Müsəlmanlar bütün ömürlərini Allahın rizasını qazanmağa həsr etmiş, cənnətə daxil olmağa ümid edən, səmimi insanlardır. Bu məqsədləri onları hər an aktiv, şövqlü və oyanıq saxlayır. İçində olduqları şərtlər və mühit dəyişsə də onların bu vəziyyətləri heç dəyişməz, səmimi, şövqlü, Allaha qarşı təslimiyyətli rəftarlarını qoruyarlar. Allahın əmr və qadağalarına qarşı həssaslıqlarını hər an mühafizə edərlər. Allaha səmimi olaraq iman edən bir insan, bütün hadisələrin Allahın nəzarəti altında və təyin etdiyi taleyə görə baş verdiyinə qəti olaraq iman edər, hər çətinlikdən sonra mütləq bir asanlıq gələcəyinə inanar. Allah bu həqiqəti Quranda belə bildirir:
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 5-6)
... Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)
Müsəlmanlar, Allahın sözünün mütləq yerinə yetəcək bir vəd olduğuna qəti olaraq inandıqları üçün, hələ ən başından bir hadisənin bütün mərhələlərində mütləq yaxşı şeylərin baş verəcəyinə və bu hadisənin ən xeyirli şəkildə nəticələnəcəyinə inanırlar. Bu, Allaha qəti olaraq inanan və Quranın haqq kitab olduğunu bilən insanların iman formasıdır. İmanlarındakı bu qəti qərarlılıq sayəsində müsəlmanlar, dünya həyatında hər an aktiv, şövqlü, imanın gətirdiyi gözəl bir coşğu içində yaşayarlar. Allahın Quranda bildirdiyi kimi “yaxşı işlər görməkdə yarışan”, həmişə gözəl əxlaq üçün səy göstərən bir xarakter göstərərlər. Müsəlmanların bu şövqlü xarakteri ayələrdə belə xəbər verilir:
Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. (Ali İmran surəsi, 133)
Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Ali İmran surəsi, 200)
Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali İmran surəsi, 114)
Həqiqi müsəlmanlar Allahın rizasını qazanmaqda və gözəl əxlaqda göstərdikləri şövq və həyəcan ilə digər insanlardan fərqlənərlər. Ancaq “mən müsəlmanam” deyən bəzi insanların dedikləri ilə qəlblərində gizlətdikləri fikirlər çox fərqli ola bilər. Müsəlman olduğunu iddia edən bir adam iman etdiyini deyərkən əslində olduqca zəif bir imana sahib ola bilər, hətta bir gün gələndə Allahın varlığından və axirətdən yana ciddi şübhələri olan bir adam olaraq ortaya çıxa bilər. Allah belə insanları Həcc surəsinin 53-cü ayəsində “qəlbində xəstəlik olan” və “qəlbi sərt olan” insanlar olaraq təyin etmişdir. Allahın ayələrinin reallaşması qarşısında belə, bəhsi keçən insanların qəlbində səmimi bir şövq və gözəl əxlaqlı olma mövzusunda bir qərar vermək istəyi meydana gəlməz. Buna baxmayaraq, səmimi müsəlmanların davranışlarını müəyyən bir müddət təqlid edərək, bütün bu gözəllikləri yaşayırmış kimi bir görünüş verməyə çalışa bilərlər.
Özlərini saleh bir müsəlman kimi göstərməyə çalışdıqları bir halda, bir tərəfdən həqiqi müsəlmanları da özləri kimi passiv bir xarakterə sürükləməyə cəhd edə bilərlər. Quran əxlaqından uzaq bir həyat yaşamağı məsləhət göstərməyi qarşılarına məqsəd qoyar, müxtəlif hiylələrlə inananları cahilik həyatına çəkməyə çalışa bilərlər. Ancaq bu insanlar hər nə edirlərsə etsinlər, Allahın dininə və səmimi qullarına bir zərər verə bilməz, onları doğru yoldan sapdıra bilməzlər. Rəbbimiz vaxtı gəldikdə onların qəlbindəki xəstəliyi ortaya çıxarar:
Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? (Məhəmməd surəsi, 29)
Sonrakı hissələrdə təfərrüatlı olaraq izah edəcəyimiz kimi müsəlmanların içində hiyləgərcəsinə passiv, tənbəl və zəif bir xarakter yaratmaq məqsədi güdərək, müsəlmanların arasında özlərini gizlədən bu insanlar heç bir nəticə əldə edə bilməzlər. Həqiqi niyyətlərini ortaya qoymaları müsəlmanlar üçün təəccüblü olmaz. Çünki yuxarıda qısaca ifadə etdiyimiz kimi, onlar öz səmimiyyətsizliklərini bildirmələrindən xeyli əvvəl fərasət və bəsirət sahibi müsəlmanlar bu kəslərin qəlblərindəki xəstəliyi, imani zəifliklərini -Allahın izni ilə- diaqnoz edərlər. Onların qeyri-ciddi olmalarından heç bir şəkildə təsirlənməz, əksinə Quran əxlaqını yaşamaları üçün onlara ayələrlə öyüd-nəsihət verər və xatırlatmalar edərlər. Quranın “Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə”. (Nisa surəsi, 63) hökmünə görə səmimi olaraq iman etməyən bu kəslərə təsir edəcək sözlər deyərlər.
Ancaq müsəlmanların yaxşı niyyəti və hər cür səyinə baxmayaraq, bu insanların bir çoxu küfrlərindən əl çəkməz. Allah bu insanların vəziyyətini belə xəbər vermişdir:
Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)
Saleh müsəlmanlar, bu ciddi təhlükəyə qarşı ayıq-sayıq olmalıdırlar. Allah bir ayəsində “...yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər” (Rum surəsi, 60) deyə buyurmuşdur. Buna görə də müsəlmanlar hər cür zəiflik və şövqsüzlükdən və bu görünüşü verəcək rəftarlardan uzaq durmalı, insanları bu çirkin rəftarlara təşviq edən kəsləri da xəbərdar etməlidirlər. Çünki Allah, Quran ayələrinin yaşanmasına mane olmaq mövzusunda səy göstərən insanların aqibətini bizə belə xəbər vermişdir:
Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba giriftar ediləcəklər. (Səba surəsi, 38)
Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər. (Həcc surəsi, 51)