Allahin Yaratdiği İmtahan Çox Asandir

Din əxlaqından uzaq yaşayan insanlar, həyatları boyunca, özləri üçün müxtəlif hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi isə, ümumiyyətlə, yalnız, dünya həyatına istiqamətli olmalarıdır. Məsələn, mütəxəssis bir həkim, müvəffəqiyyətli bir mühəndis, yaxşı bir ata, çox pul qazanan bir iş adamı ya da, dünya səviyyəsində məşhur bir sənətçi olmaq və bənzərləri, bir çox insanın ən böyük ideallarından sayıla bilər. Bunların xaricində, daha bir çox sahədə, insanlar, müvəffəqiyyəti, xoşbəxtliyi və rahat bir həyatı əldə edə bilmək üçün çalışır, səy göstərir, bəzən müxtəlif fədakarlıqlar edirlər və öz fikirlərinə görə “bir yerlərə gəlməyə” çalışırlar. Nəticədə, başları bu işlərə qarışır və dünyada olmalarının əsil məqsədini unudur və ya görməməzlikdən gəlirlər.

Halbuki, hər insanın, bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək özünə bəzi suallar verməsi vacibdir. “Mən bu dünyaya nə üçün gəlmişəm?”, “Mövcud olmağımın səbəbi nədir?”, “(Nümunə olaraq) Bəlkə yaxşı bir memar olub çox sayda bina dizaynı hazırladım, zəngin oldum, mal-mülk sahibi oldum, bir ad-san qazandım, tanındım, amma, bütün bunlar mənə nə qazandırdı? Ölümümdən sonra bunlardan hansının bir mənası olacaq? Dünyada tərk etdiklərimin mənə axirətdə nə kimi bir faydası olacaq? Həyatım yalnız bu dünya həyatımdan ibarətdirmi?” Bunlar, hər insanın ölüm gəlib çatmadan əvvəl soruşmalı olduğu suallardan bəziləridir.

Burada, bunu ifadə etmək lazımdır: İnsanlar əlbəttə ki, peşə sahibi olacaqlar, hətta, peşələrində son dərəcə müvəffəqiyyətli olmağı da diləyəcəklər və bunun üçün səylə çalışacaqlar. Ancaq, bunların hamısının insanın son hədəfi üçün bir vasitə olduqlarını unutmamaq da çox əhəmiyyətlidir. Təəssüf ki, insanların böyük bir hissəsi əsil məqsədlərini unudur və ya görməməzlikdən gəlirlər və bütün həyatlarını əslində vasitə olan bu keçici şeylərə həsr edirlər.

Halbuki, hər insan əgər azacıq belə düşünsə, görə biləcəyi çox əhəmiyyətli bir həqiqət vardır: Allah dünyanı da, insanları da bir hikmət üzərinə yaratmışdır. İnsanların yaradılış məqsədi, Quranda bildirildiyi kimi, yalnız Allaha qulluq etməkdir. Dünyanın yaradılış məqsədi isə, insanların axirətdəki mövqelərinin təyin olunması üçün bir imtahan yeri olmasıdır. Allah bu həqiqəti Quranda belə bildirir:

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün, ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mulk surəsi, 2)

Allah, insanlara, dünyanın keçiciliyini və sonsuza qədər yaşayacaqları əsil məkanın axirət olduğunu anlamalarını təmin edə biləcək çoxlu dəlillər vermişdir.

Məsələn, dünya üzərində yüzlərlə növ xəstəliklərin olması, mikroskopik bir virusun özündən milyonlarla qat böyük insan bədəninə ölümcül təsir edə bilməsi, insanın daimi təmizlənməyə, yemək yeməyə, istirahət etməyə və yuxuya möhtac olması, insan ömrünün orta hesabla 60-70 il kimi çox qısa bir müddət olması, zamanın insan üzərində son dərəcə dağıdıcı bir təsirinin olması, istisnasız hər kəsin sonunun mütləq ölüm olması, ömür boyu əldə edilən malın, mülkün, etibarın, sevilənlərin arxada qalması, insan bədəninin torpaq içərisində çürümə müddətinə başlaması kimi bir çox səbəb, insanların dünya həyatının keçici və əskikliklərlə dolu, insan ruhunu əsla təmin edə bilməyəcək bir yer olduğunu anlamaları üçün kifayətdir əslində. Bütün bunlar, insanları dünyaya bağlanmalarına mane ola biləcək çox əhəmiyyətli həqiqətlərdir. Allah, Quranda, dünyanın məqsədsiz olaraq yaradılmadığını, müəyyən bir hikmət üzərinə var edildiyini belə bildirir:

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmadıq. Əgər, Biz, Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik. (Ənbiya surəsi, 16-17)

Halbuki, insan bir az düşündüyündə, dünyanın sonsuza qədər qalınacaq bir yer olmadığını, yalnız bir sınaq məkanı olduğunu, bu həyatın son dayanacaq deyil, əksinə, qısa daimi bir dayanacaq yeri olduğunu, bu keçici məkanda yaşadığı hər anından məsul tutulacağını, ən əhəmiyyətlisi özünü yoxdan var edən Rəbbimizə qarşı məsuliyyət daşıdığını rahatlıqla anlayacaq.

Bu anlayışa sahib olan insan, bir mərhələ daha irəliyə gedərək bunu düşünməlidir. Allah, dünyada bütün insanları müxtəlif hadisələrlə, şərlə və xeyirlə sınayır. Gün ərzində insanın qarşılaşdığı bütün hadisələr, əslində, ölümdən sonrakı sonsuz həyatda olacağı məkanı təyin edən sınaq yeridir və Allah hər insana bu sınaqda bir asanlıq etmiş və ona yolunu, yəni nə etməli olduğunu göstərdiyini bildirmişdir:

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 2-3)

Ayələrdə bildirildiyi kimi, Allah bütün insanların həyatlarında mütləq onlar üçün doğru olan yolu göstərmiş, din və gözəl əxlaq haqqında məlumat sahibi olmalarını təmin etmişdir. Hər insan dünyanın keçici bir yer olduğunu və axirəti üçün həyatını, Allahın məmnun olacağı şəkildə yaşamalı olduğunu bir vəsilə ilə öyrənər. Bir sözlə, bu dünyada yaşanan, insanların xəbərdar olmadıqları və ya qazanmaq üçün nə etməli olduğunu bilmədikləri bir imtahan deyil. Allah, hər dövrdə göndərdiyi elçiləri, keçmişdə göndərmiş olduğu kitabları və hər insanda yaratdığı vicdan ilə, insanlara doğru yolu göstərər və onları səhv olanlardan çəkindirər. Allaha iman edən, tam bir təslimiyyətlə təslim olan, yalnız Allahı dost və vəkil olaraq görən, hər hadisədə Allaha yönələrək, ONA təvəkkül edən möminlər üçün, Allahın yaratdığı hər sınaq çox asan və zövqlüdür. İmanın sirrini bilənlər, Allaha səmimi olaraq iman edənlər üçün dünya həyatının heç bir anında çətinlik, kədər, cəfa, sıxıntı olmaz. Hər hadisə, Allaha yaxınlaşmaq və cənnəti daha şiddətli ümid edə bilmək üçün bir nemətə çevrilər.

Səmimi imanın şərtlərindən biri də Allahı çox yaxşı tanımaq və bilməkdir. Bir insan Allahı nə qədər yaxşı tanısa, Allahın gücünü nə qədər yaxşı bilsə, təqvası və Allaha yaxınlığı da o qədər güclü olar. Məsələn, Allahın bağışlayıcılığını bilən bir insan, heç bir zaman səhvlərindən və ya əskikliklərindən ötrü ümidsizliyə və ya pessimizmə qapılmaz. Allahın ruzi verən olduğuna iman edən biri, pul qazanma məsələsində hərislik göstərməz. Ruzini verənin Allah olduğunu bilər, səylə çalışar, cəhd edər, amma ruzinin miqdarını Allahın təyin etdiyini və özünün dəyişdirə bilməyəcəyini bilmənin təslimiyyətini yaşayar. Bu səbəbdən, Allahı bilən və tanıyan bir insan üçün dünya həyatı böyük bir asanlıq və nemətlərlə doludur. O insan hər an Allahın bir təcəllisini və yaradılışındakı bir gözəlliyi görərək yaşayar. Qısaca olaraq, Allaha təslim olmuş saleh müsəlmanlar üçün Allahın yaratdığı imtahan son dərəcə asan və zövqlüdür.

Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük bir nemətdir. Çünki, insan qəflətə düşə bilən, unuda bilən, yanıla bilən, səhv edə bilən bir varlıqdır. Allah sonsuz mərhəməti ilə insanlara, hər zaman səhvlərindən ötrü bağışlanma diləmək və tövbə etmək imkanı vermişdir. Allahın əzabına uğrama qorxusu ilə, səmimi olaraq, günahlarının bağışlanılmasını istəyən hər insan, Allahın, onu bağışlamasını ümid edə bilər. Çünki, Quranda bildirildiyi kimi,

“Allah, sizin tövbələri qəbul etmək istəyir...” (Nisa surəsi, 27)

Allah bir ayəsində də, bağışlayıcı olduğunu belə bildirir:

Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Nisə surəsi, 110)

Allah, bağışlayıcılığı ilə insanlara həyatları boyunca, davamlı olaraq, yeni fürsətlər verər. İnsanın etməli olduğu tək şey səhvinə bir daha dönməmək üzrə, səhvlərindən imtina etməsi və ölüm anı gəlmədən əvvəl vicdanının səsini dinləyərək tövbə etməsidir. Allah, yalnız, səmimiyyətsiz insanların tövbələrinin qəbul edilməyəcəyini bir ayəsində belə bildirir:

Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa surəsi, 18)

Allahın, insanların günahlarını bağışlaması, cəzalarını təxirə salması və onlara həyatları boyunca hər an yeni bir imkan daha verməsi, insanlara çox böyük bir lütfü, rəhmətinin və mərhəmətinin bir təcəllisidir. Əgər, insanlar günahları səbəbi ilə dərhal sorğulanaraq cəzalandırılsaydılar, Allahın bildirdiyi kimi yer üzündə canlı heç bir varlıq qalmazdı:

Əgər, Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin, Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)

Bu səbəbdən, insanlar səhvləri və ya günahları nə olursa olsun, heç bir zaman Allahın razı olduğu kimi bir qul ola bilmək üçün gecikmiş deyildirlər. İnsan həyatı boyunca nə qədər səhv etmiş olursa olsun, dindən nə qədər uzaq yaşamış olursa olsun, səmimi olaraq tövbə etdiyi və saleh bir qul olması halında, keçmişdə etdiyi səhvləri düşünməsinə ehtiyac yoxdur. Keçmişdə yaşananlar, insanlar üçün ancaq bir ibrət vəsiləsi, eyni səhvlərə təkrar dönməməsi, bənzərlərini bir daha etməməsi üçün öyüd almalı olduğu xatirələrdir. Allah, xəbərdarlıq alıb doğru yolu tapan saleh qullarını, keçmişlərindən məsul tutmayacağını Quranda xəbər vermişdir:

Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da, buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Maidə surəsi, 95)

Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. (Ənfal surəsi, 38)

Şübhəsiz , bu, Allahın dində insanlara lütf etdiyi böyük bir asanlıqdır.

Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha yönələ biləcəkləri halda, bunun üçün zamanlar təyin etmişlər və ya araya vasitələr qoymuşlardır. Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir:

De: "Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə (günah olaraq) kəsilmiş heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm". Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ənam surəsi, 145)

Allaha dua etmək üçün müxtəlif vasitəçilərə gərək olduğunu söyləyən insanlar, əslində, dini çətin göstərərək, insanları yoldan döndərirlər. Çünki, “İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf surəsi, 16) ayəsi ilə bildirildiyi kimi, insana ən yaxın olan daim Allahdır. Yəni, insan hər dilədiyi zaman Allaha yönələ bilər, dilədiyi anda Rəbbimizə səsini eşitdirə bilər, dua ilə kömək diləyə bilər.

Dua etmək üçün xüsusi vaxtlar təyin etməyə də ehtiyac yoxdur. Hər an, hər dəqiqə Allaha dua edilə bilər. Əks halda, insan özbaşına qaydalar çıxartmış olar. İnsan bir yerdən bir yerə gedərkən, nərdivanlardan enərkən, alver edərkən, yemək hazırlayarkən, televizora baxarkən, liftdə olarkən, bir yerdə gözləyərkən, gecə yatarkən, səhər qalxarkən, nahar edərkən, avtomobil istifadə edərkən bir sözlə, hər yerdə və hər vaxt Allaha dua edərək, Allahdan istədiklərini diləyə bilər. Bunun üçün ağlından keçirməsi belə kafidir, çünki, Allah insanın sinəsində gizlətdiklərini bilən, hər şeydən xəbərdar olandır.

Bununla birlikdə Allaha dua edən hər kəs Allahın dualara mütləq cavab verəcəyini bilməlidir. Allah ehtiyac içində olan insanların daim Ona yönəldikləri təqdirdə, işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)

Allahın qullarına verdiyi bu imkan şübhəsiz ki, sonsuz rəhmətinin bir təcəllisidir. Allah, Quranda insanlara yaxınlığını, Ona yönələnlərin vəlisi olacağını və dua edənin duasına şübhəsiz cavab verəcəyini bir çox ayəsində bildirir. Bu ayələrdən biri belədir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Möminlərin, Allahın bu rəhməti və neməti üzərində bir daha düşünərək, Allahın rizasına uyğun yaşamaları lazımdır. Çünki, Allahın, onlara verdiyi bu asanlıq elə böyük və sərhədsiz bir imkandır ki, hər şeyin Hakimi, Sahibi olan tək güc Allah, insanlara istədikləri hər şeyə cavab verəcəyini vəd edir və Allah qətiyyən vədindən dönməz.

Bir insanın həyatında qarşılaşdığı hadisələr hər nə qədər o anda ona çətin kimi görünsə də, əslində, hər biri o adamın səbir edə biləcəyi şəkildə meydana gəlir. İnsanı yaradan və ona ruh verən Allahdır. Hər insanın nəyə nə qədər dözə biləcəyini, nə qədər yükü və çətinliyi qaldıra biləcəyini də, ən yaxşı Allah bilir.

Allah kimsəyə qaldıracağından çoxunun yüklənməyəcəyini və kimsənin haqsızlığa uğradılmayacağını bir çox ayəsində bildirmişdir:

Allah, hər kəsi, yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (Bəqərə surəsi, 286)

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)

Şübhəsiz, hər insanın səbir edəcəyi, təvəkkül göstərəcəyi hadisələr eyni ola bilməz. Bir çox insan fərqli hadisələrlə sınanır. Ancaq, nəticədə Allah, hər insan üçün, gücü çatdığı dərəcədə imtahan edər. Məsələn, bəzi insanlar dünyada yoxsul bir həyat sürər və yoxluq içində nə qədər səbir göstərdiyi sınanar. Digərləri isə, zənginlik və bolluq içində yaşayar və bu həyat içində nə qədər şükür edici, nə qədər gözəl əxlaqlı olduğu ilə sınanar, dünya həyatına ehtirasla bağlanıb-bağlanmadığı məsələsində sınanar. Amma, nəticədə, zəngin olan da, yoxsul olan da özləri üçün ən xeyirli həyatı yaşayır. Kasıb olan nə qədər yoxluq çəksə də, bu, onun üçün dayanıla bilməyəcək bir çətinlik deyildir. Eyni şəkildə, zəngin olan nə qədər bolluq içində olsa da, bu onun nankor bir insan olmağa məcbur edə bilməz.

Nəticədə, bu insanların Allaha olan bağlılıqları, hesab gününə olan qorxuları, onların Quran əxlaqını yaşayan, dinin əmrlərini yerinə yetirən insanlar olmalarını təmin edər. Bu insanlar qarşılaşdıqları hər hadisədə daim Allaha yönələr, Ondan kömək diləyər, yalnız, Rəbbimizin razılığını axtararlar. Belə insanlar heç bir zaman çətinliklər qarşısında zəiflik göstərməz, sınandıqları hadisə nə qədər şiddətli olsa da, dindən uzaqlaşmazlar. Belə Allaha güvənən insanlar üçün, Allah, sonsuz şəfqətinin və mərhəmətinin bir göstəricisi olaraq, ən çətin görünən hadisəni də asanlaşdırar. “İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Kəhf surəsi, 88) ayəsində də, bu bildirilmişdir. Allah bu həqiqəti başqa ayələrində isə belə xəbər vermişdir:

Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə, Biz ona ən asan olanı müyəssər edəcəyik! (Leyl surəsi, 5-7)

Bir insanın həyatında qarşılaşdığı hadisələr hər nə qədər o anda ona çətin kimi görünsə də, əslində hər biri o adamın səbir edə biləcəyi dərəcədə meydana gəlir. İnsanı yaradan və ona ruh verən Allahdır. Hər insanın nəyə, nə qədər dözə biləcəyini, nə qədər yükü və çətinliyi qaldıra biləcəyini də ən yaxşı Allah bilir.

Allah kimsəyə qaldıracağından çoxunun yüklənməyəcəyini və kimsənin haqsızlığa uğradılmayacağını bir çox ayəsində bildirmişdir:

Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir. (Leyl surəsi, 8-12)

Allah dünya həyatında insanları sınayarkən, sonsuz rəhmətinin bir nəticəsi olaraq, hər çətinliklə birlikdə mütləq bir asanlıq yaradacağını da müjdələmişdir. Allah ayələrində bu müjdəni belə bildirir:

Demək ki, həqiqətən çətinliklə birlikdə asanlıq vardır. Həqiqətən çətinliklə birlikdə asanlıq vardır. (İnşirah surəsi, 5-6)

Quranda peyğəmbərlərin və saleh möminlərin həyatlarına baxıldıqda, qarşılaşdıqları çətin kimi görünən hər cür vəziyyətdə, Allahın, mütləq bir asanlıq yaratdığı diqqət çəkir. Allah, “Fəttah” sifəti ilə hər cür çətinliyi açan, asanlaşdırandır.

Quranda Allah yolunda mübarizə edərkən qarşılaşdıqları reaksiyalar və məruz qaldıqları şiddət üzündən, yaşadıqları yerdən ayrılmaq vəziyyətində buraxılan, yəni hicrət edən möminlər nümunə verilir. Bu insanlar bütün işlərini, evlərini, bağçalarını, mallarını buraxaraq, heç tanımadıqları torpaqlara, tanımadıqları insanların yanlarına köçmək məcburiyyətində qalmışdılar. Bu kənardan baxılanda çətin bir vəziyyətdir. Ancaq, Allah, Nisa surəsində hicrət edən möminlərin vəziyyətlərini asanlaşdırdığını və onları nemətləndirdiyini belə bildirir:

Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir. (Nisa surəsi, 100)

Necə ki, Allah bu vədini Peyğəmbərimiz (s.ə.v.) dövründə yaşayan möminlər üzərində açıqca göstərmişdir. Dünyəvi dəyərlərə əhəmiyyət verməyən səhabələr, Allah yolunda hər cür fədakarlığı edərək müxtəlif çətinlikləri gözə aldıqları üçün, Allah bu gözəl əxlaqlarına qarşılıq olaraq, onları ən gözəl şəkildə ruzi və sığınacaq vermişdi. Onların hər işlərini digər insanlara nisbətən asanlaşdırmışdı. Səhabələrin yaşadıqları bu asanlıq və rəhməti, Allah bir ayəsində belə xəbər verir:

Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız, kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz. (Ənfal surəsi, 26)

Digər peyğəmbərlərin həyatlarındakı daha bir çox nümunə də, Allahın möminlərə təmin etdiyi asanlıqların açıq-aşkar göstəriciləridir.

Məsələn, hz.Yusifin həyatındakı bir çox hadisədə Allahın rəhmətindən verdiyi bu asanlıq görünür. Hz. Yusif onu qısqanan qardaşları tərəfindən quyuya atıldıqdan sonra, quyunun yanından keçən bir karvan tərəfindən tapılmışdır. Hz. Yusifi quyudan qurtaran kəslər onu, kölə olaraq bir vəzirə satmışdılar. Bir müddət sonra, hz. Yusif, heç bir günahı olmadığı halda ona atılan böhtanlara görə zindana atılmışdır. Hz. Yusifin həyatındakı bu hadisələr, ilk baxışda çox çətin bir vəziyyət kimi görünə bilər. Ancaq, Allah, hz. Yusifin göstərdiyi gözəl əxlaqa və təvəkkülə qarşılıq onu dünyada da mükafatlandırmış və çətinliklərlə birlikdə mütləq asanlıq da verdiyini göstərmişdir. Hz. Yusif, başına gələn bir çox mənfi kimi görünən hadisənin vəsiləsiylə, xəzinənin başına gətirilərək əhəmiyyətli bir idarəçi olmuşdur.

Allah, hz. Musanın həyatında da qarşılaşdığı çətinliklərlə birlikdə asanlıqlar verərək, möminləri dəstəkləmişdir. Hz. Musa, əsrlər boyu yaşamış ən azğın insanlardan biri olan Firona qarşı mübarizəsində də, Allahın köməyi və dəstəyi ilə üstünlük əldə etmişdir. Allah, ona, qardaşı Harunu bir köməkçi olaraq verməsi üçün dua edən hz. Musanın duasını qəbul etmişdir. Bundan əlavə, Allah, hz. Musanı bəzi möcüzəvi hadisələrlə də dəstəkləyərək, onun Fironun cadugərlərinin qarşısında qalibiyyət əldə etməsini də təmin etmişdir. Hz. Musa da, ən çətin anlarda belə, Allahın köməyinin iman edənlərlə birlikdə olduğunu unutmamışdır. Bir yandan Fironun əsgərləri tərəfindən izlənilərkən, digər tərəfdən də, dəniz ilə qarşılaşan hz. Musa yanındakı möminlərə Allahın köməyinin daim yanında olduğunu söyləmiş və Allahın mütləq bir çıxış yolu göstərəcəyini xatırlatmışdır:

Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini (Firon və onun ordusunu) isə suya qərq etdik. (Şüəra surəsi, 62-66)

Peyğəmbərlərin həyatından bir başqa nümunə isə, hz. Məhəmməd (s.ə.v.)-in müşriklər tərəfindən izlənilərkən, bir mağaraya gizlənməsi əsnasında, yanında bir möminin olmasıdır. Peyğəmbərimiz hz. Məhəmmədin, Allaha şirk qoşanların təhdidi altındaykən, yanında dəstəkçi bir möminin olması Allahın nəsib etdiyi asanlıqlardan biridir:

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

Əslində, insan hikmət gözüylə baxanda həyatının hər anında Allahın onun üçün yaratdığı asanlıqları görə bilər. Ancaq, bu həqiqəti görə bilən insanlar Allahdan qorxub çəkinən, Allaha təvəkkül edən, hər çətinliklə qarşılaşdığında bunun qədərində (taleyində) olduğunu bilərək, tək dost və vəlisinin Allah olduğuna iman edənlərdir. Allah ayələrində belə qullarını gözləmədikləri yerlərdən ruzi verərək, onların işlərini asanlaşdıracağını bildirir:

Gözləmə vaxtı bitdikdə, onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah, Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)

Allahın ayələrində də bildirdiyi kimi, qoyduğu hökmlərə səmimiyyətlə bağlı olanlar üçün, mütləq bir asanlıq yaradır. Buna iman edən möminlər heç bir zaman çətinliklər qarşısında zəiflik göstərməzlər.

Allah, İnşirah surəsində də hər çətinliklə birlikdə bir asanlıq olduğunu və Onun, insanın üzərindəki yükü qaldırıb atan olduğunu belə müjdələmişdir:

Məgər, Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? Onlar belini bükürdü. Biz, adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut! (İnşirah surəsi, 1-6)

Allahın, möminlərə olan köməyi müxtəlif şəkillərdə təcəlli edir. Allahın köməklərindən biri, mələkləri möminlərin çətin anlarında köməyinə göndərməsidir. Allah, Quranda bu köməyi Peyğəmbərimiz (s.ə.v.) dövründə yaşanmış olan bir hadisəni nümunə verərək belə xəbər vermişdir:

O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz, nişanlanmış beş min mələklə sizə yardım edər. Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq, Qüdrətli və Hikmət sahibi olan Allahdandır. (Ali İmran surəsi, 124-126)

Allah bir başqa ayəsində isə, möminlərə görünməyən ordularla da kömək etdiyini açıqlamışdır:

Ey iman edənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür. (Əhzap surəsi, 9)

Allah bir başqa ayəsində isə, Allahın Quranda möminlərin daim qalib gələcəklərini bildirməsi, möminlər üçün gözəl və şövqləndirici bir vəddir. Ancaq, burada bir nöqtəyə daha diqqət çəkməkdə fayda vardır. Hər kömək Allahdandır və şübhəsiz, bütün gücün sahibi Allahdır. Möminlər, əsil zəfər və köməyin əslində Allaha aid olduğunu bilirlər. Mələklərin dəstək olmasının isə, Allahın bir müjdəsi, onlara kömək və dəstəyinin mələklərin köməyi şəklindəki təcəllisi olduğunu əsla unutmazlar. Çünki, Rəbbimiz ayələrində bu həqiqəti belə xatırlatmışdır:

O vaxt siz, Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir. (Ənfal surəsi, 9-10)

Allahın dilədiyi quluna, dilədiyi şəkildə kömək edəcəyini bilən möminlərin, ən çətin anlarda da, içlərində bir güvən və hüzur duyğusu olar. Bu ruh halı içində mənəvi cəhətdən, son dərəcə gözəl bir həyat yaşayarlar.

Allahın bir təqdiri (gələcəkdə olacaq şeyləri əzəldən bilib yazması) olaraq iman edənlərin sayı hər dövrdə həmişə az olmuşdur. Ancaq, qalib gələnlər, say cəhətdən üstün olanlar deyil, hər zaman mömin olanlardır. Möminlər, Allahın verdiyi ağıl, fərasət, bəsirət, gözəl əxlaq kimi nemətlərlə, daim inkarçılara qarşı müvəffəqiyyət əldə etmişlər. Bununla bərabər, Allah, bəzən möminləri inkarçıların gözündə say və qüvvət cəhətdən də çox göstərdiyini və bunun, inkarçılarda zülmətə və qorxuya səbəb olduğunu da xəbər vermişdir. Allah ayələrində Səadət Əsri (Əsri-Səadət) dövründə reallaşan bir hadisəni belə bildirir:

Onlarla üz-üzə gəldiyiniz zaman Allah, olacaq işi yerinə yetirmək məqsədilə, onları, sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. Ey iman edənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız! (Ənfal surəsi, 44-45)

Az saydakı möminin inkarçıların gözündə son dərəcə güclü və çətin, sıx bir birlik olaraq görülməsi, şübhəsiz, Allahın möcüzələrindən biridir və eyni zamanda möminlər baxımından da çox böyük bir asanlıq olmuşdur. Beləcə, Allah möminlərə müvəffəqiyyət qazandırmışdır.

Bundan əlavə, Allah başqa ayələrdə peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v.)-ə dilədiyi zaman möminlərin gücünü olduğundan qat-qat daha çox artıracağını bildirmişdir. Səbir etmələrinə qarşılıq olaraq inanan qullarına ümid etdiklərindən daha çox böyük bir güc və zəfər verəcəyini belə vəd etmişdir:

Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (ruhlandır). Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki, onlar anlamayan tayfadır.

İndi, Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki, O, sizdə zəiflik olduğunu bilirdi. Əgər, aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir. (Ənfal surəsi 65-66)

Allah, yuxarıdakı ayələrdə bildirdiyi kimi Peyğəmbərimiz (s.ə.v.)-in dövründə möminlər çətin bir döyüşdə olduqları üçün, inkarçıların gözündə say və qüvvət cəhətdən daha çox və daha güclü göstərərək möminləri dəstəkləmişdir. Çünki, Allah möminlərin daim dostu və köməkçisidir. İnkar edənlər nə qədər çox sayda olsalar da, nə qədər böyük bir gücə sahib olsalar da, nəticədə bütün güc sahibi Allahdır. Allah, tək bir “Ol” əmri ilə dilədiyini edəndir. Allaha güvənən, Onun sonsuz qüdrətini, hər şeyə gücü çatan olduğunu təqdir edə bilən insanlar daim, bunun rahatlığını yaşayarlar.

O vaxt siz, Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi. Allah, bunu, yalnız, bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Ənfal surəsi, 9-10)

Allahın dilədiyi quluna, dilədiyi şəkildə kömək edəcəyini bilən möminlərin, ən çətin anlarda belə, içlərində bir güvən və hüzur duyğusu olar. Bu ruh halı içində, mənəvi cəhətdən, son dərəcə gözəl bir həyat yaşayarlar.

Allah, Ənfal surəsində yenə Peyğəmbərimiz (s.ə.v.) dövründə yaşanan bir çətin anda möminlərə verdiyi mənəvi dəstəyi belə xəbər verir:

O zaman Allah, Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal surəsi, 11)

Ayədə bildirilən “mürgüləmə” ifadəsi şübhəsiz, mənəvi bir yuxuya işarə edir. Allah, çətinlik anında səmimi olanların üzərinə belə bir hal vermiş və bu mənəvi dəstəyin nəticəsində möminlər rahatlıq, güvən və möhkəmlik duyğusunu yaşamışlar.

Əslində, bu rahatlıq və güvən duyğusu, möminlərin bütün həyatlarına hakimdir. Allaha və axirətə iman edən insanlar, Allahın, hər şeyin tək hakimi olduğunu bildikləri üçün, heç bir hadisə qarşısında təlaşa qapılmazlar, hüznə və çətinliyə düşməzlər. Rəbbimizin, hər şeyi onlar üçün ən xeyirli olacaq şəkildə, axirətlərinə ən faydalı olacaq şəkildə yaratdığını bilərlər.

“Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Buna görə də, möminlər Allaha təvəkkül etsinlər!” (Ali İmran surəsi, 160) ayəsinə qəti olaraq iman edər və təvəkkülün mənəvi rahatlığı içində həyatlarını davam etdirərlər. Qarşılaşdıqları çətinlik nə qədər böyük görünsə də, nəticədə, keçici olduğunun şüurundadırlar. Çünki, dünyadakı həyatın sonsuz axirət həyatı yanında çox qısa bir zaman olduğunu unutmazlar.

Dünyada qarşılaşa biləcək bir çətinlik, insanın bütün həyatını əhatə etsə belə, ən çox 50-60 il davam edəcək. 50-60 il təvəkkül və gözəl əxlaqla keçirilən bir ömrünə, sonsuz cənnət həyatında yaşadığı qarşılıq isə, şübhəsiz bənzərsiz olacaq. Cənnətdə, möminlər, heç bir çətinlik, hüzn, yoxluq yaşamayacaq, əksinə, sonsuz gözəlliklər içində nəfslərinin arzu etdikləri hər şeyə qovuşacaqlar.

Bu həqiqətin şüurunda olmaq, iman edən bir insanın hər hadisə qarşısında dönməz və sarsılmaz bir təvəkkül yaşamasını təmin edər. Bunun mənəvi rahatlıq və sevinc duyğusu da, dünyadakı ən böyük asanlıqlardan biridir.

Unudulmamalıdır ki, bütün ürəklər və bütün güc Allahın əlindədir. Allah dilədiyi an, dilədiyi hadisəni, dilədiyi şəkildə yaradar. Rahatlıq və təhlükəsizlik axtaran insan, Allah vermədikcə heç vaxt buna nail ola bilməz. Quran əxlaqının insanlara gətirdiyi asanlıq, insanın, hər şeyin Allahın idarəsində olduğunu bilməsidir. Hər işində Allaha yönələn, hər işinin qarşılığını yalnız Allahdan gözləyən insan, daim Allahın köməyini və dəstəyini müxtəlif yollarla görəcək.

Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır. (Ali İmran surəsi, 150)