Cahil Cəmiyyətdə Peşələrin Təsiri ilə Formalaşan Xarakterlər

Cahil cəmiyyətdə bütün insan xarakterləri müəyyən meyarların təsiri altında qalaraq formalaşar. Bunların əsas səbələrindən biri də peşələrdir. Çünki peşə insanın cəmiyyət içərisindəki ictimai şəxsiyyətini və təbəqəsini təyin edən ən əhəmiyyətli amildir. Quran əxlaqından uzaq cəmiyyətlərdə hər insan peşəsi, ictimai etibarı və sərvəti dərəcəsində dəyər görər. Belə ki, yazılı bir qaynaq olmamasına baxmayaraq, cahil cəmiyyətdə bütün bu peşələrin etibarlılığına görə ardıcıllığı da məlumdur və hər kəs tərəfindən bilinir. Məsələn, bir professorun görəcəyi etibar bir rəhbərdən, bir həkiminki bir stilistdən, ya da bir memarınkı bir müəllimdən fərqlidir.

Bu səbəblə də cahil cəmiyyətdə özünə peşə seçəcək adam, yalnız öz maraq dairəsini və qabiliyyətlərini deyil, həmçinin əldə edəcəyi ictimai mövqeyi və görəcəyi etibarı da nəzərə almalıdır.

Peşə seçimiylə birlikdə insanın o günə qədər yaşadığı xarakter tam bir dəyişikliyə məruz qalar. Artıq seçdiyi peşənin xarakterini yaşamaq məcburiyyətindədir. Çünki cahil sistem, özünə bu xarakteri uyğun görmüşdür. Əgər həqiqətən də cəmiyyətdə bir yer tuta bilmək və hər hansısa bir yer tutmaq istəyirsə xarakterini dəyişdirməli və bu şəxsiyyətə bürünməlidir.

Bu cür bir xarakter dəyişikliyi cəmiyyətin heç bir üzvü tərəfindən qınanılmaz. Əksinə bu yeni xarakter nə qədər yaxşı tətbiq olunsa o qədər təqdirlə qarşılanar. Bu vəziyyətdə insanın geyim tərzindən, yeriyişinə, oturuşuna, səs tonuna, üslubuna qədər hər şeyi peşəsini təmsil edir.

Bununla belə hər peşənin "peşə ədəbi" adı altında xatırlanan özünəməxsus yanlış anlayışları da vardır. Bu səbəbdən də seçdiyi peşədə müvəffəqiyyətli ola bilmək və hər hansısa bir yer tuta bilmək istəyən hər bir insan bu "ədəb" olaraq seçilən cahil qaydalara tabe olmaq məcburiyyətindədir. Əlbəttə ki, burada nəzərdə tutulan dürüst, səmimi, çalışqan bir insanın göstərdiyi ədəb və ya tətbiq etdiyi əxlaqi qaydalar deyil. Cahil cəmiyyətdə nəzərdə tutulan peşə ədəbi, bəzən qeyri-qanuni qazancları, bəzən peşənin gətirdiyi qürur və eqoistliyi, bəzən əzikliyi, bəzən də dürüst olmamağı məqbul görən və əslində ədəblə heç bir əlaqəsi olmayan bir anlayışdır.

Həmçinin bunu da qətiyyətlə ifadə etməliyik ki, cahil cəmiyyətdə müxtəlif səbəblərdən ötrü bu qaydalardan kənara çıxan insanlar da vardır. Bu kəslər prinsipləri, ya da həyat tərzlərindən ötrü peşələrinin xarakterlərinə istiqamət verməsinə izn verməyə bilərlər. Ancaq bu çox kiçik bir azlıqdan ibarətdir. Necə ki, bu xarakterləri ortaya qoymaqdakı əsl məqsəd, onsuz da şəxsləri deyil, Quran əxlaqından uzaq bir cəmiyyətin böyük hissəsinə hakim olan yanlış anlayışı göstərməkdir.

Peşələri izah etməyə keçməzdən əvvəl üzərində dayanılması lazım olan olduqca əhəmiyyətli bir mövzu daha var: Bu hissədə ətraflı izah ediləcək mövzular peşələrə istiqamətlənmiş bir tənqid xüsusiyyəti daşımır. Əlbəttə ki, insanların bir cəmiyyət olaraq yaşaya bilməsi üçün hər kəsin müəyyən bir peşəsi olmalıdır, hər insan öz qabiliyyətləri və istəkləri çərçivəsində xidmət etməli, cəmiyyətə faydalı bir insan olmalıdır. Bu məqamda əhəmiyyətli olan budur: İnsanları peşələrinə görə qiymətləndirmək, ona görə təbəqələrə ayırmaq səhvdir. Bununla yanaşı insanların sahib olduqları peşəyə görə öz şəxsiyyətləri üzərində bu cür düzəlişlər etmələri səhv bir məntiqdir. Unutmamaq lazımdır ki, hər insan özünü yaradan Allaha qarşı məsuldur. Doğru olan da Allahın Quranda göstərdiyi yollarla insanları qiymətləndirməkdir. Quranda insanlar arasındakı üstünlük meyarı isə belə verilmişdir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən üstün (kərim) olanınız (irq və ya nəsil baxımından deyil) təqva (yəni, Allahdan qorxub-çəkinmək baxımından) ən üstün olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

Yuxarıdakı ayədə göründüyü kimi insanlar ancaq təqvalarından, Allaha olan yaxınlıqlarından, göstərdikləri dərin bağlılıqdan məsul tutulacaqlar. Bir adamın kişi və ya qadın olması, gənc və ya yaşlı olması, həkim və ya katibə olması o adamın haqq-hesab günü sorğuya çəkiləcəyi mövzular deyil. Hər kəs öz olduğu şərtlər daxilində Qurana tabe olmaqla, Allahın əmr etdiyi şəkildə yaşamaqla, Quran əxlaqına uyğun bir xarakterə yiyələnməklə məsuldur.

Məhz bu hissədə səhvinə diqqət çəkiləcək olan mövzu da insanların Allahı, haqq-hesab gününü, Allahın dinini unudub, müvəqqəti olan dünya həyatına qapılmaları və özlərinə görə bəzi dəyər mühakimələri qəbul etmələridir. Və sonra da səhv dəyərlər istiqamətində xarakterlərini, həyatlarını müəyyənləşdirmələridir. Peşələrə görə dəyişən bu cahillik xarakterlərini izah etməmişdən əvvəl ümumi mənada cəmiyyətə hakim olan iş qadını və iş adamı xarakterini araşdırmaqda fayda vardır.

İş Qadini Xarakteri

İş qadını xarakteri cahillik əxlaqının yaşandığı bir cəmiyyətdə evdar qadın xarakterindən daha çox etibar qazanar. Çünki cahillik meyarlarına görə, evdar qadından daha əhəmiyyətli idealları və daha diqqətə layiq məsuliyyətləri olduğu düşünülər. Necə ki, iş qadını olmağa qərar verən adamın əsl məqsədi də, evdar qadın şəxsiyyətindən və bu şəxsiyyətin bəzi kəslərdə səbəb olduğu mənəvi narahatlıqdan xilas olub öz aləmlərində daha etibarlı bir mövqeyə gələ bilməkdir. Bu səhv düşüncədə olan insanlara görə iş həyatı özünə hər şeydən əvvəl fərqli bir şəxsiyyət qazandıracaq, "öz ayaqları üzərində dayanmasını" təmin edəcək və onu kişilərlə böyük dərəcədə bərabər səviyyəyə gətirəcək.

Necə ki, cahil cəmiyyətdə bir iş qadınından gözlənilən də budur. Din əxlaqından uzaq yaşayan insanlar üçün ən əhəmiyyətli meyar maddi güc, yəni pul olduğu üçün bu imkana sahib qadınları digərlərindən üstün görərlər. Bu insanların sahib olduğu əxlaq deyil, sahib olduqları bank hesabları, kupçalar, şirkətin səlahiyyətli şəxsləri bir hörmət səbəbidir.

Məhz cahil əxlaqa sahib cəmiyyətdəki bu meyarlardan xəbəri olan iş qadınları da işlərinə böyük bir həvəslə sarılar və yiyələnərlər. Peşələrində nə qədər müvəffəqiyyətli olsalar o qədər şəxsiyyət qazanacaqlarına inanırlar. Bu səbəblə də iş yerindəki hər kəsə qarşı özlərini sübut etmək yarışına girirlər. Əgər o iş yerində çalışan kişilərin yuxarı səviyyəli kadra keçə bilərlərsə bunu böyük bir müvəffəqiyyət olaraq qəbul edərlər. Bu vəziyyət özlərinə görə çox əhəmiyyətli bir fürsətdir. Ətraflarına daima əmrlər yağdırar, səhv edilən ya da gecikən bir iş olduğunda bu kəsləri hər kəsin ortasında danlamaqdan çəkinməzlər. Bir tərəfdən kişilərə qarşı özlərini bu şəkildə sübut etməyə çalışarkən, bir tərəfdən də iş yerindəki qadınlarla rəqabət apararlar. Hər fürsətdə onların bacarıqsızlığını dilə gətirərək özlərini ön plana çıxarmağa çalışarlar.

Evdar qadınların cəmiyyətdəki imicinə sahib olmadıqları üçün özlərinin şanslı olduqlarını zənn edərlər. Halbuki dəyişən çox az şey olmuşdur, təməldə yaşadıqları cahil əxlaqına sahib qadın xarakteri yenə eyni vəziyyətdədir. Dəyişən yalnız məkanlar və kəslər olmuşdur. Evinin, ailəsinin problemlərini beyninə salıb əriylə ya da anasıyla çəkişən evdar qadın getmiş, yerinə iş yerindəki problemlərlə və işçilərlə rəqabət aparan, özünü sübut etməyə çalışan iş qadını gəlmişdir. Dedi-qodular, çəkişmələr, qısqanclıqlar və ya emosionallıqlar eyni sürətiylə davam edir. Çünki insanın içində olduğu çətin həyatdan, qaranlıq ruh halından xilas olmaq cahilliyin bir xarakterindən digərinə keçməsiylə deyil, ancaq ruhunda Qurana uyğun bir dəyişiklik aparmasıyla mümkün ola bilər. Məhz cahil əxlaqını yaşayan iş qadınları bu əhəmiyyətli həqiqəti nəzərə almadıqları üçün yenə cahilliyin bütün çətinlik və sıxıntılarını yaşamağa davam edərlər.

Mömin qadın isə bu əhəmiyyətli həqiqəti bilir. Özünü inkişaf etdirmək üçün diqqətini həyatında aparacağı texniki dəyişikliklərə deyil, ruhunda və əxlaqında aparacağı dəyişikliklərə verər. Bu səbəblə də daima müvəffəqiyyət əldə edər. Bundan başqa bir çox cahil qadınlarda olduğu kimi mənəvi narahatlıqlara sahib deyil. Ətrafındakı digər qadınlarla, iş yerindəki kişilərlə və ya müxtəlif insanlarla maddi dəyərlər və dünyəvi meyarlar üçün rəqabət aparmağı özünə layiq görməz. Belə bir rəftar üçün heç bir səbəb də yoxdur. Çünki din əxlaqında kişi-qadın rəqabəti, bir tərəfin üstünlüyü və ya əksikliyi kimi bir anlayış yoxdur. Hər ikisi də öz yaradılışlarına uyğun hərəkət edirlər. Bir-birlərinə bənzəməyə deyil, Quranda təsvir edilən mömin modelinə uyğun gəlməyə çalışırlar. Allah Qatında da, möminlərin arasında da yalnız imanlarının və gözəl əxlaqlarının səviyyəsinə qiymətləndirilərlər. Və bütün kişi və qadın möminlər yalnız xeyirli işlər görməyə tələsirlər.

İş Adami Xarakteri

Cahil əxlaqa sahib olan cəmiyyətlərdə işləyən kişilərin böyük əksəriyyəti Quranın bir çox ayəsində bildirildiyi kimi dünya həyatının məşğuliyyətlərinə aludə olmuşdurlar. Bütün həyatları işləri, ən böyük məqsədləri isə işlərində müvəffəqiyyət əldə etmək olmuşdur. İşdən kənar həyatlarına belə yenə bu pul qazanmaq ehtirası hakimdir. Ailələri başda olmaqla ətraflarındakı insanlarla danışdıqları mövzular çox məhduddur. Ya işdən bəhs edərlər, ya da heç danışmaz saatlarla oturub düşünər, başlarında daha çox pul qazanmağın planlarını qurarlar. Başları işlə o cür məşğuldur ki, adətən həyat yoldaşlarına, uşaqlarına, ailələrinə, dostlarına, yoldaşlarına qarşı olan mənəvi məsuliyyətlərini belə unudarlar.

Bu əxlaqdakı insanlar hər mövzunu işlə əlaqələndirərlər. İctimai əlaqələri mənfəətə əsaslanır. Dostluqlarını, hətta evliliklərini belə bu anlayış üzərində qurarlar. Özlərinə mənfəət təmin edə biləcəyinə inandıqları kəslərlə əlaqələrini gücləndirərkən, özlərinə fayda təmin etməyəcəklərinə inandıqları kəslərlə görüşməyi də vaxt itkisi olaraq qiymətləndirərlər.

İş yerində və evdə adətən gərgin və stressli bir xarakter nümayiş etdirərlər. İşlərinin yaxşı getmədiyi günlərdə "toxunsalar partlayacaq" şəklində ifadə edilən bir xarakterə bürünərlər. Bu tip vəziyyətlərdə olduqca dözümsüz olurlar. Bu hallarına biganə yanaşıldıqda isə daha da tərsləşər və əsəbiləşərlər. Xüsusilə də həyat yoldaşlarının iş həyatını qavramadıqlarına görə düşüncəsiz olduqlarını düşünər və şikayətlənərlər.

Adətən, demək olar ki, hər mövzuda özlərinə çox arxayındırlar, ağıllarını çox bəyənər və heç kimin sözünə etibar etməzlər. İllərin təcrübəsinə sahib olduqlarını və dolayısilə də hər şeyin ən yaxşısını və ən doğrusunu özlərinin bildiyini iddia edirlər. Bu səbəblə də onları inandıqları bir şeyin əksinə inandırmaq mümkün olmaz. Səhv etdiklərini, ya da səhv düşündüklərini görsələr belə sözlərini geri almaq və səhv etdiklərini qəbul etmək onlara çox ağır gəldiyi üçün buna yanaşmazlar.

Onları belə bir xarakterə yönəldən əsl amil isə əvvəldədə də ifadə edildiyi kimi "dünya ehtirası"dır. Bu ehtirasdan ötrü bir çox mənəvi dəyərlərini itirmiş, ancaq maddi mənfəətlərini düşünən kəslər olmuşdurlar. Burada qeyd etmək lazımdır ki, bir insanın pul qazanmaq istəməsi, işində müvəffəqiyyət əldə etmək üçün səy göstərməsi və ya işini yaxşılaşdırmağa istiqamətli planlar qurması olduqca təbiidir. Ancaq bu istəkləri dünyaya istiqamətli ehtiraslı bir şəhvətə çevirmək, axirəti unudaraq ehtirasa qapılmaq səhvdir. Yoxsa bir insan böyük bir zənginliyə və mülkə sahib olub, bunları Allahın razı olacağı şəkildə sərf etmək istəyə bilər və ya yaxşı bir niyyətlə müvəffəqiyyət əldə etməyə çalışa bilər.

Cahil cəmiyyətdəki iş adamı xarakterində isə belə yaxşı bir niyyət deyil, əksinə dünyaya qarşı ehtiraslı bir bağlılıq vardır. Halbuki xarakterlərinə bu dərəcədə hakim olan pul, dünya həyatının keçici bir faydasıdır. Dünyanın ən varlı insanı, ya da ən müvəffəqiyyətli iş adamı da olsalar, bir gün mütləq öləcək və bütün qazandıqlarını dünyada qoyub gedəcəklər. Özləri isə qazandıqları pulun heç bir faydasını görə bilməyəcək, bədənləri də torpağın altında çürüyüb gedəcək. Sonra isə dünyada etdikləri əməllərdən ötrü haqq-hesaba çəkiləcəklər. Bu haqq-hesab günündə özlərinə pul qazanmaq üçün nə qədər səy göstərdikləri, ya da nə qədər pul yığa bildikləri soruşulmayacaqdır. Allah üçün nə etdikləri, Allahın rizasını qazanıb qazanmadıqları soruşulacaq. Bu səbəblə də dünyaya aid göstərdikləri bütün bu səylər əbəsdir.

Quranda onların bu səylərinin boşa çıxacağı belə bəhs edilir:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar yaxşı işlər gördüklərini güman edirdilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (Kəhf surəsi, 103-105)

Müdir Və Direktor Xarakteri

Din əxlaqından uzaq cəmiyyətlərdə bir iş yerində bir-birindən fərqli bir çox xarakterə rast gəlmək mümkündür. Bu xarakterlərin hər biri həmin iş yerində özlərinə verilən mövqenin təsirində qalmışdırlar. Hər birinin yerinə yetirdiyi məsuliyyətlər, aldıqları əmək haqqı və digər işçilərə görə mövqeləri bu xarakterləri formalaşdırır. Bu şərtlərin təsiri altında yaranan xarakterlərdən biri də "direktor xarakteri"dir. Bu xarakteri daşıyan kəslərin öz aralarında çox normal qarşıladıqları, amma əslində olduqca səhv bir məntiqin məhsulu olan bir xüsusiyyətləri vardır; vəziyyətə görə dəyişib formalaşan iki xarakteri eyni anda yaşayarlar. Bunlardan biri iş yerində özlərindən mövqe və vəzifə etibarilə yuxarı olan kəslərə, digəri isə aşağı kadrlarda çalışan kəslərə göstərdikləri xarakterdir.

Cahil cəmiyyətdəki bu əxlaqa sahib kəslər müdirlərinin yanında olduqca məzlum bir xarakterə bürünərlər. Onlara həmişə olduqca ehtiram göstərər, hətta bəzən qabaqlarında "ikiqat əyilərlər". İstənilən hər şeyi dərhal yerinə yetirər və ən kiçik bir səhvə yol verməməyə olduqca etina edərlər. Müdirlərinin özlərinə hər cür söz deməyə, lazım gəlsə danlayıb tərsləməyə haqqı çatar. Müdirin bu rəftarları xətirlərinə dəyməz və bunun müdirlərinin haqqı olduğunu düşünərlər. Bütün gücləriylə özlərini bəyəndirməyə və onların gözünə girməyə çalışırlar. Hətta onların "gözünə girə bilmək" üçün öz işindən kənar başqa ağır işlərini belə görərlər. Bütün bu fədakar rəftarların səbəbi isə çox aydındır; onlara maaşlarını verən və iş yerinin bütün hüquq və səlahiyyətlərini əlində saxlayan adam, müdirləridir, bu səbəbdən də müdirlərin bütün mənfəətləri yenə bu kəslərin əlindədir. Onların dəstəyini və sevgisini qazanmaq, müdirlərin kariyeraları və gələcəkləri baxımından olduqca əhəmiyyətlidir. Bu səbəblə də bu əxlaqdakı kəslər şəxsiyyətlərindən və qürurlarından bəhsi keçən mövzuda güzəştə getməkdən çəkinmirlər.

Yenə burada əhəmiyyətli bir ayrı-seçkiliyi ifadə etməkdə fayda vardır: İnsanların özlərindən vəzifə və ya yaş etibarilə üstün olan birinə ehtiram göstərmələri, hörmət göstərmələri, əmrlərini yerinə yetirmələri, əlbəttə ki, gözəl bir davranışdır. Ancaq bu kəslərin bunu edərkən Allahın rizasını axtarmaları və qarşı tərəfi təmin edə biləcəyi maddi mənfəətlər istiqamətində deyil, onun əxlaqı istiqamətində qiymətləndirməlidirlər.

Halbuki cahil cəmiyyətdə insanlar qarşılarındakı şəxsləri bu cür meyarlar əsasında qiymətləndirməzlər. Maddi zənginliyi olan bir insan əxlaqi cəhətdən olduqca zəif olsa belə, ona dərin bir hörmət bəsləyərlər. Buna qarşılıq özlərinə bağlı olaraq işləyən kəsləri əxlaqlarını heç qiymətləndirmədən əzməyə çalışırlar. Çünki burada da meyarları Allahın rizası deyildir. Cahilliyin səhv məntiqinə görə özləri o insanlardan vəzifə etibarilə və maddi cəhətdən üstündürlər, buna görə də onlara hər cür pis rəftar göstərmə haqqına sahibdirlər. Artıq müdirinin qarşısındakı o əzik insan getmiş yerinə qürurlu, özünə həddindən artıq arxayın olan, "dediyim dedik" bir rəhbər gəlmişdir. Tabeliyindəki kəslərə qarşı olduqca qatı, prinsip sahibi və güzəştə getməyən biridir. Ətrafa əmrlər yağdırar, hər hansı bir çatışmazlıq olduqda isə, əlaqədar adamı hər kəsin ortasında danlamaqdan çəkinməz. Çünki bu kəslərdən heç bir mənfəət əldə etmir. Həmçinin müdirlərinin öz üzərlərində təmin etdikləri qürurlarını onlar da özlərindən aşağı səviyyədə işləyən kəslər üzərində tətbiq etmək istəyərlər. Beləcə şəxsiyyət əldə etdiklərini və müdirlərinin yanında büründükləri əzik şəxsiyyətdən xilas olduqlarını düşünərlər.

Bu iki xarakter arasındakı ziddlik iş yerinin bütün işçiləri və cahil cəmiyyət tərəfindən olduqca normal qarşılanır. Çünki sistemin belə işlədiyi düşünülər. Bu batil sistemə görə şirkətin sahibi müdirlərə, müdirləri katiblərə, katibləri də xadiməyə, ya da idarəxidmətçilərinə istədikləri rəftarları göstərməkdə sərbəstdirlər. Bu siyahıya tərsinə baxdıqda isə hər kəs özündən üstün olana qarşı əlindən gələn ən yaxşı davranışları göstərər və tələb olunanı ən dəqiq şəkildə yerinə yetirər. Ancaq bir-birlərinin yanında olmadıqda nifrətlərini dilə gətirməkdən çəkinməzlər və göstərdikləri hörmət də heç vaxt həqiqi bir hörmət olmaz.

Açıq şəkildə göründüyü kimi bu, olduqca yanlış bir sistemdir. Çünki bu insanlar gözəl davranmağı bildikləri halda sırf bir-birlərindən mənfəət əldə etmədikləri üçün bu rəftarları bir-birlərinə göstərməyə ehtiyac duymaz və ancaq bəhsi keçən mənfəətlər olduğunda istifadə edərlər. Bu rəftarlar cahil sistemin yanlışlığı içərisində gözə batmaz və gündəmə gətirilməz. Halbuki bu Qurana görə böyük bir vicdansızlıq nümunəsidir. Çünki insan vicdanının və ağlının çatdığı səviyyədə, şərtlər nə olursa olsun, hər hansı bir maddi və ya dünyəvi dəyər güdmədən, ən gözəl rəftarları göstərməklə məsuldur. Allah insana tolerant və təvazökar olmasını əmr etmişdir.

Çünki insanın özünü ətrafındakı kəslərdən üstün görə biləcəyi, özünə aid heç bir xüsusiyyət yoxdur. Mövqe də, məqam da ancaq Allaha aiddir. Onu qullarından istədiyinə verər və istədiyini ucaldar. İstədikdə isə insanın vəziyyətini tam tərsinə çevirməyə və ona verdiyi bütün imkanları geri almağa qadirdir. Məhz bu səbəblə də insan Allaha hər an itaət etmək məcburiyyətindədir. Allah insana bu mövqeyini və acizliyini Quranda belə xatırlatmışdır:

Yer üzündə lovğalanaraq gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. (İsra surəsi, 37)

Məhz mömin, bu əxlaqı yaşayan insandır. Yer üzündə qarşısında hər kim olursa olsun lovğalanmır və Allaha qarşı məsul olduğunu unutmur. Bu səbəblə də belə dəyişkən və səmimiyyətsiz bir xarakteri özünə yaraşdırmaz. Allahın bəyəndiyi əxlaqı hər an, hər yerdə, hər kəsə qarşı göstərər. Qarşısındakı insanın məqamı, mövqeyi nə olursa olsun hörmətli və nəzakətli bir rəftar göstərər. Amma bu gözəl rəftarlarına qarşılıq o adamdan bir mənfəət gözləməz; əksinə hər yaxşı əməlin qarşılığını Allahdan gözləyər, Onun rizası üçün səy göstərər.

Katiblik Xarakteri

Cahil cəmiyyətdə bəzi peşələr digərlərinə görə daha göstərişli, bəziləri isə daha sadə sayılar. Katiblik bir çox peşəyə görə daha sadə qəbul edilir. Bunun ən əhəmiyyətli səbəblərindən biri isə, bu kəslərin bir adamın köməkçisi olaraq işləmələridir. Bu səbəblə də cahil cəmiyyət içində katiblərdən özlərindən peşələrini nə olduğu soruşulduqda çox vaxt "assistentlik edirəm" kimi cavablar verərək özlərini daha keyfiyyətli göstərmək istəyirlər. Bu peşənin cəmiyyətin bəzi dairələrində çox etibar qazandıracaq bir xüsusiyyət daşımamasından ötrü, kariyera sahibi müdirləriylə və onların köməkçisi olmaqla öyünərlər. Halbuki bir insan təmiz bir işdə, halal yollarla pul qazanırsa bununla kifayətlənməlidir. Heç kimin cahil meyarlara görə üstün bir mövqeyə sahib olması, ətrafındakı insanlardan etibar görməsi lazım deyil. Bir insanı qiymətli edən və ona həm dünyada, həm də axirətdə gözəl bir həyat təmin edəcək olan, Allahın rizasını güdərək gördüyü işlərdir.

Cahillik əxlaqı isə əvvəldə də ifadə etdiyimiz kimi tam fərqli və çox səhv meyarlara malikdir. Bu səhv dəyər mühakimələrini mənimsəmiş olan katiblər də daxilən müdirlərinə qarşı böyük bir heyranlıq bəsləyirlər. Onları himayədarları kimi görərlər. Bu səbəblə də öz üzərlərində hər cür haqqa sahib olduqlarını düşünürlər. Tərs rəftarlarından, əmrlər yağdırmalarından, ya da hər cür işlərini gördürmələrindən heç bir şəkildə inciməz və narahatlıq duymazlar. Əksinə onlar özlərindən gözləniləndən xeyli çoxunu edər və müdirlərini məmnun etmək üçün böyük bir səy göstərərlər. Çünki müdirləri bir mənada onların gələcəyi deməkdir. Onları iş həyatında daha yaxşı bir mövqeyə gətirə biləcək, dost-tanış dairəsinə sahib olmalarını təmin edə biləcək və hətta əgər çətin vəziyyətdə qalsalar kömək edə biləcək tək adamın yenə müdirləri olduğunu düşünürlər.

Əslində gördükləri işlərin əksəriyyəti bir katibin işinə aid olan şeylər deyil. Amma cahil cəmiyyətdə katiblər verilən hər vəzifəni etməklə məsuldurlar. Bunu fürsət bilən müdirlər də onları mümkün qədər işlədərlər. Gün ərzində əsəbiləşərək daima katibin üstünə qışqırıb-bağırarlar. Katibləri bütün bunlar qarşısında səssiz qalar, müdirlərinin üzünə qarşı gülər, amma fürsət tapdıqca da arxalarından qeybətini qırarlar.

Bu vaxt katibləri də müdirlərindən gördükləri iş əxlaqını başqalarına tətbiq edərlər. Onlar da öz işlədikləri mühitdə əmrlər yağdırıb işlərini etdirə biləcək bəzilərini mütləq taparlar. Bu kəslər adətən çayçılar ya da təmizlik işçiləri olar.

Xüsusilə də yuxarı vəzifədə işləyən birinin katibliyini edənlər, şirkətin digər işçilərinə qarşı olduqca qürurlu rəftarlar göstərərlər. Çünki özlərini böyük bir şirkətin müdirinə ən yaxın adam mövqeyində görərlər. Cahil sistemdə holdinq şirkəti müdirinin katibinin şirkət daxilində, cahil məntiqinə görə bir üstünlüyü vardır. Bütün müdirləri patronun daxil olmadan əvvəl onunla əlaqə saxlamaq məcburiyyətindədir. Çox vaxt müdirin ruh halını katibindən soruşarlar. Katibləri də bu vəziyyəti fürsət bilib, digər işçilərə davamlı əmrlər yağdırar, xüsusilə aşağı vəzifədə işləyən işçiləri danlayarlar.

Cahiliyyə əxlaqının yaşandığı bir cəmiyyətdə bu xarakterdə yalan danışmaq, bütün rəftar pozuqluqlarına göz yummaq, arxasından danışmaq və ikiüzlü davranmaq kimi daha bir çox cahiliyyə rəftarını görmək mümkündür. Bütün bunlar tək bir adamın məmnuniyyətini qazanaraq ondan mənfəət əldə etmə məqsədini daşıyır.

Halbuki insana dünyada və axirətdə mənfəət təmin edə biləcək tək güc Allahdır. İnsanların gözünə girməyə və onların məmnuniyyətini qazanmağa çalışan kəslər, əsl məmnuniyyətinin qazanılması lazım olanın yalnız Allah olduğunu unudarlar. Möminlər isə, yalnız Allahın məmnuniyyətini qazanmağa çalışanlardır. Heç vaxt insanları gözlərində böyüdüb, onları güc sahibi zənn edib, onlardan mənfəət umma kimi səhv bir fikirlərə düşməzlər. Talelərinin və gələcəklərinin ancaq Allahın nəzarətində olduğunu bilirlər.

Həkim Xarakteri

Həkimlik peşəsi xüsusilə dövrümüzün cəmiyyətlərində xalq tərəfindən əl üstündə tutulan və hər dairədə hörmət oyandıran bir peşə sahəsidir. Həqiqətən də insanların sağlamlığı üçün çalışmaq ciddi bir səy və fədakarlıq tələb edir. Ancaq Quran əxlaqından uzaq cəmiyyətlərdə insanların həkimlərə olan dünyagörüşləri və həkimlik peşəsini seçənlərin də bundan ötrü daşıdıqları xarakter bəzi fərqliliklər göstərər.

Əvvəlcə bəzi insanlar həyatlarının həkimlərin əlində olduğu kimi səhv bir inanca sahibdirlər. Buna görə də bu peşənin sahiblərindən "mədət umarlar".

Ailələrin əksəriyyəti uşaqlarının həkim olmasını istəyər və uşaqlarına bu istiqamətdə təlqin verərlər. Bu səbəblə də "böyüdükdə həkim olacağam" deməyən uşaq demək olar ki, yox kimidir. Şübhəsiz ki, ata anaların uşaqlarını insanlara fayda verəcək bir peşəyə yönəltməsi gözəl bir davranışdır. Ancaq cahil cəmiyyətdə ailələrin uşaqlarını bu peşəyə yönlədirməsindəki ilk məqsəd ətraflarından tərif toplamaqdır. Digəri isə ailənin hər hansı bir xəstəliyi olduğunda, həkim olan uşaqlarının özlərinə ən yaxşı şəkildə baxacağını düşünmələridir. Beləliklə də ailə üzvləri özlərini bir cür arxayın hiss edərlər. Yenə eyni səbəblərdən ötrü həkimlər ən məqbul kürəkən namizədləridir.

Cahil cəmiyyətin həkimlərə olan bu səhv dünyagörüşü, insana tibb fakültəsinə girdiyi andan etibarən aşılanmaya başlanır. Ağ önlüklə xəstəxana koridorlarında yeriyən həkim namizədləri qarşılarında tək bir model görərlər. Onlara öyrədilən həkim modelində həkimlər əvvəlcə özlərindən çox arxayın olurlar və özlərinin hər şeyi bildiyini zənn edərlər. Xəstələrin başa düşə bilməyəcəyi bir dillə danışıb, cümlələrinin içində bir çox tibbi termindən istifadə edərlər. Bu kəslər, əlbəttə ki, xəstələrinin bu sözləri başa düşməyəcəyini bilirlər. Amma yenə də bu xarakterlərini dəyişdirməz, bunu həkimliyin bir tələbi olaraq mənimsəyirlər. Bəhsi keçən əxlaqın yaşandığı cəmiyyətlərdə həkimlərin böyük bir qisminin məzun olduqdan sonra sonra dünyada bir neçə məqsədləri qalar; tanınmış bir mütəxəssis və ya professor olmaq, məşhur bir klinikaya sahib olmaq, mümkün olduqca çox pul qazana bilmək və s.

Bəzi cəmiyyətlərdə insanlara verilən ən böyük təlqin, həyatlarının həkimlərin əlində olduğu yanılmasıdır. Məhz bu kimi cəmiyyətlərdə həkimə göstərilən ehtiram və hörmətin altında insanların bu səhv düşüncəylə yetişdirilməsi yatır. Özlərini bir damla sudan yaradan, onlara ruzi verən Uca Allahın üstün güc və qüdrətindən tamamilə xəbərsiz yaşayan cahil cəmiyyət, zehinlərində sanki ilahiləşdirdikləri həkimləri (Allahı tənzih edirik) fövqəlbəşər güclərə sahib bir varlıqmış kimi qəbul etmə kimi səhv anlayışa qapılarlar. Xəstəliklərindən xilas olmaq üçün cahil şəkildə onlardan mədət umarlar. Halbuki Allah insanları xəbərdar etmiş və hər insanın ancaq bir qul olduğunu bildirmişdir:

Allahdan savayı sitayiş etdikləriniz də sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, dərhal çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)

Əlbəttə ki, bir insanın şəfa üçün həkimə getməli, onun tövsiyə edəcəyi şeyləri tətbiq etməlidir. Amma bunu edərkən unutmamaq lazımdır ki, insanlara xəstəliyi də, şəfanı da verən Allahdır. İnsanların harada və necə öləcəyini də yalnız Allah təyin edər. Allah hər kəs üçün bir ölüm vaxtı müəyyənləşdirdiyi halda, insanlar bundan xəbərsiz o günə doğru yaxınlaşarlar. Bu böyük həqiqəti unudaraq qəflət içində yaşayan insanlar Allaha dua etməyi unudar, amma həkimlərin özlərinə kömək edəcəyinə ümid edərlər. Özlərindən bu qədər ciddi şeylərin gözlənilməsi, Quran əxlaqından uzaq yaşayan həkimlərdə də fərqli bir qürur hissi yaradar.

Bəzi həkimlərin özəl klinikalarındakı göstərdikləri rəftarlarıyla, xəstəxanada işlədikləri vaxt göstərdikləri rəftarlar arasındakı fərq də cahiliyyə meyarlarının yanlışlığını ən gözəl şəkildə göstərir. Klinika özəl bir qurum olduğu üçün bura gələn xəstələr də adətən maddi baxımdan varlı kəslərdir. Cahil insanların pul hərisliyi, varlı insanlara qarşı olduqca nəzakətli davranmağı tələb edir, bəzi həkimlər bura gələn xəstələrə qarşı olduqca nəzakətli davranarlar. Çünki müayinə olunmağa gələn adam bu həkimi özü seçmişdir. Gördüyü diqqəti bəyənmədiyi təqdirdə pulunu ödəyərək başqa həkimə gedə biləcək gücdədir.

Hadisələrin digər bir tərəfi də vardır. O da bəzi həkimlərin maddi baxımdan varlı olmayan xəstələrə qarşı olan rəftarlarıdır. Pulu olmayanın cahil sistem içərisindəki mövqeyi həmişə əzilməyi tələb etdiyindən, bu səhv məntiqləri xəstəxanalarda çalışan bəzi həkimlər də tam mənasıyla mənimsəmişdirlər. Həkimlərin xəstəxanalarda ünsiyyətdə olduqları şəxslər çox vaxt kasıb insanlardır. Buna görə də cahil məntiqiylə hərəkət edən bəzi həkimlər özlərini xəstəxananın ən təcrübəli həkimi olaraq görərlər. Cahiliyyə məntiqində bu xəstələrə dəyər verilmədiyi üçün xəstəxanalarda elə də çox üzlərinə baxılmaz. Hətta bir çox xəstəxana işçisi də eyni səhv dünyagörüşünə sahibdir. Bir yer və ya həkim adı soruşan xəstələrə olduqca soyuq davranarlar. Onlar da bu mühitə uyğunlaşaraq şəfqət və mərhəmət hisslərindən uzaqlaşmış, gördükləri mənzərələrə alışmışdırlar. Xəstəxanaya gələn xəstələr hələ xəstəxananın qapısından daxil olarkən qapıda dayanan gözətçinin əsəbi və kobud rəftarlarıyla qarşılaşarlar.

Cahil əxlaqın hakim olduğu cəmiyyətlərdə həkimlərin böyük bir hissəsi çox az bir maaşla xəstəxanalarda gecə-gündüz işləyirlər. İllərlə bu yerlərdə işlədikdən sonra da ən çoxu bir gözləmə otağı və bir xəstə otağı olan, bir klinikaya sahib olarlar. Bu, bir çox həkimin həyatdakı ən böyük idealıdır. İnsanlara yaxşılıq etmək və kömək etmək, əlbəttə ki, təqdir ediləcək bir davranışdır. Ancaq cahil əxlaqın hakim olduğu həkim xarakterində bu ağır işin təməlində yalnız mövqe, maddiyyat, şöhrət kimi dünyəvi gözləmələr vardır. Halbuki hansı peşədə işləyirsə işləsin adamı şərəfli, hörmətli və etibarlı edəcək şey bu adamın Allahın sevgisini, rizasını və axirəti qazanmaq üçün səy göstərməsi və öz acizliyini bilərək çalışmasıdır.

Unudulmamalıdır ki, peşəsi nə olursa olsun hər insan qısa bir həyat yaşayıb axirət həqiqətiylə qarşılaşacaq. Öldükdən sonra neçə xəstəyə baxdığı, tibbi terminləri kifayət qədər bilib-bilmədiyi, peşəsindəki dərəcəsi və bu tərz cahillik meyarları deyil, Allah rizası üçün necə işlər gördüyü soruşulacaq. Lakin din əxlaqından uzaq cəmiyyətlərdəki həkimlərin əksəriyyəti bu həqiqətləri görüb dərk edə bilməzlər. Çünki cahilliyin illərlə özlərinə verdiyi güclü təlqinin təsiri altındadırlar. Onlar üçün yalnız cəmiyyətin məmnuniyyətini qazanmaq, insanların gözündə etibar sahibi olmaq vacibdir.

Quran əxlaqına uyğun olan isə görülən hər işin yalnız Uca Allahın rizasını qazanmaq məqsədiylə görülməsidir. Möminlər peşələri nə olursa olsun gözəl bir əxlaq göstərərlər. Möminlər yanlarında olan xəstə, gücsüz və zəif insanların ən böyük dəstəkçisi və köməkçisidirlər. Bu davranışlar onların Qurana tabe olmalarından və Allahın əmr etdiyi əxlaq anlayışından əsla uzaqlaşmamalarından qaynaqlanar. Qurana möhkəm bağlanmış olan bir insan, tibb elmini qavraya bilməsinin ancaq Allahın istəyi ilə olduğunu, şəfa verəcək hər şeyi Allahın yaratdığını bilir. Bu səbəblə də etdiklərinə, ya da bildiklərinə Allah istmədikcə sahib ola bilməyəcəyini açıq şəkildə görür. Özünün də hər an xəstələnə biləcəyini və bu vəziyyətdə də Allahdan başqa köməkçi və şəfa verici olmadığını unutmaz. Hz. İbrahimin Quranda bildirilən bu mövzudakı duası bütün insanların özlərinə nümunə götürməsi lazım olan yüksək bir əxlaqı əks etdirir:

O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şuəra surəsi, 78-82)

Cahillikdə Tibb Bacisi Xarakteri

Əvvəlcə qeyd etmək lazımdır ki, insanlara mərhəmətlə yanaşan, az bir qarşılıq əvəzində olduqca fədakar bir şəkildə səhərə kimi xəstə insanlara kömək etməyə çalışan bir çox tibb bacısı vardır. Ancaq burada cahilliyin din əxlaqından uzaq xarakterini yaşayan kəslərdən bəhs ediləcəkdir.

Bu cür insanlar gün ərzində ən ağır vəziyyətdəki xəstələrlə iç-içə yaşadıqları üçün xəstələrin bütün problemlərinə vərdiş etmişdirlər. Hətta vicdani cəhətdən xeyli nəzakətsiz olan bir qismi, şəfqət və mərhəmətlə kömək etmək əvəzinə sakit və laqeyd bir rəftarla xəstələri gözlətməyi, biganə davranmağı və hətta danlamağı belə normal rəftarlar halına gətirmişdir. Belə insanlar, xəstələrin əksəriyyətinin xəstə psixologiyasıyla hərəkət etdiklərini və vəziyyətlərini şişirtdiklərini düşünərək və özlərindən tələb edilən köməyi əsirgəyərlər.

Acizlik içərisindəki xəstələrin özlərinə möhtac olduğunu bilmələri cahil əxlaqdakı bəzi tibb bacılarını qürurlu bir rəftara yönəldər. Xəstələrə yuxarıdan aşağı baxan, onları dəyər verməyən və hətta bəzən də alçaldan bir rəftar göstərərlər. Çünki özləri möhtac olunan insan mövqesindədirlər. Onlara görə bu qədər “əhəmiyyətli insanların” adi insanlara qarşı olan rəftarları da normal olaraq qürurlu və kobud olmalıdır.

Bu pis əxlaqı yaşayan kəslərin bir-birlərinə qarşı olan rəftarları da xəstələrə olan rəftarlarından elə də fərqlənmir. Hər kəs olduğu mövqeyə görə davranar. Məsələn, baş tibb bacısına çox hörmət göstərdikləri halda, digər tibb bacılarına xor baxarlar.

Cahillik əxlaqını yaşayan bəzi evdar qadınların fikirləri necə ki, evin dörd divarı arasına sıxışıb qalmışdırsa, bir qisim tibb bacıları da eyni xarakterlə xəstəxana sərhədləri daxilində sıxışıb qalmışdırlar. Bu dünyada özlərini gözlərində çox böyüdər və qürurlanarlar. İnsanlara özlərinin şəfa verdiklərini zənn edər, yalnız bir vəsilə olduqlarını düşünməzlər. Halbuki xəstləndiklərində özlərinə şəfa verə bilmədiklərinə, zərərə mane ola bilmədiklərinə özləri də açıq şəkildə şahid olarlar. Amma yenə də bir çoxu bu batil inanclarından imtina etməzlər. Allah bir ayəsində Özündən başqa heç kimin zərər və ya fayda verməyə qadir olmayacağını belə bildirir:

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” " (Zumər surəsi, 38)

Allah insanlara, yalnız Özünə güvənmələrinin lazım olduğunu bildirmişdir. Daha əvvəl hz. İbrahimin Quranda bildirilən duasında gördüyümüz kimi, möminlər yalnız Allaha təvəkkül edən, köməyi yalnız Ondan gözləyən insanlardır. Allahın yaratdığı bir faydanın və ya zərərin yenə Ondan başqa qarşısını ala biləcək bir güc olmadığına səmimi şəkildə iman edərlər. Dünyadakı bütün dərmanların, həkimlərin, tibb bacılarının və ya tətbiq olunan bütün müalicələrin Allahın insanlara şəfa vermək üçün yaratdığı vəsilələr olduğunu unutmazlar.

Tacir Xarakteri

Cəmiyyətdə işləyən seqmentin böyük bir hissəsi tacir adı altında təsnif edilir. Mağaza sahiblərindən kiçik tacirlərə, dəzgaha baxan şəxslərdən küçə satıcılarına qədər bir çox peşə sənətkar tərifinə daxildir. Cahillik əxlaqının yaşandığı cəmiyyətlərdə, tacir olaraq xarakterizə edilən kəslərin də bir çox peşə qrupu kimi özünəməxsus bəzi xüsusiyyətləri vardır.

Bir çox cahillik xarakterində olduğu kimi cahilliyin tacir xarakterinə istiqamət verən ən əhəmiyyətli amili də yenə maddi dəyərlərdir. Daha çox cəmiyyətin orta səviyyəli təbəqəsindən gələn bu insanların böyük bir hissəsi, cahil əxlaqı yaşadıqları və Qurana tabe olmadıqları üçün pul qazanmaq uğrunda hər cür hala girə bilən bir xarakterə yiyələnmişdirlər. Çünki cəmiyyətdə yer tuta bilmələri və hörmətli bir sifət qazana bilmələri ancaq zəngin olmalarıyla mümkün olar. Çünki cahil cəmiyyətdə adamın əxlaqından, peşəsindən və ya kariyerasından əvvəl gələn ən əhəmiyyətli meyar zənginliyidir. Adamın maddi bir gücü olduğu vaxt, onun nə cəhaləti, nə mədəniyyətsizliyi, nə də xarici görünüşü bir problem meydana gətirər. Maddi güc həmişə hər cür imkanın qapısını aça bilər.

Bu səbəblə də cahillik meyarlarına görə yaşayan tacirlərin çoxu, yaxşı pul qazanmağın yollarını axtarar və bütün həyatları da bundan ibarət bir hala gələr. Əlbəttə ki, bir insanın maddi qazancının yaxşı olması üçün səy göstərməsində heç bir qəbahət yoxdur. Ancaq bir insanın bunu edərkən malın və zənginliyin həqiqi sahibinin Allah olduğunu, Allahın istədiyini zəngin, istədiyini kasıb etdiyini və bunda bir çox hikmət olduğunu unutmamalıdır. Qəniyy (çox zəngin, heç nəyə ehtiyacı olmayan) olan Rəbbimiz Allahın verdiyindən razı olmalı, Allahın məmnunluğu və rizası üçün zəngin olmasını istəməli və Allahın lütfü olan malı yenə Allah yolunda ən yaxşı şəkildə qiymətləndirməlidir. Belə olmadıqda isə, çox eqoist və mənfəətçi bir xarakter formalaşa bilər. Bu səbəblə də cahillikdəki tacir xarakterində olan bir çox adamın böyük ideallara sahib, mənəvi keyfiyyətləri güclü bir fərd olmaq kimi hədəfləri yoxdur; ən böyük məqsədləri zəngin olub dünya ilə bağlı mənfəətlər əldə etməkdir. Ümumiyyətlə öz mənfəətini güdən bir xarakterə yiyələnərlər. İnsanlardan nə qədər mənfəət əldə etsələr özlərini o qədər çoxbilmiş görərlər.

Bu hərisliyin bir nəticəsi olaraq bəzi insanlar tərəfindən fırıldaqçılıq, saxtakarlıq bu peşənin normal tərəflərindən biri kimi görünər. Əlbəttə ki, bu təbəqə içərisində İslam əxlaqını mənimsəyən, Quran əxlaqına uyğun davranan və həmişə dürüst olan insanlar da vardır. Bu peşədə işləyən insanlar mütləq dürüstlükdən imtina etməməlidirlər. Burada bəhs edilən fırıldaqçılıq, saxtakarlıq din əxlaqından uzaq cahil sisteminin verdiyi nəticələrdir. Məsələn, cahil cəmiyyətdə ticarətlə məşğul olan şəxslərin bir qismi əllərindəki zədələnmiş əşyaları heç çəkinmədən sağlammış kimi sata bilərlər. Bundan ən kiçik bir vicdan əzabı hiss etmədikləri kimi bir qismi də özlərinə bunu peşə olaraq seçmişdirlər. Qüsurlu əşya alar və bunu sağlam qiymətinə müştərilərinə satarlar. Bu kəslərin gördüyü bu işə eyni ətrafdakı bütün tacirlər şahid olar, amma çox vaxt heç biri qarşı çıxmaz. Çünki bu insanlara görə bunlar ticarət həyatının tələbidir. Müştəri anlayışı bu insanların bir qisminə aldadılacaq və pul qazanılacaq kəsləri ifadə edər. Halbuki Allah bütün insanlara ticarətdə ədalətlə davranmalarını, insanları aldatmamalarını əmr etmişdir:

Ölçdükdə ölçüyə tam riayət edin, çəkdikdə düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır. (İsra surəsi, 35)

Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!”... (Sad surəsi, 24)

Tarix boyu bütün cahil cəmiyyətlərdə Allahın bu əmrlərinə tabe olmayan, ədalətsizlik etməkdə, insanları aldatmaqda inadkar bir əxlaq nümayiş etdirən insanlar olmuşdur. Allah elçiləri vasitəsiylə bu insanları xəbərdar etmişdir. Hz. Şüeybin qövmünə bu mövzuda etdiyi xəbərdarlıqlar Quranda belə xəbər verilir:

Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza hər şeyi bürüyən günün əzabı gələ. Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin! Əgər möminsinizsə, bilin ki, Allahın saxladığı nemətlər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm” (Hud surəsi, 84-86)

Ancaq əsasən cahil cəmiyyətlərdə insanlar, sahib olduqları çirkin əxlaqdan ötrü bu xəbərdarlıqları qulaq asmamış və bu səbəbdən də həm dünyada bir çətinlik ilə qarşılaşmışdırlar, həm də axirətdə bu hərəkətlərinə görə mütləq cavab verəcəklər. Cahil cəmiyyətdə bu xarakteri daşıyan insanlar mənfəət əldə etmək üçün lazım gəldikdə sadə rəftarlar göstərməkdən də çəkinmirlər. Cahilliyin bu yanlış məntiqini piştaxta arxasında işləyən bir qisim insanlarda da görmək mümkündür. Cahil cəmiyyətə ayaq uydurmuş olan bu kəslər, müştərilərinə bir əşya sata bilmək üçün hər cür yolu sınayarlar. Yaraşmadığı çox açıq şəkildə görünən bir geyimin yaraşdığını sübut etmək üçün hər cür yalanlar danışar, uzun-uzadı dil tökərlər.

Bu tip kəslərin cəmiyyətdə ən çox hörmət göstərdikləri kəslər isə zəngin insanlardır. Onların hər cür işini görməyi öz aləmlərində böyük bir fürsət kimi görərlər.

Cahil cəmiyyətin böyük bir hissəsi kimi, bu insanların da bir qismi İslam dinini tanıyır və Allahın qoyduğu əmr və qadağaları olduqca yaxşı bilirlər. Ancaq buna baxmayaraq sırf dünya həyatından mənfəət əldə etmək məqsədiylə bu əmr və qadağaların bir çoxuna tabe olmazlar.

Bununla yanaşı pul qazanmaq üçün olduqca həris bir xarakter göstərən, heç bir fədakarlıqdan çəkinməyən bu insanlar, özlərini yaradan və sahib olduqları hər şeyi onlara verən Allahın əmrlərini yerinə yetirmə mövzusunda olduqca qapalı və istəksiz davranırlar. Allah bu karakterdəki insanları və həmçinin də bütün insanları dünyaya bu qədər bağlanıb axirəti unutmamaları mövzusunda bir çox ayəsi ilə xəbərdar etmişdir:

Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın!. Bunu edənlər ziyana uğrayanlardır. (Munafiqun surəsi, 9)

De: “Əgər atalarınız, övladlarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz evlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)

Məhz möminlərin fərqi və Allah qatındakı üstünlükləri də buradadır. Onlar da lazım gəldikdə günlərinin böyük hissəsini işləyərək, pul qazanmaq məqsədiylə keçirə bilərlər. Ancaq onlar yaxşı bir qazanc əldə etməyi, Allahın rizasını qazana bilmək, Onun məmnun olacağı işlərdə xərcləmək məqsədiylə istəyərlər. Həmçinin gördükləri iş nə olursa olsun, heç vaxt Allahı zikr etməyi və axirəti düşünməyi unutmazlar. Allahın əmrinin tələbinə görə insanlara əsla haqsızlıq və ədalətsizlik etməz, heç kimin haqqını yeməzlər. Allah bu gözəl əxlaqlı insanları Quranda belə tanıtmışdır:

O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, dosdoğru namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

Məmur Xarakteri

Cahil məntiqində məmur xarakteri daşıyan insanlar arasında fərqli bir ruh halı hakimdir. Bu səbəblə də bu kəslərin "məmur" olduqları, onlara baxan kimi aydın olar. Ancaq məmur olduqlarını göstərən gördükləri iş deyil, üzlərindəki ifadə və göstərdikləri rəftarlardır. Cahiliyyə əxlaqındakı bu insanların rəftarlarına istiqamət verən səhv məntiq isə budur; bu kəslər sabit maaşlarla sabit mövqelərdə olurlar. Bu səbəbdən də normadan artıq göstərəcəkləri bir səy onlara nə maaşları, nə mövqeləri, nə də etibarları baxımından əlavə bir mənfəət qazandırmayacaq. Bu vəziyyətdə əlavə bir iş görməklə yalnız boşuna yorulacaqlarını düşünürlər. Bundan əlavə, əgər görüləcək əlavə bir iş varsa bunu başqasının üstünə buraxmaq olduğu halda, öz üstlərinə götürməyi də cahil dünyagörüşüylə "giclik" olaraq qiymətləndirərlər. İşlərini həll etmək üçün gələn kəslərə göstərəcəkləri rəftarlara da heç diqqət göstərməzlər. Çünki bu insanlara göstərəcəkləri gözəl əxlaqlı bir rəftarı da "əlavə iş" olaraq qiymətləndirərlər.

Məhz bu düşüncələrindən ötrü cahiliyyə əxlaqına sahib olan məmurların böyük bir hissəsi ətraflarındakı şəxslərə qarşı laqeyd bir xarakterə yiyələnərlər. Yalnız özlərinə verilən işi görər və bundan başqa bir şey istənildiyi vaxt, ya heç maraqlanmaz, ya da başqasına istiqamətləndirirlər. Ofisə gəlib özlərindən bir şey soruşan adamın ya heç üzünə baxmaz və ya baxıb heç bir cavab vermədən başlarını aşağı salar və işlərinə davam edərlər. Qarşılarındakı adamı zərər çəkmiş bir vəziyyətdə buraxmaqdan heç bir narahatlıq hissi keçirməzlər. Cahiliyyə əxlaqındakı məmurların bu başdan sovma və yola verən rəftarları artıq, demək olar ki, bütün cəmiyyətin əzbərlədiyi bir mənzərədir. Qarşılarındakı kəslərə dəyər verməz və sırf öz rahatlıqları üçün lazım gəlsə onları səbəbsiz yerə saatlarla növbələrdə gözlədə bilər, ya da stol-stol gəzdirə bilərlər. Biganəliklərindən ötrü mənəvi keyfiyyətlərinin bir çoxu korlanmışdır. Vəziyyəti başa düşmək, incə düşünmək, nəzakət, ya da xoş münasibət göstərmək üçün bir səbəb görmürlər. Bu rəftarları göstərsələr də, göstərməsələr də onsuz da maaşlarını alacaqlar. Və onsuz da qarşılarındakı insanı da bir daha görməyəcəklər. Bu səbəblə də hər şeyləri mexanikləşmişdir. Az danışar, az gülər, az düşünər və yalnız özlərinə verilən işi görərlər. Halbuki Allahın əmr etdiyi əxlaqı yaşayan insanların belə rəftarlar göstərmələri mümkün deyil. Onlar digər insanlara qarşı hər vəziyyətdə hörmətli, qayğıkeş və nəzakətli bir rəftar göstərərlər. Çətin vəziyyətdə qalan kəslərə əllərindən gəldiyi qədər kömək edər, o an kömək edə biləcək bir imkanları olmasa belə heç olmasa gözəl bir sözlə qarşılıq verərlər.

Burada təsvir edilən məmur xarakterinə sahib kəslərin başqa bir xüsusiyyətləri də hər cəhətdən klassikləşmiş, yəni həmişə eyni rəftarları göstərən, hadisələr qarşısında müəyyən reaksiyalar verən kəslər olmalarıdır. Gündəlik həyatlarının gedişatı, görüşdükləri insanlar, danışdıqları mövzular, vərdişləri, zövqləri tamamilə bu klassik xarakterin təsiri altındadır. Hələ də gəncliklərindəki dəbdə olan tərzdə geyinər, eyni saç stillərinidən istifadə edərlər. Yeniliklərə tamamilə qapalı bir xarakterləri vardır. Heç bir mövzuda alışdıqları rejimi pozmaq istəməzlər. Onları edəcəkləri yeniliyin əvvəlkindən daha gözəl olacağına inandırmaq mümkün olmaz. Bütün işlərini köhnəlmiş alətlərlə və köhnəlmiş üsullarla görər, saatlarla məşğul olar və vaxt itirərlər. Amma yenə də alışdıqları stildən imtina etməzlər.

Bütün bu izah edilənlərdən də aydın olacağı kimi cahillik əxlaqının məmur xarakterini yaşayan insanların böyük bir qismi həm əxlaqlarında, həm də ictimai həyatlarında tənbəl və passiv bir rəftar nümayiş etdirirlər. Mənfəət qazanacaqlarını düşündükləri bir hadisə olmadığı müddətcə də bu əxlaqlarından imtina etməzlər. Mövzunun əvvəlində də deyildiyi kimi bir mənfəət qazana bilməyəcəklərsə etdiklərinin boşa çıxacağına inanarlar. Halbuki məmurluq, bir xidmət peşəsidir. İslam əxlaqını yaşayan bir məmur bir iş üçün gələn kəslərə çox gözəl rəftarlar göstərərək xidmət edir. Əsla onları çətinliyə salacaq, boş yerə vaxtlarını aparacaq şəkildə davranmaz. Çünki, insanın yaxşılıq və gözəl əxlaq niyyəti ilə etdiyi heç bir şeyin puç olmayacağını bilir. Gördüyü hər işi Allahın rizasını qazanmaq, Allahın bəyəndiyi əxlaqı xeyli yaxşı bir şəkildə yaşamaq niyyəti ilə bir ibadət olaraq yerinə yetirər. Gözəl davranışlarının hamısı haqq-hesab günündə ortaya qoyulmaq surətiylə Allah Qatındakı bir kitabdadır.

Quranda hz. Loğmanın oğluna bu mövzunu belə xatırlatdığı bildirilmişdir:

Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. (Loğman surəsi, 16)

Yenə Allahın bu mövzunu xatırlatdığı ayələrdən bəziləri isə belədir:

Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir” (Zumər surəsi, 10)

... Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)

Əlbəttə ki, gözəl rəftarlar göstərmək üçün insanın səy göstərməli və zəhmət çəkməlidir, amma alınacaq qarşılıq ayələrdən də aydın olduğu kimi, yaxşı bir şəkildə keçən bir həyat, sonsuz bir cənnət həyatı və daha da əhəmiyyətlisi Allahın rizası olacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Giriş
  • Cahil Cəmiyyətin Ümumi Quruluşu
  • Cahil Cəmiyyətdə İnsan Xarakterləri
  • Cahil Cəmiyyətdəki Kişi Xarakterləri
  • Cahil Cəmiyyətdə Peşələrin Təsiri ilə Formalaşan Xarakterlər
  • Digər Cahil Xarakterlərindən Nümunələr
  • Niyə Xoşbəxt Ola Bilmirlər?
  • Son Söz
  • Təkamül Yalani