Allahın insanlar üçün yaradılışlarına ən uyğun olan seçdiyi din, İslam dinidir. Allah Quran əxlaqını insanların yaşaya bilməsi üçün çox asan etmişdir. Din əxlaqı, insanların üzərindəki bütün külfəti, məhdudlaşdırıcı və həddi aşan, insanlara çətinlik yaradan ağırlıqları ortadan götürər. İnsanın yalnız sonsuz mərhəmətli, şəfqətli, bağışlayıcı, saleh qulları üçün hər şeyi xeyirlə yaradan, bütün gücün sahibi olan Allahın özü üçün təyin etdiyi qədərə təslim olmasını, hər şeydə yalnız Onun razılığını axtararaq Ona yönəlməsini bildirir.
Kainatdakı hər varlığın və reallaşan hər hadisənin sahibi olan Allaha inanıb təslim olmaq və Onu dost seçmək, bir insanın həyatındakı bütün qorxuların, narahatlıqların, sıxıntıların və çətinliklərin sonu deməkdir. Quran əxlaqını yaşayan bir insan üçün dinin gətirdiyi ən əsas asanlıq və gözəlliklərdən biri budur. Bundan başqa Allah, bütün əmr və hökmlərini insanların fitrətlərinə ən uyğun şəkildə bildirmişdir və heç birində bir çətinlik yoxdur.
Allah, Quranda din əxlaqının asan olduğunu, dininə tabe olanların işlərini asanlaşdıracağını belə bildirər:
"Və səni asan olan üçün müvəffəqiyyətli edəcəyik." (Əla surəsi, 8)
"… O, sizləri seçdi və din mövzusunda sizə bir çətinlik yükləməmişdir, atanız İbrahimin dini(ndə olduğu kimi)..." (Həcc surəsi, 78)
Peyğəmbərimiz (s.ə.v) də, bu ayələrə görə "Din asanlıqdır." (Buxari, İman: 29; Nəsəni, İman: 28; Müsnəd, 5:69) deyə buyuraraq, insanları din əxlaqını yaşamağa dəvət etmişdir.
İnsanların dində çətinlik kimi gördükləri tətbiq və ya inanclar isə, dinə sonradan müşriklər və ya insanları dindən uzaqlaşdırmaq istəyən inkarçılar tərəfindən əlavə edilmiş və haqq dinin bir parçasıymış kimi insanlara göstərilmişdir. Bəzi kəslər də, özlərini daha təqvalı göstərmək üçün çətin olanı etməyin daha çox savab qazanılacağını düşünərək, nümayişə əsaslanan din anlayışını mənimsəmişlər. Halbuki, Peyğəmbərimiz (s.ə.v) yanındakı müsəlmanlara hər zaman dini "asanlaşdırmağı" əmr etmişdir. O halda saleh müsəlmanlar bu əmrə itaət etməli və insanlara asan olanı çətin göstərmənin günahını yükləməməlidirlər. Peyğəmbər (s.ə.v)-in bu mövzuyla əlaqədar bir hədisi belədir:
"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin." (Hz. Səid ibni Əbu Bərdə r.ə.) (Ramuz əl-hədis 2-ci сild, s. 510)
Bu kitabda da, Peyğəmbərimiz (s.ə.v)-in bu tövsiyəsinə uyğun olaraq, Allahın dininin yaşanmasının son dərəcə asan olduğu xatırladılır. Həmçinin. İslam dininin insanın yaradılışına, rahatlığına, xoşbəxtliyinə ən uyğun həyat forması olduğu və Quran əxlaqına görə yaşanan həyatın bir insan üçün ola biləcək ən gözəl həyat olduğu izah edilir.