Müsəlmanları passivləşdirməyə çalışan kəslərin müraciət etdikləri müəyyən üsullar var. Öz ağıllarına görə bu üsulları tətbiq etdikləri təqdirdə, müsəlmanların əzm və şövqlərini yox edə biləcəklərini, onları zəiflədə biləcəklərini zənn edərlər. Bəzən hiyləgərcəsinə, bəzən də açıq şəkildə bu üsullara müraciət edə bilərlər. Allah “...kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər...” (Bəqərə surəsi, 217) ayəsiylə bu əxlaqdakı kəslərin, möminləri dinlərindən döndərə bilmək üçün həmişə səy göstərəcəklərini bildirmişdir.
Sonrakı səhifələrdə bu insanların tətbiq etdikləri taktikaların bəzilərinə toxunacağıq. Ancaq bu üsulları araşdırarkən unudulmamalı olan əhəmiyyətli bir xüsus vardır. Bu kəslər, gizli metodlardan istifadə etsələr də, açıq şəkildə səy göstərsələr də, Allahın izni ilə müsəlmanları passivləşdirməyi bacara bilməyəcəklər. Hər şeyi yaradanın Allah olduğu həqiqətini tam mənasıyla heç cür qavraya bilməyən bu insanlar, Allah diləmədikcə özlərinin heç bir şeyə qadir olmayacaqlarını da dərk edə bilməzlər. Bununla yanaşı, Allahın iman edənləri qoruduğundan, onları mütləq müvəffəqiyyətli edəcəyindən də qafildirlər. Üstəlik həqiqi üzlərini heç kimin hiss etmədiyini və bu cəhətlərinin ortaya çıxmayacağını zənn etməklə də böyük bir səhvə düşmüşlər. Allah möminlərə, qəlblərində xəstəlik olanların bu cəhətlərini mütləq ortaya çıxaracağını bildirmişdir:
Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? (Məhəmməd surəsi, 28-29)
Bir mömin üçün vaxt olduqca qiymətlidir və iman edən kimsə keçirdiyi hər anı Allah rizası üçün ən gözəl şəkildə dəyərləndirməyə çalışır. İman edənlərin həyatları boyunca yerinə yetirməli olan bir çox məsuliyyət var: Mömin, imanını gücləndirmək və dərinləşdirmək, əxlaqını gözəlləşdirmək üçün səy göstərməli, insanlara həqiqi din əxlaqını izah etmək üçün səy göstərməli, dindən kənar ideologiyalarla fikri cəhətdən mübarizə aparmalı, ehtiyac içində olanlara yardım etməli, həmişə saleh əməllər etməlidir. Digər bir sözlə, möminlər özlərini bu məsuliyyətlərdən yayındıra biləcək hər cür boş işdən çəkinməlidirlər. Rəbbimiz bir ayəsində iman edənlərin bu xüsusiyyətini “o kəslər ki, sözbazlıqdan qaçırlar” (Muminun surəsi, 3) deyə bildirmişdir. Başqa bir ayədə isə iman edənlərin boş şeylərlə qarşılaşdıqları vaxt, bunlardan üz çevirdikləri belə buyurulmuşdur:
Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər. (Qəsas surəsi, 55)
Müsəlmanları passivləşdirməyə çalışan kəslər isə, boş və faydasız işləri gündəmdə saxlayaraq, möminlərin başlarını qatmaq istəyərlər. Beləcə, iman edənlərin diqqətlərini dağıdacaqlarını, onları işlərindən yayındıra biləcəklərini düşünərlər. İnsanları Allahdan uzaqlaşdıran, axirətdə hesab verəcəklərini unutduran və qəflətə salan mövzuları seçərək və bu mövzuları ön plana çıxardaraq möminlərin başlarını da bunlarla qata biləcəklərini zənn edərlər. Bu cür insanların bəhdi keçən xüsusiyyətləri bir ayədə belə bildirilmişdir:
İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi, 6)
Müsəlmanları fayda təmin edəcək mövzular əvəzinə heç bir faydası olmayan mövzulara yönəldərlər. Ətraflarındakı müsəlmanların imanlarının güclənməsinə vəsilə olacaq bir iman həqiqəti əvəzinə, dünya həyatının müvəqqəti dəyərlərini ön plana çıxaran mövzuları nəql edərlər. Məsələn, yeni dəbdə olan geyim tərzinin nə olduğu, yeni istehsal olunan avtomobil modelləri, hansı restoranın son vaxtlarda daha məşhur olduğu, hansı istirahət yerlərində daha çox əylənəcəkləri kimi mövzuları həmişə gündəmdə saxlayarlar. Bu mövzulara əhəmiyyət vermələrinin səbəblərindən biri, bəhsi keçən insanların həqiqi müsəlman əxlaqını qazanmaq əvəzinə cahiliyyə həyatına qibtə etmələridir. Əlbəttə ki, müsəlmanlar da bu mövzular haqqında söhbət edər və sosial həyatdakı inkişaflardan xəbərdar olarlar. Ancaq bütün bunların dünya həyatının keçici bir bəzəyi olduğunu da unutmazlar. Ən gözəl paltarı yaradanın, dəbdəbəli avtomobili hazırlayanın, ən gözəl istirahət yerlərini var edənin Allah olduğunu bilər və əgər Rəbbimiz bu nemətlərdən özlərinə təqdim etsə, bunun üçün Allaha şükür edər. Gördükləri bütün gözəlliklərin Rəbbimizin bir təcəllisi olduğunu dərk edərək, yalnız Allaha yönələr və hər cür nemət üçün Allaha şükür edərlər.
Müsəlmanları passivləşdirmək istəyən kəslər isə, seçdikləri mövzularla və bu mövzuları izah edərkən istifadə etdikləri üslublarıyla hesablaşma gününü nəzərə almaz, dünya həyatı sanki heç bitməyəcəkmiş kimi davranarlar. Beləcə, müsəlmanların da özləriylə birlikdə dünya həyatına aldanacaqlarına inanarlar. Halbuki bu kəslərin, müsəlmanları passivləşdirmək üçün müraciət etdikləri bu üsulla müvəffəqiyyətli olmaları qeyri-mümkündür. Çünki Rəbbimizin Quranda bildirdiyi əhəmiyyətli mömin xüsusiyyətlərindən biri, yuxarıda da ifadə etdiyimiz kimi, boş işlərdən üz çevirməkdir. Səmimi olaraq iman edən bir kimsə, vicdanının ilhamıyla hansı işin boş və faydasız, hansı işin xeyirli və faydalı olduğunu dərhal qavrayar və lazım olan tədbiri görər. Allah Quranda, cənnətin xüsusiyyətlərini bildirərkən, möminlərin orada boş və mənasız söz eşitməyəcəklərini də xəbər vermişdir:
Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər. (Nəbə surəsi, 35)
Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır. (Məryəm surəsi, 62)
Dünya həyatında özlərini cənnət üçün hazırlayan bütün iman sahibləri də bu həqiqəti dərk edərək hərəkət edər və dünya həyatına aldanıb, boş şeylərlə məşğul olmazlar. Möminlərin dərk etdikləri başqa bir həqiqət də, Rəbbimizin, insanları Allah yolundan döndərmək istəyən kəslərin bütün işlərini boşa çıxaracağıdır. Ayədə belə buyurulmuşdur:
Kafirlərin və insanları Allahın yolundan sapdıranların əməllərini Allah puça çıxarmışdır. (Məhəmməd surəsi, 1)
İman edənlərlə inkarçılar arasındakı fikri mübarizə tarixin hər dövründə davam etmişdir. Quranda peyğəmbərlərin və onlara beyət edən möminlərin, din əxlaqını yaymaq üçün göstərdikləri səyin qarşılığında inkar edənlərin böhtanlarına məruz qaldıqları, günahsız yerə həbs olunduqları, yurdlarından qovulduqları və hətta öldürüldükləri xəbər verilir. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in və səhabələrinin həyatları da, bu böyük mübarizənin ən əhəmiyyətli nümunələrindən biridir. Məkkəli müşrikləri bir və tək olan Allaha iman etməyə dəvət edən Peyğəmbərimiz (s.ə.v), müşriklər tərəfindən ölümlə təhdid edilmiş, müşriklərin ağlasığmaz böhtanlarıyla üzləşmiş və bütün bu təzyiqlərin nəticəsində yanındakı möminlərlə birlikdə Mədinəyə hicrət etmişdir.
Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşayan və möminləri passivləşdirmək istəyən kəslər isə belə çətin şərtlərdə də rəftarlarıyla və üslublarıyla, möminlərin lazımi tədbirlər görmələrinə mane olacaq bir yol tutmuşlar. Peyğəmbərimiz (s.ə.v)-ə və səhabələrə dəstək olmaq üçün heç bir hazırlıq görmədikləri kimi, möminləri üz-üzə gəldikləri vəziyyətin ölçüləri haqqında da səhv məlumatlandırmağa çalışmışlar. Rəbbimizin, “Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər...” (Tövbə surəsi, 46) ayəsiylə buyurduğu kimi əsl məqsədləri mübarizədən qaçmaq olan bu insanlar, heç bir hazırlıq görməyərək ətraflarındakı insanlara “hazırlıq görməyi tələb edəcək əhəmiyyətli bir vəziyyət olmadığı” mesajını vermək istəmişlər. Beləcə həm möminlərin mübarizə şövqünü yox etməyi, həm də hər hansı bir vəziyyətdə möminləri müdafiəsiz buraxmağı qarşılarına məqsəd qoymuşdurlar.
Tədbirli davranmaq və hər ehtimala qarşı hazırlıqlı olmaq isə mömin xüsusiyyətlərindən biridir. İman edənlər, həm öz sosial həyatlarında, həm də bütün müsəlmanları maraqlandıran mövzularda hər cür ehtimalı düşünərək hərəkət edər, görülməli olan hər cür tədbiri geniş şəkildə düşünər və görərlər. Müsəlmanları passivləşdirməyə çalışan insanlar da, səhv məlumatlandırmalarla ya da öz səhv məntiqlərini möminlərə qəbul etdirməyə çalışaraq, iman edənləri tədbir görməkdən çəkindirmək istəyirlər. Bunun üçün tətbiq etdikləri üsullardan biri də, həqiqi din əxlaqını yaşamayan bəzi insanları da möminlərə dost göstərməyə çalışmaq, beləcə möminlərin bu tərz kəslərin səbəb ola biləcəyi hallara qarşı tədbir görmələrinə mane olmaqdır.
Pasifist insanların azğın inanclarına görə, bir adamın “inandım” deməsi mömin olması üçün kifayətdir. Halbuki bu çox səhv bir fikirdir. Həqiqətən də, iman etdiyini deyən bir adamın bu razılığı olduqca əhəmiyyətli və qiymətlidir. Ancaq bunun rəftar və davranışlarla da dəstəklənməsi, həmin adamın sözünə inanmaq və etibar etmək üçün də vacibdir. İman etdiyini deyən bədəvilər üçün Rəbbimizin Quranda bildirdiyi “...de: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır “ (Hucurat surəsi, 14) ayəsiylə “iman etdik” deməklə, imanın qəlbə daxil olmamasına işarə edilir. Bununla yanaşı Allah, iman edənləri mütləq sınayacağını, “iman etdik” deməklə insanlardan əl çəkilməyəcəyini buyurur: “İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? (Ənkəbut surəsi, 2)
Səmimi olaraq iman edən bir kimsə, halal və haramlara riayət etmə mövzusundakı həssaslığı, Quranda bildirilən bütün hökmləri əskiksiz şəkildə yerinə yetirməsi, dözümlülüyü, səbri, təvəkkülü, sədaqəti, Allaha təslimiyyəti, taleyə iman etməsi, şükrü, təvazökarlığıyla imanının və dindarlığının dərinliyini ortaya qoyar. Pasifizmi hakim etməyə çalışan kəslərin hadisələri qiymətləndirməsində isə tam fərqli meyarlar vardır. Bu meyarların başında şəxsi mənfəətləri durur. Mənfəət təmin edəcəyini düşündükləri kəsləri, yuxarıda saydığımız mömin xüsusiyyətlərinin heç birini göstərməməsi belə, mömin olaraq qəbul edə bilərlər. Müsəlmanlara da bunu qəbul etdirməyə çalışırlar. Özlərinə görə yaxşılıq və pislik meyarları var. Bu batil meyarlara görə, özlərinə gələcəkdə fayda təmin edəcəyini ümid etdikləri bir insanı - əxlaqına heç bir fikir vermədən- “yaxşı insan” olaraq adlandırıla bilər. Dünyəvi mənfəətlərinə mane olacağına inandıqları bir insanı isə, asanlıqla “pis” insan olaraq adlandıra bilərlər. Buna görə də Allahın qoyduğu hüdudları aşan kəslərlə dostluq etməkdə, onları müdafiə etməkdə bir problem görməzlər.
Məsələn, müsəlman olduğunu deyən ancaq qumar oynayan bir insanın, ya da iman etdiyini deyən, lakin 5 vaxt namaz mövzusunda həssaslıq göstərməyən bir insanın səhv yolda olduğunu qəbul etməz. Namaz qılan ancaq nahaq yolla xeyir qazanmağa davam edən, oruc tutan lakin ehtiyac içində olanlara kömək etməyib mal hərisi olan, yalan danışan bir kimsənin əslində səhv bir mövqedə olduğuna inanmaz, tam əksinə bu insanların xətalarını müdafiə etməyə çalışarlar. Bir insan cahillikdən, məlumat çatışmazlığı üzündən ya da vicdanından tam istifadə etmədiyi üçün səhvən Quran əxlaqını tam tətbiq etməyə bilər, ancaq özünə öyüd-nəsihət verildikdən, doğru olan izah edildikdən sonra bu rəftarından tezliklə imtina etməlidir. Səmimi bir insan doğrunu görən kimi, ona tabe olar və səhv mövqeyini tezliklə tərk edər. Burada səmimi olduqları halda bəzi səhvliklər edən kəslər nəzərdə tutulmur. Pasifizmi yaymağa çalışan insanların israrla müdafiə etməyə davam etdikləri kəslər, bildikləri halda doğruya tabe olmayan, Allahın hökmlərini çox yaxşı başa düşdükləri halda rəftarlarında bir dəyişiklik etməyən, buna baxmayaraq “müsəlman olduğunu” iddia edən kəslər nəzərdə tutulur.
Əslində bu cür insanlara cahil cəmiyyəti içində tez-tez rast gəlinə bilər. Bunlar dinin hökmlərini tam mənasıyla tətbiq etməmələrinə baxmayaraq dini açıq şəkildə də rədd etməzlər. Bəzən namaz qılar, bəzən də oruc tutar, özlərindən soruşduqda isə “əsla pislik etmək istəmədiklərini” deyər, ancaq Allahın bir çox əmrini yerinə yetirməməkdə bir problem görməzlər. Hərdən bir, haram olan bir hərəkəti işləməkdən də çəkinməz, yaxşı niyyətli olduqlarını iddia edərək Allahın özlərini bağışlayacağını deyərlər. Bu kəslərə görə bəzən namazları qılmamağın, çox vaxt sübh namazına durmamağın, hərdən qumar oynamağın, lazım gəldikdə sələm yeməyin, sağlamlıq kimi qanuni bir səbəbi olmasa da bəzi günlər oruc tutmamağın heç bir problemi yoxdur. Halbuki tamamilə səhv bir məntiqin məhsulu olan bu şərhlər, Quran əxlaqına ziddir.
Rəsulullah (s.ə.v) də ibadətləri əskiksiz yerinə yetirməyin əhəmiyyətli olduğunu xəbər vermişdir. Məsələn, namaz qılmamağın ya da namazı vaxtında qılmamağın nə qədər təhlükəli olduğunu mübarək hədisi şəriflərində belə bildirmişdir:
İmam Şafi ilə Beyhəqiyə görə Peyğəmbərimiz (s.ə.v): “Hər hansı bir vaxt namazı qılmadan vaxt keçirənlər ailəsi dağılmış, mal-dövlətini itirmiş kimidirlər”-deyə buyurur. (İmam Gazali - Mükasefetü´l Kulub - Kalplerin Keşfi)
Pasifist kəslər, davranış tərzlərinin doğru olduğundan çox əmindirlər. Böyüklərindən belə gördüklərini, bu etdiklərinin ənənələrinə uyğun olduğunu irəli sürürlər. Bu rəftarları Quranda belə xəbər verilmişdir:
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)
Möminlər Allahın rizasını qazanmaq, Ona yaxınlaşmaq, Rəbbimizə olan itaətlərini və təslimiyyətlərini göstərmək üçün ibadətləri böyük bir fürsət kimi görər, huşu içində bu ibadətlərini yerinə yetirirlər. Pasifist insanların ən təhlükəli cəhətləri isə, ənənələrinə və batil anlayışlarına əsaslanaraq peyğəmbərlərin izah etdiyi haqq dinə tabe olmağı rədd etmələridir. Atalarından belə gördüklərini deyərək yaramaz əməlləri işləməyə davam edər və hətta bunu Allah onlara əmr etmişdir deyə yalan danışarlar. (Əraf surəsi, 28) Peyğəmbərlərin və elçilərin dəvət etdiyi yola tabe olmaz, israrla və düşüncəsizcə atalarının yolunun doğru olduğunu iddia edərlər. (Əraf surəsi, 70) vicdanları peyğəmbərlərin təbliğ etdiklərinin doğru və haqq olduğunu bildikləri halda, bunu “ulu babalarından eşitmədiklərini” (Qəsəs surəsi, 36) irəli sürərək əxlaqsızlıqlarına davam edərlər. Buna görə də müsəlman olduqlarını irəli sürdükləri halda, səmimi müsəlmanların qarşısında çıxış edər, Allahın Quranda əmr etdiyi əxlaqı özləri yaşamadıqları kimi digər insanların yaşamasına da mane olmağa çalışarlar. Bunun üçün də möminləri müxtəlif yollarla passivləşdirməklə məşğul olarlar. Bu kəsləri “müsəlmanlara qarşı olan müsəlmanlar” kimi adlandırmaq mümkündür.
Passivliyi müdafiə edən kəslər də səmimi möminlərə qarşı, guya müsəlman olduğunu deyən bu cür insanlarla əməkdaşlıq edərlər. Çünki eynilə bu kəslər kimi, passivlik tərəfdarları da açıq şəkildə dini rədd etdiklərini deyə bilməz, dini qismən tətbiq edərək özlərinə haqq qazandırmağa çalışarlar. Həmçinin belə bir xarakterin varlığı, öz əxlaqsızlıqlarını kamuflyaj edə bilmək üçün də əhəmiyyətli bir fürsətdir. Müsəlmanlara da bu azğın dünyagörüşünü təlqin etməyə çalışır və bu cəhətləriylə də müsəlmanları passivləşdirməyi qarşılarına məqsəd qoyarlar.
Daha əvvəl də ifadə etdiyimiz kimi, dindənkənar ideologiyalara qarşı həyata keçirilən fikri mübarizə möminlərin əhəmiyyətli məsuliyyətlərindən biridir. Passivliyin tərəfdarlarına görə isə, din əxlaqından uzaq bir kimsə belə “dost” qəbul edilə biləcəyi üçün belə bir mübarizə mühiti də normal olaraq aradan qalxır.
Halbuki, Rəbbimiz Quranda bizlərə müsəlman olduqlarını dedikləri halda, əslində iman etməyən insanların həqiqi üzünü xəbər vermişdir. Bunlar, müsəlmanlarla rastlaşdıqları vaxt: “iman etdiyini” deyən, öz şeytanlarıyla təklikdə qaldıqda isə, “...Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik! – deyirlər” (Bəqərə surəsi, 14) deyən kəslərdir. Belə bir ikiüzlülük edən kəslərə möminlərin əsla etibar etməyəcəyi aydındır. Çünki bu kəslər, mənfəətləriylə zidd düşmədiyi müddətcə iman edənlərə dost görünərkən, ən kiçik bir qarşıdurmada arxa çevirəcək və hətta möminlərin əleyhinə tələlər qurmağa cəhd edəcəkdirlər. Bu, Peyğəmbərimiz (s.ə.v)-in dövründəki müşriklərin göstərdikləri əxlaqın bir bənzəridir. Məkkəli müşriklərin bir qismi də, Peyğəmbərimiz (s.ə.v)-lə müqavilə bağlamalarına baxmayaraq, hər fürsətdə əhdlərini pozmağa cəhd edir, möminlərə qarşı rəftarlarını açıq şəkildə ortaya qoymuşlar. Rəbbimiz ayəsində belə bildirmişdir:
Necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir. (Tövbə surəsi, 8)
Sözləriylə möminləri razı salmağa çalışan ancaq qəlbən haqq dinə qarşı mübarizə aparan kəslərin həqiqi üzü “qəti əmr verildiyi zaman” ortaya çıxar. Allah, möminlərə “qəti əmr verildiyi zaman, Allaha sadiq qalmalarını” (Məhəmməd surəsi, 21) əmr etmişdir. Allahdan lazım olduğu kimi qorxmayan, etdiklərinin axirətdə hesabını verəcəyini dərk edə bilməyən kəslər belə vaxtlarda özlərini bəlli edərlər. Buna görə də səmimi olaraq iman edənlərin, bu kəsləri müəyyənləşdirmələri olduqca asandır. Nə qədər ki, dində passiv davrananlar, -özlərinə bir çox cəhətdən bənzəyən- bu kəslərin əsasında səmimi olduqlarını, dini tam bilmədikləri üçün tam mənasıyla tətbiq etmədiklərini deyərək onları müdafiə etsələr də, möminlər vəziyyəti bilirlər. Çünki bunlar, bilmədiklərindən deyil, bildikləri halda, qəbul etmədiklərindən haqq dini yaşamırlar. Həyat tərzləriylə, əxlaqlarıyla ruh hallarını və formal xarakterli məntiqlərini göz qabağına gətirən bu insanlara qarşı, möminlər, əlbəttə ki, məsafə saxlayacaq, bunlara qarşı daxilən bir sevgi və hörmət bəsləməyəcəklər. Allahın qoyduğu hüdudları aşan, Quran əxlaqını lazım olduğu kimi yaşamayanlara sevgi bəsləyənlər, din əxlaqını yaşamaqda tərəfsiz davrananlar, müsəlmanları passivləşdirməyə çalışanlardır. Möminlərin isə Allaha və Rəsuluna düşmən olanlarla heç bir dostluq əlaqəsi saxlmadıqları ayədə belə bildirilir:
Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)
Yuxarıda izah etdiyimiz kimi, din əxlaqını yaşamaqda bitərəf davranıb müsəlmanları da passivləşdirmək istəyənlər, Allaha iman etməyən və Quran əxlaqını yaşamayanlarla asanlıqla dostluq qura bilərlər. Ancaq ümumiyyətlə bu kəslərlə gizlində bir dostluq qurar və mümkün olduğu qədər bu dostluqlarını möminlərdən gizli tutmağa çalışarlar. Möminlərdən bunu hiss edənlər olduqda isə müxtəlif bəhanələr uyduraraq, əslində onlarla həqiqi bir dostluqlarının olmadığını, yalnız bəzi texniki səbəblərdən ötrü görüşdüklərini iddia edərlər. Allah onların yalan danışdıqlarını belə xəbər verir:
Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər. (Mücadilə surəsi, 14)
Burada qeyd etmək lazımdır ki, sosial həyatda mömin müxtəlif fikirləri olan kəslərlə əlaqə saxlaya bilər, bu olduqca təbiidir. Əlaqə saxladığı bütün insanlara qarşı da nəzakətlidir. Ancaq qəlbən həqiqi sevgi və hörməti, əlbəttə ki, yalnız iman edənlərə yönəldər. Möminlərin tək dostu, vəlisi və yardımçısı Allah, Onun Elçisi və səmimi olaraq iman edən digər möminlərdir. Ayədə belə buyurulmuşdur:
Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi, 55)
Qəlblərində xəstəlik olanlar isə, Allah və Rəsuluna tərəf çağırıldıqda, “münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən” (Nisa surəsi 61) Elçini və möminləri dost tutmaq əvəzinə, inkar edənlərə qarşı məhəbbət bəsləyərlər. Bu kəslərin inkar edənlərlə dostluq qurmalarının arxasında isə bir çox hiyləgər plan vardır. Əvvəlcə, ayələrdə də buyurulduğu kimi, bu insanlar əslində hansı tərəfdə olduqlarına qərar verə bilməmiş kəslərdir. Bir tərəfdən möminlərlə hərəkət edərkən, bir tərəfdən də daxilən inkar edənlərin həyat tərzini yaşamağı arzulayarlar. Qəti qərarlı olmadıqları və bir gün möminlərlə olan əlaqələrini tamamilə kəsmə ehtimalları olduğu üçün, digərləriylə də əlaqələrini tamamilə kəsməzlər. Həqiqi mənada iman edən bir insanın isə həyatı boyu möminləri dost tutacağı, onlardan uzaqda bir həyatı ağlından belə keçirməyəcəyi aydındır.
Necə ki, Allah onların bu qərarsızlığını “Onlar imanla küfrün arasında tərəddüd edir, nə bunlara, nə də onlara...” (Nisa surəsi, 143) ayəsində bildirir. Narahatlıqlarının başqa bir səbəbi də inkar edənlərlə gizlində əməkdaşlıq edərək möminlərin əleyhinə tələlər qurmalarıdır. Bu yolla möminlərə zərər verə biləcəklərini, onların fikri mübarizələrinə mane ola biləcəklərini zənn edərlər. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in dövründəki münafiqlərin, Allahın Rəsulundan ayrı bir məscid əldə etmələri və burada möminlər əleyhində inkar edənlərlə əməkdaşlıq etmələri bu vəziyyətin nümunələrindəndir. Ayədə belə bildirilir:
Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. (Tövbə surəsi, 107)
Ayədə də bildirildiyi kimi, bu kəslərin ən diqqətə çarpan xüsusiyyətlərindən biri də bütün bunları edərkən “yaxşı niyyətli olduqlarını” iddia etmələridir. Halbuki məqsədləri müsəlmanlara fayda vermək deyil, tam əksinə inkar edənlərlə əməkdaşlıq edərək müsəlmanlara mane ola bilməkdir. Həqiqətən yaxşılıq etmək istəyən bir insanın, Allahın və Peyğəmbərinin yoluna tabe olacağı aydındır. Möminlər Allahın və elçisinin vədinin haqq olduğunu, mütləq reallaşacağını bilir və yalnız Allahı, elçisini və möminləri sirdaş tuturlar. Bu insanlar isə bir tərəfdən möminlərin arasında bir həyat yaşayarkən, bir tərəfdən də inkar edənlərlə olan yaxın əlaqələrini gizlicə davam etdirərlər. Bu kəslər, insanlardan gizlətdiklərini Rəbbimizdən gizlədə bilməyəcəklərini isə əsla dərk edə bilməzlər. Allahın, şüuraltı düşüncələrini də, gizli planlarını da bütün təfərrüatı ilə birlikdə bildiyini başa düşə bilməzlər. Onlar gizli söhbətlər etdiklərini və özlərinə gizlində dostlar tutduqlarını zənn edərkən də, Allah onların hər anlarına şahid olur və mələklər də etdiklərini yazırlar. Ayələrdə belə buyurulur:
Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)
Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır. (Zuxruf surəsi, 80)
Halbuki unutmamaq lazımdır ki, möminlərə göstərməyib, inkar edənlərə yönəltdikləri sevgi və diqqət, bu kəslərin axirətdə böyük peşmançılıq çəkmələrinə səbəb ola bilər. Bunlar, adamı doğru yoldan sapdıra biləcək, insanı mütləq tək-tənha qoyacaq saxta əlaqələrdir. Dünyada olarkən bu həqiqəti görməkdən israrla uzaq duranlar, hesablaşma günündə peşmançılıqlarını açıq şəkildə ifadə edəcək, ancaq artıq o gün onlar üçün geriyə qayıdıb etdikləri əməllərini düzəltmək imkanı olmayacaq. Ayələrdə belə buyurulmuşdur:
Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan surəsi, 27-29)
Daha əvvəl müsəlmanları passivləşdirmək istəyən kəslərin, biganə rəftarlarıyla möminləri tədbir görməkdən və mübarizədən uzaq tutmağa çalışdıqlarını ifadə etmişdik. Bu insanlar bəzən yaşanılan risklərə qarşı tədbir görülməsinə mane olmağa çalışarkən, bəzən də ortada heç bir problem olmadığı halda, süni problemlər meydana gətirərək möminləri narahat etməyə çalışırlar.
Bəhsi keçən kəslərin ən diqqətə çarpan xüsusiyyətlərindən biri qorxaq və təvəkkülsüz olmalarıdır. Allahın gücünü lazım olduğu kimi təqdir edə bilməyən bu insanlar, alın yazısı həqiqətini də tam mənasıyla qavraya bilməzlər. Yaşanan hər anın, baş verən hər hadisənin Allahın müəyyənləşdirdiyi bir tale daxilində reallaşdığını başa düşə bilməzlər. Halbuki hər insan gündəlik həyatında ağla gəlməyən hadisələrlə qarşılaşa bilər. Özünə bir haqsızlıq edilə bilər, bir böhtana məruz qala bilər, zehni ya da fiziki bir hücuma məruz qala bilər... Allaha təvəkkül edən bir müsəlman, belə hallarda da taleyi unutmaz və hər şeyin Uca Allahın nəzarəti altında baş verdiyini nəzərə alıb qorxmaz, sıxılmaz ya da üzülməz. Həyatının hər anı kimi bunların da taleyin bir parçası olduğunu bilər və başına gələnləri böyük bir səbirlə qarşılayar. Hətta bəzən təvəkküldən uzaq bir insanın qorxub narahat ola biləcəyi hadisələrlə qarşılaşa bilər. Məsələn, bütün mal-dövlətini bir anda itirə bilər, uşağını itirə bilər, təhsil həyatı təhlükə altına girə bilər, işindən ayrılmaq məcburiyyətində qala bilər, ən yaxınlarından birinin amansız bir xəstəliyə tutulduğunu öyrənə bilər... Amma müsəlman heç bir hadisə qarşısında narahat olmaz. Allahın hər an yanında olduğunu bilər və Ona təvəkkül edər. Bütün bu və buna bənzər hallarda Allaha qarşı sarsılmaz bir təvəkkül və təslimiyyət içində olar. Allahın özü üçün yaratmış olduğu taleyə səmimi qəlbdən razı qalar və o taleyin heç bir dəyişiklik baş vermədən reallaşdığını unutmaz. Allah, insanların yaşayacaqları hər hadisənin bir kitabda yazılı olduğunu və insanların, kitablarında yazılanlardan başqa heç bir şey yaşaya bilməyəcəklərini bir çox ayəsiylə xəbər vermişdir. Bu ayələrdən biri belədir:
...Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)
Allahdan lazım olduğu kimi qorxmayan bu kəslər isə, Allahın “Doğrusu, onlar ürəklərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır” (Həşr surəsi, 13) ayəsində bildirdiyi kimi insanlardan çox güclü şəkildə qorxarlar. Buna görə də Allahın “...Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin!...” (Münafiqun surəsi, 4) ayəsində diqqət çəkdiyi kimi hər şeyin özlərinin əleyhinə olduğunu zənn edərlər. Quran əxlaqını yaşamaq mövzusunda aciz davrandıqlarından müsəlmanların aralarında olmalarına baxmayaraq Allahın, “Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır” (Tövbə surəsi, 56) ayəsində bildirdiyi kimi qorxu və narahatlıqlarla dolu tam fərqli bir ruh halı içində yaşayarlar. Bu narahatlıqlarını, süni problemlər və çaxnaşma mühitləri meydana gətirərək möminlərə də əks etdirmək istəyərlər. Qorxaq olduqları üçün ən kiçik bir mövzu onlar üçün problem və çaxnaşma deməkdir, hər şeyin tale içində yaşandığını düşünməzlər. Bu kəslər ruh hallarıyla yalnız özlərinə deyil, özləri kimi zəif imana sahib başqalarına da təsir edə bilərlər. Ruh hallarında üstünlük təşkil edən güclü çaxnaşma və qorxu halını xüsusilə onlara da hiss etdirməyə çalışarlar. Beləcə tərəfdar toplamaq üçün ortada qorxacaq ya da çaxnaşmaya düşəcək bir vəziyyət varmış təəssüratı yaradaraq narahatlıq meydana gətirməyi qarşılarına məqsəd qoyarlar.
Allahın “...bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı...” (Hədid surəsi, 14) ayəsində bildirdiyi kimi şübhələrə düşmüşlər. Möminlərin -Allahın izniylə- qalib gələcəklərinə qəlbən inanmadıqları üçün, ilk baxışda problem kimi görünən hər hadisəni şişirdilmiş şəkildə təqdim edərək, müsəlmanların içindən çıxılması çətin olan, həlli mümkün olmayan bir vəziyyətlə üz-üzə gəldikləri təəssüratını meydana gətirməyə çalışarlar. Çaxnaşma və problem mühitinin müsəlmanların gücünü azaldacaq bir vəziyyət olduğunu düşündüklərindən ötrü, bu istiqamətdəki ən kiçik bir inkişafı belə çox böyük bir fəlakətmiş kimi şərh edərək, müsəlmanlar içində çaxnaşma meydana gətirmək istəyərlər. Halbuki iman edənlər, şər kimi görülən bir hadisənin xeyir, xeyir kimi görülən bir hadisənin isə şər ola biləcəyini bildiklərindən, yaşadıqları hər anın -nə cür çətinliklərlə dolu olsa belə- Rəbbimiz tərəfindən bir çox hikmətlə yaradıldığına iman edərlər. Taleyə təslim olub heç bir narahatçılıq hissinə qapılmadan yaşayarlar. Özlərini passivləşdirməyə çalışan insanların çaxnaşma meydana gətirməyə istiqamətli hər cür tələsinin isə, “...həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər” (Ənfal surəsi, 18) ayəsində buyurulduğu üzrə boşa çıxacağını bilirlər.
Din əxlaqını tam mənasıyla yaşamaqda bitərəf davranan və müsəlmanları passivləşdirmək istəyən insanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri də həmişə neqativ söhbətlər aparmalarıdır. Din əxlaqını tam mənasıyla qavrayan, Quranı bütün həyatında tətbiq edən bir insan isə heç vaxt mənfi düşünməz və Allahın rəhmətindən bir an belə olsun ümidini kəsməz. Bu, Allahın Quranda bir çox ayəsiylə bildirdiyi əhəmiyyətli bir mömin xüsusiyyətidir:
…Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusif surəsi, 87)
Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)
Ümidsizlik, insanların maddi-mənəvi güclərini zəiflədən, onlara mənəvi pozğunluq, şövqsüzlük, pessimizm və bədbəxtlik gətirən, iman etməyənlərə aid bir xüsusiyyətdir. Passivliyi müdafiə edən insanlar özləri ümidsiz olduqları kimi, müsəlmanların da ümidsizliyə qapılmalarını və bu yolla şövqlərini və həyəcanlarını itirmələrini qarşılarına məqsəd qoyarlar. Möminlərin, yaşadıqları hadisələrdə həmişə xeyir və hikmət görmələrini isə başa düşə bilməzlər. Özlərinin fəlakət kimi gördükləri hadisələrin, əslində bir çox cəhətdən müsbət irəliləyişlərə vasitəçi olacaq, Allahın müxtəlif hikmətlərlə yaratdığı hadisələr olduğunu heç cür qavraya bilməzlər. Buna görə də həmişə fəlakət xəbərçiliyi edər, müsəlmanları insanlardan qorxmağa, fikri mübarizələrini tərk etməyə çağırarlar. Möminləri ümidsizliyə salmaq istəyənlərin, peyğəmbərlərin dövründə də bənzər söhbətlər apardıqları Quranda bildirilən bir vəziyyətdir. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in dövründə də bəzi insanlar, möminləri ümidsizliyə sövq etməyə çalışaraq, onlara qarşı insanların toplandığını demiş, öz ağıllarına görə beləcə möminləri mübarizədən uzaq tutmağa çalışmışlar:
Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər. (Ali İmran surəsi, 173)
Ayədən də göründüyü kimi, bu insanlar aşkarda möminlərə yaxşılıq edir, onları guya “dostcasına” xəbərdar edirlər. Halbuki, əsl məqsədləri möminlərin gözlərini qorxutmaq və onları mübarizədən döndərməyə çalışmaqdır. Ancaq saleh möminlər onların bu üslublarının təsiri altında qalmazlar. Ayədə də buyrulduğu kimi səmimi olaraq iman edənlər, bu insanlara “Allah bizə yetər, O nə gözəl qoruyandır!” deyərək, onların fəlakət xəbərçiliyi etmələrindən təsirlənməzlər. Rəbbimiz Özünə təslim olan və təvəkkül edənlərə verdiyi gözəl qarşılığı isə sonrakı ayədə belə bildirir:
Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. (Ali İmran surəsi, 174)
Pasifizmi müdafiə edənlərin zənn etdiklərinin tam əksinə, iman edənlər və Allahın razılığına tabe olanlara heç bir pislik toxunmaz və onlara Rəbbimiz tərəfindən ruzi verilər. Bu insanların, möminlərin çətin vəziyyətdə qalacaqlarına dair səhvlərinin əsas səbəblərindən biri isə, cahiliyyə əxlaqını yaşayanların sayca çox, saleh möminlərin də sayca az olmasıdır. Bu kəslər, sayca çox olmalarının inkar edənlərə fikirlə bir üstünlük təmin edəcəyini zənn edərlər. Halbuki bunun nə qədər böyük bir səhv olduğunu Allah Quranda bildirmişdir:
...”Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)
Bəhsi keçən kəslər möminlərə ümidsizlik vermək üçün, görüləcək hər yeni xidmətin qarşısını almağa və çətin kimi göstərməyə də çalışırlar. Məsələn, islam əxlaqının izah ediləcəyi bir iş görülmədən əvvəl, insanların bu işlərə rəğbət bəsləməyəcəklərini, buna görə də belə bir işin lazım olmadığını iddia edirlər. Beləcə hələ ən başından möminlərin bu mövzudakı şövqlərini yox etmək niyyətindədirlər. Ya da Quran əxlaqını yaymaq üçün görülən işi ləngitmək məqsədiylə, mümkün olduğu qədər çox adama çatmaq əvəzinə, yavaş-yavaş nə qədər adama çata bilirsə o qədər insana izah etməyin kifayət edəcəyini irəli sürərlər. Məqsədləri, möminləri tənbəlləşdirmək və güclənmələrinin qarşısını almaqdır. Sanki qarşı tərəfə kömək etmək və məlumat vermək məqsədiylə deyirmiş kimi, görüləcək hər işin əvvəlcədən qarşısını almağa çalışarlar. Bütün bunların nəticəsində isə möminləri ümidsizliyə salaraq əzmlərinin azalmasını qarşılarına məqsəd qoyarlar.
Ancaq möminlər bu cür ifadələrlə ümidsizliyə qapılmazlar, tam əksinə daha da şövqlənərlər. Çünki insanın qarşısına çıxan və çətinlik kimi görülən hər hadisəni yaradan Allahdır. Bu çətinliklərin hamısında saleh möminlər üçün bir xeyir və gözəllik vardır. Və möminlər üçün, Allahın köməyiylə, öhdəsindən gəlinməyəcək heç bir çətinlik yoxdur. Bunu bilən möminlər hər zaman hər mövzuda ümidvar olarlar. Buna görə də möminlərin üslubunda heç vaxt neqativlik olmaz. Həmişə etdikləri xidmətlərin ən mükəmməl şəkildə nəticələnəcəyinə inanırlar. Səmimi olaraq iman edənlər və peyğəmbərlərin yoluyla gedənlər, Rəbbimizin özlərini kömək və qələbə müjdələdiklərini bilirlər. Rəbbimiz, iman edənlərə belə müjdə vermişdir:
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. (Saffat surəsi, 171-172)