Quran Asanliğa Aparan Rəhbərdir

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik.
(Taha surəsi, 2-3)

Allah tarix boyunca bütün insanlığa doğrunu tapmaları, dəqiq olan məlumata çata bilmələri və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar, bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərən endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti üçün belə bildirilir:

Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir (Ali İmran surəsi, 4)

Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq mənalarından uzaqlaşdırılmışdır. Ancaq Allah son müqəddəs kitab olan Quranın təhrif olunmasının mümkün olmadığına dair ayələrdə qəti bir hökm vermiş və qiyamət gününə qədər qorunacağı bildirmişdir:

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

Quranın qiyamətə qədər etibarlı olduğunu və qorunacağını bilən möminlər bunun dinclik və rahatlığını yaşayarlar. Quran insanın hər hökmündən, hər əmrindən qətidir. Ürəklərdə və vicdanlarda heç bir şəkk və şübhə meydana gəlmədən tabe olunacaq bir kitabdır. İnsanlar üçün bu cür "etibarlı" bir yol göstəricisinin olması çox böyük nemət və Allah qatından verilmiş bir rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verir:

… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Quranı bilən və özünə rəhbər edən insan yaradılış məqsədini, Allahın məmnuniyyətini, rəhmətini, cənnətini qazanmanın yolunu, cənnət və cəhənnəmdə necə bir həyat olacağını, Allahın yaratmasındakı sirləri, ən gözəl əxlaqı, bir çox məlumatı doğru və əskiksiz şəkildə öyrənər.

Bir insanın din haqqında soruşa biləcəyi və başqa insanlar tərəfindən öyrənə biləcəyi hər cür suallara cavab Qurandadır.

Quran ayələri ilə həm din, həm də insanların ixtilafa düşəcəkləri haqda məlumatlar verilmişdir. Allah Quranda insanların ixtilafa düşdüklərinin açıqlanmasını belə bildirmişdir:

Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək. (Furqan surəsi, 33)

Ayədə görüldüyü kimi Quran Allaha iman edən, saleh qullar üçün böyük bir rəhmət və hər mövzuda yol göstəricidir. Allah Quran yoluyla bizə bilmədiyimiz yaradılışın sirri olan mövzuları bildirər və bütün insanları bu məlumatlarla xəbərdar edər. Məsələn, Quranda şeytanın varlığı, xüsusiyyətləri, məqsədi, insanlara hansı istiqamətlərdən yaxınlaşa biləcəyi, nə kimi üsullar istifadə edə biləcəyi və hiyləgər xarakteri haqqında məlumat verilir. Bununla yanaşı bir insanın şeytanın təsirindən necə çıxa biləcəyinin yolu göstərilir. Quranda şeytan haqqında izah edilənlərin möminlər üçün çox böyük əhəmiyyəti var. Çünki şeytan kimi hiyləgər və gizli yollarla yaxınlaşan bir düşmənə qarşı insanlar daima ayıq olmalıdırlar.

Quran son dərəcə aydın olan və hər kəsə xitab edən bir kitabdır. Buna görə insanların axirət günündə Allaha dünyada etdikləri işlər üçün hesab verərkən “Mən bundan xəbərsizdim, mənə bildirilməmişdi” deyə bəhanə göstərə biləcəkləri heç bir mövzu yoxdur. Allah insanları Quran vasitəsi ilə xəbərdar etmiş və həyatlarıyla əlaqədar ən əhəmiyyətli mövzularda məlumatlandırmışdır.

Allah Quran ayələrində insanlara daha asan qavrayıb anlaya bilmələri üçün müxtəlif şəkillərdə açıqlamalar göndərmişdir. Allah Quranın bu yolunu ayələrində belə bildirir:

Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik (Əraf surəsi, 52)

… Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər. (Ənam surəsi, 65)

Allahın bu hökmlərinə baxmayaraq insanların düşdükləri səhvlərdən biri isə Quranın hər insan tərəfindən aydın anlaşılan olmadığını fikirləşmələridir. Çox insan Quranın oxunması, başa düşülməsi və yaşana bilməsi üçün uzun illər sürən bir təhsilə ehtiyac olduğunu zənn edir. Bu cür düşünən insanların böyük bir qismi isə əslində bir dəfə belə Quranı oxumamışdır. Oxusa belə anlamağa çalışmamışdır, ötəri oxumuşdur. Halbuki Quran Allahın ayələrində bildirdiyi kimi açıq-aşkardır. Səmimi olaraq Quranı oxuyan hər insan onu asanlıqla anlaya bilər

Quranın dilinin son dərəcə anlaşılan olması insanlar üçün çox böyük bir nemətdir. Allah insanların Quranı rahatlıqla oxuyub anlamaları üçün asanlaşdırdığını bir ayədə belə bildirər:

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən. (Məryəm surəsi, 97)

Allah rəhmətini və mərhəmətini, insanların anlaması üçün dinini bu qədər asanlaşdırmışkən, insana düşən yalnız Allahın bildirdiklərini düşünmək və onları tətbiq etməkdir. Bir çox insan bu qədər asan bir yolu qoyub, çətin olanı seçməklə Qurandan uzaq yaşayırlar. Necə ki, bu ayədə bildirildiyi kimi Peyğəmbərimiz (s.ə.v) də bu mövzuda Allaha belə səslənmişdir:

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – dedi. (Furqan surəsi, 30)

Ürəkləri razı qalmış, Allaha bağlı möminlər isə Quranın hökm və hikmət sahibi olan Rəbbimizdən göndərilmiş bir hidayət rəhbəri olduğunu bilərlər. Allah Quranın “möminlər üçün şəfa və rəhmət” (İsra surəsi, 82) olduğunu da bildirmişdir. Quran ayələri ilə insanın ağlında meydana gələ biləcək suallar və şübhələr tamamilə ortadan qalxar, insan özü üçün ən uyğun olan əxlaqı və həyat formasını öyrənmiş olar.

Bu çox əhəmiyyətli bir nöqtədir: Allah insanları İslam qayda-qanunlarına uyğun olaraq yaşadıqları üçün xoşbəxt, dinc, sağlam şəkildə yaratmışdır. Bunları əldə etmək üçün Qurandan başqa yol axtaranlar minlərlə, milyardlarla il keçsə də heç bir zaman axtardıqlarını tapa bilməyəcəklər. İnsanın dünyada və axirətdə rahatlaması üçün tək yol Allahın insanlar üçün endirdiyi Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə tabe olmasıdır. Allahın ayəsində bildirilir. Quran insanları qaranlıqlardan işığa çıxaran yeganə haqq Kitabdır:

Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)

Allah kitabının nuruna uyanlar, yol göstərməsinə tabe olanlar, - Allahın diləməsi ilə - dünyada və axirətdə daim asanlıqlarla qarşılaşacaq, gözəl bir həyat yaşayacaqlar.