“Dəccal” kəlməsi bir çoxları üçün heç bir məna kəsb etmir. Çünki insanların böyük hissəsi bu mövzuda çox az məlumata malikdir, hətta bu sözü heç eşitməyiblər. Halbuki dəccal Peyğəmbərimizin (səv) Qiyamət günün yaxınlaşdığına işarə edən hədislərində haqqında çoxlu bilgi verilən əhəmiyyətli anlayışdır. Bu kitabın məqsədi dəccalı hədislərdə bildirilən xüsusiyyətləri ilə təsvir etmək, Peyğəmbərimizin diqqət çəkdiyi bu şeytani gücün yaxından tanınmasına vəsilə olmaqdır.
Dəccal axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxacaq ən böyük neqativ gücün adıdır. Hədislərdə, ümumiyyətlə, bir şəxs kimi təsvir edilir. Lakin bu, bir şəxs olduğu qədər şiddətə, vəhşiliyə meyilli və şeytani xüsusiyyətlərə malik olan, həmçinin insanlara zülm edən ideologiyanın da adı ola bilər. Kitabın növbəti səhifələrində dəccaliyyətin bu yönündən bəhs ediləcək, bunun bütün dünyaya təsir edən azğın fikir cərəyanı olduğu göstəriləcəkdir. Bu fikir cərəyanı sanki sehr kimi kütlərə təsir edir. Cəfəng və yanlış olduğuna baxmayaraq, ardıcılları çoxdur və öz içində belə müxtəlif məzhəblər mövcuddur.
Bu cərəyanın öz yanlış ideologiyasını dünyaya hakim etmək üçün insanları qorxuya salaraq qarışıqlıq və anarxiya meydana gətirməsi, həmçinin yer üzündə hüzur və güvənlik qoymaması üzərində dayanmalı olduğumuz başqa bir əhəmiyyətli mövzudur. Həmin cərəyanın hədəfinə çatması üçün ən çox istifadə etdiyi üsullardan biri müdafiəsiz insanlara qarşı istifadə olunan şiddət və terror aktlarıdır. Başqa sözlə desək, terror dəccali sistemin önəmli vasitəsidir. Dəccali sistemin tərəfdarları bu vasitədən sanki bir ayin kimi istifadə edir.
Bu gün hələ də dünyanın müxtəlif yerlərində davam edən müharibə, qarşıdurma, terror aktları, qətliam və cinayətlər axırzamanın ən əhəmiyyətli şeytani gücü olan dəccalın əsəridir. Bu sistemin əsas hədəfi insanları iman, gözəl əxlaq, sevgi və mərhəmət kimi bütün insani məziyyətlərdən uzaqlaşdırıb onları sevgisiz, aqressiv və şiddətdən zövq alan heyvana döndərmək, bu şəkildə dünyanı qanlı arenaya çevirməkdir. Ancaq bu planın heç bir zaman qalib gəlməyəcəyini və dəccali sistemin mütləq yox olacağını qəti unutmaq olmaz. Meydana gətirdiyi xaos və fitnənin ölçüsü nə qədər böyük olsa da, bu fikir cərəyanı digər haqq olmayan fikir sistemləri kimi Allahın qanunu gərəyi olaraq yenilib yox olmağa məhkumdur. Bu məğlubiyyət Allahın izni ilə Allaha ixlasla yönələn və yer üzündə iman və gözəl əxlaqın yayılması üçün cəhd göstərənlərin apardığı fikri mübarizə ilə baş verəcək. Bu, Allahın iman edənlərə vədidir. Bir Quran ayəsində haqqın ortaya qoyulmasının batili yox edəcəyi belə xəbər verilir:
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)