İnsan yaşadığı dünyada daim “nə”, “niyə” və “necə” kimi suallara cavab axtarsa da, onların ardınca düşəndə olduqca qısa bir yol qət edə bilir. Əgər yaşadığı dünyanın fövqəladə nizam və tarazlığı barədə suallara cavab axtarmasa, həqiqətə gedən yolda irəliləməsi mümkün deyil.
Bu kitabda canlı-cansız hər şeyin təməli olan atom mövzusunu araşdıracağıq. Atomla bağlı nələrin necə baş verdiyini biləndən sonra “niyə” sualının cavabını öyrənəcəyik. Elə bu sualın son cavabı da bizi mütləq həqiqətə qovuşduracaq. Həmin cavabı isə ilahi rəhbər olan və hər şeyə açıqlama verən Quranda tapacağıq.
XIX əsrin birinci yarısından bu günə qədər yüzlərlə elm adamı atomun sirlərini açmaq üçün gecə-gündüz çalışıblar. Atomun quruluşu, hərəkəti və digər xüsusiyyətlərini üzə çıxaran bu çalışmalar maddəni əzəli və əbədi bir varlıq olaraq qəbul edən klassik fizikanı kökündən sarsıtdı və müasir fizikanın təməlini qoydu. Eyni zamanda, bu fəaliyyətlər özləri ilə bir çox yeni suallar gətirdi. Bu suallara cavab axtaran fiziklər sonda bütün kainatda olduğu kimi, atomda da qüsursuz bir nizam, pozulmaz tarazlıq olduğu haqda ortaq məxrəcə gəldilər.
Bu həqiqət hələ 14 əsr əvvəl Quranda açıqlanmışdı. Quran ayələrində açıq-aşkar bildirilir ki, bütün kainat mükəmməl nizam içində işləyir. Çünki yer, göy və bu ikisinin arasındakı hər şey sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən yaradılıb. Allahın yaratdığı hər şeyin fövqəladə dərəcədə mükəmməl olması və qüsursuz nizam içində işləməsi isə çox təbiidir. Qəribə olan odur ki, insan öz bədəni də daxil olmaqla, gördüyü hər yerdə qarşısına çıxan sonsuz möcüzələrdən təsirlənmir və bütün bunların nəyə görə ona göstərilməsini düşünmək istəmir.
Oxuduğunuz “Atom möcüzəsi” adlı bu əsər elmi mövzunu araşdırmaqla yanaşı, bu günə qədər adət etdiyiniz elmi kitablardan fərqlənir. Bu əsər mükəmməl xüsusiyyətlər daşıyan, həm canlıların, həm də cansızların əsası olan atomu “nə” və “necə” sualları prizmasından araşdıraraq, “niyə” sualının cavabına qapı açır. Bu qapıdan keçəndə isə Allahın ağlının, elminin üstünlüyünə və bütün varlıqlarda təzahür etməsinə şahid oluruq.
“Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!” (Bəqərə surəsi, 255)
Kitabda davamlı olaraq, qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz “dizayn” kəlməsi çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin başa düşülməsi çox əhəmiyyətlidir. Allahın bütün kainatda qüsursuz dizayn yaratması Rəbbimizin dünyanı planla yaratması demək deyil. Bilməliyik ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir dizayn qurmağa ehtiyacı yoxdur. Allahın dizayn qurması və yaratması eyni anda olur. Allah bu cür əskikliklərdən münəzzəhdir. Allahın bir şeyin və ya bir işin olmasını istədikdə onun olması üçün sadəcə: “Ol!” - deməsi kifayətdir. Quranda Allah belə buyurur:
“Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” –deyər, o da olar”. (Bəqərə surəsi, 117)