (yəni Quran başlıqlarından) və ayələrdən (yəni Quran cümlələrindən) nümunələr verəcəyik. Bunlar ən doğru sözlərdir. Çünki bizi yaradan və bizi bizdən daha yaxşı bilən Allahın sözləridir.

Allah bizə Quranda peyğəmbərlərin həyatlarından nümunə götürməyimizi bildirmişdir. Bu ayə belədir:

Onların (peyğəmbərlərin) rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Yusif surəsi, 111)

Allahın bu ayədə diqqət çəkdiyi insan, Quranın Allahın sözü olduğunu bilib bunun əsasında düşünən, ağlını işlədən Quranı anlamağa və tətbiq etməyə çalışan insandır.

Allah, peyğəmbər göndərdiyi cəmiyyəti Öz əmrlərinə tabe olmaqdan məsul tutur. İnsanlar da özlərinə Allahın xəbərdarlığı çatdığı üçün axirətdə hesab verərkən ortaya heç bir bəhanə ata bilməyəcəklər. Çünki Allahın elçiləri göndərildikləri cəmiyyətlərə, Allahın varlığından və Onun insanlardan nələr etmələrini istədiyindən danışarlar. Beləliklə də, bu sözləri eşidən insanlar məsuliyyət daşımağa başlayarlar.

Quranda belə bildirilmişdir:

Biz müjdə verən (yəni Allahın ölümdən sonra yaxşı insanlara verəcəyi mükafatla müjdələyən) və xəbərdar edən (yəni Allahın ölümdən sonra pis insanlara cəza verəcəyini söyləyən) elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Nisa surəsi, 165)

Allah yer üzündə bir çox insan cəmiyyəti yaratmışdır. Bu cəmiyyətlərdən bəziləri özlərinə göndərilən elçilərin söylədiklərini yalan sayıb, onları elçi olaraq qəbul etmədiklərini söyləmişdirlər. Elcə də, onların sözlərini dinləmədikləri, Allahın əmrlərini yerinə yetirmədikləri üçün cəzlandırılmışdırlar. Allah peyğəmbərləri ilə, Öz sözünə uaymayacaqları təqdirdə, dünyada da pis qarşılıq alacaqlarıyla bu cəmiyyətləri xəbərdar etmişdir. Buna baxmayaraq, bu cəmiyyətlər peyğəmbərlərə qarşı çıxmağa və onlara böhtan atmağa başlamışdırlar, hətta onları öldürmək istəyəcək qədər aqressivləşmişdirlər. Bundan ötrü də, Allah onlara layiq olduqları və alacaqlarını söylədiyi qarşılığı vermişdir. Bu cəmiyyətlərin yerlərini zaman keçdikcə yeni cəmiyyətlər almışdır. Quranda Allah belə cəmiyyətlərin vəziyyətini bu cür bildirir:

Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və evlərinin altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq. (Ənam surəsi, 6)

Peyğəmbərlərin həyatlarından verəcəyimiz nümunələrdə Allahı rədd edən bu cəmiyyətlərlə yanaşı, Allaha iman edən insanların nümunəvi davranışlarından da danışacağıq.

İlk İnsan və İlk Peyğəmbər: Hz. Adəm

Xatırlayırsınızsa insanın yaradılışından bəhs edərkən ilk insanın hz. Adəm olduğunu söyləmişdik. Hz. Adəm eyni zamanda ilk peyğəmbərdir. Yəni Allah ilk insan nəslinə dərhal bir peyğəmbər də göndərmiş və onlara dinlərinin nə olacağını və Allah üçün nələr etməli olduqlarını öyrətmişdir.

Allah ilk insan olan Adəm peyğəmbərə danışmağı və hər şeyin adını öyrətmişdir. Bu, Quranda belə bildirilir:

Və Adəmə adların hamısını öyrətdi… (Bəqərə surəsi, 31)

Bunun nə qədər əhəmiyyətli olduğunu düşünün. Allahın yaratdığı canlılar içində yalnız insan danışaraq razılığa gəlir. Danışmaq insana məxsus xüsusiyyətdir. Ətrafındakı əşyaları tanıması və onlara bir ad verməsi bunları Allahın ilk olaraq Adəm peyğəmbərə öyrətməsi sayəsində olmuşdur.

Adəm peyğəmbərdən sonra gələn nəsil də, hazırkı dövrdə dünyada yaşayan insanlar kimi, düşünə bilən, danışan, hissləri olan, sevinən, kədərlənən, paltar geyinən, əşyalardan istifadə edən, incəsənət və musiqi qabiliyyəti olan insanlar idi. Elm adamlarının araşdırmaları nəticəsində tapılan ən qədim insan qalıqlarının yanında əşyaların, fleyta kimi musiqi alətlərinin, divar rəsmlərinin tapılması, bu söylədiklərimizin tarixi dəlilləridir.

Yəni bəzi insanların iddia etdiyi kimi ilk insanlar heç vaxt yarı insan-yarı meymun kimi vəhşi varlıqlar olmadılar. Onsuz da heç bir meymunun və ya başqa canlının danışa, düşünə və insan kimi davrana bilməyəcəyini bilirsiniz. Bütün bu qabiliyyətləri Allah insana xüsusi olaraq vermişdir (bu mövzu ilə əlaqədar daha əvvəl yazılmış olan "uşaqlar, Darvin yalan söylədi" adlı kitabımızda çox ətraflı məlumat toplaya bilərsiniz).

Lakin ilk insanın hz. Adəm olduğunu qəbul etmək istəməyən bəzi insanlar özlərinə görə müxtəlif iddialar ortaya atmışdırlar. İlk insana saxta şəxsiyyət geyindirmişdirlər. Bunların yalan iddialarına əsasən insan və meymun eyni canlıdan, yəni ortaq bir atadan gəlmiş və zaman keçdikcə dəyişikliklərə uğrayaraq bugünkü hallarına çatmışdırlar. Bu qəribə iddianın necə reallaşdığını soruşsanız tək cavab var: "Təsadüfən oldu". "Bəs bunu isbat edəcək dəlil vardır mı?" sualını versəniz də heç bir dəlil göstərə bilməzlər. Yəni insanın başqa bir canlıdan yaranıb bugünkü halına gəldiyi iddiasını sübut edən tək bir qalıq belə yoxdur.

"Keçmişə aid qalıqlar nələrdir?" deyə soruşsanız, bunu belə izah edə bilərik: Bəzi canlılar öldükləri zaman arxalarında izlərini qoyub gedərlər və bu izləri, yəni qalıqları milyonlarla il heç çürümədən qala bilər. Ancaq bunun baş verməsi üçün həmin canlının hava ilə təmasının birdən-birə kəsilməlidir. Məsələn, bir quş yerdə qonmuş halda durarkən üzərinə birdən-birə qum yığını tökülsə və oradaca ölsə, bu quşun qalıqları dövrümüzə qədər gəlib çata bilər. Eləcə də, ağaclardan axan və bala bənzəyən kəhrəba adlı mayelər var. Bəzən bu kəhrəba, bir böcəyin üzərinə axar və böcək bu kəhrəbanın içində qalıb ölər. Beləliklə də, sərtləşərək milyonlarla il heç çürümədən dövrümüzə qədər gəlib çata bilər. Biz də beləliklə çox qədimdən yaşamış canlılar barədə məlumat əldə edə bilərik. Məhz canlılardan qalan bu qalıqlara "fosil" deyilər.

İlk insanın meymun bənzəri bir canlıdan meydana gəldiyini irəli sürənlər, bununla əlaqədar bir fosil göstərə bilməzlər. Yəni dünyada heç vaxt yarı meymun-yarı insan kimi qəribə bir canlıya aid fosil tapılmamışdır. Lakin bu insanlar bu səhvlərini gizlətmək üçün saxta fosillər, saxta şəkillər, saxta təsvirlər düzəltmiş və bunları dərsliklərə belə yerləşdirmişdirlər.

Əlbəttə ki, bu saxtakarlıqları zamanla ortaya çıxmış və elmi saxtakarlıqlar adı altında hər yerdə yazılmışdır. Yəni bu insanların vəziyyəti əvvəlcə izah etdiyimiz çizgi film qəhrəmanın vəziyyəti kimidir. Bu cür insanlar inadkar və ağılsız olduqları üçün, Allahın varlığını qəbul etmələri və hər şeyi Onun yaratdığını dərk etmələri sanki qeyri-mümkündür. Bunların sayları getdikcə azalır. Lakin hələ də bəzi məktəblərdə, qəzetlərdə, jurnallarda bu yanlış düşüncələrini yaymağa çalışırlar. İnsanları inandırmaq üçün də söylədiklərinin elmi və doğru olduğunu israrla təkrarlayırlar. Halbuki ağıllı elm adamlarının ortaya qoyduğu istənilən araşdırma nəticələri və dəlillər, meymunun insana çevrilmədiyini elmi cəhətdən də sübut etmişdir.

Hz. Adəm, yəni ilk insan bugünkü insanlar kimidir və Allah onu xüsusi olaraq yaratmışdır. Bunlar Allahın bizə Quranda bildirdiyi həqiqətlərdir. Hz. Adəmlə əlaqədar olaraq Allahın Quranda bizə xəbər verdiyi çox əhəmiyyətli bir mövzu daha var: Bütün insanların düşməni olan şeytanla hz. Adəm arasında yaşanan hadisələr...

- İnsanın Ən Böyük Düşməni: Şeytan

Yəqin ki, şeytanla əlaqədar bəzi şeylər bilirsiniz. Ancaq sizi çox yaxşı tanıdığını və sizi hər hansı yolla mütləq aldatmağa çalışdığını bilirsinizmi? Bəs bəzi hallarda özünü dostunuz kimi göstərərək, sizi aldatmağa çalışan şeytanın əsl məqsədini bilirsiniz mi? Gəlin ən başından başlayaq və şeytanın niyə bizim ən böyük düşmənimiz olduğunu xatırlayaq. Bunun üçün sizə hz. Adəm və şeytan arasında yaşanan və Quranda bildirilən bir hadisədən danışaq.

Qurana görə şeytan; hz. Adəmdən etibarən bütün insanları Allah yolundan azdırmaq üçün çalışan və qiyamətə qədər də bunun üçün çalışacaq varlıqların ümumi adıdır. Şeytanların ən böyüyü isə, hz. Adəmin yaradılmasıyla birlikdə Allaha üsyan edən İblisdir.

Qurandan öyrəndiyimizə görə Allah hz. Adəmi yaratmış və mələklərdən hörmət ifadəsi olaraq ona səcdə etmələrini istəmişdi. Mələklər Allahın əmrini yerinə yetirdiyi halda, İblis hz. Adəmə səcdə etmədi. Özünün insandan daha üstün varlıq olduğunu irəli sürdü. İtaətsiz və utanmaz olduğuna görə Allahın hüzurundan qovuldu.

Allahın hüzurundan ayrılmadan əvvəl, bu vəziyyətə düşməsinə səbəb olan insanları özü kimi azdırmaq üçün Allahdan möhlət istədi. Şeytanın məqsədi özünə verilən möhlət ərzində insanları Allah yolundan azdırmaqdı. Bunun üçün hər yolu sınayacaq və insanların əksəriyyətini özünə uymasını təmin edəcəkdi. Allah şeytanı və ona uyanları cəhənnəmə dolduracağını bildirdi. Burada danışdığımız hadisələr Quranda belə xəbər verilir:

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan.
İblis dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.
Allah dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən.
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.
Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.
Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam. (Əraf surəsi, 11-18)

Şeytan Allahın hüzurundan qovulduqdan sonra, qiyamətə qədər davam edəcək mübarizəsinə başladı. İnsanları aldadaraq yoldan çıxartmaq üçün onların yanlarına gəldi. Hiyləgərcəsinə tələlər qurdu, insanları heç ağıllarına gəlməyəcək üsullarla aldatdı. İndi daha yaxşı anladığınız kimi, şeytan insana çox hiyləgərcəsinə yaxınlaşan bir düşməndir. Bundan ötrü də, ondan qorunmaq üçün çox böyük diqqət göstərməlisiniz.

Unutmayın ki, şeytan hazırda da sizi aldatmaq üçün gözləyir. Bu kitabı oxumağınıza, oxuduqlarınızı düşünməyinizə mane olmağa çalışır. Sizi, bir dostunuza yaxşılıq etməkdən, böyüklərinizin sözünə qulaq asmaqdan, Allaha şükr etməkdən və dua etməkdən, daim doğruları söyləməkdən uzaqlaşdırmağa çalışır. Qətiyyən şeytanın sizi aldatmasına, yalanları ilə gözəl əxlaqlı insan olmağınıza, vicdanınızın səsini dinləyərək hərəkət etməyinizə mane olmasına icazə verməyin.

Ağlınıza pis bir düşüncə gəldiyi vaxt və ya canınız gözəl bir şey etmək istəmədikdə dərhal şeytandan Allaha sığının və Allahdan kömək istəyin. Allahın Quranda bildirdiyi kimi şeytanın iman edən insanlar üzərində heç bir təsirinin olmayacağını da əsla unutmayın.

Hz. Nuh Peyğəmbər

Nuh Peyğəmbər də digər peyğəmbərlər kimi qövmünü, yəni yaşadığı cəmiyyəti doğru yola çağırmışdır. Allaha inanmalarını, hər şeyin Yaradıcısının Allah olduğunu, başqa şeylərə tapınmamalarını, əks halda Allahın onları cəzalandıracağını söyləmişdir. Bu hadisə Quranda belə bildirilir:

Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün ancaq açıq-aydın xəbərdar edib qorxudan bir elçiyəm.
Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”. (Hud surəsi, 25-26)

Lakin özünə çox az insan inanmışdır. Bundan ötrü də, Allah Nuh peyğəmbərə böyük bir gəmi düzəltməsini əmr etmişdir. İnananların bu gəmi sayəsində xilas olacağını bildirmişdir.

Nuh peyğəmbərin, ətrafda dəniz olmadığı halda, gəmi düzəltməsi Allaha inanmayanları çox təəccübləndirmiş və buna görə də onunla lağ etmişdirlər. Halbuki inanmayanlar başlarına gələcəkləri bilmir, lakin Allah bilir. Gəmi hazır olduqdan sonra, günlərlə davam edən çox şiddətli yağışlar yağmağa başlamış, hər tərəfi sular bürümüş, qurular sanki dənizə çevrilməyə başlamışdır. O vaxt baş verən bu fəlakət indiki vaxtda elm adamları tərəfindən də təsdiqlənmişdir. Orta Şərq bölgəsində indi dağ olan bir çox ərazinin bir vaxtlar sularla örtülü olduğuna dair dəlillər tapılmışdır.

Televiziyada müxtəlif ölkələrdə yaşanan sel fəlakətlərini görmüsünüz. Belə fəlakətlərdə, insanlar damlara çıxıb kömək gəlməsini gözləyərlər, onlara ancaq motorlu qayıqlarla və ya vertolyotlarla kömək çatdıra bilərlər. O dövrdə isə hz. Nuhun gəmisindən başqa onları xilas edəcək heç nə olmamışdır. Məhz Nuh peyğəmbərin dövründə baş verən və “Nuh tufanı” adlandırılan bu hadisə, o dövrdəki peyğəmbərə inanmayan, inancsız insanları cəzalandırmaq üçün Allahın xüsusi olaraq verdiyi cəzadır. Allahı dinləməyən, Onun Nuh peyğəmbər vasitəsilə göndərdiyi xəbərdarlıqlara qulaq asmayan, özündən razı, pis xarakterli insanların heç biri bu gəmiyə minməmiş, özlərini Allahdan başqa şeylərin qoruyacağını güman etmişdirlər. Allaha deyil, başqa varlıqlara güvənmişdirlər.

Halbuki Allah istəməsə bizi heç nə qoruya bilməz. Bu həqiqəti bilməyən insanlar təpələrə, yüksək yerlərə çıxmalarına baxmayaraq, nəhəng dalğalar onlara da çatmış və beləliklə də, boğulmuşdurlar. Çox az sayda insan Allaha inanıb güvənmiş, Nuh peyğəmbərlə birlikdə gəmiyə minmiş və xilas olmuşdur. Özləri ilə birlikdə Allahın əmri ilə müxtəlif növ heyvanların erkək və dişisindən götürmüşdürlər. Quranda bu mövzu belə bildirilir:

Onlardan əvvəl Nuh qövmü də yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” dedilər və ona təzyiq göstərib mane oldular.
O, Rəbbinə dua edib: “Həqiqətən mən məğlubiyyətə uğradım. Artıq sən (bu kafirlərdən) intiqam al!” dedi.
Biz də göyün qapılarını leysan yağışı ilə açdıq.
Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.
Biz onu nəsillərə ayə olaraq saxladıq. Amma öyüd alıb düşünən varmı?
Görəydin Mənim əzabım və qorxutmağım necə oldu! (Qamər surəsi, 9-16)

Bütün peyğəmbərlər göndərildikləri cəmiyyətlərə bənzəri şəkildə eyni məlumatları çatdırıblar və onları Allaha ibadət etməyə çağırıblar. Bu vəzifələrini yerinə yetirərkən də həmin insanlardan hər hansı qarşılıq istəməyiblər. Çünki Allahın sözlərini öz cəmiyyətlərinə çatdıran bu insanların heç bir mənfəətləri yoxdur. Yalnız Allah onlara bu vəzifəni verdiyi üçün və Allahı çox sevdikləri, Onun da özlərini sevməsini istədikləri və Ondan qorxub çəkindikləri üçün bunu yerinə yetirərlər və bu əsnada başlarına bir çox hadisə gələr; sıxıntıya, əziyyətə, böhtana məruz qalarlar. Hətta keçmişdə bəzi peyğəmbərlər inkarçılar tərəfindən öldürülmək istənilmiş, içlərindən öldürülənlər də olmuşdur. Ancaq peyğəmbərlər yalnız Allahdan qorxan insanlar olduqları üçün, qarşılaşdıqları heç bir çətinlik onları doğru yoldan döndərə bilməmişdi. Yaşadıqları çətinliklərin qarşılığını Allahın dünyada və ölümdən sonrakı axirət həyatında tam şəkildə verəcəyini heç vaxt unutmamışdıırlar.

Hz. İbrahim Peyğəmbər

Bu fəsildə Quranda adı keçən bütün peyğəmbərlərdən bəhs etməyəcəyik. Lakin, Quranda bəzi xüsusiyyətləri xüsusi şəkildə vurğulanan peyğəmbərlərin həyatlarından nümunələr verəcəyik.

Hz. İbrahim də bu peyğəmbərlərdən biridir. O, hələ çox gənc yaşda olarkən və ətrafında özünə Allahın varlığından danışan heç kəs olmadığı halda, öz-özünə səmanı araşdıraraq bütün varlıqları Allahın yaratdığını görmüşdü. Bu mövzu Quranda belə bildirilir:

Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” dedi.
Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!” dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” dedi.
Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
Doğrudan da mən, hənif olaraq (Allahı tək yaradıcı qəbul edən) üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən (Allaha şərik qoşan) deyiləm”. (Ənam surəsi, 76-79)

Eləcə də, İbrahim peyğəmbər də yaşadığı cəmiyyəti Allahdan başqasına tapınmamaları üçün belə xəbərdar etmişdir:

Onlara İbrahimin əhvalatını da oxu.
Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” demişdi.
Onlar dedilər: “Biz bütlərə (öz əlləriylə düzəltdikləri və dəyər verdikləri müxtəlif heykəllərə) ibadət edir və onlara tapınmaqda davam edirik”.
O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.
O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü?
Həm siz, həm də ulu babalarınız.
Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
O Rəbb ki, məni yedirdir və içirdir;
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
O Rəbb ki, (axirətdəki) haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şuəra surəsi, 69-82)

Hz. İbrahim, o dövrdəki padşaha və xalqa, yuxarıdakı kimi; "Allaha iman edin" deyərək dini izah etdikdən sonra, ona düşmən olanlar onu öldürməyə cəhd etdilər. Böyük alovlu od yandırıb hz. İbrahimi içinə atdılar. Lakin Allah onu qorudu və onu odun içindən sapsağlam çıxartdı. Bu hadisə Quranda belə bildirilir:

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!” demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır. (Ənkəbut surəsi, 24)

Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” dedik. (Ənbiya surəsi, 69)

Hər şeyi yaradan və nəzarət edən Allahdır. Od da Allahın əmri ilə İbrahim peyğəmbəri yandırmamışdı. Məhz bu, Allahın möcüzəsidir. Allahın gücünün hər şeyə çatdığını çox yaxşı göstərən nümunələrdən biridir. Çünki yer üzündəki hər şey Allahın izni ilə baş verər. O, istəmədiyi müddətcə insana heç nə zərər verə bilməz, heç kəs başqa bir insanı öldürə bilməz. Allah Quranda belə bildirir:

Hər bir kəs ancaq Allahın izni ilə ölər. Belə ki, bu vaxtı müəyyən edilmiş bir yazıdır (tale yazısı).... (Al-i İmran surəsi, 145)

Allahın İbrahim peyğəmbər üçün istədiyi ölümün vaxtı gəlmədiyi üçün, oda atılmasına baxmayaraq ölməmiş, Allah onu oradan xilas etmişdir.

Allah, Quranın digər bir ayəsində də İbrahim peyğəmbərin çox üstün əxlaqa sahib olduğunu belə bildirir:

Həqiqətən, İbrahim həlim, həssas və könüllü surətdə Ona üz tutan bir şəxs idi. (Hud surəsi, 75)

Allah yaxşı xasiyyətli və özünə çox bağlı olan insanları sevər. Bu ayədən də anladığımız kimi, alicənab olmaq, üsyankar ruhlu olmamaq, Allahın əmrlərinə tam təslimiyyətlə riayət etmək Allah qatında çox əhəmiyyətli xüsusiyyətlərdəndir.

Hz. Musa Peyğəmbər

Hz. Musa da Quranın bir çox yerində yaşadığı hadisələrdən bəhs edilən bir peyğəmbərdir. Özünə müqəddəs kitablardan biri olan Tövrat göndərilmişdir. Lakin Tövrat, Musa peyğəmbərin ölümündən sonra insanlar tərəfindən dəyişdirildiyi üçün dövrümüzdə əsil halı yoxdur. Amma dəyişdirilmiş formasını yəhudilər hələ də müqəddəs kitab sayaraq oxuyurlar. Dövrümüzdəki yəhudilərin oxuyub inandıqları bu kitab, Musa peyğəmbərin gətirdiyi müqəddəs kitab olmadığı üçün onlar doğru inanca sahib deyildirlər.

Biz hz. Musanın həyatı və gözəl əxlaqı ilə əlaqədar bütün məlumatları Qurandan öyrənirik. Quranda bildirildiyinə görə, qədim Misir hökmdarları "firon" adlanırdı. Bunların bir çoxu Allaha inanmayan, özlərini müqəddəs insan hesab edən, çox təkəbbürlü insanlardı. Musa peyğəmbəri də Allah bu fironların ən zalımlarından birinin yanına göndərmişdi.

Bizə hz. Musanın həyatından xəbər verən ayələri oxuyarkən diqqət yetirməli olduğumuz əhəmiyyətli bir mövzu, taledir. Hz. Musanın Fironun sarayına göndərilməsi hadisəsi belə baş vermişdir:

Tam hz. Musanın doğulduğu əsnada, Firon zalım bir əmr vermiş və ölkəsindəki bütün oğlan uşaqlarının öldürülməsini istəmişdir. Hz. Musa da ölüm təhlükəsiylə üzləşmişdir. Ancaq Allah hz. Musanın anasına oğlunu suya buraxmasını söyləmiş və sonunda onu Fironun götürəcəyini və onun özünə geri qayıdıb peyğəmbər olacağını bildirmişdi. Anası hz. Musanı bir sandığın içinə yerləşdirərək suya buraxdı. Çayda sərbəst şəkildə hərəkət edən bu sandıq bir müddət sonra Fironun arvadı tərəfindən tapıldı və hz. Musa hələ körpə vaxtında böyüdülmək üçün saraya aparıldı. Beləliklə də, Firon, gələcəkdə özünə Allahı tanıdacaq, yanlış fikirlərinə qarşı çıxacaq insanı, bilmədən yanına almış və böyütmüşdür. Hər şeyi bilən Allah, Fironun hz. Musanı çayda tapıb, onu sarayında böyüdəcəyini də bilir.

Hz. Musa doğulanda onun bir sandıq içində suya buraxılacağı, Fironun onu tapacağı, axırda isə hz. Musanın bir peyğəmbər olacağı bəlli idi. Çünki Allah onun taleyini bu cür yazmışdı. Allah bunu hz. Musanın anasına bildirmişdir.

Burada hz. Musanın həyatının hər anının ən incə nöqtəsinə qədər Allah Qatında taledə müəyyənləşdirilmiş olduğu və eynilə müəyyənləşdirildiyi kimi gerçəkləşdiyinə diqqət yetirilməlidir.

Hz. Musa böyüdükdən sonra Misirdən ayrıldı, bir müddət başqa bir ölkədə yaşadı və sonra da Allah onu peyğəmbərlik vəzifəsini verdi. Eləcə də, Musa peyğəmbərə köməkçi olaraq qardaşı hz. Harunu göndərdi.

İkisi birlikdə bu zalım Fironun qarşısına çıxıb Allahı və Onun əmrlərini çatdırdılar. Musa peyğəmbərin gördüyü iş çox çətin idi. Çünki Allahı inkar edən çox zalım bir hökmdarın qarşısına çıxıb çəkinmədən onu, Allahı tanımağa və Ona ibadət etməyə çağırmışdı. Quranda hz. Musanın bu çağırışı belə bildirilir:

Onlardan (peyğəmbərlərdən) sonra Musanı ayələrimizlə (sözlərimiz-dəlillərimizlə) Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə buna (ayələrimizə) haqsızlıq etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.

Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən (yəni hər şeyi yaradıb nizama qoyan tərəfindən) göndərilmiş bir elçiyəm.

Mənim məsuliyyətimdir ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını (Musanın öz qövmü) mənimlə göndər”. (Əraf surəsi, 103-105)

Firon isə özünü bəyənmiş və təkəbbürlü bir insan idi. Bütün gücün özündə olduğunu zənn edərək Allaha üsyan etmişdi. Halbuki Firona bu gücü, mal-dövləti və torpaqları verən də Allahdır. Amma Firon ağılsız olduğu üçün bu həqiqəti anlaya bilməmişdi.

Hz. Musaya qarşı çıxan və iman etməyən Firon, daha əvvəl də söylədiyimiz kimi, çox zalım bir insan idi. Musa peyğəmbərə inanan cəmiyyəti (İsrail oğullarını) əsir tutur, onları kölə olaraq işlədirdi. Sonunda Fironun hz. Musanı və bütün inananları yox etməyi düşündüyü aydın olduqda bu cəmiyyət hz. Musanın başçılığı altında Misirdən qaçdı. İsrail oğulları və hz. Musa, önlərinə çıxan dənizlə arxalarından gələn Fironun ordusu arasında qaldılar. Amma Musa peyğəmbər belə çıxılmaz kimi görünən bu vəziyyətdə belə qətiyyən ümidini və Allaha olan güvənini itirmədi. Allah bir möcüzə yaradaraq inanların keçməsi üçün dənizi iki yerə ayıraraq bir yol açdı. Bu, Allahın Musa peyğəmbərə verdiyi böyük möcüzələrindən biridir. İman edənlər keçdikdə dəniz əvvəlki halına qayıtdı, beləliklə də, onları təqib edən Firon və ordusu suda boğuldu.

Allah Quranda bu möcüzəvi hadisəni belə bildirir:

Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi. (Ənfal surəsi, 54)

Öləcəyini anladığı zaman Firon Allaha inandığını söyləyərək özünü qurtarmasını istəmişdir. Lakin son andakı bu peşmançılığı fayda verməmişdir. Çünki Allah etdiyimiz xətalardan, ancaq səmimi olaraq peşmançılıq hissi duyacağımız təqdirdə bizi bağışlayacağını bildirmişdir. Allah çox bağışlayandır. Amma insanın öləcəyini anladığı vaxtkı peşmançılıq hissi, səmimi və gec olmadan duyulan peşmançılıq hissi olmadığından fayda verməyə bilər. Fironun da başına bu gəlmişdir. Onda biz bunu unutmamalıyıq: Həyatımız boyu Allahın məmnun olacağı şəkildə yaşamalı və Fironun etdiyi xətanı etməməliyik. Çünki həyatımızı Qurana uyğun gözəl əxlaqla yaşamasaq, Quranda əmr edilənlərə əməl etməsək, ölüm anında peşman olmağımız fayda verməyə bilər.

Hz. Yunis Peyğəmbər

İnsan nə qədər çətin və çarəsiz vəziyyətdə qalsa da, daim Allaha güvənməli və Ondan kömək istəməlidir. Bir qədər əvvəl də bəhs etdiyimiz kimi, Musa peyğəmbər Fironun ordusu ilə önlərindəki dəniz arasında qaldıqda əsla ümidsizliyə qapılmamış və Allaha güvənmişdi. Məhz Yunis peyğəmbərin davranışı da belə gözəl davranışın nümunələrindəndir.

Yunis peyğəmbər əvvəlcə Allahın özünə verdiyi vəzifəyə baxmayaraq, xəbərdar etməli olduğu cəmiyyəti tərk etmişdi. Bundan ötrü də, Allah onu müxtəlif sınaqlardan keçirtdi. Hz. Yunis əvvəlcə mindiyi gəmidəki insanlar tərəfindən dənizə atıldı. Sonra dənizdə özünü nəhəng bir balıq uddu. Bu hadisələr nəticəsində hz. Yunis etdiklərinə görə peşman oldu və Allaha sığınıb ona dua etdi. Quranda bu hadisə belə bildirilir:

Zün-Nunu (Yunisi) da yada sal! Bir zaman o qəzəbli halda qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da (balığın qarnındakı) zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa ilah yoxdur! Sən ucasan! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”

Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz iman edənləri belə xilas edirik! (Ənbiya surəsi, 87-88)

Əgər hz. Yunis Allaha güvənib, ona dua etməsəydi, başına bir hadisə gələcəkdi. Belə ki, Allah bu hadisəni Quranda belə bildirmişdir:

Əgər o, Allahı (bol-bol) təqdis edənlərdən (yada salanlardan, ucaldanlardan) olmasaydı,
Balığın qarnında Qiyamət gününə qədər qalardı.
O, halsız olduğu vəziyyətdə onu çılpaq bir yerə çıxartdıq.
Onun başı üstündə sıx və böyük yarpaqlı balqabağa bənzər növdən olan bir bitki bitirdik.
Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik. (Saffat surəsi, 143-147)

Allah Yunis peyğəmbəri tamamilə çıxılmaz kimi görünən bir vəziyyətdən xilas etmişdir. Bu, Allahdan heç vaxt ümid kəsilməyəcəyinə dair açıq bir işarədir. Quranda bildirilən bu hadisələri oxuyub öyrəndiyimizə görə hər nə çətinliklə qarşılaşsaq da, daim Allaha dua edib Ondan kömək diləməliyik.

Hz. Yusif Peyğəmbər

Quranda Yusif peyğəmbərin yaşadığı hadisələr çox geniş və ətraflı şəkildə izah edilmişdir. Burada qısa şəkildə izah edib, hz. Yusifin əxlaqından necə nümunə götürməli olduğumuzu görəcəyik.

Hz. Yusif, Yaqub peyğəmbərin oğullarından biridir. Qardaşları onu qısqandıqları üçün, onu kiçik yaşında çöldə bir quyuya atıb atalarına da; "onu canavar yedi" deyərək yalan danışmışdırlar. Quyudan su çəkən bir karvan onu tapıb Misirdə bir idarəçinin sarayına aparmışdır. Orada yaşadığı bir hadisədən ötrü böhtana məruz qalıb zindana atılmış və illərlə zindanda qalmışdır.

Sonra günahsız olduğu aydınlaşmış, zindandan çıxarılmış, çox etibarlı və ağıllı bir insan olduğu üçün Misirdə xəzinələrin başına gətirilmiş, idarəçi olmuşdur. Bir vaxtlar özünə əziyyət vermiş qardaşlarını da bağışlamışdır.

Yusif Peyğəmbər çox üstün əxlaqa sahibdir. Allah onu bir dəfə sınamış, quyu kimi qurtulması qeyri-mümkün görünən bir yerdən çıxardıb ən sonunda onu üstün bir mövqeyə gətirmişdir. Yusif peyğəmbər başına gələn hər hadisə qarşısında Allaha dua etmiş, Ona üz tutmuşdur. Günahsız olmasına baxmayaraq, illərlə zindanda qaldığı halda, bunun Allahın imtahanı olduğunu unutmamışdır. Zindanda olarkən yanındakılara daim Allahın gücündən və böyüklüyündən danışmışdır. Bu qədər çətin şərtlər altında Allaha olan güvən və bağlılığını qoruması, bizə onun çox üstün əxlaq sahibi olduğunu göstərir.

Hz. Əyyub Peyğəmbər

İnsanın başına gələn şeylərə səbir etməsi çox əhəmiyyətli bir müsəlman xüsusiyyətidir. Hz. Əyyub özünə çox əzab verən bir xəstəliklə sınanmışdır. Amma Əyyub peyğəmbər xəstəliyinin sağalması üçün yalnız Allahdan kömək istəmiş və Ona güvənmişdir. Allah onun duasından sonra xəstəliyinin necə yaxşılaşacağını özünə bildirmişdir. Hz. Əyyubun üstün əxlaqı və duası Quranda belə bildirilir:

Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

Biz ona dedik: “Ayağını hərəkət etdir (yerə vur)! Budur yuyunmaq və içmək üçün sərin su!”

…Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
(Sad surəsi, 41-42, 44)

Bəzi insanlar, xəstəlik, əzab, sıxıntı kimi çətinliklərlə üzləşdikləri zaman dərhal ümidsizliyə qapılarlar. Bəziləri isə üsyankar rəftar göstərərlər. Halbuki bunlar çox yanlış düşüncələrdir. Hz. Əyyub nümunəsi bizə, Allahın ən üstün qullarına belə müxtəlif dərdlər və sıxıntılar verə biləcəyini göstərir. Buradakı məqsəd, insanı kamilləşdirmək və Allaha olan bağlılığını sınamaqdır.

Biz də üzləşdiyimiz bütün çətinliklər qarşısında Allaha dua etməli və Ona güvənməliyik. Hz. Əyyub kimi səbir edən və daima Allaha üz tutan insanlar olmalıyıq. Belə olduqda Allah həm dərdlərimizi yox edər, həm də yaşadığımız çətinliklərə qarşılıq olaraq dünyada və axirətdə bizə böyük mükafat verər.

Hz. İsa Peyğəmbər

Allah İsa peyğəmbəri xüsusi yaradılışla yaratmışdır. Allah onu da Adəm peyğəmbər kimi atası olmadan dünyaya gətirmişdir. Bu, Quranda belə bildirilir:

Şübhəsiz ki, Allah Qatında İsanın məsəli Adəmin məsəli kimidir. Onu torpaqdan yaratdı, sonra ona "ol" deməsiylə o da oldu. (Ali İmran surəsi, 59)

Həzrəti İsanın adı Quranda, anasının adıyla birlikdə, yəni Məryəm oğlu İsa olaraq çəkilir. Hz. Məryəm Allahın bütün qadınlar üçün nümunə etdiyi çox qiymətli bir müsəlmandır. Olduqca iffətli və Allaha çox bağlı bir mömindir. Allah ona, uşağının peyğəmbər olacağını müjdələmişdir.

Allah Məryəm oğlu İsanı peyğəmbər etmiş və ona müqəddəs kitablardan olan İncili vermişdir (İncil də hz. İsadan sonra pis niyyətli insanlar tərəfindən dəyişdirilmişdir. Bu gün əlimizdə əsil İncil yoxdur). Allah hz. İsaya bir çox möcüzələr verərək, cəmiyyətə həqiqətləri çatdırmaq vəzifəsini də vermişdir. Hələ körpə vaxtında danışaraq, Allahdan bəhs etmişdir. İsa peyğəmbər özündən sonra gələcək olan peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-i də müjdələmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bir adı da Əhməddir. Hz. İsanın peyğəmbərimiz (s.ə.v)-i müjdələməsi Quranda bizə belə bildirilir:

Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi onlara açıq-aydın dəlillər (müxtəlif möcüzələr) gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!” dedilər. (Saff surəsi, 6)

İsa peyğəmbərə yaşadığı dövrdə inanıb yardım edən çox az insan olmuşdur. İsa peyğəmbərin düşmənləri onu öldürmək üçün, ona tələ qurmuşdurlar və onu ələ keçirib asdıqlarını zənn etmişdirlər. Amma Allah bizə Quranda hadisənin belə baş vermədiyini və hz. İsanı öldürə bilmədiklərini bildirir:

…Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)

İsa peyğəmbərin arxasınca düşmənləri onun söylədiyi həqiqətləri dəyişdirməyə çalışmışdırlar. İsa peyğəmbəri və anası Məryəmi də fövqəlbəşər varlıqlar kimi, hətta daha da irəli gedərək "tanrı" kimi göstərməyə başlamışdırlar. Hələ indiki vaxtda bu yanlış inanclar və davranışlar davam edir. Allah bizə bu inanclarının yanlış olduğunu, Quranda İsa peyğəmbərin öz sözləriylə bildirir:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” demişdin?” İsa deyəcək: “Səni tənzih edirəm! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!

Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. (Maidə surəsi, 116-117)

Hz. İsanın arxasınca özünə inananlar artmışdır. Lakin onlar da dəyişdirilib yanlış şeylər əlavə edilən İncilə əməl etdikləri üçün, onlar da bu gün səhv yoldadırlar. Doğru olan yeganə yol, Allahın heç dəyişilməmiş son kitabı olan Quranda bildirilən, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in yoludur.

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)

Son peyğəmbər olduğu və dövrümüzdən təxminən 1400 il əvvəl yaşadığı üçün haqqında ən çox məlumat sahibi olduğumuz peyğəmbər hz. Məhəmməd (s.ə.v)-dir. İnsanlar, hz. Məhəmməd (s.ə.v)-dən əvvəl göndərilən bütün dinləri dəyişdirmişdirlər. Bundan ötrü də, insanların dünya həyatının sonu olan qiyamətə qədər məsul tutulacaqları son kitab olan Quran, Peyğəmbərimiz (s.ə.v)-ə göndərilmişdir. Allah bütün istədiklərini bizə Quran vasitəsilə bildirmişdir.

Peyğəmbərimiz (s.ə.v) də, eynilə digər peyğəmbərlər kimi, yaşadığı cəmiyyətə həqiqətləri çatdırarkən bir çox çətinlik və sıxıntıyla üzləşmişdir. Heç bir mənfəəti olmadığı və qətiyyən heç bir qarşılıq (mükafat) istəmədiyi halda günahlandırılmışdır. Doğulub böyüdüyü Məkkə şəhərindən köç etməyə məcbur edilmişdir. Özünə inanan ilk müsəlmanlara (səhabələr) əziyyət və işgəncələr verilmişdir. Amma Allah inkarçıların, dövrümüzə qədər heç dəyişmədən gəlib çatan İslam dinini yox etmələrinə icazə verməmişdir. Quran, Allahın vəd etdiyi kimi, dövrümüzə qədər tək sözü belə dəyişmədən qorunmuşdur.

Hz. Məhəmməd (s.ə.v)-in bu çağırışı hazırkı dövrdə yaşayan bütün insanlar üçün qüvvədədir. Allah dinini təbliğ etmək üçün göndərdiyi elçilərə tam itaət etməyi əmr etmiş, bir çox ayədə Elçiyə itaətin əslində Özünə itaət olduğunu bildirmişdir. Bundan ötrü də, Peyğəmbərimiz (s.ə.v)-ə itaət etmək, dinin ən əhəmiyyətli və həyati mövzularından biridir və bu itaət, əlbəttə ki, Peyğəmbərimiz (s.ə.v)-in həyatda olarkən bildirdiyi şeylərin tam təslimiyyətlə tətbiq olunmasıyla mümkün olar.

Allah Quranda Peyğəmbərimiz (s.ə.v)-in bütün insanlara nümunə olan üstün əxlaqını, bir çox ayə ilə bizə bildirmişdir. Bu ayələrdən bir neçəsi belədir:

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. (Əhzab surəsi, 40)

Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Peyğəmbər göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (Ali İmran surəsi, 164)

Həmçinin Quranda "de" ilə başlayan ayələrlə Allah, Peyğəmbərimiz (s.ə.v)-ə söyləməli olduğu şeyləri bildirmiş, hz. Məhəmməd (s.ə.v) də bu ayələrlə bütün insanlara dini izah etmişdir. Allahdan qorxan və bağışlanmağı istəyən qulların hz. Məhəmməd (s.ə.v)-ə tabe olub, dediklərinə əməl etməsinin lazım olduğu bir ayədə belə bildirmişdir:

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Ali İmran surəsi, 31)

Yuxarıdakı ayədə də göründüyü kimi, Allahın bizi sevməsini istəyiriksə Peyğəmbərimiz (s.ə.v)-in söylədiklərinə əməl edib, onları tam şəkildə yerinə yetirməliyik.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allah Hamımızın Yaradıcısıdır
  • Allah Elçilər və Kitablar Göndərmişdir
  • Möcüzələrlə Dolu Quran
  • Allah Bizdən Necə Bir Əxlaq Istəyir?
  • Allaha Ibadət
  • Axirət Həyatı Nədir?
  • Son Söz